ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Balayar Sadiq
"Allahın unutduğu adam"
Bu maraqlı və oxunaqlı kitabı çağdaş Azərbaycan ədəbiyyanının istedadlı nümayəndəsi, şair-publisist Balayar Sadiqin 45 illik yubileyi münasibəti ilə oxucuların qarşısında poetik hesabatı kimi də qəbul etmək mümkündür...
ƏNƏNƏDƏN MODERN ŞEİRƏ
(BALAYAR SADİQİN "Allahın unutduğu adam" şeirlər kitabı haqqında)
Azərbaycan poeziyasında modernizm nə vaxt meydana çıxıb, onun ilk banisi kimdir? Bu suala cavab verməmişdən öncə belə bir həqiqəti nəzərə çarpdıraq ki, sovet dövrü ədəbiyyatında modernizm burjua ideologiyasının təzahürü sayılmışdır. Sovet, o cümlədən Azərbaycan ədəbiyyatşünasları sosialist realizminin lehinə modernizmin zərərli, mürtəce bir cərəyan olduğunu sübut edən məqalələr yazmışlar. Sovet estetikası və tənqidində modernizmə bir ideoloji hadisə kimi baxılır, o, yalnız ədəbiyyatda, incəsənətdə xəstə burjua əhval-ruhiyyəsinin təzahürü və humanizmə zidd bir sənət hesab olunurdu. Sonralar, keçən əsrin 70-80-ci illərində modernizmə bu ifrat münasibət bir qədər yumşalmağa başladı. Məlum oldu və etiraf edildi ki, sosialist realizminin nümayəndələrindən olan V.Mayakovski, Pol Elüar, V.Brext, P.Neruda, N.Hikmət, həmçinin E.Heminquey, U.Folkner, Q.Qrin, P.Pikasso, A.Matiss kimi görkəmli sənətkarların yaradıcılığına da modernizm bu və ya digər dərəcədə öz təsirini göstərmişdir.
Modernizm dünyaya, həyata, gerçəkliyə, insan münasibətlərinə realizmdən fərqli olaraq yeni bir baxışdır. Həm ideya-məzmun planında, həm də formaca yeniliyi, yeni təsəvvür və baxışları, yeni ifadə vasitələrini müdafiə edən və çox zaman bu yeni prinsiplər naminə "köhnə" nə varsa, onu inkar edən modernizm sənətin öz inkişaf qanunauyğunluqlarının nəticəsi kimi meydana çıxır.
Bizim poeziyada modernizm hadisəsi keçən əsrin 60-cı illərindən başlayır və bu, görkəmli şairimiz Rəsul Rzanın adı ilə bağlıdır. Rəsul Rza poetik təbiəti etibarilə yenilikçi şair idi, o, altmışıncı illərə qədər yazdığı şeirlərində dünya poeziyasının təcrübəsindən uğurlu şəkildə istifadə etmişdi. "Rənglər" silsiləsində isə artıq bu poetik təcrübə özünün bəhrəsini verdi. Əgər Avropa şairlərinin bu tipli şeirləri modernist poeziya nümunələri hesab edilirdisə, (G.Apolliner, P.Eluar və b.) niyə Rəsul Rzanın "Rənglər"i bu dairədən kənarda qalmalıydı? R.Rza bu yolu açdı və altmış-yetmişinci illərin yenilikçiləri (Ə.Kərim, Ə.Salahzadə, İ.İsmayılzadə, F.Sadıq, F.Qoca, V.Səmədoğlu, V.B.Odər, U.Yusifzadə və b.) və səksən-doxsanıncı illərdə ədəbiyyata gələn şairlər (A.Mirseyid, Z.Sarıtorpaq, Xanəmir, D.Osmanlı və b.) həmin yolu hərə özünəməxsus bir tərzdə davam etdirdilər.
Son onillikdə də ədəbiyyatımızda, xüsusilə, poeziyamızda modernist ruhlu yazarların sayı artmaqdadır. Bu sırada Q.Nəcəfzadənin, R.Qaracanın, A.Yaşarın, M.Köhnəqalanın, Aqşinin, Z.Əzəmətin, X.Hassın, S.Babullaoğlunun adlarını çəkirik. Həmin şairlərdən biri də Balayar Sadiqdir. Balayarın "Allahın unutduğu adam" şeirlər-poemalar kitabındakı yazılar modernist təfəkkürün məhsuludur.
Azadlıq
gözəl qadındır.
Hamı onu sevər,
o isə
könül verməz heç kimə
Ürəyinin qapısında
duran adamların üzündə
yalan çiçəkləyib.
Bizim kəndin kişiləri
hər gecə
öz azadlığını
qucaqlayıb yatır.
Azadlıq ətri gəlir
kəndimizin gecələrindən.
"Təcavüzün rəsmi" adlanan bu şeirdə gördüyünüz kimi, azadlıq məfhumuna tamam fərqli bir yanaşma var. Bu şeir assosiativ şeirdir. Şeirdə bir-birilə əlaqəsi olmayan iki məfhum - Azadlıq və Qadın məfhumları arasında assosiasiya aparılır. Və nəticədə sintez yaranır - Azadlıq da gözəl qadın kimidir. Şeirin bundan sonrakı iki bəndində bənzətmələr silsiləsi gəlir: dövlətlər işğal olunmuş gözəllikdirgBayraqlar təcavüzə uğramış gözəlliyin səssiz harayı. Səmanın üzündəki cırmaq izləri himn misralarıdır.. Və nəhayət, son-yekunlaşdırıcı misralar: Belə deyilsə, bəs Azadlıq sözünə qonmuş göyərçinləri kim uçurtdu?! İlk baxışda şeirin birinci yarısı ilə ikinci yarısı arasında məntiqi əlaqə olmadığı nəzərə çarpır. Və oxucu deyə bilər ki, Azadlıq və Qadın məfhumları arasında assosiativ bağlılıq elə burada tamamlanır, əlavə "yeri gəlmişkən"ə ehtiyac var idimi? Təbii ki, yox idi. Amma modernist şeirin mahiyyətinə az-çox bələd olanlar bilir ki, bu tipli şeirlərdə əvvəldən axıradək müəyyən bir sistem yoxdur.
Balayarın modern tipli şeirlərində bənzətmə və metaforalar silsiləsi diqqəti xüsusilə cəlb edir. Bu bənzətmə və metaforaların əksəriyyəti təzədir, orijinaldır. Bəziləri şeirdə fikrin poetik ifadə tərzinə xidmət edir, bəzilərisə sanki göydən asılı qalır, missiyasını yerinə yetirə bilmir, ya da yarımçıq yetirir. Fikrimcə, Balayarın bu axtarışları söz oyunbazlığına yox, sözün mətndə poetik ehyasına kömək edir. Ancaq son dərəcə diqqətli olmaq tələb olunur. Mən onun Əli Kərimin unudulmaz xatirəsinə həsr etdiyi poemadan bəzi yerinə düşən, fikrin poetik ifadəsini, sanbalını qüvvətləndirən misallar gətirmək istəyirəm: Sözün infarkt günüydü. Əli Kərimin son anlarını təsvir etmək üçün bundan yaxşı ifadə ola bilərdimi? Gecənin qara gözləri üşüyürdü pəncərədə hıçqıran lampa işığında. Gözəl tapıntıdır!
Üzü qibləyə durmuşdu Əzrayıl
gözündə əcəl eynəyi,
qarşısında ümidlərin xəritəsi
Uzaqlarda bir nar ağacının
gülöyşə yuxusu
38 yerdən çatladı.
O gün 38 yaşın köynəyi
dar gəldi
Əli Kərimin əyninə.
Ağrıya-ağrıya
son dəfə içindəki ağrıya
dirsəkləndi Əli Kərim.
Son dəfə
yazmadığı misraların
gözünü ziyarət etdi
Əli Kərimin dodaqları.
Göyçayda
nar ağaclarının
alov-alov çiçəkləri,
Əli Kərimin ölümünə
üsyan bayrağı qaldırmışdı.
Əli Kərimin ölümünə həsr edilmiş bu poemada B.Sadiqin həm ənənəyə sadiq qaldığının, həm də ənənəni yaradıcılıqla inkişaf etdirib modern şeirə meyl etdiyinin şahidi oluruq. Məncə, B.Sadiq bu vəhdəti öz şeirlərində qoruyub saxlamalıdır. Təbii ki, indiki modern ruhlu oxucular üçün xatirələr pişik balası kimi cırmaqladı alın yazımı, Qatil dar ağacının xoşbəxtliyidir. Dar ağacı qatilin mükafatı. Qadın ayaqları dünyanın ilk əlifbasıdır. Hərflərin üsyanıdır Adəmlə Həvvanın alın yazısı. Kişi və Qadın iki qədim əlyazmadır. Ölüm dəstəmaz alır ismin yerlik halında Yol-şəhər haqqında düşüncədir. Taleyin küçələrində kənd uşağıdır şəhər. Yovşan ətirli söhbətləri hələ də yaddaşımda ləpələnir. Sükutun varaqları arasından düşdü Adəmin Həvvaya yazdığı məktub... Mərmi alovunda islanmış azan səsini qurutmağa yer yoxdur. Xurma ağacının içində mərmi-mərmi yarpaqlanıb 2003-cü ilin aprel ayı və s. bu kimi onlarla ifadələr, ilk baxışda çətin qavranılan assosiativ misralar anlaşılar. Amma bütün şeirlərini bu xəttə tabe tutmaq və hətta buna aludə olmaq B.Sadiqi bir şair kimi məhdudlaşdıra bilər.
Balayar Sadiq də bir çox həmyaşıdları kimi şeirə gələndə, necə deyərlər, ənənəvi poeziyanın ətəyindən tutmuşdu. Hecalı, ya sərbəst şeirlərində "köhnə havalarda" təzə söz deməyə çalışırdı, az-çox buna nail olurdu. Deyim ki, Balayar son illərdə şeirin bu iki qolunda eyni dərəcədə fəallıq göstərir. Məsələn, onun "Sonetlər çələngi" və bir sıra şeir və poemalarında ənənəvi yolu izləyirik.
Sonet formasının poeziyamızda görünməsindən bir əsr keçir. Amma şairlərimiz bu formada müəyyən uğurlar əldə etsələr də, ona nisbətən az müraciət olunur. Çox çətindir sonet yazmaq, amma sonetlər çələngi də yaratmaq ondan çətin. Deyərdim ki, Balayar Sadiq bu çətinliyi aradan qaldıra bilir. Sonetdəki forma-struktur özünəməxsusluğu bir yana, sonetlər çələngində birisindən digərinə keçiddə məzmun ardıcıllığını saxlamaq və nəhayət, sonuncu - on beşinci soneti əvvəlki on dörd sonetin birinci misralarından hörülür. Müəllifin "Dərd simfoniyası" sonetlər çələnginin sonuncu soneti belədir:
Bu çöllər uzanan sükut dənizi,
Yelkənsiz qayıqdır o tənha qəbir.
Bir yol avar çəkir göz yaşlarımda,
Kölgəsi səsimə düşür arabir.
Bu yolla köçümü çəkdim, ilahi,
Beləcə adladım mən də bu yolu.
Mələklər isladıb göz yaşlarıyla,
Görən necə keçib bəndə bu yolu.
Dərdim, muğayat ol özün-özündən,
Bir "əlvida" sözün öpdüm gözündən,
Çəkdim tətiyini son nəfəsimin.
Taleyin taxtını devirdim bu gün,
Ruhuna salavat çevirdim bu gün,
Ömrün o üzündə qalan səsimin.
Bu yaxınlarda Balayar Sadiqin "birnəfəsə" yazdığı "Hünər" poemasını da oxudum. Poema erməni işğalçıları ilə mübarizədə fövqəladə igidlik nümayiş etdirən Mübariz İbrahimova həsr olunub.Lirik səpgili poemada Mübarizin qəhrəmanlığı və ümumən qəhrəmanlıq haqqında düşüncələr öz əksini tapıb. Dahi şairimiz Füzulinin "Hədiqətüs-süəda" poemasından bu misraları xatırladım:
Zillət ilə ləzzəti
olmaz həyatın dustilər,
Nəğdi-can sərf eyləyib
dünyadan kam almaq gərək.
Əcz ilə dönmək ədudan
səhlidir, himmət tutub,
Ya şəhid olmaq gərək,
ya intiqam almaq gərək!
Mübariz İbrahimovun qəhrəmanlığı artıq bədii düşüncəni də hərəkətə gətirdi, artıq onun igidliyi barədə bir sıra sənədli əsərlər, həmçinin şeirlər, poemalar yazılıb və yenə yazılacaq. Balayarın "Hünər" poeması da bu ilkinlərdəndir. Poemanın geniş təhlilini vermək fikrindən uzağam. Ancaq onu deyə bilərəm ki, publisistik pafosla yüklənmiş poema heç də pis təsir bağışlamır. Poemada müharibə psixologiyası duyulur. Əsərdən üç bənd şeir parçası ilə Balayar Sadiq haqqında bu məqaləyə nöqtə qoyuram:
Mübarək bir anın yetdiyi anda,
Ömrün qapısından çıxdı Mübariz.
Sərrast güllə kimi əsgər andını,
Ölümün alnına sıxdı Mübariz.
Yağış tək ələndi yağı gülləsi,
Köksündə yüz yerdən çiçəklədi qan.
Onu qucaqladı Vətən torpağı,
Öpdü lalə-lalə yanaqlarından.
Elə bil əcəlin qurudu nitqi,
Sözlərin dilində söz düşdü düyün.
Bir əsgər hünəri, döyüşçü ömrü,
Keçdi yaxasından ölümsüzlüyün.
VAQİF YUSİFLİ
Ədalət.- 2011.- 12 fevral.- S. 19.