ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
www.kitabxana.net
Milli Virtual Kitabxananın Təqdimatında
Xorxe Luis Borxes
Hər şey və heç nə
Elektron kitab
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 74 (2011)
Redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2011
Xorxe Luis Borxes. "Hər şey və heç nə". Hekayələr və esselər, sənət-estetik müsahibələri... Bakı, 2011. YYSQ və www.kitabxana.net - Milli Virtual Kitabxananın elektron nəşri N 74.
QEYD: Kitabın hər hansı formada yayımı, çoxaldılması, istifadəsi qəti qadağandır, müəllif haqları mütərcimlər və kitabı rəqəmsal hazırlayanlardadır...
Rusca əsərləri:
http://thelib.ru/authors/borhes_horhe_luis.html
Xorxe Luis Borxes (24 avqust 1899, Buenos-Ayres - 14 iyun 1986, Cenevrə) - argentinalı yazıçı, şair, esseist və publisist.
"Uydurulmuş hekayələr", "Alef", "Uydurma canlılar ensiklopediyası" və bir çox kitabların (novellalar toplusunun) müəllifidir. Öz əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə etmişdir.
Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
Xorxe Luis Borxes: XX əsr ədəbiyyatının sirli mayakı
Esse
İşıqlı dünyaya elə sənətkarlar gəlib, yaşayıb-yaradıb, bəşəriyyətin ədəbi-mədəni, ictimai-fəlsəfi düşüncəsində pozulmaz iz buraxıblar ki, onların mənəvi-ruhi, poetik-kulturoloji təsiri əbədi enerjiyə çevrilib. Zərdüşt, Musa, İsa, Budda, Konfutsi, Homer, Sokrat, Məhəmməd peyğəmbər, Firdovsi, Nizami, Şekspir, Füzulu, Dante, Servantes, Höte, Axundov, Cavid... daha neçə-neçə dühaların ədəbi-fəlsəfi nəfəsi
insanlıq durduqca, qəlbləri isidəcək.
Belə böyük sənətkarlardan biri də XX əsr dünya ədəbiyyatının ustad sənətkarı, zəngin yaradıcılığıyla özündən əvvəl gələnlərlə, zamandaşlarını və gələcək nəsillərin ruhunu birləşdirməyə qadir olmuş sirli-sehrli Xorxe Luis Borxesdir. Xorxe Luis Borxes: Kimsə ona şair deyir, kimsə esseist, biblioqraf, mifoloq, nasir, kitabxanaçı, kulturoloq, filoloq, filosof, tənqidçi, ədəbiyyatşünas, naşir, antologiya tərtibçisi, yeni ədəbi janr və istiqamətlərin banisi...
Mənsə, ancaq onu bilirəm ki, tanıyandan sonra Borxesi bir neçə dəfə itirdim; onun kiçik bir hekayəsini üç dəfə tərcümə etdim: ilk dəfə birbaşa kompyuter disketinə yazdığım mətn pozuldu, başqa vaxt kompyuterin yaddaşına virus düşdü, sonunucu kərə isə, sadəcə, özüm həvəsdən düşdüm.
O zaman Tanrıya çox yalvardım ki, Borxesi yenidən mənə qaytarsın.
Dünyanın qaranlıqlarını, şərini görməməsi üçün Yaradan Borxesi dünya işığından məhrum etmişdi. İndi isə onu başqa bir bəndəsinə mənə «qısqanırdı». Ancaq yaratdığını sevən Yaradan havaxtsa Borxesi mənə qaytarmalı idi və elə də oldu...
Adəmdən indiyənə bu ağlı-qaralı dünyamıza təşrif buyurmuş milyardlarla insandan biri kimi 24 avqust 1899-cu ildə Buenos-Ayresdə doğulmuş (bəlkə də o dünya üçün ölmüş) Xorxe Luis Borxes 14 iyun 1986-cı ildə bu dünyadan köçəndə (həm də o dünya üçün təzədən doğulanda) bilsəydi ki, minilliyin sonunda onun haqqında Azərbaycanda da danışmağa başlayacaqlar, (bəli, məhz danışmağa: həqiqi yazıçılar haqqında yazmaq onları anlamaq qədər çətin bir iş olduğundan, o yükün altına girməyə heç vaxt ürək eləmirəm), inanın, bəlkə də ölməzdi (məgər o, ölüb?)...
Sirli-sehrli Borxes həm də çox soyuq (bəlkə də İlahi) bir yazar, mütəfəkkir və kulturoloqdur. Onun əsərlərini oxuyanda, adamı soyuq (ilahi) tər basır. Lakin sonra hiss edirsən ki, bu soyuqluq, əslində, sənin qəlbinə od salıb: ardınca isə şiddətlənən sənət atəşində, heç özün də hiss etmədən, alışıbyanmağa başlamısan...
Tarixin dövran səhnəsində yenicə getmiş XX əsrdə bəşər mədəniyyətinə - ümumdünya ədəbiyyatına Borxes qədər kulturoloji (anlamın geniş mənasında) təsir edən ikinci bir sənətkar tapmaq bir az çətindir.
Borxesin yaradıcılığı kimi, şəxsiyyəti və dünyagörüşü də az qala mifə çevrilib. Elə belə də olmalıydı: axı bu adam bütün yaradıcılığını və özünüdərkdən sonrakı olan-qalan ömrünü mifologiyaya, mifləri öyrənməyə, daha sonra isə sənət mifləri yaratmağa sərf edib. O mənada həm Borxes, həm də onun bir çox ədəbi surətləri - hekayə qəhrəmanları dünya mədəniyyətində elə bir iz qoydu ki, bu "çapıqlarsız" çağdaş
kulturoloji durum belə inkişaf etməzdi, bəlkə də yerində çabalayardı...
Dünya ədəbiyyatında kor kitabxanaçı (Argentinanın Milli Kitabxanasının direktoru təyin ediləndə Borxesin gözləri tutulmuşdu) surətlərinin sayı-hesabı yoxdur - Umberto Ekonun "Qızılgülün adı" romanındakı baş (mənfi) qəhrəmanı - Xorxeri xatırlayaq. Lakin həyatı ilə obrazları arasında bu qədər yaxınlığı heç bir yazarın yaradıcılığında müşahidə etmək mümkün deyil.
Borxesin qəhrəmanları - müxtəlif obrazlar öz şəxsi iradəsini göstərmək üçün dirilirlər ("Telyon, Ukbar, Obris Tertius" - "Üçüncü Dünya"), ya da qəhrəmanlarının özləri kimlər tərəfindənsə yazılmış ədəbi surətlər olurlar ("Alovun dairəsi").
Xəfiyyəni hansısa tələyə salmaq üçün caniyə kompyuter proqramına - İnternet şəbəkəsinə oxşar düşünülmüş məntiqli konstruksiya - sənət labirinti yaratmaq lazım gəlir ("Babil Kitabxanası")...
İlk baxışdan Borxesin yaratdığı əsərlərin mövzusunu bir cümləylə ifadə etmək mümkündür, çünki özü kimi, yazdıqları da quruluşca sadə, mənaca mürəkkəb, sonluğuna görə gözlənilməzdir.
Əslində, onun həyatı ilə yaradıcılığı bir-birinə elə qarışıb ki, əsərlərini oxuyanda düşünürsən: «Borxes, bəlkə də bizim özümüz - hamımız deməkdir...»
Ustadın ruhu inciməsəydi, həm də belə demək mümkündür: Bəlkə də o, heç kimdir - sadəcə, İlahi sənətkardır, içimizdə hər gün qətlə yetirdiyimiz ruhumuz, düşüncəmizdə zorladığımız intellektimizdir...
...Ustad Borxes bu dünyada olmasa da, əsərləri bizimlədir, yaxud bizdədir: əslində, sevimli-sehrli yazar və onun bizə hələ də yaxşı tanış olmayan yaradıcılığı həm mənim, həm də hamımızın ruhuna qovuşub, özü də lap çoxdan - dünya yaranandan...
P. S. Dünya yazarları arasında ən çox sevdiyim mütəfəkkir yazıçı hələ neçə on il bundan əvvəl İnternetin obrazını necə ustalıqla yaradıb... Hiper kitab - virtual dünya - İnternet haqqında bu qədər dahiyanə heç nə oxumadım... Oxumamışdan əvvəl mütləq psixi
və ruhu sakitləşin, çünki sinirləri zəif olanlara çox dəhşətli təsir edə bilər...