AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  kitabxana.net-də reklamı

Xəbərlər » Ədəbiyyat » Akutaqava Rünoske: "Dəli olmaqdan qorxuram". Yapon ədəbiyyatının xəstə novatoru özünü niyə öldürdü? - Murad Köhnəqala yazır...

Akutaqava Rünoske: "Dəli olmaqdan qorxuram". Yapon ədəbiyyatının xəstə novatoru özünü niyə öldürdü? - Murad Köhnəqala yazır...


Yığcam, miniatür əsərləri ilə dünya ədəbiyyatında unudulmaz iz buraxan yapon yazıçısı Akutaqava Rünoskenin 30 yaşında yazdığı "Sıx meşədə" adlı hekayəsi onun yaradıcılığının ikinci dönüş nöqtəsi hesab edilir. Zamanında tənqidçilər bu hekayəni mistikanın ən yüksək zirvəsinə qaldırılmış bədii əsər adlandırıb.
Hekayə dərin meşəlikdə meyiti tapılmış bir samurayın qətlindən bəhs eləyir. Əsərdə qurulan məhkəmə zamanı samurayın ölümündə şübhəli bilinən quldur, samurayın arvadı və samurayın ruhu danışır.
Məşhur yapon yazıçısı Akutaqava Rünoske 1892-ci ildə Tokioda süd alveri ilə dolanan Tosidzo Niihara adlı kasıb bir kişinin ailəsində dünyaya göz açır. Yapon təqviminə görə əjdaha ilində, əjdaha günündə və əjdaha saatında doğulduğuna görə körpəni ("rü"- əjdaha mənasını verən birinci heroqlifin adı ilə) Rünoske adlandırırlar. Doğularkən atasının 42, anasının isə 33 yaşda olması körpə üçün yaxşı əlamət sayılmır. Çünki yapon inancına görə valideynlərinin yaşı otuzu keçdikdən sonra doğulan uşağın taleyi heç də ürəkaçan olmur. Buna görə uşağı ailədən kənarlaşdıraraq övladı olmayan dayısının himayəsinə verirlər. Qədim yapon mədəniyyətinə yaxşı bələd olan dayısı Mitiaki Akutaqava uşağı öz evində böyüdür və soyadını ona verir.
"Anamı heç vaxt xatırlaya bilmirəm, çünki o, dünyadan gedərkən mən on aylıq körpə olmuşam. Hərdən anamı görmək istəyəndə dayıma tamaşa edir, xəyalımda onun qadın formasını canlandırıram".
Doğuşdan sonra güclü əsəb xəstəliyi keçirdiyinə görə körpə Rünoskenin anasını müalicə üçün ruhi xəstəxanaya qoyurlar. Dözülməz ruhi əzablara tab gətirə bilməyən ana palatada tək qalarkən intihar edir.
Anasının faciəli həyat hekayəti və valideynlərindən keçən irsi əsəb xəstəliyi sonralar yazıçı Akutaqava Rünoskenin yaradıcılığını sona qədər təqib edir.
Rünoske 1910-cu ildə Tokio orta məktəbini bitirdikdən sonra ingilisdilli ədəbiyyatı yaxşı öyrənmək üçün Birinci kollecə qəbul olur. O, 1913-cü ildə kolleci bitirir və Tokio İmperator universitetinin ingilis dili fakültəsinə daxil olur. İlk vaxtlar dərslərdə həvəslə iştirak edən gənc yazar sonralar oradakı mühazirələrin cansıxıcı olmasından bezərək universitetə davamiyyəti dayandırır. Beləliklə, Rünoske sərbəst mütaliəyə başlamağı qərara alır. Gənc yazar Avropa yazıçıları, şairləri və filosoflarının yaradıcılığı ilə yaxından tanış olur. Öz yazıçı dostlarına Bodleri, Strindberqi, Berqsonu oxumağı tövsiyə edir.
Akutaqava həmin illərdə ədəbi estetika baxımından ona yaxın olan yazar dostları ilə "Sinsitö" ("Yeni axın") adlı jurnal nəşr edir. Jurnal əsasən naturalizm ədəbi məktəbinin nümayəndələrini tənqid üzərində qurulur. "Sinsitö"çilər özlərini anti-naturalistlər kimi qələmə verir, neorealizmi təbliğ edirlər. Onların fikrincə yazar təkcə öz çağının hadisələrində ilişib qalmamalı, tarixin müxtəlif qatlarına baş vurmalı, əsərlərində qədim yapon mifik düşüncəsindən də yararlanmalıdır. Elə bu ideyalarına görə də Akutaqava öz yaradıcılığında tarixi hadisələrdən, yapon pritçalarından, müxtəlif inanc və mifoloji mətnlərdən daima ustalıqla istifadə etmişdi.
O vaxtlar Yaponiya özünü gənc burjua ölkəsi saydığından bütün sahələrdə Qərbə meyllilik hiss olunurdu. Lakin ədəbi mühit feodal düşüncəli yazarların inhisarında çabalayırdı. Yaşlı yazarlar ədəbiyyatda yeniliyi yaxın buraxmaq istəmir, qədim yapon ənənələrindən kənara çıxmağı fəlakət sanırdılar. Bütün çap vasitələri müxtəlif gerizəkalı adamların əlində cəmlənmişdi. Yaşlı nəslin nümayəndələri olan yazarlar gəncləri öz ətrafına toplayaraq yeni ədəbiyyata savaş açmışdı. Akutaqava həmin ədəbi proseslərin qaynadığı dövrdə nisbətən yenilik tərəfdarı sayılan, 20-ci əsr ingilis ədəbiyyatına yaxşı bələd olan, ustad yazıçı Nasume Sosekinin (1867-1916) öz evində düzənlədiyi ədəbi məclislərə gedirdi.
"Rasömon darvazası" və "Burun" hekayələri Akutaqava yaradıcılığının əsas başlanğıcı hesab olunur. Bu əsərlər Yapon ədəbiyyatına tamam yeni, novator bir müəllifin gəlməsindən xəbər verir.
Akutaqava nəsrinə Meydzi epoxasının yazarları Nasume Soseki, Mori Oqayla yanaşı, Mopassan, Frans, Strindberq, Dostoyevski, Tolstoy, Çexov kimi Avropa və rus yazıçıları da təsirsiz ötüşməmişdi. Onun "Batat sıyığı", "Burun" hekayləri Qoqolun məşhur "Şinel" və "Burun" povestlərinin təsiri ilə yaranıb. "Bağ" hekayəsində isə Çexovun "Albalı bağı" adlı pyesindən ilhamlandığı məlumdur.
Yazıçının 1918-ci ildə "Osaka mayniti" qəzetində çap elədiyi "Cəhənnəm əzabları" adlı dəhşət saçan novellası onu yenidən ədəbiyyatın gündəminə gətirir. Demək olar ki, bu əsərlə o, özünün gələcək taleyini yazır.
Akutaqava qələminin qüdrəti Avropa və rus ədəbi formalarının yapon ənənələri ilə universal sintezində idi. Tədqiqatçılar onun qələmə aldığı mövzuların tarixiliyini üç əsas dövrə bölürlər. Birinci dövr: 10-12-ci əsrlər, Yaponiyanın paytaxtı Kiotonun çiçəklənməsi; ikinci dövr: 16-cı əsrin sonları, Yaponiyada xristianlığın yayılması və təsiri; üçüncü dövr isə: 19-cu əsrin ikinci yarısında imperator Meydzinin hakimiyyəti zamanı Yaponiyanın inkişafı hesab olunur.
Akutaqava qədim ənənələrdən gen-bol istifadə etməsini belə əsaslandırırdı: "Keçmiş insanla müasir insanın ruh durumunda çoxlu eyniliklər var. Əsas məsələ də elə budur!"
Yazıçı 1916-cı ildə Mexaniki Dəniz məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayır. Lakin o, bu işindən heç də xoşlanmır. Gələcək həyat yoldaşına ünvanladığı məktubda belə yazır: "Müəllimlik məni əsəbləşdirir. Mən yalnız qarşımda ağ vərəq, qələm və tütün görəndə sakitləşə bilirəm".
Tezliklə müəllimliyi tərk edən Akutaqava 1919-cu ildə Tokioya köçərək "Osaka mayniti simbun" qəzeti ilə əməkdaşlıq etməyə başlayır. Lakin müalicəsi tapılmayan irsi əsəb ona dözülməz əzab verir. O, 1921-ci ildə bir müddət sakitləşmək üçün Çinə səfər edir. Dörd aydan sonra geri qayıdan yazıçı əvvəlkindən daha üzgün görünür. Depressiya və yuxusuzluq sağlamlığını dayanmadan gəmirdikcə, Rünoske manyak kimi yazmağa davam edir. O, sakitləşdirici dərmanlarla özünü yuxuya versə də, mütəmadi olaraq, röyalarında ölmüş doğmalarını, intihar etmiş anasını görür, qarabasmalardan boğulur. Dostlarına müxtəlif yerlərdə öz oxşarını gördüyünü, anası kimi ağlını itirməkdən qorxduğunu söyləyir.
Yazıçının 1920-ci illərdən ölümünə qədər yazdıqlarının əksəriyyətini avtobioqrafik mətn adlandırmaq olar. Çünki həmin dönəmdə qələmə aldığı əsərlərin əksəriyyəti dəliliyin, şəxsi iztirabların və hallisünasiyaların məhsuludur. Ömrünün sonlarına yaxın yazdığı "İlğım", "Dişli çarxlar", "Köhnə dosta məktub" hekayələrində, "İdiotun həyatı" povestində yazıçının psixi sarsıntılarının doğurduğu intihar meylləri açıqca duyulur.
Onun realist, mifik, romantik, fantastik janrlarda qələmə aldığı çoxlu sayda şeir, esse, novella, hekayə, pyes və povestlər Yapon ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının incilərindən sayılır.
Rünoske Akutaqava 24 iyul, 1927-ci ildə iztirablarla dolu həyatına son qoyur. Ölmək üçün yüksək dozada vernol həbləri qəbul edən yazıçı bir daha yuxudan ayılmır.
Ölümündən sonra dünyanın bir çox dillərinə tərcümə olunmuş əsərləri ardıcıl çap olunaraq yüksək tirajla satılır.
Yazıçının dostu Kikuti Kan 1935-ci ildə Akutaqava adına ədəbi mükafat təsis edir. Mükafat hər il Yaponiyanın ən istedadlı gənc yazarlarından birinə verilir.
1950-ci ildə məşhur kinorejissor Akira Kurosava onun "Sıx meşədə" hekayəsinin motivləri üzərində "Rasömon" adlı bədii film çəkmişdi. Film dünya xalqlarının on ən yaxşı filmi siyahısına salınıb.

http://news.lent.az/news/237489

Tarix: 31.03.2016 22:37 | Baxış: 1703 | Müəllif: Ayxan Ebilli | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2016. www.Kitabxana.net - Milli Virtual-Elektron Kitabxana. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

Netty2013 Winner