AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə Azərbaycan Yazıçılar Birliyinin tərəfdaşlıq etdiyi Milli Virtual-Elektron Kitabxana. Elektron intellektual-kulturoloji portal. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının e-variantı, e-kitabxanaların ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resurs


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik    Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri  Ədəbiyyat qəzeti

 

Xəbərlər » Yazılar » E.Axundova. "Fövqəlmissiya" - Elçinin yaradıcılığı... N.Yaqublu. "Azərbaycan mətbuat orqanları"... Q.Məhərrəmli. "Jurnalistika təhsili: forma və standartlar dəyişməlidir"... R.Məcid. "Nazirin dərkənarı"... V.Yu

 Elmira Axundova. "Fövqəlmissiya"

 


(Elçinin dram və komediyalar toplusunun mütaliəsinin təsirindən yaranan düşüncələr)


90-cı illərin əvvəllərində hadisəyə çevrilən nəsr nümunələrinin, ciddi fəlsəfi-psixoloji romanların müəllifi, elmi monoqrafiyaların yaradıcısı, Azərbaycan xalq yazıçısı Elçin pyeslər yazmağa başladı. Özü də sadəcə pyeslər yox, düşündürücü gülüş, kinayə, qeyri-adi vəziyyətlərlə, lətifələrlə zəngin komediyalar. Polad Bülbüloğlunun dəqiqliklə qeyd etdiyi kimi, vaxt keçdikcə Azərbaycan sənətşünaslığında belə bir yeni bədii-estetik anlayış yarandı: "Elçin teatrı".
Bir müddət öncə Elçin mənə seçilmiş pyeslərindən ibarət kitabını bağışladı. Həmin kitabı diqqətlə oxuduqdan sonra ürəyimdəkiləri oxucularla paylaşmaq istədim. Amma bəri başdan deyim ki, bu, peşəkar tənqidçinin qeydləri deyil, sadəcə, oxuduğundan təsirlənən bir oxucunun düşüncələridi. Əlbəttə ki, pyesi oxumaqdansa, yaxşısı budu, səhnədə görəsən. Müəllifin məni tamaşasına dəvət etdiyi "Qatil" dramından necə heyrətləndiyim yaxşı yadımdadı. Həm Elçinin mükəmməl dramaturgiyası, həm də Azərbaycan Dövlət Dram teatrının aktyorlarının gözəl ifası məni sanki ovsunlamışdı. Ümumiyyətlə, bu müəllifin pyeslərini oxuyanda, başa düşdüm ki, tragediya janrı necə deyərlər, onun boyuna biçilib, "Qatil" isə fikrimcə, Elçin dramaturgiyasının zirvəsidi. Bu zirvəyə gedən yol elə də qısa və hamar olmayıb. Hər halda, bir vaxtlar hətta yazıçı özü də "keçid dövrünün komediya və dramları"nı yazacağını ağlına belə gətirmirmiş.
1994-cü ildə xüsusi müxbiri olduğum məşhur "Literaturnaya qazeta" üçün Elçindən aldığım müsahibə belə də adlanırdı: "Keçid dövrünün komediya və dramları". Digər suallarla yanaşı mən Elçindən onda dramaturgiyaya meylin nədən qaynaqlandığını soruşdum. Onun cavabı belə oldu:
"1990-cı ilin yanvar hadisələri məni dəhşətli dərəcədə sarsıtdı. Mən nəinki yazı masasının arxasına keçib nəsə yazmaq, hətta bu barədə düşünmək iqtidarında belə deyildim. Güllə səsləri düşüncələrimə hakim kəsilmişdi... Biz Bakının dağlıq hissəsində yaşayırıq. Bu səbəbdən bütün bu dəhşətlər mənim gözüm önündə baş vermişdi. Xüsusi kədərli anlarımda kitab rəfi məni özünə çəkirdi, özü də daha çox gəncliyimdə oxuduğum kitablarla baş-başa qalmaq istəyirdim. "Robinzon Kruzo"nu yenidən oxudum. Sonra Molyerin cildini açdım. Adama elə gələ bilər ki, bu halımla Molyerin o komediyaları hara, mən hara... Zorlanmış şəhərin cansıxıcı mühiti, fövqəladə vəziyyət, cəmiyyətdə yaranan qütbləşmə... Amma qəflətən özüm də gözləmədiyim halda bir də gördüm ki, makina arxasına keçib Molyerin pyeslərindən birinin tərcüməsinə başlamışam. Bu əsər artıq azərbaycanca vardımı, ümumiyyətlə, mən bu işi niyə görürdüm? Həmin an məni heç nə qəti maraqlandırmırdı. Beləcə "Skapenin kələkləri" və "Jorj Danden"i necə deyərlər, birnəfəsə təcümə etdim. Sonra Molyer haqqında olan ədəbiyyatlara müraciət etdim. Bulqakovun pyesindən başlayaraq, Azərbaycan-Fransa ədəbi əlaqələrindən bəhs edən məqalələrə qədər öz evimdə və ya kitabxanalarda nə vardısa hamısını oxudum. Sonralar bütün bunlar yazıçı haqqında geniş oçerk, daha sonra mənim tərcümələrim və geniş ön sözümdən ibarət olan "Molyerin komediyaları" qismində təzahür etdi.
Bir sözlə, həmin dövrdə ətrafda baş verənlərlə gördüyüm bu iş arasında elə heyrətamiz təzad var idi ki, izahı bu gün də mənim üçün müəmmalı olaraq qalır. Bundan sonra içimdə elə bil nəsə silkələndi. Mən hətta başqa cür yazmağa başladım. İkinci Şah İsmayıldan olan romanımı, aşıq poeziyası barədə monoqrafiyamı bir kənara qoyub abstrakt-sürrealist eksperimentlərə başladım. Bütün bu işlərə "Absurd hekayələr" adını verdim.
Get-gedə həyat öz axarına düşdü. Mən yenidən makina arxasına keçib (yenə gözlənilmədən) həyatımda ilk dəfə komediya yazdım. Bu pyes "Ah, Paris, Paris!" adlanır. Ola bilsin, məhz həmin tərcümələr və komediyalar o dövrdən çıxa bilmək üçün mənə bir nəfəslik oldu".
Bəli, Elçin və onun qəhrəmanları öz keçmişindən gülə-gülə ayrılmağı bacarır. Amma doğrudu, bu gülüş bəzən çox kədərli olur və onun əksər komediyaları daha çox tragifarsı xatırladır ki, bu da təbiidi. Belə ki, Elçin böyük ədəbi ənənələr daşıyıcısıdı və bu səbəbdən heç vaxt yol verməz ki, onun pyeslərində bayağı, zarafat və əyləncə, gülüş xətrinə gülüş olsun. Əslində, onun ən şən pyesləri belə sevincli, xoş mətləbləri nəql etmir. Onun komediyalarının da məğzində həyatın mənası, məhəbbət və hiyləgərlik, alçaqlıq, əbədi insani dəyərlər və müasir dövrdə onların dəyərsizləşməsi kimi yazıçını düşündürən məsələlər dayanır. Sadəcə, bu barədə o, öz personajlarının diliylə düşünür. Onların xarakterlərini və çatışmazlıqlarını açmaq üçün yazıçı personajlarını çox qəribə, hətta bəzən absurd vəziyyətlərə salır.
Bu mənada, onun "Yaşasın imperator Delenbor Tır-Tır" pyesi rəmzi xarakter daşıyır. Absurd və fantastik bir vəziyyətdə qəflətən bir bakılı kasıb ibtidai sinif müəlliminin kiçik balasının taleyin hökmüylə uzaq Afrika ölkələrindən birinin imperatoru elan edildiyi bəyan olur. Bax elə bu məqam pyesin personajlarından çoxu üçün həqiqət anına çevrilir. Demək olar ki, onlardan heç kim qəflətən ailənin başına qonmuş bu var-dövlət və hakimiyyət hərisliyinin sınağından çıxa bilmir: əclaf daha da əclaflaşır, xəsis daha da xəsisləşir, hətta doxsan yaşlı baba da ən yağlı tikəni qoparmaq arzusundadı. Axı o, yanacaqdoldurma məntəqəsinə sahib çıxmaq, biznesə girişmək (!) istəyindədi.
Ümumiyyətlə, Elçinin komediyalarında, əsl rəğbət bəsləniləsi personajlar çox azdı. Daha çox "Mənim ərim dəlidi" pyesinin qəhrəmanının dostu kimi cilddən-cildə düşənlərə rast gəlirik. Məsələn o, sovet dönəmində partiya komitəsinin katibi olduğu halda, indi alovlu pantürkistə çevrilib. Yaxud onun digər personajını, professoru götürək. Bir vaxtlar elmi ateizm üzrə tələbələrə mülahizələr oxuyan həmin professor ölkə müstəqillik qazandıqdan sonra dərhal mömin bəndəyə çevrilərək Həccə gedib müqəddəs yerləri ziyarət etmək, "Ülviyyət" xeyriyyə cəmiyyətinin üzvü olmaq xülyasına düşür.
Bu uyğunlaşma ustaları özlərini istənilən mühitdə və istənilən ictimai quruluşda əla hiss edirlər - dəxli yoxdu kommunizm, yaxud kapitalizm olsun. Belə ki, təəssüf də olsa, əclaflar və karyera hərisləri istənilən formasiyada üzdədi. Amma düzgün, əqidəli və mənəviyyatlı insanların vəziyyəti, xüsusən keçid dövrlərində daha çətin olur. Təsadüfi deyil ki, Elçinin pyeslərində əks-təsir bağışlayan ağıllı, yaraşıqlı insanlar ya dəlixanadan qaçmış şəxsiyyətlər ("Mənim sevimli dəlim" pyesində qəzetin baş redaktoru kimi), yaxud da rahat buraxılmaları və təqib olunmamaları üçün özlərini dəli yerinə qoyanlardı.
Ümumiyyətlə, dəlilik, anormallıq havası Elçinin əksər pyeslərində refren kimi hökm sürür. Bu da təbiidi. Çünki onun əsərlərinin qəhrəmanları keçid dövrünün qarmaqarışıqlığında yaşamağa məhkum olunmuşlardı. Hər şey elə baş-ayaq olub, bir-birinə qarışıb ki, idealistlər kapitalistlərə, ateistlər möminlərə çevriliblər. Baytarlar partiya liderləri olublar və hamı hamılıqla dəlicəsinə qarşıdan gələn dövrün baş Tanrısına - qızıl inəyə səcdə edir. Doğrudan da, bu yerdə havalanmayasan, nə edəsən?!
Elçinin pyeslərində normal personajlar dəlilərə həsəd aparırlar. Çünki onlara cildə girmək, öz istəklərini gizlətmək, olduqları kimi görünməmək lazım gəlmir. Dəlilər öz qurama aləmlərində yaşayırlar və onların bu dünyası adətən uca və mərhəmətlidi. Normal insanlar isə gerçək dünyada yaşayırlar, amma bu dünya mükəmməllikdən çox uzaqdı. Yəqin elə bu səbəbdəndi ki, "Şekspir" pyesinin baş həkimi öz pasientlərinə səmimi tərzdə həsəd aparır:
"Baş həkim: (kabinetdə gəzişərək) hamı ikiüzlüdü... Bir söz deyib başqa şey fikirləşirlər... Sadiqliyə and içib istənilən an xəyanət etməyə hazırdılar.
Bütün mənəvi dəyərlər tamahkarlığın güdazına gedib... Göründüyü kimi, ən xoşbəxt məxluqlar elə bu dəlilərdi. Özünü Sara Bernar hesab elədiyindən dərd-sər nədi, bilmir. Bir başqası əminliklə bəyan edir ki, bəs, Veneradan gəlib. Yenidən füsunkar Venerasına qayıdacağının illuziyasıyla yaşayır, odur ki, dünyada baş verənlər heç vecinə də deyil... Ayaltı dünyada nələr baş verdiyini bilməməkdən yaxşı nə ola bilər..."
Baş həkimin nəzərində dəlilikdən də dəhşətli olan şey həyatın faciəvi yeknəsəqliyi, vəzifəni itirməyin əbədi qorxusudu. Çünki vəzifəni itirməklə sən hətta doğmaların arasında belə hörmətdən düşəcəksən. Və onun ürəyində belə bir istək baş qaldırır - gecə xəstəxanaya gəlib özünü alaqapıdan assın.
"Şekspir" pyesinin dəliləri yüksək dərəcədə nəcib və bir-birilərinə qarşı diqqətli insanlardı. Özünü Stalin elan etmiş insanın həqiqətən də Stalin, özünü Sara Bernar kimi təqdim edən qadının həqiqətən də böyük fransız aktrisası olduğuna, veneralının həqiqətən də Venera planetindən gəldiyinə onlardan biri də bir an belə şübhə etmir. Onların möcüzəyə inamı o qədər böyükdü ki, nəhayət, möcüzə baş verir, Drob-13 adlı pasient məlum olur ki, həqiqətən də yad planetdən gəlmədi. Həmin planetdən ki, orda nə müharibə, nə də fəlakət var, ölkələri bir-birindən sərhədlər, yaxud tikanlı məftillər ayırmır, insanlar həmişə bir-birinə həqiqəti söyləyir və ürəklərindən keçəni edirlər. Qəribə Drob- 13 adlı yadplanetliylə dəlixananın pasientləri bir-birlərini çox gözəl anlayırlar. Çünki onlar bir-birləriylə ürəklərinin diliylə danışırlar.
Pyesin müəllifi bizləri möcüzəyə inanmağa, bir-birimizə qarşı təmkinli olmağa, ətrafdakıları görmək istədiyimiz kimi deyil, olduğu kimi qəbul etməyə çağırır. Hər bir insanın öz qəribəlikləri var və bunu faciəyə çevirmək lazım deyil. Gərək bir-birimizi eşitməyi, dinləməyi bacaraq, bir-birimizi anlamağa çalışaq. Məhz "dinləmək və anlamaq" kimi möcüzəvi, gözəl xüsusiyyətə malik olan dəlixana sakinlərini doğrusu "dəli" adlandırmağa adamın dili dönmür.
lll
Dramaturgiyasının dərinliyinə və qüdrətinə görə, mən Elçinin "Qatil"ini postsovet dövrü milli teatrımızın ən ciddi uğuru adlandırardım. Sanki Sofokl və Evripidin personajlarıyla yanaşı dayanan epik səviyyədə nəhəng Qadın obrazı və koloritinə görə heç də ondan geri qalmayan eyni zamanda həm cəllad, həm də qurban olan Gənc insanın obrazı. Və bu, yenidən bizlərə antik dramların obrazlarını xatırladır.
Pyesin canında taleyin bir-birlərinə yazığı, amma özlərinin bu yazını oxuya və eşidə bilmədikləri iki tənha insan dayanır. Məhz bu anlaşılmazlıq da faciəyə gətirib çıxarır. Həyatda taleyi gətirməyən, öz yarısını tapa bilməyən neçə-neçə belə insanları yada salmaq olar. Ola bilsin, heç də onların hamısı öz münasibətlərinə belə əzabverici, rəhmsizcəsinə son vermir, ola bilsin, onlar cismani mövcudiyyətlərini davam etdirir, amma mənəvi baxımdan hər gün, hər saat bir-birlərini məhv edirlər. Və dramı oxuduqca humanist yazıçının kədərli səsini eşidirsən: "İnsanlar, sevginizi qoruyun! Hisslərinizə xəyanət etməyin! Axı bu hisslər çox gözəldi..."
Elçin qeyd etdiyim kimi böyük ədəbi ənənələrin daşıyıcısıdı. Odur ki, öz novatorluğu, orijinallığı ilə yanaşı bu ənənələr də onun pyeslərində hiss olunur. Məsələn, "Salam, mən sizin dayınızam" pyesi antik dram prinsipləri üzərində qurulub. Hətta burda Apollon, Terpsixor, Taliy, Melpomen və digər yunan allahlarının iştirak etdiyi xorun müşayiəti də var.
"Mənim ərim dəlidir", "Mənim sevimli dəlim" pyeslərini oxuduqda isə onların süjetlərindəki fərqə baxmayaraq bizlərdə böyük Cəlil Məmmədquluzadənin dramaturgiyasını, "Dəli yığıncağı", "Anamın kitabı", "Ölülər" pyeslərini yada salan reminissensiya yaranır. Orda olduğu kimi burda da dələduzlar, şarlatanlar, ani olaraq əqidəsini və inamını dəyişənlər, siyasi konyuktura naminə hətta öz ana dilindən imtina edənlər kifayət qədərdi. Elçinin tətbiq etdiyi komediya dili, texnika, səhnədəki qrotesk bəzən Jan Batist Molyerin ölməz komediyalarını xatırladır.
Və əlbəttə ki, Elçinin bütün pyeslərindən onun sevimli dramaturqu - böyük Şekspirin qəhrəmanlarının obrazı qırmızı xətt kimi keçir. Elçinin dram və komediyalarının əksər qəhrəmanları Şekspirin pyeslərindən iqtibaslar gətirirlər. O, hətta pyeslərindən birinə dahi ingilisin adını verib. Bu özü də ənənələrə sədaqətdən xəbər verir. Və təbii ki, əsl ədəbiyyat ənənələrdən kənarda mövcud ola bilməz. Yazıçının kitabına yazdığı ön sözdə Polad Bülbüloğlu haqlıdı: "Bu kitab bütünlüklə Elçin yaradıcılığına xas olan başlıca keyfiyyətləri özündə ehtiva edir. Burda təkcə milli deyil, ümumbəşəri problemlər əks olunub".

lll
Kinematoqrafiyanın inkişafı ilə teatrın mövcudluğuna son qoyulub -qoyulmayacağı ilə bağlı mübahisələr yarandı. Teatr XXI əsrdə hansı dəyişikliyə uğrayacaq, hansı dramaturgiyaya tələbat daha çox olacaq və s. və i.a. Tənqidçilər bu sual ətrafında baş sındırdıqları vaxtda teatr tənəzzül dövründən sağ-salamat çıxaraq, indi hər şeydən göründüyü kimi özünün dirçəliş dövrünü yaşayır. Aktyorlar tamaşaçı marağı qıtlığı hiss etmir, teatrın zalları yenə əvvəlki kimi seyrçiylə doludu, ən maraqlısı isə odur ki, milli ədəbiyyatımızın əvvəllər səhnədən kifayət qədər uzaq olan usta qələm sahibləri öz hisslərinin izharı üçün get-gedə daha çox dramaturgiyaya müraciət edirlər. Maqsud İbrahimbəyovun son pyeslərini, Kamal Abdullanın fəlsəfi pyes-pritçalarını və Elçinin dram və komediyalarını yada salaq. Görünür, dramaturgiyada hansısa, cazibə qüvvəsi var ki, bu da kifayət qədər təsdiqlənmiş nasir, şair, alimləri öz yaradıcılıq axtarışlarında bu janra müraciət etməyə məcbur edir. Bu cəzibədən böyük qələm sahibi Elçin də çıxa bilmədi ki, bu gün buna görə Melpomenin bütün vurğunları ona minnətdardı. Çünki fikrimcə yüksək dramaturgiya nümunələrinin olduğu istənilən məkanda və zamanda əsl teatr öz mövcudluğunu qoruyub saxlayacaq. Məncə, Elçin bu fövqəlmissiyanın öhdəsindən əla gəlib. Ona uğurlar diləyək!

 

 

Əzəl başdan Söz idi...

 


Elçinin "Zaman və Söz" kitabı haqqında publisist düşüncələri

 


Şəxsən mənim üçün ötən ilin ən əlamətdar ədəbi hadisəsi "Zerkalo"da (buna görə qəzetə təşəkkür edirəm) Elçinin gündəliklərinin dərci oldu. "Zaman və Söz" kitabında toplanmış esseləri bir də oxuyandan sonra isə öz təəssüratlarımı oxucularla bölüşmək qərarına gəldim.
Həmişə bilmişəm ki, görkəmli Azərbaycan nasiri və dramaturqu Elçin dəhşətli mütaliə vurğunudu. Ötən əsrin 80-ci illərində Yazıçılar Birliyində birlikdə işlədiyimiz dövrlərdə də, xeyli sonralar da biz tez-tez ədəbi yeniliklər barədə söhbətlər edir, bəzən də sadəcə, bizim, yaxud Rusiya nəşriyyatlarında dərc olunmuş kitablardan hansısa birini oxumağın daha vacibliyi barədə bir-birimizi məlumatlandırırdıq. Amma ədəbi gündəlikləriylə tanışlıqdan sonra onun ədəbiyyat sahəsindəki düşüncələrinin rəngarəngliyinə və əsl ensiklopediya təsiri oyadan savadına heyran (artıq neçəndi dəfə!) qaldım. Etiraf edim ki, çox mütaliə edən və bu günəcən də mütaliədən kənarda qalmayan bir oxucu kimi özüm bu gündəlikləri oxuyan zaman mənə az tanış olan, bəzən isə ümumiyyətlə tanımadığım imzalara rast gəldim. Doğma, hətta sevimli imzaları isə (elə həmin Tolstoy, Çexov, yaxud Cəlil Məmmədquluzadə) Elçinin sayəsində yeni, tamam başqa tərəfdən yenidən kəşf etdim.
Son 10-15 ildə bizlər hamımız az mütaliə edirik: işlərin çoxluğu və öhdəliklər, işlə əlaqədar mütləq baxmalı olduğun çoxlu sayda dövri mətbuat, üstəgəl internetdə gündəlik operativ xəbərlər ciddi, düşündürücü mütaliəyə demək olar ki, vaxt qoymur. Və bu mənada, Elçin nümunəsi heyrətamizdi (və örnək!). O, özünün bütün şüurlu həyatı boyu bir gün belə əsas mənəvi sərvətdən-kitabdan ayrı qalmayıb. Onun gündəlik qeydlərini oxuduqca və təkrar etdikcə, Ədəbiyyat adlanan aləmin sevinclərindən, mənəvi rahatlığından, nəhəngliyindən və əbədiliyindən doğan qəribə hisslərin get-gedə ovsununa düşdüyünü dərk edirsən. Əsərlərə, personajlara, həmçinin bu personajları və əsərləri yaradan ölməz imzalara, öz mənəvi əcdadlarına yazıçı Elçin məhz bu cür dərin hörmət və məhəbbətlə yanaşır. Elçin istedadının qidalandığı ədəbiyyat kainatı həqiqətən də hüdudsuzdu. Burda antik dövrdən XX əsrə qədər bütün zamanlar, bütün cərəyanlar, bütün millətlər təmsil olunub. Bu sonsuz kainatda vaxtından əvvəl sönən, məhv olan xırda, nəhəng ulduzlardan tutmuş, əsrlərlə sayrışan və parıltısını bu gün də üstümüzdən əskik eləməyən ulduzlara qədər hər şey var. Yaratdıqları incilərin sehrinə və cazibəsinə düşərək Elçin öz gündəliklərində o nəhəng ulduzların sirri-xudasının düşüncələrinə dəfə-dəfə qapılır. Qeydlərindən birində o, sevimli qəhrəmanlarını hətta yuxuda da gördüyünü, onlarla qədim, doğma dostlar kimi dərdləşdiyini etiraf edir: Tolstoyun Anna Kareninası, Şekspirin kral Liri, Servantesin Don Kixotu, Şoloxovun Aksinyası ilə... Böyük ədəbiyyat və bu aləmin personajları yuxusunda, təsadüfdən-təsadüfə düşən istirahət olan saatlarında, hansısa ailəvi mərasimlər zamanı restoranda, hətta teatrda, yaxud hansısa simfonik konsertdə belə yazıçını rahat buraxmır. Və onda Elçin əlinə ilk keçən kağız parçasını - bu salfetka da ola bilər, qəzetin bir küncü, yaxud dəvətnamə də - götürüb növbəti ədəbi etiraflarını, öz kumirlərinə olan məhəbbətinin izharını qeyd edir. Və beləcə esseistika da növbəti incilər doğulur. Məsələn, bu nümunələrdə olduğu kimi...
"Mühacir Soljenitsın - maraqlı (güclü! prinsipial! cəsarətli!) şəxsiyyət. Mühacir şöhrəti yazıçı şöhrətini kölgədə qoyur. Yeri gəlmişkən, heç də həmişə yox. Hər şey yazıçı istedadının masştabından asılıdı. Məsələn, mühacir şöhrəti Nazım Hikmət sənəti qarşısında gücsüz idi".
Yaxud böyük Lev Tolstoya məhəbbətin etirafı. Haçansa atası Elçini bu yazıçını ideallaşdırmaqda qınamışdı.
"Mən Tolstoyu ideallaşdırırammı?" Elçin ürəyində özünə sual edir. "Xeyr. Məsələ burasındadı ki, Tolstoy onu ideallaşdırmağa imkan vermir. Çünki nə qədər ideallaşdırsan belə onsuz da "qoca Tolstoy" sənin ideallarından ucada dayanır".
Elçinin gündəliklərində mən böyük Cəlil Məmmədquluzadə yaradıcılığını izah edən çox sərrast və yığcam ifadəyə rast gəldim. Maraqlıdı ki, bu ifadə görkəmli rus mütəfəkkiri Pyotr Çaadayevin dilindən səslənir:
"P.Çaadayevi vərəqləyərkən onun bir etirafına rast gəldim və nə qədər qəribə olsa da gözümün qarşısında Mirzə Cəlilin obrazı canlandı. Çaadayev yazır: "Mən Vətəni gözüyumulu sevə bilmirəm".
Ümumiyyətlə, Elçinin gündəliklərində ədəbi müqayisələr, paralellər, müxtəlif millətlərin və müxtəlif dövrlərin yazıçılarının əsərlərindəsi arxetip axtarışları kifayət qədərdi. Məncə, "Zaman və Söz" kitabından müasir ədəbiyyatşünaslıqda kifayət qədər tələbat duyulan və üzdə olan komparativistika elmində dərslik kimi istifadə oluna bilər. Bu sıradan "Qədim ədiblərin Tolstoya təsiri", "Monassan və Turgenyev", "Polkovnik Şaber və bizim ölülər", "Bizim Molla Nəsrəddin Ernest Teodor Amadey Qofmanın ədəbi məsləhətçisimi olub", "Heminquey və Puşkin" kimi esselərin adlarını çəkmək kifayətdi. Öz etnik kökü etibariylə əsl şərq övladı, Azərbaycan ədəbiyyatına vurğun bir insan kimi Elçin təhtəlşüurla ürəyinə yaxın olan Mirzə Cəlilin, Mirzə Fətəlinin əsərləriylə dünya ədəbiyyatı korifeylərinin əsərləri arasında inandırıcı paralellər, səsləşmələr axtarır (və tapır!). Onun bu kəşfləri bizim ustadların yüksək bədii səviyyəsini, mövzularının ümumbəşəriliyini bir daha təsdiqləmiş olur.
Elçinin ədəbi gündəlikləri müxtəlif janrlı və müxtəlif çalarlıdı. Bir səhifədə bu və ya digər klassikin şəxsiyyəti, fenomeni barədə düşüncələr, digərində süjet xətti və janr xüsusiyyətləri baxımından oxunmuş əsərin təhlili, üçüncüdə bu və ya digər kitabın yazıldığı dövr haqqında düşüncələr, dördüncüdə Elçinin müasirləri olan azərbaycanlı, rus, yaxud digər əcnəbi yazıçıların dəqiq, hazırcavab, bəzən xoş zarafatyana, bəzən də satirik-kinayəli portretləri. Hərdən gündəlik qeydlər aforizm xarakteri alaraq, xalq söz yaradıcılığı nümunəsi kimi mətndən kənarda da yaşam hüququ ala bilir. Bu min incilər arasından bu ifadələri ayıra bilərik.
Məsələn, "Bəzi kitablar əldən-ələ keçən ayağı sürüşkən qadınlar kimidi", yaxud "Elə romanlar var ki, tələskənlikdən ölü doğulsalar da həyata vəsiqə ala biliblər". Yaxud daha bir iqtibas: "Dostoyevskini Tanrı "dostoyevşina"nı sovet ideologiyası yaratmışdı".
Bu cür qanadlı ifadələrdən sonsuza qədər nümunə gətirmək olar, amma burda saxlayıram. Çünki çox istəyirəm, oxucu özü bu ifadələrdən həzz alaraq düşüncələrə qapılsın.
"Zaman və Söz" kitabında toplanmış mini esselər müxtəlif dövrlərdə qələmə alınıb. Onlardan sovet dövrünə aid olanı da var, yenidənqurmanın o qarışıq illərində yazılanı da, bəziləri lap son illərdə qələmə alınıb. Ön sözdə Elçin özü yazır ki, bu uzun illər ərzində onun həyatın, ədəbiyyatın, incəsənətin bu və digər məqamları barədə təsəvvürü dəyişsə də öz qeydlərini oxucunun mühakiməsinə "müasirləşdirilmədən" "daranmamış" qiyafədə təqdim etmək qərarına gəlib. Və bu halda bir məqam heyrət doğurmaya bilməz. Bu esseləri oxuduqca məlum olur ki, Elçin özünün təxminən yarım əsrlik ədəbi fəaliyyəti dövründə demək olar ki, bütünlüklə öz ədəbi zövqünə və maraqlarına sadiq qalıb. Daha bir fakt. O, sovetlər dönəmində vulqar proletar ideologiyasına tamamilə yabançı olub, sovetlər zamanında sovet konyukturasını yaxınına belə buraxmayıb, özünün mükəmməl ədəbi zövqüylə bu konyukturanı içindən qovub. Məsələn, hələ ötən yüzilliyin 70-80-ci illərində o, adlı-sanlı sovet ədəbiyyatı "generallar"ının yaradıcılığına belə qiymət verirdi:
A.Qaydarın "Timur və onun komandası" kitabı haqqında:
"Bu povest Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin birgə qərarı təəssüratını oyadır".
Yazıçı Mehdi Hüseyn haqqında:
"...Sovet ideologiyası və başlıcası Mehdi Hüseynin ona fanatikcəsinə inamı yazıçının ədəbi yaradıcılığının istiqamətini kökündən dəyişdi... Və Mehdi Hüseyn, istedadının ideologiyanın boğduğu faciəvi yazıçılar siyahısını doldurdu".
Mixail Bulqakov haqqında:
"Konyuktura və İstedad arasındakı mübarizəni dramatizmini əyani görüb duymaq üçün bulqakovu oxumaq kifayətdi. Bir qütbdə Koba haqqında pyes, digərində "Ustad və Marqarita". Ortada isə "Qaçış". Rus (və dünya!) ədəbiyyatının xoşbəxtliyindən Bulqakov yaradıcılığının sərhədləri boyu gedən bu mübarizədə İstedad qalib oldu".
Elçin üçün "xoşbəxtlik" sözünün sinonimi... "mütaliə"di. Mən onu necə də yaxşı başa düşürəm! Məktəbli, tələbəlik illərində nə vaxtdan bəri ovuna çıxdığım hansısa nadir kitab əlimə keçəndə keçirdiyim xoşbəxtlik hissləri bu günəcən mənimlədi. Böyük ədəbiyyatla ünsiyyətdən alacağım əsl xoşbəxtliyin intizarıyla yaşayırdım və heç vaxt gözləntimdə yanılmırdım. SSRİ-nin dağılması Elçin üçün həm də ona görə önəmlidi ki, indi artıq o, "ürəyi istəyən kitabı açıqca axtarıb tapıb oxuya bilər". Amma məhz elə burda da taleyin paradoksu gizlənib. Bəli, biz bu gün istədiyimizi oxumaq, ürəyimizcə olanı yazmaq, istənilən mövzu və süjetlərə müraciət etmək azadlığına qovuşmuşuq. Əvəzində isə, bizim bir vaxtlar böyük xəzinə kimi axtarışına çıxdığımız kitabların oxucu dairəsi ağlasığmaz dərəcədə daralıb. Və bu gün oxuduğu yaxşı kitabdan keçirdiyi xoşbəxtlik hisslərini Sovet İttifaqı zamanında olduğu kimi nəhəng insan kütlələri deyil, nadir entuziastlar - kitab vurğunları yaşayır.
Ümid etmək istərdim ki, Elçinin iki dildə çıxan bu dəyərli esselərinin dərci özünü vüqarla "yazıçı" adlandıran bizim gənc ədibləri ciddi, düşündürücü mütaliəyə sövq edəcək. Elçinin bu kitabı öz nümunəsində məhz belə peşəkar mütaliəni ehtiva edir.
Bədii sözün sehri üzərində düşünərkən Elçin belə qənaətə gəlir: zaman hər şeyi keçmişə döndərir, onun qarşısında bütün incə sənətlər gücsüzdü... Ya da təxminən bütün... Çünki yazıçının qənaətinə görə "zaman kitab qarşısında gücsüzdü". "Bəlkə elə Zaman özü Sözdü?" Elçin özü-özünə sual edir. Yəqin ki, belədi. Axı, əzəl başdan Söz idi. Sözün sehrinə toxunduqca, Sözün ovsununa və cazibəsinə düşdükcə, insan Yaradana daha yaxın olur. Yəqin Sözün İlahiliyinin sirri də elə burdadı. Və bu məqamda Elçinin o mükəmməl kitabı sanki himn kimi səslənir.

 

http://525.az/view.php?lang=az&menu=7&id=14194

 

Nəsiman Yaqublu. "Azərbaycan mətbuat orqanları"

 


(Azərbaycan mətbuatının 135 illiyinə həsr edilir)


"Yeni Qafqazya" jurnalı

1923-cü il sentyabrın 26-da böyük mütəfəkkir M. B. Məmmədzadənin də qeyd etdiyi kimi, yalnız azərbaycanlıların deyil, eləcə də rus əsarəti altındakı bütün türklərin xaricdə çıxardıqları ilk məcmuə - "Yeni Qafqazya" işıq üzü gördü. Ədəbi-ictimai və siyasi bir məcmuə olan "Yeni Qafqazya"nın ilk sayının başlanğıcında bu cümləyə rast gəlmək mümkündür: "Məsləkimizə müvafiq yazılar, məmnuniyyətlə qəbul və nəşr olunur".
Məcmuənin ilk sayında M. Ə. Rəsulzadənin "Atəşçalan Prometey" (Proqram məqaləsi əvəzinə) yazısı çap olunub. M. Ə. Rəsulzadə bu məqalədə yazırdı: "İlk nüsxənin baş məqaləsi proqram məqaləsi olmalı idi. Burada məcmuəmizin təsisi ilə təqib etdiyimiz məqsəd şərh olunmalı idi. "Yeni Qafqazya"nın aşağıdakı maddələrdən ibarət olan proqramı belə idi:
- "Yeni Qafqazya" milliyyətçi, radikal və demokratikdir.
- "Yeni Qafqazya" Türkçüdür. Türklərin harsı tərəflərini, mədəni irtibatlarını mənəvi vəhdət və istiqlallarını istihdaf edər.
- "Yeni Qafqazya" Türk davasının Azəri cəbhəsini müdafiəyə mükəlləf Azərbaycan istiqlalçılarının mürəvvici əfkarıdır.
- "Yeni Qafqazya" Qafqazya millətlərinin Rusya əsarətindən xilas olmasını və müstəqbəl Rusya istilasına qarşı müvəffəqiyyətlə durmasını təmin üçün Qafqazyanın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.
- "Yeni Qafqazya" yalnız Azərbaycançılıq, Türkçülük və Qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkətini də, tərvic etdiyi əfkarı mənzuməsinin cüzi tamı olaraq mənimsəyər, Şərqin radikal bir surətdə əsirlənməsini bütün səmimiyyətiylə istiqbal edər.
- "Yeni Qafqazya" bilxassə Rusya imperyalizminə qarşı mücadilə edər, o çarizmi olduğu qədər bolşevizmidə Türk dünyası üçün müzirr və Qafqazyaya düşmən görür" "Yeni Qafqazya" Azərbaycanın istiqlal mübarizəsini mühacirətdə davam etdirən rəsmi təbliğat vasitəsi idi. Onun əsas qayəsi də milliyyət və istiqlal qayəsi idi, Azərbaycanın istiqlalı idi.
"Yeni Qafqazya" Azərbaycan istiqlalçılığının kökünü "Azəri Türkünün Rus çarizminə qarşı davam etdirdiyi milli mədəniyyət uğrundakı mücadilədə görür", bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurğulayırdı: "Bu mücadilə davam edir. Mücadilə dalğası bizi cəbhədən cəbhəyə atır və biz gah qalib, gah məğlub, gah hür, gah əsir, gah hakim, gah məhkum, gah sürgün və gah mühacir oluruq" Qeyd edək ki, 28 May və 27 Aprel - bu günlərin hər ikisi də Azərbaycanın müstəqillik tarixində mühüm yer tutur. Bu tarixlərdən birincisini bayram, ikincisini matəm günü kimi qeyd edən "Yeni Qafqazya"nın səhifələrində bu hadisələrlə bağlı xeyli məqalələr dərc olunmuşdur.
"Yeni Qafqazya" yalnız Türkiyədə deyil, eləcə də İranda, Misirdə, Əfqanıstanda yayılır, geniş maraq doğururdu. Məcmuə gizli yolla Azərbaycana gətirilib xalq arasında yayılırdı.
Qeyd edək ki, "Yeni Qafqazya"ya qarşı bütövlükdə Sovet təbliğat şəbəkəsi işləyirdi. "Pravda", "Qızıl Orenburq" kimi qəzetlər, "Novıy Vostok" elmi orqanı "Yeni Qafqazya"dakı yazıları təkzibə çalışsalar da, bir fayda olmamışdır".
"Yeni Qafqazya"nın fəaliyyəti Sovetlər Birliyini narahat edirdi. Sovet hökuməti hər vasitə ilə "Yeni Qafqazya"nı bağlamağa çalışırdı. M. Ə. Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlərin gərgin, yorulmaz mübarizələrinə baxmayaraq Türkiyə hökuməti Sovet hökumətinin təsiri ilə "Yeni Qafqazya"nın nəşrini qadağan etdi. Bunun səbəbini isə 1921-ci ildə RSFSR-lə Türkiyə, 1925-ci ildə isə Sovetlər Birliyi ilə Türkiyə arasında imzalanmış müqavilələrin nəticəsi kimi qeyd etmək olar. M. B. Məmmədzadə gərgin mübarizə yolu keçmiş, 100-ə yaxın sayı işıq üzü görmüş "Yeni Qafqazya"nı yüksək qiymətləndirir və bu məcmuənin gələcək nəsillər üçün milli istiqlal tariximizdən bəhs edən bir sənəd olduğunu qeyd edirdi: "Yeni Qafqazya" ilə başlayan milli nəşriyyat milli istiqlal savaşımızın tarixi sənədləri kimi qalacaq və gələcək nəsillər millətimizin qızıl istila altındakı iztirab və əsarət dövrünü bu sənədlərdən öyrənəcəkdir.

"Azəri Türk" jurnalı

"Yeni Qafqazya"dan sonra azərbaycanlıların nəşr etdiyi ikinci mətbuat orqanı "Azəri Türk" jurnalıdır. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi bir məcmuə olan "Azəri Türk" 1928-ci il fevralın 1-də İstanbulda, Sultan Əhməddə nəşr olunurdu. Bu məcmuənin 20 sayı ərəb əlifbası ilə, sonrakı sayları isə latın əlifbası ilə nəşr olunmuşdur. Ərəb əlifbası ilə olan saylar "Orhaniyyə" mətbəəsində çap edilmiş, latın əlifbası ilə olan sayların çap olunduğu mətbəə isə məlum deyildir.
"Azəri Türk"də dərc edilmiş, müəllifi M. Ə. Rəsulzadə olan ilk Baş məqalə "Tutacağımız yol" adlanır. Müəllif yazırdı: "Məcmuəni bundan 4-5 il əvvəl başqa şərait daxilində çıxarmış olsaydıq, tutduğumuz yolu kafi surətdə izah edə bilmək üçün bəlkə daha ziyadə təfsilat vermək ehtiyacı hiss edərdim. Fəqət indi bizdən əvvəl vüqü bulan nəşriyyat və bu nəşriyyat sayəsində ehzar olunan bir mühiti nəzərə alaraq tutduğumuz yolun pək qısa cümlələrlə izah oluna biləcəyinə ümid edirik.
Gedəcəyimiz yol əski zaman şairlərinin iftixar etdikləri kimi "Rəhi-narəbdə" (getməyən yol) deyildir. Əksinə, bu yol çox müşkül və tikanlı olmaqla bərabər, gedilmiş şanlı bir yoldur. Bu həqq yolu və millət yoludur. Bir yol ki, Avropa 18, bir xassə 19-cu əsrdə getmişdir. Bir yol ki, müasir şərq hal-hazırda o yolla salik olmuşdur. Bir yol ki, sabiq Rusiya imperatorluğu daxilində yaşayan məhkum millətlər, dəəsi o yola girmişlərdir. Bu yol ki, savarisi milliyyət hədəfi istiqlalıdır!
"Azəri-Türk" hərbi-ümuminin nəticəsində bilfeli istiqlal mücadiləsinə atılan və illərdən bəri böyük bir eşq və hərarətlə izlədiyi cumhuriyyət qayəsinə irmiş bulunan, fəqət milli istiqlalı təkrar səqdəyə uğrayan bir türk elinin, Azəri türk xəlqinin daha müstəlah ismilə "Azərbaycan Cumhuriyyətinin" həyat və müqəddəratı ilə əlaqədar bir məcmuədir.
"Azəri Türk" jurnalının fəaliyyət proqramı belə idi:
1. "Azəri Türk", Azərbaycan istiqlal davasını müdafiə etmək vəzifəsini icra edən milliyyətpərvərlərin naşiri əfkarıdır.
2. Əsarətdə olan Türk qurtuluş və istiqlallarını tərvic eylər.
3. "Azəri Türk" bilxassə Rusluqla mücadilə edər.
4. Qafqazya millətlərinin, Rusya əsarətindən qurtuluşunu və müstəqbəl Rusyanın istilasına qarşı birləşmələrinə tərəfdardır.
"Azəri Türk yazırdı ki, Azərbaycan istiqlal uğrunda gedən mübarizədə tək deyil, "hər şeydən əvvəl əsrin ən hakim bir şüarını təşkil edən Milli İstiqlal şüarının qüvvət və qüdsiyyəti onun bu müvəffəqiyyətli zamanıdır. Sonra özünə qarşı mücadilə etdiyi Rus istilasına qarşı yalnız deyildir. Yəni başında özü ilə bila-nifaq eyni yolun yolçuları, Qafqazya Cumhuriyyətləri ilə bərabər Ukrayna ilə Türkistan kimi mühüm qüvvətlər vardır" və Azərbaycan milləti itirdiyi istiqlalı yenidən qazanacaqdır. "Azəri Türk" yazırdı: "Bakıda çörək, süd, şəkər tapılmadığı kimi dünyanın ən zəngin petrol mənbələrinə malik bulunan Bakıda qaz bulunmur" Başqa bir yazıda isə qeyd olunur: "Aclıq, səfalət, hər tərəfdə hökmünü sürür. Vilayətlərə ezam edilən kommunist propaqandaçılarını artıq xalq dinləmir. Kəndli və fəhlə sinfi: "yetər, artıq bizi qandırmayınız! - deyə ictimalarda olan kommunistlərə qarşı çıxır və içlərindən qovurlar" "Sahibsiz rus cocuqları" yazısında da bir ciddi problemə toxunulur: "Rusiyadan axın-axın Azərbaycana gələn ac və sahibsiz rus cocuqları Bakıda kooperativlərin önündə toplanaraq fürsət düşdükcə çörəkləri dağıtmaqdadırlar. Polis və bələdiyyə məmurları onlarla bacarmamaqdadırlar".
"Azəri Türk" gizli yollarla Azərbaycana gətirilir, xalq arasında yayılırdı.
Bu jurnalın Azərbaycan problemlərinin, ölkədə baş verən hadisələrin Türkiyə ictimaiyyətinə çatdırılmasında böyük rolu vardı.

"Odlu Yurd" jurnalı

1929-cu il martın 1-də imtiyaz sahibi A. Kazımzadə, məsul müdiri Kamal, baş redaktoru M. Ə. Rəsulzadə olan "Odlu Yurd" jurnalı nəşr edilməyə başladı. "Odlu Yurd" özündən əvvəlkilərdən fərqli olaraq bütövlükdə latın əlifbası ilə nəşr olunan ilk jurnal idi. İlk sayı 1929-cu il 1 mart tarixində nəşr olunan məcmuənin son nömrəsi (il 3) 1931-ci il (30-31) N5-6 avqust tarixini daşıyır. "Odlu Yurd" öz səhifələrində başda Azərbaycan olmaqla, Rusiya məhkumu millətlər, Qafqazya, İslam dünyası və beynəlxalq məsələlərlə bağlı mövzulara yer verirdi.
"Odlu Yurd" demokratiyanın, demokratik millətçiliyin istilaçı qızıl Rus istibdadına qarşı müdafiəsində dayanan bir jurnal idi. Bu məcmuə milli istiqlal davasının mənasını belə açıqlayırdı: "Milli istiqlal davası, mədəni millətlər, ailəsi meydanında özünə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu sərih haqqına hələ malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir: "Milli istiqlal davasından geniş bəhs edən digər bir məqalə isə M. Ə. Rəsulzadənin ilk sayda yazdığı "Çöhrəmiz" məqaləsidir: "Milliyyət və istiqlal davası əsrin ən qüvvətli və ən hakim bir şüarıdır. Başda Cumhuriyyət Türkiyəsi olmaqla bütün Şərq bu böyük yolla gedir. Bu şanlı tarix qafilasının ilk yolçularından biri də Azərbaycan türkləridir.
Bu inamla fəaliyyət göstərən "Odlu Yurd" Azərbaycanın bir gün əsarət zəncirindən xilas olacağına inanırdı.
Qeyd edək ki, "Odlu Yurd"un Azərbaycanın istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yeri və rolu olmuşdur: "Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın hansı həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat vəsadəti istiqlal və onun üç rəngli bayrağının altında düşünürsə - o zaman xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazım gəlir. "Odlu Yurd" jurnalında Azərbaycanın istismar olunub Rusiyaya daşınan neftindən, qazından, digər sərvətlərindən də ürək ağrıdan məlumatlar çap edilirdi.
"Odlu Yurd" Azəri mühacirlərinin Türkiyədə çıxardığı son siyasi məcmuə idi.
"Odlu Yurd" jurnalındakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Siyasi yazılar; 2) Elm və ədəbiyyatla bağlı yazılar; 3) Mətbuat və kitabiyyətlə bağlı yazılar; 4) Xəbərlər qismi; 5) İstila qurbanları.
Jurnalın siyasi mövzuda nəşr edilən məqalələrinin əsas müəllifləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadədir. M. Ə. Rəsulzadənin "Öyrədən bir müsibət", "Tarixçiyə qarşı siyasi", "Temmuz (iyul) hadisəsi münasibəti ilə", "Nə gübrədir, nə də peyin", "Qafqaz Birliyi şüarı altında" yazılarının böyük əhəmiyyəti vardır.
Türkiyədə üç ilə yaxın müddətdə nəşr edilən "Odlu Yurd" jurnalı mühacirlərin Azərbaycan istiqlalı uğrunda apardıqları mübarizəyə ciddi dəstək verib əhəmiyyətli rol oynadı.

 

Qulu Məhərrəmli. "Jurnalistika təhsili: forma və standartlar dəyişməlidir"

 

ÖLKƏNİN JURNALİSTİKA TƏDRİSİNİN İNDİKİ SƏVİYYƏSİ VƏ AVROPA ŞURASININ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ HƏYATA KEÇİRDİYİ "AZƏRBAYCANDA JURNALİSTİKA TƏHSİLİNİN İNKİŞAFINA DƏSTƏK" LAYİHƏSİ BUNU ZƏRURƏTƏ ÇEVİRİR

 

Qulu Məhərrəmli - filologiya elmləri doktoru, BDU-nun professoru, televiziya mütəxəssisidir. Bakı Dövlət Universitetini bitirib, 1978-ci ildən 2007-ci ilə kimi Azərbaycan televiziyasında reportyor, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, proqram rəhbəri və siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. Çoxsaylı verilişlərin və sənədli filmlərin müəllifidir. 2007-ci ildən Xəzər TV-də baş məsləhətçi vəzifəsində çalışır.
1981-ci ildən elmi, 1991-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsinə dair 20-dən çox kitabın, monoqrafiya və izahlı lüğətlərin, o cümlədən "Kütləvi kommunikasiya və dil", "Radio dərsləri", "Televiziya jurnalistikası", "Jurnalistikanın əsasları" kimi dərslik və dərs vəsaitlərinin müəllifidir.
Jurnalistika sahəsində ən yüksək mükafatlara layiq görülüb, 2006-cı ildən respublikanın əməkdar jurnalistidir, 2005-2008-ci illərdə Mətbuat Şurası sədrinin müavini olub. Hazırda Jurnalistika və İnkişaf Mərkəzinin rəhbəridir.
Avropa Şurasının BSU-da həyata keçirdiyi "Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək" layihəsini gerçəkləşdirən komandanın üzvü, Radio jurnalistikası qrupunun rəhbəridir.

İndi hamı ölkədəki jurnalist təhsilinin səviyyəsindən narazıdır, bu sahəni tənqid edir və düz də eləyir. Çünki indiki formada bu tədrisin səviyyəsi, forması və standartları texnoloji baxımdan sürətlə irəli gedən müasir medianın tələblərinə lazımınca cavab vermir. Mövcud olan bəzi yaxşı təcrübənin üstündən xətt çəkmədən və tələbələrinə bir şey öyrətmək üçün canı-dildən çalışan azsaylı və vicdanlı müəllimlərin zəhmətini yerə vurmadan demək gərəkdir ki, jurnalistika tədrisinin indiki vəziyyəti ilə uzağa getmək mümkün olmayacaq.

Bəs nə etməli?

Bütün zamanlar üçün aktual olan bu suala BSU-da gerçəkləşdirilməkdə olan "Azərbaycanda jurnalistika tədrisinin inkişafına dəstək" layihəsi cavab verir. BBC dünya xidməti Trustla birgə gerçəkləşdirilən həmin layihənin məqsədləri, strateji hədəfləri, əhatə dairəsi, istiqamətləri, mərhələləri və s. barədə "525-ci qəzet"in ötən sayında layihənin meneceri Aynur Bəşirli geniş məlumat verib. Sadəcə bir məqamı təkrar etməyə lüzum var ki, layihə çərçivəsində beş istiqamət üzrə - yeni media, fotojurnalistika, televiziya və radio jurnalistikası, həmçinin media etikası üzrə modullar hazırlanır. Tədris kontekstində modul anlayışını müəyyən həcmdə saatları əhatə edən kurs, bir az da dəqiq desək, tədris proqramı kimi başa düşmək lazımdır. Amma bir fərq var ki, hər hansı fənnin bir və ya bir neçə modulu ola bilir. Məsələn, bizim hazırladığımız "Radio jurnalistika" ayrıca bir fəndir. Amma o layihə çərçivəsində düşünülən kurikulumda ən azı üç modulda tədris olunur: Radio xəbərçilik, Radio prodakşn, Radio yayımının texniki və texnoloji əsasları. Bu modulda ənənəvi tədris proqramından fərqli olaraq radionun tarixinə və nəzəriyyəsinə geniş yer verilmir. Diqqət daha çox praktik yönə - radio xəbərin, reportajın, fiçerin, diskussiya proqramlarının hazırlanmasına yönəldilir. Məhz belə olduqda tələbə radio üçün yazmağın özəlliyini rahat qavrayır, dərs prosesində verilən tapşırıqlara uyğun olaraq materiallar yazır, montaj edir və özü də mətni efirdə səsləndirir. Gələcək jurnalist bu prosesdə, həmçinin mikrofon qarşısında necə danışmağı, tələffüzü, orfoepiya qaydalarını, dil normalarını öyrənir, müəyyən çərçivədə nitq mədəniyyətinə yiyələnir. Təbii ki, bunlar adi oxucu üçün maraqsız görünə bilər. Amma bu, mikro yaradıcılıq mühiti tələbəni öz peşəsinin zirvəsinə doğru dəqiq yönəldir.

Bilmək, yoxsa bacarmaq?

Bu gün jurnalistika təhsili üçün ən aktual suallardan biri də budur. Əslində, sual tədris sistemindən çıxaraq, bütövlükdə jurnalistikanı əhatə edir. Bizə çox bilən, yaxşı nəzəri biliyi olan tələbə və ya reportyor lazımdır, yoxsa redaksiyanı yarıdan, operativ işləyən, çevik və bacarıqlı jurnalist?
Əlbəttə, bacarıqlı reportyorun müəyyən nəzəri biliklərə yiyələnməsi pis olmazdı, amma istehsalat üçün vərdişlər daha önəmlidir. Çünki bugün bütövlükdə jurnalistika özü dəyişir, qlobal informasiya mühitinə düşür. Bu mühit isə getdikcə daha çox universallaşır. Yazılı media, radio, televiziya, internet, mobil rabitə rəqəmli əsasda tədricən birləşir. Ona görə də, rəqəmə çevrilmiş informasiya auditoriyaya tez, asan və rahat çatdırılır. Jurnalistikanın ayrı-ayrı boyları indi bir-biri ilə daha çox çulğaşır. Hazırda bu sahədə çalışan jurnalist yalnız həmin sahə ilə məhdudlaşmır. O, jurnalistikanın bütün sahələrində işləmək bacarığına yiyələnmək üçün cəhdlər edir. Bax buna görə də indi yüksək peşə vərdişlərinə yiyələnmiş, mühüm bacarıqları özündə birləşdirən reportyor kadrları yetişdirmək jurnalist təhsili sisteminin əsas vəzifəsidir. Deməli, dünənə qədər ali məktəblərdə və qəzet redaksiyalarında aktual olan "tələbə nə bilir" sualı, bu gün "tələbə nəyi bacarır" sualı ilə əvəzlənməlidir. Avropa Şurasının BSU-da gerçəkləşdirdiyi təhsil layihəsi məhz bu fəlsəfəni bizlərə təlqin edir.

Praktika ilə sıx əlaqə

Layihə çərçivəsində bu ilin mart ayında Londona və Linkoln şəhərlərinə səfərlərimiz bizdə xeyli güclü təəssürat yaratdı. London universitetində iştirak etdiyimiz dərs, sanki bir redaksiya toplantısı idi. Tələbələr əvvəlcədən hazırladıqları mövzularını müəllimə təqdim edir, bu mövzunu niyə məhz seçilmiş formada çatdırmasını əsaslandırır, arqumentləri və faktları təhlil edirdilər. Əslində, burada qeyri-adi heç nə yox idi, sadəcə dərs yaxşı təchiz olunmuş auditoriyada keçirilirdi.
London Kommunikasiya Kollecinin radio və televiziya studiyalarına, həmçinin xəbər otaqlarına qibtə etməmək mümkün deyildi. Tələbələr burada rahatca qəzet buraxır, televiziya və radio verilişləri hazırlayırlar. Qəzet və jurnalların dizaynını özləri verir, verilişlərin rejissorluğunu da özləri edirdilər. Bax belə bir situasiyada, təbii ki, yaxşı jurnalist yetişdirmək mümkündür.
Biz tələbələri çoxlu nəzəri materiallarla yükləyirik. Bəzən tələbələr dəftər yazmaq, sonradan mühazirə köçürmək əzabına qatlaşmalı olurlar. Mən hələ demirəm ki, çoxları təsadüfən düşdükləri jurnalistika fakültəsini özləri üçün cəhənnəm hesab edir. Axı burada yaradıcılıq var, yazmaq və veriliş hazırlamaq istedadını ortaya qoymalısan. Birbaşa qəbulla bağlı olduğu üçün bu məsələlərin üzərində çox dayanmıram. Amma bütün özəl və dövlət universitetlərində tədrisin zəif baza üzərində, həm də istehsalatdan ayrı qurulması ciddi problemdir. Xüsusən, universitetlərdə yaxşı jurnalist kadrları hazırlanmamasından şikayət edən televiziya və radio kanalları qapılarını istehsalat təcrübəsinə gəlmiş gələcək həmkarlarının üzlərinə bağlayırlar. Həvəssiz tələbələr isə bu addımı göydəndüşmə fürsət kimi dəyərləndirirlər, çünki bu təcrübə sırf formal xarakter daşıyır. Bəzi qəzet redaksiyalarında da təcrübə keçməyə gəlmiş tələbələrə çağırılmamış qonaq kimi baxır, onlarla işləməkdən vaz keçirlər. Bu məqam yalnız kəmfürsət, həvəssisiz və istedadsız tələbələr üçün "yaxşı" perspektiv açır.
Jurnalistika hələ elm kimi formalaşa bilməyib, yalnız peşə kimi cazibədardır. Bu cazibəni isə yalnız istedadlı və bacarıqlı jurnalistlər artıra bilər. Əgər biz jurnalistika təhsilini cazibədar və maraqlı edə bilsək, universitet auditoriyalarından media mühitinə onlarca istedadlı tələbə göndərə bilərik. "Azərbaycanda Jurnalistika Təhsilinin İnkişafına Dəstək" layihəsinin gerçəkləşdirilməsi bizə bu ümidləri verir.
Deyirlər bir gül ilə yaz açılmaz. Amma bu layihə, onun məqsədi və gerçəkləşdirmə mexanizmi bizə nikbin danışmağa əsas verir. Ən başlıcası odur ki, bu layihə mövcud təhsil sisteminin standartlarını, səviyyə və formasını dəyişərək, onu məharətlə yeni istiqamətə yönəldə biləcək. Çünki bu layihə həyati gücə malikdir. Burada müasir media sisteminin və dövrün çağırışlarına reaksiya, eləcə də, gələcək jurnalistlərə yüksək peşə vərdişlərini aşılayan və praktikaya yönəlik hədəflər öz əksini tapıb.

 

Rəşad Məcid. "Nazirin dərkənarı"

 

Mədəniyyət Və Turizm Nazirliyinin "Mədəniyyət" qəzeti ilə birlikdə keçirdiyi müsabiqənin nəticələri və nazirlik tərəfindən mədəniyyət sahəsində ən yaxşı yazarların mükafatlandırılması ilə bağlı Milli kitabxanada dünən tədbir keçirildi. Mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayev tədbirdə çıxış edərək Azərbaycan prezidentinin mətbuatımızın 135 illiyi ilə əlaqədar sərəncamından, mədəniyyət sahəsində görülən işlərdən, jurnalistlərlə nazirlik arasında münasibətlərdən danışdı. Nazirin çıxışında bir məqam mənim, həm də düşünürəm ki, tədbirdə iştirak edən jurnalistlərin diqqətindən yayına bilməzdi. Öz çıxışımda da bu məqama münasibət bildirərək, əslində bu fikirlərin arxasında mətbuat-məmur münasibətlərinə işıq sala biləcək çox mətləblərin dayandığını dedim. Bəs, həmin fikir nədən ibarət idi?
Nazir qeyd etdi ki, hər səhər ona demək olar, ölkədə çıxan əksər qəzetlərdə mədəniyyət sahəsi ilə bağlı yazılan yazılar və yaxud da hansısa yazıda hansısa irad qeydə alınaraq təqdim olunur. Əbülfəs müəllim qeyd etdi ki, o bəzi qeydlərin yanında dərkənar qoyaraq müvafiq şöbələrə bu iradların araşdırılması tapşırığını verir. Bəli, mənə elə gəlir ki, indiki məqamda mətbuatın yazdıqlarına və mətbuata münasibət məhz bu cür təzahür olunmalıdır. Əslində, jurnalistlərin, söz adamlarının fəaliyyətində dedikləri sözə, yazdıqları fikrə, etdikləri tənqidə qarşı tərəfin necə reaksiya verməsi böyük önəm daşıyır. Bu baxımdan nazirin mətbuatın yazdıqlarına belə həssas reaksiyası hesab edirəm ki, digər məmurlarımız üçün də nümunə olmalıdır. Bu gün mətbuatımıza müəyyən qədər inamın azalmasının obyektiv səbəbləri olsa da mətbuatda yazılan haqlı tənqidlərin qulaqardına vurulması da bu tənəzzül prosesində heç də az rol oynamır. İlk növbədə isə bu, məmurların mətbuata soyuq münasibətindən qaynaqlanır. Bizim elə nazirlərimiz, məmurlarımız var ki, mətbuat hansısa bir obyektiv məsələni dəfələrlə qabartsa da, heç bir reaksiya göstərmir. Belə olanda isə istər-istəməz həm jurnalistin özünə inamı ölür, həm də ümumiyyətlə medianın nüfuzuna zərbə dəyir.
Mətbuat günü ərəfəsində ümid edirəm ki, mətbuata laqeyd münasibət göstərən məmurlarımızla jurnalistlərimiz arasında münasibətlər yeni, obyektiv və pozitiv istiqamətdə cərəyan edəcək. Mədəniyyət və turizm nazirinin nümunəsində olduğu kimi. Çünki istənilən demokratik ölkələrdə ictimai rəyi formalaşdıran jurnalistlərdi. Bu hesabla jurnalistə, mətbuata biganəlik ictimaiyyətə biganəlik kimi qəbul olunmalıdır.

"Kitab evi"

Ötən həftə diqqətimi çəkən daha bir məqam isə çərşənbə günü Bakıda yeni "Kitab evi"nin açılış mərasimi zamanı oldu. "Təhsil" Nəşriyyat Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində, Fətəli xan Xoyski küçəsində yerləşən "Kitab evi"nin açılışına Azərbaycanın iki naziri - təhsil naziri Misir Mərdanov və mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev təşrif buyurmuşdu.
Bu gün bizi çox narahat edən məsələlərdən biri artıq meqapolisə çevrilən Bakı şəhərində cəmi 7-8 kitab mağazasının olmasıdır. Bəzi bölgələrimizdə isə kitab mağazaları demək olar ki, artıq "tarixə dönüb". İş adamlarımız daha rentabelli sahələrə investisiya qoyduqlarından kitab evləri yaratmaq, kitab mağazaları şəbəkəsi qurmaq demək olar ki, unudulub. Əslində isə iş adamları yalnız maddi deyil, mənəvi tərəfləri də düşünməlidir. İstənilən xalqın mədəniyyəti, maariflənməsi, savadlanması üçün kitab mağazalarının bol olması və həm də müsair tələblərə uyğun gəlməsi ən vacib məsələlərdəndir. Vaxtilə Bakı şəhərində və respublikamızın rayonlarında olan yaraşıqlı, geniş kitab mağazaları keçid dövrünün qarmaqarışıqlığına qarışaraq yoxa çıxdı. Bu baxımdan həmin gün Bakı şəhərində "Kitab evi"nin açılışını əsl bayram hesab etmək olardı. Və bu "Kitab evi"nin açılışına Azərbaycanın iki nazirinin gəlməsi, dövlətin, hökumətin bu sahəyə həssas münasibətinin göstəricisi kimi qəbul olunmalıdır.
"Təhsil" Nəşriyyat Poliqrafiya Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Bəhruz Axundov tanınmış naşirdir. Uzun illər nəşriyyat sisteminə rəhbərlik edib, bu işin gözəl bilicisidir. Son illər təhsil nəşriyyatı yeni binaya köçüb və bu binada müasir mətbəə kompleksi, ən son çap avadanlıqları yerləşdirilib. Bəhruz müəllimin rəhbərlik etdiyi nəşriyyatın nəfis şəkildə işıq üzü görən kitabları bir sıra kitab yarmarkalarında mükafatlar alıb, uğurlar qazanıb. Elə bu "Kitab evi"nin açılışında qonaqlara təqdim olunan Çingiz Əlioğlunun "Çərçivə" kitabı da öz mükəmməlliyi ilə hamını valeh etdi. Təsadüfi deyil ki, bu kitab ötən ay Moskvada Beynəlxalq Kitab Sərgi Yarmarkasında "Qran-pri"yə layiq görülüb. Ümumiyyətlə "Təhsil" nəşriyyatının bizim musiqi sahəmizə həsr etdiyi tar, kamança formatlı kitabları görərkən heyrət etməyə bilmirsən. Çox sevindirici haldır ki, artıq Azərbaycanda bu səviyyədə kitabları çap etmək üçün bütün avadanlıqlara malik belə bir nəşriyyat-poliqrafiya mərkəzi fəaliyyət göstərir. Və bu sıradan həmin mərkəz tərəfindən "Kitab evi"nin açılışı da mədəni həyatımızda mühüm hadisəyə çevrildi. Həm kitab mağazası ilə həm də mətbəə ilə tanışlıq prosesində Bəhruz müəllimin nazirlərə müəyyən məlumatları verdiyi zaman onun bütün prosesi çox yaxından bilməsi aydın hiss olunurdu. Qonaqlar onun öz işinə, sənətinə nə qədər ürəkdən yanaşdığını, öz işindən necə zövq aldığını görürdülər. Yəqin elə bu əmək, bu zövq də sonda belə bir mətbəənin yaranmasını gerçəkləşdirib. Gəlin arzu edək ki, hər birimiz çalışdığımız sahədən asılı olmayaraq, gördüyümüz xırdalı-böyüklü bütün işlərə belə ürəkdən, zövqlə yanaşaq. Bəhruz müəllim kimi.

 

Vaqif Yusifli. "Böyük nəsr ustası"


Bu yazını qələmə almamışdan öncə, onun ciddi, təmkinli baxışlarını, bir qədər soyuq təsir bağışlayan gözlərini, ağayana yerişini xatırladım.Həmişə Sabir müəllimin yazıları ilə onun zahiri görkəmi arasında bir yaxınlıq hiss etmişəm. Bəli, o, ciddi və təmkinli adam idi. Amma o ciddiliyin arxasında isti bir ürək sahibinin varlığını hiss edirdin, onunla dil tapmaq, hansı məsələdəsə razılığa gəlmək bəzən çətin olurdu. Sabir Əhmədli vüqarlı insan idi, onu sındırmaq, dayandığı mərtəbədən aşağı endirmək mümkün deyildi.Bəzən bu ağırtəbiətliliyinə görə ən yaxın bildiyi adamların da ondan üz döndərdiyini görəndə təmkinini pozmurdu.
Sabir Əhmədli həyatında bir neçə itki ilə üzləşmişdi. Böyük qardaşı Cəmil Əhmədov İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmişdi, Qısaca da olsa, onun son döyüş günlərini xatırlayaq: 1944-cü ildə, Belorusiyada, Prucinişa adlı yaşayış məntəqəsində düşmən müdafiəsini yarmaq uğrunda döyüşlərdə Cəmilin atıcılar vzvodu böyük hünər göstərdi, Cəmil özü 10 hitlerçini məhv etdi. İkinci gün, Kupyatiçi yaşayış məntəqəsi uğrunda döyüşdə Cəmil üç dəfə ağır yaralandı, amma döyüş meydanını tərk etmədi. Sağaldıqdan sonra yenidən polka qayıtdı, Polşada, Narev çayı sahilində Zalupitsa yaşayış məntəqəsini azad etmək uğrunda döyüşdə yenə, bu dəfə dörd dəfə ağır yaralandı və 6 oktyabr 1944-cü ildə aldığı sonuncu, ölümcül yaradan gözlərini əbədi yumdu... Cəmil elə sağlığında, həlak olmamışdan öncə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü.
Müharibə bitdikdən sonra Cəbrayılda, Cəmilin doğulduğu rayonda çinar altında, kəhrizin üstündə Cəmilin heykəli ucaldıldı.Unudulmaz şairimiz Əli Kərim "Heykəl və heykəlin qardaşı" poemasında Cəmil Əhmədova xatırlayır:
Gördüm Cəmili
tunc geyimli,
heykəlliyində də
qayğıkeş,
cəsur,
sadə.
Sinəsini döndərmişdir,
həyatla
ölüm arasındakı səddə.

İllər keçdi və kiçik qardaş Sabir Əhmədli Varşavada, Polşanı faşistlərdən azad etmək uğrunda döyüşlərdə həlak olmuş sovet döyüşçülərinin qəbiristanlığında qardaşının məzarını tapdı. Sabir Əhmədli sonralar bu səhnəni "Dünyanın arşını" romanında təsvir edəcəkdi: "...Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! Otuz beş yaşlı kiçik qardaş, iyirmi yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan kiçikdir, onun üçün zaman yoxdur...Ona aid olan zaman iyirmi il əvvəl bir gecə səhərəcən qurşağa qədər bir çayda qalıb döyüşəndən sonra əvvəlcə qoluna, sonra başına dəyən güllə ilə dayanıb".
İkinci itki isə 1994-cü ildə baş verdi., Sabir müəllimin oğlu Məhəmməd könüllü olaraq Qarabağ uğrunda döyüşlərə yollandı,cəbhəyə getdi və döyüşlərin birində həlak oldu. Bu itkini S.Əhmədli "Axirət sevdası" romanında təsvir edir: "Orta-böyük otaqda çəhrayı ipək örtük salınmış cənazə qoyulmuş, anası başdan oturmuş, xalaları, qonum-qonşu cənazə dövrəsində halay qurub əyləşmişdilər.
- Y O X! Yox! Yox... Ola bilməz. İnanmaram! Məhəmməd, balam mənim! İnanmaram! - cənazənin ayağında çöküb, dizin-dizin onun üstünə can atdım.
- Açın üzünü! Götürün örtüyü! Mən onu görmək istəyirəm!.. Mən səni haralarda axtardım, balam?! Gəlibmişsən, özün gəlibmişsən! Məndən qabaq gəlib çıxmısan evimizə"
Amma Sabir Əhmədlinin həyatındakı bu itkilər onun ömrünün sonunacan iradəsini, dözümünü sarsıda bilmədi. Qardaş itkisi gənc Sabir Əhmədli üçün başıucalıq idi, oğul itkisi isə Ata Sabir üçün başıucalıq oldu. Öz yaratdığının cavan ikən həlak olması onu bir ata kimi içəridən nə qədər sarsıtsa da, o, bu dərdlə neçə il yaşadı və dərdini əsərlərinə payladı, Cəmil haqqında sənədli povest yazdı, oğul itkisini isə öncə qeyd etdiyimz kimi,"Axirət sevdası" romanında təfərrüatı ilə əks etdirdi.
Sabir Əhmədli sabit adam idi, ömrü boyu xasiyyəti, xarakteri dəyişmədi, deyirlər. Bu onun tərcümeyi-halında da öz əksini tapır. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra beş il Cəbrayıl rayonunda, orta məktəblərdə müəllim işlədi, 1956-cı ildən ta 1996-cı ilə qədər "Ədəbiyyat qəzeti"ndə işlədi, ədəbi işçi kimi fəaliyyətə başladı, baş redaktor kimi isə işdən çıxdı. Düz 40 il bir qəzetdə işləmək onun necə sabit adam olduğuna əyani sübut deyilmi?
Sabir Əhmədlinin yaradıcılıq yoluna nəzər yetirdikdə bir neçə məqama diqqəti cəlb etmək istəyirəm.
Birincisi; son əlli ilin Azərbaycan nəsrini Sabir Əhmədlinin hekayə, povest və romanları olmadan təsəvvür etmək qeyri-mümkündür. Ədəbiyyat aləminə "Arabaçı" hekayəsi ilə gələn S.Əhmədli, mərhum tənqidçi Qulu Xəlilovun ifadəsiylə desək, bu ARABANI ZİRVƏYƏ QALDIRDI. Azərbaycan xalqının son altmış-yetmiş ildə keçdiyi yol onun əsərlərində öz parlaq ifadəsini tapır. Doğrudan da "Yamacda nişanı", "Qanköçürmə stansiyası", "Aran", "Görünməz dalğa", "Dünyanın arşını", "Yaşıl teatr", "Yasamal gölündə qayıqlar üzürdü", "Toğana", "Azıxa doğru", "Gedənlərin qayıtmağı", "Kütlə", "Axirət sevdası", "Ömür urası", "Kef" roman və povestləri olmasaydı, nəsrimizdə bir boşluq yaranardı.
İkincisi; Sabir Əhmədli Azərbaycan kəndinin son altmış illik sosial və mənəvi mənzərəsini əks etdirən bir yazıçı kimi diqqəti cəlb edir: "S.Əhmədov əlinə qələm aldığı ilk gündən kotanlı-belli, oraqlı-çinli, dəryazlı bir kənd müdriki, el adamı, torpaq oğlu kimi bu aləmdən bütün varlığı ilə yapışmış, xalqın sevinc və kədərini, yeni həyat tərzini, düşüncələrini, yaşamaq uğrunda mübarizəsini yaradıcılığına hopdurmuşdur. O, bu aləmi dərindən duyan, sevən və parlaq bir ağılla əks etdirən yazıçıdır" (Qulu Xəlilov).
Neçə il öncə, S.Əhmədlinin yaradıcılığına həsr etdiyim bir yazıda qeyd etmişdim ki, S.Əhmədli kəndi, onun problemlərini çox gözəl bilir, bəlkə də "gözəl bilir" demək azdır, o, bu problemlərlə yaşayır. Elə oradaca yazmışdım ki, "kənd qəsri" ifadəsi şərtidir, çünki S.Əhmədlinin əsərlərində hadisələrin hansı məkanda cərəyan etməsindən asılı olmayaraq insan, xalq və cəmiyyət, ziyalı problemləri öz bədii ifadəsini tapır.
Üçüncüsü; S.Əhmədov xarakter ustası idi. O, hansı obrazı təqdim edirdisə, həmin obraz həyati və inandırıcı təsir bağışlayırdı. Altmışıncı illərin sonlarında (1969) yazılan "Yamacda nişanə" povestinin qəhrəmanı Laçın "tragik bir ömrün və taleyin acı tarixçəsi"ni (Yaşar Qarayev) yaşayır. Əsgərlikdən evinə dönən, amma çılğınlığına, həqiqəti hamının üzünə çəkinmədən söyləyən, dəli-dolu xasiyyətli Laçına iş vermirlər. Çox götür-qoydan sonra onu yanğınsöndürmə idarəsində sürücülüyə götürürlər. Bu idarənin başçısı Həsənxan isə xasiyyətinə görə soyuqdur, buz adamı xatırladır. Ancaq Laçın bu buz adamın yanında işləməklə xasiyyətini dəyişmir və günlərin birində sürdüyü maşınla qəzaya uğrayır.
Laçın obrazı nəsrdə təzə idi. Bundan sonra Əkrəm Əylislinin "Kür qırağının meşələri" yarandı və həmin əsərdə də Qədir obrazı belə bir fikri təsdiqlədi ki, sosializm cəmiyyətində bu tipli insanlara yer yoxdur, çünki onlar hansı ölgün, sısqa mühitə düşsələr, orada bir çaxnaşma yaradacaqlar. Həmin sısqa və ölgün mühitdə isə həyat qaynamır, daşmır, beyinlər kütləşib.Laçın və Qədir obrazları ədəbiyyatda qəhrəman probleminə də bir yenilik gətirdi. "Müstəsna", "müsbət" qəhrəman problemi deformasiyaya uğradı. Məlum oldu ki, ədəbiyyatın əsas qəhrəmanları təkcə müsbət keyfiyyətlərinə görə deyil, bir insan kimi bütün ziddiyyətlərinə, həm mənfi, həm də müsbət təsir bağışlayan cəhətlərinə görə təsvir edilməlidir.
Sabir Əhmədlinin qəhrəmanlarını səciyyələndirən xüsusiyyətlər sırasında biz dövrün eybəcərliklərinə qarşı etirazı, Şərə qarşı mübarizədə ardıcıl mövqe tutmalarını xüsusi qeyd etməliyik. "Dünyanın arşını"ndakı filosof Arif, "Yaşıl teatr"dakı Kainat, "Qanköçürmə stansiyası"ndakı Hüsən, "Yasamal gölündə qayıqlar üzür"dəki Hikmət müəllim keçən əsrin 60-80-ci illərinin ədəbi qəhrəmanları idi və deyim ki, bu obrazlar daha çox "əməl" qəhrəmanları kimi deyil, "düşünən" qəhrəmanlar kimi diqqəti cəlb edirdilər. Onların Şərə qarşı mübarizəsi fikir çarpışmaları, bir-birinə zidd dünyagörüşlərinin qarşılaşması kimi təsvir olunurdu və əlbəttə, burada Şəri təmsil edən qüvvələr də aciz və passiv göstərilməyib. Onların da öz "fəlsəfəsi", öz mübarizə üsulları vardı.
Dördüncüsü; Sabir Əhmədlinin Azərbaycan nəsrində bir roman ustası kimi dəyərləndirilməsi məsələsidir. Məlumdur ki, həmişə roman janrı ilə bağlı mübahisələr gedir və bəziləri iddia edirlər ki, Azərbaycan romanı hələ dünya romanı səviyyəsinə gəlib çatmayıb və olsa-olsa, yaranan bir sıra yaxşı nümunələr də povest adlandırıla bilər. Bu, kökündən yanlış bir fikirdir. Azərbaycan romanının da öz məxsusi özəllikləri var və əgər dünya romanı səviyyəsi məsələsi ortalığa qoyulursa, mən "Qılınc və qələm" kimi klassik nümunədən tutmuş ən azı on-on beş romanın ("Gələcək gün", "Şamo", "Geriyə baxma, qoca", "Dəli Kür", "Qarlı aşırım", "Qətl günü", "Mahmud və Məryəm", "Fətəli fəthi", "Dünyanın arşını" və s.) adını çəkə bilərəm ki, bu əsərlər Azərbaycan romanını dünyada tanıtdırmağa kifayət edər. Bu sırada Sabir Əhmədovun da uğurları az deyil. Doğrudur, onun iyirmiyə yaxın romanları içərisində hamısı uğurlu deyil, amma o, roman ustası idi. Xüsusilə "Axirət sevdası", "Kef", "Ömür urası" kimi ömrünün son on ilində yazdığı romanları onu sübut edir ki, S.Əhmədli artıq janrın bir sıra ənənəvi, daşlaşmış stereotiplərindən imtina edir, roman poetikasına yeniliklər gətirir.Azərbaycan romanında müxtəlif elementlər (folklora, mifə istinad, fəlsəfi çalarlar, retrospektiv təsvirlər və s.) daxil olur, janr-üslub xüsusiyyətləri yeni meyllərlə zənginləşir ( roman-dialoq, roman-reportaj, neo roman və s.) və S.Əhmədlinin sonuncu romanlarında da bunu görməmək insafsızlıq olardı.
Beşincisi; Sabir Əhmədlinin əsərlərinin dili, ifadə tərzi çox zəngindir və onun yaradıcılığından söz açan müəlliflər bəzən bu faktın üstündən yan keçmişlər.Bəlkə də, bu, ondan irəli gəlib ki, onun təhkiyə tərzi bəzilərinin iddia etdiyi kimi "dinamik" və "axar-baxarlı" deyil, bir qədər ağırdır, hətta Amma diqqətlə nəzər yetirdikdə, görürük ki, bu, sırf epik təhkiyə üslubudur, müqayisə nöqsanlı olsa da, deməliyəm ki, bir az da Süleyman Rəhimovun təhkiyə tərzinə oxşayır. Amma oxşarlıq zahiridir. Sabir Əhmədlini öz ustadlarından (S.Rəhimovdan, M.Hüseyndən, M.İbrahimovdan, İ.Əfəndiyevdən) fərqləndirən cəhət təsvirdə özünəməxsus olmasıdır. Bu özünəməxsusluq isə detallarda, cümlə quruluşunda, nəsrin sintaksisində özünü göstərir. Məsələn,S.Əhmədli "Yamacda nişanə" povestində Laçının xarakterini bir neçə detalda elə ümumiləşdirir ki, sonra əlavə təfsilata heç bir ehtiyac qalmır. "Qorxsalar da, qorxmasalar da, sevsələr də, sevməsələr də, Laçın kiçik şəhərin bir ərköyün, dəlisov balası idi. Ərsəyə yetib, qənşərə çıxdığı gündən adamların üz-gözü ona elə öyrəşmişdi ki, buranı Laçınsız ağıllarına gətirə bilməzlər. Küçədə, dükanlarda, bazarda Laçın görünməsə, nə dükan dükandı, nə bazar bazar. Əlləri gah dalında, gah əsgərsayağı yanlarında yellənə-yellənə girirdi bazara.
...Yerişində, hərəkətində elə od, hərarət vardı ki, guya keçib havaya kibrit çəksən alovlanacaqdı".
İnsan münasibətlərinin mənalandırılması, obrazların daxili aləminin çoxçalarlı ifadəsi də S.Əhmədlinin bədii dilində sənətkarlıqla çatdırılır. "Dünyanın arşını" romanı bu mənada S.Əhmədlinin ən maraq doğuran əsərlərindən biridir. Əsərin qəhrəmanı filosof Arif Arazın o tayına həsrətlə boylanır və bu həsrəti görün müəllif necə ustalıqla canlandırır: "Mən bir üzü qırmızı, bir üzü sarı körpü daşlarını göz yaşlarımla yumaq istərdim. Alaq basmış nəhəng qəbirə bənzəyən torpaq körpüyə döşənib, o torpağı qucaqlamaq istərdim. Mən qan-qırmızı tuman-qofta geymiş elat qızlarını doğma bacımtək bağrıma basıb öpmək istərdim. Köçəri-tərəkəmə gözəllərini lap yaxından görüb, onların bizə necə bənzədiklərinə baxmaq..istərdim. Mən...heç bir zaman, ömrümdə heç bir vaxt doğma bacımın, yeganə əziz Bənövşənin həsrətini bunlar qədər çəkməmişdim. Könlümü, qəlbimi heç bir zaman həmin dəqiqələrdə, saatlarda olduğu kimi acı hicran zəhəri parçalamamışdı. Mən müəllimdim, müəllim olmaq arzusunda idim. Ömrümü son dəqiqəsinədək bax orada, o alaçıqlarda, o obalarda maarifə həsr edərdim".
Sabir Əhmədlinin şəxsində gözəl bir Azərbaycan ziyalısını, görkəmli bir nasiri itirdik. Onu çox sevən atasının, anasının, qardaşlarının və oğlu Məhəmmədin əbədi məkan tutduğu bir dünyaya getsə də, əsərləri yaşayır, xatirəsi də yaşayacaq. Nə qədər ki, ədəbiyyatımız yaşayır...

 

Tarix: 12.07.2010 00:05 | Baxış: 1539 | Müəllif: Aydın Xan ƏBİLOV | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2014. KİTABXANA.net. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

 

Netty2013 Winner