AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə  Azərbaycan Yazıçılar Birliyinin elektron ədəbi-kulturoloji portalı. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının elektron variantı, lokal və qlobal elektron kitabxanaların şəbəkə ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resursu


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  Ədəbiyyat qəzeti

 

Xəbərlər » Ümumi xəbərlər » Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları. Fərman. Kommissiya üzvləri. Əsasnamə...

AZƏRBAYCAN RESPUBLİKASININ ELM, MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYAT ÜZRƏ DÖVLƏT MÜKAFATLARI KOMİSSİYASININ TƏRKİBİ VƏ ƏSASNAMƏSİNİN TƏSDİQ EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI



"Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən qərara alıram:
1. Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının tərkibi və Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2010-cu il.



AZƏRBAYCAN RESPUBLİKASININ ELM, MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYAT ÜZRƏ DÖVLƏT MÜKAFATLARI KOMİSSİYASININ TƏRKİBİ Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir  

Komissiyanın sədri  
Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri  
  Komissiyanın üzvləri  
Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı  
Mahmud Kərimov - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri  
Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri  
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  
Arif Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  
İsmayıl Sadıqov - Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri  
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  
Nailə Vəlixanlı - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  
Ömər Eldarov - Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Heydər Əliyev Mükafatı laureatı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı  
Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət Mükafatı laureatı  
Siyavuş Kərimi - Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti  
İsa Həbibbəyli - Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü  
Aqşin Əlizadə - Azərbaycan Bəstəkarlar İttifaqının katibi, xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı  
Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı  
Toğrul Nərimanbəyov - Xalq rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı  
Arif Məlikov - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, xalq artisti, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Dövlət Mükafatı laureatı  
Şəfiqə Məmmədova - Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı  
Mövlud Süleymanlı - Xalq yazıçısı  










AZƏRBAYCAN RESPUBLİKASININ ELM, MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYAT ÜZRƏ DÖVLƏT MÜKAFATLARI KOMİSSİYASININ ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 8 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri

1. Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyası (bundan sonra - komissiya) Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 113 nömrəli Sərəncamına əsasən elm, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır.
2. Komissiyanın fəaliyyəti Azərbaycan Respublikasının qanunları, digər qanunvericilik aktları və bu Əsasnamə ilə tənzimlənir.
3. Komissiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən yenidən təşkil və ləğv edilə bilər.
4. Komissiyaya aşağıdakı hüquqlar verilir:
4.1. elm, mədəniyyət və ədəbiyyat sahələri üzrə bölmələr və ekspert qrupları yaratmaq, onların iş qaydasını təsdiq etmək;
4.2. təqdim edilən əsərlərlə fərdi şəkildə tanış olmaq məqsədilə zəruri hallarda yerlərə ekspert qrupları göndərmək;
4.3. təqdim edilən əsərlərə rəy vermək üçün ayrı-ayrı müəssisə və qurumları, habelə mütəxəssisləri cəlb etmək;
4.4. təqdim edilən əsərlərin və həmin əsərlərlə bağlı nəşr olunmuş resenziyaların və rəylərin ilkin öyrənilməsini təmin etmək;
4.5. təqdim edilən əsərlər zəruri tələblərə cavab vermədikdə müvafiq sahə üzrə Mükafatın verilməməsi barədə qərar qəbul etmək.
5. Komissiyanın cari fəaliyyətini təmin etmək üçün onun nəzdində üç nəfərdən ibarət katiblik yaradılır.
6. Komissiya öz möhür və blankına malikdir.
7. İki ildən bir verilən və hər biri 30000 (otuz min) manat məbləğində olan Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə 3 (üç) Dövlət Mükafatı (bundan sonra - Mükafat) hər cüt ildə 28 may - Respublika günü ərəfəsində komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.
8. Mükafat Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr təşkil edən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.
9. Əsərlər (işlər) Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Mükafata təqdim oluna bilər.
10. Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Mükafata təqdim edilə bilər.
11. Əsərlər hər cüt ilin aprel ayının 1-dək komissiyaya təqdim edilməlidir. Mükafata təqdim edilən namizədlərin və əsərlərin siyahısı Mükafatın verilməsinə bir ay qalmış kütləvi informasiya vasitələrində dərc olunur.
12. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər bu Mükafata təqdim edilə bilməz.
Mükafat bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Mükafat verilmir.
Bir qurum tərəfindən Mükafata yalnız bir əsər təqdim edilə bilər.
13. Mükafata layiq görülən şəxslərə pul vəsaiti ilə yanaşı, "Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı"nın diplomu və fəxri döş nişanı təqdim edilir.
14. Mükafatın pul hissəsi iki müəllif arasında bərabər surətdə, 3 nəfərdən ibarət kollektivdə rəhbərə Mükafatın yarısı verilməklə, qalan yarısı digər iki müəllif arasında bərabər qaydada, başqa hallarda isə rəhbər müəllifə Mükafatın 1/3 hissəsi verilməklə, 2/3 hissəsi də qalan həmmüəlliflər arasında bərabər olaraq bölüşdürülür.
Həmmüəlliflər rəhbər irəli sürmədikdə, Mükafat bütün müəlliflər arasında bərabər bölünür.
15. Vəfat etmiş, yaxud ölümündən sonra təltif edilmiş laureatın diplomu, fəxri döş nişanı və Mükafatın pul vəsaiti onun vərəsələrinə təqdim olunur. Laureatın vərəsələri olmadıqda diplom və fəxri döş nişanı komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.


II. Əsərlər haqqında sənədlərin və materialların hazırlanması,
onların təqdim olunma qaydası

16. Elm və ədəbiyyat sahələrinə aid əsərlər mətbəə üsulu ilə çap edilmiş şəkildə 4 nüsxədə komissiyaya təqdim olunur, zəruri hallarda digər müvafiq materiallar əlavə edilir.
İncəsənət sahəsi ilə bağlı əsərlər müxtəlif şəkildə, o cümlədən rəqəmsal, CD və DVD formatlarında təqdim oluna bilər.
17. Əsərləri və namizədləri irəli sürən qurum, müəssisə və ya təşkilat komissiya qarşısında vəsatət qaldırır. Vəsatətdə əsər və müəllif haqqında məlumat, mükafata təqdim olunma səbəbləri və əsərlə bağlı digər zəruri məlumatlar göstərilir.
18. Mükafata təqdim olunan müəllifin adı, atasının adı, soyadı, doğulduğu tarix, ixtisası, fəxri adları, elmi dərəcələri və elmi adları, iş yeri, tutduğu vəzifə, iş və ev ünvanı, əlaqə telefonları və elektron poçt ünvanı dəqiq göstərilməlidir.
19. Vəsatət qurum, müəssisə və ya təşkilatın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Qurum, müəssisə və ya təşkilatın rəhbəri əsərin müəllifi sırasına daxildirsə, təqdimat onun müavini tərəfindən imzalanır.
Kollektiv namizədlik irəli sürüldükdə vəsatətlə birlikdə hər bir müəllifin əsərin yaradılmasında iştirakını səciyyələndirən məlumat təqdim edilir. Təsviri sənət və memarlıq sahəsinə aid əsərlər üzrə həmin məlumat qurum, müəssisə və ya təşkilatın rəhbəri və irəli sürülmüş əsərlərin müəllifləri tərəfindən imzalanmalıdır. Kollektiv əsərin rəhbərinin olub-olmadığı ayrıca göstərilməlidir.
20. Vəsatətlə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
20.1. əsər və namizədlərin irəli sürülməsinə dair keçirilmiş iclas və yığıncaqların, elmi və ya texniki şuraların protokolları, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və ya yaradıcı ittifaqların rəyasət heyətlərinin qərarı (kollektiv əsər təqdim olunduqda protokol və ya qərarda hər bir namizədin əsərdə iştirakı barədə məlumat əksini tapmalıdır);
20.2. hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat və 4x6 sm ölçüdə iki ədəd fotoşəkil;
20.3. təqdim olunan əsərin tədqiqatçılar tərəfindən imzalanmış qısa annotasiyası;
20.4. elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat;
20.5. əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq olunmuş surəti).
21. Əsərin hər bir nüsxəsi cildlənərək, üz qabığında təqdim edən qurum, müəssisə və ya təşkilatın və əsərin adı, habelə müəllifin (müəlliflərin) adı, soyadı göstərilməklə komissiyaya göndərilir. Komissiyanın ünvanı: Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.


III. Komissiya tərəfindən Mükafatın verilməsi barədə
qərarın qəbul edilməsi

22. Komissiyanın iclasları komissiyanın sədri tərəfindən çağırılır.
İclasda komissiya üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə, həmin iclas səlahiyyətli hesab olunur.
23. Mükafatın verilməsi barədə komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur.
İştirak edənlərin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda, komissiyanın qərarı qəbul olunmuş hesab edilir.
24. Komissiyanın qəbul etdiyi qərar qətidir.
25. Mükafatın verilməsi barədə komissiyanın qərarı kütləvi informasiya vasitələrində elan olunur

Tarix: 09.02.2010 21:24 | Baxış: 731 | Müəllif: Aydın Xan ƏBİLOV | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2014. KİTABXANA.net. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

 

Netty2013 Winner