ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Ömər Xəyyam
(1048-1131)
"Rübailər"
Tərcümə: Mirmehdi Seyidzadə
Kitaba dünya və Şərq ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir filosofu, dövrünün tanınmış sufi şairi Ömər Xəyyamın lirik-fəlsəfi rübailərinin azərbaycanca poetik tərcümələrindən nümunələr daxil edilib. İranın XI əsrdə yaşamış görkəmli filosof şairi Ömər Xəyyam Azərbaycanın oxucuları arasında geniş şöhrət tapmış, rübailəri Nizami dövründən bu günə qədər xalqımız tərəfindən sevilə – sevilə oxunmuş və əzbərlənmişdir. Təkcə XX əsrdə şairin lirik – fəlsəfi rübailəri Mikayıl Müşfiq, Mir Mehdi Seyidzadə, Əkrəm Cəfər kimi nüfuzlu qələm ustaları tərəfindən doğma dilimizə tərcümə edilmişdir...
Ömər Xəyyam (1048-1131)
Yaşasan üç yüz il, beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil,
İstər dilənçi ol, istərsə şah ol,
Məzarda qiymət bir, iki cür deyil.
Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (farsca: غیاث الدین ابو الفتح عمر بن ابراهیم خیام نیشابوری) və ya sadəcə Ömər Xəyyam (1048 - 1131) - dahi İran şairi, riyaziyyatçı, astronom və filosofu
İranın Xorasan vilayətinin Nişapur şəhərində anadan olmuşdur.
Rübayyət kitabı
Gənc yaşlarında doğma şəhərinin səlcuqilərin aramsız hücumlarına məruz qalması səbəbindən Nişapuru tərk etməli və uzun sürən məşəqqətlərdən sonra Səmərqənddə qərar tutmalı olur. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur.
Yenə sərgədan yaşam tərzinə məhkum olunan Xəyyam bir müddət Mərvdə Məlik şahın varislərindən birinin sarayında işləyir, amma ona çox arzuladığı yeni rəsədxana açmaq qismət olmur.
Həm Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Şərqdə uzun müddət yaddaşlardan silinən Xəyyam rübailəri Avropaya Edvard Fitsjeraldın tərcümələri ilə qədəm qoyur və görünməmiş uğur əldə edir.
Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuşdur. "Riyazi problermlərin nümayişinə dair" traktatı ilə riyaziyyat elminin inkişafına misilsiz töhvələr vermişdir. Bu əsərində Xəyyam üçdərəcəli tənliklərin həllini ilk dəfə həndəsi yolla - hiperbola ilə dairənin kəsişməsindən almışdır. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini - "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlrinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.
Ömər Xəyyam müxtəlif elm sahələrində müxtəlif əsərlər yazmışdır. Onun əsərlərindən 18`nin adı bilinir:
1. Ziyc-i Məlikşahi (Astronomiya və təqvimə aid, Məlikşaha ithaf edib)
2. Kitabün fi'l Burhan ül Səhhət-i Turuk ül Hind (Cəbrə aid)
3. Risalətün fi Berahin İl Cəbr ve Mukabele (Cəbr və riyaziyyata aid)
4. Müşkülat'ül Hesab (Həndəsəyə aid)
5. Elm-i Külliyyat (Ümumi elmlərə aid)
6. Novruznamə (Təqvim və yeni ilin müəyyən edilməsinə aid)
7. Risaletün fil İhtiyal li Mərifət (qızıl və gümüşdən düzəldilmiş bir cisimdə qızıl və gümüşün miqdarının bilinməsinə dair, Almaniyada Gotha kitabxanasında bir nüsxəsi mövcuddur.
8. Risalətün fi Şərhi ma Eşkəle min Musadərat (Öklidin bir məsələsinin həll edilməsi metoduna aid, Hollandiya Leiden kitabxanasında bir nüsxəsi vardır. F. Woepcke fransız dilinə tərcümə edib.)
9. Risalətün fi Vücud (Fəlsəfədə antologiya haqqında, Britaniya kitabxanasında bir nüsxəsi mövcuddur.)
10. Muhtasarun fi't Təbiiyət
11. Risalətün fi'l Kevn vet Təklif (Fəlsəfəyə aid)
12. Ləvazim'ül Emkinə (məskunlaşılan yerlərin iqliminə aid)
13. Fil Cavab Səlasəti Məsâil və fi Kəşfil Hicab (Üç məsələyə cavab və aləmdə zidliyin vacib olduğuna aid)
14. Mizan'ül Hikəm (zinət əşyalarının daşlarını çıxarmadan qiymətini tapmağın üsulu haqqında)
15. Abdurrahman'əl Nəseviyə Cavab (Allahın aləmləri yaratmasının və ibadətlə şərəfləndirməsinin hikməti haqqında)
16. Nizamülmülk (dostu olan vəzirin bioqrafiyası)
17. Əş'arı bil Arabiyyə (ərəbcə rübailəri)
18. Fil Mutayat (Elm prinsipləri)
Dünya şöhrətli şair, riyaziyyatçı, astronom və filosof - Ömər Xəyyam
Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da Allahın rəhmətinə qovuşub.
Çoxları onu bütün dünyada məşhur rübailərin müəllifi kimi tanıyır. 20-ci əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi olan "Titanik" aysberqə çırpılıb batan zaman göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması - "Rubayyat"ın olması da məlumdur. Bu, xristian aləmində də Ömər Xəyyam yaradıcılığına böyük marağın sübutudur. Amma Ömər Xəyyam astronmiya, coğrafiya, fəlsəfə sahəsində də böyük alim kimi məşhurdur. Cəbr problemlərinin həlli haqqında traktat Ömər Xəyyamı böyük alim kimi şöhrətləndirmişdir. "Evklidin çətin müddəalarının şərhi haqqında traktat"ı isə ona dünya şöhrəti gətirmişdir.
Xəyyam riyaziyyata dair əsərlərində bütün əsas tənliklərin - xətti, kvadrat, kub tənliklərinin (cəmi 25 növ) müfəssəl təsnifatını vermiş, kub tənliklərinin həlli nəzəriyyəsini işləyib hazırlamışdır. Həndəsənin cəbr ilə əlaqələri haqqında məsələnin ilk dəfə qoyuluşu da məhz Xəyyamın xidmətidir. O, cəbr tənliklərinin həndəsi həlli nəzəriyyəsini əsaslandırmışdır. Ömərin "Hesab çətinlikləri" adlı daha bir riyazi əsəri tam ədədlərdən istənilən dərəcəli kök alınması metoduna həsr olunmuşdur. Bu metodun əsasını təşkil edən formula sonralar Nyuton binomu adı almışdır.
Xəyyam musiqinin riyazi nəzəriyyəsini də işləyib hazırlamışdır. O, paralel xətlər nəzəriyyəsinə dair bir sıra maraqlı mülahizələr söyləmişdir. Bu fikirlər həndəsənin sonrakı inkişafına müsbət təsir göstərmişdir.
Ömər Xəyyam 18 may 1048-ci ildə İranın şərqindəki Xorasan vilayətinin Nişapur şəhərində sənətkar ailəsində doğulmuşdur. Onun sənətkar ailəsində dünyaya gəlməsini soyadı da sübuta yetirir. Xəyyam "çadır ustası" mənasını verir.
Xəyyam əvvəlcə dövlət qulluğunda çalışmaq üçün məmurlar hazırlayan Nişapur mədrəsəsində oxumuş, sonralar təhsilini Bəlx və Səmərqənddə davam etdirmişdir. O, riyaziyyat, həndəsə, fizika, astronomiya kimi dəqiq elmlərə yiyələnmiş, fəlsəfəni, sufiliyi, quranşünaslıığı, tarixi, hüquqşünaslığı dərindən öyrənmişdir. Ərəb dilinə və ədəbiyyatına mükəmməl yiyələnmişdir.. Ömər Xəyyam astrologiyanın, musiqi nəzəriyyəsinin mahir bilicisi olmuşdur. O, Qurani-Kərimi əzbər bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdir.Ona görə də hətta Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət almağı özlərinə əksiklik saymamışlar.
Ömər Xəyyamın elmi məşğuliyyətinin başlıca istiqaməti riyaziyyat olmuşdur. İyirmi beş yaşında ilk elmi kəşflərini etmişdir. "Cəbr problemlərinin isbatları haqqında traktatı" Xəyyamı böyük alim kimi tanıtmışdır. Buxarada Qaraxani şahzadəsi Xaqan Şəms əl-Mülkün sarayında elmi fəaliyyətə başlayan Xəyyam Buxara hakiminin böyük hörmətini qazanmışdı. Buxara hakimi Xəyyamı taxtında özü ilə yanaşı oturdurdu. 1074-cü ildə qüdrətli sultan Malik şahın sarayına dəvət olunan Xəyyam İsfahana gedərək düz iyirmi il elmi fəaliyyətində böyük uğurlar qazanmışdı.
Xəyyam Nizam əl-Mülkün təkidi ilə saray rəsədxanasının rəisi təyin olunmuşdu. Xəyyama yeni təqvim hazırlamaq tapşırılmışdı. Təqvim hazırlanandan sonra onun praktik tətbiqi mümkün olmamışdı. Ömər Xəyyam rəsədxanada astronomik müşahidələr də aparırdı. O, səma cisimlərinin hərəkətini uzun illər boyu müşahidə etməsi nəticəsində "Məlik şahın astronomik cədvəlləri" ni tərtib etmişdi. Həmin cədvəllər orta əsr Şərqində geniş yayılmışdı.
İsfahandakı elmi fəaliyyəti dövründə Ömər Xəyyam fəlsəfə problemləri ilə də məşğul olurdu. O, İbn-Sinanın böyük elmi irsini diqqətlə öyrənirdi, bir neçə əsərini ərəb dilindən fars dilinə çevirmişdi. Ömər Xəyyam ilk fəlsəfi əsərini - "Varlıq və zərurilik haqqında traktat"ı 1080-ci ildə yazmışdı. Xəyyamın elmi-fəlsəfi irsi böyük deyildir. Onun traktatları fəlsəfənin ayrı-ayrı vacib məsələlrinə toxunur. Xəyyam yazılarında yığcamlığı üstün tutub, az sözlə tutarlı fikirlər söyləməyi lazım bilib. Ona görə də əsərlərinin hamısı lakonik, bəzən bir neçə səhifədən ibarət olub.
Xəyyam evlənməyib, qapalı həyat tərzi keçirib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. Onun ölüm tarixi təqribən 1123-cü ilə düşür. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. "Tək və cəm" bölməsinə çatanda səhifələr arasına əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmaq tapşırığı verib. Bütün günü heç nə yeməyib, heç su da içməyib. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da canını tapşırıb.
Ömər Xəyyam yaxınlarına deyirmiş ki, "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.
Bəşəriyyətin söz ustaları: Ömər Xəyyam
Səhra gəmisi deyilən dəvə karvanı yol gedir, piyalədən qan rəngli şərab süzülür, ərəb qızı rəqs edir, qum saatında zaman axır... Şərqin nadir incilərindən biri olan Ömər Xəyyam zamanla birgə axıb dünyəviləşir. Dünya onu tanıyır: riyaziyyatçı, filosof, ilahiyyatçı, astronom, həkim və bir də rübai ustası kimi...
...O bahar Tanrı Çadırçı İbrahimi sevindirdi. Uzun illərdən sonra övladı oldu. İbrahim oğlunun adını Ömər qoydu.
Ömər sözünün mənası həyat, Xəyyam sözünün mənası çadır ustası deməkdir. Sonralar xalq arasında belə bir deyim olacaqdı: atası çadır, oğlu müdriklik çadırı tikdi.
Xəyyamın dünyası
Nişabur şəhəri, 1048-ci il
Tarıxçi Əbdül-Həsən Əli ibn Beyhəqi "Müdrikliyi mühafizə edənlərə əlavələr" kitabında yazır ki, Ömər Xəyyam adı ilə tanınan Əbül-Fəth Ömər ibn İbrahim əl-Xəyyami 1048-ci il mayın 18-də İranın Nişabur şəhərində dünyaya gələndə Merkuri Günəşlə birləşmiş vəziyyətdə, Yupiter isə ona nisbətən ücbucaq vəziyyətində olmuşdu. Göy cisimlərinin qəribə düzülüşü altında dünyaya gələn körpə doğrudanmı qeyri-adi olacaqdı? Bunu zaman göstərəcəkdi...
O dövrdə Nişabur bütün Şərq alimlərinin cəmləşdiyi elm mərkəziydi. Xorasanın, İranın, ərəb dünyasının hər yerindən biliyə can atanlar məhz bu şəhərə üz tuturdular.
Ömər bu elm beşiyində adlı-sanlı alim və ruhani Nəsrəddin şeyx Məhəmməd Mənsurun yanında təhsil alır. Müəllimi tez-tez Pifaqorun bu sözlərini təkrar edərdi: "İnsanın firavanlığı idrakın qanunlarına əsaslansa, çox yaxşı olar".
Ömər yaşıdlarından xeyli fərqlənirdi. O, elmləri öyrənir, öyrəndikcə dünya haqqında düşünür, sonda bir fikir onu kədərləndirirdi: «Bəlkə də, biz heç vaxt dünyanın sirlərini öyrənə bilməyəcəyik". Sonra isə bu qənaətə gəlirdi: "Həyat qısadır, insan isə dünyada hər şeyi dərk etmək istəyir. Amma təəssüf ki, onun bir qarışını belə dərk etməyə qüvvəsi çatmır".
Ömər elmlərə yiyələndikcə öz-özünə deyirdi: "Elmlərin içərisində bütöv, ən ciddi və dəqiq bir elm var. Bu cəbr elmidir. Lakin bu elmdə də nə qədər qaranlıq səhifələr və həll olunmamış məsələlər var. Deməli, məqsədim bax bu olmalıdır».
Yaşasan üç yüz il, beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil,
İstər dilənçi ol, istərsə şah ol,
Məzarda qiymət bir, iki cür deyil.
İlahi an
Səmərqənd şəhəri, 1066-cı il
Bu tarixdə yollar onu əfsanəvi şəhərə - Səmərqəndə gətirir. Ömər bu sirli şəhərdə vaxtının çoxunu elm ocaqlarında keçirirdi. 1066-cı ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra "Doğruluq külliyyatı"nın müəllifi Əl-Buxarinin məzarına baş çəkir. Məzara yaxınlaşdıqca Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gəzib-dolaşır, dilinə rübaidən başqa heç nə gəlmir. Məhz dördlüyün bu növü fars ədəbiyyatında fəlsəfi poeziyanın geniş yayılmış janrı kimi şöhrət qazanır.
Fələk qulağıma söylədi pünhan:
Nə görsə qədərdən-qəzadan insan,
Məndən bilir, ancaq mənim qüdrətim,
Olsaydı gəzməzdim belə sərgərdan.
Tarixi görüş
İsfahan,1074-cü ilin baharı
Buxaranın Şərq darvazasından karvan İsfahana yola düşür. Ömər Xəyyam ağlına da gətirməzdi ki, həyatının 20 ili bu şəhərlə bağlı olacaq. O dövrdə Ömər Xəyyamın şöhrəti hər tərəfə yayılmışdı və bu qoca şəhərdə də onun yolunu gözləyənlər vardı.
İsfahanda alimlərin müdafiəçisi, müdrik insan, "Siyasətnamə" risaləsinin müəllifi, Məlik şahın ağıllı və tədbirli vəziri Nizam əl-Mülklə Ömər Xəyyamın görüşü hələ də tarixin yaddaşından silinməyib.
Ulduzların sirri
İsfahan rəsədxanası
Miladi tarixi ilə 1074, hicri tarixi ilə 467-ci ildə Sultan Məlik şah tərəfindən rəsədxana tikilir və Şərqin ən tanınmış astronomları bu rəsədxanaya cəlb olunur. Ömər Xəyyam 18 il bu rəsədxanaya rəhbərlik edir.
Bu illərin axtarışları hədər getmir. Ömər Xəyyam Müəyyid əl-Mülkün sifarişi ilə "Novruznamə" əsərini yazıb başa çatdırır. 1077-ci il dekabr ayının ortalarında Ömər Xəyyam özünün riyaziyyata aid ən mühüm əsərlərindən birini - "Evklidin kitabındakı girişdə olan çətinliklərin şərhləri"ni yazır.
1091-ci ildə Ömər Xəyyam fəlsəfəyə dair "Mövcudluq haqqında risalə"sini yazır. Ümumiyyətlə isə Xəyyamın qələmindən çıxmış 5 fəlsəfi risalə dövrümüzə qədər gəlib çıxıb.
Bu səhralar dolur, boşalır hər an,
Baxdıqca bu çölə oluram heyran.
Çünki bilinməyir hardan gəlibdir
Haraya yollanır bu uzun karvan.
Ömər Xəyyam qeyri-adi istedada malik idi. O, «Qurani-Kərim»i əzbərdən bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdi. Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət alırdılar. Ərəb fəlsəfə tarıxçisi Yusif Kifli "Filosofların tarixi" adlı əsərində yazır: "Xəyyam yunan fəlsəfəsini bilirdi, nücum elmində və fəlsəfədə onun misli-bərabəri yox idi".
Əl-Beyhəqinin sözlərini yada salaq: " İnsan necə qüdrətli yaddaşa malik olmalıdır ki, kitabı yeddi dəfə oxuduqdan sonra səhvə yol vermədən onun üzünü köçürsün!"
Nişabur, 1098-ci il
Xəyyam ömrünün sonunu yoxsulluq içində yaşayırdı. Onun biliyi, ağlı daha heç kimə gərək deyildi. Xəyyamı anlamayan və yəqin ki, heç vaxt anlamağa qüdrəti çatmayan adamlar onun barəsində: "Bədbəxt filosof, yeddi göydə bir ulduzu yoxdu" - deyirdilər.
Kimin bir çörəklik buğdası vardı,
Başını çəkməyə yuvası vardı.
Nə ağadı, nə də kimsəyə nökər,
Şad olsun, zənn etsin dünyası vardı.
Dünyanın Xəyyamı
Deyilənlərə görə, Ömər Xəyyamın son oxuduğu kitab İbn Sinanın "Şəfa kitabı" olub. Kitabı oxuduqdan sonra "Pak şəxsləri çağırın, mən vəsiyyət edəcəyəm" - deyir. Axşam namazını qurtardıqdan sonra "İlahi, sənə məlumdu ki, mən imkan daxilində səni dərk etmişəm. Bağışla məni, - səni dərk etməyim - mənim sənə doğru gedən yolumdu", - deyərək vəfat edir.
Yaradan dünyanı neçin yaratdı?
Sonra dəyişməyə neçin əl atdı?
Əgər gözəldirsə, məhvə nə layiq
Çirkinsə, nə üçün qüsura batdı?
Elmə dünyəvi ölçü qazandıran Xəyyamı Qərbdə «Şərqin Dantesi» adlandırır, sənətkar, mühəndis, filosof kimi tanınan Leonardo Da Vinçi və riyaziyyatçı-alim Bles Paskalla müqayisə edirlər.
XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi «Titanik» batarkən göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması "Rübayyat"ın da olduğu bildirilir. Bu, Qərbdə Ömər Xəyyam yaradıcılığına böyük marağın daha bir sübutudur.
Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi...
Təranə Məmmədova
Ömər Xəyyam: əyyaş şair yoxsa dahi alim?
İslam mədəniyyətinin 1400 illik tarixi boyunca bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala ulu Loğman qədər hikmət sahibi, İbn Sina qədər qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər.
Bəziləri isə tam əksinə, onu rindanə həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu anlamaqdan doğan peşmançılığı şərabla unutmağa çalışan, gözəllərin qıvrım saçlarından, al yanaqlarından ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?
Əvvəla, Ömər Xəyyamın rübailərini təklikdə və mücərrəd mənada yox, o dövrün və ondan sonranın böyük ədiblərinin, hikmət və irfan sahiblərinin düşüncə dünyası kontekstində qəbul etmək, anlamaq lazımdır. Əgər Ömər Xəyyamı dinsiz kimi qəbul etsək, Hafizi, Sədini, Füzulini, Seyyid Əzimi də kafir bilməliyik. Çünki onlar da öz əsərlərində eyni ifadələrdən, mey, meyxanə, saqi, canan kimi obrazlardan gen-bol istifadə edirdilər. Onların da əsərlərini vərəqləyəndə məscid, namaz, oruc, təsbeh kimi dini atributlara qarşı barışmaz çağırışlarla rastlaşırıq. Demək, Quranı 14 qiraəti ilə əzbər bilən Hafizi, ömrünü Kərbəlada İmam Hüseyn (ə) məqbərəsində xidmətkarlıqla keçirən Füzulini, Nəcəfdə mükəmməl ruhani təhsili alan Seyyid Əzimi kafirlikdə ittiham etməyə nə qədər haqqımız çatırsa, Ömər Xəyyama da eyni ittiahamı irəli sürməyə o dərəcədə haqlıyıq. Unutmayaq ki, orta əsrlər Şərqinin şeir və hikmət dünyası Bayezid Bəstami, Güneyd Bağdadi, Əbdülqadir Gilani, Mənsur Həllac, Şibli, Səriyy Səqəti, Zünnun Misri, Əbu Səid Əbül-Xeyr, Səhl Tüstəri, Şəqiq Bəlxi kimi böyük sufilərin irsi üzərində qurulub. Unutmayaq ki, Nəsiminin, Nəiminin, Mövlananın əsərlərinin öz dili, öz lüğəti var. Burada hər şey rəmzlərə, simvollara bağlıdır. Bu dilin lüğətini bilməyincə, onu anlamaq qeyri-mümkündür. Və bütün bu ittihamlar həmin lüğəti bilməməkdən irəli gəlir. Unutmayaq ki, bizim böyük Şərq klassikləri barədə təsəvvürlərimiz ya 70 illik sovet ideologiyasından, ya da Şərqi özünə sərf edən şəkildə anlayıb təqdim edən Qərb orientalistikasından qaynaqlanır.
Ömər Xəyyamın öz sağlığında da ona qarşı mənfi fikirdə olanlar, onu küfr və ilhadda müqəssir bilənlər vardı. Məhz bu səbəbdən zəmanənin ən böyük irfan sahiblərindən biri, "Hədiqətül-həqiqə"nin müəllifi Həkim Sənai Ömər Xəyyama məktubunda onu "hikmət sahiblərinin başçısı" adlandırır və "Zülfiqara bənzər dilini" qından çıxarıb bu töhmətlərə cavab verməyə çağırırdı.
Ömər Xəyyamın ilk baxışda İslam ehkamı ilə uyğun gəlməyən, zahirən əyyaşlığı, şərabı, eyş-işrəti təbliğ edən rübailəri barədə öncə bunu deyək ki, bu rübailərin hamısının həqiqətən ona məxsus olub-olmadığı şübhə altındadır. Tarixdən yaxşı məlumdur ki, bir çox böyük şairlərə aid edilən əsərlərin içində xeyli qondarma yazılara və əlavələrə də rast gəlinir. Şairlərin qazandığı sevgi onların adına çıxılan yalançı əsərlərin yaranmasına səbəb olur. Rübai isə bildiyimiz kimi, həm sadə xalq kütlələri, həm də elita tərəfindən sevilən və oxunan bədii janrdır. Buna görə də zaman-zaman naməlum "şairlər" öz bayağı fikirlərini təbliğ etmək üçün Ömər Xəyyamın adından istifadə etmiş, öz fikirlərini onun adına yazmaqla bunların yayılmasına nail olmuşlar. Şairin bədii irsinin ilk tədqiqatçılarından olmuş İran alimi Sadiq Hidayət yazırdı ki, Ömər Xəyyamdan sonra yaşamış eyş-işrət şairlərindən bir çoxu şəriət cəzasından qaçmaq üçün öz əsərlərini onun adından yazmışdır. Bunu qeyd etmək kifayətdir ki, məşhur rus şərqşünası, Ömər Xəyyam irsinin ən məşhur tədqiqatçılarından sayılan V.A.Jukovski (1858-1918) şairə aid edilən yüzlərlə rübaidən yalnız 82-sinin həqiqətən onun qələmindən çıxdığına inanır, qalan rübailəri isə naməlum müəlliflərin əsəri hesab edirdi. Ömər Xəyyamın rübailərinin ölümündən üç əsr yarım sonra toplanıb məcmuə halına salındığını nəzərə alsaq, bu fikrin doğruluğunu qəbul etmək çətinlik törətməz. Bunu da nəzərdən qaçırmayaq ki, Ömər Xəyyam haqqında allahsız, dinsiz, şərabxor kimi mənfi təsəvvürlərin formalaşmasında XIII əsrdə yaşamış təəssübkeş sufi müəllif Nəcməddin Razinin "Mirsadül-ibad" kitabının və daha bir neçə əsərin böyük rolu olmuşdur.
Ömər Xəyyam dini və dünyəvi elmlər sahəsində dərin bilik sahibi olmuşdur. Onun elmi irsinin böyük bir hissəi itib-batmışdır. Amma günümüzə kimi gəlib-çatmış əsərləri belə, şairin zəkası haqqında təsəvvür yaratmağa kifayət edər. Ömər Xəyyam öz əsərlərini iki dildə - ərəb və fars dillərində yazmışdır. Hətta şairin fars dilindəki məşhur rübailərindən əlavə, ərəb dilində də rübailəri olmuşdur.
Ömər Xəyyamın qələmə aldığı əsərlərdən 18-nin adı məlumdur. Onun əsərləri əsasən, fəlsəfə, cəbr, həndəsə, astronomiya elmlərini əhatə edir. Alimin musiqi və minerologiya sahəsində də kitabları vardır. Ömər Xəyyam cərçivə içərisində yerləşdirilmiş qiymətli daşları çərçivədən çıxarmadan çəkisinin hesablanması üçün üsul təklif etmişdir. Onun cəbr və həndəsə sahəsindəki nailiyyətləri müasir alimlər tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Ömər Xəyyam Evkilidn 5-ci postulatının isbatını vermiş, kubik bərabərliklərin orijinal həllini təklif etmiş, irrasional ədədlərin mövcudluğunu sübut etmişdir. Əldə olan bəzi məlumatlara görə, riyazi tənliklərdə məchulu ifadə edən "x" anlayışını da ilk dəfə elmə o gətirmişdir. Bəziləri onu Nyuton binomunun müəllifi hesab edirlər. Binomial əmsallardan ibarət Paskal üçbucağının Ömər Xəyyama aidliyi isə şübhəsizdir; hətta Iranda bu riyazi modeli "Xəyyam üçbucağı" adlandırırlar. Lakin Qərb burada da öz yolu ilə gedib, bu elmi kəşfi Xəyyamdan 550 il sonra yaşamış Blez Paskala aid etdi.
Ömər Xəyyam bacarıqlı astronom idi. Isfahanda, səlcüq sultanı Cəlaləddin Məlik-şahın zamanında saray rəsədxanasına rəhbərlik etmiş və məşhur təqvimi yaratmışdır. Ömər Xəyyamın yaratdığı təqvim sultanın şərəfinə "cəlali" adlandırılıb. Cəlali təqvimi o zamanlar Avropada tətbiq edilən Yulian təqvimindən və XVI əsrdə islahat nəticəsində qüvvəyə minmiş və hazırda miladi təqvim adı ilə istifadə etdiyimiz Qriqorian təqvimindən daha dəqiqdir. Cəlali təqvimində yaz gecə-gündüz bərabərliyi günü, yəni Novruz bayramı günü ilin başlanğıcı kimi qəbul edilirdi. Yulian təqvimindəki dörd ildən-bir uzun il, Qriqorian təqvimindəki 400 ildə 97 uzun il qaydasına rəğmən, cəlali təqvimində hər 33 ildən 25-i normal, 8-i uzun sayılırdı, ayın günlərinin sayı isə 29-dan 32-yə kimi dəyişirdi. Cəlali təqviminin bəzi xüsusiyyətləri müasir Iranda istifadə edilən hicri-şəmsi təqvimdə də nəzərə alınıb.
Ömər Xəyyamın ən məşhur ləqəbi «ğiyasəd-din»dir ki, bunun da tərcüməsi "dinin köməyi (köməkçisi)" deməkdir. Onun daha bir neçə ləqəbi kitablarda qeyd edilib. Məsələn, həkim (hikmətli), sultanül-üləma (alimlərin sultanı), taliyi-Ibni-Sina (Ibn Sinanın ardıcılı), əş-şeyxül-imam (rəhbər, başçı), nüsrətəd-din (dinin yardımı) və s. Müasiri olan məşhur şair Nizami Əruzi onu "hüccətül-həqq" (Allahın hüccəti), tarixçi Beyhəqi isə "öz əsrinin imamı" adlandırmışdı. Imam Qəzzali astronomiya barədə bilmədiyi məsələləri Ömər Xəyyamdan soruşurmuş.
Ömər Xəyyam yalnız dünyəvi deyil, dini elmləri də mükəmməl mənimsəmişdi. Deyirlər ki, ömrünün sonlarına yaxın Ömər Xəyyam bir gün Sultan Səncər Qəznəvinin vəziri Şihabül-Islam Əbdürrəzzaqın yanına gəlir. Zəmanənin məşhur Quran bilicilərindən sayılan Əbül-Həsən Qəzzal Nişaburi də burada imiş (onu Imam Qəzzali ilə qarışdırmayın). Söhbət Qurani-kərimin bir ayəsinin qiraətindən düşür. Vəzir bu barədə Ömər Xəyyamın fikrini soruşur. Şair həmin ayənin qiraət fərqlərini sadalayır, sonra özünün doğru saydığı nəzəriyyənin sübutu üçün dəlillər gətirir. Əbül-Həsən Qəzzal şairin qiraət sahəsindəki biliklərinə heyran qalır və deyir: "Mən güman etməzdim ki, bu incəlikləri nəinki fəlsəfə alimi, hətta hər hansı Quran qaresi bilmiş olar".
Ömər Xəyyamın vəfatı barədə də Beyhəqi maraqlı bir rəvayət verir. Şair ömrünün son günlərini Ibn Sinanın "Şifa" əsərini oxumaqla keçirirmiş. Bir gün yenə dişlərini çöplə təmizləyərək kitabı oxuyurmuş. "Şifa"nın ilahiyyat bölümünə çatanda diş çöpünü vərəqlərin arasına qoyub kitabı bükür, ayağa qalxıb namaz qılır. Bundan sonra bir daha yemir və içmir. Axşam namazını qılıb qurtarandan sonra səcdəyə gedib Allaha belə dua edir: "İlahi, bilirsən ki, mən Səni öz imkanım səviyyəsində dərk etdim. Məni bağışla, Sənin haqqında biliyim Sənə doğru gedən yolum imiş". Şair bu sözləri söyləyib dünyanı tərk edir. Yeri gəlmişkən, şairin rübailərindən birində də buna bənzər fikir vurğulanır:
Könlüm heç bilikdən olmadı məhrum,
Bir çox sirlər mənə oldular məfhum.
Yaşadım dünyada yetmiş iki il,
Yenə heç nə mənə olmadı məlum.
Sonda möhtərəm oxuculara bu sualı vermək istərdim: Əgər Ömər Xəyyam həqiqətən gününü əyyaşlıqla keçirirmişsə, hikmət və fəlsəfənin, cəbr və həndəsənin çətin bəhslərini necə öyrənib mənimsəmişdir? Əgər onun rübailərini eyş-işrətin tərənnümü kimi qəbul ediriksə, dini biliklərə bunca vaqif olduğunu, müasirləri olan şəriət və irfan sahibləri tərəfindən bu qədər böyük hörmətlə yad edildiyini necə izah edək? Başı kef məclislərinə qarışan, dünyanın problemlərindən sərxoşluq vasitəsilə qaçmağa çalışan bir adamda zehn aydınlığı, sağlam məntiq, güclü hafizə ola bilərmi? Bu böyük şəxsiyyətin elmi irsini, fəlsəfə, riyaziyyat, astronomiya sahəsindəki əsərlərini, müasirlərinin hörmətlə dolu fikirlərini fakt olduğu halda kənara qoymağa və rübailərdəki rəmzləri yozmadan zahiri mənası əsasında hökm verməyə haqqımız varmı? Bu sualların cavabı barədə düşünməyə dəyər.
Müəllif: İslam.az