Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Həbs olunmuş sükut"... www.kitabxana.net - Milli Virtual Kitabxananın təqdimatında. İstedadlı xanım şairənin şeirlər kitabı. YYSQ-nin elektron nəşri, e-kitab N 34

Müəllif:

Rəsmiyyə Sabir


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

www.kitabxana.net - Milli Virtual Kitabxana Təqdim edir: Rəsmiyyə Sabir. "Həbs olunmuş sükut"... Şeirlər kitabı. YYSQ-nin elektron nəşri, e-kitab N 34 


Baxış sayı: 37
    
    


 

www.kitabxana.net

 

Milli Virtual Kitabxana Təqdim edir

 

Rəsmiyyə Sabir

 

"Həbs olunmuş sükut"... 

 

Şeirlər kitabı

 

 

YYSQ-nin elektron nəşri, e-kitab N 34 

 

 

 

 

 Sabir Rüstəmxanlı         


Ədəbi xoşbəxtlik vəsiqəsi

 


    İstedadlı, gənc şairlərimizdən olan Rəsmiyyə xanımı mətbuata, ədəbi mühitə ilk gəlişindən tanıyıram və soyadına görə ona, zarafatla «qızım» deyirəm. Amma bu zarafatın arxasında qəribə bir duyğu da dayanır, illər uzunu təkrarlanan sözə insan tədricən vərdiş edir, mənəviyyat qohumluğu qan qohumluğundan zəif olmayan bir hissiyat kimi arada körpülər salır və qarşı tərəfin taleyi, yaşantıları sənin də içindən keçir; onu başqalarından fərqləndirir və onun hər bir addımını daha diqqətlə izləyirsən.    Rəsmiyyə Sabirin ilk şerlər kitabını da belə bir duyğuyla, daha doğrusu, belə bir qürurla oxudum.     İstedad sahibini adi qafiyə pərdazdan fərqləndirməyə bircə şer də bəs edir; əlyazma müəllifinin şair olub olmadığını bəzən bir misrayla da ayırmaq mümkündür.     Kitabın elə ilk şerlərindən gördüm ki, mətbuatda oxuduğum yazılarından aldığım  təəssürat təsadüfi deyilmiş; Rəsmiyyənin sözü doğrudan da istedaddan yoğrulan, əsl poetik sözdür.
  

Mən yer kürəsinin üstündə deyil, 

Sözümün üstündə durmuşam, Allah!


yaxud


  Mənə borc verdiyin bir əmanəti, 

 Qaytarana kimi öldüm, İlahi!


     Bu misralarda Azərbaycan türkcəsinin frozoloci imkanları, sözün çoxmənalılığı poetik ifadənin yeni qatını, yeni gözəlliyini yaratmaqla yanaşı, müəllifin də portretini cızır-söz böyüyür, kürəsəlləşir, onun üstündə dayananın qətiyyəti və Yerlə Tanrı arasında körpü salanın mənəvi ucalığı, eyni zamanda, «sözünün üstündə duraraq» bütün həyatını ona borc verilən bir əmanəti qaytarmaq məsuliyyətilə yaşamaq və ölümü də bu zülmün,  bu çətinliyin nəticəsi kimi dərk etmək yetkinliyi görünür. Bu baxımdan  ömrünü «İlahinin ona həsr etdiyi ən gözəl şer» sayması da müəllifin həm poetik, həm mənəvi özünüdərkidir, mövqeyidir və yuxarıdakı fikrimizi tamamlayır.      Bu misralar çağdaş şerimizdəki gəlişmələri və axtarış yönlərini seçmək baxımından da maraqlıdır; sovet dövrünün hamını eyni müstəvidə görməyə çalışan, azqatlı, vizual, realist bəsitliyə aparan ədəbiyyat siyasətindən sonra təfəkkür bağlarını, ənənələri bərpa etməyə, insan kimi bütövləşməyə çalışan nəslin mənəvi-psixoloci durumunu göstərir. Elə «sovet ədəbiyyatının» öz bətnində, ötən əsrin 60-70-ci illər poeziyasında gizli şəkildə yetişən belə ovqat maddiyatçılıqdan qopmaq, ilkinliyə dönüş, ruh və mənəvi bütövlük axtarışı minilliklərin qovşağında və ya ayrıcında gənc poeziyamızın ədəbi simasını müəyyənləşdirən cəhətlərdən birinə çevrilmişdir.        Bu baxımdan Rəsmiyyə Sabirin poetik ömrü XXI yüzilə məxsusdur; bu yüzilin ilk əlamətlərindən birisə Allahsızlıqdan Tanrıya dönüşdür, dünyanı yalnız görünəndən ibarət hesab edən sərsəm yalandan qurtuluşdur və kitabın Allaha, İlahiyə müraciətlə yazılan silsiləylə başlaması da dediyimizin təsdiqidir. Amma, onun bu şerlərinə həm də XX yüzilin son nəğmələri kimi də baxmaq olar:

Bizim aramızda min illik yol var,

Özümə yaxınsan məndən, İlahi!


və ya


Ömrümün başından ayağınacan,

Özümdən sənə yol gəldim, İlahi!


misralarıyla başlanan şerlər əslində Azərbaycan poetik təfəkkürünün min illik yolunun yetdiyi Tanrı məqamını nişan verir; mahiyyətcə minilin başlanğıcıyla sonu arasında elə ciddi bir fərqin olmadığı görünür, min illik çalxalanmadan sonra İnsanın yalnız Tanrı zərrəsi olmaq təsəllisindən başqa bir şey qazanmadığını və Nizamidən, Nəsimidən, Füzulidən zaman ayrılığının ruh ayrılığına çevrilə bilmədiyi aşkarlanır.     Bu baxımdan, kitabdakı şerlərin çoxu eyni fəlsəfi, estetik mayadan qaynaqlanır.     Olumla-ölüm arası, beşiklə-qəbir arası, görüşlə-ayrılıq arası dünyanın bütün yolları burdan keçir və klassik Azərbaycan poeziyası həmişə ölümün daha artıq olumluluğu, qəbirin daha artıq əbədiyyət beşikliyi, ayrılığın daha artıq yaxınlaşdırdığı inamıyla seçilib və bu inam estetika və ya poetika yanaşma tərzi olmaqla yanaşı, türk insanının dünyanı və Tanrını dərk etmək yolu, Tanrıya qovuşub bütövləşmək və böyümək imkanı olub.     Bu ovqat Rəsmiyyə Sabirin «Əlvida» deməyi unudan oğlan», «Kədərimlə tapmışam səni», «Səndən xəbərsiz», «Payız» və s. lirik şerlərində də aydın görünür və əslində, kitabın bütöv bir ruhla yazıldığının nəticəsidir.  Dünyada öz qismətim var,Harda olsam məni tapar,Bəzəyib gəlin aparar,Ölüm səndən xəbərsiz.
      Öz poeziya evini orcinal görünmək xətrinə, poetik memarlıq ölçülərini nəzərə almadan, necə gəldi elə quran və modernliyi təməlsizlik, köksüzlük kimi başa düşənlər bu evin zamanın zəlzələri qarşısında necə duruş gətirəcəyini nəzərə almırlar.     Rəsmiyyənin xanım intuisiyası zahiri dəbdəbədən çox poetik yuvanın, ocağın istiliyinə üstünlük verir, bu yuva bütün evləri soyudan və simasızlaşdıran oxşar büllur parıltısıyla yox,  ailə mirası olan, lakin silinib paııldadılmış qədim və yerli əşyalarıyla, ənənəvi bər-bəzəyiylə cazibədardır.


Tale məni döyə-döyə,

Çevirdi yanıqlı neyə,

Dumana bürünüb deyə,

Qəlbimin dağı görünmür.


     «Qəlbimin dağı»ndakı klassik çoxmənalılıq qalaylanıb parıldadılmış köhnə antikvarlar kimi yeni poetik mətnə işıq saçır.
Dərdlərimin üzü qış kimi  bərkdir,Ölümün silləsi üzümə ərkdir,Məzarım üstünə bir daş gərəkdir,Gücüm ürəyimin daşına çatır.
misralarını da yalnız Azərbaycanın poetik ənənələrini bilən və ürəyində Allah vergisi olan qələm sahibi yaza bilər...  Məhz bu vergiylə o, yeni, isti sözü boyat sözdən seçir:


Yediyim qəm ki, var, valah, boyatdı,

Hər dəfə isidib mənə verirsən.


       Rəsmiyyə Sabirin şerlərinin çoxu əsl poetik ovqatdan doğulub:


Mən quruyan güllərin,

Susdurulmuş dillərin

Ölümünə ağladım,

Anam, sənə mənim göz yaşlarıma.


yaxud


Tökəcəyəm bu payız

Bütün dərdi-sərimi.

Görəsən çılpaq ruhum

 Ölümü, ya dirimi?



Gözümü sığallayır

Sahilin soyuq qumu...

Qoruyun məndən sonra 

Dostlar, yetim ruhumu.


     Rəsmiyyə də öz yaşıdları kimi dərddən, ölümdən çox yazır, lakin bədii ifadəsini tapmadığı, söz rənglərini ayırmadığı heç nədən yazmır. Buna görə də kitabını bütöv bir şer kimi oxudum. «Süpürgəçi», «Ağ çiçəklər satan qız haqqında ballada» kimi dəqiq poetik müşahidələrdən və çağımızın faciələrindən döğan, «Anamın sinəsi torpaq» kimi sözə gəlməyən yanğıdan fışqıran şerlərindən başlamış  «Bağışlama bizi, Vətən»  kimi milli, taleyin əks-sədası olan yazılarınadək Rəsmiyyə həmişə səmimidir, özüdür, ötkəmdir, qürurludur, gözəldir...


Gözlərim doyubdur,

eh, ruhu acam,

İlahi, su çilə qəlbimə bir cam,

Səhrada göyərən tənha ağacam,

Mən xoşbəxt olmağa döğulmamışam.


İnsanlar anlamaz, daş duyar məni,

Baharlar tanımaz, qış duyar məni,

Torpaq, ağac, çiçək, quş duyar məni,

Mən xoşbəxt olmağa döğulmamışam.

 

 misraları poetik nəticəsilə müəllifinin xoşbəxtlik vəsiqəsidir, taleyi sözə bağlı olan adamın xoşbəxtliyi sözün  gözəlliyində, sehrində və yaşamaq haqqındadırsa, bu misraların müəllifi bu haqla öyünə bilər.     Kitabı oxuyub qurtarandan sonra onun ruh qohumluğuna bir daha inandım və böyük adaşımın da adından adımızı ona halal elədim. Bu ad ona yaraşır... Poetik adaşlıq, siyasi əqidədaşlıq...

Hamısının kökü bu kitabdadır. Yeni kitabını, bu poetik uğurunu təbrik edirəm, Rəsmiyyə!


                 .