Fikir qovluğu" Azər Qaraçənlinin tələbəlik vaxtından - 1991‐ci ildən yazıb özündə saxladığı, çap elətdirmədiyi qeydlərinin, yazılarının toplusudu. 2007‐ci ilin noyabrında atası şair Ağa Laçınlı vəfat eləyəndən sonra həm bu qəfil ölümdən, həm də atasının arxivində çap olunmamış xeyli bədii, publisistik, elmi əsərin qalmasından sarsılan Azər Qaraçənli öz arxivindəki materialların çoxluğundan da narahat olmağa başlayıb və qaralamalarını "əldən çıxartmaq" qərarına gəlib. 2008‐ci ilin aprel ayından Azər Qaraçənli öz arxivini "Atamın xatirəsinə, yaxud birdən quş kimi uçub getsəm..." adı altında beş ay ərzində hissə‐hissə "Mediaforum.az" saytında dərc elətdirib. "Fikir qovluğu" həmin silsilənin kitab variantıdı. Kitaba müəllif silsilənin saytda gedən variantına düşməyən bəzi qeydlərini də əlavə eləyib. Eyni zamanda, "Fikir qovluğu"nda müəllif qeydlərini mövzular üzrə daha yaxşı sistemləşdirməyə çalışıb, onları bölmələrə ayırıb.