Rasət Pirisoyu. "Yeni ədəbi situasiya"
Məqaləyə zəruri əlavə.
Mən bu məqaləni Azadlıq radiosunun keçirdiyi ədəbi müsabiqədən sonra yazdım, Azadlıq radiosuna göndərdim. Yazıdan xəbər çıxmadı və mən də yazını unutdum. Bu yazı bir də mənim yadıma Tehran Əlişanoğlunun Milli kitab Müsabiqəsinin gördüyü işin nəticələri ilə əlaqədar yazıdığı, Azadlıq Radiosunun saytında yerləşdirilən «Ekspertlərin səhvi" adlı məqaləsini oxuyandan sonra düşdü. Tehran Əlişanoğlu yazısında MKM-dəki münsiflərin qərarını «səhv» hesab edirdi. Mən isə müsabiqələrin, o cümlədən MKM-nin nəticələrini planlaşdırılmış nəticə hesab etmirdim. Mən məqalənin çap olumamasının səbəbi ilə maraqlandım. Azadlıq radiosundan qəribə cavab aldım. Cavabda deyilirdi: «Sözügedən yazıda MKM və Azadlıq Radiosunun keçirdiyi ədəbi müsabiqələr müqaysi olunurdu və birinci mənfi, ikinci isə isə müsbət yöndə göstərildiyi üçün - sizin fikrinizə hörmət etsək də - yazını dərc etməyi təvözökarlıqdan çox uzaq saydıq» Doğrusu, cavab məni təəccübləndirdi. Axı mənim yazımda heç kəsə yarınmaq istəyi yox idi. Bəlkə yazının cap olunmamasının səbəbi başqadir? Mən məqaləni yaymaq qərarına gəldim. * * * Bilmirəm bu başqalarının da diqqətini cəlb edib, yoxsa elə bircə mən bu qənaətə gəlmişəm. İş bundadır ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin müdiri Nigar Köçərlinin və Azadlıq Radiosunun keçirdiyi müsabiqlər çox maraqlı bir prosesin üzə çıxmasına səbəb oldu. Müsabiqələr göstərdi ki, hazırda Azərbayan ədəbiyyatında iki dünyagörüşün gizli, həm də ciddi qarışdurması mövcuddur; bu konservativ və liberal dünyagörüşlərdir. Əslində, işin bu yerə gəlib çıxması Azərbaycanda yeni ədəbi situasiyanın yaranması deməkdir. Özü də, deyəsən, bu sitiusiya sistemli bir işin nəticəsi kimi deyil, tamamilə gözlənilməz şəkildə meydana çıxıb. Bunun belə olduğunu anlamaq üçün hər iki müsabiqənin gedişini sadəcə, nəzərdən keçirmək kifayətdir. Beləliklə, mülahizlərimə qalıblərdən başlamaq istəyirəm. Mən qalib deyəndə əsasən birinci yerin sahiblərini nəzərdə tutacağam. Çünki mən mülahizələrimi bu iki nəfərin üzərində qurmağa çalışacağam. Birinci müsabiqədə Elxan Qaraqan qalib gəldi, ikinci müsabiqədə isə Eyvaz Zeynalov. Yazıları belə düşünməyə əsas verir ki, Elxan Qaraqan dünyagörüşünə görə liberaldır, Eyvaz Zeynalov isə konservator. Halbuki adi məntiqə görə əksinə olmalıydı. Niyə? Ona görə ki, Milli Kitab müsabiqəsindəki ekspertlərin əksəriyyəti konservator idi, Azadlıq radiosundakı ekspertlərin əksəriyyəti isə liberal. Milli Kitab müsabiqəsinin ekspertlərinin müəyyənləşdirdiyi ONLUQ əsasən mühafizakar yazıçılardan ibarət idi, Azadlıq Radiosu ekspertlərinin müəyyənləşdirdiyi ONLUQ isə əsasən liberal yazıçılardan. (Azadlıq radiosudakı ekspertlər əvvəl ekspert, sonra isə münsif statusunda çıxış edirdilər-R.P.)Müsabiqədə iştirak edən konservator yazıçıların əsas üstünlükləri peşəkarlıqda idi, liberal yazıçıların əsas üstünlükləri mövzuya yanaşmada. Bəs nəticə niyə belə alındı? Niyə konservatorlar birinciliyi liberala, liberallar isə birinciliyi konservatora verdilər? Paradoksaldır, deylimi? Mən şəxsən bu sualın izahını boynuma götürmək istəmirəm. Amma elə burdaca başqa bir mövzuya -60-cılar mövzusuna - toxunmaq istəyirəm. Çünki bu gün Azərbaycan ədəbyyatında konservativ dünyagörüşün bu qədər uzun ömürlü olmasının başlaca səbəbi 60-cılarla bağlıdır. Əslində bizim yaşadağımız cəmiyyət bir çox baxımdan konservativ dünyagörüşün təsiri altındadır. Təqribən bir otuz ilə yaxındır ki, biz - yəni səksənicilər, o cümlədən 2000-cilər - bir nesə nəsil, heç cürə 60-cılara «qalib» gələ bilmirik. Amma halbuki 60-cılar özlərindən əvvəlki yazıçılarla mübrizəyə on ildən də az vaxt sərf etmişdilər, çox erkən yaşlarında ictimai rəydə öz yazıçı obrazlarını yarada bilmişdilər. Niyə belə olmuşdu? Və bu gün niyə hələ də belə olaraq qalır? Təbii ki, burda o vaxtkı şərait, SSRİ-də və dünyada gedən proseslər ciddi rol oynadı. Amma mənə elə gəlir, bizdə 60-cıların uğur qazınmasında əsas rolu məhz 60-cılar özləri oynadı; onlar özləridən əvvəlki yazıçılara qarşı mübarizəni daha peşəkarcasına qura bildilər, indi olduğu kimi ölkədəki siyasi sitiuasiyanın əsirinə çevirilmədilər. 60-cıların mübarizəyə başladığı yazıçılarda da bəxtləri gətirmişdi. O yazıçıların böyük əksəriyyəti sadəcə yazıçı deyildilər, ədəbi işçiydilər, sosialist realizminə əsaslanan «bədii məhsul» istehsal edirdilər, yazdıqları mətnə yazıçı kimi yox, mirzə kimi yanaşırdılar. 60-cılar isə yazıçıydılar. Biz , o cümlədən bizdən sonrakı nəsil - 2000-cilər - 60-cılara qarşı mübarizəni «yazıçı kimi» qura bilmədik. Mən mənsub olduğum nəslin uğursuzluğunun səbəbləri haqqında bir neçə dəfə yazmışam. İndi onları yenidən burda təkrar etməyə ehtiyac görmürəm. Sadəcə bir şeyi qeyd etməyi lazım bilirəm; bizim sərbəstliyimiz bizə baha başa gəldi. 60-cıların inzibatçı qanadı bizi darmadağın etdi. İndi isə onlar psevdo «nəsə» yaratmaq istəyirlər. Və beləliklə, Azərbaycan ədəbyyatında 60-cıların totalitarizmi meydana çıxdı. Bizdən sonrakı ədəbi nəsil - 2000-cilər 60-cılara qarşı mübarizəni ilkin mərhələdə yazıçı kimi qurmağa cəhd göstərsələr də ( Həmidi Herisçinin və Rafiq Tağının təsiri altında) sonradan proses öz istiqamətini dəyişdi. Azərbaycandıkı yeni yazıçı hərəkatı ədəbi prosesdən uzaqlaşdı, ölkədəki siyasi prosesin tərkib hissəsinə çevirildi. Yeni ədəbi nəsil Azərbaycan ədəbyyatına öz mövzularını gətirə bilməsələr də, narahatlıqlarını gətirə bildilər, amma bu narahatlaq onları yazıçıdan çox irtica və qaragüruhun ucuz, gülünc siyasi mübarizəsinin şərhçilərinə çevirdi. İndi 2000-cilərin ən istedadlı nümayəndələri, ən yaxışı halda, köşə yazarı kimi fəaliyyət göstərirlər. Burda ötəri də olsa, qeyd etməyi lazım bilirəm ki, ümumiyyətlə, son on ildə Azərbaycanda yazıçıların fəal iştirakı ilə bir neçə siyasi layihə həyata keçirilib. Bu layihələr isə öz növbəsində ədəbi mühitin zəifləməsinə gətirib çıxarıb. Yazıçılar Azərbaycan cəmiyyətində müstəqil qüvvə kimi formalaşa bilməyiblər. Mənə elə gəlir Nigar Köçərli ilə Azadılıq Radiosunun müsabiqələrindən sonra Azərbaycan ədəbiyyatında yeni sitiuasiya yaranıb. Mən müsabiqənin təşkilatçıları haqqında da bir neçə söz demək istəyirəm. Başlayaq Nigar Köçərlidən. Heç şübəhəsiz Nigar Köçərlinin təşəbbüsü xeyirxah təşəbbüs idi. Amma təbii ki, Nigar Köçərli bu təşəbbüsündə azad deyildi. Əgər Nigar xanım mənim bu qənatəimi şübhə altına almaq fikrinə düşsə, mənim gülümsəməkdan savayı əlacım qalamyacaq. Bunu başa düşmək üçün Nigar Köçərlinin ekspertlərini nəzərdən keçirmək kifayətdir. Səhv etmirəmsə, Nigar xanım riyaziyyatçıdır. Onun sevdiyi yazıçılar isə B. Akunin, A.Marinina və İ. Şıxılıdır. Bu cür ədəbi baqajla Azərbaycan ədəbyyatında ekspert və münsifl müəyyənləşdirmək müşkül məsələdəir. MKM-dəki ekspertləri və münsifləri bu cür ardıcılıqla bir araya ancaq Azərbaycanın ədəbi camesinə yaxından bələd olan adam gətirə bilərdi. Mənə elə gəlir Azadlıq Radiosunun müsabiqəni tam azad şəkildə keçidiyini israr etməsinə də ehtyac yoxdur. Ən azı ona görə ki, Azadlıq radiosunun müdafiə etdiyi dəyərlər sistemi mövcuddur. Azadliq Radiosu fəaliyyətində ən azı bu dəyərlər sistemindən asılıdır. Bunu həm də Azadlıq Radiosunun seçdiyi ekspertlərin şəxsində görmək olar. Azadlıq Radiosunun keçirdiyi müsabiqəni Nigar Köçərlinin keçirliyi müsabiqənin alternativi kimi də qiymətləndirmək mümkündür. Hansı qənaətə gəlməmizdən asılı olamyaraq hər iki müsabiqə çox vacib addım idi. Və mən ümid edirəm, bu iki müsabiqə ən azı, bir otuz ilə yaxın tarixi olan bir mövzunu - «gənc şair və gənc yazıçı» mövzusunu arxa plana keçirə biləcək. Biz artıq bundan sonra ən azı «istedad mövzu»su ilə indi olduğu qədər məşğul olmayacağıq. Bu da öz növbəsində istedadın yazıçya çevirilməsi prosesini xeyli sürətləndirəcək. Cəmiyyətdə liberalizmlə konservatizimin mübarizəsi genişlənəcək. Amma bu dəfə ədəbi müstəvidə. Bundan sonra nələr baş verəcək? Bu da çox maraqlı ehtimallarn mövzusudur. Amma mən bu yazımda əsasən Nigar Köçərlinin və Azadlıq radiosunun keçirdiyi müsabiqədən sonra yaranmış yeni ədəbi situasiyanı başa düşdüyüm şəkildə oxucularla böylşmək istəyirdim, elə bilirəm, bu işi də gördüm.
axar.az
Reklam necə hazırlanmalıdır: "Qışqıran" informasiyanın sirləri
Doğruçu tərifetmə, düzgün sövqetmə, etibar və inam qazanmaq üçün nə etməli? Reklam - nə deməkdir?
Reklamın kökü çox qədim dövrlərə gedib çıxır. Keçmişdə camaatın sıx toplaşdığı yerlərdə, meydanlarda carçılar ucadan qışqırmaqla əhaliyə müəyyən xəbər və məlumatlar çatdırırdılar. Məhz, buradan da "qışqırmaq" və ya "çığırmaq" mənasını verən "reklateqe" Latın sözü, onun da əsasında "reklam" məfhumu yaranmışdır. Dünyada ilk yazılı reklam müraciətlərindən biri isə Britaniya muzeyində saxlanılan Misir papirusunun üzərində həkk olunub. Satılan qulu tərifləyən reklamın təxmini mətni belədir: "O, hər iki qulağı ilə çox gözəl eşidir, hər iki gözü ilə əla görür. Onun qidaya qənaət edəcəyinə, sahibinə sədaqətli və itaətkar olacağına təminat verirəm".
Reklam - hipnozdurmu?
Müasir dövrümüzdə "reklam" anlayışı daha geniş məna kəsb edir. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, "Reklam - fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiyadır". Sadə dildə desək, reklam istehlakçı, tamaşaçı, istifadəçi cəlb etmək məqsədilə yaxşı hazırlanmış qısa bir informasiyadır. Əslində, reklam informasiyaları adi informasiyalardan çox fərqlənir. Çünki, onlar bədii formada ifadə edilir, emosional rənglərlə bəzədilir, həm də onların tərkibində insanları bu və ya digər malı almağa, yaxud təklif edilən xidmtlərdən istifadə etməyə təhrik edən elementlər olur. Reklamlardakı informasiyalar inandırıcılıq və təlqin etmək əsasında qurulduğundan potensial alıcıya emosional-psixiki təsir göstərir, necə deyərlər, adamın düz beyninin içinə nüfuz edir.
Reklam - kütləvi "qırğın" silahı...
Reklam məqsədilə müxtəlif vasitələrdən istifadə edilir. Kütləvi informasiya vasitələri, internet, metro, dayanacaqlar, küçələrdə bilbordlar (reklam şitləri) və s. reklamın yayılmasında mühüm rol oynayır. Cəmiyyətdə ən çox ticarət reklamları üstünlük təşkil edir. Lakin digər reklamlar da insan həyatında əhəmiyyətli rol oynayır. Hazırda dünyada siyasi, dini və başqa reklamlardan çox güclü silah kimi istifadə edilir.
Ümumilikdə, bütün reklamlarda bir əsas prinsip olur ki, hər istehsalçı, şirkət, firma, yaxud partiya, təşkilat reklamlarda öz məhsullarını, xidmətlərini, ideyalarını qısaca xarakterizə edən aydın başa düşülən məlumat yerləşdirməyə çalışırlar. Mütəxəssislər qeyd edirlər ki, reklam əlavə xüsusi bilik tələb olunmadan və ya texniki vasitələr tətbiq etmədən istehlakçı tərəfindən asan başa düşülən olmalıdır. Yaxşı reklam həmişə həqiqi alıcılara ünvanlanmalı, əsaslı arqumentlərlə qurulmalı, onun sözlü hissəsi böyük ustalıqla tərtib edilməlidir. Mətn reklamın harada (dövri mətbuat, televiziya, radio, bilbord və s.) yerləşdirilməsindən, həm də onun təyinatından asılı olaraq hazırlanmalıdır. Reklam mətnlərinin hazırlanmasında alıcıların mal alarkən əldə rəhbər tutduqları vadaredici motivlər nəzərə alınmalıdır.
Reklam - gözü və qarını necə doydurur?
Dünya təcrübəsində reklamların tərtibatında Amerikalı mütəxəssis A.X.Maslovun təklif etdiyi insan təlabatının klassifikasiyasından uğurla istifadə edirlər. Bu klassifikasiya beş punktdan ibarətdir: fizoloji təlabat (aclıq, susuzluq və s.); özünü qorumaq istəyi (təhlükəsizlik, sağlamlıq); sevgiyə ehtiyac (bağlılıq, mənəvi yaxınlıq); ətrafdakılardan hörmətə gözləmək (şöhrətpərəstlik, cəmiyyət tərəfindən bəyənilmək); özünü təsdiq etmək arzusu (özünü realizə və ya ifadə etmək). Bu təsnifatdan istifadə edərək reklamın informasiyalığını, eyni zamanda təsir gücünü xeyli artırmaq olar. Maslov hesab edir ki, insani ehtiyaclar iearxiya şəklində yerləşir, yeni tələbatın yaranması, əvvəlkinin - daha güclü və əhəmiyyətli ehtiyacın ödənilməsi əsasında baş verir. Ac insanın özünüqorumaq və ya sevgi ehtiyacı azalır. Yalnız insan qarnını doydurduqdan sonra məhəbbət, hörmət görmək və ya özünü təsdiq etmək haqqında düşünməyə başlayır.
Reklam mətnləri necə seçilməlidir?
Qeyd etmək lazımdır ki, insanın davranışı real həyatda konkret hər hansı bir ehtiyacla deyil, bu ehtiyacı müşayiət edən çoxlu faktların uyğunlaşdırılması ilə motiviasiya edilir. İnsan qidanı tək aclığı dəf etmək üçün deyil, həm də xoş dad hiss etmək, toyda, məclisdə müsbət atmosferi qorumaq və s. üçün qəbul edir. Ona görə də reklamçılar qarşısında belə məsələ dayanır ki, insanın həyat tərzinə daha çox nüfuz edən mövcud tələbatlardan və faktlardan elələrini seçsinlər ki, onlara reklamla daha tez təsirə etmək olsun. "Paltarı daha təmiz edir", "mədə pozuntusunu tez sakitləşdirir", "heç vaxt darda qoymaz," "susuzluqdan azad ol" və digər reklam mətnləri məhz insan ehtiyaclarını nəzərə alaraq sövqedici motivlər əsasında tərtib edilib.
Bəzi mütəxəssislər hesab edir ki, reklam mətnində müəyyən məlumatların verilməsi alıcını qorxuda bilər. Bu səbədən reklamların çoxunda qiymət haqqında məlumat verilmir. Belə yanaşmanın tərəfdarları hesab edirlər ki, reklam yalnız malın istehlakçı xüsusiyyətlərinə toxunmalıdır, qalan informasiyaları isə müştəri gəlib dükandan ala bilər. Çoxları bu cür yanaşmanı düz hesab etmir. Çünki, qiymət barədə informasiyanın verilməməsi istehlakçılarda belə təsəvvür yarada bilər ki, məhsulun qiyməti reallıqdan çox uzaqdır. Ona görə də müştərilərdə şübhə oyatmamaq üçün reklamın məzmununa dolğun informasiya daxil edilməsi məqsədəuyğun olar. Hərçənd ki, bu zaman elanın həcmi bir qədər uzanır. Lakin ruslar demişkən, "Sıyıq yağla xarab olmaz". Dəfələrlə sübut olunub ki, insanlar onlara lazım olan informasiyanı görürlərsə, reklamın uzunluğundan asılı olmayaraq onu izləyirlər. Özünə mebel, tozsoran, televizor və s. almaq qərarına gələn insan həmin mallara aid olan elanlarda, reklam çarxlarında faydalı məlumat tapanda onu axıra qədər izləyir.
Reklamı oxutduran komponentlər...
Bu gün reklamların bədii tərtibatına da xüsusi diqqət yetirilir. Onların dizaynında cəlbedici illüstrasiyalardan, simvollardan, şriftlərdən istifadə olunur. Yaxşı düşünülmüş təsvirlər, foto və şəkillər reklamda olan informasiyaya dramatik və sövqedici güc verir, elanı daha maraqlı və yadda qalan edir. Tədqiqatçılar qeyd edirlər ki, reklam təsvirləri artıq detallarla yüklənməməli, mümkün qədər sadə olmalıdır. Araşdırmalar göstərir ki, istehlakçı birinci şəkilə, sonra başlığa baxır, daha sonra mətni oxuyur. Məhz, bu qaydada da materialları reklamda yerləşdirmək lazımdır: yuxarıda illüstrasiya, altında sərlöhvə və onun da aşağısında mətn. Başlıq illüstrasiyadan yuxarıda verilirsə, mətnin mənimsənilməsi 10 faiz aşağı düşür.
Reklam antireklama necə çevrilir?
Psixoloqların fikrincə, reklamların hazırlanmasında saxtakarlığa yol verildikdə istehlakçıların onlara olan inamı azalır. Xüsusən, istehlakçı reklam olunan məhsulu alıb onda reklamda qeyd olunan keyfiyyətləri görməyəndə, onun gözündə digər reklamlar da etibardan düşür. Əslində, ölkəmizdə uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı, istehlakçını çaşdıra bilən yanlış reklam yayımı, sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması qanunla qadağandır. Hazırda respublikamızda reklam bazarı inkişaf etməkdə davam edir. Hər gün biz televizorda, küçədə, metro, bir sözlə hər yerdə müxtəlif reklamlara rastlaşırıq. Reklam artıq həyatımızın bir hissəsidir. Onlar bizə hər hansı mal və ya xidmət seçimində düzgün yol göstərəndə, adekvat olaraq bizim də reklamlara inamımız artır. Ona görə də əsl reklam həqiqətdən, orijinal ideyadan doğmalı, özündə lokanik, doğru və zəruri informasiyalar ehtiva etməlidir.
Vüqar Haqverdiyev, Milli.Az
Adı taleyimizdən keçən saxta kapitan, dələduz, inqilabçı...
Gəmi pusquya düşdü, heyət qırıldı, ancaq kapitan yoxa çıxmışdı...
...Bu dələduz leytenant, öz-özünə ikinci dərəcəli kapitan rütbəsi peşkəş eləyib aləmi bir-birinə qatan "samozvanets" avantürist haradan biləydi ki, nə az, nə çox - düz 85 il sonra onun adını daşıyan zavoddan bizim öz "kapitanımız" çıxacaq və onun ardınca "Azərbaycan matrosları" Xəzərin iki addımlığındakı "Oçakov"a - "Azadlığ"a yığılacaqlar? Axı, haradan biləydi ki, onun Qara dənizdə çıxartdığı oyunlardan düz 85 il sonra Bakının "Çapayev" küçəsindəki adını daşıyan zavoddan eyni avantüra ilə "burada silah düzəldilir, barrikadaları dağıtmayın" çağırışı yüksələcək? İndi bu zavod daha onun adını daşımır. Ancaq maraqlıdır, ustad Həmid Herisçinin mistikası ilə düşünsək, maraqlıdır ki, adı düşdüyü yerdən avantüranın kökünü qazıyıb çıxarmaq xeyli qəliz məsələdir. Bu işlə Səttarxan kimi nəhəng məşğul olsa belə...
Dənizçi oğlu dənizçi...
Şmidtlər məşhur soyaddı. Neçə nəsil ardıcıl Rusiyanın hərbi-dəniz donanmasında ad qoymuşdular. Bizim qəhrəmanın atası böyük Pyotr Petroviç Şmidt Sevastopolun müdafiəçilərindən idi, Malaxov kurqanlarında döyüşmüşdü. Gələcək arvadı - köklü-köməcli zadəgan ailəsindən olan tibb bacısı Yekaterina fon Vaqnerlə hərbi hospitalların birində tanış olan Pyotr Petroviç donanmada kontr-admiral rütbəsinə qədər yüksəlir və qardaşı Vladimirdən fərqli olaraq istefaya çıxıb, həyatını ailəsinə həsr eləmək qərarına gəlir. Evlilikdən bir il sonra - 1867-ci ildə ailədə oğlan uşağı doğulur və ona atasının adını verirlər: kiçik Pyotr Petroviç.
Petya gimnaziyadan sonra kadet korpusuna, 1887-ci ildə dəniz məktəbinə daxil olur. Yaxşı rəsm çəkməsinə, çalışqan olmasına baxmayaraq, təhsil illərindən başlayaraq cənab Şmidtin davranışlarında psixi pozğunluqlar hiss olunur. Dəfələrlə əsəb sarsıntısından törəyən bayılmalar, yoldaşları ilə münasibətlərində yol verdiyi qüsurlar sonunda komandanlığı məcbur edir ki, tələbəni psixi ekspertizadan keçirsin. Ancaq donanmada yüksək vəzifə tutan əmisi kontr-admiral Vladimir Petroviçin müdaxiləsi nəticəsində məsələlər yoluna qoyulur. Beləliklə, 1886-cı ildə miçman rütbəsiylə ölüm-zülm məktəbi başa vuran Pyotr Şmidt Baltik donanmasına göndərilir. Xidmətin ilk aylarından başlayaraq hamı başa düşür ki, cənab Şmidt nə zabit, nə də matros kollektiv ilə yola gedən adam deyil. 1888-ci ildəsə elə bir hadisə baş verir ki, bundan sonra onun ümumiyyətlə, gələcək hərbi karyerası şübhə altına düşür. Pyotr az qala bütün donanmanın tanıdığı məşhur fahişə Dominiki Pavlova ilə ailə həyatı qurur. Təbii ki, zabit kollektivi qurumsaq miçmanın tezliklə gəmidən uzaqlaşdırılmasını və tərxis olunmasını tələb edirlər. Oğlunun şanlı ailə soyadını biabır eləməsinə dözməyən böyük Pyotr Şmidt çərləyib ölür. Ancaq əmisi yenə onun dadına çatır. Qalmaqalı birtəhər yatırtmaq və Şmidti Sakit Okean Donanmasına keçirmək mümkün olur. Sakit Okean Donanmasında əmisinin dostu kontr-admiral Çuxninin əlinin altında xidmətini davam eləyən Şmidt burada da dinc oturmur, bir gəmidən başqa gəmiyə keçir, hər yerdə zabit kollektivi ilə problemlər yaradır. Buna baxmayaraq, əmisinin hesabına Çuxnindən leytenant rütbəsi alır. Ancaq az keçmir Şmidtdə yenə ruhi sarsıntılar başlayır: simptomlar birdən-birə səbəbsiz yerə kiminsə üstünə cumub onu şillələməkdən tutmuş döşəmədə sürünməyə, özünü bir divardan o biri divara çırpmağa qədər uzanır. Bir neçə dəfə dalbadal belə tutmalardan və bayılmalardan sonra məcbur olub havalı leytenantı istefaya göndərirlər. Bu arada isə çoxdan gözlənilən hadisə baş verir: Allah qoymasa, özünə arvad eləyib tərbiyələndirmək istədiyi Dominiki yeganə oğlu Yevgenini Pyotrun üstünə atıb, keçmiş peşəsinə qayıdır. Az qala həyatın dibinə yuvarlanan leytenant Şmidtin dadına yenə əmisi çatır: Rusiya Paroxod və Ticarət Cəmiyyətində iş alan leytenant qeyrətə gəlib burada uzaq okean reyslərinə çıxan ticarət gəmilərinin kapitanlığına qədər yüksəlir. Belə gedişlə kim bilir, bəlkə də leytenant Pyotr Petroviç Şmidt mülki gəmiçilikdə böyüyüb-böyüyüb yekə adamlardan biri olacaqdı. Ancaq rus-yapon müharibəsi dövründə donanma elə zabit qıtlığı keçirir ki, hətta başdanxarab deyib istefaya göndərdiyi zırramanı belə geri çağırır. Şmidt "İrtış" hərbi gəmisinə baş zabit təyin olunur. Gəmi Sakit Okeanda yaponların pusqu qurduğu Çusim boğazında həmləyə məruz qalır, bütün heyət həlak olur... Yox, yox, cənab Şmidt bu gəmidə deyildi. Adı "başdanxarab", ancaq özü ağıllı olan Pyotr Petroviç gəminin döyüşə yollandığını eşidib, artıq senator olan əmisinin köməyi ilə arxa cəbhədə - Qara dənizdə sakit gəmilərin birində xımır-xımır xidmətini davam etdirməkdəydi. Burada Şmidt İzmaildə lövbər salmış iki ədəd köhnə minadaşıyan gəmidən ibarət dəstənin komandiri təyin olunur. Əla yer, sakit mövqe, müharibənin səs-küyündən uzaq məkan... Ancaq leytenantın tutması tutur və gəmi heyətinə məxsus pul xəzinəsini oğurlayıb, iki min yarım qızıl pulla Rusiyanın cənubuna "səyahətə çıxır". Pul qurtarır və cənab Şmidt hakimiyyət təmsilçilərinə təslim olur. İstintaq vaxtı Pyotr sübut eləməyə çalışır ki, guya pulu o oğurlamayıb, xəzinə sadəcə yoxa çıxıbmış, o da qorxusundan komandiri olduğu gəmini, heyəti atıb qaçıb. Nəsə, uzun sözün qısası, müharibə dövründə dövlət pulunu oğurlamağın, döyüş mövqeyini icazəsiz tərk eləməyin, bir müddət fərari kimi orda-burda sülənməyin nə demək olduğunu bilənlər bilir. Yenə əmi işə qarışır: oğurlanan pul geri qaytarılır, qardaş oğlu sürgündən, hətta məhkəmədən canını qurtarır. Üstəlik, himayəçi o qədər güclü olur ki, istefaya göndərilən bu dələduza birinci dərəcəli kapitan rütbəsi verdirməyə belə çalışır. Ancaq donanma rəhbərliyi rütbə verməkdən qətiyyətlə imtina edir və leytenant Şmidt elə leytenant kimi də istefaya göndərilir...
Siyasətçi Şmidt
Bundan sonra cənab Şmidt özünə "ölməzlik" qazandıran işlərlə məşğul olmağa başlayır. 1905-ci ildən siyasətə qoşulan Pyotr Petroviç, belə demək mümkünsə, inqilabi çıxışlarına Sevastopolda başlayır. Əsəbi, həyəcanlı, insaf naminə deyək ki, həm də bacarıqlı natiq olan leytenant Şmidt qısa müddətə kütlənin sevimlisinə çevrilir. Bir dəfə çıxış zamanı əsəbdən bayılan Pyotr Petroviçin uzunillik xəstəliyi də coşmuş camaat tərəfindən vətənpərvərlik, ədalətsevərlik kimi qəbul edilir. Digər tərəfdən, o dövrdə Şmidt istefaya çıxsa belə, hərbi dəniz donanmasının yeganə zabitiydi ki, inqilabın, xalqın tərəfində olduğunu bəyan edirdi. Beləliklə, mitinqlərin birində çar haqqında ağzına gələni danışdığı üçün onu tutub dama basırlar. Ancaq həbsxanada çox qalmır və "Sevastopolu tərk edəcəyəm" iltizamı ilə sərbəst buraxılır. Təbii ki, Şmidt bu vədinə əməl etmir. 1905-ci il noyabr ayının 13-də Sevastopol limanında lövbər salaraq inqilabçılarla həmrəyliklərini bildirmək istəyən bir dəstə matros təzəcə həbsxanadan çıxmış Şmidtin yanına gələrək onlara qoşulmasını xahiş edirlər. Məsələ bundaydı ki, "Oçakov" kreyserinin zabit heyəti gəmini tərk elədiyindən üsyan qaldırmış matroslara mütləq kapitan lazımıydı. Ən azından və birinci növbədə kreyseri işə salıb sahildən uzaqlaşmaq üçün... Bu təklif Şmidt üçün göydəndüşməydi. 1905-ci il noyabr ayının 14-də almadığı birinci dərəcəli kapitan rütbəsi olan hərbi kitelini geyinən Şmidt üsyan eləmiş "Oçakov"da peyda olur. Əvvəlcə işlər yaxşı gedir. İki minadaşıyan gəmi də onlara qoşulur. Şmidt özünü Qara Dəniz Donanmasının komandanı elan edir, bu haqda Çara teleqram vurur və bütün gəmiləri onlara qoşulmağa səsləyir. Artıq Qara Dəniz Komandanı olan əmisinin dostu admiral Çuxnin münaqişəni sülh yoluyla həll eləmək üçün Şmidtin tələbə dostunu elçi sifətində "Oçakov"a göndərir. Ancaq gözünü qan örtmüş üsyançı gələnləri girov götürərək "Oçakov"a atəş açılacağı təqdirdə hamısını asacağı ilə hədələyir, vəziyyəti gərginləşdirmək üçün dəniz minası ilə dolu "Buq" adlı yük gəmisini də partlatmaq istəyir. Əgər bu gəmi partlasaydı, nəinki bütün liman, hətta Sevastopolun yarısı məhv ola bilərdi. Bundan sonra gözləməyin mənasız olduğunu görən Çuxnin üsyançı gəmiyə atəş əmri verir. Maraqlıdır, "Oçakov" orkestri inqilabi mahnı əvəzinə "İlahi, çarı hifz elə" mahnısıyla irəli şığıyır və üç-dörd cavab atəşi açır. Ancaq artıq gəmi başsız qalmışdı... Atışmanın ilk dəqiqələrindən leytenant Şmidt 16 yaşlı oğlu Yevgeni ilə "Oçakov"un böyründəki minadaşıyana adlayıb Osmanlıya keçmək ümidiylə açıq dənizə çıxmışdı. Leytenantın bu arzusu da ürəyində qaldı. Az sonra ata-oğulu matros geyimində minadaşıyanın camaşırxanasında tapdılar...
Başdanxarab, yoxsa ziyalı?
Maraqlıdı, görəsən, bu adam nə istəyirmiş? Onu tam şəkildə, ağıllı-başlı fanat inqilabçı da hesab eləməyə adamın ürəyi gəlmir. Ancaq hər halda, "dələduz" artıq həbs olunub, indi barəsində mümkün olan yaxşı şeylər də fikirləşmək imandandır. Başlayaq təkcə zabit yox, həm də kişi kimi şərəfinə ləkə salan bütün donanmanın tanıdığı Dominikiyə evlənmək məsələsindən. Doğrudanmı, Şmidtin gözü kor və qulaqları kar olub? Özü də cənab miçman qadınla onun "iş yerində" tanış olub və oradan da birbaşa kilsəyə gedib. Konstantin Paustovski yazır: "Çünki yoldaş Şmidtin cavanlığı bütünlüklə "xalq arasında" keçmişdi və o, mənasız danışıqların deyil, konkret əməllərin tərəfdarıydı. O dövrdə özünü intelligent sayan bir qrup vardı ki, onlar pozğun qadınlarla evlənmək yoluyla Rusiyada fahişəliyin kökünü kəsməyin mümkünlüyünü düşünürdülər. Şmidt Dominiki ilə məhz buna görə evlənmişdi". Hörmətli Paustovskini təkzib eləmək fikrim yoxdur, ancaq artıq bizə də məlum olduğu kimi Dominiki balaca Yevgenini Pyortun üstünə atıb "küçəsinə" qayıtdı... Yəni, alınmadı...
Leytanantın həyatında yer tutan, onu tarix üçün "ölməz" eləyən ikinci məsələyə - "Oçakov" üsyanına nəzər salaq. Hörmətli Pyotr Petroviç görəsən bu işdə nəyə ümidliymiş? Ən doğrusunu bizə məhkəmə materialları deyəcək. "Oçakov" üsyançılarının ifadələrinə görə, Şmidtin istəyi Sevastopoldakı hərbi anbarları ələ keçirmək, Perekopa doğru hərəkət eləmək, orada artilleriya batareyası qurub Krıma gedən yolu bağlamaq, bununla bütün yarımadanı Rusiyadan ayırmaq olub. Sonra o, bütün donanmanı Odessaya aparmağı, şəhərə desant çıxarıb Odessanı, Nikolayevi və Xersonu tutmaq fikrindəymiş. Beləliklə, Cənubi Rus Sosialist Respublikası yaranmalı, cənab Şmidt isə bu "dövlətin" başında durmalıymış.
1905-ci ilin məlum hadisələri vaxtı Odessaya gələn "İstoriçeskiy vestnik"in jurnalisti Sergey Orlitskiy də eyni şeyləri yazır. Jurnalist yazır ki, hər yerdə "Biz sosial proletar respublikası tərəfdarıyıq" şüarı irəli sürən hansısa gizli komitə barədə söhbət gedirdi. O, komitə üzvlərindən birini tapır və ondan müsahibə alır. Müsahibədən təqdim etdiyim bu maraqlı məqamların təkcə "qəhrəmanımızın" deyil, həm də rus tarixinin qaranlıq bir səhifəsinə işıq saldığı qənaətindəyəm. Beləliklə, gizli komitə üzvü olan Sergey Samuiloviç Çukerberqi dinləyək...
- Axı, siz nə etmək fikrindəsiniz?
- Artıq matroslar bizim tərəfimizdədirlər və inanırıq ki, yığıncaqda cəsur leytenant Şmidt də olacaq. Siz Qara Dəniz Donanmasının gələcək admiralını görəcək və eşidəcəksiniz. Şmidt söz verib ki, bizim tərəfimizə keçməyən zabitləri suya atacaq. Burada münbit Volıni və Podoliya torpaqları olan Krım da daxil Cənub Respublikası yaradılacaq. Qoy, vəhşi və mədəniyyətsiz Moskva daxili çəkişmələriylə baş-başa qalsın, istəyir məhv olsun. Bunun bizə - cənublulara heç bir dəxli yoxdur.
- Bəs cənub xalqı?
- Xalq... Bu xoxollar ziyalıların ardınca gedəcəklər. Kapital bizdə, elm bizdə, enerji bizdə... Biz siyasətdə və ticarətdə birinciyik!
- Belə çıxır ki, sizin Cənub respublikanız Odessa paytaxt olmaqla yəhudilərin çarlığı olacaq?
- Heç olmasa, qoy belə olsun...
Güllələnsin!
Göründüyü kimi, leytenant Şmidtə heç də tam şəkildə "başdanxarab" yarlığı yapışdırmaq olmaz! Elə çar da belə hesab eləyirdi... Çünki orada qalmışdıq ki, Osmanlıya keçmək istəyən Pyotr Petroviç və onun 16 yaşlı oğlu Yevgeni gəminin camaşırxanasında həbs olunurlar. Yetkinlik yaşına çatmadığı üçün Yevgeni bir neçə gün sonra azadlığa buraxılır. Üsyançı Şmidt barədə isə ölüm hökmü çıxarılır. Məhbusun əmisi Daxili İşlər Naziri Vittenin vasitəsilə II Nikolaya qardaşı oğlunun ruhi xəstə olduğu, bütün bu hadisələri də dəliliyi ucbatından törətdiyi haqda məktub göndərir, əfv diləyir. II Nikolayın əfv ərizəsinə qoyduğu dərkənarda oxuyuruq: "Zərrə qədər şübhəm yoxdur ki, əgər Şmidt ruhi xəstə olsaydı, bu, tibbi ekspertiza ilə təsdiq edilərdi". Ancaq maraqlıdır ki, nə dərkənara qədər, nə də dərkənardan sonra Şmidtin ruhi xəstə olub-olmaması barədə ekspertiza keçirilməmişdi... Beləcə, istefada olan leytenant Pyotr Petroviç Şmidt barədə çıxarılan ölüm hökmü qüvvədə saxlanıldı və 1906-cı il martın 6-da başıbəlalı inqilabçı güllələndi...
Ölümdən sonrakı həyat
Heç məzarının üstü qurumamış Pyotr Petroviçin adı məşhurlaşdı. Artıq təkcə cənubda deyil, bütün Rusiya boyu keçirilən mitinqlərdə onun adı çəkilir, xatirəsi fədakar inqilabçı, çar rejiminin qurbanı kimi yad edilirdi. Sonradan inqilabi hərəkatda yeni qəhrəmanlar və qurbanlar peyda olduğundan onun adını unutmağa başladılar. Ancaq oktyabr inqilabından sonra leytenant Şmidtin adı və şöhrəti təzədən artdı. Hətta Müvəqqəti Hökumətin rəhbəri Kerenski belə Şmidtin məzarını ziyarət elədi. 1923-cü ildə leytenantın məzarının yeri dəyişdirildi. Pyotr Petroviçin sümükləri bu dəfə Sevastopoldakı məşhur Kommunarlar qəbiristanlığında dəfn edildi, şəhərdə heykəlləri qoyuldu, adı küçəyə, körpüyə verildi, hətta məşuqəsinə təqaüd də kəsildi... Bir müddət sonrasa Şmidtin adı ədəbi əsərlərdə çəkilməyə başlandı. Bunların arasında ən məşhuru təbii ki, İlf-Petrovun "Qızıl buzov"udur. Bu yerdə isə əvvəlcə "leytenant Şmitdin övladları" məsələsinə aydınlıq gətirməliyik.
Antisovet Yevgeni
Artıq tərcümeyi-halından də məlum olduğu kimi zavallı leytenantın bircə övladı olub: anası küçə qadını Dominik olan Yevgeni. Atasının sağlığında Yevgeninin adını biz sonuncu dəfə onunla birgə həbs ediləndə və azadlığa buraxılanda eşitmişdik. Bundan sonra Yevgeni Şmidt Texnoloji Məktəbi bitirir, burada kafedrada saxlanılır. 1917-ci ildə Yevgeni atasının şərəfinə soyadına bir "Oçakovksi" sözü də əlavə edir və... Və inqilabçı atanın oğlu Böyük Oktyabr Sosialist İnqilabını qəbul etməyərək Vrangelin qoşununda Sovet Rusiyasına qarşı döyüşür. 1920-ci ildə Rusiyanı tərk edir, əvvəlcə Çexoslovakiyada, sonra Fransada yaşayır. Mühacirətdə atası haqqında kitab yazır, onun adını göylərə qaldırır, rus vətənpərvəri, Rusiyanın aşiqi kimi mədh edir. Ancaq "burjuylar" yəqin ki, Yevgeninin qədrini bilmirlər. Şmidtin yeganə oğlu 1951-ci ildə səfalət içində vəfat edir, vəsait olmadığından ümumi qəbiristanlıqda dəfn edilir.
"Mən leytenant Şmidtin oğluyam"
Oğul Yevgeni SSRİ-də yaşamasa da, məşhur "leytenant Şmidtin oğluyam" ifadəsi yalnız yazıçıların təxəyyül məhsulu deyildi. Məsələ burasındadı ki, Şmidtin ölümündən az sonra onunla birgə guya inqilab eləyən oğlu Yevgeni bir növ inqilabi hərəkatın əyalət simvollarından birinə çevrildi. İnqilabi ideyalara bağlı olduqlarını nümayiş etdirmək istəyənlər özlərini "leytenant Şmitdin oğlu" adlandırdılar. Tədricən bu ifadə mitinq, yığıncaq çərçivəsindən çıxıb məişət statusu qazanmağa başladı. Artıq inqilabdan sonra ayrı-ayrı dövlət idarələrinə gedib özlərini leytenant Şmidtin oğlu kimi təqdim edənlərin sayı xeyli çoxaldı. "Oğullar" bu yolla idarə rəhbərlərini şantaj edir, özlərinə cibxərcliyi qoparırdılar. İlf-Petrovun "Qızıl buzov"da təsvir elədikləri məşhur səhnədəki kimi...
Son əvəzi
...Bəli, illər uzunu ideal olaraq sırınan bu adamın sayagəlməz nöqsanı, qüsuru, axmaq vərdişləri olub. Fəaliyyətində az, ya çox dərəcədə siyasi element olduğu üçün həyatı ümumiyyətlə sirr pərdəsi altında gizlədilib, kütlələr onun ancaq fədakar yönünü tanıyıb.
Bizim qəhrəmanın ölümdən sonrakı taleyi isə lap qəribə olub. İndinin özündə belə bu adamın hansı yuvanın quşu olduğunu düz-əməlli bilən yoxdur. Biriləri onu başdanxarab, digərləri fanatik inqilabçı, qeyriləri sadəcə dələduz kimi xatırlayırlar. Əvvəldə dedim, işə bax ki, bu adamın adıyla adlanan zavod da bizim taleyimizə çevrildi... Guya "Leytenant Şmidt"də "düzəldilən" silahlar bizi Qırmızı Ordu təcavüzündən qorumalıymış... 85 il əvvəl leytenant Şmidt özü kimsəni qoruya bilmədiyi kimi 85 il sonra da adını daşıyan zavodda, guya istehsal olunan silahlar bizi qoruya bilmədi... İndi yadda qalan Şmidtin və həmin zavoddan çıxıb Azərbaycan "matroslarını" «Azadlığ»a yığanın adıdır...
İlham Tumas
Mətbuat Şurasının «qara siyahı»sı «arıqladı» - SİYAHI
Azərbaycan Mətbuat Şurası (MŞ) qurumun nəzdində fəaliyyət göstərən «Apellyasiya qrupu»nun və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının birgə iclasının rəyini rəhbər tutaraq bir sıra qəzetlərin adlarını «qarai siyahı»dan çıxarıb. Milli.Az xəbər portalına MŞ-dən verilən məlumata görə, adları «qara siyahı»dan çıxarılmış qəzetlər bunlardır:
1. «Böyük Naxçıvan» qəzeti; 2. «Naxçıvanın səsi» qəzeti; 3. «Naxçıvan press» qəzeti; 4. «Müasir Naxçıvan» qəzeti; 5. «Azərbaycan övladı» qəzeti; 6. «Xronika» qəzeti; 7. «Qərbi Azərbaycan naminə» qəzeti; 8. «Həqiqət naminə» qəzeti; 9. «Dövlət hüququ» qəzeti; 10. «Fakt» qəzeti; 11. «7 gün+» qəzeti; 12. «Media və qanun» qəzeti; 13. «Azərbaycan regionları» qəzeti; 14. «Həftə sonu» qəzeti; 15. «Dünyaya Qarabağ harayı» jurnalı; 16. «Açıq fikir» qəzeti; 17. «Gündəm xəbər» qəzeti; 18. «Həqiqət və reallıq» qəzeti. 19. «Bizim lider» qəzeti; 20. «Molla Nəsrəddin» qəzeti; 21. «Qərb xəbərləri» qəzeti; 22. «Respublika gəncləri» qəzeti; 23. «Azərbaycan gəncliyi» qəzeti; 24. «Azərbaycan reallığı» qəzeti; 25. «Vətən andı» qəzeti; 26. «Nurlu səhər» qəzeti;
Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə «qara siyahı»dan çıxarılmada əsas götürülən prinsiplər haqda məlumat verərək bildirib ki, adlarında «Naxçıvan» sözü olan qəzetlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrindən çıxarılıb. Bu cəhəti Mətbuat Şurası da nəzərə alıb.
Növbəti məqam müxtəlif səbəblərdən uzun müddət fəaliyyət göstərməyən KİV-lərlə bağlıdır. R.Hüseynzadə həmçinin fəaliyyətlərini dayandırmış, lakin «qara siyahı»dan çıxacaqları halda etik normaların tələblərinə uyğun fəaliyyət göstərəcəklərinə vəd verən KİV-lərin də müraciətlərinin nəzərə alındığını diqqətə çatdırıb. O, adı Mətbuat Şurasının «qara siyahı»sına salındıqdan sonrakı dövr ərzində barəsində MŞ-yə əsaslı şikayətlər daxil olmayan KİV-lərin müəyyən qisminin də «qara siyahı»dan çıxarıldığını vurğulayıb. İcraçı katib «qara siyahı»dan çıxarılanlar içərisində tutduğu əməlindən peşiman olan, bu barədə Mətbuat Şurasına ərizə ilə müraciət edən və «qara siyahı»ya salındığı dövrdən «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nı gözləyən KİV-lərin olduğunu bildirib.
Azərbaycanda Qızıl və Platin diskə kimlər layiq görüləcək?
Yeni "Qızıl disk" adlı Azərbaycanın Beynəlxalq Peşəkar Mükafatı təsis olunub. Bu barədə, Milli.Az xəbər portalına mükafatın təşkilatçıları məlumat verib. Belə ki, Azərbaycandan "Ser Group" prodakşn, ABŞ-dan "Davidson TV & RADIO", Rusiyadan "Marko-M" və "V&V Grand" beynəlxalq şirkətinin təşkilatçılığı ilə təsis olunan mükafat ildə bir dəfə keçiriləcək. Təşkilatçıların dediyinə görə, dünyada keçirilən başqa mükafatlardan fərqli olaraq, "Qızıl disk" ABPM-nın qaliblərini münsiflər heyəti seçməyəcək. Qaliblər dövriyyədə olan kaset və disklərin satışının çoxluğu ilə müəyyənləşəcək. Belə ki, "Qızıl disk" ABPM-nın Təşkilat Komitəsi Azərbaycanın mədəniyət, musiqi, şou-biznes, kino, TV bazarında Dijital (rəqəmsal texnoloji məhsuların) istehsalı və satışı əsasında aydınlaşdıracaq. Ümumilikdə isə 36 nominasiya əsasında qaliblər müəyyənləşəcək. Hazırda mükafatla bağlı bütün tanınmış mədəniyyət işçilərinə məlumat verilir və onların dövriyyədə olan disklərinin statistik göstəriciləri əsasında tamamlama işləri gedir.
ABPM-nın Təşkilat Komitəsi qaliblərin müəyyən olunması işini Azərbaycanda fəaliyyət göstərən kütləvi disk-kasetlərin satışı ilə məşğul olan şirkətlərlə birgə həyata keçirir. Belə ki, son 2 il ərzində ən çox satılan disk-kasetləri öyrənməklə bu reytinqi aydınlaşdırırlar.
Təşkilat Komitəsinə "Qızıl disk" ABPM-nin prezidenti, Azərbaycanın xalq artisti Çingiz Sadıxov, "Ser Group" prodakşnın rəhbəri Seymur Süleymanov (Azərbaycan), "Davidson TV & RADIO" şirkətinin rəhbəri Qari Devidson (ABŞ), "Marko-M" şirkətinin rəhbəri Aleksandr Şuldin (Rusiya) daxildir. Əlavə olaraq, qaliblərin müəyyənləşməsi üçün Yaşar Baxış, Fəxrəddin Mir Cəfər (Azərbaycan), Sergey Sirimonov, Vladimir Srapontov (Rusiya) və Barri Aries (ABŞ) kimi mütəxəssislər də cəlb olunub.
Bütün bunlarla yanaşı mükafatın əsas meyarı Azərbaycanda bu günə qədər dövriyyədə olan kaset, disk və valların satışı ilə bağlı hesabat xarakterli olmasıdır.
Qeyd edək ki, mükafatlandırma hər il yay mövsümündə keçirilərək, qaliblər seçiləcək. Bütün qaliblərə "Qızıl" disklər təqdim olunacaq. Bununla yanaşı, təşkilat komitəsi tərəfindən 4 fəxri "Platin" mükafatı korifey sənətçilərə veriləcək.
Almaniyada Azərbaycan amazonları ilə bağlı sensasion eksponatlar nümayiş olunacaq
Bu ilin sentyabrından 2011-ci ilin fevralına qədər Almaniyanın Rheinland-Pfalz əyalətinin Speyer muzeyində Amazon sərgisi açılacaq. Beynəlxalq tədqiqatçıların birgə iştirakı ilə hazırlanmış sərgidə son illərin arxeoloji tapıntıları dünyaya ilk dəfə sərgilənəcək. Məqsəd amazonların əfsanə deyil, əsl mübariz bir qadın toplusu olduğunu sübut etməkdir. Sərgi təşkilatçıları sensasiyaya səbəb olacaq yeni tapıntıların ilk dəfə olaraq sərgi iştirakçılarına nümayiş etdiriləcəyinə əmindirlər.
Şpeyer Muzeyinin yazılı yaydığı xəbərə görə, Şərqi Avropadan Sibirə qədər olan bir ərazidə son elmi, arxeoloji tapıntılar, Altay dağlarından, Yunanıstandan əldə edilmiş materiallar sərgidə nümayiş olunacaq. Sərgiyə Avropanın və Mərkəzi Asiyanın bir çox muzeylərindən borc alınmış eksponatlar da daxil edilib.
Qeyd edək ki, amazonların Qafqazda ilk tədqiqatçısı Nuridə Atəşi 15 illik tədqiqatlarından sonra amazonların ilk yaşayış yerlərinin Qafqaz olduğunu, YUNESCO mədəni irsinə aid olan Qobustanın Ana zağa mağarasının onların ilkin yaşayış yerləri olduğunu, Amazon silahları hesab edilən dəmir-tunc təbərzin baltaların ilk dəfə Qafqazda istehsal olunduğunu, Qafqaz Albaniyasının qədim torpaqları- Dərbənd, Qəbələ, Oğuz, Zaqatala, Qax , xüsusi ilə Qarabağ bölgələrinin amazonların yaşamış olduqları ilkin doğma torpaqları olduğunu və digər sensasiyalı tezislərlə çıxış edib.
Nuridə Atəşi tədqiqatlarının nəticəsini Azərbaycan elminə ötən il Bakıda kecirdiyi mətbuat konfransında açıqlamış və Azərbaycan Milli Akademiyasının Prizidiumuna bir neçə müraciətlər ünvanlayıb.
Hazırda araşdırmaları üzərində 8 ölkədə gərgin işləyən tədqiqatçı bütün dünyaya Amazonların ilk vətəninin Qafqaz olduğunu və bu günkü Azərbaycan qadınlarının amazonların birbaşa varisləri olduqlarını tarixi, etnoqrafik və arxeoloji faktlarla isbat edə biləcəyində israrlıdır.
N.Atəşi Milli.Az-a verdiyi açıqlamada bildirib ki, dünyanın ciddi arxeoloqlarının artıq amazonların bir mif deyil, əsl bir tarix olduqları faktı ilə razılaşdıqları halda, bəzi Azərbaycan alimlərinin bu faktı hələ qəbul edə bilmədiklərindən narahatdır.
«Dünyada hazırda öz müstəqilliklərini yenicə qazanan bir çox ölkələr özlərinə yeni tarix düzəltmək, əsl tarixlərini saxtalaşdırmaq, təhrif etmək, bir sözlə yeni tarix yazmaqla məşğuldurlar. Bu cür cəhdlər ciddi dünya elmi tərəfindən rədd edilir, onların alimləri və saxta elmləri qəbul edilmir. Bu Azərbaycana birbaşa şamil edilməsə də Azərbaycanın qədim tarixinə yeni yamaq vurulmasına qətiyyən ehtiyacı yoxdur. Qafqazın ilk tarixini yazan Moisey Kalankatuklu Azərbaycanın qədim adlarını çəkərkən bu ölkənin Atropateniya, Albaniya və Amazoniya adlandığını yazmışdır. Son 50 il ərzində Qafqazda aparılmış tarixi, etnoqrafiq, arxeoloji tədqiqatların əsasında amazonların qafqaz qadınları olduqlarını dünyaya sübut etmək mümkündür. Hazırda Avropa ölkələri Azərbaycanın elminin inkişafında rol oynayan müştərək lahiyələrə yetərincə vəsait ayırır. Eyni zamanda Azərbaycan hökuməti də həmçinin, elmi tədqiqatlara və xüsusi ilə ölkədə aparılan arxeoloji qazıntılar üçün yetəri qədər maddi vəsait ayırır» - deyə o, bildirir.
N.Atəşi Azərbaycan tarixçilərini, xüsusən arxeoloqları indiyə qədər tarixin qaranlıq guşələrinə işıq tutacaq bu tədqiqata öz obyektiv töhvələrini vermələrini arzulayır və onları tarixin bu günkü səhifəsinin yazılmasında məsulliyyət daşıdıqlarını, ehtiyatlı, ədalətli və obyektiv olmalarını arzulayır.
Jurnalistlər Milli Qəhrəman Mübariz İbrahimovun evini ziyarət etdilər
Milli Qəhrəmanımız Mübariz İbrahimov evi pirə dönüb artıq... Gəlin Mübariz olaq!
İyun ayının 19-u Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrilə gedən qanlı döyüşdə 4 erməni əsgərini məhv edən və elə o sayda da yaralayan Mübariz İbrahimov indi gənclərimizə örnəkdir. 22 yaşlı Mübarizə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 22 iyul tarixində "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Bu adın milli mətbuat günündə verilməsi heç də təsadüf sayılmamalıdır. Çünki mətbuatımız bu işdə həmrəylik göstərməyi bacardı. Son vaxtlar ancaq şou, qalmaqal axtarışında olan KİV-lər Mübarizin ətrafında birləşdi. Əslində, başqa cür ola da bilməzdi, çünki Mübariz adına layiq yaşadı və adını tarixə yazdırdı. Həmçinin Mübariz min bir bəhanəylə əsgərlikdən yayınanlara, ölkədən qaçanlara, başqa ölkələrə daha yüksək qiymət verənlərə gözəl cavab verdi.
Ölümü ilə ölümsüzlüyünə qovuşan Mübariz İbrahimovun Biləsuvardakı evinə insanların axını bu gün də davam edir. Artıq ziyarətgaha çevrilən bu məkana iyulun 29-da bir qrup xanım jurnalist və millət vəkili Qənirə Paşayeva səfər edib. Səfər Lider TV-nin təşkilatçılığı və jurnalist Mətanət Ağamirlinin təşəbbüsü ilə reallaşdırılıb.
"Arxamca su atma, onsuz da qayıtmayacam..."
Şəhidin anası Şamama xanım Mübariz haqqında jurnalistlərə danışıb: "Mən fəxr edirəm ki, belə bir oğlun anasıyam. O, yenidən dünyaya gəlsəydi, istəyərdim ki, yenə də döyüşlərə getsin və daha çox ermənini məhv etsin. Bu, onun arzusu idi. Əminəm ki, arzusuna qovuşduğuna görə Mübarizin ruhu rahatdır".
Şamama xanım, hər gün onun çarpayısında yatmaqla oğlunun qoxusunu sanki içində yaşatmağa, onu hiss etməyə çalışır. Ana bu acını oğlunun şəhid olması qüruru ilə də ovutmağa çalışır. "Onun çox möhkəm iradəsi var idi. Qarşısına qoyduğu məqsədə çatmaq üçün hər şey edərdi. Mübariz hər zaman ermənilərin axırına çıxmağı arzu edirdi. Mübariz 3-cü sinifdən boksa və güləşə gedib. Daim idmanla məşğul olurdu. Uşaqlıqdan döyüş filmlərinə baxırdı. Son zamanlar evdə tez-tez "Mən sağlam olmalıyam. Heç vaxt xəstə düşə bilmərəm. Çünki bu, mənə öz arzumu yerinə yetirmək üçün lazım olacaq" deyərdi.
Axırıncı dəfə 10 günlük məzuniyyətə gələndə evdəkilərlə sağollaşanda anası onun ardınca su atıb, sağ-salamat qayıtmasını arzulayıb. Mübariz isə anasına - "Suyu kiminsə arxasınca atanda onun qayıtmasını arzulayırlar. Arxamca su atma, ağlama, onsuz da qayıtmayacam..." deyə cavab verib.
"Haqqını halal et və mənə şəhidlik arzula!"
Nə edəcəyini taktiki planlaşdıran Mübariz evdəkiləri gələcəkdə onun yoxluğuna alışdırmaq üçün onlara gizli şəkildə nələrisə çatdırırdı. Milli Qəhrəmanın atası ilə söhbətdə Ağakərim bəy oğlu ilə axırıncı söhbətini danışdı: "Mübariz axırıncı 6 ayda gizli şəkildə məndən hallalıq istəyirdi. Mən də hər dəfə onun bu fikirlərini başa düşmürdüm. Axırıncı dəfə yenə məndən hallalıq istəyəndə dedim ki, haqqım hallal olsun. Nə istəyin varsa arzuna çatasan. O isə cavabında ona şəhidlik arzulamağımı istədi. Üstündən bir neçə gün sonra onun şəhid olması xəbərini eşidəndə məndən niyə görə halallıq istəməsini başa düşdüm".
Bu gün minlərlə mübariz oğullarımız var və onlar ən az Mübariz İbrahimov kimi qəhrəmanlıq göstərməyə hazırdılar. Bu, yalnız bir nəfərin şücaəti, qəhrəmanlığı idi. Biz isə hamımız bir olanda daha əzəmətli, daha güclüyük. Bunun üçün isə sadəcə hər birimiz Mübariz olmağı bacarmalıyıq...
Azərbaycanda istirahət edənləri necə "dincəldirlər"?
Doğrudanmı dəniz kənarında qarpızla pendir-çörək yemək Qafqaz dağlarında «boş-boş» gəzməkdən min dəfə maraqlıdır?.. Turizm müasir dünyada ən gəlirli sahələrdən biri kimi qəbul olunur. Elə xırda ölkələr (məsələn, Şimali Kipr) var ki, büdcənin yarıdan çoxunu turizmdən gələn vergilər təşkil edir. Bu sektorun ayrılmaz və əsas hissəsi sayılan istirahət mərkəzləri artıq beynəlxalq səviyyədə rəqabət yarışına girişiblər. Görəsən, bu rəqabət meydanında Azərbaycandakı istirahət mərkəzlərinin yeri və mövqeyi varmı? Suala cavab tapmaqdan öncə bildirək ki, turizm sektorunun inkişaf strategiyasının işlənib hazırlanması qanunvericilik bazasının yaradılması, bu sahə üçün mütəxəssislərin yetişdirilməsi davam etdirilməkdədir. İstər müstəqil ekspertlər, istərsə də rəsmi şəxslər etiraf edirlər ki, hələ ki, turizm sənayesində səmərəli bazar münasibətləri sistemi tam qurulmayıb və istehsal texnologiyaları baxımından turizm sahəsinin dünya standartlarından nə qədər uzaq olduğu göz önündədir. Necə deyərlər, görünən dağa nə bələdçi...
Harada istirahət edək?
Havaların qızması ilə əlaqədar paytaxt sakinləri əsasən sərin rayonlara səfər edir. Lerik, Masallı, Quba, İsmayıllı kimi rayonlara böyük istirahət həvəsilə üz tutan paytaxt sakinləri nəyin şahidi olur? Bakı sakinləri hansı təəssüratlarla rayonlardan ayrılır?
Azərbaycanın istirahət mərkəzlərində vəziyyəti öyrənmək üçün iki-üç belə məkanda olmaq kifayətdir. Bütün istirahət mərkzlərində təbiətin yaratdığı mənzərəni nəzərə almasaq, xidmətin keyfiyyəti, infrastrukturun vəziyyəti demək olar ki, oxşardır. Otellər də sanki eyni tikinti şirkəti tərəfindən inşa olunub. Bu sahədə rəngarənklik yox dərəcəsindədir.
Bir neçə gün öncə bir qrup jurnalistlə birlikdə Nabranda həm seminara getmişdik, həm də dincəlməyə. Seminardan sonra imkan tapıb yaxınlıqdakı bir neçə istirahət mərkəzində olduq. Onu da deyək ki, hazır istirəhət mərkəzlərini urvata mindirməmiş iş adamları boş torpaq sahələrini artıq nişanlayıblar. Gözlənilir ki, ərazidə yaxın illərdə yeni-yeni belə mərkəzlər tikilsin.
Baş çəkdiyimiz istirahət mərkəzlərindən birində qulaq batıran diskotekanı görən dostlardan biri "Elə «dıps-tıs» Bakıda da var da. Ta zəhmət çəkib bura niyə gəlirik? Paytaxtdakı barlarda atılıb-düşərdik də.." - dedi. Bakı barları demişkən, diskotekada istirahətə gələnlərdən daha çox gələnləri əyləndirmək vəzifəsini yerinə yetirən «qadınlar» var idi. Sanki paytaxtdakı barların daimi sakinləri müvəqqəti olaraq iş yerlərini dəyişmişdilər...
Dənizin kənarında yerləşən bu istirahət mərkəzlərinin əksəriyyətində fərli-başlı çimərlik hovuzu yoxdur. Çimmək üçün də elə dənizə üz tutur qonaqlar.
İstirahət təkcə yeyib-içmək deyil
Kimdən soruşsanız ki, yayda istirahəti necə keçirmisiniz, deyəcək ki, filan yerə getdik, yeyib-içdik, oynadıq, kef çəkdik və s. Amma istirahət təkcə quzu kababı, dana basdırması yemək, eyş-işrətlə məşğul olmaq demək deyil. Tarixi abidələrə, muzeylərə baş çəkmək, meşə, dağ səyahətinə çıxmaq, ov ovlayıb quş quşlamaq, alpinistlik etmək, paraşutla tullanmaq ən mədəni istirahət növlərindən sayılsa da, bizdə əksəriyyət bunu ya iş yeri, ya da sadəcə avaraçılıq hesab edir. Statistik azərbaycanlı düşünür ki, dəniz kənarında qarpızla pendir-çörək yemək Qafqaz dağlarında «boş-boş» gəzməkdən min dəfə maraqlıdır. Avropada bu cür istirahətlərdən çoxdan imtina ediblər. Elitar avropalı üçün Misir ehramlarına baş çəkmək Bodrumda İskəndəriyyə kababı yeməkdən, yaxud da Nabranda diskotekada atılıb-düşməkdən daha əhəmiyyətlidir. Əlbətdə ki, biz diskotekalarla, kabablarla, fanta-kolalarla əcnəbilərin dəqqətini heç bir halda çəkə bilmərik. Onlar üçün bu, ibtidai istirahət sayılır ki, onu da çoxdan tarixin arxivinə göndəriblər.
Əsas problem qiymətlə bağlıdırmı?
Bu, çox qaldırılmış məsələdir. Türkiyədə istirahət etmək Azərbaycandakından ucuz başa gəlir. Səbəbi də bəllidir. Türkiyəyə ildə milyonlarla turist gəlir, bizə isə yüzlərlə. Müştəri çox olanda qiymətləri aşağı salmaq olur. Nabranda hansısa istirahət mərkəzində dincəlməyin günü 200-220 manata başa gəlirsə, bu göstərici Antalyadakı "Rixon" oteli üçün 180-200 manat civarındadır. Məsələn, 6 nəfər birlikdə "Rixon" otelini sifariş etsə, onların hər birindən 7 günlük istirahət üçün 1200 manat tələb olunur. Bu məbləğə hətta bilet pulu da daxildir. Əlbəttə belə olduqda Azərbaycan vətəndaşı Antalyanı daha üstün tutacaq.
Bir də ki, bizdəki istirahət mərkəzləri əsasən yay fəslində fəaliyyət göstərir. Qış istirahət mərkəzləri isə yox səviyyəsindədir.
Qışda Gürcüstan turistlər üçün daha cəlbedicidir.
İranlını cəlb edən nədir?
Nabranda olduğumuz istirahət mərkəzində iranlılar da var idi. Onlara "nə üçün Azərbaycanı seçmisiniz" sualını da verdik. Sən demə iranlıları Nabrana daha çox "qadın marağı" gətirib. Öz bioloji təlabatını ödəmək üçün Azərbaycana təkcə iranlılar deyil, pakistanlılar, hindistanlılar, orta asiyalılar da üz tuturlar. Rəsmi statistikaya görə, 2009-cu ildə Azərbaycanda fəaliyyət göstərən istirahət mərkəzlərində 1 milyon 300 mindən artıq turist dincəlib. Turistlər arasında qonşu Rusiya, İran və Orta Asiyadan olanlar çoxluq təşkil edib. Onu da bildirək ki, istirahət mərkəzləri, otellər Türkiyədən, Orta Asiyadan olan qadın xidmətçilərilə «zəngindir». Bu yolla müştərilərin diqqətini cəlb etdiklərini düşünən bəzi istirahət mərkəzləri və otellərin sahiblərinin diqqətinə qonşü Turkiyənin bu yolu 30-40 il əvvəl keçdiyini və hazırda bundan imtina etdiklərini çatdırmaq yerinə düşərdi.
Necə ucuz istirahət etməli?
Rahat istirahət etmək üçün heç də gündə 80-100 manat xərcləməyinə dəyməz. Azərbaycanın bütün turizim rayonlarında yerli sakinlər öz evlərini günü 10-15 manata kirayə verirlər. Ev sahibləri qonaqlara bəzi qulluqları da göstərirlər. Çay dəmləmək, ocaq qalamaq, su qızdırmaq, qab yumaq və s. xidmətlər edilir. Özünüzlə hazır bişmiş yeməklər aparmaqla ailəliklə həmin evlərdə 10-20 gün qalmaq olar. Minimum xərclə maksimum istirahət etmək, ailəliklə dincəlmək şansları hələ ki, var...
Ruslan
|