
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Ə.Əfəndiyev, Z.Əliyeva
"Mirzə Fətəli Axundzadə-200"
Red.Z.Əsgərli...
2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin anadan olamasının 200 illik yubileyi qeyd olunacaqdır. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu ildə xüsusi sərəncam imzalamışdır. Azərbaycanın görkəmli klassikinin yubileyi ərəfəsində Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunda bir sıra fundamental işlər həyata keçirilmişdir ki, onlardan biri də "İnformasiya və biblioqrafiya" şöbəsinin hazırladığı M.F.Axundzadənin həyat və yaradıcılığına həsr edilmiş fundamental elmi-biblioqrafik nəşrdir. Kitabın elektron variantını bütün Axundovsevərlərin istifadəsinə təqdim edirik.
Azərbaycan ədəbiyyatında realizmin, milli dramaturgiyanın, realist nəsrin banisi, maarifçilik ədəbi məktəbinin memarı olan Mirzə Fətəli Axundzadənin yaradıcılığı dövrü Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı inkişafının daha da vüsət aldığı bir dövrə, XIX əsrin ortalarına təsadüf edir.
Azərbaycan mədəniyyəti üfüqlərində dan ulduzu kimi parlayan ədibin milli məhdudiyyət bilməyən əsərləri rus, fars, ingilis, fransız, alman və s. dillərinə tərcümə edilərək, doğma vətəndən uzaqlarda belə müəllifinə şöhrət qazandırmışdır.
M.F.Axundzadənin yaradıcılığı yalnız Azərbaycan deyil, bütün Şərq xalqlarının ədəbi-ictimai fikir tarixinə böyük təsir qüvvəsi ilə səciyyələnir. Eyni zamanda ədib haqqında həm doğma vətəni Azərbaycanda, həm də Rusiya və bir sıra Şərq və Qərbi Avropa ölkələrində müxtəlif kitablar, monoqrafiyalar və elmi əsərlər yazılmış, ədibin yaradıcılığı, ictimai fəaliyyəti, ədəbi-elmi görüşləri alimlərin ciddi elmi axtarışlarının mövzusu olmuşdur. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin yazdığı kimi "vaxtilə Şərqləşən Qərbdə Esxilin, Sofoklun, Aristotelin oynadığı eyni ədəbi-tarixi rolu... Qərbləşən Şərqdə oynamış M.F.Axundzadənin" zəngin və çoxsahəli elmi-ədəbi irsi bu gün də öz müasirliyini saxlamaqdadır.
Görkəmli yazıçı-dramaturq, materialist filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin yaradıcılığının tədqiq coğrafiyası genişlənib, məzmunu dərinləşdikcə yeni-yeni elmi faktlar, qiymətli məlumatlar aşkar edilir. Məhz bu səbəbdən M.F.Axundovşünaslıq biblioqrafiyası elmi sisteminin təkmilləşdirilməsi bu gün də aktuallığını saxlayan bir vəzifədir desək yanılmarıq. Təbiidir ki, ədibin həyat və yaradıcılığı, yaşadığı dövrün ədəbi mühiti, ictimai-siyasi hadisələri, haqqında yazılanlar, aparılan tədqiqat işləri ilə maraqlanan oxucu və ya tədqiqatçı ilk növbədə informasiya mənbələrinə müraciət etməli olur. Bu zaman informasiya mənbələrinin ciddi elmi tədqiqinin nəticəsi olaraq tərtib edilən (hər hansı mövzuya və ya görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr edilmiş) biblioqrafik vəsaitlər əvəzolunmaz əhəmiyyəti inkaredilməzdir.
M.F.Axundzadənin həyat və yaradıcılığına həsr edilmiş və 1920-40-cı illərdə tərtib edilmiş ilk biblioqrafik vəsaitlər - biblioqrafik yaddaş, kütləvi oxucular üçün nəzərdə tutulmuş biblioqrafik oçerk, müxtəsər ədəbiyyat göstəriciləri - Azərbaycan elmi-ədəbi mühitində biblioqrafik fəaliyyətin ilkin nümunələri kimi meydana gəlmişdir.
1929-cu ildə ədibin əsərlərinin müxtəsər siyahısını hazırlayan Ə.Ə.Səidzadə onu "Ədəbi ensiklopediya"nın birinci cildində "M.F.Axundov" başlıqlı məqalənin sonuna əlavə etmişdi.
1920-1938-ci illərdə M.F.Axundzadənin əsərlərinin nəşri genilənir, həyat və yaradıcılığı sahəsində tədqiqat xarakterli materialların sayı daha da artırdı. Həmin materiallar Ə.Qəhrəmanovun tərtib etdiyi və 1938-ci ildə Dövlət Kitab Palatasının nəşr etdiyi 18 səhifəlik biblioqrafik yaddaşda öz əksini tapmış oldu. Biblioqrafik yaddaşın ilk səhifələrində M.F.Axundzadənin əsərlərindən sitatlar verilir, daha sonra giriş məqaləsi və "M.F.Axundov haqqında nə oxumalı" başlığı altında müxtəsər tövsiyə xarakterli ədəbiyyat göstəricisi təqdim edilirdi. 4 min nüsxə tirajla nəşr edilən yaddaşa yalnız Azərbaycan dilində olan ədəbiyyat daxil edilmişdi. Kütləvi oxucu kontingenti üçün nəzərdə tutulmuş bu vəsaitə elmi-tədqiqat xarakterli materiallar daxil edilməmişdi.
Daha bir tövsiyə xarakterli biblioqrafik siyahı 1938-ci ildə "Revolyusiya və kultura" dərgisinin 6/7 sayında "Avropa mətbuatında M.F.Axundov haqqında fikirlər" başlığı ilə dərc dilmişdi.
1939-cu ildə ədəbiyyatşünas alim F.Qasımzadənin "M.F.Axundovun həyat və yaradıcılığı" monoqrafiyası görkəmli yazıçı Mir Cəlal Paşayevin redaktəsi ilə nəşr edildi. Kitabın sonunda verilmiş biblioqrafik siyahıda M.F.Axundzadənin əsərləri və haqqında yazılmış materiallar müxtəlif dillər üzrə sistemləşdirilərək təqdim edilirdi. Lakin burada ədib haqqında yazılanlar materiallar onun əsərləri ilə qarışıq sırada verilmişdi ki, bu da biblioqrafik baxımdan düzgün deyildi.
Sonralar, 1946-1954-cü illərdə kitab nəşrinin inkişafı bədii ədəbiyyat və ədəbiyyatşünaslığa dair daha keyfiyyətli biblioqrafik göstəricilərin də nəşrini tələb edirdi. Axundovşünaslıq biblioqrafiyası elmi sisteminin təkmilləşdirilməsi məsələsinə toxunan Q.Məmmədli 1948-ci ildə "Kommunist" qəzetinin 18 sentyabr tarixli sayında "Axundov haqqında biblioqrafiya" sərlövhəli məqaləsində ədibin həyat və yaradıcılığı haqqında da qısa məlumat verirdi.
1946-cı ildə Azəbaycan SSR EA Xəbərlərinin 1-ci sayında təqdim edilən biblioqrafik siyahı müxtəsər xarakterdə olsa da, özündən əvvəlkilərdən materiaların düzülüşündəki yeniliklə fərqlənirdi. Belə ki, siyahıda M.F.Axundzadənin əsərləri və haqqında yazılan materiallar ayrıca bölmələrdə təqdim edilirdi.
1948-ci ildə M.F.Axundzadə adına Respublika Kitabxanası Nazim Axundovun tərtib etdiyi "Mirzə Fətəli Axundov: Müxtəsər ədəbiyyat göstəricisi"ni nəşr etdi. Adından göründüyü kimi tövsiyə xarakterli, 16 səhifəlik yığcam biblioqrafik siyahıdan ibarət olan göstəriciyə, rus dilində çox az miqdarda materiallar daxil edilmişdi.
M.F.Axundzadəyə həsr edilmiş ilk biblioqrafik göstəricinin müəllifi H.Tağıyevdir. Onun 1948-ci ildə tərtib etdiyi "M.F.Axundov haqqında biblioqrafiya" göstəricisi (red. M.C.Cəfərov) M.F.Axundzadənin 1837-ci ildən 1947-ci ilə qədər Azərbaycan dilində nəşr edilmiş əsərlərini, əlyazmalarını və yazıçı haqqında kitab, məqalə, resenziyalar da daxil olmaqla 813 mənbəni əhatə edirdi. Vəsait tövsiyə xarakteri daşıyırdı və kütləvi oxucunun isifadəsi üçün nəzərdə tutulduğundan materialların seçimi əlverişli deyildi. 1960-cı ildə H.Tağıyevin "Mirzə Fətəli Axundov. Biblioqrafiya" göstəricisinin (red. Ə.Mirəhmədov) ikinci təkmilləşdirilmiş nəşri işıq üzü gördü. Burada verilən materialların xronoloji əhatəsi ilk nəşrdən fərqli olaraq, sonrakı onilliyi, 1837-ci ildən 1957-ci ilə qədərki dövrü (710 mənbə) əhatə edirdi. Göstəricinin 1960-cı ildəki yenidən nəşrində əlyazmalar siyahıdan çıxarılmış, əvvəlki nəşrdə təsadüf edilən təkrarlar təmizlənmişdi. Lakin burada da yalnız Azərbaycan dilində olan materiallardan istifadə edilmişdi.
Bədii ədəbiyyat, ədəbiyyatşünaslıq və ədəbi tənqid sahəsində biblioqrafik fəaliyyət məsələləri və çatışmazlıqlar barədə söhbət açan ədəbiyyatşünas alim Ə.Mirəhmədov 1949-cu ildə "Biblioqrafik kitabçalarımız haqda" başlıqlı məqaləsində natamamlığı biblioqrafiya işində ən ciddi kəsir hesab edirdi. Ə.Mirəhmədov M.F.Axundzadəyə həsr edilmiş və ümumiyyətlə biblioqrafik vəsaitlərdə xarici dillərdə nəşr edilmiş digər materialların da əhatə edilməsini daha məqsədəuyğun sayırdı.
1955-ci ildə Azərbaycan SSR EA Respublika Əlyazmaları Fondunun materialları əsasında A.Ə.İbrahimovun tərtib etdiyi "Mirzə Fətəli Axundov arxivinin təsviri" adlı nəşr işıq üzü gördü. Bu nəşr elmi-biblioqrafiya tipli nəşr kimi əhəmiyyətli olub, ədibin irsini tədqiq edən alimlər üçün olduqca böyük töhfə idi.
Axundovşünas alim N.Məmmədovun elmi-tədqiqat əsəri kimi dəyərləndirdiyi digər əhəmiyyətli nəşr Ə.Mirəhmədovun yuxarıda qeyd etdiyimiz fikrinə qoşularaq ilk təşəbbüsdə bulunmuş A.N.Lermanın tərtib etdiyi biblioqrafik vəsait oldu. M.F.Axundzadənin həyat və yaradıcılığına həsr edilmiş rus dilində materialların toplamağa başlayan A.N.Lerman 1962-ci ildə ədibin 150 illik yubileyi münasibəti ilə "M.F.Axundov rus mətbuatında" ("Мирза Фатали Ахундов в русской печати") adlı sanballı biblioqrafik nəşri (red. Ə.Mirəhmədov) təqdim etdi. Onu da qeyd edildiyi kim hər iki - H.Tağıyevin (1960-cı il nəşri), A.N.Lermanın tərtib etdikləri biblioqrafik nəşrin redaktoru Ə.Mirəhmədov idi. Düzülüşünün strukturuna görə eyni olan biblioqrafik vəsaitlərin fərqi ondadır ki, H.Tağıyevə aid göstəricidə materiallar nəşr tiplərinə, A.N.Lermanda isə mövzulara görə sistemləşdirilmişdir. Hər iki münasibət tərzi biblioqrafların fərdi yanaşma üsuludur. Qeyd edək ki, əhatə dairəsinə və rus dilində materialların sistemli təqdiminə görə A.N.Lermanın tərtib etdiyi vəsait daha mükəmməl biblioqrafik göstərici sayıla bilər. Burada 1837-ci ildən 1962-ci ilə qədər yalnız rus dilində nəşr edilmiş materiallar (1724 mənbə) öz əksini tapmışdır. Mənbələrin biblioqrafik təsvirlərinin ümumi sayı 1724 göstərilsə də, nəzərə almaq lazımdır ki, tərtibçi eyni materialları müxtəlif aspektdə bir neçə dəfə - məsələn toplu nəşrə daxil olan əsərləri həm ümumi təsvirdə, həm də ayrı-ayrı əsər adlarına görə və ya eynilə həm yubiley nəşri, həm də mövzusuna görə təkrar göstərmişdir. Biblioqrafın böyük əməyini xüsusi qeyd etməklə yanaşı nəşrə münasibət bildirən A.A.Kunina bölmələr daxilində xronoloji ardıcıllıqla verilərkən iri əsərlərin xırda materiallar arasında kölgədə qaldığını, M.F.Axundzadənin yalnız adının bir dəfə çəkildiyi lakin ona aid olmayan materialların nəşrə daxil edilməsinin düzgün olmadığını bildirirdi. Biblioqrafik nəşrin strukturundakı ardıcıllığa da münasibətini bildirən ədəbiyyatşünas Ş.Qurbanov "M.F.Axundov rus mətbuatında" adlı məqaləsində bu nəşrdə bir çox faktiki materialların qeydə alımamasına təəssüfünü bildirirdi. Axundovşünas N.Məmmədov isə A.N.Lermanın bu və ya digər nəşr, material haqqında dəqiqləşdirmələrinə diqqət çəkərək, onların bəzən doğru olmadığını göstərirdi.
1982-ci ildə ədibin yubileyi ərəfəsində Azərbaycan EA Elmi Kitabxanasında kiçik formatda tövsiyə xarakterli 60 səhifəlik "Mirzə Fətəli Axundov-170" biblioqrafik göstəricisi nəşr edilir.
Beləliklə, Axundovşünaslıq biblioqrafiyası məktəbi bütün tarixi nəşr mərhələləri boyu inkişaf yolu keçərək - biblioqrafik yaddaş, kütləvi bibliorafik oçerk, müxtəsər ədəbiyyat göstəricisi, şəxsi biblioqrafiya, arxiv materiallarının biblioqrafiyası, elmi-biblioqrafik oçerk kimi biblioqrafik fəaliyyət nəticələrində öz əksini tapmış oldu. Lakin bütün bunlara baxmayaraq M.F.Axundzadəşünaslıq biblioqrafiyasında boşluqlar və ədibin həyat və yaradıcılığını tam əhatə edəcək fundanental elmi-biblioqrafik nəşrə ehtiyac qalmaqda idi.
M.F.Axundzadənin Azərbaycanda, eyni zamanda Şərq və Avropa ölkələrində, xüsusilə qardaş Türkiyədə nəşr edilən əsərləri, haqqında yazılan və dərc edilən materiallar, ədibin həyat və yaradıcılığına həsr edilmiş tədqiqat işləri tam əhatədə yuxarıda adı çəkilən biblioqrafik ğöstəricilərin heç birində öz əksini tapmamışdır.
Müstəqillik qazandığımız əsrimizdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığına yeni rakursda, milli ədəbi, mədəni, mənəvi, tarixi dəyərlərimiz baxımından yanaşılması Azərbaycan ədəbiyyatşünaslığının mühüm vəzifəsidir. Bu vəzifə müasir biblioqrafiyanın tədqiqatçı funksiyasının qarşısına da yeni tələblər qoyur. Çünki həsr edildiyi mövzudan asılı olmayaraq, mükəmməl tərtib edilmiş hər hansı biblioqrafik vəsait həm tədqiqat funksiyasını daşıyır, həm də paralel olaraq praktiki əhəmiyyət kəsb edir. Bu baxımdan, M.F.Axundzadənin həyat və yaradıcılığının daha mükəmməl və əhatəli öyrənilməsi məqsədilə tərtib və təqdim edilən fundamental elmi-biblioqrafik göstərici ədibin yaradıcılığı ilə yanaşı, onun zəngin irsini tədqiq edən ayrı-ayrı müəlliflərin əsərlərini, yaşadığı dövrə, ictimai-siyasi fəaliyyətinə, həmin dövrün ədəbi mühitinə və s. dair materialları izləməyə, seçməyə imkan verir. Onu da qeyd edək ki, göstəricidən istifadəninin əlverişli olması məqsədilə M.F.Axundzadənin kitab halında nəşr edilən əsərləri xronoloji ardıcıllıqla, dövri mətbuatda və toplularda dərc edilmiş əsərləri isə janrlar üzrə sistemləşdirilərək əlifba sırasında təqdim edilmişdir. Təbiidir ki, Azərbaycan ədəbiyyatının görkəmli klassikinin həm əsərləri, həm də haqqında materillar külli-miqdarda orta və ali məktəb dərsliklərində, xrestomatiya və antologiyalarda öz əksini tapmışdır ki, biblioqrafik vəsaitdə onların əsasən ilkin nəşrlərinə üstünlük verilmiş, haqqında yazılmış sanballı elmi nəşrlərin mündəricatı açıqlanmışdır.
Ümidvarıq ki, M.F.Axundzadənin 200 illik yubileyi münasibəti ilə çap edilən və səhifələrində minlərlə mənbənin adı, çap yeri, həcmi göstərilən vəsait tədqiqatçı alimlər, doktorant və dissertantlar, ali məktəb tələbələri, magistrantlar, ümumiyyətlə bütün maraqlananlar üçün gərəkli bir nəşr olacaqdır.
Vəsaitə dair öz rəy və iradlarını bildirəcək oxuculara əvvəlcədən öz minnətdarlığımızı bildiririk.
Zakirə Əliyeva
Azərbaycan ədəbiyyatı: XIX və XX yüzillər, B., 2002, s.166
Kommunist, 1949, 30 iyul.
Red.: M.Sultanov, Bakı: Azərbaycan SSR EA nəşr-tı, 1955,293 s.
Кунина. Мирза Фатали Ахундов в русской печати 1837-1962 гг (О библиографическом указателе А.Н.Лермана) // Советская библиография. -1963.- №2.- с. 118-120.
Ədəbiyyat və incəsənət, 1964, 29 fevral.