ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Oqtay Rza
"Rübai karvanı, dördlük çələngi"
(İkinci kitab)
Tanınmış şair-alimin Azərbaycan poeziyasında az işlənmiş janrda - rübai formasında qələmə aldığı poetik-fəlsəfi nümunələrdən ibarət e-kitab.
Bakı. "Yazıçı" nəşriyyatı 2011. 188 səh.
Oqtay Rza
Oqtay Məhərrəm oğlu Rzayev
Azərbaycanın Salyan torpağında doğulan, boya-başa çatan ziyali insanlar içərsində müasir Azərbaycan poeziyasında öz dəsti-xətti ilə seçilən və sevilən şair Oqtay Rzanın xüsusi yeri vardir. Azərbaycan Yazıçılar Birliyinin ən tanınmış, fəal və nüfuzlu şəxsiyyətlərindən biri, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universititetinin dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı şair Oqtay Rza 1934-cü il noyabırın 2-də Salyan rayonunda anadan olmuşdur. O, Arbatan kənd yeddiillik məktəbini bitirdikdən sonra Salyan şəhərindəki Nizami adına 2 nömrəli orta məktəbdə (1948-1951) təhsilini davam etdirmiş, sonra Azərbaycan Sənaye inistitutunu fərqlənmə diplomu ilə bitirib (1951-1956) geoloq ixtisasi almışdır. Əmək fəaliyyətinə 1956-cı ildən başlamış,26 Bakı Komissarı adına Neft və Qazçıxarma idarəsinin 5 nömrəli mədənində operator vəzifəsində işləmişdir. Sonra baş operator, daha sonra neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafiə edən Oqtay rza geologiya-mineralogiya elmləri alimlik dərəcəsi almışdır.1980-cı ildə Marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1961-1966- cı illərdə Azərbayacan dövlət Pedaqoji İnistitutunun (N.Tusi adına ADPU) ümumi coğrafiya kafedrasında müəllim, daha sonra baş müəllim vəzifəsində işləmiş, 1966- cı ildən kafedranın dosenti təstiq olunmuşdur.1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.Oqtay Rza “Bir may” adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazmış və “Sosializm yolu” rayon qəzetində dərc edimişdir.Onun “Torpağı dinləyirəm”, “Ürəyimi oxuyun”, “Hara gedirəmsə”, “Yasəmən çiçəkləyəndə”, “daş çırağın işığında” və s. Şeir kitabları vardır.Oqtay Rzanın şeirləri çoxsahəli və müsirdir, eyni zamanda milli ənənələrlə bağlıdır.
Onun şeirinin qəhrəmanları müxtəlif peşə sahibləri-müəllim,müğənni,həkim,geoloq,aşıq əmək qəhrəmanı,Qarabağ döyüşçüləri,tələbələr,şirin-şəkər balalardır.Kitabda müəllifin xəyal dünyası gah şairlərlə görüşür, gah qarabağ torpağında şəhidlik zirvəsinə ucalmış insanların qələbə harayına səs verir, gah da dünyasını vaxtsız dəyişmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin əbədiyyətə qovuşmuş ruhları ilə danışır.
Inanirıq ki, Oqtay meəllimin poeziya pəncərəsindən yayılan iıq getdikcə nurlanacaq və bu işığın parlaq ziyası insanlarda dostluq, sədaqət, məhəbbət və mərdlik hissini daha da rövnəqləndirəcəkdir.
Mən bu gözəl insan, dəyərli ziyalı, ən başlıcası isə vətəndaş-şair haqqında çoxdan yazmaq istəyirdim. Söhbət çağdaş Azərbaycan poeziyasının dəyərli nümayəndələrindən olan Oqtay Rza haqqında gedir. O Oqtay Rza ki, Tanrı ona şair olmaq, xalqın adından danışmaq kimi şərəfli bir tale qismət edib.
Mən onun yaradıcılığı ilə hələ lap çoxdan tanış idim. Bilirdim ki, onun doğma vətənlə, xalqla bağlı, el-oba təəssüblü bir çox şeirləri var. Bilirdim ki, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat şöbəsini bitirərək uzun müddət neft mədənlərində çalışıb. Bilirdim ki, geologiya-minerologiya elmləri namizədidir, dosentdir, Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətlə məşğuldur, geologiya elminin, eləcə də Azərbaycanın coğrafiyasını tələbələrinə öyrədir. Sonralar mən onun“Torpağı dinləyirəm”, “Hara gedirəmsə...”, “Fəsil dəyişəndə”, “Günəşin adından”, “Yasəmən çiçəkləyəndə”, “Vətən, daha yas saxlama!” kimi kitabları ilə tanış olduqda gördüm ki, Oqtay müəllim təkcə geoloq-kəşfiyyatçı deyil, həm də oxucu qəlbini öz gözəl misraları, özü də geoloji misraları ilə kəşf edən bir şairdir; həm də vətəndaş şair! Mən bu vətəndaş sözünü elə-belə işlətmədim. Hər kəs şair ola bilər, amma ömrü boyu xalqın təəssübünü çəkə-çəkə yazıb-yaratmaq hər şairə nəsib olan qismət deyil. Şair gərək içdən azad ola ki, onun yazdıqları da səmimi alına. Xalqın gözü tərəzidir-deyib babalarımız. Və belə xoş bir tale Oqtay Rzanın da ömür payına düşdü.
Oqtay Rzanın yaradıcılığı haqqında çox deyilib, çox yazılıb. Ən görkəmli söz adamları, tənqidçilər, ədəbiyyatşünaslar bu barədə öz fikirlərini söyləyiblər. Onun yaradıcılığında mənim bir qələm əhli kimi ən çox diqqətimi çəkən onun rübailəridir. Şairin “Rübai karvanı, dördlük çələngi” adlı kitabı qarşımdadır. Mən bu kitabı sətirbəsətir, diqqətlə oxudum və bir daha Oqtay müəllimi bir şair kimi daha dərindən tanıdım. Oqtay Rzanın rübailəri onun yaradıcılığını daha da rəngarəng edib, onun yaradıcılığına bir yenilik gətirib. Vətənə, torpağa olan məhəbbəti, insana olan münasibəti, fikirləri, insan təbiətinin müərəkkəb fəlsəfi- psixoloji ziddiyyətlərini, ictimai-siyasi düşüncələri yığcam, bir bəndlik şeirdə verə bilmək dediyim kimi, şox məsuliyyətli bir işdir. Və düşünürəm ki, Oqtay Rza bu vəzifənin öhdəsindən ləyaqətlə gələrək gözəl rübailər yaradıb:
Qaraçiçək, Qaraçinar, Qarabağ,
Qapıcığın zirvəsində qara bax!
Sinələrə dağ çəkməsin ayrılıq,
Kaş oyansın qara tale, qara baxt!
Şair bu dörd misrada həm bizim gözəl yer adlarımızı göstərib, oxucunun diqqətini Azərbaycan təbiətinin gözəlliklərinə yönəldib, həm hamımızın qəlbimizdə daim qanayan bir yara olan Qarabağı bir daha bizlərə xatırladıb, həm o taylı-bu taylı vətənimizin sinəsinə dağ çəkən ayrılığı göstərməklə şeirə ictimai-siyasi bir məzmun gətirib və həm də, ən əsası isə, maraqlı cinas yaradıb. Oqtay müəllimin “Oxu”, “Üz” sözlərilə başlayan rübailəri də çox maraqlıdır.
Oxu tuşlayıbsan düz ürəyimə,
Oxu, nəğmələrdən düz, ürəyimə.
Oxud gözəlini necə unudum?
Oxçayı döndərin köz ürəyimə.
Və ya:
Üz, yaşıl duyğular dənizində üz,
Üz, bu dağların da laləsindən, üz!
Üzü saf məhəbbət işıqlandırır,
Üzüyü barmağa taxma könülsüz!
Ümumiyyətlə, Oqtay Rzanın rübailəri elmi iş üçün çox maraqlı mövzu ola bilər və zənnimcə, artıq çoxdan öz tədqiqatçısını gözləyir.
“Qədim zamanlarda sərhədsiz imiş, sərhədsiz olacaq yenə bu dünya!” deyən şair daima narahatdır. Cəmiyyətdəki bütün əyintilər onu həmişə düşündürür. Bunlar bir yana, üstəlik zaman-zaman parçalanmış, paralanmış Azərbaycanımızın hər bir ağrı-acısı, kədəri şairin elə öz dərdi, öz nisgilidir. “Vətən kəlməsidir soyadın, qardaş!” Bu bircə misrada çox dərin bir məna, böyük bir həqiqət var. Soyadımız kimi Vətəni də qorumağı bacarmalıyıq! Rübainin əsas qayəsi budur!
Oqtay Rza elinə-obasına bağlı olan bir şairdir. Bəlkə də geoloq-alim kimi Azərbaycanın hər yerini, dərəsini-dağını qarış-qarış gəzdiyindəndir ki, bütün yaradıcılığında Azərbaycanın gözəlliklərini, faydalı münbit torpağını canlandırır oxucunun gözü qarşısında. Ən maraqlısı da budur ki, yer, kənd, çay və s.adlarını şeirə gətirməklə, həm də tarixi kökümüzü bir daha bizlərə təlqin edir. Məsələn, Qaraməryəm, Qaranohur, Qaradağ, Qarabağ, Qarabulaq, Qaraçay, Qaragöl, Qarayazı, Qaragilə, Qara üzüm, Qara xal və s. “Qara”sözüylə başlayan misraları cəmi bir neçə rübaisində işlətməklə, sanki Azərbaycanın bütün gözəlliklərini bu misralara köçürür, gözümüz önündə əsl mənzərə yaradır şair.
Qaragölün sularında üzmüşəm,
İşıqlını heyran-heyran süzmüşəm.
Qarayazı meşəsində quş vuran
Bir ovçudan həmişəlik küsmüşəm.
Oqtay Rza burada həm təbiəti təsvir edir, həm də bu təbiətə qıyan nankorlara öz etirazını bildirir. Bu, doğma vətəninin hər qarışını sevən, təbiətin korlanmasına qarşı biganə qala bilməyən bir insan kimi şairin həm də böyüklüyüdür! “Hər qaya elə bil, xəyala dalıb, Qobustan havası köksümə dolub” – deyən şairin vətən, torpaq sevgisi hər zaman ürəyindən qələminə süzülür və gözəl, səmimi misralara çevrilir. “Layla da azalıb ana südü tək”-deyən şair hər zaman ulu keçmişimizi, milli ənənələrimizi qorumağa çağırır.
Oqtay Rza həm də o şairlərdəndir ki, onun şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayır. Onun 75 illiyi münasibətilə, doğulduğu Salyan torpağında keçirilən tədbirlərə mən də dəvətli idim. Şair İlyas Tapdıq, tənqidçi Vaqif Yusifli, yazıçı Elçin Hüseynbəyli, şairə Fərqanə və başqalarının da qatıldığı bu tədbir rayon icra hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə təşkil olunmuşdu. Bir cəhət mənim xüsusilə diqqətimi çəkdi: Muğan camaatının, uşaqdan tutmuş böyüyə, ağsaqqala qədər, Oqtay müəllimə olan sevgisini, məhəbbətini, hörmətini gördüm; xalqın hörmətini. Bu, çox böyük qiymətdir. Yazıçıya ən böyük qiyməti elə xalq özü verir! Həmin tədbirlərdə şair haqqında çox yüksək fikirlər söylənildi. Oqtay Rza bir şair kimi, bir insan kmi gözümdə bir daha ucaldı.
Əslində, əlli ildən çoxdu ki, Azərbaycan ədəbiyyatında “külüng çalan”, yüzlərlə şeirləri ilə oxucu qəlbini ovsunlaya bilən Oqtay Rzanın bu gün ummağa, bir şair kimi dəyər verilməyə, yüksək adlara layiq görülməyə haqqı var! Ən azı ona görə ki, o şairdir və yarım əsrdən çoxdur ki, Azərbaycan ədəbiyyatına və elminə xidmət edir.
Dünya adlı bu karvan yolunda ömrünün 75-ci ilini yola salan ağsaqqal bir şair görürük Oqtay Rzanın simasında. O şair ki, bu karvan yolunda dayanıb gedən illərinin arxasınca baxır.. Bu illərin ağrı-acısı da çox olub, sevinci-fərəhi də. Vaxtilə dərs dediyi tələbələri bu gün elmlər namizədi, elmlər doktoru, professordurlar... Yazdığı cild-cild kitabları, xalq arasındakı yüksək hörməti, ailəsi, övladları, nəvələri... Bütün bunlar Oqtay Rzanın həyatda ən böyük qazancıdır.
Anadan olduğum gün təzələnər,
Ömür yollarında özümü görsəm...
– deyən 75 yaşlı Oqtay Rza, heç şübhəsiz, məna ilə dolu ömür yollarında özünü dəyərli bir insan və sözün əsl mənasında Şair kimi görməyə, bu mənzərəyə ürəkdolusu sevinməyə layiq olan yaradıcı şəxsiyyətdir.
Südabə SƏRVİ