Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Bakı şəhərinin tarixi". Elmi araşdırmada Bakı tarixinin ən parlaq dövrü - XII-XV əsrlər Şirvanşahların hakimiyyəti dövrü olduğu bu materiallar əsasında sübut edilmişdir.

Müəllif:

Sara Aşurbəyli


Kateqoriya:

Tarix. Tarix elmi



Qısa Təsvir:

Sara Aşurbəylinin bu kitabı Bakı şəhərinin orta əsrlər tarixinə həsr olunmuşdur. Erkən və inkişaf etmiş orta əsrlərdə Bakı neftinin çıxarılması və emalı üzrə mühüm mərkəz kimi məşhur olan Bakı şəhərinin sosial-iqtisadi, siyasi və mədəni həyatı öyrənilmiş, müasir dövrədək qalmış memarlıq abidələrinin təhlili verilmiş, uzun tarixi dövr ərzində elm və təsviri incəsənətin vəziyyəti göstərilmişdir. Arxeoloji materiallara istinad edərək, Bakını antik dövrün şəhəri adlandırmaqla bu kitabda Bakı tarixinin ən parlaq dövrü - XII-XV əsrlər Şirvanşahların hakimiyyəti dövrü olduğu bu materiallar əsasında sübut edilmişdir.


Baxış sayı: 3914
    
    


Sara Aşurbəyli

"Bakı şəhərinin tarixi"

 

 Elmi araşdırmada Bakı tarixinin ən parlaq dövrü - XII-XV əsrlər Şirvanşahların hakimiyyəti dövrü olduğu bu materiallar əsasında sübut edilmişdir.

 

 

MÜƏLLİFDƏN

 

Bu əsər oxucuları Bakının, onun ətrafının tarixi ilə tanış edir. Burada orta əsrlərdə Yaxın Şərqin ən mühüm feodal şəhərlərindən biri, Şirvanın, Bakı xanlığının, nəhayət, Azərbaycan Respublikasının paytaxtı Bakının sosial-iqtisadi, siyasi-tarixi və mədəni həyatı tədqiq olunur. Kitabda Abşeronda neft çıxarılmasına və neft sənayesinə dair ətraflı məlumat verilir. Şəhərin iqtisadi vəziyyəti (sənətkarlıq istehsalı, ticarət, pul tədavülü məsələləri), əhalinin tərkibi, sosial münasibətlər, hərbi toqquşmalar, şəhər hakimlərinin həyat və fəaliyyəti, şəhər mədəniyyəti (memarlıq, ədəbiyyat, incəsənət) araşdırılır. Son illərdə İçərişəhər ərazisində və Bakının ətrafında aşkara çıxarılmış bir sıra arxeoloji materiallar şəhərin tarixi məsələsinə yenidən baxmağa, onu bir neçə əsr geri çəkməyə imkan verir. Əsərdə Suraxanı Atəşgahının tarixinə dair materiallar, onun bəzi kitabələrinin tərcüməsi verilmişdir. Kitabda Bakının "Böyük ipək yolu"nda, Şamaxıdan və Ərəşdən Yaxın Şərqin və Qərbi Avropanın müxtəlif ölkələrinə ixrac edilən xam ipək ticarətində rolu və mövqeyi göstərilir. Əsərdə Bakının, başlıca olaraq, feodal şəhərinin inkişafında əsas amil olan sosial-iqtisadi həyatı, yəni 2000 il ərzində istehsalın, məhsuldar qüvvələrin və istehsal münasibətlərinin inkişafı araşdırılır. Orta əsr şəhərinin feodal cəmiyyətinin daxili quruluşu məsələləri ilk mənbələrin və maddi mədəniyyət abidələrinin məlumatları əsasında açıqlanır. Bakının təkcə Azərbaycanın deyil, eləcə də bütün Yaxın Şərqin iri şəhərlərindən birinə, Xəzər dənizində Şərq və Qərblə tranzit ticarətdə iştirak edən birinci limana çevrildiyi Dərbəndilər sülaləsi şirvanşahlarının hakimiyyəti dövründəki parlaq tarixi açılıb göstərilir. Əsər Şərq (ərəb, fars, türk), Azərbaycan (türk), gürcü, rus, Qərbi Avropa mənbələri əsasında yazılmış, numizmatik, epiqrafik və arxeoloji materiallardan geniş istifadə edilmişdir. Kitab tarixçilər, şərqşünaslar, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur. Müəllif kimi kitabın redaktoru, Azərbaycan Respublikası EA-nın akademiki Z.M.Bünyadova təşəkkürümü bildirirəm.
5
MƏNBƏLƏRIN VƏ ƏDƏBĠYYATIN MÜXTƏSƏR XÜLASƏSĠ Kitabda, zənnimcə, ən vacib sayılan mənbələr və əsərlər göstərilir. İstifadə etdiyimiz Şərq (əsasən ərəb və fars) mənbələri əksərən kompilyativ xarakter daşıyır; onlarda tarixlər bir çox hallarda qarışdırılmışdır. Buna görə də, onların məlumatlarına çox tənqidi yanaşmaq lazım gəlmişdir. Həmin mənbələrin Bakı haqqında məlumatları çox müxtəsər olub, adətən, X-XIV və sonrakı əsrlərdə burada neft və duz hasilatına aiddir. Ərəbdilli müəllifiərin - əl-İstəxri, əl-Məsudi, Əbu Dülaf, əl-Müqəddəsi, əl-Biruni, Əbu Həmid əl-Əndəlusi, Yaqut, Zəkəriyyə əl-Qəzvini, Əbü-l-Fida və başqalarının məlumatları bu qəbildəndir. Həmin müəlliflərin həyatı və əsərlərinin xarakteristikası İ.Y.Kraçkovskinin əsərlərinin dördüncü cildində1 ətraflı işıqlandırılmışdır. Bakının X-XI əsrlər tarixinə aid ən mühüm mənbələrdən biri "Tarix əl-Bab"dır. Təəssüf ki, XI əsrin son çərəyində yazılmış bu əsərin müəllifınin adı qalmamış, Şirvan və Dərbənd tarixinə aid salnaməsinin isə yalnız türk tarixçisi Münəccimbaşının (1702-ci ildə Məkkədə ölmüşdür) əsərinə daxil edilmiş ayrı-ayrı fəsilləri mühafizə olunmuşdur. Həmin fəsilləri prof. V.Minorski ingilis dilinə tərcüməsi, geniş şərhləri və ərəbcə mətni ilə birlikdə çap etdirmiş, habelə rus dilinə çevirmişdir (biblioqrafiyaya bax). Atası Bakıdan olan XV əsrin əvvəli ərəbdilli tarixçi Əbdürrəşid ibn Salih ibn Nuri əl-Bakuvinin verdiyi dəyərli məlumatlar qeyd olunmalıdır. Əl-Bakuvinin tarixi-coğrafı "Təlxis əl-asar və əcaib əl-məlik əl-qəhhar" ("Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri") əsəri h.806 (1403)-cı ildə yazılmış və dövrümüzədək 1614-cü ildə köçürülmüş və hazırda Paris Milli Kitabxanasında 5299 nömrəsi ilə saxlanılan yeganə əlyazmasında gəlib çatmışdır.2 Həmin əlyazmasını 1789-cu ildə de Gin bəzi ixtisarlarla fransız dilinə tərcümə etmişdir.3 Akademik Z.M.Bünyadov əl-Bakuvinin əsərini ərəb dilindən rus dilinə çevirərək 1971-ci ildə nəşr etdirmişdir. Müxtəlif Şərq ölkələri haqqında məlumat verən əl-Bakuvi Azərbaycanın şəhərlərindən, o cümlədən, ehtimal ki, gəlib gördüyü Bakı şəhərindən çox ətraflı bəhs edir. Əl-Bakuvi şəhər və Abşeron, onun iqlimi, iqtisadiyyatı, neft və duz hasilatı, əhalisi haqqında qiymətli məlumatlar verir. O, dənizin səviyyəsinin xeyli qalxdığını göstərir, şəhərin su ilə təchiz olunmasından danışır, qala tikililərini təsvir edir. Onun Bakı haqqındakı məlumatları orijinaldır. Onlara əvvəlki müəlliflərin əsərlərində rast gəlinmir. İbn İyas XVI əsrin əvvəllərində əl-Bakuvinin məlumatlarını təkrar etmişdir.4 Bakının iqtisadiyyatına dair irandilli mənbələr - X əsr anonim müəllifin "Hüdud əl-aləm" (Tumanskinin əlyazması; V.Bartoldun girişi və göstəriciləri ilə V.F.Minorski tərəfındən ingilis dilinə tərcümə və qeydlərlə nəşr olunmuşdur)5, XIII əsr müəllifi Məhəmməd ibn Nəcib Bəkranın "Cahannamə" (keçmiş SSRİ EA Asiya xalqları İn-tu Leninqrad şöbəsinin əlyazması, C-612; Y.Y.Borşşovski tərəfindən nəşr olunmuşdur), XIII əsrin anonim coğrafiyaşünasının əsəri6, Həmdullah Qəzvininin (XIV əsr) "Nühzət əl-qülub"7 və Əmin Əhməd ər-Razinin (XVI-XVII əsrlər) "Həft iqlim"8 əsərləri də çox qiymətlidir. Həmin əsərlərdə neftin müxtəlif növləri və hasilatı, onun müxtəlif ölkələrə ixracı haqqında məlumat verilir. XIII-XIV əsrlərdə monqol istilaları ilə əlaqədar və Elxanilərin hakimiyyəti dövründə Azərbaycanda və Bakıda baş verən hadisələr Elxanilərin baş vəziri, həkim və alim Rəşidəddinin "Cami əl-təvarix" adlı diqqətəlayiq əsərində təsvir edilmişdir.9 Köçəri Rumlu tayfasının adlı-sanlı nəslindən olan Azərbaycan tarixçisi Həsən bəy Rumlunun (d. 1531/2) çox qiymətli "Əhsən ət-təvarix" ("Tarixlərin ən yaxşısı") əsərində Bakının 1501-ci ildə I Şah İsmayılın qoşunları tərəfindən mühasirəsi və alınmasından, Şirvanda baş verən üsyanlardan ətraflı bəhs olunur, Dərbəndilər sülaləsindən olan şirvanşahların hakimiyyətinə dair məlumat verilir. Həsən bəy Rumlunun XVI əsrin birinci çərəyindən 80-ci illərinədək verdiyi məlumatlar böyük dəyərə malik ilkin mənbədir. Həsən bəy Rumlunun on iki cilddən ibarət "Əhsən ət-təvarix" əsərinin hələlik dövrümüzədək bir neçə nüsxədə gəlib çatmış XI və XII cildləri tapılmışdır. Sankt-Peterburq kütləvi kitabxanasında hər iki son cildin mövcud olduğu əlyazması saxlanılır.10 Bu salnamənin mətni Hindistanda iki cilddə nəşr olunmuşdur: I cild farsca mətndən, II cild ingilis dilinə müxtəsər tərcümədən ibarətdir.11 Biz hər iki cilddən istifadə etmişik.