ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Şəmil Sadiq
Müşfiq Xan
ÜMİDLƏRİN İZİ İLƏ
kriminal-detektiv roman
"Ümidlərin izi ilə" (kriminal-detektiv roman). Şəmil Sadiq və Müşfiq Xanın müştərək əsəri Xocalı soyqırım faciəsindən sonra xarici ölkələrə daşınan qız-gəlinlərimizin ürəkqıran taleyi barədə çox kədərli bir romandır...
Tarixi faktlar; əsir və girovluqda olan canlı şahid xatirələri, MTN-nin arxiv materialları əsasında yazılmış roman iki gəncin nakam məhəbbətindən bəhs edir. Universitet tələbələri olmuş Aytəkin və Ramilin bir-birindən ayrı düşməsinin səbəbi azərbaycanlılara qarşı törədilən soyqırım - Xocalı facisədir. İki müəllifin ürək döyüntüləri ilə yazdığı bu roman iki müxtəlif süjetlə inkişaf etdirilib: Xocalıda əsir düşərək Fransaya qədər aparılan Aytəkinin hislərini, keçirdiyi acı günləri əks etdirən "Girov qadının xatirələri" və 20 il boyunca hər an keçmiş sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantıları. Məxfi şöbənin təcrübəli əməliyyatçısı Mikayıl Qüdrətov 2011-ci ildə əlinə keçmiş gündəlik vasitəsilə Azərbaycana göndərilən casus qadının izinə düşür. Nəticədə erməni siyasi terrorunun, Böyük Ermənistan dövlətinin qurulması üçün məxfi bir sənədin yerini bilən şəxsin Azərbaycanda olmasının üstünü açır.
1991-ci il... Sentyabr... Tələbəlik...
Hələ ki dəniz sakit ləpələnir, zəncirini qırmış fırtınalar nəyisə gözləyirdi. Çoxları kimi Ramil də, canı qədər sevdiyi Aytəkin də onları gözləyən bədbəxtlikdən xəbərsiz halda günlər ötüşdükcə bir-birinə daha da bağlanırdılar.
1992-ci il... Fevral... Xocalı...
Həmin gün fırtınalar daha tərəddüd etmədi. Sanki bu dəfə də tamam başqa bir fitvaya uyub həmişəlik susmaqdan qorxmuşdular.
2011-ci il... Fevral... Bakı...
Deyəsən, bütün acılar geridə qalmışdı axı?! Amma yox... İyirmi il müddətində dama-dama yaranan sakitlik gölü yenidən öz təmkinini pozacaqdı. Amma bu dəfə yalnız Ramil üçün. İndi onu da, məxfi şöbənin təcrübəli əməliyyatçısı mayor Qüdrətovu da uzun illərin sakitliyindən sonra yenidən ərşəyə çıxmış təlatümün baxışları altında sirli təhqiqat qarabaqara izləyirdi...
Qüdrətov son bir neçə ayda apardığı gərgin təhqiqatın nəticəsi olaraq ermənilər tərəfindən Bakıya göndəriləcək gizli casusun izinə düşsə də, bunu hamıdan gizli saxlayır. Onun fikrincə həmin adamın paytaxta gəlməsi, Aytəkinin Xocalıda girov düşməsi və digər qaranlıq mətləblərin bütün açarları iyirmi il əvvəl baş vermiş bu hadisəyə düyünlənmişdi. İndi onun yeganə məqsədi həmin şəxsi aşkara çıxarıb ifşa etməkdir...