Azərbaycan Prezidenti YUNESKO-nun baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 29-da YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı qəbul ediblər. YUNESKO-nun baş direktoru xanım İrina Bokovanı Azərbaycan Prezidentinin xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qarşılayıb.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın YUNESKO-nun baş direktoru xanım İrina Bokova ilə görüşü olub.
Dövlətimizin başçısı YUNESKO-nun baş direktoru xanım İrina Bokovanın ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Xanım İrina Bokovanın YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Xanım İrina Bokova YUNESKO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulamışdır. YUNESKO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını demişdir. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Prezident İlham Əliyev YUNESKO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm planların olduğunu demişdir. Dövlətimizin başçısı YUNESKO-nun baş direktorunun ölkəmizə səfərinin əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.
QHT-lərə Dövlət Dəstəyi Şurası jurnalistlər üçün müsabiqə elan edir
Müsabiqədə mərkəzi televiziyalar, gündəlik qəzetlər və informasiya agentlikləri iştirak edə bilərlər. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT fəaliyyətini ən yaxşı işıqlandıran KİV müsabiqəsini elan edir.
Şuradan Milli.Az-a verilən xəbərə görə, müsabiqədə mərkəzi televiziyalar, gündəlik qəzetlər və informasiya agentlikləri iştirak edə bilərlər.
Televiziyalar üzrə:
I mükafat - 1000 AZN II mükafat - 800 AZN III mükafat - 600 AZN 2 həvəsləndirici mükafat - hər biri 300 AZN
Gündəlik qəzetlər üzrə:
I mükafat - 1000 AZN II mükafat - 800 AZN III mükafat - 500 AZN 2 həvəsləndirici mükafat - hər biri 200 AZN
İnformasiya agentlikləri üzrə:
I mükafat - 1000 AZN II mükafat - 800 AZN III mükafat - 500 AZN 2 həvəsləndirici mükafat - hər biri 200 AZN
Müsabiqənin əhatə dövrü 01 avqust - 01 dekabr 2010-cu ildir.
Qalibləri müəyyən etmək üçün KİV-i mütəmadi izləyən xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. Qrupun təqdim etdiyi göstəricilər üzrə Şura müsabiqənin qaliblərini müəyyən edəcəkdir.
Müsabiqə qaliblərinin müəyyənləşdirilməsində QHT fəaliyyətinin işıqlandırılması və təbliğ edilməsilə bağlı aşağıdakı meyarlar əsas götürüləcəkdir:
a) Materialın QHT fəaliyyətində şəffaflıq və hesabatlılığın artırılmasına təsiri; b) QHT fəaliyyətinin obyektiv işıqlandırılması; c) QHT fəaliyyətinin işıqlandırılmasında davamlılıq amili; d) Materialın jurnalistika tələblərinə uyğunluğu; e) Materialın QHT-lərin ümumi inkişafına təsiri;
Müsabiqənin nəticələri 15 dekabr 2010-cu ildən sonra açıqlanacaq, qaliblərə mükafatlar təntənəli mərasimdə təqdim ediləcəkdir.
Opera və Balet Teatrı Münxen festivalında
Avropada ən mötəbər musiqi sənəti festivallarından biri olan Münxen festivalında bu il 36 dövlətin musiqiçiləri iştirak edəcəklər. Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyevanın Milli.Az xəbər portalına verdiyi məlumata görə, teatrın simfonik orkestri bu festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə bir sıra tanınmış vokalçılarla yanaşı, həm də məşhur dirijorlar Xose Kallada (İspaniya) və Korneliya Kerssenbrofk (Almaniya) iştirak edəcək.
Məlumatda bildirilir ki, avqustun 8-də keçiriləcək Qrand-final konsertində dünyanın ən tanınmış bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları- Ü.Hacıbəyli, Q.Qarayev və P.Bülbüloğlunun əsərləri də ifa olunacaq. Konsertdə orkestri Korneliya Kerssenbrofk və Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.
50 yaşlı fransız aktyoru gənc azərbaycanlı aktrisaya aşiq olur və...
Rüstəm İbrahimbəyovun yeni filmi Milli Kino günündə təqdim olunacaq. Avqustun 2-si, Milli Kino günündə "Kabusun gözüylə" adlı bədii filmin təqdimatı olacaq. "İbrus" kinoşirkəti (Azərbaycan-Rusiya) və "Toursky" Teatrının (Fransa) birgə istehsalı olan filmin ekran müəllifi tanınmış rejissor Rüstəm İbrahimbəyovdur.
Milli.Az-ın verdiyi xəbərə görə, əsas rollarda Tofiq Mirzəyev, Mələk Abbaszadə, Fatimə İbrahimbəyova və "Toursky" Marsel Teatrının aktyoru Rişar Martin oynayır.
Filmdə, öz ölkəsində kifayət qədər tanınmış 50 yaşlı fransız aktyoru və incəsənətdə ilk addımlarını atan azərbaycanlı gənc aktrisanın münasibətlərindən bəhs olunur. Hadisələr 90-cı ilin yanvar ayında cərəyan edir.
Müstəqilliyə can atma yollarında dovlətimizi dəstəkləmək ümidilə Bakıya gələn fransız özündən 20 yaş kicik aktrisaya vurulur...
Filmin rejissoru Rüstəm İbrahimbəyovun sözlərinə görə, bu filmi 20 il əvvəl Fransa-Rusiya layihəsi çərçivəsində bir başqa fransız aktyorunun iştirakı ilə reallaşdırmaq niyyətindəydi. "Ancaq o dovrdə hər üç layihədən ikisi tozlanmış rəflərdə "yatdığından" filmi ekranlaşdırmaq mümkün olmadı. İllər sonra Rişar Martinlə tanış oldum və kohnə ssenarini yeniləşdirib yeni qəhrəmanın ifasına uyğunlaşdırdım".
R.İbrahimbəyovun sözlərinə görə, "Kabusun gözüylə" filmi Azərbaycan-Fransa birgə kinematoqrafiyası arasında ilk tammetrajlı layıhədir: "Bu kinoəsər özündə komediya, dram və tragedik məqamları əks etdirdiyinə görə, filmin janrını "həyat janrı" adlandırmağı daha məntiqli bildim. Bu filmdə Rişar Martin özünü oynayır".
Qeyd edək ki, "Kabusun gözüylə" filminin maliyyə büdcəsi 800 min AZN və 200 min avro təşkil edir.
Firəngiz Əlizadə Almaniyadadır
Azərbaycan Bəstəkarlar İttifaqı 2010-cu ilin ilk yarısı üçün təsdiqlənmiş tədbirlər planını həyata keçirərək mövsümü başa vurub.
İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlu Lent.az-a bildirib ki, hazırda Bəstəkarlar İttifaqının İdarə Heyəti məzuniyyətdədir.
Bəstəkarlar ittifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə isə Almaniyaya istirahətə gedib. Bəstəkarın oğlu da orada yaşayır.
İ. Hacıxanoğlunun sözlərinə görə, İdarə Heyəti sentyabrın ilk günlərində məzuniyyətini başa vuracaq. Elə həmin ay dahi Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə Bəstəkarlar İttifaqı tərəfindən müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Lakin tədbirlər planı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hələ təsdiqlənmədiyi üçün bu barədə ətraflı məlumat verilmir.
Xəyalə
Azərbaycanlı milyarder Avropada senator oldu
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının üzvü, sonra isə senatoru seçilib.
Qərar bu qurumun rəhbərliyi tərəfindən iyulun 15-də verilib. Sənaye Palatası Avropa İqtisadi Maraqlar Qrupunun (EEİG) formatı əsasında təsis edilən nəhəng və nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatıdır. Sənaye Palatası Avropa İqtisadi Birliyi Şurasının 25 iyul, 1985-ci il tarixli qərarı ilə təsis olunub. Bu qurum Brüsseldəki Kommersiya Məhkəməsi tərəfindən rəsmi qeydiyyata alınıb və Avropa məkanında hüquqi şəxs kimi çıxış edir.
EEİG-in yaradılmasının əsas təşəbbüskarı Avropa iqtisadiyyatının özəl sektorudur. Bu qurumun məqsədi Avropa Birliyi ölkələri hökumətlərinin siyasi, iqtisadi, sosial və mədəni-humanitar məqsəd və vəzifələrini dəstəkləməkdir. Təşkilatın adı Avropa Birliyinin ticarət markası kimi müdafiə olunur. Avropa hökumətinin rəsmi məsləhətçisi olan EEİG-in missiyası həm Avropa Birliyi ölkələrinin daxili bazarında, həm də Avropa Birliyi ölkələri ilə digər ölkələrin işgüzar dairələrinin münasibətlərində vasitəçi olmaqdır.
Xatırladaq ki, Rusiyanın ən nüfuzlu və varlı adamlarından olan F.Əhmədov 1955-ci ildə Göyçayda doğulub. 15 yaşında Rusiyaya gedən soydaşımız orada biznes və siyasi fəaliyyət sahəsində parlaq karyera əldə edib. Rusiyada Skryabin adına Veterinarlıq Akademiyasını və Qubkin adına Neft İnstitutunun aspiranturasını bitirib, bir müddət dövlət idarələrində işləyib. 1985-ci ildə özəl bizneslə məşğul olmağa başlayıb. Az sonra Böyük Britaniyaya mühacirət edib və Londonda nüfuzlu Yüksək İqtisadiyyat Məktəbinə daxil olub. Elitar iqtisadi təhsil alandan sonra neft biznesinə keçib. Londonda "Tansley Trading Ltd." adlı şirkət təsis edib. Bu şirkət "Qazprom"un tərəfdaşlarından olub. 1989-cu ildə ABƏŞ-in yaradılmasının əsas ideoloqlarından biri kimi çıxış edib, "Amoco Eurasiya" və "McDermott" neft şirkətlərini bu layihəyə cəlb edib. Rusiyaya qayıdan soydaşımız 1993-cü ildə özəl neft şirkəti - "Nortgaz" QSC-ni qurub. Şirkət Rusiyanın Yamal-Nen Muxtar Vilayətindəki iri neft-qaz yataqlarından olan Şimali Urenqoy yatağının işlənməsində operator olub. F.Əhmədov fəal siyasətlə məşğuldur və kifayət qədər yüksək siyasi titul daşıyıb. 2004-2009-cu illərdə parlamentin yuxarı palatasının - Rusiya Federasiya Şurasının üzvü (senator) olan F.Əhmədov bundan əvvəl də Federasiya Şurasında Krasnodar vilayətini təmsil edib. Rusiyada və dünyada senator olan ilk azərbaycanlıdır. Hazırda "Nortgaz" şirkətinə rəhbərlik edən F.Əhmədovun sərvəti 1 milyard dollardan yuxarı hesablanır. Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Azərbaycanda Göyçay nar emalı zavodunun əsasında yaradılan "Aznar" şirkətinin sahibidir.
Azərbaycanlı dirijor bir ay ərzində üç ölkədə konsert verəcək
Azərbaycanın gənc və istedadlı dirijoru Əyyub Quliyev sentyabr ayında bir neçə ölkədə qastrol səfərində olacaq.
Səfərləri barədə Lent.az-a danışan dirijor bildirib ki, Kislovodsk və Yesentuki şəhərlərində keçiriləcək ilk konsertləri Qafqaz Mineral Suları Dövlət Filarmoniyasının 115 illik yubileyinə həsr olunub.
Sentyabrın 3-ü və 4-də baş tutacaq konsertdə Əyyub Quliyev Rusiya Akademik Simfonik Orkestri ilə birgə çıxış edəcək. Konsertin solisti Svetlana Berejnaya olacaq. Sentyabrın 6-da düzənlənəcək növbəti konsertdə isə məşhur pianoçu Nikolay Luqanski solistlik edəcək. Proqramda Şopen və Şumanın əsərləri səslənəcək.
Ə. Quliyevin sözlərinə görə, növbəti səfəri Litvanın paytaxtı Vilnüsə gözlənilir. Belə ki, dirijor konsertdə Litva Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək. Konsertdə dünya klassikləri ilə yanaşı Üzeyir Hacıbəylinin də əsərlərinin ifa olunacağı gözlənilir.
Daha bir konsert proqramı isə sentyabrın 22-də Vyanada baş tutacaq. Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunacaq bu konsert Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Konsertdə Əyyub Quliyevlə yanaşı digər sənətçilər də iştirak edəcək.
İnterneti söndürmək və yenidən işə salmaq hüququ 6 nəfərə verildi
Dünyada internet şəbəkəsini zəruri hallarda söndürmək və yenidən işə salmaq hüququna malik 6 nəfərlik qrup yaradılıb.
Lent.az-ın "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi beynəlxalq komissiya belə bir qərar qəbul edib.
Bu şəxslər qlobal şəbəkəni söndürmək və yenidən hərəkətə gətirmək üçün xüsusi kodlar verilib. Qrupun hər bir üzvü texnoloji qəza, yaxud telekommunikasiya obyektlərinə böyük terror hücumları zamanı interneti söndürə bilər.
O da məlum olub ki, bu hüquq və xüsusi koda malik şəxslərdən biri İngiltərənin Bas şəhərində yaşayan və yerli universitetdə müəllim işləyən Pol Keyndir.
Milli Qəhrəman Mübariz İbrahimov haqqında film çəkilir
Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş sənədli filmin çəkilişlərinə başlanıb. Milli.Az-ın xəbərinə görə, filmin ssenari müəllifi Büllur Cavadqızı, rejissoru Etibar Məmmədov, baş məsləhətçisi isə millət vəkili Qənirə Paşayevadır.
Sənədli filmdə Mübariz İbrahimovun valideynləri, komandirləri, döyüş yoldaşları, Milli qəhrəmanı yaxından tanıyan insanların fikirləri öz əksini tapıb.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva və çəkiliş qrupu Biləsuvar rayonunda olaraq milli qəhrəmanın ailə üzvləri, yaxınları ilə görüşüblər və çəkilişlər aparılıb. Sentyabr ayının əvvəlində sənədli filmin təqdimat mərasimi keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətinə və rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Füzuli rayonunda qeyri-adi tarixi əşya tapılıb
Füzuli rayonunun Azərbaycan hökumətinin nəzarəti altında olan ərazisində qədim dövrlərə məxsus qeyri-adi əşyalar tapılıb.
Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən Tarix Muzeyinin direktoru Elçin Əsədovun Lent.az-a verdiyi məlumata görə, rayon ərazisində iki il əvvəl salınmış Zobucuq qəsəbəsində təsərrüfat işləri zamanı torpağın alt qatlarından qeyri-adi əşyalar üzə çıxıb.
Belə ki, ay yarım əvvəl ərazidən baş barmağa taxmaq üçün düzəldildiyi güman edilən saxsı əşya tapılıb və bu yaxınlarda həmin əşya muzeyin eksponatları sırasına daxil edilib. Baş barmaq üçün düzəldilmiş bu saxsı alətin istifadə məqsədi hələ də müəmmalıdır. Üsküyə oxşar bu saxsı alətin ucu yastılanmış, işlədilərək yeyilmiş vəziyyətdədir. Üskük baş barmağa taxılmadığından bu əşyanın üskük adlandırmaq mümkün olmayıb.
E. Əsədov bildirib ki, Zobucuq qəsəbəsində bizim eradan əvvəl VII əsrdə mövcud olmuş saklara və iskitlərə (skiflərə) aid tunc ox ucluqları, bizim eradan əvvəl II əsrdə yaşamış sarmatlara, XIII əsrdə monqollara aid ox ucluqları və döyüş alətləri, həmçinin bəzəklər, ƏmirTeymurun oğlu sultan Şahruxun pulları tapılıb...
Türkiyə-Azərbaycan dostluğundan yazan jurnalistlər mükafatlandırılacaq
Mətbuat Şurasının (MŞ) yeni ofisinə ilk qonaq gəlib. Milli.Az xəbər portalına Mətbuat Şurasından verilən məlumata görə, bu gün Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qurumun yeni ofisinə baş çəkib. Səfir MŞ sədri Əflatun Amaşovu və həmçinin bütün ölkə jurnalistlərini Azərbaycan mətbuatının yubileyi münasibətilə təbrik edib, media təmsilçilərinin böyük qrupunun dövlət təltiflərinə layiq görülmələrindən, MŞ-nin müasir tipli, hərtərəfli təchiz olunmuş yeni binaya köçməsindən məmnunluğunu bildirib. Qonaq qarşıdakı həftədə səfirlik tərəfindən Türkiyə-Azərbaycan dostluğu mövzusunda yazan media təmsilçilərinin mükafatlandırılacağı barədə də danışıb.
Ə.Amaşov H.Kılıça mətbuatın 135 illik yubileyi ilə bağlı Azərbaycanda keçirilən tədbirlər barədə geniş məlumat verib. O, Prezident İlham Əliyevin Şuranın yeni binasının açılışında iştirakına, MŞ üzvləri ilə görüşdəki çıxışında yer almış məqamlara toxunaraq bunu ölkə mediasına və jurnalistlərinə yüksək qayğı nümunəsi kimi qiymətləndirib. Şura sədri bildirib ki, belə həssas münasibət mətbuatın problemlərinin həllinə kompleks yanaşmanın yeni mərhələsidir.
Azərbaycanın birinci xanımı və YUNESKO-nun baş direktoru Beynəlxalq Muğam Mərkəzində olub, Xalça Muzeyi binasının eskizi ilə maraqlanıblar
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və ölkəmizə səfərə gələn YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar.
Mehriban xanım Əliyevaya və xanım İrina Bokovaya gül dəstələri təqdim olunub.
YUNESKO-nun baş direktoruna dənizkənarı Milli Parkda yerləşən Mərkəz haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin inşası Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.
2005-ci ilin avqustunda Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə yaxından tanış olan qonaq burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb və ona milli musiqi alətləri barədə ətraflı məlumat verilib.
Xanım İrina Bokova və Mehriban xanım Əliyeva gənc xanəndələrin ifasında Azərbaycanın muğam, təsnif və xalq mahnılarını dinləyiblər.
Sonra Mehriban xanım Əliyeva və xanım İrina Bokova Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşa olunduğu əraziyə gəliblər. Mehriban xanım Əliyeva və İrina Bokova muzeyin maketi ilə tanış olublar, binanın layihəsinə baxıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə məlumat verib.
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası, ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcəkdir. Bildirilib ki, çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək.
Binanın inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Muzeyin ətrafında geniş yaşıllaşdırma işləri aparılacaq.
Binanın birinci mərtəbəsində qədim xalça və digər məişət əşyalarının yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaq.
Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcək. Muzeydə 200 nəfər çalışacaq.
Qonağa "Venesiya şəhərciyi" adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi də göstərilib. Bildirilib ki, eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notları əks olunub. Qeyd edilib ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulub. Muzey binasının inşası başa çatdıqdan sonra Milli Parkın bu ərazisi Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birgə "mədəniyyət üçbucağı"na çevriləcək.
/AzərTAc/
|