Şirvani Ədilli. "Azərbaycan şeirində forma məsələləri" (Elmi araşdırma). Kitabda şeirin əsas forma elementlərindən olan qafiyə müasir yanaşma ilə köklü şəkildə araşdırmaya cəlb edilmiş, heca vəzninin bölgü və ritm məsələsinə yeni baxış irəli sürülmüş, ilk dəfə sərbəst şeirin mahiyyəti və növləri geniş araşdırılmış, həmçinin əruz və onun xüsusiyyətləri, şeir formalarının yaranma tarixi, onların məhdudiyyətləri və funksiyaları, mahnılarda mətn problemi, sözlə musiqisinin biri-birinə ritmik və tonik uyğunluq məsələləri, Azərbaycan xalq musiqisində geniş yayılmış ritmik vahidlər və qəliblər haqqında danışılmışdır. Kitab ədəbiyyatçılar, yazarlar, musiqiçilər və şeir formaları ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulmuşdur.
Şirvani Ədilli. "Milli ideologiyamız: Türklük, Çağdaşlıq, İslam" Kitabda ideologiya anlayışı və tarixən yaranmış ideologiyalar, o cümlədən milli ideologiyamız olan türk millətçiliyinin yaranması və inkişafı haqqında ətraflı məlumat verilmiş, çağdaş dövrümüz üçün milli ideolo-giyamızın müxtəlif məsələləri sistem şəklində araşdırılmış, milli mənəvi də-yərlərimizi qoruyub-yaşatmaq və yüksəltmək problemləri və onların ictimai əhəmiyyəti haqqında geniş söhbət açılmışdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
"Əruz vəzninin sadələşdirilmiş qəlibləri". Gənc intellektualdan klassik Şərq - ərəb-fars-türk poetik texnologiyalar haqqında çox maraqlı bir elmi-filoloji araşdırma... Kitabda əruz vəzninin yaranması, xüsusiyyətləri, türkcəmizə və folklorumuza uyğunluq məsələlərinə toxunulmuş, bu vəznin daha asan öyrənilməsi üçün Azərbaycan şeirində işlənən əruz bəhrlərinin sadələşdirilmiş qəlibləri tərtib edilmişdir. Kitab şeir vəznləri ilə maraqlanan, o cümlədən əruz vəznini öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.
"Mənim odlar diyarım" (Şeirlər). Gənc şairin bu poetik toplusu vətənpərvərlər və millətsevər oxuculara xoş duyğular bağışlayacaq... Kitabda müəllifin vətənpərvərlik, sevgi, satirik və digər mövzularda olan şeirləri toplanmışdır. Kitab bədii ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.