ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual Kitabxananın təqdimatında
“Çağdaş Azərbaycan poeziyası”: 20 (110 - 2013)
Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu ilə http://www.kitabxana.net - Milli Virtual Kitabxananın “Çağdaş Azərbaycan poeziyası” kulturoloji-bədii layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Elektron Kitab N 20 (110 - 2013)
Kulturoloji layihənin bu hissəsini maliyyələşdirən qurum:
YYSQ və Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.net
Oktay Rza
"Adlı, ünvanlı misralar”
(Üçüncü hissə)
Adlı, ünvanlı misralar” (üçüncü hissə) kitabında Oqtay Rzanın “Sən-gücüm, qüdrətim, şan-şöhrətimsən”, “Qarışdı torpağa, əbədiləşdi”, “Uşaq təbəssümü-işıq,səadət”, “Mübarək, mübarək, yenə mübarək”, “Beytlər, qeydlər. avtoqraflar”, “Az deyil sənədli rübailərim”, “Çoxdur çiçəkləri gülüstanımın” və “Səsim sədasıdır səmimiyyətin” başlıqları altında 388 şeiri toplanmışdır.
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.
YYSQ - Milli Virtual Kitabxananın e-nəşri N 19 (91 - 2013)
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
.
Müəllifin başqa bir kitabını - "Rübai karvanı, dördlük çələngi" (İkinci kitab). Tanınmış şair-alimin Azərbaycan poeziyasında az işlənmiş janrda - rübai formasında qələmə aldığı poetik-fəlsəfi nümunələrdən ibarət e-kitab. - buradan oxuyun:
http://kitabxana.net/?oper=readBook&id=1352
Oqtay Rzanın poetik sovqatı
Müasir poeziyamızda öz səsi, öz sözü ilə tanınan Oqtay Rza bu gün də yeni ruhlu şeirləri ilə oxucuları sevindirir. Şairin 2013-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunan kitabı “Adlı, ünvanlı misralar” (üçüncü hissə) adlanır. Kitaba daxil edilmiş şeirlərin yazılma səbəbini Oqtay Rza belə açıqlayır: bunlar mənim “müdrik adam”lar və “sadə kəndçi”lərim barədə səmimi ürək sözlərimdən, “rəngarəng hadisələr”dən, “xoş məqamlar”dan, “sarsıntılar”dan, “acılı-şirinli anlar”dan və eləcə də “bir vüsal məclisində vəcdə gəldiyim”dən, “bir şəhidin dəfnində hönkür-hönkür ağladığım”dan, “bir mütəfəkkirin yubileyin”ə” bir cocuğun ad gününə qiymətli hədiyyəm”dən yaranan ilhamverici duyğuların nəticəsidir.
“Adlı, ünvanlı misralar” (üçüncü hissə) kitabında Oqtay Rzanın “Sən-gücüm, qüdrətim, şan-şöhrətimsən”, “Qarışdı torpağa, əbədiləşdi”, “Uşaq təbəssümü-işıq,səadət”, “Mübarək, mübarək, yenə mübarək”, “Beytlər, qeydlər. avtoqraflar”, “Az deyil sənədli rübailərim”, “Çoxdur çiçəkləri gülüstanımın” və “Səsim sədasıdır səmimiyyətin” başlıqları altında 388 şeiri toplanmışdır.
Topluda verilən ilk bölmə “Sən-gücüm, qüdrətim, şan-şöhrətimsən”dir. Burada “Azərbaycan” və Vətənin təbii gözəlliklərini vəsf edən adsız bir şeiri yer alır. Bu şeirlərdə Azərbaycan bayrağından, onun əsrarəngiz torpağından, igidlərinin Azərbaycan uğrunda canlarından keçməyə hazır olmalarından, qədim məskənlərimiz olan Azıx və Qobustandan, Bakı şəhəri və Xəzər dənizindən, füsunkar təbiətindən, dağlarından, bulaqlarından, göydə uçan durnalarından, kəklik və turaclarından, marallarından, şəlalərindən, dənizindən, çay və göllərindən, fəsillərindən və ümumiyyətlə, Azərbaycan kimi Vətənin məftunedici gözəlliyindən poetik dillə söz açır:
Əsirgəmir uğrunda can,
Min-min igid, Azərbaycan!
Yaşa, eşqi çiçək açan
Azad, vahid Azərbaycan!
və yaxud:
Yola salacaqsan min qərinəni,
qəm, kədər qsimətin olmasın, Vətən!
Təbiət füsunkar yaradıb səni,
Bircə çiçəyin də solmasın, Vətən!
“Qarışdı torpağa, əbədiləşdi” ikinci bölmədir. Bu şeirlərdə artıq həyatda olmayan, torpaqda uyuyan insanlar xatırlanır. Yad edilənlər – ulu öndərimiz Heydər Əliyev, istiqlalımızın yaradıcısı Məhəmməd Əmin Rəsulzadə, türk dünyasının xilaskarı Atatürk, gözəl şairlərimiz Ağa Laçınlı, Əhəd Muxtar; müəllimlər Ağa Qurban, Ağaqulu və Allahverdi; Bünyadəli Qulamoğlu, Çingiz, Milli Qəhrəmanlar – Çingiz Mustafayev, Koroğlu Rəhimov, Mübariz İbrahimov; azadlıq carçısı Əli bəy Hüseynzadə, akademik Əlövsət Nəcəfqulu oğlu, qəhrəman təyyarəçi Hüseyn Bala oğlu, şəhidlər – Həbibullah, Haqverdi Fəxrəddin oğlu, Nizami Nərimanoğlu, Nizami Sahiboğlu, mühəndislər: Firdovsi, Mənsur Hilaloğlu; Rafil, Hüseynzadə, görkəmli yazıçımız İlyas Əfəndiyev, Lətifə xanım, Liliya, Mətləb Nağı, Münəvvər xanım, Nəcəf (N.Nərimanovun oğlu), Nurəddin Qaraca, şairin əmisi Yəhya və başqa şəxslər Oqtay Rza tərəfindən hərtərəfli ürək çırpıntıları ilə anılmışdır. Şeirlər həyatla vidalaşmış insanlara matəm marşı və məzarları üzərinə qoyulmuş çiçək çələngidir. Ümummilli liderimizə həsr olunan “Ulu Öndər” şeirində oxuyuruq:
Vətəndə bütövlük görmək istədin,
“Xalqıma əbədi bağlıyam” dedin.
“Dünyaya tanıdaq Azərbaycanı!”
Ülvi arzulardan biri bu idi.
və:
Son mənzilə köçən zaman
“Azərbaycan, Azərbaycan”
Söyləyib o ölməz insan –
Unudulmaz Məmməd Əmin.
və yaxud:
Atatürkdən danışacaq əsrlər –
Sevə-sevə kəlamını, irsini;
Fədakarlıq, yurdsevrəlik dərsini
Atatürkdən öyrənəcək nəsillər!
Üçüncü bölmə olan “Uşaq təbəssümü” – işıq, səadəti”ndə şairin “Təzə işıq yandıracaq”, “Aydın”, “Ayla”, “Bu qız”, “Aysu”, “Aysun”, “Altay, Cəmil, Səbinə”, “Beyrək”, “Cüt bacı”, “Cavad”, “Cavid”, “Cəsur”, “Fətəli”, “Xırdaxanım və Qasımağa”, “İlkin”, “Kamran”, “Mələksu”, “Biri Leyla, biri Fidan”, “Nərgiz”, “Nəzakət”, “Nəzrin”, “Deycəksən...”, “Nicat”, “Rəşidə”, “Sabirin nəvələri”, “Seyfəddin”, “Sevda”, “Tamilla”, “Tofiq”, “Toğrul”, “Vurğun” və “İki Ziyəddin” şeirləri daxildir. Şeirlərin hər birində Oqtay Rza körpə balalarımızı anır, onları ömür bağçamızın gülü-çiçəyi adlandırır.
Rəngarəng həyat lövhəsi olan hər bir misrada uşaq aləminin xoş və təravətli ətri duyulur. O.Rza bu misraları ilə bizi müxtəlif xarakterli uşaq dünyasına səyahətə aparır. Uşaqlar bizim gələcəyimiz, işıqlı sabahımızdır fikrini təlqin edir:
Qaramanlılar nəslinə
Min uğur qazandıracaq
Akif Kərim nəvələri!
və:
Mehman Əkbərin
qızıdır Aysun;
Nənəsinin lap
özüdür Aysun.
və yaxud:
Qədirbilən qız
Bəyənsin Cəsur;
Bəylik libası
Geyinsin Cəsur!
“Mübarək, mübarək, yenə mübarək” dördüncü başlıqdır. Bölmədə toy, “qızıl toy”, yubiley, ad günü, qəzet yubileyi və sair mövzularda yazılmış şeirlər yer almışdır. Şeirlərdə anılan insanların sevincli günləri xoş məramla təqdim olunur və bu da həmin insanlara qarşı məhəbbət yaradır. Həyat lövhəsini canlı boyalarla göstərən bu şeirlərin əsas mövzusu müəllifin yaxındantanıdığı sadə insanların sevincli günləridir. Oqtay Rza tanıdığı şəxslərə öz səmimi hisslərini misraları ilə təntənəli və poetik sözlərlə bildirmişdir:
Qurduğum ailə bəxtiyar olsun,
Ulu Yaradan da sənə yar olsun;
Ömür-gün bağında şirin bar olsun!
Bağında görməyək xəzəl, Ayselim!
Vəfalı, qayğıkeş, gözəl Ayselim!
və:
Azərbaycan səsinizə səs versin gərək:
Elşənin və Ülviyyənin toyu mübarək!
və yaxud:
Sağ olsun Vətəni vəsf edən Musa,
Hikmət xəzinəsi kəşf edən Musa!
Arzumuz – həmişə cavan görünsün
Səksənə, doxsana yol gedən Musa!
“Beytlər, qeydlər, avtoqraflar” adlı beşinci bölmədə Oqtay Rza maraqlı hadisələrə toxunmuşdur. Söylənilən hər bir misra şair qəlbinin hərarətli döyüntülərinin məhsuludur. Fikirlər dəqiq, inandırıcı olduğuna görə oxucuda xoş ovqat hissi yaradır.
Saf, təmiz əqidəsi
Məmləkətə bəllidir;
O – gözəl ziyalımız
İnqilab Xəlillidir!
və:
Xeyirxah ziyalı Kamil Şirinsən,
Yaxşı adamların Sən də birisən.
Xalq ilə qayğılı, xalq ilə şənsən,
Şuşanı yuxuda tez-tez görənsən!
və yaxud:
Ad günün mübarək, Zəlimxan Yaqub!
Anan səni millət, xalq üçün doğub!
Altıncı bölmə “Az deyil sənədli rübailərim”dir. Bölməyə 132 rübai daxil edilmişdir. Rübailərin hər birində müəyyən insanlar anılır və xatırlanır. Ünvanına misralar deyilən şəxslər O.Rzanın rəğbət bəslədiyi insanlardır:
Millilik nə gözəl ənənə, qayda!
Görünür hüzrdə, görünür toyda:
Ayətxan Ziyadın üzündə nur var- –
Ayətxan Ziyadın ürəyi boyda!
və:
Ramiz Məmmədzadə – qədim elatlı,
Şah əsər yaradıb “O gecə” adlı.
“Ağdam ağrısı”na dözməyən ustad
Məclisdə söz deyir bal kimi dadlı!
və yaxud:
Şair, hüquqşünas Şəmsi Vəfadar
Nə “dayı” istəyir, nə də havadar!
Yığcam kəlamları dərman kimidir,
Nitqində həm duyğu, həm də şəfa var!
“Çoxdur çiçəkləri gülüstanımın” topluda yer alan yeddinci bölümdür. Burada müxtəlif səpgidə yazılmış 40 şeir yer almışdır. Hər bir şeirin mövzusu ayrı-ayrı şəxslərə həsr olunsa da, ancaq ümumi tendensiya baxımından bir-birinə sıx bağlıdır. İlk şeir “Adil Cəmil”dir. Adil Cəmilin boy atdığı Kəlbəcər torpağında, Tərtər çayının coşqunluğu və başqa cəhətlər O.Rza poeziyasına hopmuş dağ çeşməsinin büllur suyuna bənzəyir:
Körpəlikdən doğma yurdun çıxıb seyrinə,
Köksündəki hər xatirə, söz düzüm-düzüm;
Tərtərçayın coşğunluğu köçüb şeirinə,
Dəlidağdan əxz eləyib mətanət, dözüm.
“Akif Əlizadə” şeirində Oqtay Rza akademik Akif Əlizadənin həyatından, geologiya elmində etdiyi yeniliklərdən, avtoqəza nəticəsində rəhmətə getmiş oğlu Samirdən, Şamaxıda vaxtı ilə apardığı tədqiqatlarından və başqa hadisələrdən danışır:
Akif – akademik, səmimi, sadə,
Həssas, alicənab, dəyanətli, mərd.
Ondakı bacarıq, bilik, iradə,
Göyün göndərdiyi ən ali qismət!
“Ağarəhim Rəhimli” şeirində şair Bakı Qızlar Universitetinin rektoru, professor Ağarəhim Rəhimovun xeyirxah əməllərindən və bədii yaradıcılığından söz açır. Ürəyində Qarabağ dərdinin əsas yer aldığını, bu dərddən üzüldüyünü və daxili sarsıntılarını bədii dil vasitəsi ilə bəyan edir:
Fəlsəfəli dramlar
Bulaqlardan durudur
Qəlbindəki məramlar.
Deyir: “Qarabağ adlı
Qanı axan yaram var” –
Ağarəhim Rəhimli.
Oqtay Rzanın müğənni Ağadadaş Ağayevə həsr etdiyi “Ağadadaş oxuyanda” şeirində müğənninin öz məlahətli səsi ilə dinləyiciləri heyran etdiyi və buna görə dəsevildiyi göstərilir. Şeirin aurası şairin müğənninin səsinə dərin məhəbbətinin nəticəsi kimi görünür:
Tumurcuq ağ çiçək olur,
Qızlar daha göyçək olur;
Sərt adam da kövrək olur
Ağadadaş oxuyanda!
Şair, tərcüməçi, alim və redaktor olan Ayaz Vəfalının gördüyü xeyirxah və yaradıcı işlərdən O.Rza səmimi şəkildə danışır. Həm şair, həm alim, həm tərcüməçi və həm də redaktor fəaliyyətinin öhdəsindən layiqincə gəldiyini söyləyir:
Uğurlu günləri aya, ilə tən,
Arzular bağında tər çiçək bitən –
Şair, tərcüməçi, alim, redaktor
Ayaz Vəfalıdan razıdır Vətən!
Akademik Bəkir Nəbiyevlə bağlı şeirində O.Rza alimin keçdiyi ömür yolundan, apardığı tədqiqatlardan, ictimai mühitdəki mövqeyindən ehtiramla söz açır. Onun məftunedici misraları şairin alimə olan məhəbbətinin nəticəsi kimi diqqəti cəlb edir:
Kitabları ərməğandır
Sənə, mənə, hamımıza.
Asta rəqsi – dərin rəğbət
Qədim oyun havamıza.
Ahıllığı saxlayacaq
Yüzdən sonra gələn yazı –
Akademik Bəkir Nəbi!
Şair Cavanşir Yanara yazdığı şeirində O.Rza onun mərdliyindən, dəyanətindən, dosta sədaqətindən söz açır və sair keyfiyyətlərini göz önünə gətirir. Onu halal, dost yolunda canından keçən, sədaqət carçısı və bütün müsbət cəhətləri özündə birləşdirən bir insan kimi səciyyələndirir:
Çətin radələrdə, gərgin anlarda
Köməyə gələndir Cavanşir Yanar!
Halal tikəsini sərt məqamlarda
Dostuyla böləndir Cavanşir Yanar!
“Elçin” şeirində şair Xalq yazıçısı İlyas Əfəndiyevin oğlu, xalq yazıçısı Elçindən danışır və onun erməni əsirliyində olan torpaqlarımız, yurd-yuvalarımız üçün “qəm çək”diyini və eləcə də yazıçının Vətən harayını dilə gətirir. Sonda isə fikrini belə yekunlaşdırır:
Ona mühəndismi, loğmanmı deyim?
Kinoya, səhnəyə həyanmı deyim?
Gözəllik aşiqi bağbanmı deyim?
Söz adlı gül əkir yazıçı Elçin!
Yazıçı Elçin Hüseynbəyliyə həsr edilmiş şeir “Təbrizdən Madridə qədər yol gedib...” adlanır. O.Rza Elçin Hüseynbəylinin həyat və yaradıcılıq yoluna işıq salır. Onun Təbrizdən Madridə qədər yol keçərək işğal altında olan Vətənimizin – Qarabağın haray səsini dünyaya çatdırdığını söyləyir. E.Hüseynbəylinin milləti, xalqı yolunda gördüyü işləri alqışlayır:
Onun qəhrəmanı zamandır, zaman!
Onda vəhdəti var idrakın, gücün.
Hər “Uzun hekayə”, hər qalın roman
Elçin qələmindən çıxıb el üçün.
Əzizxan Tanrıverdiyə yazdığı şeirində Qorqudsevər alimin gördüyü işlərdən, onun özünəməxsus dəst-xətti olduğundan bəhs edir. Oqtay Rza onu”Qorqud ruhlu sənətkar” adlandırır.
Sevir çətin sualı,
Hər gün xeyir-dualı,
Əsl alim-vətəndaş,
Qorqudsevər ziyalı
Əzizxan Tanrıverdi.
Oqtay Rza gözəl şairimiz İlyas Tapdığa dair yazdığı şeirində onun həyat və yaradıcılığına nəzər salmışdır. Şeirdən hiss edilir ki, O.Rza İlyas Tapdıq sənətinə çox yaxından bağlıdır. Ona görə də o, İ.Tapdıq şəxsiyyətinə və sənətinə yüksək dəyər verir. Bu da onun şairə olan sonsuz məhəbbətindən irəli gəlir:
İki bulağı var İlyas Tapdığın –
Biri köksündədir, biri dağdadır;
O da Gədəbəyin – ulu torpağın
Oğlutək günbəgün ucalmaqdadır.
Xalq yazıçısı Mirzə İbrahimova həsr etdiyi şeirində O.Rza yazıçının “Kəndçi qızı”, “Məhəbbət”, “Həyat”, “Közərən ocaqlar” və “Gələcək gün” əsərlərini xatırlayır. Onun həyat və yaradıcılığını Azərbaycan xalqının hər zaman andığını, xalqa-cəmiyyətə lazımlılığını nəzərə çatdırır. Yazıçıya O.Rzanın sıx bağlı olduğunu şeirdə əyani şəkildə görürük:
Sevir Azərbaycan müdrik oğlunu,
İzi-Kürəmizin yüz ölkəsində!
Ərzin hər yerindən görürük onu,
Bir uca zirvədir söz ölkəsində!
“Nizami Cəfər” şeirində filologiya elmləri doktoru, professor Nizami Cəfərovun Atatürk Mərkəzində rəhbər kimi fəaliyyətindən, qonaqpərvərliyindən, onunla bağlı başqa bir sıra məqamlardan ürək hərarəti ilə danışır:
Zaman dilləndirir könül tarımı,
Günlər yaşayırıq sanki aya tən.
Nizami haqqında yazdıqlarımı,
Oxusun məmləkət, dinləsin Vətən!
“Qərib” şeirində şair AMEA-nın həqiqi üzvü, ekologiya üzrə ilk elmlər doktoru Qərib Şamil oğlu Məmmədlidən ətraflı söhbət açır. Onunhəyatının müəyyən anları, övladları, nəvələri xatırlanır və bəzi məqamlara işıq salınır:
Kasıbla çörək bölən,
Qərib görüb kövrələn,
Qərib Şamil oğlunun
Ünsiyyət məktəbi var;
Dünya boyda qəlbi var,
Dünya boyda qəlbi var!
Alim Qurban Bayramova yazdığı şeirdə Oqtay Rza onu yüksək qiymətləndirir:
Qurban Bayram – gözəl alim, ziyalı,
Ciddi, həssavs, daim xeyir-dualı;
Bəzən ahıl, bəzən uşaq sənətkar,
Qocalıqdan xeyli uzaq sənətkar!
Ramiz Fətəliyə həsr etdiyi şeirində O.Rza onun haqqında oxuculara müfəssəl məlumat verir, ona hüsn-rəğbətini bildirir:
Eniş-yoxuşlarda tüstü, duman var,
Fəqət Bütövlüyə ümid, güman var.
Geniş ürəyində Azərbaycan var,
Millətin oğludur Ramiz Fətəli!
“525-ci qəzet”in baş redaktoru, AYB-nin katibi, şair-publisist Rəşad Məcidə yazdığı şeirdə müəllif çalışıb ki, R.Məcidin həyat yolunu, fəaliyyətini, şəxsi keyfiyyətlərini dolğun şəkildə təsvir etsin və buna əsas etibarilə nail olub:
Rəşad Məcid ədib, şair, publisist,
Qismətində unudulmaz məqamlar;
Xislətində təmiz niyyət, duyğu, hiss...
Hikmətində sevgisinin sehri var.
“Özünü gördüm” şeirində yazıçı-publisist Sadıq Elcanlıdan söz açılıb. Müəllif, S.Elcanlının həyat yolunun ümumi cəhətlərini səciyyələndirib:
“Zülmət” adlandırıb təzə romanı,
İşıq şüasıdır fikri, gümanı.
Var “Duyğu dənizi”, sevgi ümmanı
Sadıq Elcanlının əsərlərində.
Şeirlərin hər biri canlı insan taleyini əks etdirən lövhəyə bənzəyir. Bu insanların həyat və əməllərindən danışmaqla onlar barədə müəllif geniş təəssürat yaratmışdır. Oxucular bu insanları daha yaxından tanıyır, onlara rəğbətləri artır. Oqtay Rza çox ustalıqla hər bir şəxs haqqında maraqlı fikirlər və poetik misralar söyləmişdir. Bu da şair ilhamının nəticəsi kimi diqqəti özünə cəlb edir.
Toplumun sonuncu, yəni səkkizinci “Səsim sədasıdır səmimiyyətin” bölməsinin ilk şeiri akademik Abdulla Mehrabova ünvanlanmışdır. Şeir alimin ömür yoluna bələdçilik edir. Müəyyən fraqmentləri göz önündə canlandırır və bunlar da ona qarşı münasibətinə aydınlıq salır:
Yollar, xatirələr müqəddəs, əziz:
Ayişə xanımla sürdüyün ömür
Hər gün, hər dəqiqə yazılan kitab,
Sağ ol, akademik Abdulla Mehrab!
Akif Abbasla bağlı şeirində şair alimə aid fikirlərini poetik dillə obrazlı şəkildə canlandırır. Hər bir misrasında alimə dərin rəğbətini hiss etdirir:
Bu gün qəlbim nəğməlidir –
Onda kaman, onda hey var;
Bu gün tarix-Akif Abbas
Təcəssümlü yubileyi var.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara həsr olunan şeirində müəllif onun həyat və yaradıcılıq yolunun qayəsini qısaca əks etdirir. Bu yanaşma tərzi O.Rzanın Anara qarşı səmimi sözlərinin bəhrəsi kimi yadda qalır:
Əqidən tər-təmiz, çeşmətək duru,
Məramın – “Vətəni sev, yaşat, qoru!”
Ey müdrik atanın oğul şöhrəti,
Ey müdrik ananın oğul qüruru!
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilova həsr etdiyi şeirində Oqtay Rza onun ömür yolundan, elmi axtarışlarından, əmək fəaliyyətindən və başqa anlardan yığcam söhbət açır:
Dost alim Buludxan Əziz oğlusan,
Sən də məmləkətin əziz oğlusan –
Ürəyi buludsuz göy qədər geniş,
Ürəyi şeçmədən təmiz oğlusan!
Dədə Şəmşirin nəvəsi Cavid Qurbanovla bağlı şeirində onun körpülər, yollar salmasından, vətənpərvər bir insan olmasından danışaraq, bir çox xeyirxah işlərini xatırladır:
Qərara almışam bu gün gərək mən
Əvvəl yurdsevərlik nəğməsi yazım,
Sonra ziyalılar silsiləsindən
Cavidə ehtiram naməsi yazım.
Oqtay Rzanın “ADPU-nun himni”, “ADPU-nun coğrafiya fakültəsinin marşı” və “ADPU-nun filologiya fakültəsinin marşı” şeirləri də maraqlıdır. Hər üç şeiri şair işlədiyi ADPU-ya həsr etmiş və onun şəninə mahnı qoşmuşdur.
Doldurubsan köksümüzü
Tükənməyən sevgi ilə;
Yaşın artıb çoxalsa da,
Gəncləşirsən ildən-ilə.
Və
Elmlər içində fəxri yerin var,
Xəritən, atlasın, incilərin var.
Çağırır yaxına, uzağa yollar,
Səsləyir dağ, dərə, düz, coğrafiya!
Yaxud
Çiçəkdir kəlamın, ipəkdir sözün,
Şirin nəğməmisən, Filologiya!
Adın məhəbbətlə çəkilir hər gün,
Doğmasan əzizsən, Filologiya!
Elman həkimə aid qələmə aldığı şeirində o, professorun elmdə etdiyi yeniliklərdən, xəstələrə şəfa verməsindən danışır:
Söhbətlərin – qısa, sanki tibb nağılı,
Ziyalısan daim soya, kökə bağlı.
Gözəl alim Ələkbərli Zaur oğlu
Elman həkim!
“Əbülfət” şeirində riyaziyyatçı alim Əbülfət müəllimi vəsf edən Oqtay Rza alimlə bağlı öz fikirlərini oxucularla bölüşərək onun yaddan çıxmayan işlərini ön plana çəkir.
Əziz dost! Sevinib mən də ürəkdən,
Deyirəm: “Mübarək olsan bayramın!”
Həyatdan həmişə razı qal ki, Sən –
Gül açıb saf, təmiz arzu – məramım.
“Əbülfəz” şeirində şair dövlət məmuru kimi Neftçala, İmişli rayonlarında çalışan Əbülfəz müəllimin icra başçısı olarkən gördüyü quruculuq işlərindən danışır:
Vətəndaş ziyalı, qayğıkeş ata,
Haqqa, ədalətə güvənən insan!
Dada çata-çata, əl tuta-tuta,
Sönmüş ocağa da od aparansan.
“Sənin ömür kitabın” şeirini şair sevimli eloğlusu Əlövsət Bəşirliyə həsr etmişdir. Burada onun ömür yolundan müəyyən məqamlar yad edilir, unudulmaz anlara işıq salınır:
Oxşar taleyə bax – hər ikimizin
Uşaqlıq çağımız Muğanda keçib;
Döyüb qapımızı yetimlik bizim,
Başımız üstündən tufan da keçib.
Bacarıqlı pedaqoq, professor Fərrux Rüstəmova yazdığı şeirdə O.Rza alimin həyat və yaradıcılıq yoluna nəzər salır və pedaqoji fəaliyyətini yüksək qiymətləndirir.
Tərbiyə elminin min sualına
Tapıbdır min cavab Rüstəmli Fərrux;
Nur səpir maarif, təhsil yoluna
Müdrik, alicənab Rüstəmli Fərrux!
Şair “Çağır dostları” şeirini Fikrət Məmməd oğluna xitabən yazmışdır:
Durub ayrıcında payızla qışın –
Anır keçmişini, kövrəlir insan;
Sənin də get-gedə artacaq yaşın,
Fəqət gözəllikdən doymayacaqsan!
Oqtay Rza folklorşünas Hüseyn İsmayıla dair yazdığı şeirində onun əsərlərindən, “Göyçə dastanları...”ndan və qardaşı Eldarla birlikdə yazdığı “Göyçənin qisası qaldı” əsərlərindən söhbət açır:
Çatıbsan ən böyük arzu, murada,
Bar verir zəhmətin, Hüseyn İsmayıl!
Ürfan şüasıdır uzaqlara da
Yol gedən hörmətin, Hüseyn İsmayıl!
“İbrahim Cəfərli” şeirində şair peşəkar həkim İbrahimdən, onun xalq üçün gördüyü xeyirxah işlərdən danışır:
Haqqında xoş sözlər eşidirəm mən –
Qəlbim ləpələnib tüğyana gəlir;
Hətta Bakıda da əlac istəyən
Heç vaxt görmədiyi Muğana gəlir.
“İntiqam” şeirində Oqtay Rza tanınmış ədibimiz İntiqam Qasımzadənin yubileyilə bağlı ona öz gözəl münasibətini açıqlayır, əslinə-nəslinə mühüm dəyər verir:
Baxıb haqsızlığın gözlərinə dik,
Sözünü şax deyir Qasımzadələr;
Gör neçə şaxəli, neçə əsrlik
Çinara bənzəyir Qasımzadələr!
“Göz kimisən, yer kürəmiz” şeirində müəllif qələm dostu, gözəl həkim Paşa Qəlbinuru yad edir. Ona öz səmimi dostluq hissini poetik sözlərlə ifadə edir.
“Göz üstündə” deyənlərin,
Halal çörək yeyənlərin,
Özü üçün yananların,
Bütün yaxşı yamanların
Ümidisən, Yer kürəmiz!
“Sağ ol, professor” şeirində şair görkəmli alim Qəzənfər Paşayevdən danışır, alimin şərəfli ömründəki müəyyən məqamlara işıq salır:
Dərsin – mədəniyyət, maarif, bilik...
Vüsal meyvələri dərərək yaşa!
Hələ qabaqdadır xeyli onillik,
Sağ ol, professor Qəzənfər Paşa!
“Əsl ziyalıya örnəksən” şeirində Oqtay Rza həkim Rəhim Məmməd Hüseyn oğlundan söz açır:
Məsləhət bildiyin dərmanlar kimi
Xəstəni dirçəldən kəlamların var;
Fəsillər düzülüb karvanlar kimi –
Gələcək illərə salamların var.
“Sərvaz” şeirində Oqtay Rza istedadlı şair Sərvaz Hüseynoğlunun əlli yaşını ürəkdən təbrik edir və sonda fikrini yekunlaşdıraraq deyir:
Söz-sinəndə yığın-yığın,
gül-önündə qucaq-qucaq,
Xeyli uğur gətirəcək hələ bundan sonrakı çağ;
Altmışda da, yetmişdə də neçə
məclis qurulacaq!
Daim alnıaçıq, üzü ağ ol, Sərvaz Hüseynoğlu!
Milli qələm sahibisən, sağ ol,
Sərvaz Hüseynoğlu!
“Cahan eşitsin” şeirində şair televiziyadakı “Ovqat” verilişi haqqında müsbət fikirlərini açıqlayır. Verilişin ssenari müəllifi və aparıcısı Səyyarə Səyyafa uğurlar diləyir:
Dünəndən – sabaha möhkəm körpü sal,
“Ovqat”ı, yol gələn zaman eşitsin;
Daha da məşhurlaş, daha da ucal,
Səyyarə Səyyafı cahan eşitsin!
Bölməyə daxil olan sonuncu şeirdə Oqtay Rza alim Tariyeli yetirən Cəbrayıl torpağına – Mərcanlı kəndinə öz minnətdarlığın bildirir, onu “mətbuatın, efirin cəngavər” sənətkarı adlandırır:
İsmayılla zəngləşib, Mərcanlıya qayıdın,
Mürgülüyən, uyuyan duyğuları oyadın;
Vallah qat-qat millidir adından öz soyadın.
Çiçəklənən diyarda, əla halda görüşək,
Kaş yenə doğma yurdun Cəbrayılda görüşək!
“Adlı, ünvanlı misralar” (üçüncü hissə) kitabını vərəqlədikcə canlı həyat lövhələrinin şahidi oluruq. Oqtay Rzanın özünün söylədiyi kimi hər bir misra adı, ünvanı bəlli olan insanlardan bəhs edir. Bədii dilin üslubi imkanlarından ustalıqla istifadə edən şair hər bir misrada sözün seçilib işlədilməsi məqamına həssaslıqla yanaşmış və olduqca maraqlı sənət nümunələri yaratmışdır. Mövzu, fikir və söz rəngarəngliyi şeirlərin daha təbii olmasına kömək edib. Şeirlərdə müəyyən dövr insanlarının adı, yaşadığı məkan, şəxsi keyfiyyətləri, titulları, Azərbaycan təbiəti və sair cəhətlər barədə poetik və ensiklopedik məlumat toplusu kimi də qiymətləndirmək olar.
Kitabdakı şeirləri bir ideya, bir məqsəd bağlayır ki, bu da Oqtay Rzanın Vətən övladlarına sonsuz məhəbbətidir. Fikrimcə, adı və ünvanları çəkilən insanlara və eləcə də oxuculara aid kitabda yer alan şeirlər şair tərəfindən ərməğan edilən poetik sovqatdır.
Görkəmli şairimiz Oqtay Rzaya uzun ömür və yaradıcılıq yolunda yeni-yeni nailiyyətlər arzulayıram.
Sabir RÜSTƏMOĞLU,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent