Əslində, bütün bunlar çox yaxşıdır. Birinci Cümhuriyyətin tarixinin öyrənilməsi, tarixdən ibrət dərsləri çıxarılması baxımından hətta vacibdir. İllər əvvəl bir dostumun kitabxanasından əlimə Yusif Vəzir Çəmənzəminlinin "Müsavatçıya açıq məktub" adlı bir məqaləsi düşmüşdü. Yusif Vəzir Türkiyədə səfir işlədiyi dövrləri xatırlayır, Cümhuriyyət məmurlarının laqeydliyindən, dövlət aparatının yarıtmazlığından şikayətlənir. Böyük ədib bir neçə yerdə Məhəmməd Əmin Rəsulzadəni də tənqid edir, onun bəzi hərəkətlərini anlamadığını söyləyir.