Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Əmi" (hekayə). Tanınmış Azərbaycan modern yazarından maraqlı bir bədii nəsr nümunəsi...

Müəllif:

Məqsəd Nur


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Məqsəd Nur. "Əmi" (hekayə). Tanınmış Azərbaycan modern yazarından maraqlı bir bədii nəsr nümunəsi...


Baxış sayı: 36
    
    


Məqsəd Nur


Əmi


(hekayə)



(V. Sınaqlar silsiləsindən)


Bu erkək tut ağacının altında ölüb-qalmaq xəcalətdi...
***
"Aqil N.Quliyev" - ona dostları belə deyirdilər. Hamı onu tanınmış rejissor Aqil M.Quliyevin əmisioğlu bilirdi. Özünə də belə sərfiydi: qoy paxıllansınlar. Amma onun əmisi vur-tut bənnaydı və indi Aqil N.Quliyev erkək tut ağacının altında qan qusarkən bənna əmisinin mümkün qədər tez buraya -  yanına gəlib-çatmağını istəyirdi. Əlbəttə, məşhur rejissor Aqil M.Quliyevin də əmisi bənna ola bilərdi - burda ayıb nə var ki? Amma Aqil N.Quliyevin əmisi onunçün xüsusi bənnaydı. Birincisi, 1992-dən qoyub-çıxdıqları Qaragüney kəndinin bütün evləri əmisinin ustalığıynan   tikilmiş, ikincisi də əmisi ona qaçqınçılıqdan sonra atalıq eləmiş, o da əmisinin hesabına müharibədə itkin düşmüş atasının yerdə qalan iki yetiminə gün ağlaya bilmiş, özünü də əməllicə tutmuşdu - hətta, Bakının Qala kəndində özünə bir ev tikdirib anası, bacısı Nigar və balaca qardaşı Qabillə özcə damının altına sığına bilmişdi. Əmi onunçün hər şeydi!Hardadı bə, niyə yetmədi, niyə tapılmadı əmim, ay Allah!
***
Tutun da erkəyi olarmış - yəni meyvə gətirmirmiş: barama üçün yarpaq, kölgəlikçün çardağ olurmuş. Əgər Aqil N.Quliyev çox erkən yaşında, bacısı və qardaşıynan anasının sinəsinə sığınıb qorxudan gözlərini bərk-bərk yumaraq Qaragüneydən qaçıb çıxmaseydı mal-heyvan, ot-ələf, bağ-dirrik barədə eşidib-bildikləri lap çox olardı. Amma nə indi - erkək tutun dibində qan içində qaldığı anlarda, nə də bu xaraba şəhərdə keçirdiyi on səkkiz ildə Qaragüneydəki hər hansı bir tut ağacı barədə söhbət eşitməmişdi. Olseydı, nətərsə qulağına dəyərdi: Qaragüney barədə kəndçilərindən elə şeylər eşidirdi ki, (alma, armud, at, eşşək, poçt, Rizvanın dükanı) ona yuxu kimi gələn xatirələr bu eşitdiklərinin hesabına yaddaşında bərpa olunurdu. Yaxşı ki bu iyirmi altı yaşında kəndçilərindən uzaq düşmədi - o da əminin hesabına...Hardasan ay əmi, axı mən əldən gedirəm, zalım əmi!
***- Sənin canında düşmənin əksi yoxdu... bu hər kişidə olmalıdı...əgər gözlərinin ağında düşmənin şəkli görükmürsə, deməli sən oğraşsan... bax, dirəşmişəm gözlərinin içinə, orda özümü görürəm, amma düşmən görmürəm...sən mənim düşmənimsən, atam da... - deyib üzünü yana tutub əlindəki qalın pivə fincanın dolu içini axıracan sümürən əmisioğlu Zaza (əsl adı Zaurdu) bir az əvvəl Aqil N.Quliyevlə erkək tutun altında - "Çəllək" kafesində oturub söhbətləşirdilər.
- Sənin bu qədər tədbirli olmağın atama oxşayıb... gərək mən əmimin, sən də atamın oğlu oleydin... o vaxt əmimnən geri -  Qaragüneyə mal-qaranın dalınca getseydin, indi bəlkə də əmim sağ qalardı, siz də atamnan bu nəslin başında otura bilməzdiz - deyə Zaza səsinin kobud yerində danışır və eləbil bu tonda da Aqili qarğıyırdı.
...Guya  Zaza ondan danışırdı ki, əgər Aqil atasıyla geri - Qaragüneyə qayıtsaydı, onu yolundan qaytarardı, ya da atası özü Aqilin xətrinə geri dönərdi. Mühasirə vaxtı qırağa çıxsalar da Qaragüneydə qoyduqları beş-on davara görə təzədən geri dönərək özünü  erməninin ağzına atıb orda it-bata düşməzdi.
***
- Zaza əmisiqızının yolunda canını verər! - deyə özündən çıxdı və iki dəfə sinəsinə döydü.Qız da onu sevir. Hamısı - Zaza da, Nigar da, Aqil də bir qabda yeyib böyüyüblər, bəs indi nooldu? İndi atayla əmioğlu iki gəncin arasında qaratikən koludu...- Bəs beynim çönsə, Nigarı götürüb qaçsam, neyniyə bilərsiz axı?!- Zaza bu dəfə ayağa durmaq istəsə də Aqil onu çiynindən basıb aşağı oturtdu və əlini yellədib pivə istədi, həm də ətrafın onlara göz qoyduğunu sezib sinirləndi...
Hətta istədi ki, qalalı qızı Dilbərxanım həmişəki kimi mətbəxdən çıxıb onlara baş çəksin, zarafatlaşsın, bir az da şəhərə daraşmış kəndçilərə mərifət öyrədə bilmədiyini deyib araya bir söz, stola isti qutablar atsın.-... qurban olasız Nigarın qiryətinə, o mənə yeri gələndə siqaret pulu da verir, sevir də... sizi yerə vurmamaqçün mənə qoşulub-qaçmır, bilirsiz? Amma o da bezəcək... atama de, qoy bilsin! - Zaza həm əmiyə, həm də yeri gəlmişkən Aqilin özünə xox gəlirdi.
Bu sözləri eşidəndə Aqil atası üçün bərk darıxdı -  indi onun sağ olmağını, ya da onunla geri - Qaragüneyə qayıdıb erməni cəngində it-bata düşməyini bərk istədi.- Nigar sənə pul verməməlidi, onu öldürrəm... o elə bilir sən yönnü bir adamsan. Bilmir ki, haramzadasan. Bizim evdən nəşəyə pul çıxmamalıdı... - Aqil sakitcə dedi.- Niyə, haramçılıxnan qazanmırsız? - Zaza gözlərini bərəltdi - Atam da, sən də  o yazıq Yaqub müəllimin tikintisini somurub bura satdığa daşımırsız?! Atam namaz qıla-qıla ona çörək verən adamın malını oğurlayır...- O "yazıq" dediyin adam özü  bunu istəyir, hökümətin malıdı, bizim əlimiznən iş görür, o da öz anlayışıyla belə pul qazanır...- Onda gedib özündən soruşarıq görək...- Bəsdi... - deyə Aqil yenə Dilbərxanımın mətbəxdən çıxıb yanına gəlməsini arzuladı və hətta başını döndərib onu erkək tutun altına çağırmaq istədi.- Sizə bir həftə vaxt verirəm, Nigarla mənə xeyir-dua verməsəz, Yaqub müəllimin yanına gedəcəm, sonra da Nigarı götürüb itəcəm...
***
"Çəllək" kafesində "İnqilab" küçəsinin tikinti topdansatışçıları yığışır. Burda hamı bir-birini tanıyır, sövdələşir, pul alıb pul verir, pivə içib yemək yeyirdi. Qalalı qızı Dilbərxanım bu kafenin mətbəxində o qədər dadlı yeməklər və qutablar bişirir, hər kəslə elə ərklə danışır və ortalığı elə şənləndirirdi ki, hətta az danışan qarabaq əmi də bura gələndə bu ötkəm, şirindil cavan qıza bir-iki kəlmə xoş söz deməkdən vaz keçmirdi. Bu erkək tut da kafenin iri həyətində elə bir yerdədi ki, azca hündürdədi - indi, Aqil N.Quliyev qan qusarkən, həm cibinin dərinliyindəki pulqabını çıxarıb neçə illərdi xırda kağızların arasında saxladığı, kənddə birgə çəkdirdikləri rəngli şəklə baxmğa, həm də qarnının bir neçə yerindəki bıçaq deşiklərinin üstündəki nəm qabsilən dəsmalları sıxıb, axan qanını dayandırmağa çalışırdı. Başının üstündəki qalalı qızı Dilbərxanım da gətirdiyi dəsmalları bər-bərk qan fişqıran yerlərə sıxmağa çalışır, dizinə döyür və təcili yardım çağıranların üstünə çığırırdı ki, bir də zəng etsinlər, sonra da tez-tez Aqilin əmisinin cib telefonunu yığır və hər dəfə də "zəng çatmır" mesajını eşidib telefonu farduğunun altınakı cibliyə atır, təzədən Aqilin hayına qalmağa çalışır, ağlayırdı...
***
Şəkildə hamı bir yerdə və xoşbəxtiydi. Müharibədən qabaq - Qaragüneydə çəkdirmişdilər. Zazanın, Aqilin və Qabilin üstündə qırmızı mələfə vardı - çünki hər üçünü bir gündə sünnət eləmişdilər, üçünü də bir cərgədə - ön sırada stulda oturtmuşdular. Nigar da əlində bir qalın dəstə nərgiz-bənövşə bu dəstəni burnuna sıxmış şəkildə - Zazanın arxasından, stuldan boylanır, qımışırdı. Və hamısının da başının üstündə - sağda və solda ataları və anaları dayanmışdı...Aqil şəkli pul qabının dərinliklərindən çıxararkən kagızların arasından nazik və körpə bir göyərçin lələyi sürüşüb yerə düşdü və bunu nə Aqil, nə Aqilin başını dizinin üstünə qoyan qalalı qızı Dilbərxanım, nə də ətrafındakılar sezdi - onun şəkilə baxmağını və inildəyib əmisini çağırmağını seyr edənlər kövrəlir, ya da kənara çəkilib köks ötürürdülər.
... Əmi bilseydi, quş qanadında bura yetər, hər gün qolunu burub təpəsinə döydüyü, onusuz da nəşə çəkməkdən zəifləmiş canın göm-göy elədiyi və "haramzada" deyib evdən qovduğu doğmaca oğlunu - Zazanı öz əlləriylə boğardı... Aqil N.Quliyev bilirdi ki, o indi bu erkək tutun altında can versə də, lap bundan sonra ölsə də, qalsa da əmi Aqili qanına qəltan edən kim olsa, axırına çıxmayınca soyumaz.
***Aqil N.Quliyevin qulağında səslər qarışmağa, gözlərində adamlar itməyə başlayırdı. O, başının üstündə mələk kimi hərlənən qalalı qızı Dilbərxanıma bütün varlığıyla ümid edir və gəlib yetə bilməsə də uzaqdakı əmisinə bir quş qanadında da olsa xəbər çatacağına inanırdı. Aqil N.Quliyev erkək tutun altında can versə də əmisinin indi, bu saat harda olduğunu təsəvvür edir və cib telefonunu niyə qapatdığının səbəbini bilirdi. Əmi nəhəng tikintidə, iş icraçısı kimi ona ayrılan alayarımçıq, suvaqlı hamam otağının bir küncündə namaz qılırdı. Ətraf qalın karton bağlamalarla, qalaq-qalaq yığılmış tikinti materialları ilə doluydu. Bu materiallar damcı-damcı buraya ayrılıb-yığılır, sonra da gecə yarısında Aqil N.Quliyevin idarə etdiyi "Qazel"ə yüklənib satdıqçün "İnqilab"dakı anbara gətirilirdi...
...Əmi hər iki əlini göyə qaldırıb dua etdikcə pencəyin ətəkləri yerdən üzülür, başını möhür daşına qaytardıqca ətəklər də yerdəki beton döşəmənin toz-torpağına qarışır, büzüşüb dizlərini örtürdü. Əmi çox məsum və balaca, həmişəkindən zəhmsiz görükürdü.
Aqil N.Quliyev namaz üstündəki əminin işlərin yaxşı getməsi və salamatçılq olması üçün dua etdiyini qırıq-qırıq eşidir və bu an əlini qarşıya uzadıb xırıltılı səslə "əmi, əmi" deyir, boğazını arıtlamağa çalışsa da isti qanın onu boğduğundan deyə bilmirdi ki, ay əmi, indi, işlərin bu gözəl çağında salamatçılıq uçub-getməkdədi...
***Bu lələk Niğarındı - Aqil N.Quliyev ağlı kəsəndən böyük qız olanacan Nigarı lələksiz görməyib. Nigar uzun bir sap götürür, yer-yurddan çalıb-yığdığı toyuq lələklərini müəyyən məsafə aralıq qoymaqla sapa düzür, lap axırda isə çöl göyərçinlərindən qopub-düşən incə, yumşaq lələyi bağlayıb sapı ortadan qarnına keçirir, sonra qabağa qaçırdı ki, lələkləri külək yelləsin və lələklər yerdən qalxaraq çərpələng kimi onun dalınca havada fırlanaraq irəliyə can atmağa başlasınlar.
Axırıncı dəfə - Nigarın ad günündə, Qalada təzə evlərinə yığıldıqları gün anası əminin də yanında Nigarın çantasından gülə-gülə çıxardığı lələyi Aqilə verib əmisinə də işarəylə demişdi ki, "gəlinin lələk gəzdirir". Sonra da Aqilə dönüb "bunu saxla, bacın ərə gedəndə  göstərib onun bap-balaca qız olduğunu yadına salarıq" deyə həm də bu xoş gündə Nigarın və Zazanın göbəkkəsdi olduqlarını qaynına xatırlatmaq istəmişdi. Amma əmi dinməmiş, rəngi bozarmış, Aqil də qan qaralmasın deyə lələyi ovcunda sıxıb-əzmiş, sonradan isə bu lələyi özü-öz qazancına aldığı pul qabının gizlin bir yerinə dürtüb saxlamışdı.O vaxt bircə Aqil bilirdi ki, Zaza tikintidən material oğurlayıb yerli nəşəxorlara verir, əvəzində nəşə alır, Aqilin sübutlarıyla bundan xəbər tutan əmi Zazanı gizlində döyürdü...
***- Bu erkək tutun altında bu qədər oturma. İncimə, bu kəndçilərdi də, erkək tutu Bakıya yaydılar - deyə qalalı qızı Dilbərxanım Aqili başa sala bilirdi ki, ona ərk elədiyindən bu sözləri deyir.
Və indi Aqil N.Quliyev Dilbərxanımın səsini eşitdikcə həm də sevinirdi ki, deyəsən əmisi çatahçatdadı, amma gözlərini açanda yenə Dilbərxanımdan başqa başının üstündə heç kəsi görə bilmirdi.
Əmi hələ də namaz qılır. Aqil sinəsinə sıxdığı şəkilə baxmaq istədikcə yadına Nigarın lələyi düşür, amma lələyi də pul qabından çıxarıb şəkilin üstünə qoymağı Dilbərxanıma deməyə gücü çatmırdı. O bilmirdi ki, lələk erkək tutun altından uçaraq Bakı  küləklərinə qovuşub getmişdi. İndi, bir az əvvəl Aqilin cibindən düşən lələk Bakı küləyinin qanadında əmisinin yanına uçub-çatıb və onun qara, sıx saçlarının arasından keçərək əmini namazdan ayırmağa çalışırdısa da heç nə alınmırdı. Çünki əmi namaz üstündə olanda ətrafındakı hər şeyi sönmüş bilirdi...
Əmi gəlmədi. Lələk əminin başı üstündə hərləndikcə dönüb bir neçə oldu, artdıqca bir-bir sapa düzldü və əminin başı üstündən göyə qalxıb Aqili də uzandığı yerdən alıb azca yellədi. Onu göylərə qaldırıb lələk qatarının arxasıyca aparmağa başladı. Ləlıəyin qabağınca uçan Nigar əlindəki bənövşə dəstələrini didib ətrafa atır və bərkdən gülürdü. Havadan nərgiz və qan bənövşə ətri gəlirdi...
***
- Kişi gərək əlinə, dilinə... sahib olsun!Aqil N.Quliyev bu sözləri ortalığa desə də cümləsini bitirməmiş Zaza ayağa durmuşdu. Zaza Nigardan aldığı siqaret puluyla nəşələnib erkək tutun altına - Aqil Quliyevlə son söhbətə gəlmiş, üstündən də bir neçə fincan pivə, sonra da araq içmişdi ki, beyninin qurdu tərpənsin... Zaza əmisi oğluna üçüncü bıçağı vuranda Aqil N.Quliyev sözünü bitirə, ondan yapışa və çığıra bildi. Erkək tutun altındakı stollar pərən-pərən oldu. Aqil N.Quliyev yerə yıxıldı. Dilbərxanım yetdi. Zaza dördüncü bıçağı içəri yeridib bağıra-bağıra atasını və Aqili söyə-səyə erkək tutun altlndan uzaqlaşdı. Qaçmağa başladı.
***
- Erkək tut düşərsiz, iri şəhər müxənnətdi...Aqil N.Quliyev erkək tutun altında başını sağa sallayıb, ağzının qırağından qan axıtsa da yerindən tərpənmək, dikəlmək və ayağa durub bu sözləri deyərək uçmaq istəyirdi. Amma indi nəinki uçmağa, heç danışmağa da halı yoxuydu. Onu erkək tutun altından təcili yardım maşınına qədər xərəkdə aparan insanlar inanmazdılar ki, iki əmioğlu elə bircə gün əvvəl, bu erkək tutun altındaca içib şəhərə çıxmış, bir-birinə demişdilər ki,  - müxənnət müharibə olamseydi indi onlar da belə müxənnət şəhərdə pərən-pərən gəzməz, Qaragüneyin talasında  - iri armudun altında, bax bu gün erkək tutun altında oturduqları kimi - əllərindəki gərməşoy çubuğu yaşıl cəmənliyə çırpa-çırpa qoyun qırağında günlərini keçirər, nə oğurluq edər, nə nəşə çəkər, nə də bir-birlərinə qarşı bu qədər müxənnət olmazdılar. Əmi də Qaragüneyin evlərini tikməkdə davam edər, müxənnət bozarmaqlarıyla onları bir-birindən uzaqlaşdırmaz, bu böyük şəhərdə arxasızlıq xofundan bütün mehrini Aqilə salıb, oğlunu paxıllandırmaz, əclafcasına qaratikən kolu olmağı ağlına da gətirməzdi...
***-... və belinə... sahib olsun... - deyərək Aqil göyə qanrıldı.Aqil N.Quliyev gözlərini yumduqca Dilbərxanımın yumşaq, nazıik və isti əllərini sıxır, onun qucağına girib canını sarmış titrətmələrdən qurtulmaq istəyirdi.
Bakı, fevral-sentyabr 2010