AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Polemika, müzakirə » Türkiyəli nobelçi Orxan Pamukdan dünya gündəmi alt-üst edəcək müsahibə: "Bizi atıb gedən bir atayla böyüdüm"

Nobel mükafatlı türk yazıçı Orxan Pamuk müsahibə verərək "Qırmızı saçlı qadın" adlı son romanından tutmuş, şəxsi həyatına və Türkiyədəki iqtisadi-siyasi proseslərə qədər bir çox mövzulardan danışıb.



Axar.az Orxan Pamukun "Hürriyyət" qəzetinə verdiyi "Bizi atıb gedən bir atayla böyüdüm" adlı müsahibəni təqdim edir.

- Bir il sonra yeni roman. Bu dəfə ara vermədiniz...

- Bundan əvvəlki roman 6 ilimi aldı, amma bitirilmiş halı 700 səhifə idi. 40 ildir yaradıcılıqdayam, ildə təxminən 200 səhifə yazıram. Yaş ötdükcə daha tez-tez yazıram. O mövzuları 30-35 il fikirləşmişəm, iş bircə yazmağa qalır.

- "Kankan" hekayəsi nə vaxt ağlınıza gəldi?

- 1980-ci ilin sonları evimiz satılmamışdı. "Qara kitab"ı yazırdım, həyat yoldaşım İstanbula gedib-gəlirdi. Qonşuluqdakı bağçada iki nəfər quyu qazırdı. Onlarla müsahibə tipli söhbət etdim. Bir televizorları vardı, beşdən sonra ocaq qalayıb, qazan yeməyi bişirərdilər. Eynən kitabdakı kimi... Aralarındakı münasibət marağımı çəkdi. Ata-oğul, ağa-qul, əmir alma-əmir vermə münasibəti...

- Kitabda cəmiyyəti bir psixoanalitik kimi analiz etmisiniz. Freyd oxusa, məzarından çıxıb təşəkkür edərdi sizə...

- Edə bilərdi! Güclü ata, ataya üsyan, ananın sevgisini qazanmaq. Bu mövzuları sevirəm. Freydçi deyiləm, amma çox oxumuşam. Yuxular haqqında kitablarından çox şey öyrənmişəm.

- Dastanların gücünə, insanlığın tarixdən əvvəlki dövrlərdə yaranan şüuraltısına inanırsınız?

- Əfsanələrin, ədəbiyyatın, fəlsəfənin, əxlaq nəzəriyyəsinin cəmiyyətləri formalaşdıran tərəfləri var, bəli. Freydin tələbəsi Yunqun fikirlərinə yaxınam. Arxetip nəzəriyyəsinə. İnsanların bəzi mədəni keyfiyyətlərlə doğulduğunu, ruhunun dərinliklərində, başının arxasında bunlarla hərəkət etdiyini deyir. Amma təməl daşları Freyd döşəmişdi.

- O, nə deyir?

- Yaşadığımız həyatların arxasında mətnlər var. Freydin izah eləməyə çalışdığı, insanların şüuraltısının bu mətnlərdən yaranmasıdır. Kitabxanalarda yaşamaq lazım deyil. Məlumatlar bizə ötürülür. Cəmiyyətdən, ətrafımızdan alarıq, heç kitab oxumasaq da... Din də bunlarla iç-içədir. Təkallahlı dinlər Qədim Yunanıstan, Misirdən çox şey alıb. Ən maraqlısı da bu əfsanələrin bənzədiyi yerlərdir. Bu romanda iki hekayəni birləşdirərək oxucunu düşünməyə məcbur edirəm.

"Yaşılçam"da da atanın oğlunu öldürmə faciəsi var

- Hansı əfsanələri?

- Biri Qərbdə Freydin köməyi ilə ortaya çıxarılan Edip, digəri "Şahnamə"də Rüstəmlə Zöhrab. Edip zəngin ailənin şahzadə oğludur. Bilmədən atasını öldürüb, anası ilə evlənir. Qərb mədəniyyətinin psixoloji ziddiyyətlərini meydana gətirən gözəl mətnlərdən biridir. Bizə atanın nə olduğunu göstərir, onu öldürənin saflığına inanaraq buna haqq qazandırır. Amma bir tərəfdən də günahkarlıq hissi əlavə edir. Edip axırda özünü kor edir.

- "Şahnamə"də fərq nədədir?

- Osmanlıda məmur olacaq, alim olacaq adamlar bu hekayələri yaxşı bilirdi. "Dayan, o sənin oğlundur!" məzmunlu "Yaşılçam" filmləri bu hekayələr əsasında hazırlanıb. Atanın oğlunu öldürməsi faciəsini mövzu edib, əslində, buna haqq qazandırırlar.

- Edip tam əksidir yəni...

- Bəli, Edip şəxsiyyətini təsdiq etmək üçün atasını öldürmək, yəni avtoritarlığa üsyan etmək məcburiyyətindədir. "Şahnamə"də isə Şərq cəmiyyətlərində atanın övladını alçalda biləcəyi, atanın avtoritarlığına ehtiyac olduğunu, bunun qaçılmazlığını göstərir. Biz düz ordayıq. Bu qarşılaşdırmanı aparmaq bir türkün boynuna düşür.

- Düz ortada olmağımız ənənələrdən qopmamağımızla bağlıdırmı? Kitabda "İranlılar qərbliləşməyə görə keçmiş şair və əfsanələrini unudan biz türklər kimi deyillər", - deyə bir cümlə var.

- Qəbul edək ki, İran mədəniyyətinin çox güclü ənənəsi var. Tanıdığım iranlılar şairlərini oxuyurlar, Ömər Xəyyamı, Mövlanəni bilirlər. Biz ədəbi ənənəmizi dəyişdirməyə qərar verdik. Açıq-aydın da dedik. Bu, böyük unutqanlığa gətirib çıxardı.

Türk olduğum üçün mənə siyasətdən sual verirlər

- Mən də İrana getdim və mədəniyyətin zənginliyinə heyran oldum. Yenə də özümə sual verdim: İranlılar bunun faydasını nə qədər görür?

- Bu, çox maraqlı mövzudur. Ənənə, atanın oğlunu öldürməsini dəyərli və vazkeçilməz hesab edirsə, o ənənədən də uzaqlaşmaq lazımdır.

- Bizim şüuraltımızı yaradan belə əfsanələr varmı?

- Bu mövzudakı əsas mətnimiz şübhəsiz ki, "Dədə Qorqud"dur. "Dədə Qorqud"un Freydlə qarşılaşdırılaraq araşdırılmasını çox istərdim.

- Kitabın Türkiyənin avtoritarlaşmasıyla bir əlaqəsi varmı?

- Bu cür şeylər həmişə təsadüf olur. Getdikcə avtoritarlaşan bir cəmiyyətdəyik. Təəssüf ki, bununla seçici də razılaşıb. Bəlkə, buna pessimistlik təsir edib, amma mən bu haqda bir ildir yazıram, seçkilərdən 2-3 ay əvvəldən. Avtoritarlıq bizim üçün bitməyən mövzulardandır.

- Bir az Türkiyədən danışaq... Necə görürsünüz?

- Pis görürəm, kədərlənirəm də. İqtidar partiyasından millət vəkili olsaydım, universitet müəllimlərinin bu qədər incidilməsindən narahat olardım. Bəli, mətnin qüsurları var, amma artıq imzalanıb. "Mən səndən bunu soruşacam", - deyə bir cəmiyyət olmaz axı. Bu qədər nümayişkaranə şəkildə müəllimləri əzmək, yormaq, alçaltmaq, "vətən xaini" demək qəbuledilməzdir. Can Dündarın həbs olunması mövzusu da var. Nə deyə bilərəm ki?!

- Amerikan internet saytı "Deili Bist"də "Nobel lənəti Orxan Pamuku öldürdümü?" başlıqlı yazı vardı. Bir tənqidçi də sizin haqqınızda "Artıq nostalji və sevgi romanları yazır, onsuz da Nobeli var", - deyib.

- "İndependent"də də "Ən yaxşı kitablarını Nobeldən sonra yazdı", yazılıb. Bax, kitabın arxasında var. Bunlara cavab vermək istəmirəm. Bəlkə dünyada ən çox siyasi müsahibə verən ən bəxtsiz yazaram. Türk olduğum üçün mənə mütəmadi siyasi suallar verirlər.

- Ölkənin ən önəmli ziyalılarından birisiniz. Ətrafınızda həbsə düşənlər, işsiz qalanlar, hətta hücuma məruz qalanlar olur. "Mən də nəsə etməliyəm", - deyib özünüzü günahkar hiss edirsiniz?

- Bəzən romana başın qarışır, kimlərsə işdən çıxır, həbsə düşür, sən heç nə edə bilmirsən. Özümü günahkar hiss etdiyim vaxtlar olur. Amma inan, buna vaxt qalmır. Dayanmadan məktub gəlir, "Avtoqraf verə bilərsən?" yazırlar. Kimsə zəng vurur, "Orxan bəy, filan adam həbs olundu, mənə kömək edə bilərsiniz" - soruşur. Unutmağa imkan yoxdur.

- Bunlara necə cavab verirsiniz?

- Bəzilərinə "bəli", bəzilərinə "Dünən etdim axı", - deyirəm. İki narahatlıq var. Birincisi, mövcud avtoritar rejim. İkincisi, hər ağzımı açıb danışanda siyasi söhbətlər edən adam mövqeyinə düşmək... Norveçdə bir axşam Pol Austerlə görüşdük. "Nə gözəl, sən Amerikadasan. Mənə mütəmadi olaraq siyasi suallar verirlər", - dedim. O da "Mənə də Körfəz müharibəsindən, Buşdan sual verirlər", - demişdi. Yazarlıqda bunlar qaçılmaz vəziyyətdir. Amma məsələn, alimlərə göstərilən kobud, laqeyd münasibəti həzm edə bilmirəm. Sən o qədər pis rəftar edirsən ki, insanlar başqa ölkələrə gedirlər. Müəllim yetişdirmək asandır?

- Belə həssaslıq var?

- Nə istəyirlər? Bütün müxalifətin xaricə çıxarıldığı bir ölkədə yaşamaq çox fəxr ediləcək şeydir? Onu istədiklərini düşünmürəm. Sistematik olaraq nə etdiklərini bilmədiklərini fikirləşirəm. Hirslə hərəkət edib öz universitetlərinə ziyan vururlar. Müəllimlərin qarşısına mətn gəlir. "Tamam, tamam", - deyib yalandan göz boyayırlar. Qarşıdurmalara görə kədərlənirlər, hökumətə qarşı nəsə elədiklərini düşünürlər. Demokratik bir ölkədə insanlar sonuncu seçkinin qalibinin fikirlərini tutuquşu kimi təkrarlamaq məcburiyyətində deyillər. Demokratiya dediyimiz şey budur. Sənin kimi fikirləşməyən birindən qorxmazsan. "Eyni fikirdə olmadığın bir nəfər gəldi, indi nə olacaq, - deyə fikirləşirsənsə, ora yavaş-yavaş demokratik yer olmaqdan çıxır.

Avtoritarlıq iqtisadi inkişafa da mane olacaq

- Demokratiya qanunları ilə bağlı tənqidlərin bir mənası qalıbmı? Sizcə, indi bunlara fikir verən var?

- Məni də o qorxudur. Noyabr nəticələrini öyrəndiyim vaxt xəyal qırıqlığına uğradım. Amma birinci dəfəydimi? Uşaqlığımda da Dəmirəl vardı. İlk xəyal qırıqlığı yaşayan liberal, solçu, ya da mücahid mənəm? Həyatımız belə keçdi. Amma bu dəfə həddini aşdı.

- Niyə?
Nobel mükafatlı türk yazıçı Orxan Pamuk "Qırmızı saçlı qadın" adlı son romanından tutmuş şəxsi həyatına və Türkiyədəki iqtisadi-siyasi proseslərə qədər, bir çox mövzulardan danışıb.

Axar.az Orxan Pamukun "Hürriyyət" qəzetinə verdiyi "Bizi atıb gedən bir atayla böyüdüm" adlı müsahibənin davamını təqdim edir.

əvvəli

- Niyə?

- Tək Türkiyədə deyil, Rusiyada, Hindistanda, digər Asiya ölkələrində də seçici üçün azadlıqlar iqtisadi inkişafdan sonra gələn dəyərlərdir. İnsanı ağrıdan həqiqət budur. İqtisadi inkişaf avtoritarlığı gizlədir. Putin onu da etmədən sırf avtoritarlıq reklamı ilə qələbə qazanır.

- Bunu necə dəyişmək olar?

- Avtoritarlıq iqtisadi inkişafa da mane olacaq və yavaş-yavaş dəyişəcək.

- Qərb ölkələri tarixdə bu cür gedişatlardan sonra ciddi faciələr yaşadı. Ancaq daha sonra dərs götürə bildi.

- Bəli, elə olmağını istəmirəm. Öz qəzetlərində belə tənqidə dözmürsən. Yanlış hərəkət edəndə sənə kim xəbərdarlıq edəcək? Yanlışlar, sonda iqtisadiyyatı, inkişafı, onu-bunu zəhərləməyə başlayanda haradan çıxış yolu tapılacaq? Noyabr seçkilərində seçici bir az anarxiyadan qorxdu. "Azadlıqları boş ver, heç olmasa iqtisadiyyatı qoruyan avtoritar "atamız" olsun", - dedi. Ürəkaçan nəticə deyil. Jurnalistlərə təzyiq var? Fikirlərini rahat yaza bilirsən? Azadsan? Seçicimiz təəssüf ki, məsələyə bu yönlərdən baxmır. Asiya ölkələri də belədir. Bu məni qorxudur, çünki artıq sadəcə Qərb deyil, başqa mədəniyyətlər də dünyanı müəyyən edir. Onlar üçün mücahidlik də ən vacib dəyər deyil.

- Təkcə Asiya deyil, Amerikada Tramp kimi nifrət püskürən biri ortaya çıxıb. Avropanın Türkiyə ilə münasibətlərində demokratik dəyərlərdən danışması bununla da aradan götürüldü.

- İŞİD və immiqrant böhranı Avropanın əl-qolunu bağladı, bütün dəyərləri unutdular. Bizə bir müddətdi Səudiyyə Ərəbistanına baxdıqları kimi baxırlar. Bizim istədiklərimizi etsinlər, içəridə nə edirsə, bizə nə! İmmiqrantların qarşısını al, İŞİD-lə mübarizədə bizə dəstək ver, biz də insan haqlarını pozmağına, jurnalistləri həbs etməyinə göz yummağa çalışarıq.

- Bütün bunlar baş verərkən ölkədəki mədəni atmosferi necə görürsünüz?

- 15 illik iqtisadi inkişaf fərdiliyə əhəmiyyət verməyən insanlar yaratdı. İstədiyin qədər mədəniyyəti, sənəti qadağan elə, onlar öz problemlərini işıqlandıracaqlar. Ən böyük problem fikir azadlığıdır. Xüsusilə jurnalistlərin, siyasi şərhçilərin azadlığı... Stalin Rusiyası, 70-ci illərin Rusiyası kimi sənətçinin azadlığına hücum yox. Amma siyasi şərhçilərin üstündə çox böyük təzyiq var. Hökumətin sədd qoyduğu yerlər qəzetlərdir. Roman yazarkən özümü məhdudlaşdırılmış hiss etmirəm. Amma hər gün köşə yazısı yazsaydım, təzyiq olacaqdı.

- Romanınızın Silivri həbsxanasında bitməsinin simvolik mənası var?

- Qəhrəmanım İstanbula yaxın bir həbsxanaya getməli idi. Bir az araşdırandan sonra hamının ora getdiyini başa düşdüm. Müxalif jurnalistlər, keçmiş hərbçilər, kürdlər, adi cinayətkarlar belə... Silivrinin həyatımızda yeri var, dayanmadan Silivridən danışırıq. Əvvəllər FİTAŞ kinoteatrı açılır, Avropa və Balkanların ən böyük kinoteatrı deyilirdi. İndi Avropanın ən böyük həbsxanalarını açmağa görə öyünürük.

- "Haffinqton Post" sizi dünyanın təsir baxımdan ən güclü dördüncü öndəri seçdi. Birinci Papadır. Nə hiss etdiniz?

- Mən də qəzetlərdən öyrəndim. İnsan gülür, dostlarına göstərir. "Hər halda bir yanlışlıq var", - deyib keçir. Hər halda Papa da "bir yanlışlıq var", - deyib.

- Papa deməyə bilər. Fikrinizi öyrənmək üçün xaricdən sizə mütəmadi zəng vururlarmı?

- Bəli, amma səbəbləri həmişə gözəl olmur. Roman yazıram, həmin gün çıxan qəzetləri oxumadığım üçün bir də görürəm, yenə pis nəsə olub. "La Republika"dan, Almaniyadan dörd mail gəlib. Mən hələ hadisənin nə olduğunu bilmirəm. Fransada da bomba partlayır, amma bütün cəmiyyət o bombaya qarşıdır, hamısı eyni fikirdədir. Bizdə isə bomba partlayanda hamı bir-birini "Sənə görə atıldı", - deyib günahlandırır. Belə bir ölkənin yazarı olmaq həqiqətən yorucudur. Açıqlama verməsən, günahkar hiss edirsən özünü, ancaq acılama da verib səhər-axşam hər hadisəyə qulp olmaq istəmirəm. Belə-belə davam edirik, görək hara qədər...

5 ildir Əsli Akyavaşla birlikdəyik...

- Bu gərginlik cəmiyyəti necə dəyişdirdi?

- Cəmiyyətdə bir qorxu, narahatlıq yaratdı. Türkiyənin ikinci böyük müxalif qəzetinin redaktoru həbs edilib. "Hər şey nə gözəldir", - demək olmur. Can Dündar həbs olunanda, oturub roman yaza bilmirsən. Sual veriləndə "Mənə nə" deyə bilmirsən, demək istəmirsən. Bunları davamlı müzakirə edirsən, sevgilidən soruşursan. İnternetdə gəzişirsən, başın qarışır. "Bunu bu gün yox, sabah deyərəm", deyirsən. "Der Şpigel" müsahibə alacaq, Çinarla görüşəcəm, orda söyləyərəm", - deyirsən...

- Bu qədər gərginlik, siyasi söhbətlər kifayət edər... Gəlin sizə şou sualı verim, rahatlaşaq. Həyat necə gedir? Məsələn, eşq...

- Əsliylə birlikdəyəm. Xoşbəxtik. Heç səninlə Əsliylə bağlı danışmamışıq?

- Xeyr. Bu günə qədər özümü kübar aparıb bu mövzuda sual verməmişəm.

- Beş ildir Əsli Akyavaşla birlikdəyik. Sevgilimlə günümü paylaşmağı, hər şeyimi danışmağı çox sevirəm. Ayrı dünyalarımız var. O, bizi qoruyur. Azad, xoşbəxt olduğum yer şəxsi həyatımdır. Amma elə bir ölkədəyik ki, insan şəxsi həyatında xoşbəxt olduğunu belə deyə bilmir. Təzyiqlərdən, avtoritarlıqdan, hamının "vətən xaini" elan edilməsindən, televizorda gördüyüm qoçu üslubundan, problem olmayan məsələlərin müzakirə proqramlarında "dır-dır" danışılmasından bezmişəm. Amma bu xoşbəxt olmadığım mənasına gəlməsin. Özəl həyatımda xoşbəxtəm.

- Həqiqətən də, kimsə "Necəsən?" soruşanda adam rahat "yaxşıyam" deyə bilmir.

- Nə qədər bərbad bir cəmiyyətdə yaşamış olursan ol, şəxsi xoşbəxtliyin vacib olduğunu söyləyə bilmə haqqına sahibəm. 1970-80-ci illərdə insanlar küçələrdə milçək kimi ölürdü. Deyə bilərəm ki, o daha pis idi. İndi prezident "vətən xaini" deyə qışqırır. Amma heç olmasa küçədə ölən yoxdur. Açığı, ondan da qorxuram. Üstəlik, "Hökumət dəyişsin, hər şey güllük-gülüstanlıq olacaq", deyənlərdən deyiləm. İctimai çevriliş təkcə seçki ilə olmur. Ədəbiyyatla məşğul olarkən, filmə gedərkən, küçədə yeriyərkən, evimizə dizayn verərkən, həyatda seçim edərkən də dünyanı dəyişdiririk. Ona görə də bu 15 illik varlanmanın, orta siniflərin güclənməsinin yaxşı şey olduğunu düşünmürəm. Bu milli gəlir əldə edə bilən insanları o qədər də sıxışdıra bilməzsən. Onun professorunu, jurnalistini daha çox alçalda bilməzsən. Bəlkə də çarəsizlikdən optimist olmağa çalışıram.

- İndi nə edəcəksiniz?

- Yeni romana başlayıram. Adını da çəkinmədən deyə bilərəm: "Vəba gecələri". Hərçənd "Qırmızı saçlı qadın"ın adı 30 ildir mənim üçün "Quyu" idi.

- Mövzusu nədir?

- Bu daha uzun olacaq, iddialı, tarixi bir romandır. "Mənim adım qırmızı" necə rəsmlər haqqında idisə, bu da bir az ədəbiyyat haqqında olacaq. İnşallah, bitirərəm və adını dəyişdirmərəm, amma daha çox şey demək istəmirəm.

- Hadisələr İstanbulda baş verir?

- İstanbulda yox. Çıxdığı vaxt daha geniş danışarıq.

- Nə vaxt?

- 2017-ci ilin payızında çap etdirmək istəyirəm.

Əziz Sancarla növbədə qarşılaşdıq

- Nobelli türkün sayı iki oldu. Necə qarşıladınız bunu?

- Gözəl duyğudur. Nobelin çox da əlçatmaz olmadığını hiss etmək hamımızı rahatladır. Əziz bəyin uğurunu tərcüməçim Ərdağ Göknardan eşitmişdim. O da Dyuk Universitetində köməkçi dosentdir. O universitetə konfransa getmişdim. Keçərkən bir də gördüm növbə var, qələbəliyin içində də Əziz Sancar...

- Nə gözəl...

- Gələcəyi ağlıma gəlməmişdi. Dərhal yanına getdim, içimdən gələn "Hocam, çox təbrik edirəm" sözlərini dedim. Qucaqlaşdıq. Sonra dərhal şəkil çəkdirdik, verərəm sənə. Sonra hərə öz işinin dalınca getdi... Səhəri gün Ərdağ mail göndərmişdi: "O şəkillərdən mənə də bir dənə göndərə bilərsiniz?" - deyə yazmışdı.

- Xatirə toplamağı sevir...

- Kim sevməz ki!

İstərdim Nobeli aldığımı görsün ...

- Kitabda öz atanızdan nələrsə var?

- Varlığını hiss etdirməyən, ətrafda olmayan, bizi tərk edən bir atayla böyüdüm mən. Kitabda da bir atasızlıq acısı var. Atam cavan ölməyib, amma çox vaxt ətrafımızda olmurdu. Bəzən qardaşımla bunlardan danışırıq. Mədəni və həqiqətən liberal olduğuna görə bizə əl qaldırmayan, qışqırmayan, "istədiyinizi edin, siz çox ağıllısınız", deyən bir atam vardı. Sərhədsiz azadlıq vermişdi bizə. Böyük güvən duyğusu vermişdi, amma həmişə bir əskiklik hiss edərdik. Bəzən atam "Sən neçənci sinifdə idin", - deyə soruşardı, onda çox pis olardım. Digər tərəfdən gözəl tərəflərini də görürdüm. Atama çox şey üçün minnətdaram. Ən çox da gözəl kitabxanası olduğu üçün... Atalar nə öyrədər? Ən əhəmiyyətli adamlar kimdir? Hərbçi, din adamı, məmur, baş nazir... Türkiyədə bunu öyrədirlər. Ona görə bu cür adamlar əhəmiyyətli deyildi.

- Əhəmiyyətli olan nələr idi?

- Mənə düşüncənin, yaradıcılığın, insan fərdiliyinin, özünü yaşamağın, xəyallarının ardıyca getməyin gözəl olduğun göstərən atam oldu. Kitabxanasında divan vardı. Orada oturub "Buna bax, neyləyib e!" deyərdi. Tutaq ki, Jan Pol Sartrın bir kitabını verərdi... Mən o kitabı yazan biri olmaq istərdim. Paşa, din adamı, dövlət adamı olmaq istəməzdim. O kitabları yazan adam olmaq istərdim. Mənə heç vaxt "yazar olacaqsan", demədi. Amma onun xoşuna gələcək biri olmaq istədim.

- Hələ də elədir?

- İstərdim ki, atam Nobeli almağımı görsün. "Atamın çamadanı" adlı nitqim də bundan bəhs edir. Yaşlandıqca adam başa düşür ki, bir çox şeyi əslində hələ də atalar, analar bəyənsin deyə edirsən, amma özünün də bundan xəbərin yoxdur.

- Kitabda da hakim olan "ata fiquru" dediyimiz şey bu deyilmi? Bizə miras qalan dəyərlər...

- Bəli. Kitabda Cemin atasının yox olması, sonra başqa biri ilə evlənib qarşısına çıxması... Açıq yazmasam da, bu kitabda öz həyatımdan çox şey var. Nə isə, daha çox şey deməyim...

Qaynar.info

 

Tarix: 08.02.2016 14:08 | Baxış: 963 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner