
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
"Oxuyana lənət!"
Cavan müəllifin alternativ üslubda həm nəsr, həm də nəzmlə yazdığı əsərlərdən ibarət kitab
Sizə kitabla cüzi tanışlıq üçün onun epiloqunu təqdim edirik.
Epiloq
Dəlidi !
Axmaqdı !
Hər gözün güzgüsündə fərqli görünürəm. Keçdiyim ürəklərdən tutmuş, maraqlara qədər ani olub hər şey. Sual axtarmışam həmişə. Sonra cavab. Sonra yenə sual. Duyğular səyyahına çevrildiyimin fərqinə belə varmadan logikamda azmaq ən sevimli məşğuliyyətim olub. Gözəlliyin cavabını tapanda çirkinləşmişdim. Xöşbəxtliyin anlamını dərk edəndə bədbəxt olmaqdan qorxuram. Avanqard üslubda geyinib, kubizmdən, surrealizmdən danışmaq istəmirəm, ətrafıma maraqlı olum deyə. Heç tünd kostyumun ciddiliyində boğularaq statistik məlumatlarla narkomanların, homoseksualların, dini təriqətlər arasındakı faiz nisbətləri sayı haqda da saatlarla danışmaq istəmirəm. Əzalarımı örtəcək azad geyimdə azad fikrimi kiməsə çatdırmağı bacarsam bəs edir. Tarixdə qalmaq naminə gözümü çıxarıb yemək,dünyaya orta barmaq göstərmək, təyyarədən paraşutsuz tullanmaq kimi fikirlərim yox. Şəhərdən zövq alaraq fikirlərsiz gəzmək istəyirəm. Saata baxmadan,telefon zənglərinə əhəmiyyət vermədən... Ey şəhər, salam! Bu mənəm! Sənin ən dəli sakinin. Sən dəyişmədin məni,bacarmadın! Fərqli deyiləm, yox! Sən öyrəşmisən axı,öyrəşmisən hamını öz qabında görməyi. Stamatoloq saqqız çeynəməli,bankir kostyum geyməli, fahişə atası üçün də soyunmalı. Sənin dilənçin cins itlərinin yeməyinə belə həsəd aparır. İnsanlar haqda yazanda nəzərə alarsan... Sənin nə toyun, nə soyun mənə lazım deyil. Əslin türkdür, ya afrikan, özgə planetlərdə həyat var ya yox... Bilsən nə olacaq ki... Nə dəyişəcək ki? Bizi qəbirdə kim sevəcək ki? Ölməyimdən qorxuram... Cəhənnəmi düşünməkdən çox ilk dəfə özümün öz həyatıma müdaxilə edə bilməyəcəyini düşünmək əsəbləşdirir məni... Atacaqlar qəbrə. Bir iki gül də düzəcəklər torpağıma,simvolik olaraq... Bayramdan bayrama gəlib yasin oxutdurub, bitməsini tez arzulayıb, axmaq baxışlara dalacaqlar...
Onda bu şəhərin gülüşü mənim ilk və son məğlubiyyətim olacaq!