AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Yeni Yazarlar və Sənətçilər Qurumu » Aydın Xan (Əbilov).: "Virtual Azərbaycanın əsası: elektron kitabxanalar"... Yeni Yazarlar və Sənətçilər Qurumundan növbəti kitab aksiyası... Orxan Fikrətoğlunun "İlk dərs günləri". Azərbaycanın yeni rəqəmsal texnologiyaları...

 

 

Aydın Xan (Əbilov).: "Virtual Azərbaycanın əsası: elektron kitabxanalar"


Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, www.kitabxana.net portalının - Milli Virtual Kitabxananın yaradıcısı, yazıçı-kulturoloq, yeni media üzrə ekspert Aydın Xanla (Əbilov) ilə biznes.info saytının müsahibəsi.

- Sizin tərəfinizdən ictimai-mədəni düşüncənin inkişafı üçün təklif olunan Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi necə icra olunur? 
- Keçmiş SSRİ dağıldıqdan sonra dünyada və Azərbaycanda maraqlı, çox mühüm proseslər baş verdi. Bir tərəfdən sosializmin dağılması, digər tərəfdən isə yeni ictimai-siyasi, sosial-iqtisadi, ideoloji-mədəni dəyərlər, texnologiyalar həyatımızın bütün sahələrinə güclü nüfuz etməyə başladı. Üstəlik yeni mobil rabitə, İnternet, İKT, multimedik imkanlar, sosial şəbəkələrin gətirdiyi yeniliklərə Azərbaycan cəmiyyəti, xüsusən də onun kövrək ictimai-mədəni düşüncəsi sadəcə hazır deyildi. İntelletualizm, kreativlik, innovatsiya tələb edən zaman güc mərkəzlərinin, sivilizasiya və dinlərin qovuşduğu ölkəmizdə yeni bir ideoloji-texnoloji axtarışlar tələb edirdi. Belə bir vaxtda İntern0et və İKT-nin verdiyi imkanlardan maksimum yararlanaraq biz nəinki respublikamızda yaşayan vətəndaşlarımızı, eləcə də dünyadakı 50 milyonluq azərbaycanlını birləşdirəcək Virtual Azərbaycan Milli-Kulturoloji layihə, ona uyğun olan ideoloji dəyərlər təklif etdik. İdeyanın çox sadə məntiqi var: qlobal informasiya məkanının hiper resursları ətrafında - İnternet və sosial şəbəkələr üstündə Virtual Azərbaycan dövləti yaradaraq 50 milyon azərbaycanlıları bir vahid ideoloji-kulturoloji məkanda birləşdirmək. Əsas prioritet məsələ isə milli olduğu qədər də, dünyaya açıq olan yeni intellektual-kreativ, innovativ-qlobal şəxsiyyət yetişdirməkdir. Devizimiz belədir: "Sən istənilən ölkədə yaşaya bilərsən, fəqət içində bir Azərbaycan gəzdirməli, vətəninin bir bütöv parçası olaraq dünyada və İnternetdə Virtual Azərbaycanı təmsil etmək üçün güclü potensialını inkişaf etdirərək bu yolda nöz imzanı atmalısan!"

-Bu layihənin bir hissəsi kimi Kitabxana.net portalının yaradılmasında məqsəd nə idi? Layihə nəyə xidmət edir?
-Məhz yuxarıda vurğuladığımız ideyalara xidmət etmək üçün mütləq bilikli, intellektual, hərtərəfli inkişaf etmiş şəxsiyyətlərin inkişafından ötrü 2009-cu ildə İnternetdə ilkin ciddi, peşəkar elmi-mədəni resurslarımızdan hesab olunan www.kitabxana.net - Milli Virtual Kitabxanamızı yaratdıq. www.kitabxana.net elektron ədəbi-kulturoloji portal olaraq Azərbaycan, ingilis, rus və türkcə milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının elektron variantını, lokal və qlobal elektron kitabxanaların şəbəkə ünvanlarını, yazarların bloqlarını, orijinal müəllif yazılarını, art-xəbərləri özündə birləşdirir. Hər gün yenilənən kulturoloji e-resursu olaraq Milli Virtual Kitabxananda mədəniyyət və ədəbiyyat xəbərlərindən, kulturoloji-ədəbi layihələrdən, yazıçıların bloqlarından ibarət ayrıca resurslar yaradılıb. İki minə yaxın e-kitab, eləcə də minlərlə material, dünya ədəbiyyatı, kitablarının azərbaycanca və əksinə bizim əsərlərimizin xarici dillərə tərcümələrlə bağlı xüsusi işlər görülüb. Onu da əlavə edim ki, portalımızın xətti ilə təkcə bu il 120 elektron kitab hazırlanaraq kitabxanamızda yerləşdirilib və İnternet istifadəçilərinin fərdi olaraq azad istifadəsinə təqdim edilib.


-Sizin iştirakınızla hər il Bakı Kitab Bayramı təşkil olunur. Azərbaycanın bölgələrində də belə tədbirləri keçirməyi planlaşdırırsınız? 
Hər il olduğu kimi, bu dəfə də mart-iyul aylarını əhatə edən, əsas tədbiri mayın 18-də baş tutan, "Kreativ ol: sosial şəbəkələri intellektuallaşdır!" devizi altında XII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirimizi keçirtdik. Yeni Yazarlar və Sənətçilər Qurumunun həyata keçirtdiyi bütün tədbirlərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Təşkilatı Milli Şurası, Azərbaycan Yazıçılar Birliyi, Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fodnu maddi-təşkilati dəstək verir. Kulturoloji layihə çərçivəsində sərgi, ilin mədəniyyət, ədəbiyyat və kitab hadisələrini əhatə edən Milli Kulturoloji Müsabiqə, İnternet kitabxanaların təqdimatı, ədəbi görüşlər, müzakirələr, məktəblərdə, cəzaçəkmə müəssisələrində kitab bayramları və başqa tədbirlər təşkil olunub. 2011-cu ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin - Milli Kulturoloji Mükafat qaliblərinin adı açıqlanıb, fərqlənənlərə XII Bakı Kitab Bayramının qiymətli plaket və hədiyyələri verilib. Sərgidə yeni kitablara ictimai baxış, yazar və şairlər tərəfindən öz kitablarının imzalanma mərasimi, mini-təqdimat və tanıtım olayları ədəbiyyatsevərlərə ünvanlanıb. Qarşıdakı günlərdə isə biz bölgə mərkəzlərimizdə də oxşar kulturoloji-mədəni tədbirlərimizi keçirməyi planlaşdırırıq.

-Bəs indiyə qədər bölgələrdə belə tədbirləri keçirməyə mane olan nə idi?
-Təşkilat olaraq ayrı-ayrı vaxtlarda Abşeron, Qobustan, Lənkəran, Sumqayıt, Xaçmaz kimi bölgələrdə, eləcə də qonşu Rusiyanın üç şəhərində, Türkiyənin iki şəhərində, Bakının müxtəlif rayonlarında çoxsaylı ədəbi-mədəni tədbirlər, təqdimatlar keçirmişik. Bu barədə feysbuk sosial şəbəkəsində və İnternet saytımızda geniş məlumatlar verilib, şəkillər nümayiş olunub. Amma Azərbaycanı tam əhatə etməklə geniş layihə üçün mütləqciddi maliyyə dəstəyinə böyük ehtiyacımız var. Əgər dövlət qurumları, fondlar, xeyriyyəçilər bisə dəstək olsalar, böyük məmnuniyyətlə missiyamızı ölkə daxilində və xaricdə həyata keçirməyə hazırıq.


-Bir faktdır ki, əyalətdə kitab dükanları yox dərəcəsindədir, kitabxanalara isə gedən yoxdur. Bölgələrdə kitab oxumağa marağı stimullaşdırmaq üçün nə etmək lazımdır?

-Əslində Bakıda və əyalətdə çoxsaylı kitab dükanları və köşkləri var, müxtəlif kitablar, nəşr məhsulları da geniş keşiddə satışda var, amma zaman artlıq öz sözünü deməkdədir. Ənənəvi kağış nəşr məhsulları öz yerini elekton kitab, İnternetdəki müxtəlif intellektual-kulturoloji, elmi-mədəni resurslara, bloklara, ədəbi saytlara verməkdədir. Əgər problemə geniş baxsaq, indi ənənəvi mütaliəni innovativ - virtual oxu əvəzləyir. Tutalım Lerikdə, yaxud Londonda yaşayan azərbaycanlı Bakıda nəşr olunan hər hansı aztirajlı kağız kitabı tapmaqda böyük problemlərlə rastlaşırsa, onun üçün vaxt və maddi itkilərə getməlidirsə, niyə də İnternetüstü onun elektron variantını elə bizim kitabxana.net portalından almamlıdır ki?! Mən hələ kağız kitabın çapı üçün istifadə edilən maddi resurslar, ağacların qırılmasından tutmuş zavod və fabriklərin ekologiyaya vurduğu ziyan kimi məsələləri yada salmaq istəmirəm. Zənnimcə ən yaxşı variant zamanın diktəsinə tabe olub yeni oxu və yazı vərdişlərinə, bacarıqlarına yiyələnməkdir. Məsələn sonuncu dəfə əksəriyyətimiz kağız məktub sazmasaq da, hər gün mobil telefondan ismarıc, yaxud İnternet vasitəsi ilə elektron məktub yazırıq və oxuyuruq...

-Azərbaycanda biznesin inkişafında kreativliyin və innovasiyaların rolunu necə qiymətləndirirsiniz? Yerli biznes nə dərəcədə müasir tendensiyalara və innovasiyalara açıqdır?

-Ağrılı məsələlərə toxunursuz. Bu istiqamətdə dünyada çox böyük işlər görülür. Postsənaye dünyası öz yerini kreativ sahələrə, innovativ layihələrə, İKT biznesinə ötürməkdədir. İndi artıq Azərbaycanda da kompyuter oyunları, şou-biznes, telesseriallardan tutmuş, ta virual ofislər, İnternet alış-verişinə qədər müxtəlif sahələrdə kreativ baxışların oturuşduğunun şahidioluruq. Turizm, toy biznesi, mədəniyyət və incəsənət layihələri, İnternet resursları kimi formatlar insanlarımızın kreativliyə və innovasiyaya açıq olduğunu göstəsə də, bu sahədə görüləsi çox işlərimiz var. İntellektuallığı zəifliyi, peşəkarlığın aşağı olması, yaradıcı münasibət, lazımi mütəxəssislərin olmaması, mencmentlik və marketinq texnologiyalarını bilənlərin azlığı müəyyən problemlər yaratsa da, yaxın gələcəkdə kreativ-innovativ modellərin həyatımızın bütün sahələrində müşahidə edəcəyik.

-Necə düşünürsünüz, populyar blogerlərin biznes layihələrə cəlb olunması biznes strukturlarının xeyrinə işləyə bilər? Blogerləri biznesin irəlilədilməsinə necə düzgün cəlb etmək olar?
-Mənim düşünməyimdən asılı olmayaraq, bu hal artıq modern, kreativ biznesin normasına çevrilmiş hadisədir. Özüm də daxil olmaqla əksər aktiv blogerlər PR mütəxəsissi olaraq müxtəlif biznes strukturlarında, hətta TV-lərdə, dövlət qurumlarında, ictimai təşkilatlarda fəal işləyirlər. Söz yox ki, kreativ şəxslər blogerliklə yanaşı istənilən biznesə, işə daha yaradıcı, çevik, qlobal yanaşdıqlarından, istər yerli, istərsə də beynəlxaq biznesin əsas ideya daşıyıcılarına, ictimai tanıtım mexanizminə çevrilməkdədirlər. Mən artıq 10 ilə yaxındır ki, Azərbaycanda art-menecerliklə məşğulam, eləcə də kreativ PR-çı laraq da bilgilərimi gənclərlə bölüşməyə həmişə hazıram.

- Sosial şəbəkələr vasitəsilə yayılan müxtəlif biznes strukturlarının ən çeşidli mal, eləcə də fərqli xidmətləri hər zaman gözümüzün önündədir: belə demək mümkünsə, addımbaşı PR və reklam ilə üzləşirik. Kulturoloq kimi bu tendensiyanı necə qiymətləndirirsiniz?
- İstənilən halda reklam məlumat və faydalı informasiya hesab olunur. İnsanın intellektual səviyyəsi, dünyagörüşündən asılı olaraq onlardan yararlana, yeni ideyalar, fərqli xidmət vəmodellərdə onlardan istifadə edə bilər. Azərbaycanda qəribə bir baxış hələ sovet dövründən bu yana qalmaqdadır: əgər hansısa mal, yaxud xidmət reklam edilirsə, deməli o ya gərəksizdir, ya da satılmayan. Bax bu yanlış düşüncəni dağıtmaq vacibdir.

-Virtual kitabxana - o qədər də baha olmayan məsafəli təhsilin inkişafı yolunda bir addımdır. Layihə Sizə İnternetdə daha dərin təhsil proqramları üçün əsas ola bilərmi?
-Bayaq qismən də olsa bu barədə fikirlərimi aydınlatdım. Əslində elektron kitabxananın ən böyük missiyası öyrətmək, innovativ maarifçilik, kreativ məsafəli təhsilə xidmət etməkdir. Alternativ öyrətmə forması olaraq elektron resurslar ilk növbədə yeni nəslin intellektual-kulturoloji düşüncəyə sahib olmasına istiqamətlənib.

-Azərbaycan dilində ədəbiyyatı tapmaq kifayət qədər mürəkkəbdir. Sizin fikrinizcə, bu boşluğu necə doldurmaq olar?
-Dövlətimiz tərəfindən latın qrafikasıyla, yüksək tirajlı mindən çox adda yeni kitab nəşr olunub və pulsuz olaraq respublika kitabxanalarına paylanılıb. Düşünürəm ki, idi də çağdaş ədəbiyyatımız, xüsusən də onun ən yeni istiqaməti olan İnternet - şəbəkə ədəbiyyatının inkişafı ilə bağlı xüsusi proqramın qəbuluna , həyata keçirilməsinə böyük ehtiyac duyulur. İnternetdə anadilli ədəbiyyat, mədəniyyət, kreativ resursların, elektron kitabxanaların inkişafına xüsusi diqqət ayrılmasının, onların zənginləşməsi üçün qrantların ayrılmasının vaxtı çoxdan yetişib. Yetər ki, aidiyyəti sahələrin məmurları bu həqiqəti vaxtında anlasınlar və qəti addımlar atsınlar. Prezident İlham Əliyev İnternetin inkişafı, elektron kitabxanalar, elektron hökümət, e-dövlətlə bağlı bağlı xüsusi sənədlər, proqramar imzalayaraq bu istiqamətdə rəsmi münasibətini ortaya qoyub. Dövlət strukturları o ciddi sənədlərdə göstərilən aktual məsələləri həyata keçirilməsini sürətləndirmək lazımdır.

- Sizin kitabxana iqtisadiyyat və biznes mövzularında kitablar təklif edirmi? Nə qədər kitab var, onlar səhifəyə necə əlavə olunurlar, müəllif hüquqlarına necə qorunur?
- Kitabxanamız sahə və peşə ədəbiyyatına, azərbaycandilli iqtisadiyyatla bağlı e-kitablara xüsusi diqqət ayırsa da, nəzərdən qaçırmaq olmaz ki, bu çox maddi vəsait tələb edən bir işdir. Məllif hüquqlarından tutmuş, qonorarlara qədər bir çox hüquqi-təşkilati problemləri aradan qaldırmaqla iqtisadiyyata aid müxtəlif əsərləri artıq yaymaqdayıq. Yaxın ünlərdə yeni layihəmiz var və sırf iqtisadiyyatla bağlı e-kitabların hazırlanaraq portalımızda yerləşdirməyi düşünürük.
Qeyd edim ki, kitabxanamız humanitar layihə sayılır və müəlliflər, yaxud onların vərəsələrinin razılığı ilə kitablar yalnız şəxsi istifadə üçün yayılır. Əsas şərtimizi beləcə irəli sürmüşük:"Portalın materiallarından istifadə olunduqda www.kitabxana.net-ə istinad edilməli, müvafiq e-keçidin qoyulması vacibdir. E-kitab, əsər, yazı, xəbər, şəkil və başqa materiallardan yararlanan zaman, onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. Materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, həmçinin digər materiallar "Creative Commons Attribution/Share-Alike 3.0" və "GFDL" lisenziyaları şərtləri əsasında dərc edilir."

-Bütün dünyada kitabların rəqəmli versiyalarının yaradılması üzrə iş intensivləşdirilir. Bu layihələrdən hansı Sizə daha maraqlıdır və nə üçün? O Sizin layihəyə nə dərəcədə uyğundur? 
-Bu sahədə Azərbaycanda da işlər gedir. Prezident yanında elektron kitabxana, Milli Kitabxananın elektron variantı, bizim Milli Virtual Kitabxana, eləcə də ayrı-ayrı qurumlar, universitetlər, portallar ənənəvi kitabların rəqəmli variantını hazırlamaqla yanaşı, müstəqil olaraq özlərinin də sırf elekton nəşrlərini hazırlayır. Amma bunun üçün dövlət tərəfindən xüsusi qrantlara böyük ehtiyac var. Düşünürəm ki, yaxın gələcəkdə bütün kağız informasıyaların elektronlaşdırılmasını, milli ədəbiyyat, ənənəvi kitabların rəqəmli versiyalarının İnternetdə yerləşdirilməsini yekunlaşdırmalıyıq ki, yaratmağı arzuladığımız Virtual Azərbaycanın intellektual-kulturoloji bünövrəsi möhkəm olsun.

 

 

Hazırladı: Seymur 

 

Yeni Yazarlar və Sənətçilər Qurumundan növbəti kitab aksiyası...

 

Oktyabrın 12-də YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq, Azərbaycanın gözəl bölgəsində - Quba şəhərində fəaliyyət göstərən "YURD" Gənclərin İntellektual İnkishafına Dəstək Təşkilatının (sədri: Ramin Mahmudov) fəalları ilə görüşmüş, qarşılıqlı münasibətlərin genişləndirilməsi, paytaxt və rayonlarda yerləşən QHT-lər arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində ümumi razılıq əldə olundu. 
YGİİDT-nin nümayəndəsi Fərid Eyubov məlumat verdi ki, bir neçə aydır Quba şəhərində - təşkilatın nəzdində gənclərin kitab oxumağa həvəsləndirmək, yeni nəslin mütaliəsini asanlaşdırmaq məqsədilə "Kitab Klub"u təsis edilib.
YYSQ bu məsələdə Qubalı gənclərə dəstək nümayiş etdirəcəyini bildirmiş, daha sonra məhz gənclərə ünvanlanmış İnternet layihələroi - kitabxana.net - Milli Virtual Kitabxana haqqında geniş məlumat verərdi: 
"Azərbaycanda hazırda tam fəaliyyət göstərən üç böyük elektron kitabxana var. Birincisi Prezident Administrasiyasının Prezident Elektron Kitabxanası, ikincisi M.F.Axundov adına Milli Kitabxananın elektron kitabxanası və nəhayət, üçüncü elektron kitabxana isə YYSQ-nin yaratmış olduğu kitabxana.net portalıdır. Azərbaycan kitablarının elektron - rəqəmsal variantı əsasən bu üç mənbədə yerləşdirilir. Hər üç kitabxana bir-biri ilə mütəmadi olaraq əlaqəli şəkildə işləyir. Prezidentin QHT-lərə Dövlət Dəstəyi Şurası bizim kitabxanaya maliyyə yardımı göstərilir. Digər dövlət qurumlarının və Yazıçılar Birliyinin də maliyyə və texniki, o cümlədən yaradıcı imkanlarından istifadə edirik.
Hazırda elektron kitabxananın iki layihəsi üzərində xüsusi iş gedir. Birincisi Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən Azərbaycan yazıçılarının dünyanın aparıcı dillərinə tərcümə edilmiş elektron variantının bizim milli virtual kitabxanada yerləşdirilməsidir. İkincisi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc yazıçıların elektron kitabxanalarının yaradılması və bizim kitabxanada yerləşdirilməsi, onların həm kitabxana vasitəsilə, həm də virtual olaraq müxtəlif resurslarda, xüsusən də sosial şəbəkələrdə qəbul edilməsi və bütün dünyaya çatdırılmasıdır."

Daha sonra YYSQ tərəfindən hazırlanmış 100-ə yaxın kitab və nəşr məhsularını özündə cəmləyən mini-kitabxanana "Yurd" GİİDT-yə təqdim olundu. İki QHT arasındakı razılığa əsasən, yaxın gələcəkdə ən yeni kitablardan ibarət çap məhsuları bölgə oxucularının istifadəsi üçün qurumun nəzdindəki "Kitab klubu"na hədiyyə ediləcək.

Yeni Yazarlar və Sənətçilər Qurumu analitik-informasiya qrupu


 

Orxan Fikrətoğlunun "İlk dərs günləri": "1-ci partadakı uzun hörüklü qıza aldanıb, cəzalandım"

 


Həyatımızda elə ilklər var ki, bunlar sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Kiminin ilki ona sonralar xoş anlar, kiminin ki, isə məyus edəcək təəssürat qoyur. Amma fərqi yoxdur bu ilkdir və şüuraltımız qollarını açaraq onu möhkəmcə qucaqlayıb saxlayır. O günə kimi ki döyünən ürəyimiz bir gün dayanır.
Bəlkə də az insan tapılar ki, məktəbdə birinci sinfin ilk günlərini, qayğısız, xoşbəxt və dəcəl vaxtlarını xatırlamasın.

Modern. az-ın "İlk dərs günləri" adlı rubrikasının bu dəfəki qonağı tanınmış telejurnalist-publisist Orxan Fikrətoğludur. Ona zəng edib rubrikamız haqqında danışdığım zaman maşınla tıxacda qaldığını dedi, amma buna baxmayaraq, böyük məmuniyyətlə ilk dərs günlərini bizə elə yolda qaldığı yerdən danışdı.

- Birinci sinfə 1973-cü ildə anamla getmişəm. İlk dərs günlərində çox yadda qalan hadisələrim olub.

Yadımdadır ki, hardasa bir həftə olardı ki, dərsə gedirdik. Birinci partada uzun hörüklü Ulduz adında bir qızın yanında otururdum. Bir gün müəllimə yaxınlaşıb mənə "B" hərfini göstərib soruşdu ki, bu hansı hərfdir. Mən bilə-bilə ki, "B" hərifidir, qızın sözünə uyub dedim "V" hərifidir. Elə bildim ki, qız məndən yaxşı bilər. Müəllimə mənə dedi ki, sən heç nə bilmirsən, get arxada otur. İlk dəfə mən o zaman aldandım və başqasının sözünə inanıb, arxa partada oturmağa məcbur oldum. (Amma sonra taleyim də elə gətirdi ki, mənim bütün ömrüm belə oldu. Heç vaxt bildiyimi deyil başqalarının yalan sözləri ilə müəyyən şərhlər etdim).
Arxaya keçəndən sonra başqa bir qızla yanaşı əyləşdim. Sonra müəllimə dama-dama dəftərimizi çıxartmağı tapşırdı. Məndə də iki dənə ana dili dəftəri var idi. Görünür anam dəftərləri qarışdırmışdı. Qıza dedim ki, məndə ikisi də ana dili dəftəridir. Səndə dama-dama dəftər var? O da cavabında "var, amma birini 5 qəpikdən satıram" dedi. Bu dəfə də həyatımda ilk dəfə alverlə rastlaşdım. Bizim ailədə alver məsələsinə o zamanlar çox pis baxırdılar. Görünür qız alverçi ailəsindən idi ki, 3 qəpiklik dəftəri mənə 5 qəpiyə satdı. Sonra öyrəndim ki, doğurdan da bu qızın anası məktəbdə "ponçik" bişirib satırmış.

İlk tanıdığım müəllimə isə Rübabə müəllimə idi ki, maraqlı insan idi. Amma mənim həyatımda bu günə qədər izi qalan müəllimə Səmayə xanım olub.

5-ci sinfə qədər yaxşı oxuyurdum. Adım şərəf lövhəsində idi.

O dövir üçün isə yadımdadır ki, ağ köynək, qara şalvar bizim məktəbli geyimlərimiz idi.

İndiki geyimimə gəlincə isə Eynişteynin bir kəlamı var, deyir: "Mən Eynşteyn olana qədər geyinmirdim ki, pulum yoxdur, Eynşteyn olandan sonra da geyinmirəm. Nə dəxli var ki, indi hamı mənə Eynşteyn kimi baxır, geyimimə baxmır". Elə mən də düşünürəm ki, Orxan Fikrətoğluyam, geyimin nə dəxli var. Mənim ətrafım ağıllıdır. Mənim kim olduğuma baxır. Ağılsız da hara baxır, baxsın.

Öyrəndiyim ilk şeiri deyə bilmərəm. Amma sevdiyim şeirlərdən biri yadımda qalıb:

Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə.
Çeynədilər, dişlədilər, diddilər.
Bir-birini al-qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşüb qaldılar.
Tülkü uzaqdan görüb bu haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi götürdü ovu, etdi fərar,
Həsrət ilə baxdı dalınca onlar.

Birdə məktəbdə oxuyarkən həmişə heyran qaldığım bir təmsil var idisə, tülkü ilə qarğanın əhvalatı idi. Həmişə məəttəl qalırdım ki, qardaş bu pendiri tutmusan ye də, day nə çıxıb ağacda oturursan?

İlk arzum isə futbolçu olmaq idi. Yaxşı futbol oynayırdım. Hətta Azərbaycan milli yığma komandasının üzvü idim. 1982-ci ildə SSRİ çempionu da olduq. Bıçaqlanandan sonra futboldan ayrıldım.

Sinif yoladaşlarımla əlaqə saxlamağımı soruşursunuzsa, onlardan birini hər gün görürəm. O da bizim evin xanımıdır. 9-cu sinifdə atam gördü ki, qiymətlərimin hamısı "2"dir, məni Ağdam məktəbinə qaytardı. Həmin məktəbə getdikdən sonra həyat yoldaşımla eyni sinifdə oxuyurduq. Dərsi bilməyəndə yoldaşım yerdən dərsi mənə "podskazka" edirdi. Gördüm elə bu yaxşı "podskazka" edir, evləndik onunla (gülür).

Mən uşaqlıqda çox dəcəl olmuşam. Üstəlik karateyə də gedirdim və bütün günü vuruşmağa adam axtarırdım. Tutaq ki, 8-ci mikroyonda yaşayırdıqsa, dəstə ilə gedirdik Sovetskinin uşaqları ilə vuruşmağa.

Şahanə RƏHİMLİ

Azərbaycanın yeni rəqəmsal texnologiyaları

 

Bu gün yeni texnologiyalar bəzəriyyətin ağlını bütünlüklə tutub. Nə ayrı-ayrı fərdlər, nə də bütövlükdə cəmiyyət elektronikanın köməyi olmadan heç nə edə bilmir. Bizi əlaqədə saxlayan, son məlumatlarla təchiz edən və təhlükəsizliyi təmin edən növlər xüsusən aktualdır.

4G ilə bağlı qarışıqlıq

4G müasir interfeysi məlumatların ötürülmə sürətinə görə özündən əvvəlkini (3G) əhəmiyyətli dərəcədə üstələyir və Beynəlxalq Elektron Rabitə İttifaqı (İTU) tərəfindən tərtib olunmuş 4G ilə bağlı rəsmi standartlara uyğun olaraq, yüksək buraxılış qabiliyyəti tələb etmədən, geniş informasiya imkanlarını təmin etməyə doğru uğurla irəliləyir.

İTU qiymətləndirmə aparıb. Nəticədə iki texnologiyaya - LTE-Advanced və Wireless MAN Advanced - rəsmi İMT-Advanced işarəsi verilib, bu isə onları əsl 4G texnologiyası kimi sinifləşdirməyə imkan yaradıb. Format standart terminallar üçün 1 Gbit/san və mobil telefonlar üçün isə 100 Mbit/san məlumatların daxil olma sürətini təmin edir.

Lakin hər şey o qədər də sadə deyil. Tarixən belə qurulub ki, WİMAX və Long-Term Evolution (LTE) qismən də olsa, texnologiyaların dördüncü nəsli hesab edilirlər. Onlarda səsin ötürüllməsi yalnız VoIP kimi nəzərdən keçirilir. Həm də məlumatların ötürülmə sürəti aşağıdır - 40 Mbit/san və nəzəriyyədə 100 Mbit/san. Dünya üzrə WİMAX və LTE şəbəkələrini yaymış operatorların əksəriyyəti onları 4G adlandırırlar. Görünür ki, bu marketinq məqsədilə istifadə edilir və İTU bunun qarşısını almaq səlahiyyətlərinə malik deyil.

Hələ bu ilin may ayında Azərcell Şirkəti 4G xidmətini işə salıb. Şirkətdə belə hesab edirlər ki, yeni texnologiyanın inkişafı yalnız texnika bazarında modemlərin, mobil telefonların və 4G-ni dəstəkləyən qadjetlərin kifayət qədər olmaması ilə yubadılır.

Bununla belə, Azərfon Şirkəti (Nar Mobile mobil rabitə operatoru) 3G və 4G şəbəkələrini avtomatik idarə edən, özünütənzimləyən intellektual şəbəkənin yaradılmasına hazırlaşır.

İnternet və TV - ikisi birində

Kabel televiziyası operatorları son meyllərə istinadən, TV kanalların yayımı ilə yanaşı, İnternet xidmətlərin genişləndirilməsinə başlayıblar. Son zamanlara qədər İnternet xidmətləri ilə məşğul olmayan (çoxdandır ki, ADSL İnternet təklif edən, digər operator Connect TV-dən fərqli olaraq) iki aparıcı kabel televiziyası operatoru - CATV və Ailə TV bu gün istehlakçının diqqətini cəlb etmək uğrunda mübarizə aparırlar.

Kabel TV sahəsində, prinsip etibarilə, hər şey bu və ya digər dərəcədə qaydasındadır. Hər iki operator təxminən bənzər xidmətlər siyahısı təklif edir: rəqəmli yayım, HD, çoxkanallı səs və hətta 3D. Bu gün rəqabət əsasən İnternet xidmətlərin göstərilməsi sahəsində cəmlənib - kabelçilər həm öz aralarında, həm də ənənəvi ADSL provayderləri ilə yarışırlar.

İnternetin əhatə dairəsinə gəldikdə isə o teleyayım zonası ilə üst-üstə düşmədiyindən, kabel operatorları hələ geridədirlər. Şirkətlərin İnternet səhifələrində hazırda xidmətin mümkün olduğu küçə və evlərin dəqiq siyahısı yerləşdirilib.

"Kabel" İnternetinin ADSL provayderləri ilə ciddi rəqabəti haqqında hələ danışmağa dəyməz. Sonuncularda tariflər də daha mütəhərrikdir, əhatə dairəsi də genişdir. Lakin əlavə rəqiblərin meydana gəlməsi, sözsüz ki, bazarda ümumi qiymət ab-havasına müsbət təsir göstərib.

Videoqeydiyyatçılar bazarında bum

Hazırda yüngül nəqliyyat vasitələri üçün avtomobil videoqeydiyyatçıları bazarında əsl bum müşahidə olunur. Belə qurğular mübahisəli vəziyyətlərdə həqiqəti təsdiqləməyə kömək edir, yol polisi əməkdaşlarının əsassız iddialarından qoruyur, dolandırıcıları qorxudur. Bakıda videoqeydiyyatçıları avtomobilçilər üçün məhsullar satan mağazalardan və ya təhlükəsizlik sistemlərinin qurulması ilə məşğul olan şirkətlərdən almaq olar, onların dəyəri 100-1 200 manat civarındadır.

Avtoqeydiyyatçı - VGA, HD- və ya Full HD-həlli olan qurulmuş kamerası, ekranı, SD və ya micro-SD yaddaş kartı, ön şüşəyə və ya torpedaya birləşmə imkanı olan, akkumulyatorlu və alışqandan qidalanan kiçik qurğulardır. Yazı dövri olaraq gedir, avtomobilin qapısı açılanda, operatorun komandası ilə və ya hərəkət, səs hiss edildikdə işə düşür.

Qeyd etmək lazımdır ki, avtomobil videoqeydiyyatçıları sinfində universal altsinif yaranıb, ondan motosikllərdə, mopedlərdə və hətta velosipedlərdə istifadə etmək olar.

Hökümət "elektron" olacaq

"Elektron hökümət"in əsas məqsədi dövlət qurumlarının xidmətlərinin avtomatlaşdırılması məsələsini həll etmək və onları həm biznes sektrouna, həm də vətəndaşlara göstərməkdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, "elektron hökümət" layihəsi çərçivəsində vətəndaşlara artıq 30%-ə qədər xidmətlər göstərilir, onlar əsasən informasiya xüsusiyyətinə malikdirlər.

Hazırda respublikada əhalinin 10%-ə yaxını elektron xidmətlərdən istifadə edir. 2020-ci ilə qədər dövlət təşkilatlarının xidmətləri tam olaraq elektron formata keçməlidir, vətəndaşlara isə elektron xidmətlərə 100%-li çıxış təşkil ediləcək, istifadəçilərin sayını 80%-ə çatdırmaq planlaşdırılır.

Azərbaycanda "elektron hökümətin" yaradılması prosesinin bilavasitə iştirakçılarından biri olan Microsoft Azerbaijan Şirkəti iki layihədə iştirak edib, "Özəl və açıq bulud texnologiyalarının həyata keçirilməsi" və "İnformasiya təhlükəsizliyi" mövzuları ilə bağlı seminarlar da onların çərçivəsində təşkil edilib.

Bundan əlavə, Ultra Şirkəti Microsoft Azerbaijan-la müştərək, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycanda miqyaslı E-signature (elektron rəqəmsal imza və ya ERİ) layihəsini həyata keçirib, o, "elektron hökümət"in yaradılması işində həlledici əhəmiyyət daşıyır.

Artıq ERİ-nin verilməsi üzrə üç mərkəz fəaliyyətdədir, onlardan ikisi dövlət və özəl strukturların xidmətini həyata keçirir, biri isə baş qərargah kimi işləyir.

Yeni sistemin yaradılması ilə hər bir Azərbaycan vətəndaşı tək dövlər strukturları üçün deyil, elektron ticarətin və elektron bankinqin inkişafı üçün böyük əhəmiyyət kəsb edən ERİ əldə edə biləcək.


Türk ədəbiyyatının ledisi. Hüznlü və tənha uşaq: Əlif Şəfəq


1971-ci ildə Starsburqda doğulan, Müasir Türkiyə ədəbiyyatının Orxan Pamukdan sonra ən ünlü nasiri Əlif Şəfəqin uşaqlığı və gəncliyi Ankara, Madrid, Əmman, Köln, İstanbul, Miçiqan və Arizonada keçib. Özünün də dediyi kimi uşaqlığını çox hüznlü və tənha yaşayıb. Strasburqda fəlsəfə doktorluğu müdafiə etməyə hazırlaşan atası, Əlifin doğulmasından qısa müddət sonra anasından ayrılır. Gələcəyin böyük yazıçısı atasız böyüyür. Ata və qız bir-birlərini tanıyacaq qədər bir yerdə yaşamırlar və bu kiçik Əlifə çox pis təsir edir. Əlif üçün həyata daha böyük ümidlə sarılan anası feminist və romantik bir qadındı. Dindar bir ailədə böyüyən gənc Şəfəq 70-ci illərdə Ankarada təhsil aldığı universiteti atır və Əlifin atasıyla bərabər Avropaya getməyə qərar verir. Evlilikləri qısamüddətli olduğu üçün anası yenidən Ankaraya qayıdır. Yaşadığı çətinliklərə baxmayaraq toparlanmağı bacaran Şəfəq xanım, təhsilini davam etdirməyə qərar verir. Anasının təhsilə dönməsi ilə nəzarətsiz qalan kiçik Əlifə nənəsinin himayəsində qalır. Gələcəyin yazıçısı 11 yaşına qədər dindar qadın mühitində böyüyür. Onun dünya görüşünə nənəsinin danışdığı sirli-sehirli əhvalatlar çox ciddi təsir edir. Uzun müddət anasından ayrı qalan Əlif, anasına "abla" deyirmiş. Çünki anası bütün günü işləmək və karyerasını qurmaq məcburiyyətində idi. Onun üçün ana yemək bişirən, mətbəxdən çıxmayan qadın obrazı idi və təəssüf ki, o bu xoşbəxt ailə ortamından məhrum idi. Əlifin gələcəyini qurmaq üçün inadkar anası Türkiyə cümhuriyyətinin Xarici İşlər Nazirliyində attaşe vəzifəsində çalışırdı. Mətbəx, övlad qayğısı, övladla birlikdə vaxt keçirmək ona tamamilə yad idi. Rəsmi, zəhmli bir dövlət adamı, çalışqan bir diplomat onun üçün ancaq "abla" ola bilərdi...

Ona "turka" deyirdilər

Anasının üzünü az-az görsə də, anası Əlifin gələcək həyatına çox ciddi təsir edir. 80-ci illərdə Xarici İşlər Nazirliyində çalışan Şəfəq xanım qızı Əliflə bərabər Madridə köçür. Bu arada çox maraqlı və zəruri bir qeyd: Əlif doğulanda atası ona öz soyadını vermir. Sənədlərdə Əlifin soyadının yerinə anasının adı - Şəfəq yazılır. 30 yaşında dul qalan bir qadının himayəsində böyüyən Əlif o illəri hər zaman kədərlə xatırlayır. Gəzdiyi şəhərlər onda yalnız bir hiss yaradır: köçkünlük hissi. Anasının cəmiyyətə qarşı apardığı mücadilə, çəkdiyi əziyyətlər ona böyük bir həyat dərsi verir. Həyatı boyu atasını cəmi 3-4 dəfə görən yazıçının bəlkə də ən böyük travması məhz atasızlıqdır. İlk təhsilini Madriddə, bir ingilis məktəbində alıb. Yazıçı bu günləri çox kədərlə xatırlayır: "Oxuduğum ingilis məktəbində yeganə türk şagird mən idim. Məni ya "turk", ya da "turka" deyə çağırırdılar." Müxtəlif şəhərlərdə müxtəlif məktəblərə gedən Əlif, nəhayət ki, Ankarada litsey təhsilini başa vurur və Orta Doğu Texnik Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinə daxil olur. Daha sonra həmin Universitetin Qadın Çalışmaları bölümündə magistr təhsili alan yazıçı, doktorluq təhsilini siyasət sahəsində tamamlayıb.

Türkiyədə kitabları ən çox satılan yazar

Universitetdə təhsil aldığı 1994-cü ildə gənc Əlif ilk kitabını, "Kem gözlerle Anadolu" kitabını qələmə alır. 1997-ci ildə çap olunan "Pinhan" adlı ilk romanı 1998-ci ildə "Mövlane Büyük Ödülü"nü qazanır və bu mükafat yazıçının həyatında növbəti dönüş nöqtəsi olur. "Pinhan" romanından sonra Əlif Şəfəq "Şehrin aynaları" və Türkiyə Yazıçılar Birliyinin mükafatını qazanan "Mahrem" romanını yazır. Bir-birinin ardınca qazandığı uğurlardan stimul alan yazıçı, böyük bir coşğunluqla həyatını yaradıcılığa həsr edir və yaradıcılıq ona çox böyük uğur gətirir. 2002-ci ildə böyük tirajla satış rekordu təzələyən "Bit Palas" və ingilis dilində "Araf" romanlarını yazır.

2004-cü ildə beş yazarın: Muradxan Mungan, Faruq Ulay, Əlif Şəfəq, Cəlil Oker, Pınar Kürün ortaq layihəsi olan, "Beşpeşe" romanı çap olunur. Publisistikada da qələmini sınayan xanım yazar, 2005-ci ildə qadın, mədəniyyət, sənət və ədəbiyyat mövzulu publisistikadan ibarət "Med-Cezir" kitabını nəşr etdirir. 2006-cı ildə ilin ən çox satılan kitabı olan "Baba ve Piç" yayımlanır. Uğurlar, oxucu sevgisi, ədəbiyyatın gətirdiyi şöhrət xanım yazıçını həvəsləndirir və o avtobioqrafik "Siyah süt" əsərini qələmə alır. Bu kitab da çap olunan kimi, Türkiyədə böyük ilgiylə qarşılanır. Nəhayət ki, 2009-cu ildə Əlif Şəfəqə dünya şöhrəti gətirən "Aşk" romanı "Doğan" nəşriyyatında işıq üzü görür. Kitab Türkiyə ədəbiyyatı tarixində önəmli bir rekorda imza atır; qısa müddətə ən çox satılan kitaba çevrilir. Həmin il "Doğan" nəşriyyatı Əlif Şəfəqin bütün əsərlərindən seçmələrin toplandığı "Kağıt helva" kitabını nəşr edir və bu kitab da oxucu diqqətindən kənarda qalmır. 2010-cu ildə növbəti kitabı "Firarperest" kitab bazarına çıxır və hələlik sonuncu kitabı olan "İskender" 2011-ci ildə işıq üzü görür və kitab bazarına çıxarılmadan, 260 min tiraj satılır.

Əlif Şəfəq 2009-cu ildən "Habretürk" qəzetinin köşə yazarıdır və bu qəzetdə yazdığı köşələr bu il, yəni 2012-ci ildə "Şemspare" adı ilə yayımlanıb. Xanım yazıçı eyni zamanda dünyanın ən tanınmış mətbuat orqanlarından biri olan "The Guardian" qəzetində köşələr yazır. Əlif Şəfəqin iki kitabı; "Aşk" və "İskender" Azərbaycanda da nəşr olunub və böyük maraqla qarşılanıb. Əlif Şəfəq hal-hazırda Türkiyə sərhədləri daxilində kitabları ən çox satılan müəllifdir və o 2010-cu ildə kitab satışından təxminən 1 milyon avro qazanıb. Ünlü yazıçı köşə yazıları yazdığı "Habertürk" qəzetindən ayda təxminən 10 min dollar maaş alır.

Jurnalist Eyyub Canla evliliyindən iki övladı var: Şəhrzad Zelda və Əmir Zahir.

Əlif Şəfəqin "ən"ləri...

Ən çox istifadə etdiyi söz: eyvallah;

Ən çox həyəcanlandığı hadisə: Oğlunun danışmağa başlaması və minlərcə başqa hadisə;

Ən sevdiyi iş iş: hekayələr danışmaq;

Bir daha dünyaya gələrsə ən çox etmək istədiyi iş: kitab yazmaq;

Ən çox yerində olmaq istədiyi adam: Yoxdur;

Ən sevdiyi şəhər: İstanbul, Madrid və London;

Ən sevdiyi yemək; zeytun yağı istifadə olunan bütün yeməklər

Qəhrəmanı: Asteriks

Ən sevdiyi xüsusiyyəti: təxəyyül qurma bacarığı;

Özünü ən uğurlu hiss etdiyi vəziyyət: Yazı anı;

Peşəyə ilk başladığındakı xəyalı: yazmaq, dayanmadan yazmaq;

Dünya görüşü: könülünü, zehinini, qələmini qurutmamaq.


Cəlil Cavanşir

 

Pərviz Cəbrayıl. Yazılmamış roman satılır - Təcili...


"Hətta o şərtlə ki, heç vaxt üstünü vurmayım, kimsə o romanın mənim olduğunu bilməsin..."

(Rafiq Tağının əziz xatirəsinə)


Hələ orta məktəbdə oxuyanda böyük şair Məhəmməd Hadinin öz şeirlərini bir növ qəzetlərin indiki əl yayımı yoluyla satmasını oxuyub dəhşətə gəlir, belə bir şeyin mümkünlüyünə heç cür inanmaq istəmirdik. Şəxsən mən belə düşünürdüm. O mənzərəni gözümün qarşısına gətirəndə belə, dəhşətə gəlirdim. Adam öz yazdığını öz əliylə necə sata bilərdi axı?!!

Həmin anlarda şairin düşdüyü acınacaqlı psixoloji durumu gözümün qarşısında canlandırmağa çalışırdım. O, necə utanır, necə əzab çəkirdi! Şeirlərini oxuya-oxuya başını aşağı salıb gedir, gözünü hamıdan yayındırırdı.

İlk potensial alıcı səsindən diksinirdi. Alıcı ondan bir də yenidən həmin şeiri oxumasını "xahiş" edir, sonra daha birini, daha birini oxumasını istəyir, sanki onun satdığı pal-paltarı gözdən keçirirdi.

Hadi isə heç olmasa bir şeir sata biləcəyinə ümidini itirmir, sıxıla-sıxıla oxuyur, xəcalətdən əriyib yerə girirdi. Sonda isə on belə adamdan biri alıcı olur, ya olmurdu. Hələ şair onlara şeirlərinin mənasını da izah eləmək məcburiyyətində qalırdı. "Şair, yaman qəliz yazırsan e,- ona deyirdilər,- bax, filankəs, bəhmənkəs necə sadə yazır..." Şair bilmirdi özünün, ya bu adamların dünyada var olmasına lənət yağdırsın...

Həyatın səsləri guşimdə həp fəryad şəklində,
Bu insanlar ki qardaşdır və lakin yad şəklində.
Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində,
Müsibətlər, bəlalər, qüssələr abad şəklində...

***


​​Hadiyə yanarkən tale hərləyib-fırlayıb nə cürsə məni də söz yoluna saldı...
Bir gün məndən iki yaş böyük dostum Mübarizin mənsur şeirlər yazdığını eşitdim, alıb oxudum, təsirləndim və adi adamların da yaza biləcəyinə inandım. O günəcən mənə elə gəlirdi ki, adamlar anadan yazıçı-şair doğulurlar, onların alınlarında hamının görə biləcəyi şəkildə yazıçı, şair yazılır. Mübariz bu təsəvvürlərimin üstündən xətt çəkdi...

Hüquqşünas olub öz çapımda ədaləti qorumaq istəyirdim. O gündən hüququn daşını atdım, hər hansı ali məktəbə daxil olma fikrini beynimdən çıxardım. İbtidai məktəbim Mübariz, ali məktəbim, universitetim Füzuli, Dostoyevski oldu...

***

Elçibəyin dəfn günü, Elmlər Akademiyasının qarşısındakı vidalaşma törənində ilk kitabımın - "Öləngi"nin siqnal nüsxəsini aldım. Dəyərli dostlarım gizli yolla çap etdirmişdilər. Nəşriyyatlar kitabı çapa sevinə-sevinə götürsələr də, sonradan zəng vurub üzrxahlıq eləyirdilər. Bir kitabın qazancına görə çörəkdən olmaq istəmirmişlər...

Rafiq Tağının giriş sözüylə başlayırdı kitab. Bu gün yazıqlar olsun ki, Rafiq bəy cismən aramızda deyil. Ama sözü hələ də bizimlədi və zənnimcə, bundan sonra, gələcəkdə daha çox bizimlə olacaq. Rafiq bəy kitabıma yazdığı sözün sonunda elə bunu deyirdi: "...onun riyaziyyat ətirli "Öləngi" kitabı, lap deyək, indi olmasa da, gələcəkdə hökmən oxunacaq. Onsuz biz kitablarımızı gələcək üçün yazırıq..." (2000, iyul.)

Beləcə, mən də Hadinin taleyini yaşamağa başladım. Hadi əlində şeirləri yazılmış vərəqləri satırdısa, mən və mənim yaşıdlarım əlimizdə kitab gəzməyə başladıq. Fərqi yoxdu ki, mən o kitabı satmır, bağışlayırdım. Ama onun da bir haqqı vardı: istəmək. İstəyənə bağışlamaq. Əsas olan yazarın əlində kitab dolaşmasaydı. Ama bunu da bildim ki, kitabının bütün tirajını əlində gəzdirib hədiyyə vermək əlində kitab satmaqdan da ağırdı. Kitab hədiyyə vermək yazıçı ümidsizliyinin son nöqtəsidi. Şeir satmaq kitab hədiyyə verməkdən daha şükürlü. Hələ onu da kim bilir, Hadinin şeir satmasını da Sovetizm öz ideoloji çıxarları üçün uydurmuş olmayaydı... Rafiq Tağının çantasında daim iki-üç kitabı olardı və deyərdi: "Filankəs istəmişdi..." Və üzündə utancaqlıq nişanələri dolaşardı. Kitabı "yiyəsinə" çatdırandan sonra quş kimi yüngülləşərdi...

***

İkinci kitabım... bu zaman artıq Hadiyə daha yaxın idim. Şeir kitabıydı axı. Bu dəfə satışa verməyi düşünürdüm. Kitabçılar zəng vurub kitab istəyirdilər satış üçün və mən məcbur olub bazar zənbillərində, sonradan kitablar satılsa belə, haqqını ala bilməyəcəyim dükanlara, şəxslərə kitab daşıyır və Hadinin bizim yanımızda toya getməli olduğunu düşünürdüm.

Bunları yazmaqda məqsədim özüm haqda danışmaq deyil. Zənnimcə, bu gün kitablarımızı alan oxucunun haqqı çatır ki, onun yazarının yazılarını necə ərsəyə gətirdiyi haqda bilsin.

Ədəbiyyatdan anlayanlar bilir ki, yazmaq üçün, peşəkar yazıçı olmaq üçün xüsusi şərait və imkan gərəkdi. İki daracıq otaqda, ailə-uşaqla birgə roman yazmaq, onun incəliklərini düşünüb-daşınmaq, dəqiq struktur qurmaq mümkün deyil. Bəzən məktəbli övladlarla "davamız" belə düşür otaq bölgüsündə. Mən hələ həm də gündəlik ruzi üçün yazılan qəzet yazılarının necə vaxt aldığını, necə yorduğunu demir, incəliklərinə varmaq istəmirəm. Drayzerin "Dahi" romanını oxuyanlar, rəssam Yucinin necə əzablara qatlaşdığını, əsil rəssam olmaq istərkən nəşriyyat rəssamı kimi ömür çürütdüyünü,

Rafiq Tağı
​​kitablara illüstirasiyalar, reklam afişləri çəkdiyini və sonunda şirəsi çəkilmiş halda necə məhv olduğunu yaxşı bilirlər...

Normal, yazıçıların peşəkar olması üçün hər cür "infrastruktur"un olduğu ölkələrdə yazıçının səs-küy salan, satılan kitablarının hesabına yaxşı qonorar aldığı, bu qonorarla növbəti kitabacan yaşaya bildiyini də çoxları bilir. Azərbaycanda isə nə normal kitab satışından, nə kitab üçün yazıçının aldığı qonorardan söhbət gedə bilər. Burda yazıçı nəinki kitabına görə qonorar alır, əksinə, həm çəkiləcəyi tənha guşədə 1-2 ay özünün acından ölməmək qədərində yaşaması və ailəsinin də bu sürədə yaşaya bilməsi üçün hardansa bir miqdar para tapmalıdı. Əks halda romandan söhbət gedə bilməz. Mən hələ əsərin qaralaması bitdikdən sonra üstündə aylarla aparılan redaktə prosesində çəkilən sıxıntılardan danışmıram...

***

Artıq üçüncü romanımı (dördüncü kitabımı) yazmağa başlamaq ərəfəsindəyəm. Bir səfər planlaşdırmışam və onu da deyim ki, bu səfər sözə yüksək dəyər verən bir dostun evində yazacağıma görə kirayə haqqı ödəməyəcəm, ama yenə də yol xərci, siqaret... ailəni təmin eləmək...

Az qala iki ildi ki, o paranı tapmağın yolları haqda baş sındırıram. Bəzən xəyalımdan hansısa bankdan kredit, bəzən hansısa imkanlı yoldaşdan borc götürməyi düşünürəm. Xəyallar qururam. Bəzən ora qədər düşünürəm ki, mənə yalnız və yalnız bu romanı yazmaq lazımdı. Bilim ki, yazdım, təskinlik tapım. Ama borcumu qaytarmaq anını yadıma salanda tüklərim biz-biz olur. Bəlkə,- düşünürəm,- yazıb romanı kiməsə babat qiymətə satım və yeni bir roman üçün maddi şans qazanım? Romanımı bütün müəllif hüquqlarıyla birgə satım və hətta o şərtlə ki, heç vaxt üstünü vurmayım, kimsə o romanın mənim olduğunu bilməsin. İndi nə çoxdu ona-buna roman yazdırıb yazıçı kimi tanınmaq istəyən imkanlı xəstələr...

Hadi bizdən sonra yaşasa, bizi düşünüb ağlardı...

***

Bu gün müxalifət, içi mənqarışıq köşə yazarları "Azadlıq! Demokratiya!" deyirik. Eyni şeyi qarşı çıxdığımız hakimiyyət də deyir.

Bu günkü hakimiyyətin ədəbi təsərrüfat üçün heç nə etmədiyini bayaqdan yazıram. Onlarla məsələ aydındı. Ancaq məni bir yazıçı olaraq maraqlandırır: hakimiyyət dəyişərsə, müxalifət iqtidara gələrsə, bəs onlar ədəbiyyatın inkişafı, yazmaq üçün gərəkən infrastrukturun yaranması yönündə konkret hansı işləri görəcəklər? Mən bunu eşitmək və əmin olmaq istəyirəm. Mən yaşamaq istəyirəm. Mənim yaşamağım mənim yazmağımdadı. Əgər sabah da heç nə olmayacaqsa, indidən bilim və bir yolluq yaşamağın daşını atım. Qoy dünya onlara qalsın. Barı gedib Rafiq Tağıyla dərdləşərik. Onsuz da bəzən qatilin öldürə bilmədiyini həkimlər öldürür...

Qafqazinfo



Dostoyevskini göylərdən endirən qadın...


Coşğun xəyalpərəst və gözəllik vurğunu olan Dostoyevski real olanlardan yan keçir, qeyri-adi və uzaq olanlara üz tuturdu.

Həyatındakı qadınlar isə real idilər və onlar hər dəfə ürəkdən, bütün varlığı ilə sevən bu aşiqi çətin vəziyyətdə qoyur, özlərinə başqa sevgili tapırdılar...


Narıngül


O BELƏ SEVİRDİ...

Şəxsiyyəti ilə yaradıcılığı arasında heç bir paradoksa yer qoymayan və sevilə-sevilə oxunan Dostoyevski insan temperamentinin bir çox növlərini özündə cəmləşdirən maraqlı bir insan tipi idi.

Onun romanlarının substansiyası məhz qəlbi sevgi və ehtirasla dolu olan böyük Dostoyevski şəxsiyyəti idi və bu böyük yazışı öz fərdi-psixoloji xüsusiyyətləti ilə romanlarındakı insan surətlərindən xeyli irəlidə dayana bilirdi.

Tanınmış rus yazıçısı və tənqidçisi L.Qrossman tərəfindən məharətlə qələmə alınmış "Dostoyevski portreti"nin qarşısında dayanaraq insan xarakterinin ən inçə cizgilərinə heyranlıqla tamaşa etməmək, ecazkar insan dühası qarşısında mat qalmamaq qeyri-mümkündür.

Bu insan-portret, deyərdim ki, insanlıq tarixinin ən möhtəşəm əsərlərindən biridir və bu portretin əsas ştrixlərindən biri sevgidir.

Bütün ömrü boyu yaradıcı olan Dostoyevski öz sevgisində də yaradıcı idi.

Sevgi təzahür istiqamətindən asılı olmayaraq maksimalizmdir və Dostoyevski insan həyatının bütün hallarında maksimalist idi.

Yaradıcı və maksimalist

Dostoyevski sevgi üçün çox yararlı bir insan tipi idi.

O, həyatındakı qadınların hər birini özünəməxsus çılğınlıq və nəvazişlə sevirdi.

Dostroyevski sevgidə çox zəhmətkeş idi.

​​Onun coşğun emosiyası, qəlbinin bir yerdə qərar tutmayan, məcrasından çıxıb aşıb-daşan duyğu seli və ehtirası bir qadına olan istək çərçivəsində sərhədlənə bilməzdi.

Dostoyevski tez-tez aşiq olurdu. Həyatındakı qadınların sayı bunun sübutudur: Mariya Dmitriyevna, Apollinariya Suslova, Anna Vasilyevna, Anna Qriqoryevna...

İstedadı ilə ərafdakıları heyran edən, öz parlaq dühasıyla başqalarından seçilən və ucada dayanmağı bacaran dahi yazıçı sevgi qarşısında açiz idi.

Sevgi, gözəllik və mərhəmət - bunlar onun keçə bilmədiyi baryerlər idi.

O, bu acizliyini çəkinmədən etiraf edirdi: "Mən daha heç bir şey haqqında düşünmürəm. Təki onu görüm, onun səsini eşidim... Mən bədbəxt divanəyəm. Bu cür sevgi xəstəlikdir. Mən bunu hiss edirəm". (Qrossmanın kitabından) Etiraf böyüklükdür...

Dostoyevski sevgisi məlum obyektə yönələrək öz sonluğunu tapan bir sevgi deyildi. Bu daim can atan, dəyişən, narahat bir sevgi idi. Dostoyevski öz sevgisində də çəkilməsi mümkün olan bütün əzabları yaşayan, iztirablara tab gətirən bir insanlıq mücəssəməsi idi.

Sevgi yenilməyi sevir. Başqa çarə yox..İtirmək təhlükəsi olan yerdə enməkdən başqa yol qalmır. Bir halda ki, qarşıda sərt divardır... Sevgidə güzəşt insanın öz hisslərinə enməsidir. O, öz sevgisi uğrunda hər cür enişə, "yerlə-yeksan" olmağa hazır idi:

"Dostoyevski soyuq bir ümidlə, aciz və sust halda qızdan xahiş edirdi ki, onunla dostluq etsin, görüşlər təyin etsin, məktublaşsın. " Bəlkə İtaliyaya gedək? Mənim dostum, qorxma, mən sənin ancaq qardaşın olacağam..." (L Qrossman).

Melanxolik insanlar sevgiyə qarşı daha həssas olurlar. Və daha böyük coşquyla sevirlər. Bəlkə də, bu insanlar üçün sevgi həm də darıxmaq hissini yox etmək instinktidir.

Eşqdə həyəcan, təşviş, qorxu və bunun nəticəsi olan uğursuzluq. Təbiətcə melanxollik insan tipinə yaxın olan Dostoyevski sevgisində tez-tez uğursuzluğa düçar olurdu.


​​Bəlkə də, bu uğursuzluq onun sevə bilməməyində idi. O, həm dəlicəsinə sevir, həm də sevgi adlanan nəsnənin qayda-qanunlarına riayət etmirdi.

Onun sevgisində həmişə nə isə düzgün olmurdu. Coşğun xəyalpərəst və gözəllik vurğunu olan Dostoyevski real olanlardan yan keçir, qeyri-adi və uzaq olanlara üz tuturdu.

Həyatındakı qadınlar isə real idilər və onlar hər dəfə ürəkdən, bütün varlığı ilə sevən bu aşiqi çətin vəziyyətdə qoyur, özlərinə başqa sevgili tapırdılar.

Görünür, ehtiraslı qadın qəlbinin çox vaxt şeytani tamah hissinə də açıq olması öz işini asanlıqla görür və bu məhz yazıçının payına düşürdü.

Hər dəfə sevdiyi qadının başqasıyla olan eşq macərasını dinləmək, ona şəfqətlə məsləhətlər vermək Dostoyevski taleyinə yazılmış bir sınaq yazısı idi. Amma bu fədakar aşiq heç vaxt geri çəkilmir, bütün qəlbi ilə mübarizə aparırdı.

Onun ilk və ən möhtəşəm sevgisi 35 yaşında ikən Kuznetskdə tanış olduğu Marina Dmitriyevnaya olan eşqi idi. Katorqadan yenicə qayıtmış, qəlbi yaşamaq eşqi və yaradıcılıq həvəsi ilə coşub daşan ədibin bu sevgisi ona eşqin bütün əzablarını daddıra bilmişdi. Dostoyevski bu qadını sevərkən o, ərdə idi və ərli bir qadını sevən yazıçı elə ilk andan öz qucağını iztirablara açmalı olmuşdu.

Dostoyevski həyatının bu qadına bağlı olan anı insan qəlbinin ehtirasdan bayıldığı, ağıl və idrakın öz hökmünü itirdiyi bir an idi.

Əri öldükdən sonra yazıçının qarşısında yaşıl işıq yansa da, bu qadın tezliklə onu yenidən başqa bir əzab səddini aşmağa vadar etmişdi.

Bu dəfə sevgilisi bəsit təfəkkürlü, sadə dünyagörüşlü bir əyalət müəllimini böyük mütəfəkkirin qarşısına çıxartmışdı.

Başqa bir sevgilisi - Apollinariya da bu "mükafat"ı ondan əsirgəməmiş, ona yetərincə sevgi iztirabları yaşatmışdı.

Hər an xəyanətə hazır olan bu qadın qəlbindəki təlatümlü Dostoyevski sevgisinə dəlicəsinə vurulduğu bir fransız tələbənin sevgisini də qatmış və bu "qatqını" təmizləməyi inadkar aşiqin ixtiyarına buraxmışdı. Yenə eyni təzadlar, eyni iztirablar.... Lakin bu iztirablar həyatın özü qədər nəşəli və möhtəşəmdi.

​​Öz mübarizəsindən əl çəkməyən Dostoyevski inadla və usanmadan bir zərrə işığa üz tutaraq özünə nəfəslik açmağa nail olurdu. Böyük iradə sahibi və fədakar aşiq tanrının ona bəxş etdiyi enerji və istedad ilə hər şeyi yoluna qoymağı bacarırdı.

Bütün bu psixoloji keçid mərhələlərində onun daha bir istedadı və insani keyfiyyəti üzə çıxırdı. O, ədibi lovğa və təkəbbürlü bir tələbə ilə dəyişməyə hazır olan Suslovanın şıltaqlıqlarına dözür, onu intihardan çəkindirir, dəli kimi sevdiyi, ilk eşqi Mariya Dmitriyevnanın ərə getməyə hazırlaşdığı adama - Verqunova kömək etməyə çalışırdı.. Yazıçı nüfuzlu Vrangelə məktub yazaraq Verqunova yaxşı bir iş tapmağı xahiş edirdi. Eyni zamanda, əndazəsini aşmış fədakarlığına görə özünə "bəraət" qazandırırdı:

"Bunların hamısı o qadın üçündür, yalnız onun üçün. Heç olmasa o, yoxsulluq içində qalmayaydı".

Bu xətt Dostoyevskinin həyat salnaməsində insanlığın ən ali mərtəbəsi kimi dəyərləndirilir və bütün mübarizələrin kökündə, insan həyatınin ən ali məqamı olan sevgi dayanırdı. Sevgi macəralarının ən kritik anlarında belə Dostoyevskinin güclü iradəsi təslim olmur, inadla çıxış yolu axtarırdı.

O, dəlicəsinə sevdiyi qadını - Mariya Dmitriyevnanı itirmək ərəfəsində, hər şeyin tamamilə yox olduğu vaxtda ümidsizliyin bir addımlığında mübarizəyə atılır. Onu həyatın müflisləşmiş üzünə sürükləyən, qumarxanalara aparan iradəsi bu dəfə sevgisi uğrunda mübarizədə sərkərdə rolunu oynayır və ona qələbə qazandırır.

Bütün bunlarla yanaşı, Dostoyevski də tanrının yaratdığı adi insanlardan biri idi. Uzun-uzadı sevgilərdən çıxmış, yorğun, taqətsiz Dostoyevski ömrünün son mərhələlərində onu anlayan sevgidən çox dostluq, şəfqət umduğu, sevgilidən daha artıq ata kimi qeydinə qalacaq qadına üz tutur.

Bütün hisslərin sonu lal, sakit bir məcraya yönəlməyə məhkumdur. Yoxsa həyatın səsini dinləmək olmaz, insan öz səsi içində boğula bilər.

Ədibin həyatındakı sonuncu qadın, məhz sonuncu olan, Anna Qriqoryevna onun həyatını sahmana sala bilmişdi. Onu sakit bir məhəbbətlə sevən bu qadın əvvəlcə bir stenoqraf kimi ədibin əsərlərinə, sonra isə dağınıq insan həyatına ustalıqla əl gəzdirdi. Bu evlilik onun dəli eşq salnaməsinin son akkordu idi. Bu həm də, ehtirasdan sağ-salamat çıxmış insanın reallığa qayıdışı idi.

Bu qadın ona uşaq bəxş etdi, son nəfəsinə qədər onun qayğısına qaldı. İnsan təkamülünü həyat yoluna təslim etdi.

 

ANARDAN ÜZR İSTƏDİ


Bir müddət əvvəl Gürcüstan Yazıçılar Birlyinin sədri Makvala Qonaşvili də daxil olmaqla, bir qrup gürcü yazıçısı qondarma "Dağlıq Qarabağ Respublikası"ında keçirilən poeziya festivalda iştirak edib. Makvala Qonaşvilinin Azərbaycanın işğal olunmuş ərazilərinə bu qanunsuz səfəri Bakıda kəskin etirazla qarşılanmışdı.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin mətbuata açıqlamasına görə, Makvala Qonaşvilinin adı Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınıb. Azərbaycanın Yazıçılar Birliyi də Makvala Qonaşvilinin bu səfərini pisləmişdi.
Bu gün isə Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili Azərbaycan Yazıçılar Birliyinin sədri
Anara məktub yazaraq, ondan və Azərbaycandakı dostlarından bağışlanmasını istəyib.
Kult.Az məktubun mətnini oxuculara təqdim edir:
"Hörmətli Anar!
Sizi və bütün qələm qardaşlarımı böyük sevgi və hörmətlə salamlayıram!
Artıq bir aya yaxındır ki, Sizə yazmaq istədiyim məktubu, firkirlərimi ifadə eləmək üçün gərək olan sözləri düşünürəm.
Yaddaşımda Sizin müdrikliklə və həyat təcrübəsi ilə işıqlanmış simanız, baxışlarınız canlanır, Sizinlə, sevimli həmkarlarımla, dostlarımla olan görüşlərimizi xatırlayıram...Görəsən, Qarabağa etdiyim səfərlə özüm də belə istəmədən onların qəlbini yaralayarkən dostlarım mənim haqqımda nə düşünürlər?
Onların qonağı ikən, üzümü gənclərə tutub İlya Çavçavadzenin bu misralarını oxudum:
Aylı gecəli dünyanın
Bəlli aydın sabahı var,
Sevgiylə ucalar hökmən
Qəzəblə uçan komalar.
Amma görəsən, biz şairlər bizim bu sərsəri, nifrətlə dolu əsrdə sevginin, vətənin, sədaqətin harda başlayıb harda bitdiyini bilirikmi?!
Bəlkə birisi üçün xeyir kimi görünən, o birisi üçün şərdir, bəlkə birini sevindirən şey əksinə o birisini kədərləndirir, bəlkə birisi üçün yeni həyatın özülü saydığı şey, başqa birisi üçün uçulmuş, unudulmuş məzar daşlarıyla dolu faciədir. Bizim bu təşviş dolu zamanda görəsən yazıçıların gücü çatacaqmı ki, hamıya bir parça da olsa sərin kölgəlik qismət olsun deyə qanadlarını gərsinlər, bu adamqarsan bürküdə boğulanlara kömək etsinlər?
Həmişə inanmışam, indi də inanıram ki, şair sözü sərhəd tanımır. Şair hər yerdə, onu gözləyən tək bir oxucu olsa belə həmin yerdə olmalıdır...Mən poetik söz vasitəsilə Cənubi Osetiya adlandırılan yerin (məyər bu mənim üçün ağrısı sənigməyən yara deyil?) əhalisiylə də görüşməkdən şərəf duyaram. Siyasətçiərin qanunun və topların diliylə danışmaq haqqı varsa, şairlərin yalnız bir silahı var- söz.
2008-ci ildə mənim ölkəm bombardman ediləndə öz etirazımı, "müharibəyə- yox deyək!" fikrimi nifrət dolu çıxışla deyil, şeirlə dedim, moskvalı şairə həmkarıma yazdım ki, müharibə aramızdakı yolu səhraya çevirib, indi sənə ünvanladığım ismarıcımı yalnız mələklər çatdıra bilər, və əgər o sənə çatsa, sən də onu göz yaşlarınla suvarsan, deməli dava bütün körpüləri və yolları yandırmayıb.
Mənim siyasətim sevgidir...amma... Amma burda qələmim dayanır. Özümə sual edirəm: şairin onu gözləyən tək bir oxucunun yanında olması fikri sənə həqiqət kimi görünürsə, amma bu səfərin başqa birini kədərləndirisə, sənin bunu eləməyə haqqın varmı? Bu sual məni düz bir aydır ki, rahat buraxmır.
Bütün suallar tək bir cavab istəyir, bütün cavablar isə şərtidir.
Nəyisə izah edib-etmədiyimi bilmirəm, amma bir şeyi aydın şəkildə izhar eləmək istəyirəm: mən həmişə Azərbaycan mədəniyyətinin sədaqətli pərəstişkarı olmuşam, bu gün də belədir və olacağam, həmişə Azərbaycan xalqını sevmişəm və sevəcəyəm.
Ola bilsin ki, mənim səfərim, bu addımım kədərli də olsa Azərbaycan sərhədlərini üzümə həmişəlik bağlayacaq, amma daha kədərli bu olardı ki, azərbaycanlı dostlarımın qəlbələri mənim üçün bağlansın. Heç bir pis niyyətim olmadan belə dərin şəkildə incitdiyimə görə Sizin hamınızdan alicənadlıqla məni bağışlamanızı istəyirəm.
Hörmətlə, ən yaxşı arzularla,
Makvala Qonaşvili...
21 noyabr, 2012-ci il"

 

Səlim Babullaoğlu. Moskva-Bakı reysiylə bəyaz uçuş


Ç.Əlioğlunun "Diaspora" poemasının təhlili
"İstədiyin kimi düşünürsənsə,
Düşündüyün kimi danışırsansa,
Danışdığın kimi varsansa,
Azadsan demək..."
Çingiz Əlioğlunun bir şeirindən


QEYD: Poemanı bu linkdən oxuya bilərsiniz. Poemada rəqəmlərlə sıralama yazıdakı sitatlara uyğun olaraq Səlim Babullaoğluma məxsusdur.
Vacib giriş...

Bu mənim ilk yazımdır ki, təhlil edəcəyim şeir müəllifinin başqa misralarını elə "öz yazısına" sanki özgə birisindən sitat edirmiş kimi epiqraf seçirəm: Çingiz Əlioğlunun yaradıcı diapazonu buna imkan verir; onun şeirlərini oxuyanda bir-birinə bu qədər "yad" şeirlərin bir yaradıcılıq və bir kitab içində necə mümkünlüyü sual doğurmur; həm metrik, həm tematik, həm temperament baxımından bəzən diametral əks və fərqli şeirlərin, polifonik stixiyanın sahibi olmaq olduqca çətin məsələdir, çox vaxt mümkün deyil. Çingiz Əlioğlu bu mənada yeganədir (!), mən milli ədəbiyyatımızda ikinci belə şair tanımıram. Ən ehtirassız şəkildə, plakat deyişdən maksimum uzaqda dayanıb məsuliyyətlə deyirəm ki, bu gün çoxlu poetik ad və inisialların qarşısında şifahi və yazılı şəkildə duran "böyük şair", "dahi" ifadələri, Çingiz Əlioğlunun adının qarşısında elə indi və həmişə ürəklə yazdığım, yaza biləcəyim görkəmli sözünə çoxdan məğlub olub.
"Akmeistik xiffət" deyilən bir anlayış var rus ədəbiyyatşünaslığında. Bir vaxtlar akmeistlərə şamil edilən bu təyin dünya ədəbiyyatına xiffəti anladırdı. Çingiz Əlioğlu- dünya poeziyasının metrik okeanlarına və dənizlərinə tez-tez fərdi ekspedisiyalar təşkil edən, bu hüdudlar və hüdudsuzluqlar üçün xiffət çəkən əsl azərbaycanlı "Kolumbdur".
Xeyli əvvəl, 60 ilik yubileyi ilə bağlı yazdığım"açıq məktub"da Çingiz Əlioğluna ünvanlanmış, indi kiçik redaktə ilə təqdim elədiyim bu sözlər var idi: "Hansısa filmdə "Kişinin özünün özünə hədiyyəsi" ifadəsini eşitmişdim. Xoşuma gəlmişdi. Məncə şairin özünün özünə hədiyyəsi ola bilərsə, bu, onun yazdığı yaxşı şeir ola bilər. Sonuncu kitabınızda "Diaspora" poemasını böyük ağrı və gərginliklə oxudum. Hesab edirəm ki, bu, Sizin birinci növbədə özünüzə, sonra isə bizim hamımıza 60 illiyiniz ərəfəsində ən böyük hədiyyəniz oldu. Nə vaxtsa "Ədəbiyyat nəyə lazımdır?" sualına ciddi-cəhdlə cavab axtaranda düşünmüşdüm ki, ədəbiyyat, həm də keçənləri görmək üçün, düzgün tarixi gələcəyə ötürmək üçün lazımdır. "Diaspora" poeması son illərin azərbaycanlısını çox dürüst göstərən olduqca qiymətli əsərdi..." İndi isə, indiyə qədər onlarla həmkarımıza şifahi söhbətlər zamanı dediyim sözü yazılı şəkildə təkrarlayıram: "Diaspora" poetik şedevrdir. Həm də unikal tarixi sənəddir. Bu illərin diaspora tarixini öyrənmək istəyənlər insanı görmək istəyəcəklərsə mütləq bu əsərə müraciət eləməlidirlər. Görəsən, niyə axı, yazılmasından 10 ilə yaxın vaxt keçsə də ədəbiyyatşünaslar, tənqidçilər susublar, bu əsəri görməyiblər? Mən də hamınız kimi bu sualın təəssüf doğuran cavabını bilirəm...
Əziz, oxucular! Bu yazını oxumamışdan əvvəl, lütfən, "Diaspora" poemasını diqqətlə mütaliə edin. Bilirəm ki, bu əsər ilk oxuda sizə vərdiş etdiyiniz həzzi yaşatmayacaq. Amma bir də oxuyun: inanın, bu məsləhət bir neçə peşəkar nümunədə sınaqdan çıxıb. Elə bu yerdə, "Kaspi" qəzetinə bu uzun yazıyla yanaşı bu uzun əsəri eyni vaxtda, qəzetin bir sayında çap etməyə razılıq verdiyinə görə təşəkkür edirəm. Onu da qeyd edirəm ki, poemanın nömrələnərək, bölgülərlə verilməsi mənim düşüncəmdir, orijinalda belə deyil; və təhlil vaxtı az sitat etmək üçündür, işi asanlaşdırmağa xidmət edir.
Tez-tez Azərbaycanda dissident hərəkatının, dissident ədəbiyyatının olmamasından danışırlar. Unudurlar ki, dissidentlik mərkəzdənqaçma, mərkəzi qəbul etməmə hadisəsidir. Dünyanın altıda bir hissəsi olan keçmiş Sovet İttifaqının əyalətində, ucqarında, özü də Moskva kimi ögey "ananın" nəzərləri altında yaşayan ucqarında dissidentlik hərəkatı necə ola bilərdi; biz onsuz da mərkəzdən uzaqda idik; "mərkəzdən qaçmaqlıq" bizim gündəlik həyatımız idi, biz öz içimizdə qürbətdə idik və o böyük mənadakı dissidentlik Azərbaycanda metamorfoza məruz qalmışdı, lokal xassə almışdı, xeyli Azərbyacan ziyalıları, bəstəkarları, yazıçıları yerli mərkəzlərdən narazı qalanda dissidentlikləri Moskvaya üz tutmaqda görürdü. Bunu niyə yazıram? Yəqin ona görə ki, dissidentlik və diaspora anlayışları, hadisələri bir-biri ilə bağlıdır. Mənəvi imperativlərlə hərəkətə gələn, baş verən dissidentlik eyni dəyərləri paylaşan diasporaları formalaşdırır. Çingiz Əlioğlunun "Diaspora" poeması (əslində, bu əsəri poema yox, uzun şeir saymaq daha doğrudur) dərin qatlarıyla bu məsələləri də anlamağa kömək edir.



Əsərin başlıqları...

"Diaspora" nədən danışır? Nəyi anladır? Təhlilə başlayaq.
İlk informasiyanı bizə əsərin hər iki başlığı verir. "Diaspora" kimi ilk başlıq əsərin toxunduğu əsas problemi anladırsa, "Moskva-Bakı hava xətti" kimi ikinci başlıq onu konkretləşdirir, hadisənin məkanını nişan verir. 1-ci parçanın ilk sətirləri əsərin bir qadın monoloqu olduğunu anlatmaqla- həm də birbaşa giriş kimi oxucunu həmən hadisənin içinə, təyyarəyə salmaqla o saat başa salır; sonradan biz biləcəyik ki, elə sonadək monoloqdur bu əsər.
Moskva-Bakı reysiylə uçan təyyarənin bir sərnişinin , Moskvada yaşayan və işləyən bir azərbaycanlı xanımın yol yoldaşı olan bir azərbaycanlı kişisiylə səmimi söhbəti, monoloqu bizə nələri anladır? Bir qadının həyatı, çətinlikləri, tərəddüdləri, ümidləri, məişəti, problemləri, şəxsi və milli xarakteri, kompleksləri olan "Diaspora" eyni zamanda bir millətin yaxın tarixininə pərçimlənmiş kiçikvə kədərli şəxsi tarixçədir.

Təqdimatlar...

Qadın özü, ata-anası, əri, qardaş- bacısı, uşaqları, baldızı, yaşadığı mühitlə bağlı təqdimatları necə verir?
İlk gözə dəyən budur ki, 1-22 parçalarında həm özünü, həm ərini təqdim edərkən o, ilk olaraq "bərdəli" və "gəncəli" deyərək lokal milli kimliyi, regional mənsubiyyəti bəlirləyir.
Elə həmin parçalarda valideynləri, atası və babası haqqında danışarkən ilk əvvəl atasının məşhur həkim, babasının isə vaxtilə rayonun (Bərdənin) səhiyyə şöbə müdiri olduğunu və bir vaxtlar imkanlı olduqlarını söyləyir. Diqqət edin: qadın atasını "yaxşı həkimdir" sözləri ilə yox, məhşur həkim deməklə, babasının vəzifəsini xatırlatmaqla, sonra imkanlı olduqlarını söyləməklə, əri haqqında danışarkən isə onun da həmsöhbəti kimi savadlı, təhsilli olduğunu anlatmaqla (görünür qadın həmsöhbətinin savadlı olduğu qənaətinə Çingiz Əlioğlunun əsərdəki alter-eqosunun görünüşünə görə gəlib ki, biz bunu yalnız ehtimal edə bilərik) söz açır. Məhz məhşur. Məhz vəzifə. Məhz imkan. Məhz təhsil. Ola bilsin ki, başqa millətdən olan oxucu üçün bu yalnız sıradan bir insan xarakterini faş edən bədii təfərrüatlardır. Amma "haralısan?" sualınının və "fəlsəfəsinin" ağrı-acılarını yaşayan bizlər üçün bu insani təkəbbür, lovğalıq, meşşanlıq olmaqla yanaşı eyni zamanda milli komplekslərdir. Şərhsiz.
Təqdimatlar davam edir: qadının özündən iki böyük qardaşı olduğu, onların da Moskvada, Çertanovada tez-tez görüşməsələr də qadınla qonşuluqda yaşadıqları bilinir həmin parçada. Bir anlıq düşünün, qürbət yerdə qonşuluqda yaşayan bacı-qardaşlar tez-tez görüşmürlər. Əgər qonşuluqda yaşama faktı azərbaycanlı təfəkkürü üçün ilk baxışdan pozitiv "lokal icmaçılıq" deməkdirsə, görüşməmək , deməli birlikdə olmamaq artıq həmin pozitivliyin astar üzü olan əsl milli xüsusiyyətdir. Unutmayın ki, əsərin personajları yalnız qohumlar deyil, başqa ölkədə yaşayan azərbaycanlılar, diaspora üzvləridirlər. Bu fakt müxtəlif ölkələrdəki diaspora nümayəndələri arasındakı çək-çevirin əsl özüdür ki var. Əsərin ikili başlığı haqqında qeydlərim məhz bu məqamlara görə təsadüfi deyildi...
36-cı parçada isə qadın iki oğlu bir qızı olduğunu söyləyir. 92-113-cü parçalarda övladların təqdimatı davam edir. Məlum olur ki, qız- Türkan yaxşı oxuyur; bəhanədir-səbəbdir bilinməsə də, deyilir ki, beyin daxili təzyiq səbəbindən böyük oğlan dərsdə axsayır, ortancıl isə zirəkdir, işgüzardır, artıq bazarların birində xəz (dublyonka)satmaqla məşğuldur. Söhbət bilirsiz hansı yaşda uşaqlardan gedir? 10-14 yaşlı uşaqlardan. Və məncə şərhə yenə ehtiyac yoxdur.
Bu təqdimatlarda sıralanma da adi məqam deyil. Qadın atası, atasının atası, sonra əri ( eyni zamanda 17 yaşda ailə qurduğunu qeyd etməklə), qardaşları və nəhayət övladları haqqında danışır; həmin parçalardakı 17 yaşda ailə qurma, baldızı ilə telefonla daha çox ünsiyyət eləmək, övladları haqqında danışarkən isə əvvəl oğlanları, sonra qızı haqqında söz açmaq, bütün bunlar kişi başlanğıclı milli təfəkkürümüzün ola bilsin poztiv, amma olduqca real, iyerarxik təsnifini verir, ailə münasibətlərinin həqiqi xarakterinin göstərir...

Qadın Bakıya niyə gedir ?

22-ci parçada aydın olur ki, qadın Bakıya anasının xəstə olması, cərrahiyyə olunacağı səbəbiylə gedir. " Semaşkodakı" cərrahiyyənin "bir ətək" xərcini də belə çıxır ki o qarşılayacaq. Burda ona simpatiya hissləri yaranır. 92-ci parçadakı "hə bircə qızıyam elə birbaşa/ düşüb samalyotdan xəstəxanaya / anamın yanına gedəcəm indi" və 190-cı parçadakı "nədir e bu həyat ata-ananın/ borcundan heç vədə çıxmaq olmayır..." bunu təsdiq edir. Amma "heç bilmirəm vallah bu arvad məni / beləcə tələsik niyə çağırdı /deyirəm ay arvad (zarafatınan) /yatırın yerini desənə mənə / birdən mən gecikib- yetirəmmərəm / daha mən yetənə nə qalasıdı /yetirən-yetirib iz itirəcək " bir tərəfdən qadının həyat fəlsəfəsini ortaya qoyursa, digər tərəfdən həmin simpatiyanı doğuran övlad sevgisində bir xeyli riyanın gizləndiyinə də işıq salır. Məhz belə detalları ilə əvəzolunmazdır "Diaspora" poeması.

Qadın həyatından, məişətindən, çevrəsindən razıdırmı? İnanclıdırmı?

İlk parçadaca deyilir ki, qadının ailəsi imkanlı olub, məhz olub. Keçmiş zamanda.
50-ci parçada isə məlum olur ki, qadının məhşur həkim atasının işləri indi yaxşı getmir, amma o hələ də Bərdədən, həyətlərindən təkidlərə rəğmən ayrılmır (sanki ayırlmalıymış və onsuz da boşalmış rayonların hesabına dolu paytaxtda bir nəfər daha artmalıymış), hətta arvadının cərrahiyyəsini) vaxtı onun yanında, olsun ki, açıq infarkt keçirdiyinə görə iştirak edə bilmir (bu isə artıq başa düşülmür)... 57-ci parçada baş verənlərin səbəbi araşdırılır, " bu cavan ər-arvad qadın-kişiyə/durduğu yerdəcə nə oldu görən..." deyə sual edilirsə də, " yox vallah göz var dünyada/kim nə deyir desin göz var insanlar ..."- kimi cavab (həm də meşşan həyat fəlsəfəsi) daha əvvəl, 50-ci parçada verilir.
Məlum olur ki, indi də işlər yaxşı deyil. Çünki qadının əri Vaqif, "gəncəli balası" qumarbazdır, "vasmoydakı" ev də, "gənclikdəki" də dəyər-dəyməzinə satılan ev də, "bir-iki qır-qızıl da" onun güdazına gedib (113-120-ci parçalar).Çünki, necə deyərlər, "azartlı olurlar azar dəymişlər" (134-cü parça). Yəni, gəncəlilər. Bəs, ər, Vaqif yolundan dönmək istəmirmi? Qadın deyir ki, o tövbə edib, əlinə Quran da götürüb (120-ci parça), sonra yenə qurşanıb, hərçənd o qədər də pis adam deyil, çünki " çox şükür araq-arvada/fikir verən deyil baş qoşan deyil/məscidə gedəndir qədr gecəsi/ yığışıb getmişdi dostları ilə/ dedi ki sübhədək kitab oxuduq..." (176-cı parça). Düzdür burda oxunan kitabın nə kitab olduğu sual altında qalır, çünki oğru-qumarbaz jarqonu ilə kitab oxumaq kart oynamaq deməkdir və müəllif ustacasına buna aydınlıq gətirmir. . .
Bu yerdə ictimai bir məqam da diqqət çəkir: "allah əliyevə rəhmət eləsin/qadasın aldığım qadağa qoydu/o şeytan yuvası kazinolara..." (127-ci parça)- bu isə şəxsi tarixçənin yaxın ictimai tarixlə üst-üstə düşməsi kimi növbəti usta məqamdır. Hə, indi isə vəziyyət belədir: "qabaqlar işimiz lap xod gedirdi/ başımızdan tökürdü qurban olduğum/ bir az bu son vaxtlar çətinləşibdir " (15-ci parça). Amma qadın ailəsinə möhkəm bağlıdır: "neyniyək namuslu kişi qızıyıq/ əlimdən nə gəlir ta indən belə/ yarımçıq qoyası döyüləm ki mən/ qırx iki yaşı var mən ondan cavan" (141-148-ci parçalar). Və ümid edir: "yəqin ki gün gələr qurban olduğum/ başına bir ağıl qoyar yetimin" (218-ci parça).
Qadın təhsilini yarımçıq qoyduğuna, konservatoriya oxumadığına (148-ci parça), rus qadınlarının müstəqil olduqlarına (155-ci parça), azərbaycanlıların və digər qaraların hesabına rusların artıb-törədiklərinə (162-ci parça) də toxunur. Unikal bir məqamdır, diqqət yetirin:
"biri var şuradır qonşuluqdadır/ o gün yük liftində qarşılaşdıq biz/ maşallah yanında dörd uşaq gedir/ biri də qarnında lap vot-votdadır /məni də bağışla hamısı qara..." Unikalllıq faktın özüylə yanaşı "yük liftindədir", çünki fakt əslində ciddi bir yük, ciddi bir problemdir.
Əsər boyu diqqət çəkən məqamlardan biri qadının telefon vasitəsiylə (!) namaz öyrənmək cəhdi (64-cü parça), digəri isə Moskvadakı qısa günlər üzündən oruc tutmağın asand olmasıdır (71-ci parça). Oruc tutursan sonra da döşənirsən yeməyə(71-ci parça).Sən demə orucluq ancaq bir müddət yemək yeməməkdən ibarət imiş. Görürsüz,inam məsələsinə də münasibət tipikdir, "millidir", səthidir. Xatırlayırsınızsa, əvvəl demişdik ki, problemlərin səbəbini qadın bədnəzərdə, insanların gözündə görmüşdü, eyni qəbildəndir məsələlər.
Bir-birini tamamlayan 4 məqam var ki, onu söyləmədən ötüşmək olmaz. 36-cı parçada qadın "ikicə oğlum var bir dənə qızım/belə baxmayın e mənə namxuda/ yekələniblər..."(yəni, mən cavan görünürəmsə də uşaqlar yekədir; bu bir növ nazqarışıq qadın diplomatiyasıdır) , 71-ci parçada "əksinə orucda kökəlir adam/ gün boyu ac qalıb sonra da axşam/ aşa döşənirsən...", (bu artıq bir az şikayətdir) 169-cu parçada "kişilərimizin işi belədir qardaş/ sən də bağışla/ ya tuman dalınca..." (yəni, onalrı boş buraxmaq olmaz, xüsusən kökəlmək təhlükəsi olanda), 211-ci parçada isə " xaliqin arvadı çox savadlıdır /mənə təzə diet resepti verib/ burda özümüzə fıkir verməyə /daha öyrəşmişik yoxsa kişilər/ ev-eşik yolunu çoxdan unudar/yox allah canların sağ eləsinlər /ailəcanlıdır bizim kişilər..." ( yəni, kökəlməklə, dolayı yolla ailəni saxlamaq uğurnda mübarizə edirik) kimi sözlər söyləyir.O biri tərəfdən kişisini də sanki özgənin ayağına vermir. Çingiz Əlioğlu tərəfindən zərgər dəqiqliyi, əsrarəngiz detallarla bizə anladılan situasiyalar, mətləblər o qədər çoxqatlıdır ki; üstəgəl, ard-arda deyil, nitqdəki kimi mozaikdir ki, bu da bədii dürüstlüyü birəmin artırır..
Əsərdə bəlli olur ki, qadın bütün şəxsi, ictimai, deklarasiya və sair kimi inzibati çətinliklərə, təbəddülatlara, çək-çevirlərə, maddi təminat və çatışmazlıqlara rəğmən ümidini itirmir...Amma ayrıca toxunmaq istədiyim sonuncu vacib məqam var ki, bu əsərin altqatında gizlənən olduqca dərin mətləbdən xəbər verir: "mən vallah xaricə çıxıb gedərdim/lap elə kanada amerikaya/odur bax bir qonşum gedibdir çoxdan". 196-cı parçadakı bu sözlərə diqqət yetirin. Qadın xaricə gedərdim deyir. Belə çıxır ki, o Rusiyanı xaric hesab etmir. Bu nədir? Əski sovet adamının vərdişimi? Yalnız bumu? Məncə yox. Çünki, qadın da anlayır ki, əksər yaşanan problemlər bütün sovet məkanının qoyduğu ağrılı mirasdır: həm şəxsi, həm də ictimai münasibətlər kontekstində. Əlbəttə bu detala dediyim həmin vərdiş, stereotip kimi baxmaq da məntiqsiz deyil, amma fikirmcə əsas bu deyil. Yeri gəlmişkən, əsərdə tez-tez rastlaşdığımız "izvestni doxtur", "tak çto", "samostoyatelni", "uçiliş", "novı qod", "zdravotdel", "kista" və bu kimi onlarla başqa sözlər və ifadələr də elə həmin mirasın çoxyozumlu işartısıdır. Əlbəttə dil baxımından əsərə başqa məziyyətlər də qazandırır ki, bu haqda ayrıca.

"Diaspora"nın dili, bəzi bədii fəndlər, formal-metrik keyfiyyətləri haqqında...

Əsər, metrik keyfiyyətlərinə görə klassik "ağ şeirdir" (blank verse). Yəni qafiyələri silinmiş, ağarmış şeirdir. Müəllif bölgüsünə görə 319 sətirlik şeir əsasən 11-lik heca ilə yazılıb. Amma mən kitabdan fərqli olaraq qəzet üçün şeiri 245 sətirdə təqdim elədim, asan oxunsun və təhlil olunsun deyə. ( Bəzi mütəxəssislərin fikirncə "ağ şeirdə" bütün sətirlərin, misraların heca sayı eyni olmalıdır; bu nöqteyi nəzərdən, mənim bölgümə görə 245 misra olan bu uzun 11-lik şeirdə 8, 15, 22, 29, 36, 43,50,78,92, 113, 120, 127,148, 155,169 və 197-ci parçalarda 26 dəfə 11-lik "pozuntuları" var). Amma Horatsiyə gedib çıxan klassik ağ şeir ənənələrinə (bu da Çingiz Əlioğlunun antik şeir sevgisinin təzahürüdür) görə prinsip pozulmayıb. 11-likdən çıxmalar isə həm monoton oxuda nəfəsdərmələr, həm monolqun təyyarədə baş verdiyi nəzərə alınarsa, elə qoy, uçağın hava çalalarına düşməsi kimi qəbul olunsun. Məlumdur ki, ağ şeirdə əsas yük ritmin,klauzaların üstünə düşür. Əsərin ağ şeir növü kimi yazılması "Diaspora"nın təcrübəsində iki dəfə yerinə düşür, çünki insan nitqi təsadüflər nəzərə alınmasa elə ağ şeir kimi qafiyəsizdir; bir də şeir danışıq dilində, özü də durğu işarələri qoyulmadan yazılıb ki, kimsə şifahi nitqdə durğu işarələrini " gözüylə gördüyünü" deyə bilməz. Şihafi nitqə maksimum yaxın yazılmış şeirdə bayaq sadaladığım rus tərkiblərinin olması bir tərəfdən linqvistik polifoniyanı artırırsa, o biri tərəfdən əsərin ideyasına xidmət edir: söhbət Rusiyada yaşayan adamın dilindən nəql edilir. Danışan eyni zamanda "dayna", "kirimiş", "namxuda" və bu kimi Qarabağ(lı) ağzına məxsus məhəlli deyimlərdən istifadə edir, bu isə həqiqiliyi artırır. İlk cümlədən başlayaraq uzun bir müddət danışanın və haqqında danışılanların adları çəkilmir, bilinmir : bu da yerinə düşür, çünki bəhs edilən problemlərin bir adamın tarixçəsi, aqibəti olmaqla yanaşı əksər diaspora üzvlərinin problemi olduğu duyğusunu dərinləşdirir. Yalnız 71-ci parçada qadının ərinin Vaqif, 99-cu parçada qızının adının Türkan , 211-ci parçada isə ailə dostlarından birinin adının Xaliq olduğu bilinir ki, bu da bədii fənd kimi uğurludur. Ən uğurlusu isə sonda, 233-cü parçada qadının adının Çiçək olduğu bilinməsidir... novellalara xas gözlənilməzlik... 92-ci parçada "mən qəhvə içim qoy gecə şübhəsiz/yatası döyüləm ta şübhə kimi" bir məqam statik, monoton atmosferə bir hərəkət gətirir, daha doğrusu hadisənin uçaqda cərəyan etməsini, yeməyin yeyildiyini, artıq kofe paylandığını (bu isə o deməkdir ki, uçuşun yarısından çoxu geridə qalıb) ,qapalı məkandakı hərəkəti xatırladır, oxucunu silkələyir; elə əsərdə yarıdır bu yerdə aşağı-yuxarı. Bu silkələnmələr daha sonra təyyarə aşağı endikcə fiziki silkələnmələrlə (183-cü parça) əvəz olunur.
"Diaspora"nın daha bir məziyyəti anjabemenlərin (enjabement) - uğurlu, virtuozcasına bolluğudur. Bu isə dünya poeziyasının ən yaxşı nümunələrində tez-tez rastlanan poetik fəndin milli poeziyamızda bir əsər içində bu qədər gözəl tətbiqi, Çingiz Əlioğlunun "akmeistik xiffətinin" göstəricisidir...
Yeri gəlmişkən, bu əsərdən sonra mən Mübariz Məsimoğlunun Əlisəmid Kürə həsr elədiyi bir uzun şeirinin də "ağ şeir" ölçüsündə məhz Çingiz Əlioğlunun təsiri ilə yazıldığına şahidlik elədim. Sonradan "ağ şeiri" mən yalnız çox sevdiyim iki şairdə -Elxan Zal da, bir də bu yaxınlarda Qismətdə gördüm. O əsərlər də ədəbi tənqidin eynəkli gözlərindən yayınıblar.
Nəhayət son 12 sətir: "necə də siz gözəl yol yoldaşısız/ bilmədim heç necə vaxt keçib getdi/adama nə yaxşı qulaq asırsız/ mənə deyən gərək buy ay qız çiçək/bəsdir zəhlə tökdün kişidən əl çək" və "çox şükür axır ki oturdu deyən/ buracan yaxşıdır burdan beləsin/ ümid allahadır xeyir eləsin..." kimi xeyirxah sonluq. Bu sonluq isə həm Çiçəyin ona qulaq qasan Çingiz Əlioğluya minnətdarlığı, həm ustad Çingiz Əlioğlunun ona diqqətlə qulaq asan oxucularına təşəkkürü kimi də eşidilir. Eşidənlərdən biri ayağa qalxır, baş endirir və deyir: Əhsən!

18-20 noyabr, 2012-ci il....


Bakıda gənclərin kino bayramı: "START" festivalı


Bakıda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə VIII "START" Gənclərin Beynəlxalq Film Festivalının rəsmi açılışı olub.
Kult.Az-ın xəbərinə görə, tədbirin aparıcısı Kamilə Babayeva ilk olaraq tədbir iştirakçılarına festival barədə geniş məlumat verib.
Azərbaycan və regionda "START"-ın xüsusi əhəmiyyətini vurğulayan Gənclər və idman nazirin müavini İntiqam Babayev artıq uzun illərdir ki, Gənclər və İdman Nazirliyinin də festivalın təşkilatçılarından biri olduğunu bildirdi. O çıxışında vurğulayıb ki, festival istedadlı və yaradıcı gənclərin 2-ci Respublika Toplantısı ilə eyni vaxta təsadüf edir: "Festival ilk vaxtlar başlayanda 1-2 xarici ölkə ilə start götürdü. Amma ilbəil əhatə dairəsini genişləndirən festivalda bu il artıq 20-dən çox ölkə iştirak edir. Gənclərimiz bu festivalı sevirlər və sevə-sevə iştirak edirlər. Bu bizi çox sevindirir".
"START" tələbə filmləri festivalının direktoru Fehruz Şamıyev isə bildirib ki, müsabiqəyə təqdim olunan yerli və əcnəbi ekran əsərləri Avropanın tanınmış festivallarında mükafat alan kinematoqrafçılar və kino mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Festivalda iki- "Yerli" və "Beynəlxalq" müsabiqə proqramı olduğundan jüri üzvləri də bu proqrama əsasən seçilib. "Yerli" müsabiqədə filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti: kinorejissor Elxan Cəfərov, İlqar Safat və "New Baku Post" qəzetinin təsisçisi, jurnalist Tural Əliyev tərəfindən qiymətləndiriləcək.
Onun sözlərinə görə "Beynəlxalq" müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti seçəcək. "Yeniliklərimizdən biri də məhz bu jürinin seçilməsidir. Bu, festivalın tarixində bir ilk olacaq. Belə ki, 8-ci "START" Gənclərin Beynəlxalq Film Festivalı Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadəyə ithaf olunduğundan beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri də ancaq yaradıcı, sənətdə öz sözlərini demiş xanımlardan ibarət olacaq. Onlar xalq artisti, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, iranlı rejissor, ssenarist Təhminə Milani, ekspert jurnalist, publisist İlhamiyyə Rza, rusiyalı prodüser Yelena Yatsura, polşalı rejissor Culiya Kolbergedir".
Qeyd edək ki, "START"-a bu il Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya, ümumilikdə isə 20 ölkədən 250-dən çox film çəkilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən 87 film daxil edib.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçirilən festivalın film nümayişləri bu gündən başlayıb. 30 noyabr tarixinə qədər davam edəcək festivalda filmlərin nümayişi saat 11: 00 - dan başlayaraq Nizami Kino Mərkəzində olacaq.
Rəbiqə
Kult.Az



Kikabidze: "Bizdə də, sizdə də sənət turşuyur"


"Yağış və güllər barədə oxumaq kişiyə uyğun deyil"
Müğənni-aktyor Vaxtanq Kikabidze noyabrda Bakıya qastrola hazırlaşır. Bakı tamaşaçısı üçün o, yeni, orijinal konsert proqramı hazırlayıb, buraya hamının sevdiyi köhnə mahnılar da daxildir.
Bakıya səfər öncəsi məşhur sənətçinin ANN.Az-a verdiyi müsahibəni oxuculara təqdim edirik.
- Yaradıcı planlarınızdan danışardınız.
- Ukraynada, Minskdə, Almatıda konsertlərim olub, noybarda isə İsraildə və Bakıda çıxış edəcəm. Bir il əvvəl Tbilisidə "Veriya məhəlləsinin melodiyaları" adlı maraqlı müzikl qoymuşdular, belə bir film var. Onun quruluşu ilə "Paris. Nortdam kilsəsi" və "Romeo və Cülyetta"nın məşhur fransız rejssoru məşğul olub. Maraqlı beynəlxalq komanda alınmışdı, italiyalı xanım iştirak edirdi, səs rejissoru isə Argentinadan idi.
- İllərdir ki, öz çıxış üslubnuzu dəyişmirsiniz. Bəs proqram necə, qastrola getdiyiniz ölkədən asılı olaraq, dəyişirmi? Onu necə hazırlayırsınız?
- Bəli, proqramı hara gedəcəyimdən və dinləyicilərin kimliyindən asılı olaraq dəyişirm. Repertuar böyükdü, hər ölkə üçün ayrıdı. Əgər mahnı mənim xoşuma gəlirsə, onu oxuyuram. İndi özüm mahnılar yazmağa başlamışam, çünki əvvəllər birgə çalışdığım bəstəkarların, şairlərin əksəriyyəti bu gün həyatda deyil. Gənclərin arasında mənə maraqlı olanı yazan yoxdur. Mahnıda əsas olan sözlərdir. İndi, demək olar ki, hamı yazır. Fikrimcə, səhnəyə çıxan insan nəsə təqdim etməli və yadda qalmalıdır. Nəsə yağış və güllər barədə oxumaq kişiyə uyğun deyil.
- Bakıda dostlarınız çoxdurmu və kimlə ünsiyyət saxlayırsınız?
- İndi sənət dostlarımın çoxu həyatda deyil. Polad Bülbüloğlu Moskvadadı, Vaqif Mustafazadə yoxdur, "Qaya" qrupunun yarıdan çox üzvü qalmayıb. Bakıda dostlarım var, amma onlar başqa sənət sahələrindədirlər. Çox maraqlı bir adam var - generaldı - Kamil Məmmədov, 80 yaşı var. Bu yaxınlarda ad günü oldu. Qeyri-adi adamdı, onunla dostam. Sonra mən ona Tbilisidə ad günü elədim, Bakıdan xeyli adam gəlmişdi.
Ümumiyyətlə, dünya dostluğun üzərində qurulub. Azərbaycanda bizi çox sevirlər və dostların olması çox vacibdir.
- Siz tez-tez bizə qastrola gəlirsiniz, haranı gəzməyi daha çox sevirsiniz?
- Muğam Evi adlı bir yer var. Xalq musiqisini çox sevirəm. Mən ilk dəfə orada olanda çox sərbəst ab-həva vardı, bir neçə musiqi qrupunun üzvləri nahar edirdi, bəziləri nəsə ifa edirdilər və bu yadımda qaldı. Azərabycan mətbəxini sevirəm, ən sevimli yeməyim düşbərədir (gülür).
- Moskvadakı köhnə dostlarınızla necə, ünsiyyət saxlayırsınızmı?
- 2008-cim ilin iyulundan Rusiyaya getmirəm, təəssüf... Putin münasibətləri bərpa etmək istəmir, bu bizdən asılı deyil. Xalqın edə biləcəyi bir şey yoxdur. Onlar həmişə çağırır, dəvət edirlər, amma mən səhnədən yalan danışmaq istəmirəm. Axı sən çıxış edəndə insanları da, özünü də sevindirməlisən, bu mənim sənətimdir. Amma Allah qoysa, hər şey dəyişər, o zaman baxarıq...
- Buna ümid edirsiniz?
- Düzünü desəm, o qədər də yox. Vəziyyət belədi.
- Siyasətçilər ümumi dil tapmayanda xalq diplomatiyası yaxınlaşamağa kömək edə bilərmi?
- Xalq diplomatiyası çox şeyi həll edir, amma hökumət də bunu istəməlidir. Bizimkilər həmişə deyirdilər ki, münaqişəni nizamlamaq və münasibətləri yaxşılaşdırmaq lazımdır, amma oradan tamam başqa mətnlər eşidilir. Görək də... İndi deyəsən, vurnuxmağa başlayıblar.
- Yaradıcılqdan başqa nə ilə məşğul olursunuz?
- Sizə bir sirr açım: kənd təsərrüfatı ilə məşğul olmağa başlamışam. Bizdə Kutaisi şəhərinin ətrafında İmereti regioununda torpaq çox məhsuldardır. Biz orada istixana yaratmışıq, pomidor, xiyar, göyərti yetişdiririk. Orada yeraltı qızdırma sistemi və suvarma quraşdırmışıq. Səhnədə nə qədər tullanıb-düşmək olar axı?
Biz düşünürdük ki, Gürcüstan və Azərbaycanda hər şeyi yetişdirmək olar, amma məlum olur ki, tərəvəz bura Türkiyədən gətirilir. Yerli mallar isə təmiz məhsullardır, kimyəvi deyil. Onlar bizim tərəvəzləri alıb, yerinə özlərininkini gətirirlər. Bizim məhsula isə artıq tələbat çoxalıb. Gələcəkdə onu da ixrac edəcəyik. Bakıda mən təbii şəraitdə yetişdirilən xırda və çox dadlı pomidor-xiyara rast gəldim. Kənd təsərrüfatı ciddi məsələdir.
- Sizdə bu ideyanı kim oyatdı?
- Kanadadan nüfuzlu qonaqlarım vardı. Masa arxasında soruşdular ki, məgər pomidor belə dadır? Təəccübləndim... Xaricdə onlar çox dadsızdır. Sonra çiyələk mövsümü gəldi, onun da dadına təəccübləndilər. Yeri gəlmişkən, çiyələk becərməyə də hazırlaşırıq.
- Bildirim ki, Moskvada restoran saxlayırdınız, onun axırı necə oldu?
- Heç bilirəm ki. Mən getdim, indi bilmirəm onu kim işlədir. O restoranda gəlir yox idi, çünki kim gəlsə, biz qonaq edirdik - qafqazlıyıq axı (gülür).
- Müasir kinemotoqrafiyanı necə dəyrləndirirsiniz? Əvvəllər filmlər daha səmimi idi, indi kommersiya layihələrinə üstünlük verənlərin sayı artıb, bu nə ilə bağlıdır?
- Ümumiyyətlə, sənətdə nəsə baş verir. Bizim və elə sizin də sənət turşuyur. Yaxşı ssenaristlər yoxdur, yeni filmləri əsasən diletantlar yazır. Ədəbiyyatın vəziyytəti yaxşı deyil. Bahalı filmlər çəkmirlər, çünki buna çoxlu pul tələb olunur. Seriallar istehsal edirlər. Axşam çəkdilər, səhər yeni süjet yazırlar. Bu, kino deyil... İndi estrdada da eyni şey baş verir. Amerikalılaşma başlayıb. Azərbaycanda da, Gürcüstanda da folklora ciddi münasibət xoşuma gəlir. Azərbaycanda hər üç kanaldan birində qızıl fonddan xalq mahnılarını verirlər. Fikrimcə, bunun əsasında müasir musiqi yaratmaq olar. Məsələn, mən Amerika mahnılarına qulaq asmaq istəyirəmsə, onlara orijinalda qulaq asaram, yamsılama nəyimə lazımdır ki? Musiqidə amerikalılaşma getdiyindən aksentlər, vurğular da dəyişir, bu, artıq başqa şeydir ...
Məndə gözəl bir disk var, hətta bilmirəm ki, bunu kim düşünüb: azərbaycanlılar muğamçılarını İspaniyaya aparıblar. Onlar ispan qrupu ilə birgə ispan mahnılarını yazdırıblar, amma ora Azərbaycan musiqisi və vokalı əlavə ediblər. Əvvəlcə ispanlar oxuyur, sonra azərbacanlılar çıxış edib, muğam oxumağa başlayıblar, çox maraqlı alınıb. Azərbaycanlıların özləri də bunu ilk dəfə eşidəndə təəccüblənmişdilər. Onu hər yerdə təqdim etmək olar, hər yerdə bəyəniləcək. Azərbaycan muğamının da, eyni zamanda gürcü xalq mahnılarının da əvəzi yoxdur. Azərbaycan və türk dilləri oxşar dillərdir, amma türklər belə oxuya bilmirlər, nəsə çatışmır. Sizdə isə heç kəsdə olmayan ifa tərzi var.
- Gürcü və Azərbaycan mahnılarının sintezini etməyi planlaşdırırsınızmı?
- Mən Azərbaycanda hamının əzbər bildiyi "Tut ağacı" mahnısını yazdırmaq istəyirdim. Onu hər cür aranjeman eləmək olar. Bir vaxtlar mən "Bəri bax" mahnısını Amerikada da, Gürcüstanda da, Azərbaycanda da oxumuşam, dili bilməyənlər də çox alqışlayırlar.
- Aranjeman zamanı hansı alətlərdən istifadə olunub?
- Müxtəlif alətlərdən istifadə etmişəm: tütək, sintezatorlar, müxtəlif ritmlər. Hələlik, bunun üzərində çalışıram. İnsan mahnısız, çiçəksiz, təbəssümsüz yaşaya bilməz...
Diana İsayeva
ANN.Az


Kusturitsa: "Siyasətçiləri məlum yerə göndərərəm"

 

Kulis.az məşhur serb rejissoru "Andeqraund", "Qara pişik, ağ pişik", "Qaraçıların zamanı" kimi filmlərə imza atmış Emir Kusturitsanın "İki həftəlik afişa" jurnalına verdiyi müsahibəsini ixtisarla təqdim edir.

- Kinematoqrafda iki yol tanıyıram. Birincisi, inanırsan ki, filmlərinlə dünyanı dəyişə biləcəksən. Bunun mümkünsüzlüyünü çox tez anladım. İkincisi, əgər bu dünyanı dəyişə bilmirsənsə, onun əleyhinə çıxa bilərsən. Bu gün Yer adlı planetdə onu istehlakçılar dünyasına çevirən diktator rejimi at oynadır. Dünya dayanmadan praqmatikləşir. Hər şeyin öz qiyməti var. Dünya utopiyasız qalıb.

Utopiyanı siz yaradırsınız.

- Mən onu yaratmaq istəyirəm.

Əgər bu evə gəlsəydim və kürsüdə yırğalanan, zəiflikdən əlləri yanına sallanan şişman, eynəkli bir kişi görsəydim, hansı ki, çəkmir, ət yemir...

- Bu arada mən vegetarianam. Bosniyada müharibə başlayandan.

Olsun... Əgər Kusturitsanın filmləri, belə ifadə etmək olarsa, din və ideologiyadırsa, onda Kusturitsa özü də peyğəmbərdi. Və əgər Kusturitsa peyğəmbərdisə, deməli, o, elə peyğəmbər kimi görünməlidi.

- Mən peyğəmbər deyiləm, mən anarxistəm.

Axı elə anarxiyanın peyğəmbəri rolunda da çıxış etmək olar.

- Mənim ideyalarımda qeyri-adi heç nə yoxdu. Sadəcə hesab edirəm ki, insan üçün ən mühümü öz emosiyalarını kənardan sırınan sərt nəzarətdən azad etməkdi. Hələ "Arizona xülyaları"nı çəkərkən bir amerikalı prodüser məni anarxist adlandırmışdı. O vaxtadək özümü sosial-demokrat sayırdım. Sonra onun haqlı olduğunu anladım. Anladım ki, sistemin bir hissəsi olmaq, şər cəmiyyətin bir hissəsi olmaq, iylənməyən, qoxulamayan, tamamilə steril olan "Mister Heç kim" adlı kinematoqraf üçün işləmək iyrənc bir məşğuliyyətdi. Amma mən peyğəmbər deyiləm. Peyğəmbər olmaq üçün həddən artıq tənbələm. Ondansa bir-iki saat artıq yataram. Bu yaxınlarda tanış olduğum bir danimarkalı mənim Serbiyanın prezidenti olduğumu düşünmüşdü - axı Kusturitsayla Koştunitsa (Voislav Koştunitsa, Serbiyanın 69-cu baş naziri, Yuqoslaviyanın 5-ci prezidenti - red.) arasında bir neçə hərf fərqi var. Yanıldığını anlayanda çox məyus olmuşdu: "Axı niyə?! Çexlərin Haveli (Vaslav Havel, Çexiyanın birinci prezidenti - red.) var. Siz niyə prezident olmayasınız ki? Axı siz də rəssamsınız?!" Hətta Bosniyada belə mənim özümü Havel kimi aparacağımı gözləyirdilər. Amma mən o qədər də çirkli, tamahkar və əbləh deyiləm. Bir də ki mən eqoistəm. O kürsüdə bir-iki gün oturub, sonra bütün siyasətçiləri məlum yerə göndərərəm. Özümsə baş alıb gedərəm. Çünki mən anarxistəm. Çünki mən yalnız bu musiqini ifa edirəm.

"Atam ezamiyyətdə" filminə görə "Qızıl palma budağı"nı alandan sonra "No Smoking Band" qrupuna qoşuldunuz. Bu hərəkətinizi konseptual bədii jest, provokasiya kimi qələmə verdiniz.

- Düz buyurursunuz. Bunların hamısı hələ Sarayevoda kommunist sisteminin çiçəkləndiyi bir dövrdə baş vermişdi. Məni kinoməktəbə professor təyin etməyə hazırlaşırdılar. Və mən "No Smoking Band"lə çıxış edəndən sonra Mədəniyyət Nazirliyində iclas çağırıldı. Orda pank-qrupun gitaraçısının kinoməktəbdə professor olması məsələsi müzakirəyə çıxarılmışdı. Heç özüm də sistemin bir hissəsi olmaq istəmirdim. Bilirsiz, "Qızıl palma budağı", na necə deyirlər, ya "Qızıl şir"i alanda...

Təəssüf ki, bilmirəm.

- Üç yüz min əhalisi olan Sarayevoya gəlirsən... Nə etmək olar ki? Ya sistemin bir hissəsinə, rəmzinə, müdafiəçisinə çevrilməlisən, ya da kənarda qalmağa çalışmalısan. Əgər mən rejissor Kusturitsanın prodüseri olsaydım, onunla olduqca ehtiyatlı davranardım. Çünki film çəkmək çox incə prosesdi. Əgər basqı və tələb etsəm - söyüşün biri bir qəpiyə olacaq və hər şey yarıda kəsiləcək. Bəlkə də yeganə avropalı rejissoram ki, bir milyondan imtina etmişəm. Və ona görə yox ki, belə yaxşı adamam, sadəcə sərt şərtlərlə işləməyi bacarmıram.

Müsahibələrinizdən birində Sercio Leonenin "Yaxşı, Pis, Qəzəbli" filmində Klint İstvudun yerişini yamsılayaraq ölümə gedən serb əsgərləri barədə danışmışdınız. Açığı, yanaşmanızı anlamadım. Siz Leonenin qəhrəmanlarını xoşlayırsınız?

- Çox. Birincisi, ona görə ki, Sercio Leone solçuydu və üstəlik də qeyri-adi dağıdıcı gücə malikdi. Əslində bu, ikinci səbəbdi. Birincisisə, on iki yaşım olanda ilk dəfə kinoteatra valideynlərsiz getdim və onlarsız izlədiyim ilk film Sercio Leonenin əsəri oldu. Seansdan sonra isə Sarayevonun dəliqanlı döyüşçüləri dava saldılar. Mən hər ikisindən ləzzət aldım.

Zənnimcə, Hollivuda münasibətdə çox zilə qalxırsınız. Halbuki ora Hamfri Boqart kimi aktyor yetişdirib...

- Yanılırsınız. Gəlin məsələyə aydınlıq gətirək. Mən Frenk Kapranın, Ernst Lyubiçin filmlərindən öyrənmişəm. Mən yalnız müasir Hollivudla heç bir ortaq nöqtəmin olmasını istəmirəm. Müasir Hollivud nəcis iylənir. Hollivud kinosunu iki mərhələyə ayırmaq mütləq şərtdi - otuzuncu, qırxıncı, əllinci illər tam fərqlidi. Mən bu illərin Hollivudundan dərs almışam. Amma Bryus Uillisin, Kevin Kostnerin və ... (burda yeddimərtəbəli söyüş söyür - müxbir), söz tapa bilmirəm, bu - ətraf mühitin çirklənməsidi, onlar radiasiya tullantılarından və bombardmandan betərdilər.

Yeniyetməlik illərimdə Şvarsneggerin "Yırtıcı"sı mənə kömək edirdi. Bu cür filmlər indiyədək xoşuma gəlir.

- Həqiqətən də, əla filmlərdi. Amma onlar müstəsnadı. Elə "Terminator" haqda da eynisini söyləmək olar. Şübhəsiz ki, Hollivudda vaxtaşırı İncil düşüncə tərzində film çəkənlər tapılır. Elə "Terminator" da bu silsilədəndi. Amerika kinosunun ziddinə deyiləm. Amerika kinematoqrafı həyatımda mühüm yer tutur. Lakin haqqında söhbət açdığım Hollivud "Yeni düzən"ə uyğunlaşıb, o, sənə bəşəriyyətlə heç bir əlaqəsi olmayan dəyər sistemini sırıyır. Hollivud filmlərinin dəyərləri cansızdı, nəfəs almır. Axı onlar nəfəs almırlar.

Sizin evdə adama elə gəlir ki, bayırda 68-ci ildi və tələbələr tezliklə küçələrə axışacaq.

- 68 heç vaxt təkrarlanmayacaq.

Çevirdi: Kifayət Haqverdiyeva



Dahi yazıçının nəticə və kötücələri


"Bütün xoşbəxt ailələr bir-birinə oxşayır, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir". "Anna Karenina"nın birinci cümləsi heç şübhəsiz ədəbiyyat tarixinin ən yaxşılarındandır. Əsərin müəllifi, dahi yazıçı Lev Tolstoyun ailə və evlilik baxımından bəxtinin gətirib-gətirmədiyini müəyyənləşdirmək bir az çətindir.

Hazırda 300-dən çox insan məhz Tolstoy və Sofiyanın qanını daşıyır və bu il onların evliliyinin 150-ci il dönümüdür.

Bu il yazıçının dünyanın dörd bir yanında yaşayan nəticələri, kötücələri Yasnaya Polyanaya - Tolstoyun evinə yığışıblar. Hazırda həmin ev muzey kimi fəaliyyət göstərir. 1994-cü ildən muzeyə rəhbərlik edən kötücə Dmitri Tolstoy bu il prezident Putinin mədəni məsələlər üzrə məsləhətçisi vəzifəsinə təyin edilib və muzey Mədəniyyət Nazirliyinin əmri ilə onun həyat yoldaşı Yekaterina Tolstayaya həvalə edilib.

Sofiya Bers kim idi?

Tolstoyun həyat yoldaşı Sofiya Bers həyatını tamamilə ərinin yaradıcılığına və övladlarına həsr etmişdi; o, yazıçının köməkçisi, katibəsi idi. 13 övlad dünyaya gətirmişdi. Bəziləri onu Tolstoyun yaradıcılığına maneçilik törətməkdə günahlandırsalar da Sofiyanın xidmətlərini heç cür unutmaq olmaz; "Hərb və sülh" əsərini 6 dəfə üzündən köçürmək həqiqətən ağır və məsuliyyətli iş idi.

Tolstoyun rus dilini bilməyən nəticəsi

Hazırda Tolstoy ailəsinin 370-ə yaxın üzvü var. Nəslin ən balaca nümayəndəsinin - Tolstoyun yadicəsi (7-ci nəsil) Diana Aminatanın 5 yaşı var.

Yazıçının 13 övladından 7-si dünyasını heç bir iz qoymadan dəyişib, digər 6-sı isə nəslin əsas davamçılarıdır. Tolstoy irsinin birləşməyində ən çox əməyi olan kötücəsi Dmitri Tolstoydur. O, ailə üzvlərini bəzilərini Facebook vasitəsilə, bəzilərini də uzun axtarışlardan sonra tapıb.

Məlum olub ki, Tolstoyun Amerika, İtaliya, Uruqvay, Fransa, Serbiyada davamçıları var. Kötücə Tolstoy qohumlarını tapmaqdan məmnun olduğunu vurğulamaqdan yorulmur: "Bu yaxınlarda Argentinada festivalda idim. Uruqvaydan əmim Saşa Tolstoy gəlib iki gün mənimlə qaldı. İki aydır ki, Amerikada yaşayan bibim Tatyana Pinkrat Yasnaya Polyanaya gəlib. Ailə şəcərəmiz haqqında kitab yazır. Təzəlikcə italyan bibim Marta Albertini köhnə çemodanından anasının və nənəsinin rusca məktublarını tapıb.

İndi rus dilini öyrənir ki, məktubu oxusun. İtalyan bibim qızı isə Oksford Universitetində rus dili fakültəsinə qəbul olunub, Yeroslavlda rus dilini öyrənir. Fransada olanda ordakı qohumlarımızla da görüşdüm. Görüşə bilmədiklərimlə Facebookda danışıram. Bütün ailəmiz birləşib. İldə ən azı iki dəfə - Tolstoyun doğum və ölüm günlərində Yasnaya Polyanada görüşürük. Maraqlı hadisələr danışır, kitab oxuyur, oyunlar oynayırıq. Tolstoy bizi belə görsəydi, çox şad olardı".

Dmitri Tolstoy maraqlı bir hadisə də danışır: "Ulu babamın qardaşı Nikolay özündən bir "yaşıl çubuq" əfsanəsi uydurmuşdu. Guya bu çubuğun üzərində xoşbəxtliyin sirri yazılıb, özü də hansısa dərədə basdırılıb. Bu çubuğu tapan ömrünün axırınacan xoşbəxt olacaq və bütün müharibələri dayandıracaq. Tolstoy da bu əfsanəyə inanırdı. Hətta belə bir hekayəsi də var. Deyilənə görə, özünün bu çubuğun yerində basdırılmağını istəyirmiş".

Dmitri Tolstoyun babası İlya və babasının qardaşı Oleq II Dünya Müharibəsindən sonra Serbiyadan Rusiyaya qayıdıblar. Qayıtmasaydılar, yəqin ki Tolstoy irsi əriyib gedəcək və Yasnaya Polyanadakı ev sahibsiz qalacaqdı. İndi onun ailəsi muzey yaxınlığında yaşayır. Onun birinci evlilikdən iki qızı - Anastasiya (28 yaş) və Yekaterina (25 yaş), ikinci evliliyindən iki oğlu - Andrey (16 yaş) və İvan (14 yaş) var. Qızlarından Anastasiya hazırda İngiltərədə yaşayır, Oksford Universitetində Rus ədəbiyyatı üzrə doktorluq təhsili alır. Yekaterina isə "İncəsənət tarixi" faküləsini bitirib, Moskvada yaşayır. Oğlanları isə hələ məktəbdə oxuyur.

Yazıçının digər məşhur davamçıları:

Televiziya aparıcısı - Fyokla Tolstaya

"Xalq artisti", "Xəbərlər" verilişlərinin aparıcısı olmuş Fyokla Tolstayanın əsl adı Annadır. Fyokla uzun müddətdir ki, tanınmış rus soyadlarının daşıyıcıları haqqında "Böyük sülalər" adlı filmin çəkilişləri ilə məşğuldur: "Tolstoylar filmdə yoxdur, onlar üçün ayrıca film çəkmək lazımdır. Elə adı da "Tolstoylar" olsun. Çoxdandır ki, belə bir ssenari üzərində düşünürəm".

Fyoklanın dediyinə görə, babası İlya (Tolstoyun nəvəsi - G.Ə.) müharibədən qayıdandan sonra Yasnaya Polyanadakı evlərindən "lazımsız" əşyaların atıldığını görüb: "Gedib zibilxanadan evin köhnə qazan, stəkan, kreslolarını yığıb gətirib. Elə o vaxtdan evdə ancaq o qablar istifadə olunur".

Fyokladan başqa Tolstoylar nəslində daha bir teleaparıcı var. Bu, "Xəbərlər" verilişinin aparıcısı Pyotr Tolstoydur.

Sənətşünas Tolstoy

Sənətşünas Andrey Tolstoy 100-dən çox almanax, elmi məqalə, albom və kataloqun müəllifidir. Rus incəsənətinin öyrənilməsinə, xaricdə yaşayan rus rəssamların tanınması, onların ehtiyaclarının qarşılanması üçün əlindən gələni edir: "Həmişə bu məsuliyyəti hiss etmişəm; Tolstoy olmaq - əməkdir, borcdur. Mən pis qiymət alanda mənə həmişə "Sən ki Tolstoysan" deyə irad bildirirdilər. Həmişə nümunə olmağa çalışmışam».

"KQB"də işləyən qardaşoğlu

Yazıçının qardaşı nəticəsi Lev Nikolayeviç Tolstoy hazırda Krımda yaşayır. Krımın Təhlükəsizlik Nazirliyindəki 30 illik iş təcrübəsindən yadında bunlar qalıb: "Adımı eşidən kimi hamı sual verirdi ki, təsadüfən qohumluğunuz çatmır Tolstoya? "Çatır" deyən kimi üzlərindəki ifadə dəyişirdi". Fyoklaya məktub yazan krımlı Tolstoy teleaparıcının cavabından çox məyus olub: "Siz əsl Tolstoy deyilsiniz. Bizi maraqlandırmırsınız". Lev Tolstoy ailəyə yaxın buraxılmamağını "KQB"-də işləməyi ilə əlaqələndirir.

Sperma satan Tolstoy

Tarixçilərin də bildirdiyi kimi, Tolstoyun çoxlu sayda qulluqçuları olub və subay vaxtlarında xeyli sayda qadınla əlaqədə olub. Genadi Murıqin-Tolstoy bir növ "qeyri-rəsmi" nəticədir, çünki onun ulu nənəsi ilə Tolstoy 1857-ci ildə cəmi bir neçə gecə yaşayıb və bu münasibətdən qız uşağı dünyaya gəlib. Genadinin dediyinə görə, onun nənəsi "qeyri-rəsmi" olsa da, Tolstoy onu çox sevərmiş. Çünki nənəsi yazıçının ölmüş qızı Mariyaya (qızın ölümünə Tolstoy səbəb olub - G.Ə.) çox bənzəyirmiş. Yazıçının balaca qızına - Genadinin nənəsinə yazdığı məktublar hələ də qalır. Bəs Genadi başqa Tolstoylardan nə ilə fərqlənir? Cavab sadədir - o yeganə Tolstoydur ki, spermasını satmağa razılıq verib.

Bir amerikan qadın ondan spermasını satmağı xahiş etməsi ilə başlayıb hər şey. Hansı ölkədə nə qədər uşağı var, heç özü də bilmir. 20 ildir spermasını satır. Onun spermasını hətta xarici universitetlər alaraq başqa arzu edənlər üçün saxlayır. Genadi öz soyunu, irsini çox yaxşı bilir: təkcə Tolstoylar haqqında 6 kitabın müəllifidir. Hazırda Novosbirskdə yaşayır.

Fermer Tolstoy

Tolstoyun nəvələri arasında təkcə filosof, sənətşünas, yazıçı, rəssamlar yox, adi fermerlər də var. Andrey Tolstoy neçə illərdir ki, Skandinaviyada maral saxlamaqla məşğuldur. Tulaya bir neçə il bundan əvvəl gəlib və fermer təsərrüfatı ilə məşğul olmaq qərarını verib. Andrey məktəb vaxtı heç cür "Hərb və sülh"ü oxuya bilmirmiş, nəhayət qarşısına məqsəd qoyub və əsəri bitirib: "Məncə, möhtəşəm romandır, oxumağa dəyər. Bir dəfə isveç qonağım gəlmişdi, dedi ki, babanın bir əsərini ver oxuyum. Mən də "Hərb və sülh"ü verdim, amma inanmırdım ki, oxuyub qurtara bilə. Bir həftədən sonra görüşdük, mən artıq kitab verdiyimi unutmuşdum, onun isə ilk sözü belə oldu: "Hamısını oxudum. Sənin baban dahi olub, özü də ən böyüyündən". Mənsə: "Bilirəm, bilirəm" deyib güldüm".

İngilis Aleksandra

Aleksandranın babası Dmitri Mixayloviç Tolstoy 1920-ci ildə İngiltərəyə köçüb. Atası Nikolay da burada doğulub və ingilis qızla evlənib. Amma uşaqlarına rus adları qoyub: "Atam bizim təkcə rus dilini yox, rus mədəniyyətini, ədəbiyyatını bilməyimizi istəyirdi. 1989-cu ildə 18 yaşım oldu və atam: "Vaxtıdır!",- deyib məni Moskvaya rus dilini öyrənməyə göndərdi" - deyən Aleksadradan başqa daha 3 uşaq var; onlardan Anastasiya BBC-də işləyir, Dmitri tarixçidir, Kseniya isə tələbədir.

Tolstoyun nəvə, nəticə və kötücələri arasında məşhur rus blogeri, dizayner, biznesmen Artemi Lebedev, həmçinin onun anası yazıçı Tatyana Tolstaya da var. Bundan başqa isveçli, məşhur caz ifaçısı Viktoriya Tolstaya da yazıçının nəticədir.


Azərbaycan "gec ayaq"lılar ölkəsinə çevrilib

 

Avropada nazir işə velosipedlə gedir, biz isə ona oyuncaq kimi yanaşırıq
Bu gün bir sıra dünya ölkələrində istifadə sayı getdikcə artan nəqliyyat vasitələrindən biri velosipeddir. Fransızca "tez ayaq" adlandırılan velosipeddən istifadə mənzil başına tez yetişməklə yanaşı həm iqtisadi, həm ekoloji, həm də sağlamlıq baxımından faydalıdır.
Məsələn, İngiltərədə aparılan bir araşdırma velosipeddən istifadə edənlərin daha uzun yaşadığını və ondan yararlanmayanlara nisbətən daha sağlam olduğunu göstərir. Bütün bunları nəzərə alaraq dünya ölkələrində bu nəqliyyatdan istifadə ilə bağlı müvafiq şərait yaradılır.
Dünyada "velosipedin dostu" kimi tanınan Amsterdam bu gün velosiped yolları və parklarının olduğu xüsusi bir atmosferə malikdir. Fransızların isə 1/3-nin velosipedi var. Uşaqlar hələ kiçik yaşlarından velosipeddən istifadəni öyrənirlər. Bu gün təkcə Parisdə hər 300 metrdən bir olmaq üzrə 1800 stansiya və 20 min kirayə velosiped mövcuddur. Hətta Helsinkidə velosipedçilər üçün işıqforlar quraşdırılıb. Bir sıra ölkələrdə yalnız adi vətəndaşlar deyil, rəhbər vəzifələrdə çalışanlar belə velosipeddən istifadə edirlər. Məsələn, Danimarkanın iqtisadiyyat və daxili işlər naziri Margrethe Vestager əsas nəqliyyat vasitəsi kim məhz velosipeddən istifadə edir. Hətta bu ölkədə bəzi millət vəkilləri belə parlamentə velosipedlə gedirlər.
BƏS AZƏRBAYCAN?
Hazırda dünyada ən çox velosiped istifadəçiləri siyahısında ilk sırada Çin, Hollandiya, İsveç gəlir. Onu da qeyd edək ki, 20 ölkənin yer aldığı bu sıyahıda Azərbaycanın adı yoxdur və bu siyahı nə qədər uzansa da ölkəmizin adına rast gəlmək mümkün deyil.
Bunun səbəbləri isə müxtəlifdir. İlk növbədə bu gün ölkədə verlosipeddən istifadə üçün müvafiq şərait yoxdur. Çünki bu gün darısqal səkilərdən heç insanlar özləri keçə bilmir. Magistral yollar isə ancaq avtomobillər üçün nəzərdə tutulub. Ölkədə isə avtomobillərin sayı gündən-günə artır ki, təkcə bu il Azərbaycanda 76 mindən artıq avtomobil qeydiyyata alınıb. Avtomobil sayının belə çoxluğu isə başqa bir yazının mövzusudur.
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın sözlərinə görə, velosiped insan sağlamlığı, ətraf mühitin qorunmasında çox əhəmiyyətli bir vasitə olsa da Azərbaycanda, o cümlədən Bakıda velosiped sürmək üçün heç bir şərait yoxdur: "Bir velosipedçinin təhlükəsiz mənzil başına gedib çatması özü bir riskdir. Mən Avstriyada olarkən orada velosipedçilər üçün hansı şəraitin yaradılmasının şahidi oldum. Nəinki onlar üçün ayrıca yollar, yolun kənarlarında xüsusi zolaqlar yaradılır, hətta parklarda bunu görmək mümkündür. Elə bir mürəkkəb sistem yaradılıb ki, bir velosipedçi üçün avtomobillə bağlı heç bir qəza vəziyyəti yarana bilməz, nə də piyada ilə toqquşması üçün mövcud qaydaları pozmalıdır. Çünki bunun üçün çox incəliklə mükəmməl qaydalar hazırlanıb".
"ELS" sədri deyir ki, bizdə bu sistemin tətbiqi imkanı yoxdur, çünki yolun hərəkət hissəsi hazırda avtomobillər üçün çatmır, ensizdir, orada velosiped üçün yer ayırmaq mümkün deyil: "Bundan başqa maşınların belə sıx hərəkət etdiyi yerdə velosipedin hərəkəti düzgün deyil. Çünki velosipedçinin hərəkət zamanı onun ağciyərləri gərgin bir rejimdə işlədiyi üçün o adi bir piyadadan 7-8 dəfə daha intensiv hava udur. O, avtomobillərin havaya atdığı zərərli maddələri udur. Ona görə də belə şəraitdə velosipedin tətbiqinin mümkünlüyünü görmürəm".
Velosipeddən az istifadənin mentalitetlə əlaqələndirilməsinə gəldikdə isə İ.Yaqubova bununla razılaşmadığını və əgər bu tətbiq olunarsa, bizdə ilk növbədə gənclərin istifadə edəcəyini bildirdi: "Daha sonra orta yaşlı insanlar istifadə etməyə başlayacaq. Xaricdə 70 yaşında qadınlar velosipeddən istifadə edir. Burada mənəvi, mədəni, etik baxımdan maneələr yoxdur. Eyni zamanda bu gün qadınlar artıq çəkidən azad olmaq istəyir ki, velosipedin burada mühüm rolu var. Əgər velosipedin hərəkəti üçün küçələrdə şərait yaradılsa, Bakı bəlkə də velosipedlərin sayına görə ən yüksək yerlərdən birini tutar".
BİZDƏ DƏ OLACAQ...
Dövlət Şəhərsalma və Arxitektura komitəsinin şöbə müdiri Cahangir Qocayev də deyir ki, velosipeddən istifadə təkcə insanların sağlamlığı üçün vacib deyil: "Eyni zamanda velosipeddən istifadə sərnişin axınının azaldılmasına da çox müsbət təsir göstərə bilər. Bu baxımdan gələcəkdə nəinki paytaxtda, digər bölgələrdə də, hətta kəndlərdə də velosipeddən istifadə ilə bağlı geniş maarifləndirmə işi aparılmalıdır. Biz bununla təbii ehtiyatlardan qənaətə də nail ola bilərik, nəqliyyatın sıxlığını da azalda bilərik, beləliklə şəhərimizdə normal, sağlam həyat mühitinin yaranmasına yardımçı ola bilərik. Bu məqsədlə avtomobil yollarında, küçələrdə velosipedlərin hərəkəti üçün xüsusi çığırların ayrılması məqsədəuyğun olardı. Çünki piyadaların yolu ilə velosipedin getməsi təbii ki, çətinlik yaradar. Digər tərəfdən magistral yollarda, küçələrdə, prospektlərdə maşınlarla bir yerdə getməsi təhlükə yarada bilər. Onun aradan qaldırılması üçün ayrıca zolaqların ayrılması məqsədəuyğun olardı. Bizə daxil olan layihələrdə harada küçə, yol keçidində velosiped üçün zolağın ayrılması nəzərdə tutulmayıbsa, ona irad bildirilir və onun yenidən işlənməsi tövsiyə olunur".
Komitə yetkilisi bildirdi ki, yeni hazırlanan "Bakının regional inkişaf planı"nda küçənin konkret ayrıca zolaqları göstərilməyib, bu, işçi layihə işlənəndə nəzərdə tutulur: "Yol-küçə sxeminin icra sənədi, işçi layihəsi hazırlananda təbii ki, o nəzərə alınacaq. Ölkənin istənilən yerində yol infrastrukturu layihələndirilərkən, onun işçi layihəsi bizə təqdim olunanda biz orada velosiped sürmək üçün zolaqların ayrılmasını vacib hesab edirik. Layihə də təsdiq olunandan sonra baş plan işlənəcək, daha sonra müfəssəl planlaşdırma layihəsində velosipedlərin hərəkəti üçün zolaqlar nəzərdə tutulacaq".
VELOSİPED UŞAQ OYUNCAĞIDIR?
Müstəqil Nəqliyyatçıların Məsləhət və və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərov isə bildirdi ki, velosipedə bizdə bir nəqliyyat vasitəsi kimi yox, uşaq oyuncağı kimi yanaşılıb: "Kütləvi şəkildə nəqliyyat vasitəsi kimi istifadə edilmir, müəyyən xidmətlərdə sifarişləri daşımaq üçün istifadə edilir. Mən Almaniyada olduğum zaman şahidi olmuşam ki, orada dəmir yol şəbəkəsi çox sıxdı və eyni zamanda əhali kəndlərdən, qəsəbələrdən velosipedlə gəlirlər, xüsusi yerlər var ki, elektrik qatarı, yaxud digər nəqliyyat vasitəsi ilə minib gedir, qayıdıb gəldikdə isə yenə velosipedən istifadə edir".
Birlik sədri deyir ki, volosipeddən istifadə bizdə kütləvi deyil, çünki yollar buna uyğunlaşdırılmayıb: "Bununla bağlı müəyyən yollar nəzərdə tutulmalıdır. Məsələn, maşın saxlayanda qapını bağlayıb gedirlər, bəs velosipedi nə etsinlər? Əgər ölkədə onların saxlanması üçün yerlər ayrılarsa, müəyyən yollar olarsa, bu, əhalini stimullaşdıra bilər. Əhalini də məcbur etmək olmaz, görsələr ki, 5-10 nəfər velosipeddən istifadə edir, maraq oyanacaq".
VELOSİPED ARZUSU
Qeyd edək ki, hazırda Dənizkənarı Bulvarda əhalinin istifadəsi üçün velosipedlər istifadəyə verilir ki, istənilən şəxs müəyyən məbləğ ödəməklə ondan yararlana bilir. Müşahidələrimiz zamanı hətta velosiped həvəskarları arasında qızların oğlanlardan daha çox olduğunu gördük. Velosiped sürmək üçün tez-tez Bulvara gələnlərdən biri Novruz Muradov bildirdi ki, yeni Bulvarda velosiped sürmək istəyənlər üçün belə bir yerin olmasını dostlarından eşidib: "İlk dəfə çox təəccübləndim. Həm də bir o qədər də sevindim. İlk fürsətdə şansı qaçırmadım. İstirahət üçün belə bir məkanın olması təqdirəlayiq haldır. Velosipedi mindikdə və çox gözəl şəkildə salınmış yeni Bulvarın ərazisində hərəkət etdikdə nostalji hisslər adamı bürüyür. Onu da deyim ki, ərazi kifayət qədər böyük və genişdir. Həmyaşıdlarımla gözəl vaxt keçirmək üçün yaxşı məkandır".
Həmsöhbətim də Azərbaycanın yollarında velosiped üçün xüsusi hərəkət zolaqlarının yoxluğundan təəssüfləndiyini deyir: "Ona görə də bizdə velosipeddən istifadə geniş yayılmayıb. İşə, istədiyiniz məkana velosipedlə getmək həm ekoloji tərəfdən, həm də insanın öz sağlamlığı baxımından yaxşıdır. Əgər belə bir şərait yaradılsaydı, mən məmuniyyətlə hər gün işə velosipedlə gedərdim".
Beləliklə, bugünkü reallığa gəldikdə velosipeddən istifadə üçün müvafiq şərait olmadığından əhali yalnız digər nəqliyyat vasitələrindən istifadə edir ki, nəticədə standartlardan kənar olaraq metronun 1 kv.metrində 6 deyil, 10 adam daşınır. Yaxud marşrut avtobuslarda saatlarla tıxaclarda gözləməli olan sərnişinlər, səriştəsiz sürücülər ucbatından həyatını da riskə atmalı olurlar. Hələ ki, ölkəmizdə "tez" deyil, "gec ayaq" hakimdir.
Nigar
ANN.Az

 

Boğaza yığılan şairlər


Seyfəddin HÜSEYNLİ

"Osmanlı ərazisində dünyaya gələn şairləri doğum yerlərinə görə qruplaşdıranda belə bir mənzərə çıxır ortaya: İstanbul - 609, Bursa - 156, Ədirnə - 150, Konya - 69, Diyarbəkir - 40, Qəstəmonu - 36, Bağdad - 35... şair! Bu siyahı, divan şairlərinin doğum yeri kimi, İstanbulun - rəqibsiz - birinci yerdə olduğunu göstərir...

Şairlərin doğum yerləri ilə bərabər, onları yetişdirən mühit də nəzərə alınarsa, o zaman İstanbulun əhəmiyyəti daha da artar... Özündə istedad hiss edən hər kəs xüsusi, yüksək təhsil almaq üçün İstanbula gəlirdi, bu da, İstanbulda doğulmayan şairlərin belə, bu şəhərin mühitində yetişməsinə yol açırdı...

...Divan ədəbiyyatının əsas inkişafı İstanbulun fəthindən sonra baş verib. Daha çox Fateh Sultan Mehmet və vəziri Mahmut Paşanın qazandıqları etimad sayəsində Fatehin ətrafına 185 şairin toplandığı məlumdur..."

Bu fikirlərə özünün son kitablarından birində yer verən ustad ədəbiyyatşünas, Türkiyə Prezident Katibliyinin rəhbəri professor Mustafa İsen əsərinin başqa bir fəslində göstərir ki, Fateh Sultan Mehmet İstanbulun fəthindən sonra - şəhəri İslam dünyasının mərkəzinə çevirmək məqsədilə - müxtəlif yerlərdən neçə-neçə sənət adamını oraya cəlb etmişdi: "Gələnlərin əksəriyyəti Orta Asiya, İran və Azərbaycandan idi (!)".

Professor yazır ki, bu köçlərə, Osmanlının bir cazibə mərkəzinə çevrilməsindən əlavə, XVI yüzillikdən etibarən Azərbaycan və Orta Asiyanın sənət mühiti baxımından aşağı səviyyədə olması da ciddi təsir göstərib: "İbn Sinanın dediyi kimi, elm və sənət himayə görmədiyi yerdən köç edər. Orta əsrlərdə sənət və elm adamları ancaq sabitliyin olduğu yerdə və hamilərin kölgəsində əsər yarada bilərdilər (təkcə orta əsrlərdəmi?! - S.H.). Azərbaycandan olan sənət adamlarının vəziyyəti buna tipik nümunə idi (!)".

Bu məqamda "söz oyunu"na fələk öz oyunu ilə gen-bol fürsət yaradıbsa, onu fövtə vermək acizlik olar: Belə bilinir ki, o vaxtlar ayrı-ayrı məmləkətlərin - xüsusən də Azərbaycanın - min cür keşməkeşdən təngə gələn, növbənöv çətinlikdən boğaza yığılan şairləri öz yurdlarından köçüb, Boğaza - Boğazdakı Osmanlı paytaxtına yığılırmışlar; fitrətən uşaq təbiətli olan sənətkarlar həmin dövrdə "Ümm-üd-Dünya" ("Dünyanın Anası") da adlandırılan - İstanbula sığınırmışlar!

"Mədəniyyət mərkəzi", "Ədəbiyyat paytaxtı" ünvanı tarix boyu bir çox şəhərin taleyinə yazılıb: Afina, Perqam, Roma, Bağdad, Gəncə, Şamaxı, İsfahan, Venesiya, Rotterdam, Milan, Paris, Barselona... XV yüzilin ortalarından da İstanbul belə bir ünvana çevrilməkdəymiş, şairlər, sənətkarlar hər yerdən Boğaz kənarına axışırmışlar.

Belə olmağına beləydi, ancaq bu cümlələr də, professor İsenin bunlara zəmin yaradan mülahizələri də "Boğaza yığılan şairlərin Boğaza böyük köçü"nün yalnız ümumi xarakteristikasını, çox yığcam, sadə panoramasını verə bilir. Reallıq isə, aydın məsələdir ki, bundan qat-qat mürəkkəb, dedikcə də qəliz idi.

Lələk-dəvatını götürən kimi "Ya Allah! Bismillah!" deyib yola çıxan şairlərin hamısının İstanbul səfərini ikicə-üçcə motiv altında ümumiləşdirmək çox səthi, yarıtmaz yanaşma olardı. Söz yox, "təngə gəlmək, boğaza yığılmaq" o səbəblər arasında ən geniş yer tutanı, xüsusi çəkisi ən ağır olanıdır. Bunun qədər olmasa da, professor İsenin qeyd elədiyi "xüsusi təlim, yüksək təhsil görüb yetişmək əzmi" də mühüm səbəbdir. Eyni vacibliyi qoy bir başqa səbəb də - sultandan, baş vəzirdən ayrı-ayrı şairlərə göndərilən dəvətlər, "saraya təşrif buyurmaq" məzmunlu təkliflər də daşısın: o cür ali ünvanlardan gələn təkliflərə həvəslə, ya da bəlkə candərdi razılıq verənlər də olsun 6-7 adam, ya da ötə başı, 10 nəfər. Bəs qalanları? Axı söhbət cəmi 3-5 ildən, həmin illər ərzində ora-bura köçən vur-tut 30-40 şairdən getmir. Müddəti onilliklərlə, bütöv bir əsrlə, iştirakçılarının sayı yüzlərlə, minlərlə hesablanır bu "yerdəyişmə"nin! Deməli, yuxarıdakı 3 əsas motivdən əlavə, çeşid-çeşid, "türlü-türlü" səbəbləri olub şair babaların İstanbul yolçuluğunun.

Misal üçün, o səbəblərdən biri elə bu "yolçuluq" kəlməsinin bizdəki mənasına - "mədəni" dilənçiliyə, "ver yeyim, ört yatım... arabir oyanıb mədhiyyə yazım" təmənnasına söykənə bilərdi. Bir səbəb də, bəzi əliqələmlilərin nimdaş qafiyələr dolaşan beynində "təki sarayda yaşayım, nə fərqi var kimindir, hardadır" devizinin özünə möhkəmcə yer eləməsi olub, bəlkə də. Yaxud hansısa şair(lər) "köhnə yurd"da nəsə bir fitnə, "intriqa" törətmiş, sonra da cəzadan qaçmaq üçün İstanbulu "təzə yurd" bəlləmiş olmazdı(lar)mı?! Əlacsızlıqdan, sıxıntıdan yox, lap xırda, adi bir mövqe geriləməsini özünə sığışdırmamaq səbəbindən, "dost-düşmənin acığına" Dar-üs-Səltənə yolunu tutanlar da varmış, yəqin ki. Bunlardan əlavə, o dövrün də macəraçı, bir yerdə bənd almayan, hər ay sorağı başqa səmtdən gələn söz adamları da olmamış deyildi, hər halda. Bəlkə canındakı "transfer naxoşluğu" üzündən, köçəri quş kimi tez-tez bu saraydan-o saraya qonanlar da tapılırmış. Ya da canında - hər dəfə zəmanəsinin hökmdarlarından ən güclüsünə pənah aparmaq, daima güclünü haqlı bilmək kimi - "üzrlü" şakər daşıyan şairlər də ola bilməzdimi? Bu siyahıya, ildə-əyyamda bir yol sultanın ətəyini öpmək şərəfinə nail olmaq, sonra da orda-burda "hünkarımız məni dindirdi" deyib "hava atmaq" azarkeşləri də əlavə ediləndə mənzərə lap dolğunlaşır. Əlbəttə, "Şərq - incə məsələdir", şairləri özündən də "incə"! Dövran çoxdan sübut eləyib ki, bu gözəl məmləkət, bu cənnət ölkə - elə indinin özündə də - hər xislətdə, hər "fason"da şair yetişdirə bilir...

Bu cür həssas mövzulara aid "mübhəm" məqamlara ətraflı aydınlıq gətirəsi bilgilər sarıdan mənbələr - təzkirələr çox zəngin deyilsə də, varını verən utanmaz: lazımlı məlumatlar yenə az-çox onların yaddaşında qalıb. Məsələn, İstanbul yolunu tutan ilk şair babalardan biri - Hamidi təxminən 30 il "diyar-diyar gəzəndən" sonra güzarı Osmanlı paytaxtına düşür, Mahmut Paşaya yazdığı bir qəsidənin hesabına Fateh Sultanla ünsiyyət imkanı qazanır. Sultanın yaxın həmsöhbəti, şairi statusunda 20 ilə yaxın rahat yaşayır. Ancaq günlərin birində, Sultanın qulağı eşidə-eşidə, Hamidinin ağzından elə bir söz çıxır ki, şair gözdən düşür, tənbeh yeyir. Amma tənbeh də nə tənbeh: Osmanlının əvvəlki paytaxtı Bursaya şeyx kimi göndərirlər onu. Durduğu yerdəcə şairliyinin üstünə şeyxlik qoyub, az qala Nizaminin mövqeyinə qaldırırlar Hamidini, amma yenə gileyi kəsilmir:


Niyçün, ey mah ("şah"? - S.H.),

cənnəti-kuyində bar olmaz mana?

Niyçün əvvəlki kimi hiç etibar olmaz mana?


Hamidinin oğlunun da şair olduğu, Cəlili təxəllüsüylə xeyli əsər yazdığı barədə qeydlər qalıb mənbələrdə.


Bir başqa şair - Bəsiri əvvəlcə Orta Asiyaya, Herata yollanıb, orda oxuyub, Hüseyn Bayqaranın sarayında olub, Nəvaini, Camini görüb-tanıyıb, ordan gəlib Uzun Həsənin oğlanlarının yanına, onlara qəsidələr yazıb, bir ara yenə Heratda görüblər, sonra dönüb Ağqoyunlu Əhmədin sarayına, onun nümayəndəsi qismində İstanbula - İkinci Bayəzidin hüzuruna göndərilib, nəhayət, biryolluq qalıb Sultanın sarayında.


Qamu əğyarə yar etdi tərəhhüm,

Mənə nə yar rəhm eylər, nə əğyar...


- desə də, yaxşı yaşayıb, diqqət-qayğı görüb, xüsusi təqaüd alıb.


Ya da elə Həbibinin özü: Azərbaycanda - Göyçayın Bərgüşad kəndində doğulduğu, əvvəl-əvvəl Şirvanda, Sultan Yaqubun sarayında yaşadığı bilinir. Şah İsmayıl Xətainin şəxsi rəğbəti sayəsində Səfəvi sarayında məlik-üş-şüəra (şairlərin başçısı) olan Həbibi Təbrizdə böyük ehtiram görüb. Ancaq sonra, "ortalıq qarışanda", səsi İstanbuldan - Yavuz Sultan Səlimin sarayından eşidilib. Əhdə vəfa, eşqə sədaqət mövzulu bir qəzəli xüsusilə məşhurdur:


Gər səninçün qılmayam çak, ey büti-nazikbədən,

Gorum olsun bu qəba, əynimdə pirahən - kəfən!


Çıxmaya sevdayi-zülfün başdan,

ey mah ("şah"? - S.H.), gər yüz il

Üstüxani-kəlləm içrə dutsa əqrəblər vətən!...


Süruri də, Şahi də, Qəbuli, Səffi, Qədri, Nitqi, İzzi... də aşağı-yuxarı eyni yolu keçiblər, cismani həyatları da oxşar olub, mənəvi ömürləri də bir-birinə bənzəyir. Bunların arasında fərqli əsrlərin şairləri var. Bəzilərinin yaradıcılıq taleyi heç gətirməyib - Füzulidən sonra gəliblər divan ədəbiyyatı meydanına! Bu meydanda Füzulinin sələfi sayılanlar - Xəlili, Hamidi, Bəsiri, Həbibi isə, nisbətən, "salamat qurtulublar", təkcə vaxtda, dövrdə yox, başqa bir cəhətdən də qabağa düşüblər: heç olmasa, Füzulinin gəlişi ərəfəsində - bacardıqları qədər - "yolu-rizi açıb, yeri-yurdu sahmanlayanlar", gözlənilən təntənənin müjdəsini gətirənlər kimi arada-bərədə xatırlanırlar:


Gəlir ol sərvi-səhi, ey gülü lalə açılın,

Vey məhü mehr, çıxın, qüdrətə nəzzarə qılın!...


Bəs Füzuli özü necə: boğaza yığıldığı dəmləri o necə ötüşdürüb? Onun da Boğaza yığılanlara qoşulmaq - İstanbula, Sultan sarayına üz tutmaq kimi bir niyyəti olubmu? "Cihan Padişahı" Sultan Qanuni ilə - Möhtəşəm Süleymanla Füzulinin münasibətləri nə cür qurulub, hansı şəkildə davam edib? İstanbuldakı - Saraya yaxın olan şairlər haqqında Füzuli nələr düşünüb, nələr yazıb?...

"Hamısını indi desək, nağıl qalmaz" sonraya...

kulis.az

Tarix: 21.12.2012 20:58 | Baxış: 3248 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner