Əmir Teymurun böyük dəyər verdiyi, şöhrəti bütün Şərqə yayılmış məşhur bəstəkar Əbdülqadir Marağayinin yeni əsərini dinləmək üçün möhtəşəm bir məclis düzənləmişdi. Bəstəkar bir ay öncə yazdığı əsərin əlyazmasını ona təqdim edərək çəkinə-çəkinə belə bir məclisin keçirilməsi arzusunda olduğunu söylədikdə hökmdar məmnunluq hissi ilə razılığını bildirmiş və o zamandan sarayın bağcasında indiyədək misli görünməmiş hazırlıq işlərinə başlanılmışdı.