AzEnRuTr
   
 

Yeni Yazarlar və Sənətçilər Qurumu ilə  Azərbaycan Yazıçılar Birliyinin elektron ədəbi-kulturoloji portalı. Azərbaycan, ingilis, rus və türkcə: milli, dünya ədəbiyyatı, bədii, tərcümə, elmi, dərslik kitablarının elektron variantı, lokal və qlobal elektron kitabxanaların şəbəkə ünvanları, yazarların bloqları, orijinal kreativ-intellektual yazılar, art-xəbərlər - hər gün yenilənən kulturoloji e-resursu


Ləqəb
Şifrə
Şifrəni unutmusunuz?     Qeydiyyat

 Xalq şairi Rəsul Rzanın saytı  Reklam, ianə və xeyriyəçilik   Reklam, ianə və xeyriyəçilik Azərbaycan Yazıçılar Birliyinin saytı və e-nəşrləri

Xəbərlər » Ədəbiyyat » Qəşəm Nəcəfzadə. "Səhifələr". Uşaq ədəbiyyatındakı uşaq haqqında. Sayman Aruz. Güney Azərbaycanda çağdaş ədəbi proses... AYB-nin növbəti qurultayı ərəfəsində keçirilən müşavirə materilalı...

UŞAQ ƏDƏBIYYATI ÜZRƏ HESABAT YIĞINCAĞI


Aprelin 5-də Yazıçılar Birliyinin Natəvan klubunda uşaq ədəbiyyatı üzrə hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə Rəşad Məcid açaraq sözü Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, Azərbaycan jurnalının əməkdaşı şair Qəşəm Nəcəfzadəyə verdi. "Səhifələr (Uşaq ədəbiyyatındakı uşaq haqqında)" adlı məruzədən sonra müzakirələr başlandı.


Aprelin 5-də Yazıçılar Birliyinin Natəvan klubunda uşaq ədəbiyyatı üzrə hesabat yığıncağı keçirildi. Tədbiri giriş sözü ilə Rəşad Məcid açaraq sözü Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı bölməsinin rəhbəri, Azərbaycan jurnalının əməkdaşı şair Qəşəm Nəcəfzadəyə verdi. "Səhifələr (Uşaq ədəbiyyatındakı uşaq haqqında)" adlı məruzədən sonra müzakirələr başlandı.
Fikrət Qoca, Fikrət Sadıq, İntiqam Qasımzadə, Qulu Ağsəs, Əsəd Cahangir, Zahid Xəlil, Ələmdar Quluzadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, İlyas Tapdıq, Şövkət Horovlu, Ramiz Məmmədzadə, Sevinc Nuruqızı, Fərqanə Mehdiyeva, Adil Cəmil, Balayar Sadiq, Gülzar İbrahimova, Kəramət Böyükçöl çıxış edərək məruzə haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər, məruzədə maraqlı məqamlara toxunulduğunu, ümumiyyətlə qənaətbəxş, əhatəli, maraqlı olduğunu qeyd etdilər.
Yazıçılar Birliyinin sədri Anar məruzəni bəyəndiyini, maraqlı, orjinal bir şəkildə hazırlandığını qeyd etdi.


Qəşəm Nəcəfzadə
Azərbaycan Yazıçılar Birliyi Uşaq
Ədəbiyyatı şöbəsinin müdiri


SƏHİFƏLƏR

(Uşaq ədəbiyyatındakı uşaq haqqında)


İndi əlimdə 15 vərəq var, son beş ilin günləri vərəqləri qaralayıb ki, üzümüzü ağarda bilsin. Birinci vərəqdi bu, birinci səhifə.
Oxuyuram...
1993-cü il.... Bakı məktəblərinin biri... Mənə dərs demək üçün "8."a" sinfini verirlər. Qacqın uşaqlarıdı... Jurnanlın sonuncu səhifəsindəki şagirdlər haqqında məlumatı oxumaq mənə maraqlıdı. Oxuyuram. Əksəriyyətinin atası şəhid... Bəzilərinki işsiz.... Bu, bütöv Azərbaycan cəmiyyətinin şəkli, müharibənin canlı şeiridir. Bu, öz yerində... Müəllimlərdən biri mənə deyir, direktoru vaxtında görsəydin sənə müstəntiqlərin uşaqları oxuduğu sinfi verərdi. Bu söz 8."a" sinif jurnalının arxasındakı yazıdan daha ağırdı. Kövrəldim. "8."a" sinif jurnalının arxasında yazı" şeirimi yazdim. Bu şeir o vaxt ki, Azərbaycan cəmiyyətinin sifətini çox dəqiq göstərir.
Başqa bir fakt. 80-cı illərin ortalarında dərs dediyim 6-cı sinifə "Haradan başlanır, vətən" mövzusunda inşa yazdırıram. İnşadan "5" alan şagirdim Qarabağ döyüşlərinə fərari olur, "2" qiymət verdiyim şagird isə qəhrəmanlıq göstərib "Qırmızı Bayraq Ordeni" ilə təltif edilir. Səbəbi...? Bilmirəm. Bunları ona görə deyirəm ki, bu iki faktın bizim uşaq şeirimizə çox böyük dəxli var.
Bu günlər Ermənilər Snayperle 9 yaşlı Fariz Bədəlovu öz evlərinin qabağında alnından vurdular. Bir uşaq şeirimiz də belə öldü. Bir uşaq şeirimiz azaldı. Demək, nə qədər uşaq var, bir o qədər uşaq şeiri...
Şair dostlarımdan biri danışır. Qış vaxtı evə gələndə gördüm ki, balaca qızım evin qapı pəncərələrini tam açıb, bütün qızdırıcıları işə salıb. Sorusdum, nə edirsən? Dedi ki çölü qızdırıram, çöl qızsın, gedib çöldə oynayim. Bu, canlı bir uşaq şeiridi. Nəfəs alır. Şeir dirilir.
Bəzən uşaq şeirlərimizdə belə dəqiq həyat faktları çatmır.
Yaxşısı budur, vərəqi çevirim... ikinci vərəq. Bu vərəqin əvvəlində üç nekroloq var, Məstan Günər, Xanımana,Əlibəyli, Əli Səmədli.
Yadıma Məstan Günərin aşağıdakı misraları düşür.

Otların üstündə ay çıxıb dizə

Demək, otların qucağında ayın işığı o qədərdi ki, ay dizə qədər qalxıb. Halbuki ay göydədir. Amma bu şeirdə ay otlardan uşaqlara baxır. Elə bil şəkil çəkilib.
Məstan Günər uşaq şeirlərinə görə ilk dövlət mükafatı alan şairdi.
Xanımana Əlibəylinin son illər Seçilmiş əsərlərinin iki cildliyi çap olundu.
Professor Rafiq Yusifoğlu yazır, Xanımana Əlibəyli mələklərin qanadında tanrı dərgahına uçdu.
Əli Səmədli həmişə məni görəndə deyirdi, uşaq kitabxanasında mənimlə görüş var, gəl. Əli Səmədli və uşaq kitabxanaları... Bakıda 18 uşaq kitabxanası var, Birinin qapınısımda Əlinin şəklini asa bildikmi?
Bəli, bu beş ildə üç uşaq yazıcını əbədiyyətə yola saldıq. Uşaqların xəbəri oldumu, bilmədim.
Vərəqin sonuna irəliləsəm də xəyalım xx əsrin əvvəlinə qayıdır. "Dəbistan", "Məktəb" "Zənbur", "Rəhbər"jurnalları gözüm önündə vərəqlənir. Vərəqlər sarı, şeirlər diri. M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.B.Əfəndiyev, M. Cəlil, Ü. Hacıbəyov, F.B. Köçərli fikrim önündən keçirlər "Yaz günləri", "Uşaq və buz", "Dovşan", "Keçi" "Can gülüm can, can", Durna", Tülkü və qarğa" şeirlərini dodağimin altda pıçıldayıram. Şeirlərin dili sadə və aydın. Obrazın xarekteri dərin və mənalı. "Yaz günləri" şeiri təkçə təbiət hadisəsi deyil, həm də içtimai bir hadisədir. "Şair gəl, gəl a yaz günləri" deyəndə həm də türk ellərini çağırır.
Bu vərəqi də qoyuram kənara. Yaşayıb qurtardığım dəqiqələrin ardınca vərəqı qapı kimi örtürəm.
Üçüncü vərəq... Sovet ədəbiyyatı adlandırdıqları vərəq. Amma böyük ədəbiyyatın vərəqi. Açıram.
Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Teymur Elçin Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mirmehdi Seyidzadə, Əməd Cəmil, Mikayıl Rzaquluzadə, Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə, Mir Cəlal, Xanımana Əlibəyli, Əli Kərim, Əzizə Əhmədova, Bəxtiyar Vahabzadə, Əli Səmədli, Məstan Günər, Bayram Həsənov və b. görkəmli sənətkarlarımız elə bir uşaq ədəbi irsi qoyub getmişlər ki, onların əsərlərinə könül söykəməklə uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək olar.
Elə bu adların ardınca bir söz yazmaq istəyirəm. Bizdən ayrı düşənlərə hörmət və ehtiramım böyükdü.Mən keçmişi çox sevirəm. Yaratdıqlarımızın hamısı keçmişdədi. Bax elə bir dəqiqə öncə dediyim söz də keçmiş oldu artıq. Hələ gələcəkdə nə var bilmirəm. Məşhur bir söz də deyildiyi kimi "Keçmişə tapança ilə atəş açsan, gələcək səni topa tutacaq".
50- 60-cı illərdə Anar, Fikrət Qoca, Elçin, Fikrət Sadıq, İlyas Tapdıq, Nəriman Həsənzadə, Əkrəm Əylisli , Zahid Xəlil, Məmməd İsmayıl, Ayaz Vəfalı, Qərib Mehdi, Bahadur Fərman, Fəridə Əlyarbəyli, Məmməd Alim, Ələkbər Salahzadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Aləmzər Əlizadə, Şövkət Zərin Horovlu və başqa sənətkarlarımız dəyərli uşaq əsərləri yaratmış və bu gün də bəziləri ardıcılıq olaraq uşaq ədəbiyyatı ilə məşğuldurlar.
Uşaq ədəbiyyatının sonrakı nəslinə mənsub olan İsmayıl İmanzadə, Əjdər Ol, Ədalət Əsgəroğlu, Azadə Taleh, Telman Dəmir, Zəminə Xınalı, Bəhram Basqallı, İslam Sadıq, İnqilab İsaq, Sahib İbrahimli, Adil Cəmil, Zümuzər Nüsrətbəyli, Murad Köhnəqala, Məlahət Yusifqızı, Gülarə Munis, Güləmail Murad, Fəxrəddin Meydanlı, Ədalət Salman və onlardan sonra gələn nəsil Sevinc Nuruqızı, Səlim Babullaoğlu, Gülzar İbrahimova, Hicran Hüseynova, Balayar Sadiq, Sərvaz Hüseynoğlu, Aysel Xəlil, Nuranə Nur, Əfsanə Laçın, Əkbər Qoşalı, Günel Almaz, Sevinc Arzulu, Aygün Bunyadzadə, Şəfəq Sahibli, Mənsurə Qaçayqızı, Səxavət Talıblı, Vəfa Qafarova, Dayandur Sevgin, Sevinc Pərvanə, Narıngül, Faiq Balabəyli, Şəmsi Vəfadar, İradə Aytel son beş ildə çap olunan kitabları və şeirləri ilə ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.
Müasir uşaq ədəbiyyatını 3 ədəbi növ üzrə, uşaq şeiri, uşaq nəsri, uşaq ədəbi tənqidi ilə qruplaşdırmaq olar ki, mən bunu ayrı-ayrılıqda yox, bir yerdə araşdırmışam və burda da əsas məsələ kəmiyyət deyil, mənim üçün başlıca meyar, bədiilikdir. Bədii həqiqət tarixi həqiqətdən çox yaşayır.
Məruzəmi fikrimdə 14 səhifə həcmində tutmuşdum və birdən -birə hardansa bir vərəq, gərək ki, "525-ci qəzet"dən uça-uça düz gəlib vərələrin ustünə düşdü . Bu o zaman oldu ki, mən xalq yazıçısı Elçinin hər şənbə "525-ci qəzet"də gedən və hələ də davam edən "Silsilə nağıllar"ını bir nəfəsə oxuyurdum və görürdüm ki, Elçinin o nağılları uşaq ədəbiyyatının ən gözəl nümunələridir. Və o da mənə aydun olurdu ki, bu nağıllar həm də böyüklər üçündü. Onu da fikrimdə təsdiqləyirdim ki, uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı arasında elə böyük bir fərq də yoxdur. Onu da bilirdim ki, nağıllarda iri həriflə yazılan İnsan və təbiət münasibətləri üzdə olsa da alt qatda, cəmiyyətdə, şüurda, milliləşmə və qloblaşmada gedən prosesləri dəqiqliyinə qədər göstərir. Mən indi Elçinin "Nağıllar silsiləs"nin fövqündə dayanaraq son beş ilin uşaq ədəbiyyatının ədəbi mənzərəsinə diqqətlə baxanda bir çox ədəbi hadisələri aydın görürəm. Həmin ədəbi hadisələrindən biri budur ki, ölkə prezidenti tərəfindən 2009-cu il "Uşaq ili" elan olundu və bu qərardan sonra uşaq ədəbiyyatı ilə bağlı məsələlər gündəmə gəldi, dəyirmi masalar, görüşlər konfranslar keçirildi. Xalq yazıçısı Elçinin məsləhəti və mərhum Qoşqar Qarayevin layihəsi əsasında formalaşan, tənqidiçı Nərgiz Cabbarlının rəhbərliyi ilə fəaliyyət gostərən "Beşik" nəşriyyatı balaca oxuculara bir-birindən maraqli uşaq kitabları bağışladı.
2008- çi ilin noyabrında Bakıda Türk Xalqları ədəbiyyatı Beynəlxalq Uşaq ədəbiyyatı konqresi keçrildi. Türk xalqları uşaq ədəbiyyatının birgə müzakirəsi ədəbiyyatımıza böyük töhfələr verdi.
Dövrün içtimai-siyasi və sosial iqlimi uşaq ədəbiyyatına da təsir etdi, zamanın gərdişi balaca oxucuların oxu kitabındada öz atını məharətlə oynatdı.
Ən boyük ədəbi hadisələrdən biri baş vermədi, ona görə baş vermədi ki, uşaq ədəbiyyatı adına son beş ildə heç bir mükafat təsis edilmədi.
Ölkənin başında yeni kitablar, jurnal və qəzetlər çap edildi, maraqlı görüşlər, yubileylər, disbutlar keçirildi.
Və onu da qeyd edirəm ki,"Nağıllar silsiləsi"nin fövqündən baxanda uşaq ədəbiyyatının bir-birindən maraqlı, zəngin və parlaq səhifələrini aydın görürəm.
İlyas Tapdıq səhifəsi. Uşaq şerimizin canlı klassiki, 75 illiyini ötən il təntənə ilə qeyd etdiyimiz İlyas Tabdığın ədəbi zövqü həm keçmişi, həm bu günü həm də gələcəyi ifadə edir. Müasirliyi olmayan insanı mən qoca hesab edirəm. İlyas Tapdıq bütün ədəbi düşüncələri ilə müasirdir.
Son beş ildə şairin "Seçilmiş əsərləri"nin iki cildliyi, "Şeir sevən balalar", "Köşək", "Qoçaq dovşan", "Təqvimə düşən oğlan" kitabları işıq üzü görüb.
"Meşənin mahnısı", "Şüvalanda" "Qoçaq dovşan" "Balaca ovçular" poemalari uşaq dünyasının daxili cizgilərini orjinal bir şəkildə göz önünə gətirir. Vaxtı ilə unudulmaz şairimiz Hüseyn Arif "Bənövşə" şeirinə İlyas Tapdığın aşağıdakı iki misrasını epiqraf gətirmişdi.

Bənövşə xatirinə
Kol dibinə iz düçdü.
və mən də balaca vaxtimda bütün kol-kosların dibində bənövşə axtarırdım.
Bir-birindən gözəl uşaq obrazları yaradan İlyas Tapdıq son illərdə balaca oxuculara Qarabağımız, bu günümüz haqqında maraqlı şeirlər yazdı. Mən onu yeriyən uşaq ədəbiyyatı və danışan xatirə kitabı adlandırıram və ötən bu payız gördüyüm bir mənzərə hələ də xəyalımdan çəkilmir. Sahil bağında küləkli bir havada sarı yarpaqlarla bir gedirdi İlyas Tapdıq. Yarpaqlar başından aşır, pencəyinin ətəklərini və kalustukunu külək havada yelləyir, o isə heç nəyin fərqinə varmadan əlindəki çəliklə ayağının altında hələ ki, yerin qaçmadığını yoxlayırdı.

Burada bu vərəqi qatlayıram. Oxundu bitdi. Ay kimi batdı, gün kimi çıxdı. Əlimdə başqa bir vərəq səhər kimi doğulur. Əslində diqqətlə baxsan o vərəqin rəngi bu vərəqə qarısib. O vərəq bu vərəqə rəng dili ilə bir söz pıçldayıb. Yəni dünən bu günlə bitişikdi. 8."a" sinif şagirdlərinin faciəsi bu gün də yaşayır uşaq şerimizdə. Həmişə Xocalı faciəsinin görüntülərinə baxanda özümü öldürməsəm də deyirdim gedib qələmimi sındıracam. Sındırdımmı? Elə bil xocalının dərə-təpələrinə min dənə uşaq şeirimizi səpələmişlər. Sizdən sorusuram şair qardaşlar, hanı o uşaqların şeirləri. Uşaqların əynindəki köynəklər kitabın vərəqləri idi. Sinələrinə qoyulmuş əlləri isə kitablarının çildi, sahiblərindən kənara səpələnmiş potular, çəliklər-nida, ayaqqabılar- nöqtə, vergüllər... Ermənilər avtomat mətbəəsində bu şeirləri cap eləmişdi. Uşaq şeiri yazanda gərək uşağın özü ola. Uşaq yoxdursa necə yazasan. Xocalıda bizim uşaqlarımız yoxdu artıq...
Qoy bu vərəqi Xocalı şeirinin üstnə sərim, üşüməsin.
Ayri bir vərəq açılır önümdə. Xalq şairi Rəsul Rza yazırdı. Pəncərəmi açdım sabaha gördüm insanlar gəlib gedir aylar, illər üstündən. İndi bu vərəqin işığında baxıram şeirlərə.

Zahid Xəlil səhifəsi

Tanınmış şair Zahid Xəlil 2008-2009-cu illərdə 6 cilddən ibarət seçilmiş əsərlərini oxucuların ixtiyarına verdi. Onun "Küp", "lampacıq", "Ata ocağı" dram əsərləri, "Dünyanın ən balaca nağılları" hekayələr, "Orxan və dostları" povesti, "Qızlar şeir oxuyur sevgi yaşında" şeirlər toplusu, 1, 2-ci siniflər üçün Azərbaycan dili, ali məktəblər üçün ədəbiyyat dərslikləri işıq üzü gördü. Şair uşaq ədəbiyyatı ilə bağlı Ankaranın Hacəttəpə və Moskva Şəhər Pedoqoji unversitetində uşaq ədəbiyyatının problemləri ilə bağlı məruzələr etdi. Zahid Xəliln şeir stilinə yaxından bələdəm. Uşaq hara qədər gedə bilər, ora qədər yazır. Zahid Xəlilin poetik imkanları, mütailəsi olduqca genişdi, ancaq o bunu yeri oldu-olmadı xərcləmir. O uşaqların yanınca gedir, uşaqarın əli, düşüncəsi hara qədər çatırsa, ora qədər danışır. Məncə bu yüksək peşekarlıqdır. Vaxtı ilə Azətbaycan televiziyasında "Çıraq" verilişini aparırdı, "Çlraq" uşaq ədəbiyyatını işıqlandırırdı. Indi bir az hava qaralıb. Zahid Xəlil 30 il televiziyada veriliş aparıb. Gənclik illərimdə Zahid Xəlillə məktublaşmışam, uşaq şeirlərimə baxıb mənə dayaq durub. Cıraqın işığından mənə də pay düşüb. Onu da deyim ki, o çıraq indi də yanır, Zahid Xəlil harda varsa, uşaq şeirinin bir çırağı da ordadı. Şairin aşağıdakı şeirinin intonasiyası, ritmi uşaq folklarından qaynaqlanır.

DURNALAR

Təkcə uçardı göydə,
Gəzərdi çöldə durna.
Yekə qara nöqtəyə
Bənzərdi göldə durna.
Bir gün durnalar dedi:
-Niyə nöqtə olaq biz?!
Gəlin uca göylərə
Yolumuzu salaq biz.
Başlarını ox kimi
Tutub havalandılar.
Onlar təyyarələr tək
Göydə qatarlandılar.
O vaxtdan nöqtə deyil,
Düz xətt oldu durnalar.
Yerlə göy arasında
Sərhəd oldu durnalar.

Uşaq şeirinin əsas xüsusiyətləindən biri də odur ki, ondan bir- iki misra deməklə poetik həqiqəti nəzərə çatdırmaq olmur, gərək şeirin özünü bütöv oxuyasan. Ona görə bütöv oxudum bu, şeiri.
"Çıraq"dan söz düşmüşkən vaxtı ilə Azərbaycan Televiziyasının Savalan babası, M. Rzaquluzadəsi vardı, "Kitab evi", "Ədəbi jurnalıarın səhifələrində", Bayatı" verilişi vardı. Hamısı baqlandı. Uşaq ədəbiyyatını lap uşaq yerinə qoydular.

Sözə ayaq verirəm...
Bəzən uşaq şeirimizdə uşaqları böyük kimi danışdırmaq, böyüklərin fikirlərini uşaq dilinə pərçim eləmək meyilləri özünü göstərir. Bu sovet dönəmindən qalma mirasdır. Uşaqların dünyagörüşünə, duyğu və düşüncələrinə süni maska taxmaq, onları daim odlu-alovlu, qalib göstərmək özündən adam düzəltmək kimi şeylərdir. Uşaq həmişə beş ala bilmir, iki alan bir uşağın kədəri, qorxaq bir uşağın həyəcanı daha təbiidir, daha gur - guruldayan, nər - nərildəyən şeirlərin əzəməti məsum uşaqların üzünə taxılmış maskadır. Əslində bu maska müəllifin özüdür. Burada "5" alıb fərari, 2 qiymət alıb qəhrəman olan şagirdlərimi xatırlayıram.

Səhifəni dəyişirəm
Fikrət Sadıq abzası. Ötən il qocaman şairimiz Fikrət Sadığın 80 yaşı tamam oldu. Süleyman Rüstəm 70 illik yubileyində yazırdı. 7-nin yanından 0-ı pozun. Bəlkə 0-ı biz də pozaq, Fikrət müəllim. 0-ı pozsaq qalacaq 8. 8 yaşlı uşaq, "8 ."a" sinif jurnalın arxasında yazı". Fikrət Sadığın atasını tutublar 37-də. Məktəbə gedəndə sinif jurnalının arxasında sənin atanın iş yeri hara yazılmışdı, Fikrət müəllim?
Mənim üçün Fikrət Sadıq sərbəst əruzdu. Onun şeirlərinin hamısı əruzdadı, sadəcə əruzu hiss etmək gərəkdi
Bunları ona görə deyirəm ki, Fikrət Sadıq bənzətmələr şairidir. Elə aşağıdakı "Əlifba dərsində" şeirinə fikir verək.

Baş açmıram bu işdən
Çaşıb qalmışam düzü.
Anama oxşayır lap
Yazdığım "ana" sözü.

Bu bir "a" , bu da bir "a"
Anamın iki gözü.
Iki "a" arasında
"N" da anamın üzü.
Bu şeirdəki bənzətmələrə diqqət yetirin. Insanın üzündə həriflərlə ana sözü təcalla edir.
Fikrət Sadıq otaqında elə sakittdi, elə bil iclasda oturub...
Fikrət Sadığın hərəkət və düşüncələri çəldi, vaxt kimi kelib keçir yanından. Sözü şirəlidi, şirindi Fikrət Sadığın. Mərhum professor, fizulişünas alim Sabir Əliyev Məmməd Aslanın şeirlərinin dili haqqında deyirdi."Ayə dilin o qədər şirindi ki, ağzını açma arı vurar". Fikrət Sadığın uşaq şeirlərinin üstünə arıların qonmaq ehtimalı var. Uşaqlarınızı qoruyun.
Oktay Rza abzası. Tanınmış şair Oqtay Rza 2008-2009-cu illərdə "Baldan şirin balalar" və"Uşaq təbəssümü"adlı iki şeir kitabını nəşr etdirib. Şairin otən il 75 illik yubileyi təntənə ilə qeyd olundu. Natəvan klubunda keçirilən poezya gecələrində sözünü həmişə sonda deyir. Hamı onun məçlisin sonunda çıxış eləməyinə öyrəşib.Bir dəfə apadığım tədbirdə qəsdən birinci sözü həmişəcavan şairimizə verdim. O, danişsa da sonda elədiyi cıxışın emoasiyası qədər alınmadı. Demək Oqtay Rza gec gəlir, güc gəlir. Şairin aşağıdakı şeirinə diqqət yetirək.

TÜSTÜ

Baxıram qardaşımın
İşlədiyi zavoda;
Babam kimi elə bil
Papiros çəkir o da.
Nənəm deyir: - A kişi,
Tulla bu zəhrimarı!
Öskürürsən, özünə
Yazığın gəlsin barı!
Səhər-axşam çöllərə
Tüstüsünü hey yayır;
Babamı danlayan var,
Zavodu kim danlayır?


Rafiq Yusifoğlu səhifəsi . Tanınmış şair, professor, ədəbiyyatşünas alım Rafiq Yusifoqlunun şeirləri xeyli sayda müxtəlif dillərə tərcümə edilib, dərsliklərə salınıb. Dörd dərsliyin, iki monoqrafiyanın, çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Şeir və poemaları əsasında "Qəm karvanı", "Bütün Azərbaycan əsgər olmalı" televiziya tamaşaları çəkilib. Son beş ildə onun haqqında professor Nizami Cəfərov "Ədəbiyatımızın inkişafı naminə" Flora Xəlilzadə "Söz ağacının meyvələri", Adil Cəmil "Sözün keşiyində", Zahid Xəlil "Ürəklərə sevgi daşıyan şair" məqalələrini yazıb. Son illərdə onun 3 şeir: "Zamanın qatarı", "Yollar","Ana dilim", 4 nəsr: "Dəniz səviyyəsi", "Elm və helm", "Ulu yurd yerlərimiz", "Qoruq və yasaqlarımız", ali məktəblər üçün 2 dərslik və 7 tərcümə kitabı, uşaq ədəbiyyatı ilə bağlı bir neçə prablamatik məqalələri dərc olunub. 55 yaşlı "Göyərçin" jurnalının ağırlığını çiyinlərində daşıyır. Vaxtı ilə 270 min sayla cıxan "Göyərçin" jurnalının indi kəmiyyət sayı 2-3 mindir

Qəşəm İsabəyli səhifəsi. Qəşəm İsabəyli ötən beş ildə "Ay külək nə əsirsən?" "Samur at minir", "Çörək haqqında nəğmələr" kitablarını, "Əkil-Bəkil", Şamaxı şam nağılı", "Cin nağılı" poemalarını dərc etdirib. Şeirləri rus, ukrayna, belarus, ingilis, alman, qırğız dillərinə tərcümə üdilib. Qəşəm İsabəylı xeyli sayda müasir dünya şairlərinin şeirlərini dilimizə çevirib. Qəşəm İsabəylinin şeirlərinin dili folklara çox yaxındı. İncə yumor hissi, sözlərdən xəsisliklə istifadə etmək, konkretlik şeirlərin əsas xüsusiyyətidir. Z. Xəlilin təbrincə desək "Bədii forma və məzmun axtarışları və orjinal üslubu ilə seçilən, Azərbaycan Uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan şairlərdən biri də Qəşəm İsabəylidir.
Təklif "Mən yeddi oğul istərəm" filminə 6-cı sinifdə oxuyanda doğma məktəbimizdə, ədəbiyyat otağında -kənddə klub yox idi- dizlərimi yerə qoyub baxmışam. Ekran məktəbimizin ağ divarı idi. Hələ də o filmi unuda bilmirəm. İndi uşaq ədəbiyyatımız bəlkə həmin kino kimi kəndə, məktəbə, baxçaya getməlidir. Amma necə? Bunun üçün xüsusi boyük maşın ayrılmalı, deyək ki, üstü vaqon kimi, buna kənddə avtolovka deyirlər- maşının banı nağıl qəhrəmanlarımızın şəkilləri ilə bəzədilməlidir. Sonra həmin maşında çox yox, iki-üç nəfər aktyor kəndbəkənd gəzərək məktəblərdə uşaq ədəbiyyatını təblığ edə bilər, deyək ki, müəyyən əsərlərdən xüsusən nağıllarımızdan epizodlar oynayarlar, vidio -disklər nümayiş etdirərlər, şair və yazıçılarımızın kitablarını aparıb satarlar. Məhz uşaq kənddə öz babasının, nənəsinin yanında, qoyunun quzusunun yanında öz şerini nağılını daha yaxşı öyrənə bilər
Bu səyyarı ədəbiyyatın xərci də elə çox eləməz, Təhsil Nazirliyi bu xırda xərci ödəyə bilər. (İdeya Səlim Babullaoğlunundur)
Əllmdar Quluzadə səhifəsi
Ələmdar Quluzadə son beş ildə "boxca", "Qürbətə düşən daş", "Dilotu" "Ətirşah ətri" kitablarını nəşr etdirib. Bu kitabları böyük həvəslə oxudum. Şeirlərin ritmi intonasiyası və yumor hissi, xüsusilə şeirlərin sonunun novellavari qurtarmasi diqqətimi çəkdi.

TƏLƏT TƏRBİYƏ ALIR

Uşağın mərdliyinə
Hamı məəttəl qalır,
Şüşəni sındıranda
Tələt boynuna alır.

Dinməzcə qulaq asır
Ona bir söz deyəndə,
Evdən icazə alır
Oynamaq istəyəndə.

Bağçada nə eşitsə
Onun yadında qalır.
Axı tərbiyəçidən
Tələt tərbiyə alır.

Azərbaycan radiosunda Ələmdar Quluzadənənin redaktorluğu ilə "Göy qurşağı", "Günəş", "Tumurcuq", "Uğur", "Yaşıl planet", "Sabaha Pəncərə", "Boxça", "Anasının balası" "Tumurcuq" verilişləri uşaqlar tərəfindən maraqla qarşılanıb.
Sözün vaxtı. A. S. Puşkin deyirdi ki, qramatik səhvi olmayan rus dili mənə lazım deyil. Əslində Puşkin bu səhvin baş verməyi ilə böyük ədəbi həqiqəti istəyirdi. Şair ustalıqla dili inkişaf etdirməli, bədii təfəkkür sədləri uçurmalı, dil öz məcrasını aşmalıdır. Şairin, yazıçının yaratdığı dilin qramatikası yazılmalıdır.
Haşiyə. Ötən il Sumqayıtda keçirilən uşaq dünyasına həsr olunmuş bir tədbirdə valideynlər, müəllimlər çıxış edərək uşaqların kitab oxumamaqlarından gileyləndi. Söz mənə çatanda çıxışa sualla başladım. Əziz valideynlər və müəllimlər, son bir ildə siz hansı kitabları oxumusunuz? Ortaya sükut çökür. Mən vərəqi burada dəyişirəm
Vaqif Bəhmənli abzası
Vaqif Bəhmənli səmimi şairdir. O qədər səmimidir ki, uşaqlar üçün şeirini oxuyanda elə bilirsən böyüklər üçün yazıb, böyüklər üçün şeirləri oxuyanda elə bilirsən ki, uşaqlar üşündü. Vaqifin şeirləri oxucuya səmimiyyət körpüsündən keçir. Son beş ildə seçilmiş əsərləri çapdan çıxıb. Vaqif uşaqları da yaddan çıxarmayıb. Onlara "Qızıl qala" kitabını bağışlayıb
Mahirə Abdulla abzası
Mahirə Abdullanın dövrü mətbuata romanlarını, povestlərini, hekayələrini, şeirlərini oxumuşam. Rəsmlərinə baxmışam. Uşaq şelərini oxuyanda heyrətləndim...Hə, indi bildim ki, Mahirə xanım yaradıcılığa uşaq şeirindən keçib gəlib. Ona xeyir-duanı uşaq şeiri verib. Uşaq şeirlərinə şəkilləri də özü çəkib. Ümumiyyətlə, hamının içində bir uşaq var.
Baxır kim onu necə danışdırır.Məncə, Mahirə xanım uşaqları danışdıra bilib.
Məmməd Namaz səhifəsi
Məmməd Namaz uşaqlar üçün çox maraqlı əsərlər yazır. Onun imzası uşaq ədəbiyatında çoxdan vətəndaşlıq posportu alıb. Uzun illər gənclik nəşriyyatında redaktor işləyib. İndi harada işləyir bilmirəm, amma onun əbədi bir iş yeri var, uşaq şeiri yazmaq.
Məqam: Nağıllarımız səhnələşdirib disklərə köçürülməlidir. Bəzi uşaqlar ola bilsin ki, indi kitabı qəbul etmir. Biz bunu uşaqlara hansısa formada təqdim etməyin yolunu tapmalıyıq. Uşaqların oynamaq istədiyi oyunlara uşaq ədəbiyyatını qatmalıyıq. Tədris müəsissələrində komputerlərə cizgi filimləri, uşaq ədəbiyyatımızın nümunələri yüklənməlidir. Elə "Məlikməmməd" nağılından bir oyun düzəltmək olar. Bəlkə uşaq ədəbiyyatı kitab formasında yox, kino, tamaşa şəklində uşaqların yanına gəlməlidi.
Adil Cəmil səhifəsi Adil Cəmili ilk dəfə bu misrasından tanıdım. "Ağaclar torpağın azadlığıdır". Ənənəvi şeirlər yazıb həmişə. Gözəl də yazıb. Adil Cəmil fikir şairidir. Hisslər emosiyalar heca şeirinin qəlibinə salınır. Burda qanun qaydalar hökmrandı. "Ədəbiyyat qəzeti"ndə bu yaxınlarda yeni bir şeirini oxudum. "Təzə öyrəşirdim ata sözünə, Baba kəlməsi də çıxdı bu yandan" Bəli dünyaya nəvə gəldi. Demək, dünyay yeni janr gəldi. "Köbələk" şeirinə diqqət yetirək.

GÖBƏLƏK HƏSRƏTİ

Ay Ayaz,
Gəl bu yaz
Götürək
Səbəti,
Çağıraq
Səmədi,
Toplayaq
Göbələk.
Çox yığsaq
Gəl bölək.
Az yığsaq
Neyləyək?..
Aləmzər Əlizadə səhifəsi. Gəncədə yaşayan tanınmış uşaq şairimiz Aləmzər Əlizadənin ötən il 60 yaşını həmin bu Natəvan klubunda qeyd elədik Şairin son beş ildə "Fələk və mən", "Son çiçək" kitabları işıq üzü görüb. "Toya gecikən tülkü" pyesi bu il Gəncə Dövlət Kukla teatrında tamaşaya qoyulub. Xatırladaq ki, indiyə kimi Aləmzər Əlizadənin 4 pyesi səhnələşdirilib. Şairin şeirlərinin dili çox zəngindir. Arı çiçəklərdən bal çəkən kimi şeirlərin dili xalq dilindən, xalq təfəkküründən qaynaqlanıb.
.

SARI TOP

Tək bir əlimə sığır
Balaca, sarı topum.
Yerə vuranda qalxır
Məndən yuxarı topum.
Haşiyə.Nənəm həmişə sacda yuxa bişirəndə sonuncu yuxani bizə fəsəli bişirərdi biz də dövrə vurub oturardıq sacin başında. Nənəm qaşıqla fəsələnin üstünə yağ tökərdi. Tokdukcə ki oxlovla fesəlinin ustunü deşərdi ki, yağ axıb getməsin. Oxlavu vurduqca deyərdi.
Dən, dən, dən altı,
Meşədəki qaralatı.
Inanmırsan gəl sayaq
On altıdı, on altı.
Bu, bizim ilk uşaq şeirimiz idi. Bu şeirlərdə təkrirlər güclü və canlı idi.
Smavarım qızıldan, qızıldan
Suyu yerə sızıldan, sızıldan
Qardaşım bir qız sevib, qız sevib
Qabaq dişi qızıldan, qızıldan.
Uşaq vaxtı biz açıq-qapalı hecalar kimi atılıb düşə-düşə bu şeirləri həvəslə oxuyardıq.

Abbas Səhhət də «Quşlar» şeirində bu ritmdən sanamalardan, yəni təkərləmələr janrından istifadə etmişdir:

Quşlar, quşlar, a quşlar...

A.Şaiqin «Dovşan» şeirinə diqqət edin

Dovşan, dovşan, a dovşan...
M. Ə. Sabirin "Yaz günləri" şeiri"nə baxın

«Gəl, gəl a yaz günləri»

"Cücələrim" şeirinə fikir verin.

Cip-cip cücələrim
Tükü ipək cücələrim.

Cücələr həm çağırılır, həm də sananır.
Bunları deməkdə məqsədim odur ki, müasir uşaq ədəbiyyatımız folklora, xüsusən uşaq folkloruna müraciət etməlidir. Yazıçı üçün ən dəqiq kompas şifahi xalq ədəbiyyatıdır.
Həyacan təbili. Uşaq yazıçıları öz oxucularını yetişdirməlidir. Əgər bu gün "Kukla " teatrının tamaşaçısı yoxdursa, sabah "Azdama"nın tamaşaçısı olmayacaq, bu gün "Göyərçin"jurnalının oxucusu yoxdursa sabah "Azərbaycan" jurnalının oxucusu yoxdur.
.
İslam Sadıq abzası
İslam Sadıq el-oba,-dağ-dəpə şairidir. Qoşmadan, gəraylıdan başlanğıc götürüb. Şeir dili xalqın təfəkküründə süzülüb gəlir. Uşaqlar üçün yazdığı "Şümal" poeması məni kovrəltdi. Kənndə yaşadığım günlər yadıma üşdü. Şümal camış adıdır. Kənddə sovet vaxtı malları ətliyə verirdilər. Yerli hökumət mal-qaranı camaatdan alıb kəsir, ət məhsullarina çevrirdi. Belə bir hadisə şümalın da başına gəlir.

Bir gün kənddən ətliyə
Naxır-naxır mal getdi.
Bizim də qapımızdan
Ayrılıb Şumal getdi.

Onu qoşdum naxıra,
Geri dönüb ağladı.
Mənim uşaq qəlbimi
Dağım-dağım dağladı.

Şumal camış olsa da,
Bircə dili yoxuydu.
Onun hissi, duyğusu
Bizimkindən çoxuydu.

Sevinc Nuruqızı səhifəsi. Son dövr uşaq ədəbiyyatının inkişafında Sevinc Nuruqızının zəhməti çox böyükdür. O, bütün həyatını uşaq ədəbiyyatına bağlayıb. 2006-cı ilin yanvarından "Cırtdan" və "Ümid" uşaq jurnallarının yaradıcı heyətinin direktoru, eyni zamanda İctimai Padionun efirində həftənin altı günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. Hazırda "Təhsil" Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir.
Qarabağ ağrıları, müharibənin gətirdiyi dəhşətlər, əsir soydaşlrımızın işgəncə dolu həyatına həsr edilmiş "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı pyesi Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub.
Sevinc Nuruqızının son beş ildə Azərbaycan dilində 19, rus dilində 6, ingilis dilində 3 kitabı çap olunub. Birinci siniflər üçün 3 qiymətləndirmə testi işıq üzü görüb. "Dədə Qorqud" dastanını uşaqlar üçün işləyib Azərbaycan rus və ingilis dillərində çap etdirib.
Müəllifin ən irihəcmli kitabı " Bapbalaca əlifba" adlanır.
Kitabda müəllif əsasən səs və hərfləri uşaqlara əyləncəli və vizual üsulla çatdırır. Kitaba daxil olan şeirlərin əksəriyyətini təbii, uşaqlarda maraq doğuran bir yumor tamamlayır.
Sevinc Nuruqızının məktəbəqədər yaşlı uşaqlar üçün yazdığı nəsr əsərləri- "Ağca və Cubbulu" hekayəsi,"Sarı qız, Dız və Vız", "İpəkcənin macəraları", "Çiya ilə iki gün" kimi nağıl-povestləri, "Çərpələng", "Bapbalaca əlifba" və "Xortumlu dağ" kitabları balaca oxucular tərəfindən maraqla qarşılanıb. Cavabı "Qayçı" olan tapmacaya fikir verək.

Üz-üzədir iki bıçaq
İkisi də əsl qoçaq.
Nəyi versən, kəsər onlar,
Kəsməsələr, küsər onlar.

Gülzar Nənə səhifəsi . Gülzar İbrahimovanın 30 adda kitabı 100 min tirajla çap edilib, kiçik oxuculara çatdırılıb.
Uşaqlara maraqlı olsun deyə cavan vaxtından «Gülzar nənə» təxəllüsünü götürüb. Bu ad altında uşaqlar üçün yazmağı uğurla nəticələnib. Axı uşaqlar həqiqətən də nağılları baba və nənələrdən eşidəndə onlar üçün daha maraqlı olur.
Professor Qara Namazovun müəllifi olduğu Bakı Dövlət Universitetinin Uşaq Ədəbiyyatı dərsliyində Gülzar xanımın yaradıcılığı geniş yer alıb. 6 ildir ki,«Bala Dili» Elli və Boya jurnallarında baş redaktor vəzifəsində işləyir.
Yazıçı nağılda baş verən hər hadisəyə xüsusi rəsm çəkdirib.
Səsli nağıllar isə həm oxuya bilməyən, həm də adi nağılsevən uşaqlar üçün nəzərdə tutulub.
Hazırda müəllifin ibtidai siniflər üçün 1001 nağıl adı altında 10 cildlik kitabının 2 cildi çapdan çıxıb, 3-cü cild isə çapa hazırdır.
Sərvaz Hüseynoğlu abzası. Sərvaz Hüseynoğlu keçən il 50 illik yubileyinə hesabat kimi çap etdirdiyi "Məmməd Araz dastanı" kitabına uşaq şeirləri silsiləsini də daxil edib.

Quşlar həvəsə saldı
Uçdum... daş kimi...

və yaxud

Ah, açılan sirr -
Bələyin çətin quruyar

Bu misralarda şair fikrini nə qədər yığcam, dəqiq, poetik ifadə edirsə, uşaqlar üçün yazdığı şeirlərində də öz poetik üslubuna o qədər sadiqdir.

Yer qalmayıbdı
Azğın sellərə;
Ağzına qədər
Güllə-çiçəklə
Dolubdu dərə.

Və yaxud:

Aşdı-daşdı gül-çiçək,
İçində itdi dibçək - misraları bu dediklərimizin təsdiqidir.


Onun "Düşüb ələ-ayağa
Arı elə qaynaşır.
Qızım deyir; ay ata,
Deyən axı bal daşır - misraları da çox təbii müşahidənin poetik məhsuludur.


Nə gözəl olar
Gülə-gülə sən
Günəş tək qalxıb
Enə biləsən - misraları da Sərvazın uşaq
şeirlərinin səmimi, oxunaqlı və yaddaqalan dünyasını ortaya qoyur.
Bu günlərdə Azərbaycan Uşaq antologiyası üçün şair və yazıçılarımıza müraciət etdim ki, yazılarını versinlər. Bu axtarışda tanınmış yazıçı E. Hüseynbəylinin uşaqlara həsr olunmuş və Marşakdan iqtibas etdiyi "Dəcəl sican"nağıl- poeması, Qulu Ağsəsin yeni uşaq şeirləri tapıldı. Bu şeirlər obrazlı olmaqla bərabər, həm də özlərində əhvalatçılıq, hədisəçilik maqamlarını daşıdığına, yəni oxunaqlı olduğuna görə məni sevindirdi.
Sabirabadda qaçqın şəhərciyində yaşayan 60 yaşlı şairimiz Əziz Musanın "Töfiqənin nəğməsi", Çiçək yağışı", Şəfəq Sahiblinin "Biçilmiş çiçəklər", Münəvər Tabdıqovanın "Günəşananur" Rəfiqə Məmmədovanın "Dostluq", "Ardımca gəl", "Güllü kəpənəkli bağ", "Nəcblik duyğusu", Gənc yazıçı Reyhan Yusifqızının "Yaşıl gözlü qız" kitabları nəşr olunub. Bu illərdə Zəminə Xınalının "Ağ atlı oğlan", "Əmirxan əsgər gedir" Telman Dəmirin "Arzudan əməllərə" pyesləri çap edilidi və səhnələşdirildi. Borçalıdan Məhsəti Əliqızı, lənkarandan Əhməd Haqsevər, Naxçıvandan İbrahim Yusifoğlu, Təbrizdən Səyid Heydər Boyat, Səttar Mahmudoğlu, Məlihə Əzizpur , Almaniyada yaşayan Simax Şeyda ötən beş il ərzində dövrü mətbuatda maraqlı uşaq şeirləri ilə çıxış etdilər.
Sümax Şeyda Yahudi şairidir, Azərbaycan dilində uşaq şeirləri yazır, eyni zaman da Azərbaycan şairlərinin şeirlərini yahudi dilinə çevirir və son illər yahudi dilində Azərbaycan uşaq ədəbiyyatı antologiyasını çap etdirib.
Tofiq Ağayev rus dilində uşaq şeirləri yazmaqla bərabər Son vaxtlar uşaq şairlərimizin əsərlərini rus dilinə çevirib.

Şəfəq Sahibli absası
Şəfəq sahiblinin son beş ildə ölkəmizdə və türkiyədə bir neçə şeir kitabı çap olunub. Onun uşaqlar üçün yazdığı şeirlər bədii lövhələrdən ibarətdir. O bu lovhələri şeirə şəkil kimi gətitrir.
Kəpənəyin dalınca
Dəcəl Sevinc qaçırdı.
Kəpənək zəri ilə
Ona cığır açırdı.
Kəpənəyin zərinin cığıra bənzədilməsi və həmin cığırla sevincin arının dalınca getməsi çox maraqlıdır.
Gülarə Munis səhifəsi . Gülarə Munis 2008- 2010-cu illərdə "Hanı Toplanın topu?", "Söylə mənə, ay nənə!" "Gizlənmişə tap məni", "Müdrik zeytun"ağacı, "Göydən alma düşmədi", və "Lalə gülünün sirri" kitablarını uşaqların ixtiyarına verdi.
Təhsil Nazirliyinin təklifi ilə 2009-cu ildən onun "Danışan hərflər" adlı şeiri ikinci siniflər üçün Azərbaycan dili iş dəftərinə daxil edilib.
Müəllif 2010-cu ildə İranın Urmiya şəhərində keçirilən şeir festivalında Diplom və pul mükafatına layiq görülüb. Gülarə Munisin rəqəmlər haqqında yazdığı şeirlər diqqtimi xüsusilə çəlb etdi. Müəllif bu şeirlərdə rəqəmlərin xarici görünüşünə gorə onları mənalandırıb.
Eyvaz Zeynalov abzası
Eyvaz Zeynalov 2007-ci ildə "Avropa Nəşr Mətbu Evi"nin keçirdiyi müsabiqədə "Ən yaxşı vətənpərvər yazıçı" Beynəlxalq Qızıl mükafatına layiq görülmüş, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq hekayə, 2010-cu ildə Azadlıq radiosunun "Ədəbi azadlıq" kiçik hekayə müsabiqəsinin qalibi olub.
2007-ci ildə çap olunan "Qırmızı almalar" kitabına uşaq hekayələri və nağılları toplanıb. 2010-cu ildə isə Tiflisdə iki dildə - azərbaycan və gürcü dilində "Uşaq hekayələri və nağıllar" kitabı çap olunub.
Bir neçə uşaq hekayəsi rus dilində Rusiyada, Ukraynada, Türkiyə türkcəsində Türkiyədə, polyak dilində Polşada çap olunub.
Söz gəlişi . İbtidai sinif dərsliklərinin bəziləri zamanın tələbləri ilə ayaqlaşmır. Dərsliklərə elə müəlliflərin əsərlərini salınıb ki, o müəlliflərin adını mən birinci dəfə eşidirəm.
2009-cu ildə çap olunmuş və hal-hazırda istifadə olunan 1-ci sinif ana dili dərsliyində bəzi mətnlərə nəzər salaq. Uşaqlar hərifləri öyrəndikdən sonra birdən-birə aşağıdakı şeirlə tanış olurlar. "Əlifbam" şeirində: (səh-84) "Məna çiçəklərin, baxışımla dərərəm" Mənə çiçəkləri nə deməkdir, baxışla o cicəkləri necə dərmək olar? Hərifləri yeni öyrənən uşaq bu şeiri anlaya bilərmi? Yenə həmin dərslikdə (səh 105) "Atam evə gələndə, elə bil ki, nur saçır". Nur saçmaq ən çox anaya aiddir. Yenə həmin dərslikdə (səh-129) "Qurban bayramı" şeirinə diqqət yetirək.
Yaradan qəlbimizə
Ilahi nur ələsin.
Verdiyimiz qurbanı
Allah qəbul eləsin.
Şeirin bədiiliyi o yana dursun, verdiyimiz qurban olmaz, kəsdiyimiz qurban olar.Qurban vermək insana aiddir, kəsmək qoyuna.
Nurəddin Kazımovun və hal-hazırda istifadə olunan 4-ci sinfin oxu kitabında Nazir Məcninin "Qadın əlləri" şeirinin baxin.
Ay qadın əlləri, parça üstünə
Nə incə naxışlar salırsınız siz.
Şimşək olursunuz uca dağlardan
Nə vaxt ki, daşları endirirsiniz.
Bu şeirdə nə deyilir, nece deyilir hər şey göz önündədir. Sadəcə uşaqlardan üzr istəmək lazımdır. Yenə həmin dərslikdə Eldar İbrahimin "Şəhidlər" şeirindəki misralara nəzər salaq.
Cənazələr yol gedir
Bir-birindən qüdrətli
Güclü çiyinlər üstə.
Qüdrət çiyinə aid ola bilməz. Qüdrət mənəvi varlığa aiddir.
3-cü sinifin Azərbaycan dili iş təftərində verilən aşağıdakı şeirdə heç nə anlamadım.
Zahiddən soruşdular
Ev niyə bu gündədi?
Qapı çıxıb yerindən
Pərdə kündə-kündədir.
Burada uşaqlara hansı düyğuların aşılanması bir yana, pərdənin kündə-kündə olmasını anlaya bilmədim.
Misallar çoxdur. Ona görə də dərsliklərimiz Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin və savadlı pedaqoqlarımızın birgə əməyinin məhsulu olmalıdır.
Uşaq ədəbi tənqidi . Son beş ildə tanınmış alim Fizuli Əsgərlinin uşaq ədəbiyyatı ilə bağlı "Bədii təhlil və ədəbi tənqid" , "Uşaq ədəbiyyatı: qarşılıqlı yaradıcılıq qaynaqları" "Bədii tərcümə məsələləri", "Ədəbi düşüncələr",Zahid Xəlilin yaradıcılığı haqqında "Ömrün sözü, sözün ömrü" və tərtib etdiyi "Zahid Xəlilin sənət dünyası"kitabları və 2007, 2009, 2011 ci illərdə Zahid Xəlillə birgə yazdığı ali məktəblər üçün "Uşaq ədəbiyyatı" dərslikləri işıq üzü gördü.
Gənc tədqiqatçı Aysel Xəlil "Uşaq yazıçısı Qəşəm İsabəyli" kitabında təkçə Qəşəm İsabəylinin yaradıcılığını deyil, müasir uşaq ədəbiyyatımızın problemləri barədə maraqlı təhlilər aparıb.
Akademik Bəkir Nəbiyevin Xanımana Əlibəyli 90 illiyi haqqında yazdığı "Şeirimizin Xanamanası" məqaləsində müasir uşaq ədəbiyyatının alatoron görüntülərinə aydınlıq gətirdi.
Son beş ildə professor Qara Namazovun 3 çilddə "Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası" və ali məktəblərdə "Uşaq Ədəbiyyatı" dərsliyi, tənqiçı Filologiya elmləri doktoru Vaqif Yusiflin Gülzar İbarahimova haqqında yazdığı "müasir nağıllar" və İlyas Tapdığın uşaq dünyasına həsr etdiyi "Bu, İlyas Tapdıqdır" yazısı müasir uşaq ədəbi tənqidinin yadda qalan səhifələrindən hesab oluna bilər.
Təşəbbüs. Ötən il Azərbaycan Dillər Universitetinin ingilis dili fakultəsində tələbələrin açıq dərslərinin biri Zahid Xəlil və Rafiq Yusifoqlunun yaradiçilığına həsr olunub. Dərsdə şairlər də iştirak edib... Sonra dərsin təhlili aparılıb. Məncə bu cox vacib bir dərs formuldur, Təhsil Nazirliyi bu cur vasitələrdən geniş istifadə edə bilər. Daha maraqlı bir məqam, universitetlərimizin dil-ədəbiyyat fakültələrində ayda bir dəfə Anarın, Fikrət Qocanın, Cingiz Abdullayevin, İntiqm Qsımzadənin, İlyas Rəşad Məcidin, Qulu Ağsəsin Elçin Hüseynbəylinin, Vaqif Yusiflinin, Mahirə Abdullanın, Elxan Zalın və Səlim Babullaoğlunun dərs aparmaları tələbələr üçün həm əyani vasitə olar, həm də mövzular yetərincə öyrənilər. Təhsil Nazirliyi və univeristet rektorloru bu məsələni təhsilimizin xeyrinə həll etsələr yaxşı olar.

Uşaq mətbuatı səhifəsi. Son beş ildə "Göyərçin", "Göy qurşağı" "Yuva", "Elli", "Bala dili", "Boya " "Bahar", "Arzu" "Herba Flora", "Günəş" Sehirli xalat","Ailəm" jurnalları "Savalan", "Şəkər villası" "Tonqal" "Tumurcuq" qəzetləri maraqlı uşaq əsərləri dərc etdi. "Təhsil", "Altun" və "Beşik" nəşriyyatları maraqlı uşaq kitabları iə uşaqları sevindirdi.
Bakı, Naxçıvan, Gəncə, Salyan Dövlət kukla Teatrlarları Naxcıvan Dövlət uşaq teatrı, habelə , "Bakı" "Günay" "çiçəyim", Təbəssüm" "Körpəm" uşaq teatrları öz səhnələrini körpə balalarımızın üzünə böyük məhəbbətlə açdı.Amma bəzi uşaq teatrlarının repertuarı zəif, bəsit, həvəskar təsiri bağılayır. Yaxşı olardı ki, bu teatrlar bizim tanınmıiş yazıçılarımıza müraciət etsinlər.
Dövlətdən maliyyələşən uşaq təşkilatları demək olar ki, uşaq ədəbiyyatına hec bir köməklik göstərmirlər.
Uşaq ədəbiyyatı təkçə Yazıçılar Birliyinin deyil, hamınındı. Respubilkamizda coxlu uşaq təşkilatları var. Hətta ədəbiyyata dəxli olmayan şəxslər nə qədər ədəbi dərnəklər qeydiyyatdan keçiriblər. bütün ədəbi, bədii, içtimai uşaq təşkilatları uşağa qayğını ancaq ona sirniyyat vermək, qabaqında oynamaq və oynatmaq kimi başa düşürlər. lap yüzüncü məsələdə də uşaq ədəbiyyatı onların yadına düşmür, Yaxşı olardı ki, uşaqların kökələrinin yanında kökəsi və kukulası haqında şeirləri də olaydı. Şadlıq saraylarında rəqs edən balaca qızların və küçələrdə maşınları yuyan, təkərlərini qaraldan oğlan uşaqlarının şeirləri də ölür. Onların sinf jurnallarının arxasındakı yazı 8.a sinif jurnalının arxasındakı yazi ilə eyni kökdəndir.
Problem.Yüz ildir ki, uşaq şeirimzdəki obrazlar eynidir. Uşaq həmin uşaq, ayı həmin ayı, tülkü həmin tülküdür. Bioloji mənada ayı həmin ayı, tülkü həmin tülkü ola bilər, bu düz, amma bunların filologiyasının dəyişməsi təbiidir.Mən hələ bunu yetərincə müasir uşaq ədəbiyyatımıda görmürəm.
Uşaq ədəbiyyatımıza içtimai və sosial məzmun öz ərazisini genişləndirməlidir.
Uşaq ədəbiyyatımızın fəlsəfəsi, dili inkişaf etməli, uşaq şeiri uşaq folkloruna söykənməlidir.
Uşaq ədəbiyyatı uşaq yerinə qoyulmamalıdır.
Qədim yurd yerlərimizin, şəhidlərimizin, milli qəhrəmanlarımızın obrazlarını uşaq ədəbiyyatında daha da canlandırmalıyıq.
Uşaq şerimizidə bir şeyi aydın etmək çöx çətindir. Şeirin abı- havasından bilmək olmur ki, bu şeir 80-ci ilindir, yoxsa 2011-ci ilin. Yəni 2011-ci ildə uşaq ədəbiyyatının dayandığı yeri, səciyyəni təyin etmək mənə çətin gəldi. Yaşlı nəsil ədəbiyyatında bu fərqi görmək mümkündür. Şeir öz zamanına oxşamalı və bütün dövrlərdə oz bədiiliyini qoruyub saxlamalıdır. Bəlkə sərbəst uşaq şerinə geniş yer verməliyik. Bəlkə modern uşaq şeiri yaranmalıdır. Bu barədə düşünməyə dəyər.
Göstərdiyim nöqsanlarla bərabər, çox ümidliyəm ki, gözəl uşaq ədəbiyyatımız yaranıb və yenisi də yaranır. Uşaq yazıçılarımız 12-ci qurultaya alnı açıq, üzü ağ gedirlər. Bunu misallarda da gördünüz. Uşaq şairini qorumaq lazımdır. Uşaq şairi hər zaman yaranmır. Gərək anadan uşaq şairi doğulasan.
Vərəqi dəyişmək vaxtıdır, əgər dəyişməsəm vaxt onu əlimdən vurub salacaq.
Sonuncu səhifə, Epiloq. İndi əlimdə bir aq vərəq qalıb, bir işıq vərəq, sözləri yoxdur bu vərəqin, ancaq eləcə işıqdı. Işıq olan yerdə həyat var, həyat olan yerdə arzu. Bir arzumuz var Anar müəllim, Azərbaycan Yazıçılar Birliyinin aylıq uşaq jurnalının nəşrinə böyük ehtiyac var, bizə kömək edin. Respubilkamızda mötəbər uşaq jurnalı yoxdur. Bu ağırlığı və ağrını ancaq Yazıçılar Birliyi çəkə bilər. Bu arzunun gerçəkləşməsi naminə bu işıqlı vərəqi 8. "a" sinif jurnalının üstünə astaca qoyuram. Qoy bu ağ vərəq şəhid uşaqlarımız ən mükəmməl şeiri olsun.


 

Sayman Aruz. GÜNEY AZƏRBAYCANDA ÇAĞDAŞ ƏDƏBİ PROSES

 

Aprelin 26-da Yazıçılar Birliyinin Natəvan klubunda Cənubi Azərbaycan ədəbiyyatı üzrə hesabat yığıncağı keçirildi. "Güney Azərbaycanda çağdaş ədəbi proses" adlı məruzə ilə şair Sayman Aruz çıxış etdi.


Aprelin 26-da Yazıçılar Birliyinin Natəvan klubunda Cənubi Azərbaycan ədəbiyyatı üzrə hesabat yığıncağı keçirildi. "Güney Azərbaycanda çağdaş ədəbi proses" adlı məruzə ilə şair Sayman Aruz çıxış etdi.
Söhrab Tahir, Sabir Nəbioğlu, Paşa Qəlbinur məruzə haqqında öz ürək sözlərini, fikirlərini tədbir iştirakçıları ilə bölüşdülər. Yığıncağın sonunda Fikrət Qoca çıxış edərək "Demokratiya, bərabərlik, azadlıq bəzəkli pərdədir. Amma insanın içində azadlıq varsa, ölüm ayağında da qələmə sarılacaq. Insan ya azaddır, ya da kölədir" sözləriylə tədbiri yekunlaşdırdı.

Məruzə

GÜNEY AZƏRBAYCANDA ÇAĞDAŞ ƏDƏBİ PROSES

Hər dövrün ədəbi prosesinin formalaşması ictimai, siyasi, sosioloji mühitin məhsulu olduğunu xüsusi izah etməyə yəqin ki, ehtiyac yoxdur. Tədqiqat obyekti kimi nəzərə aldığımız Güney ədəbi prosesinin tarixən keçdiyi müxtəlif mərhələri də bu fikirə təsdiq möhürü vurur. Bunun üçün Məşrutə İnqilabı illəri, Xiyabani hərəkatı dövrü, sonrakı illərdə Rza xanın mürtəce hakimiyyət illəri və Milli hökümət dövrünün ədəbi hərəkatının dalğalarını yada salmaq kifayətdir.
Haqqında söhbət açmaq istədiyimiz ədəbi hərəkat da çox dəqiq ünvana malikdir: GÜNEY AZƏRBAYCANDA ÇAĞDAŞ ƏDƏBI PROSES
1979-ci ilin fevralında İranda baş verən inqilabı adətən bənzərsiz keyfiyyətləri ilə xarakterizə edirlər. Siyasi ədəbiyyatda isə bir qayda olaraq onun ünvanına anti-imperialist, antimonarxiya sifətlərini işlədirlər. Öz xarakteri, əhatə etdiyi qüvvələrin rəngarəngliyi, ona rəhbərlik edən zümrələrin tərkibi həmin epitetləri kifayət dərəcədə doğruldur. Bu inqilabda fəhlə də, kəndli də, qadın da, tələbə də, sənətkar da, ruhani də, milli burjiaziya da, hətta, sonradan ona arxa çevirən böyük sərmayədarlar, iri topaq sahibləri də iştirak edirdilər.Müəyyən bir qrupun əlinə keçən bu inqilab xalqın olmasa da, onun ünvanı tarixə Xalq İnqilabı kimi daxil oldu.
İnqilabının ilk illərində xalqin içərisində keçmiş Şah irticai dövrünün sona çatdığını düşünüb müəyyən azadlıqların olacağı ümüdi ilə yeni ədəbi mühitin ana dilli nümunələri, aşağıda adlari göstərilən qəzet və jurnallar yaranması oldu: "Ulduz", "Yoldaş", "Koroğlu", "İşıq", "Çənlibel", "Qardaşlıq", "Molla Nəsrəddin", "Azadlıq", "Odlar yurdu", "Varlıq", "Dədə Qorqud", "İnqilab yolunda", "Ülkər" "Yaşmaq" "Yapraq" "Günəş" və sairə.
Diqqət etdikdə bu mətbu orqanların sadəcə adları belə onalrın hədəf və ideya istiqamətləri barədə yetərincə təsəvvür yaradır.
Doğrudur, bu bahar müjdəçilərinin çoxu elə doğrudan da bir novruzgülü ömrü qədər yaşadı. Lakin əsas cəhət onları doğuran ictimai-siyasi və ədəbi zəminin mahiyyəti idi.
Inqilabdan sonra ədəbi prosesin qabarıq cizgilərindən biri poeziyanın qabaqcıl mövqeydə addımlaması oldu. Təbii ki, bu səbəbsiz deyildi. Burada şeirin çox qədim və zəngin ənənələrə malik olması, dövrün, zamanın, ictimai həyatın sifarişinə əks-səda verməkdə çeviklik qabiliyyəti çox mühüm, bəlkə də həlledici rol oynadı.
Bir də əlbəttə, Güneyin Ustad Şəhriyar, Həbib Sahir, Məmmədəli Məhzun, Haşım Tərlan, Müzəffər Derəfşi kimi təcrübəli sənətkarlar yaratdıqları əsərləri ilə döyüşkən və inqilabi ruhlu ədəbiyyatın bünövrə daşını qoymuş Əlirza Nabdil (Oxtay), Mərziyə Uskui, Səməd Behrəngi, Səhənd kimi sələflərinin yaradıclıq yolunu davam etdirdilər. Heydər Xətibi, Ələkbər Həddad, Həmid Nitqi, Həsən İldırım, Əziz Möhsünü, Abbas Bariz, Həsən Savalan, Sönməz kimi sənət yolçuları inqilab dövrünün mübariz və döyüşkən poeziyasının çağırışına gur səslə cavab verdilər. Lakin ölkədə qalib gələn xalq inqilabı bir sıra daxili və xarici səbəblər üzündən xalqın, xüsusilə zəhmətkeş təbəqələrin ümidlərini, arzularını axıradək doğrultmadı. Buna isə ədəbi proses laqeyd qala bilməzdi. Bu həqiqət həmin dövrdə Haşım Tərlan, Süleyman Salis, Həbib Sahir, Urmulu, Çayoğlu, Həsən Şəqaqi, Firidun Həsari, Behrəngdust, Məmmədəli Məhzun kimi sənətkarların qələm məhsullarında dolğunluğu ilə özünün bədii əksini tapdı.
Çağdaş ədəbi prosesə xas olan ümdə cəhətlərdən biri də poeziyada satirik meylin qüvvətlənməsi idi. Məncə, bunu başlıca olaraq iki amil ilə izah etmək olar.
Əvvələn, həyatın özündə satira üçün bol qida mənbələrinin mövcudluğu, digər tərəfdən isə klassik irsə sədaqət çox mühüm amil hesab edilməlidir. Yaşı min illərlə hesablanan söz xəzinəsində Sabir və Möcuz kimi korifeylər olan sənət dünyası öz xələflərinin yaradıcılıqlarına təsirsiz qala bilməzdi. Bircə nümunə olaraq:
Haşım Tərlan deyir:

Qaça-qaçdır yenə də, oğru əyanlar qaçır a...
Milləti sağmal inək, pəxmə sayanlar qaçır a...

Maraqlıdır ki, satirik yaradıcılıqda karikaturalara geniş meydan vermək meyli xüsusilə güclü olmuşdur. Gülüş hədəfinə çevrilən mövzuların əhatə dairəsi isə çox rəngarəngdir: imperialist soyqunçular, nəhəng dövlət başçıları, ağır məişət şəraitinin diktə etdiyi həqiqətlər, pul kisəsindən asılı olan buqələmunlar, qınından çıxıb qınını bəyənməyənlər, xalqının milli ənənələrinə biganələr, fars şovinistlərinin çaldıqları havaya oynayanlar və başqaları bu meydanın rəqqasları idi.
Müasir Güney poeziyasında oxucunu açıq gözlə baxmağa dəvət çox güclüdür.
Məncə, zəmanəmizdə bəşəri əhatə edən aləm, başdan başa səfalı mənzərələrdən, naz-neməti aşıb daşan bir diyardan ibarət deyildir. Hələ bu gün də planetimizin müxtəlif guşələrində qəfil atılan güllələrin sinələrdə açdıqları yaraların sızıltısı qulaqlarda həyəcan zəngi kimi səslənir.
Bəli, Cənubi Azərbaycan ədəbi prosesinin davamçıları əllərində kəskin silah olan söz sənətinin ən müqəddəs qayəsi bəşərin arzularını həqiqətə çevirməkdə yaxından iştirak etməkdədir. Bu məqsədlə Güney poeziyasında çox qədim ənənəyə malik olan qəzəl janrına biganə qalan qələm sahibi tapmaq çətindir. Lakin bir həqiqətə də göz yummaq doğru olmazdı. Qəzəlin misralarına həyati nəfəs bəxş edən mühit olmadan onun nikbin nəğmələr ötəcəyi təmənnasında olmaq arzu çərçivəsini aşa bilməzdi. Məhz buna görə də Güneyli şairlər xalqın xoşbaxt həyatının şahidi olmaq istəyi ilə yaşamağa ciddi maraq göstərirlər:
Behruz İmani deyir:

Gül-çiçəksiz coşa bilməz qəzəlin çeşmələri,
Buna xatir dolanıb güllü bahar axtarıram.


Qəzəlin keçirdiyi istihalədə bir meyl də çox qüvvətlidir. Zahirən onun ifadə vasitələrinə keçilmiş bir yolun nəfəsi duyulsa da onlar tam yeni mənalar daşıyıcılarıdırlar:
Haşım Tərlan deyir:

Bülbül gülə, pərvanə şama, mən yara bəndəm,
Cənnət pərisi zahidə, ruhaniyə qalsın.
Səccadəyə üz qoysam əgər öz sənəmim var,
Ruhsuz sənəmin sevməyi bütxanəyə qalsın.


Məncə, şair istifadə etdiyi epitetlərin dili ilə, istəyinə çox uğurla nail olmuşdur.
Orasını da qeyd edim ki, Ülyai, Saplaq, Musa Herisi, Müzəffər Derəfşi, Yusif Memari, Qaimi və digər şairlərin də qəzəllərində bu meyl çox güclüdür.
Inqilabdan sonra poema janrına münasibət və maraq öz təzəliyi ilə nəzəri cəlb edir. Məncə, bu meylin güclənməsinin köklərini hər şeydən əvvəl bədii təfəkkürün xalq həyatını əks etdirmək səylərində axtarmaq həqiqətə uyğun olardı. Yaranan poemalar bu mülahizəni təsdiqləməkdən ötrü bol material verir. Bunun üçün Həsən Savalanın "Xan çoban və Sara", Heydar Xətibinin "Püstə nənə", Sönməzin "İsanın son şamı", "Babam özü gələcək", "İtin vəfası", İmran Səlahinin "Ağbuğ qəhrəman", Səhəndin, daha dəqiq desək epos adlandırılacaq "Sazımın sözü" kimi poemalarını qeyd etmək olar.
Təbii ki, poeamlar üzərində geniş dayanmaq niyətimiz yoxdur. Bu müstəqil bir yazının mövzusu ola bilər. Fəqət, bu yerdə Sönməzin "Babam özü gələcək" poemasından üç misranı yada salmaq istərdim:

Arxayınam,
Səttərxanın özü bir gün,
Gülüstana gələcəkdir.

Sönməz

Xatırladım ki, bu misralarda söhbət Təbrizin məşhur Gülüstan bağında Sərdari Millinin şərəfinə ucaldılmış heykəlin şovinist şah dargözləri tərəfindən uçurulmasından gedir.
Təhlilimizin bu yerində inqilabdan sonra əzəmətli bir abidə kimi oxucularının görüşünə gələn "Dədəmin kitabı" epopiyasının qüdrətli xaliqi adlandırıla biləcək Səhənd haqqında bəzi mülahizələrimi açıqlamağı yerində hesab edərdim.
Səhəndin yaradıcılığının ilk dövrünə aid tədqiqatlar göstərir ki, onun 1941-ci ildən sonra yeni vüsət kəsb edən milli qurtuluş hərəkatında fəal iştirakı tərənnümə cəlb etdiyi həyati gerçəkliklərin hüdudlarını xeyli genişləndirmişdir. Bu illərdə o, həm fədakar azadlıq yolu fədaisi, həm də odlu-alovlu şair kimi xalqın şahlıq əsarətindən qurtuluşu uğrunda ayağa qalxan vətənpərvərlərin sevimli şair oğluna çevrilmişdir. Zamanın Milli Demokratik ədəbiyyatının qarşısında qoyduğu vəzifələr barədə Səhəndin aydın cizgilərə malik olan və mütərəqqi qüvvələr tərəfindən alqışlanan qələm məhsulları ədəbi-estetik və siyasi baxımdan aşağıdakı misralarda çox uğurlu şəkildə özünün poetik ifadəsini tapmışdır:

Mən əzilmiş, həqqi itmiş,..
Varı-yoxu əldən getmiş,
Ağır-ağır sitəmlərə -
Məruz qalmış, əsir düşmüş,
Millətimin, millətlərin,
Insanların şairiyəm.

Səhənd

Lakin Səhəndin həyatının gənclik illəri elə bir diyarda keçirdi ki, orada sinə dolu nəfəs almaq da, insana layiq tərzdə yaşamaq istəyi də şahlıq rejiminin hədələrindən kənarda qalmırdı. Dərbarın çıxardığı hökmün məntiqi isə belə səslənirdi: sazında ya mən istədiyim havaları çalmalısan, ya da susmalısan. Amma onun nə sazı susdu, nə də nəğmələri lal oldu:

Dilimi kəsənlər qaldı avara,
Hər barmağıma bir qıfıl vurdular.
Bağlı əllərimlə, kəsik dilimlə,
Mahnı da oxudum, qopuz da çaldım.

Səhənd

Azərbaycanda tarixən ciddi sınaqlardan çıxan aşıq ədəbiyyatı səltənət rejiminin süqutu ilə yeni mərhələyə qədəm qoydu. Bu, onun təbiəti ilə sıx bağlı olan bir hal idi. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun qənaəti belə olmuşdur:
"Qanlı müstəbid Rza şah və onun oğlu Məhəmmədrza şahın hakimiyyəti illərində Cənubi Azərbaycan dilini, Azərbaycan bədii ədəbiyyatını sönməyə, zəifləməyə qoymayan ən qüdrətli mənbələrdən biri xalq yaradıcılığı, aşıq ədəbiyyatı, canlı və müdrik aşıqlar olmuşlar".
Bu dövrün aşıq şeiri nümunələrini yaradanlar sırasında Aşıq Əlinin, Aşıq Əşrəfin, Aşıq Həsənin, Aşıq Qəşəmin, Aşıq Qələmrzanın, Aşıq Abbas Rəncbərin, Aşıq Rəsul Qurbaninin sözləri və sazlarının xüsusi çəkisi diqqəti cəlb edəcək qədər önəmlidir.
Inqilabdan sonra yaranan nəsr əsərləri üçün uğurlu hal mövzuların müasir həyatdan alınmasını, cəmiyyəti düşündürən problemlərin həll olunmasına həsr edilməsini hesab etmək heç də mübahisəli səslənməzdi. Bu baxımdan qüdrətli nasir və təcrübəli ədəbiyyatşünas Gəncəli Səbahinin qələm məshulları zəngin həyati materiallara malikdir. Onun "Xain", "Ovçu", "Şərəfli ölüm", "Gül dəstəsi", "Qartal" adlı hekayələri Güney nəsrinin ən yaxşı nümunələrindəndir.
Şahlıq rejiminin miras qoyub getdiyi əzilənlər və əzənlər dünyasının eybəcərliklərini gün işığına çıxardan nasirlərdən biri də qüdrətli qələm ustası Nurlandır. Onun "Səlmə xala" adlı hekayəsi şahlıq rejimi dövründə zəhmət adamının yaşadığı ömrün çox real yaradan mükəmməl qələm məhsuludur.
Həmin dövrün uğurlu nəsr əsərləri sırasında J.Əlinin "Tamah dişi", Cücə Bağırın "Qonaq qabağına qoymalı", Nurlanın "Çəyirtgə" adlı hekayələrini qeyd etmək yalnış olmazdı.
Sonrakı illərdə yaranan nəsr əsərləri vaxt keçdikcə yazarların bu janrın təbiətinə, onun incəliklərinə daha yaxından tanış olmalarından, ustalıqlarını hiss ediləcək dərəcədə artırmalarından xəbər verir. Bu iddianı təsdiq etmək üçün M.Ocaqverdinin "Əshabe Kəhf yuxusu", Ə.Ağçaylının "Aydının ölümü", Həbib Sahirin "Vaqonda", J.Əlinin "Öldü var, döndü yoxdur" adlı hekayələrində tutduqları yazıçı mövqeyini fəal və uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii əsasların mövcudluğunu iddia etmək heç də əsassız səslənməzdi.
Mən təhlilimin bu məqamında məzmun və janr baxımından nəsrin müasir tələblərinə yetərincə cavab verən hekayələrdən İsmayıl Hadinin "Əli və Mərcan" adlı hekayəsinin adını qeyd etməmək mümkün deyil.
Nəsrin atdığı möhtəşəm addımlar Rəhim Dəqiqin "Həcər", İsmayıl Hadinin "Laçın", Nasir Mənzurinin "Qara çuxa" romanlarının simasında daha aydın görünür.
Yeri gəlmişkən bir məsələyə toxunmaq istərdim. Bir zaman xalq şairi Söhrab Tahir Güney nəsrinin tədqiqi və təhlili ilə məşğul olarkən belə bir nikbin, eyni zamanda real mülahizə irəli sürmüşdür: "hansı nasir məşhur 1946-cı il hadisələrindən sonra öz elindən-obasından, isti ana qucağından, Vətən dedikləri müqəddəs diyardan perik salınmış insanların sürgün və fəraq dolu həyatlarını nəsrə gətirə bilsə o uğur qazanacğından arxayın ola bilər".
Bu baxımdan yazıçı Rəhim Dəqiqin qələminin məhsulu olan "Həcər" romanının adını belə bəxtəvər nəsr nümunələrinin sər¬lövhəsində yazmaq heç də havadan asılı qalan bir müddia olmazdı. Müəllif 1946-cı ildə 21 Azər hərəkatının və onun yetirməsi olan Azərbaycan Milli hökümətinin məğlubiyyətindən sonra sürgünə göndərilən Həcərin keçdiyi məhrumiyyət və əzablarla, bununla yanaşı mübarizələrlə dolu həyat yolunun timsalında bir xalqın taleyinin çox tutarlı səhnələrini yaratmışdır. Məncə, həmin mövzu bu gün də çağdaş Güney ədədbi prosesinin yaradıcılıq emalatxanalarında özünə yetərincə yer tutmağa tam layiqdir.
Bu illərin əlamətdar yaradıcılıq hadisələrindən biri də ədəbi tənqidə maraq və rəğbətin artması olmuşdur. Bir sıra məlum səbəblər üzündən təkcə Güneydə deyil, ümumiran miqyasında türk dilli ədəbi tənqidin bəlkə də yox dərəcəsində olması tarixi həqiqətdir. Başqa janrlara nisbətən tənqidin öz simasını bilməsi çox müşgül məsələdir. Təbii ki, bu xüsusi araşdırma tələb edir. Çağdaş tənqıdçılərimizdən, Eyvaz Taha, Cəfər Bozorgəmin, Hümmət Şəhbazı, Nadır Əzhərini. ad aparmaq olar.
Inqilabdan sonra şahlıq üsul-idarəsinin hökmü ilə yaradılan bədnam yasaqların aradan qalxması tənqidin uğurlu addımlar artması yolu üzərində yaşıl işıq yandırdı. Qələm sahibləri bu janr barədə həm öz mülahizələrini açıqlayır, həm də onun gözə dəyən nümunələrini yaratdılar. Bu baxımdan Əziz Möhsünin "Ədəbi tənqid və tənqidçi haqqında" məqaləsi dövrün ədəbi hərəkatı üçün çox əhəmiyyətli bir hadisə idi. Onun öz tənqidçi karyerasını üç nəhəng simanın - Aristotel, Xətib Təbrizi və Mirzə Fətəli Axundov - irsi üzərində formalaşdırması təbii ki, xüsusi maraq doğururdu.
Bu illərdə "İnqilab yolunda" jurnalının açdığı "Müasir şairlərlə tanış olaq" rubrikası çox çəkili elmi-əməli əhəmiyyətə malik bir forma idi. Məmməd Aslanın "Muradəli Qüreyşi (Qaflantı)" adlı məqaləsi həm müasir tənqidin simasını, həm də rubrikanın məqsəd və qayəsini əks etdirmək baxımından diqqətə layiqdir.
K.Qəhvəçinin bir növ satirik polemika xarakteri daşıyan "Oruc ağa niyə Amerikanın cinayi polisinin kitablarını çap edir?" yazısı adından da göründüyü kimi ciddi bir məsələyə həsr edilmişdir.
Tənqid və ədəbiyyatşünaslıqla əlaqədar bir məsələnin də xatırlatmaq istəyirəm. Bu da tənqidin müasir tələbələrə nə səviyyədə cavab verməsi ilə tanış olmaq üçün nəşr edilən kitablara yazılan müqəddimələrdir. Şair, yazıçı, ədəbiyyatşünas, elmlər doktoru Ələkbər Turabinin görkəmli tədqiqatçı Alavın "Ədəbi-tənqidi araşdırmalar" adlı kitabına yazdığı müqəddimədə oxuyururq:
"Əgər Nəimilər, Nəsimilər, Füzulilər, Sabirlər, Möcuzlər, Şəhriyarlar yaratdıqları əbədi ömrülü əsərləri ilə ədəbiyyatın mənəvi və mədəni atası olduqlarını göstərdilərsə, son iyirmi ildə yaranan əsərlərin müəllifləri öz sələflərinin ləyaqətli övladları olduqlarını sübut etdilər".
Alavın özü isə yeni yaranan ədəbi məhsullara tənqidin münasibətindən bəhs edərkən yazır:
"Daha şairin "Morği-dili", "Zülfü-pərişanda" aşiyan salmır. Bəlkə şairin ürək quşu Vətən bağında gül-çiçəkli, meyvəli barlı ağaclara qonur və onların budaqlarında yuvalanır. Şair daha "Cahi-zənəxdan" dustağı yox, el qayğısının əsiri olur. Xəyali dilbərin xumar gözləri, nazlı baxışları şairin canını almır və şair əlçatmaz röyalara, xülyalara dalmır".
Xatırlatmaq olard ki, müəllifin həmin kitabına daxil olan yazılarında - Barış, Eldar Muğanlı, Süleyman Salis, Nigar Xiyavi, Muradəli Qaflantı, Əlirza Miyanalı və başqalarının yaradıcılıqlarına həsr etdiyi məqalələrində tənqidin ədəbi yaradıcılığa yeni münasibətinin nəfəsi aydın duyulmaqdadır.
Bu janrın çətin və əzablı yollarında Əziz Möhsüni, Aslan, Ağçaylı, Bəhram, Elçin, Həsən Mirzai, Həmid Telimxanlı, Babək kimi qələm sahiblərinin inamlı addımlamalarını qeyd etmək heç də mübaliğə kimi səslənməzdi.
Ədəbi-tənqidi yazılarda ara-sıra səhnə əsərlərinə, ümumiy¬yətlə teatrla bağlı problemlərə də toxunulur. Bu baxımdan artist və rejissor Həsən Mirazi ilə aparılan müsahibədə çox ağrılı məsəslələrdən söz açılır. O, haqlı olaraq səhnə əsərlərinin olmamasından, artist və rejissorların qıtlığından, texniki personajların çatışmamazlığından narahatlığını bildirir. Azərbaycan Milli höküməti dövründə teatr sahəsində qazanılan tarixi nailiyyətlərin şah mütləqiyyətli tərəfindən məhv edilməsindən, artistlərin pərakəndə salınmalarından ürək ağrısı ilə söz açır.
Islam inqilabından sonra ədəbi yaradıcılıq aləminə bir sıra qadın yazarlar gəldilər. Mərhum Rza Qəffari toplayıb nəşr etdirdiyi "Azərbaycanın xanım şairləri" adlı kitabı Güneyli-Quzeyli Azərbaycanın qadın yazarlarını əhatə edir.
Hər şeydən əvvəl tərtibçinin yazdığı müqəddimə özünün mənalı mülahizələri, müəllifin mövzu ilə dərindən tanış olması və başlıcası vətənin qadın qələm sahiblərinə dəruni məhəbbəti nəzəri cəlb edir.O, yazır:
"Azərbaycanın xanım şairləri" adında hazırlanıb əlinizdə olan bu kitab qadın şairlərimizdən örnək kimi göstərilən və onların əlimizə çatana qədər bir hissəsini tanıtdırmağa çalışmaq üçün kiçik bir addım sayıla bilər... Təəssüf ki, keçmişdə dil və ədəbiyyatımızın kinəli düşmənlərinin təhlükəli faciələr və ağır sıxıntılar yaşaması sonucunda təzkirə yazanlar, ümumiyyətlə türkcə yazan şairlərin bir çoxu unudulmuşdur. Adları çəkilənlərin də həyat və yaradacılıqlarına etinasız qalıb, belə¬lik¬lə bu dəyərli əsərlərin itib batma¬sında mənfi təsir buraxıb, onların qorunmamasına və zamanın zavalına gəlməsinə yardım etmişlər. Buna görə də Azərbaycanın xanım şairlərinin yaşayışları və yaradıcılıqları haqqında gərəkli bilgi ilə onların tanıtdıra bilən kamil bir təzkirənin yeri hələ də boş qalmaqdadır".
Tərtibatçı və müqəddimənin müəllifi haqlı olaraq heç bir ayrı-seçkilik və məhdudiyyət qoymadan topladığı şeirlərin müəlliflərinin Güneyə ya Quzeyə mənsub olmalarını nəzərə almadan məqsəduyğun hesab etdiyi əsərlərə və müəlliflərə yer vermək yolunu seçmişdir. Məncə, bu zamanın, xalqın taleyinin hökmüdür. Bir səmanın havasını udan, bir Vətən ananın südünü əmən, bir Vətənin çörəyini yeyən övladlar arasında ayrı-seçkilik sərhəddi yaratmaq artıq tarixin oxuyub rədd etdiyi səhifələrinə çevrilmişdir.
Son illərin çağdaş ədəbiyyatı, etiraz və üsyan ruhuna söykənərək, çox ciddi və maraqlı şair və yazarlar ortaya çıxartdı. Güneydə gedən milli hərəkat onların yazılarında tam hiss olunur. Eyni zamanda milli hərəkatla birgə, ədəbiyyatımız da günü-gündən irəliləyir və milli-mənəvi dəyərlərimizə söykənərək, böyük bir milli dalğa yaradır. Bu dalğanın nəticəsi də, bütöv Azərbaycan ədəbiyyatının yaranması və sonda da bütöv Azərbaycanın yaranmasına səbəb olacaqdır. Son on ildə, milli kimliyə, tarixinə, ədəbiyyatına qayıdış hərəkatının güclənməsi ilə yanaşı, oyanan gənc şair və yazarlarımız onillərdə görülməyən və müharibələrlə cəmiyyətin süküt dövrünün demək olar ki, aradan qaldırdılar. Güney Azərbaycan ədəbiyyatı, şeir, nəsr, tənqid və tədqiq sahəsində böyük nailiyyətlər əldə etdi və edir. Onları bəzilərində nümunə olaraq adlar çəkib, nümunələr gətirməyə çalışacam.
Ismayıl Ülkər deyir:
Toprağıma göz dikənlərə
Üstündə də olmasa
Altında yer verərik
Biz Türkük axı
Biz qonaq sevərik!
Bu milli ruhu daşıyan sözlər, qədim bir kök və mədəniyyəti daşıyan millətin nümayəndəsinə məxsusdur. Topraq uğrunda döyüşmək və eyni zamanda milli adət-ənənəni etiraz ruhuna qatmaq, yalnız Güney Azərbaycanda yaşayan və əsrlər boyü müharıbə və müqavimət şəraitində olan insanın dilinə gələ bilər.
Məhəmməd Nəvin (Baraz) deyir ki:
Qabar-qabar ayağımda gülüm, tikan dadı var
Və başmağım dolusu, laxta-laxta qan dadı var
Məgər alaxlamamışdıq bu hərzə otları biz
Nə oldu tarlamızın buğdasında xan dadı var?
Göründüyü kimi, xalq inqilabı deyilən iran inqilabı, millətin həqiqi və milli tələbatını gerçəkləşdirə bilməmişdi. Elə ona görə də şair uzun bir tarıxı yola işarə edərək başmağı qana dolur və həyat buğdasından getməyən diktatoranın dadından şıkayət edir.
Aydın Araz deyir:
Mənə sevirəm dediyini dana bilməzsən,
Telfonlarımızı izləyən kişi,
Şahiddir buna!
Şair sıxıntı və onun yaratdığı məhdud sevişmələri bu şəkildə göstərməyə çalışır. Güneyin çağdaş ədəbiyyatıda bu cür ifadələrə çox rast gəlmək olar. Sıxıntılı və paradoks dolu həyatın səmərəsi elə bu acı və eyni zamanda yeni düşüncəli şeirlərin yaranmasıdır.
Səid Muğanlı deyir:
Qucağın əmniyyətdir,
Gözlərin terrorist!
Yəni, Güney ədəbiyyatında sevginin dadı, Quzeydən fərqli olaraq acıdır. Şair sevgilinin qucağında olarkən terror və təklükəni düşünür. Sevgilinin gözləri, ictimaiyyətin acı həqiqətlərinin güzgüsünə çevrilərək, şairə, qorxu və təhlükə mesaji göndərir.
Duman Ərdəm deyir:
Gözəl-gözəl qızcığazları sevməyə nə var?
Oğulsan
Bulvardaki fahişəyə vurul!
Göründüyü kimi hətta sevginin növünə də etiraz var. Şair asan sevgini istəmir. Çətin yaşayıb deyə sevginin də çətin olmasını tələb edir. Əslində Güney Azərbaycan, hal-hazırda bizim gənclərimizin döyüş meydanına çevrilib. Məncə, elə güclü ədəbi proseslər belə çətin mühütdə formalaşıb, yaranıb ortaya çıxır.
Nigar Xiyavı deyir:
Yerin yaman boşdur
boşanmışam öz səbtimin əlilə boşqab-qazanlardan
və yaxınlaşmışam sətirlərin başına
indi başara bilirsən buyur başla məni
başla qazanmağa məni sevgi boş söz deyil...
Güney Azərbaycanda müasir qadın şeirinin öndə gedənlərdən biri də, şübhəsiz ki, Nigar Xiyavidir. Nigarin şeirlərinin ən müsbət cəhəti də, onun şablon və adı həyata, siyasi sıxıntılara, vətənə və vətənsizliyə olan etiraz dolu mövqeidir. Güney Azərbaycanın müasir qadin şeirinə baxdıqda, onların orada gedən milli azadlıq hərəkatına verdiyi fikir dəstəyi aydın görünür. Ancaq bu dəstək yalnız Vətəni tərifləmək və onun başına dolanmaq deyil, bəlkə tənqid və təhlil baxımından inkişaf etməkdədir. Bu etiraz ev mühitində olan ailə sıxıntılarından başlayır və rasizmin başımıza gətirdiyi faciəyə etirazla da davam edir.
Məlihə Əzizpur deyir:
Bütün kəpənk ləri pay verirsən mənə
və nədənsə
uçuşa həvəslənirəm
günəşə döğru
Bu günəş, Güneyin azadlığı, kəpənəklər isə ümid mənbəi və uçuşlar da indiki milli hərəkatın bağımsızlığa doğru etdiyi fəaliyyət kimi təhlil olunur. Əslində, Güney ədəbiyyatının özəlliklərindən biri də, onun dərin və fəlsəfi olmasıdır. Şair, azadlığı şablon və çeynənmiş formada yox, bəlkə günəşə doğru hərəkət etməsi ilə göstərməyə cəhd edir və bu cəhd də uğurlu alınır.
Ziba Kərbası deyir:
Da gəlmə!
Ceyran, naqqışlı gedən yollar
Cızıx-cızıxdır o taydan bu taya
Ayaqımın izini tutub gəlsəydin,
Tutuşardıq.
Tox zəmanənin qoynunda qucaqlaşardıq...
Güneyli yazarların ayaq izləri, onları Vətənin Quzeyinə və parçalanmış Vətənimizin hər bir quşəsinə aparıb-çıxarır. Ziba Kərbası deyir ki, əgər mənimlə, yəni Güneylə bir yolda olsanız və ayaqlarının izi ilə yerisəniz, bütün fərqlərə bxmayaraq tutuşarıq. Bizim milli varlıqlarımızla toxlanan imperiyalara baxmayaraq, qovuşub- qucaqlaşıb, birləşərik. Belə incə və siyasi məqamlara Güney ədəbiyyatında çox rast gəlmək olar.
Rəsul Yunan deyir:
Fransa gözəlləri
Ingilis gözəlləri
Həmısı bir yana
Sən bir yana...
Onlar məni yalnız şeirə yetirirlər,
Yalnız musiqiyə.
Ancaq sən məni evimə qaytarırsan!
Səni düşünəndə
Yağış Türk dilində yağır!
Mövlana demişkən, hər şey öz kökünə qayıdır. Sevindirici haldır ki, Güney Azərbaycanda hətta sevgi də, insanı öz kökünə qaytarmaq üçün bir bəhanəyə çevrilir. Şairi evinə, yəni öz milli kimlik, və milli dəyərlərinə tərəf yönəldir. Şair yalnız şeir və musiqini düşünmür, bəlkə onları özünü tanımaq və milli oyanış hərəkatının yolunda bir bəhanə bilir. Başqa sözlə desək, hər şey yarı yox, Vətəni xatırladır. Şair Sönməzin şeirinin bir hissəsi burada lap yerinə düşərdi:
Bir göyərçin kimi dənsizləmişəm.
Bülbüləm,
Bağda çəmənsizləmişəm.
Öz diyarımda vətənsizləmişəm.
Əlbəttə ki, Vətənin varlığı yalnız daşda və topraqda deyil, bəlkə bir millətin özünü tanımasında məna olunur. Ancaq hal- hazırda Güney Azərbaycanımızda, fars rasızmının siyasəti nəticəsində, soydaşlarımızın öz dilində yazıb-oxumasına və öz milli kimliklərinin tanımasında qadağa qoyulub. Belə olan təqdirdə, təbiidir ki, həmin millət öz diyarında vətənsizləşir və hər şeydə Vətən iyini axtarır.
Elə ona görə də, bir çox fars dilində yazan soydaşlarımız, öz kökünə qayıdıb və Türkün şirin və fəlsəfi dilində yazmağa başlayıb bir çox dəyərli əsərlər ortaya qoyublar. Onlardan: Rəsul Yunan, Ziba Kərbası, Rza Bərahəni, Saleh Səccadi və bir çox yazarlardan ad aparmaq olar.
Onu da qeyd edim ki, mühacirət və sürgündə yaşayan Güneyli yazarlarımız da Güney ədəbiyyatının inkişafında önəmli rol oynamışdılar. Mühacirətin yaratdığı özünə məxsus duyğular, özünə məxsus da şair və yazarlar ortaya çıxartdı. Qurbət hissi duyan hər bir Güneyli, onu keçmişində yaşadığı sıxıntılarla bir yerə qoyanda, acı və eyni halda mənalı bir məcun ortaya çıxarırdı. Sanki problemlərə uzaqdan baxdıqda onları daha aydın görüb, həllini də asan görmək olur. Şair, artıq vətənində yaşadığı sıxıntıları, qurbətin zahiri azadlığı və eyni zamanda yaratdığı tənhalığı ilə dəyişib. Onun yazdıqlarında Vətənində olan dustaq qorxusu və sıxıntısı, boşluqların yaratdığı sıxıntı ilə yerin dəyişir. Ancaq bunu da qeyd edim ki, mühacirətdə yaşayan yazarlarımızın yazılarında, fikir aydınlığı və fikir rahatlığı daha çox gözə dəyir. Yəni öz fikirlərini ifadə etməkdə çətinlik çəkmir. Bəlkə o da onların yaşadığı mühitlərin onlara bəxş etdiyi nisbi azadlıqdan irəli gəlir.
Balaş Azəroğlu deyir:
Yer günəşin başına dolanan kimi,
Vəhdət nöqtəsini aradıq, gəzdik.
Uşaq atasına inanan kimi
İnanıb ayrılıq dərdinə dözdük.
Mən də Balaş Azəroğlu ya qatılıb deyirəm ki, ayrılıq dərdinə inanıb-dözmüşük. Bütün qaranlıqların sonu ışıqlıqdır. Inanıram ki, bir gün bu ayrılığı, Güneyımızın azadlı ilə dəyişəcəyik və bu ayrılıq, parçalanmış millətimiz yaddaşında, yalnız bir xatırə olaraq qalacaq.
Prof. Səbri-Təbrizi deyir:
Vətənimi
Dilimi,
Millətimi sevirəmsə varam!
Əgər azadamsa
Deməli varam!
Doğrudur, əgər azadlıq vardırsa, deməli varlıq da var! Ancaq bu azadlıq, hal-hazırda Güney Azərbaycanımızda yoxdur. Ona görə də qırx miliyona yaxın soydaşımız demək olar ki, yoxdular. Varlıqları milli azadlıqlarından, özləri isə fars faşızmınız dar ağaclarından asılıdır.. Millət öz milli kimliyini, miili simvollarını, milli adət-ənənəsini, həqiqi yazılmış tarixini bilmirsə və yalnız dini dəyərlər əsasında idarəolunursa, deməli o millət yoxdur.
Söhrab Tahir deyir:
Mənin qollarımı iynə-sap edin
Tikin Astaranı biri-birinə!
Bu növ təfəkkür yalnız Güneydə olmayan bir şairin dilinə gələ bilər. Yəni həsrətin və qussəni nə qədər rəngi azdırsa, o qədər də fikirlərin rahat və depresiyadan uzaq söylənməsi güclüdür. Vətəndə yazılan şeirlərdə əgər etiraz vardırsa, qurbətdə yazılan şeirlərdə bir o qədər də püxtəlik var.
Məruzəmin bu hissəsində Güney Azərbaycanın çağdaş şairlərindanad aparmaq istəyirəm: Rəsul Yunan, İsamyıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiav, Nadir İlahi, Hadı Qaraçay, Barışmaz, Sönməz, Huşəng Cəfəri, Hadi Qaraçay, Heydər Bəyat, Nadir Əzhəri, Vali Gözətən, Bəhruz Sədiq, Suleymanoğlu, Nasir Mirqati, Məsud İslamı, Səid Muğanlı, qəzəl şairi Baraz, Vədud dusti, Duman Ərdəm, Aydın Araz, Məlihə Əzizpur, Səkinə Purhəsən, Ramin Cəhangirzadə, Fərzad Leysi, Rza Ehsani, Elşən Böyükvənd, İsa Zeyni, Rüqəyyə Səfəri, Ilqar Müəzzinzadə, Zaman Paşazadə, Həsən Səfəri, Elvar Qulivənd, Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan , Murtuza Səlnmani, Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu,Məhəmməd Azərşin, Lalə Cəvanşır, Ziba Kərbasi, Vəhid Tələt, Solmaz Məhəmməd Rzai, Qadir Cəfəri, Ayman Quluzadə, Behruz Sədiq, Bəxtiyar Muğanoğlu və bir çox gənc şairlərdan ad aparmaq olar.
Nəsr sahəsində isə: Nasir Mənzuri, Nasir Merqati, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazimi, Atıla İskəndani, Hamid Əhmədi, Güntay Gənçalp, Mahmud Məhdəvi, Valeh Şiri, Rüqəyyə Kəbiri, Həsən Səfəri və bir çox gənc yazarlarımız da bu siyahiyə daxildirlər.
Tənqid Sahəsində: Eyvaz Taha (Dil varlığın evidir), Cəfər Bozorgəmin (Çağdaş ədəbiyyatın tənqidi), Nadir Əzhəri (Məqalələr), Hümmət Şəhbazı(Müasir ədəbiyyat tənqidi) kitablarında, müasir ədəbiyyatımızın durumunu təhlil edərək, onun güclü və ya zəif tərəflərini göstərməyə çalışmışdılar.
Eyni zamanda qeyd etməliyəm ki, bütün dövrlərdə oldugu kimi Günüy ədəbi prosesinin inkişafinda, yayılmasında Quzey Azərbaycan yazarlarının da böyük xidmətləri olmuşdur. Belə ki, son dövrlərdə Güney ədəbi prosesinin izlərini adlarını cəkdiyimiz əsərlərdə də görürük. Onlardan Teymur Əhmədov, Sabir Nəbioglu, Əkrəm Rəhimli, Elman Quliyev, Esmira Fuad, İslam Qəribli, Almaz Əliqizi və digər görkəmli ədəbiyyatşünaslıq mütəxəsislərinin əsərləri təqdirə layiqdir. Onu da qeyd etməliyəm ki, ayrı-ayrı yazarların kitab şəklində nəşrləri ilə yanaşı çağdaş şair və yazarların əsərlərindən nümunələr burada "Azərbaycan", "Ulduz" "Güneyin Səsi" və "Bakı-Təbriz" dərgilərində çap olunmuşdur. Əslində mən ədəbi və mədəni sahədə yaradıcı insanları Azərbaycanın Güney və Quzeyinə bölmək də istəmirəm, çünki xalqın ruhunu, adət-ənənəsini heç bir sərhədlə ayırmaq olmur. Belə ki, bu tayda yaşayıb yaradan yazarlarımızın əsərləri də o tayda dərc olunmuşdur. Buna misal olaraq böyük xalq şairləri Bəxtiyar Vahabzadə, Anar, Fikrət Qoca, Ramiz Rövşən, Nüsrət Kəsəmənli, Şahmar Ələkbərzadə, Bəhmən Vətənoglu, Zəlimxan Yaqub, Musa Yaqub, Qəşəm Nəcəfzadənin əsərləri həm fars, həm də azərbaycan türkcəsində o taylı oxucularımıza təqdim olunmuşdur.
Göründüyü kimi mən bu təqdimimdə inqilabdan sonra ədəbi prosesin yalnız bəzi elmi-ədəbi əsərlər barədə söz açdım. Şübhəsiz, bu deyilənlər həmin dövrün ədəbi hərəkatı barədə müəyyən təsəvvür yaradır. Bu okean haqqında tələb olunan səviyyədə bəhs etmək üçün isə dövrün ədəbi prosesi ilə əlaqədar axtarış və tədqiqatlar ardıcıl şəkildə davam etdirilməlidir. Sonda, Azərbaycan Yazıçılar Birliyinə Güney Azərbaycan üçün bu imkanı yaratdığına görə öz təşəkkür və minnətdarlığımı bildirirəm və ümid edirəm ki, Azərbaycanın güneyində uğrunda görülən ədəbi işlərimiz günü-gündən çox və səmərəli olacaqdır.

Sayman Aruz


http://www.azyb.net/cgi-bin/ayb/main.cgi?s=8

Tarix: 26.06.2011 00:51 | Baxış: 1009 | Müəllif: Aydın Xan ƏBİLOV | Dosta göndər |


Şərh etmək üçün qeydiyyatdan keçmək lazımdı. Əgər qeydiyyatdan keçməmisinizsə, bunu edə bilərsiniz.

© 2009-2014. KİTABXANA.net. Portalın materiallarından istifadə zamanı www.Kitabxana.net-ə istinad etmək, müvafiq e-keçidin qoyulması vacibdir: e-kitab, əsər, yazı, şəkil və başqa materiallardan yararlanda onların surətini çıxarmaq üçün portal qurucularından, eləcə də müəlliflərdən icazə alınmalıdır. İznsiz materiallardan kommersiya məqsədilə istifadə qadağandır. "Müəllif və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunu", eləcə də Beynəlxalq saziş və hüquqi sənədlərlə tənzimlənməyən əsərlər, digər materiallar Creative Commons Attribution/Share-Alike 3.0 və GFDL lisenziyaları şərtləri əsasında - dərcinə razılıq bildirildiyinə görə - yayımlanır. P.S. Reklam və bildirişlər sosial xarakterlidir.

 

Netty2013 Winner