Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Azərbaycanda birgəyaşayış və multikulturalizm". Yeni nəsil intellektuallarından sayılan araşdırmaçı Niyazi Niftiyevin bu tədqiqat əsərində ölkəmizdəki tolerantlıq mühiti və mutikulturalizm dəyərləri araşdırılır

Müəllif:

Niyaz Niftiyev


Kateqoriya:

Multikultural Azərbaycan



Qısa Təsvir:

Niyaz Niftiyev. "Azərbaycanda birgəyaşayış və multikulturalizm". Yeni nəsil intellektuallarından sayılan araşdırmaçı Niyaz Niftiyevin bu tədqiqat əsərində ölkəmizdəki tolerantlıq mühiti və mutikulturalizm dəyərləri araşdırılır.


Baxış sayı: 2779
    
    


www.kitabxana.net

Milli Virtual-Elektron Kitabxananın təqdimatında

 

     “Multikultural Azərbaycan”. Elektron Kitab N 54  (14 -  2017)

 

 Bu elektron nəşr Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyinin hazırladığı, Azərbaycan Respubliksı Gənclər və İdman Nazirliyi tərəfindən bir qismi maliyyələşdirilən,  http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın “Multikultural Azərbaycan” kulturoloji-innovativ layihəsi çərçivəsində e-nəşrə hazırlanaraq yayımlanır. 

 

Layihə çərçivəsində hazırlanan digər elektron nəşrlərimiz və e-kitablarımız burada:


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=176


Kulturoloji layihənin bu hissəsini  maliyyələşdirən qurum:

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi:  http://mys.gov.az


Kulturoloji layihənin dəstəkləyən qurum:

Yeni Yazarlar və Sənətçilər Qurumu İctimai Birliyi - http://www.yysq.kitabxana.net 


Sosial şəbəkə resursumuz:


https://www.facebook.com/groups/yenikreativ/


Niyaz Niftiyev


"Azərbaycanda birgəyaşayış və multikulturalizm"


Yeni nəsil intellektuallarından sayılan araşdırmaçı Niyaz Niftiyevin bu tədqiqat əsərində ölkəmizdəki tolerantlıq mühiti və mutikulturalizm dəyərləri araşdırılır.


Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb

YYSİB - Milli Virtual-Elektron  Kitabxananın e-nəşri

Virtual redaktoru və e-nəşrə hazırlayanı:  Aydın Xan (Əbilov), yazıçı-kulturoloq

 

DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.


Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikulturalizm" kitabı 


"Azadinform" İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikulturalizm" kitabı çapdan çıxıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin tövsiyəsi çap olunan kitabda birgəyaşayışın Azərbaycan modeli faktlar və sənədlər əsasında araşdırılıb, tolerantlığın milli mentalitetimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlara müraciət etməklə sübuta yetirilib.

Araşdırmanın məqsədi milli azlıqların tədqiq edilməyən və yaxud da araşdırmaya az cəlb olunan tərəflərinin öyrənilməsi olub. Tədqiqatda ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı öyrənilib.

Təqdim olunan araşdırmada milli azlıq anlayışının xarakteristikası və multikulturalizm istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü mühüm işlər diqqətə çatdırılıb.

Kitabda politoloqlar, etnoqraflar, tarixçilər, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə təhsil alan doktorantlar, tədqiqatçılar, xüsusən də "Azərbaycan multikulturalizmi" fənnini tədris edən müəllimlər və bu sahədə təhsil alan tələbələr istifadə edə bilərlər.

Kitaba ön sözü siyasi elmlər doktoru, professor Elman Nəsirov yazıb, elmi redaktoru isə filologiya üzrə elmlər doktoru İdris Abbasovdur.


Nəzirməmməd Zöhrablı


Azərbaycan multikultiralizmi yeni baxış bucağında


Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikultiralizm" kitabını birgəyaşayışın mümkünlük düsturunu öyrənən və tədqiqi əsaslara söykənən toplu kimi də qiymətləndirmək olar. Müəllif dünyada gedən inteqrativ tendensiyanın fonunda Azərbaycanda tolerantlıq və birgəyaşayışın çoxəsrlik inkişaf dinamikasına da baş vurmaqla ortaya dəyərli bir nümunə qoya bilib.

Şübhəsiz ki, öyrənilməsi, istifadəsi və əhəmiyyəti baxımından müstəsnalıq kəsb edən hər bir sahənin tədqiqi onun "əlifbası"na münasibətdən başlayır. Multikultiralizm Azərbaycanda nisbətən yeni termin kimi ortaya atılsa da, onun daşıdığı ideya-siyasi istiqamət ölkəmizdə əsrlər boyu gözlənilib və müxtəlif xalqların bu torpaqlarda birgə, mehriban yaşaması üçün xüsusi zəmin yaradıb. Ayrı-ayrı bölgələrimizdə Azərbaycan türkləri ilə eyni-bərabər səviyyədə yaşamaq imkanı əldə edən bütün azsaylı xalq və etnik qruplar elə bu tolerant münasibətə görə də əksərən onlarla eyni dəyərləri bölüşərək həyatlarına davam ediblər. Müəllif "Azərbaycanda birgəyaşayış və multikultiralizm" kitabını yazmağı qarşısına məqsəd qoyduqdan öncə ölkəmizdə bu xalqlar, etnik qruplar arasındakı münasibətlərin tarixi, eləcə də iqtisadi, siyasi və təbii ki, multikultiralizm baxımından daha çox mədəni bağlılığını araşdırmaq zərurətini əsas götürərək qollarını çırmayıb. Nəticədə bizim masamıza "azərbaycançılıq modelinə növbəti mültikultiral töhfə" adlana biləcək geniş məlumat bazasına malik bir kitab qoyulub.


Politoloqlar, etnoqraflar, tarixçilər, beynəlxalq münasibətləri öyrənən doktorantlar, xüsusilə də "Azərbaycan multikultiralizmi"ni tədris edən pedaqoq heyəti üçün vəsait kimi istifadə ediləcək kitabın əvvəlində indiyədək bu və ya digər mənada müvafiq mövzulara müraciət etmiş azərbaycan alimlərinin analitik tədqiqati işlərindən bəhs edilir, onların bu tarixi xidmətləri xüsusi ehtiramla yad edilir. Eyni zamanda ölkə rəhbərliyinin bu istiqamətdə zaman-zaman gördüyü işlər bütün detalları ilə sadalanır, onların əhəmiyyəti xüsusi vurğulanır, nəticə olaraq xalqların ölkəmizdə birgəyaşayışının təmin olunması məqsədilə aparılan siyasət müsbət çalarları ilə diqqətə çatdırılır. Azərbaycanda millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyinin təsis olunması, həmçinin xalqların mədəni mərkəzlərinin yaradılması, onların öz dillərində yazıb-oxumaqlarına yaradılan şərait, Azərbaycan radiosunda öz dillərində verilişlərinin, eləcə də ictimai televiziyada azsaylı xalqlarla bağlı xüsusi verilişlərin hazırlanması kimi təkzibedilməz arqumentlər önə çəkilir. Azərbaycanın millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin qısa zaman kəsiyində gördüyü işlərdən bəhs olunur.

Multikultiralizmin dünyanın düşüncə adamları tərəfindən yaradılaraq necə formalaşması və bu günümüzə gəlib çıxması faktları ilə oxucunu tanış edən müəllif, eyni zamanda müvafiq normativ aktların ayrı-ayrı ölkələrin təcrübəsində yerli qanunvericilik və beynəlxalq öhdəliklər kontekstində necə ratifikasiya olunduğuna da aydınlıq gətirir. Dünyanın əksər ölkələrində dini, milli dözümlülük şəraitində millətlərin bərabər yaşamasından bəhs edərkən bütün dünyanın diqqətini heç bir tolerantlığa yol vermədən monoetnik struktura çevrilməkdə olan bədxah Ermənistan Respublikasına yönəldir. Bu fikir bizim ermənilərlə apardığımız tarixi gerçəkliklərə dayanan informasiya mübarizəsində çox qiymətli silah sayıla bilər. Dünya ədalət tərəzisini nə qədər itirsə də belə...

Milli dövlətlərimiz milli azlıqlara doğma yanaşıb

On iki əsas bölüm, redaktoru siyasi elmlər doktoru, professor Elman Nəsirovun ön sözü, müəllif qeydləri, yekun və xülasədən ibarət kitabın "Azərbaycanda milli azlıqlar" hissəsi sırf ölkədaxili milli azlıqların tarixinin, müasir yaşayış imkanlarının, say tərkiblərinin, mədəniyyətlərinin, adət-ənənələrinin, yaşam tərzlərinin, mətbəxlərinin araşdırılmasından bəhs edir. O da qeyd edilir ki, bu xalqlara isti münasibət azərbaycanlıların qan yaddaşında daşlaşdığından onların normal yaşaması, dövlət vəzifələrində çalışmaları, bir sözlə onlara doğma münasibətin göstərilməsi bu torpağın üzərində yaranan bütün milli dövlətlərin əsas ideya istiqaməti, ilkin addımlarından biri olub. Belə ki, hələ Səfəvilər dövlətinin zamanında da, cəmisi 23 ay yaşaya bilən Azərbaycan Demokratik Respublikası dövründə də onların bütün hüquq və azadlıqlarının qorunması, doğma dillərində yazıb-oxumalarına şərait yaradılması başlıca prinsip kimi dövlətin əsas vəzifəsi qismində qanunvericilik əsasında təsbit olunub. Bu tendensiya müasir Azərbaycan Respublikasında da yüksək səviyyədə davam etdirilir.

"Azərbaycanda birgəyaşayış və multikultiralizm"də ölkəmizdə yaşayan azsaylı xalq və etnik qrupların hamısına doğma, eyni münasibətlə onların hər birinin haqqında yuxarıda qeyd etdiyimiz bilgilər xüsusi həssaslıqla qeyd edilib. Oxucular burada ləzgilərə, avarlara, talışlara, tatlara, daha azsaylı hesab olunan xınalıqlılara, hapıtlara, qrızlara, gürcülərə, axıxlara, axısxa türklərinə, almanlara, buduqlara və başqalarına aid çox zəngin materiallarla tanış ola biləcəklər. Ölkəmizdə yaşayan, lakin böyük, ucsuz-bucaqsız vətənləri olan ruslar, hətta onların malakan qolları ilə bağlı müəllifin məlumatlar toplusu da lakonik şəkildə bizlərin ixtiyarına verilib.

Burada bir məqamı xüsusilə diqqətinizə çatdırmaq istəyirəm. Bilirik ki, qloballaşma, multikultiralizm təxcə bir xalqın, bu xüsüsda azərbaycanlıların başqa xalqlara tolerantlığı, inteqrasiya olunması ilə bitmir. Bu, həm də mədəniyyətlərin, iqtisadi-siyasi yanaşmaların qarşılıqlı şəkildə inteqrasiyasını səciyyələndirir. Kitabda xalqların araşdırılmasının içərisində almanların ölkəmizə köçü barədə də məlumatlar var. Almanlar təbii ki, bir Avropa xalqının təmsilçiləridir. Tarixdən, ədəbiyyatdakı renessans dövrlərindən onu da bilirik ki, Şərq öz inkişaf mərhələsini orta əsrlərə qədər dinamik formada gətirib çıxara bilsə də, bu dövrdən dünyanın düzəni dəyişdi, Qərb ölkələri təşəbbüsü ələ aldılar və həm elmi ixtiraları, həm ədəbi-mədəni sənət nümunələri baxımından irəli çıxmış oldular. N.Niftiyevin qeydlərinə görə, almanlar da 1819-cu ildən başlayaraq Azərbaycana köç etməklə burada bir sıra şəhər tipli yaşayış məskənləri salır və tezliklə şərabçılıq, misəritmə, yağ-pendir zavodları və s. sənaye müəssisələri açırlar. Müəllifin axtarışları zamanı o da məlum olur ki, bu dövrdə hətta Helenondorflu Forer və Hummel qardaşlarının ictehsal etdiyi çaxır bütün Qafqaz bölgəsində hazırlanan çaxırın 58%-ni təşkil edib. Şəmkirin Dəllər qəsəbəsindən Gədəbəyə qədər uzanan neft kəmərinin ilk yaradıcıları da məhz almanlar olublar. Onların ibadət üçün inşa etdiyi kilsələr indi də bir neçə Qərb rayonlarımızda durur. Tolerantlığın Azərbaycanda daim gözlənilməsi nümunəsinə misal olaraq hələ 1918-ci ildə almanların ölkəmizdə ilk alman koloniyasının salınmasının 100 illiyini təmtəraqla qeyd etmələri xüsusi vurğulanır.

Kitabdan öyrənirik ki, "xınalıqlıların dili Dağıstan dilləri ləzgi qrupunun Şahdağ yarımqrupuna aid edilir. Bu dildə ismin sinif, kəmiyyət və hal kateqoriyaları da var. Say sistemi iyirmilik, fel formaları zəngindir. Leksikasında Azərbaycan, rus, ərəb və fars sözlərindən keçmə sözlər çoxdur". Bu da tarixən birgəyaşayışın bir nümunəsidir.

Malakan-ruslar Azərbaycana nə zaman gəliblər?

Kitabda malakanların Azərbaycana gəlişi ilə bağlı indiyədək rast gəldiyim çoxlu müzakirə-mübahisələrə də son qoyulur. Bütün Azərbaycan boyu paylaşdırılaraq bir qismi də indiki Masallı rayonu ərazisində, Viləş çayının üstündə əvvəlcə Malağan, sonradan Kalinovka adlandırılan kəndə malakan-rusların köç tarixləri barədə müxtəlif rəqəmlər söylənilirdi. Kimi onların 1914-cü, kimi 1930-cu illərdə gəldiklərini, kimi isə daha əvvəllər, Türkmənçay müqaviləsindən sonra ucqarlara köçdüklərini və s. iddia edirdi. N.Niftiyevin elmi axtarışları nəticəsində ərsəyə gələn "Azərbaycanda birgəyaşayış və multikultiralizm" kitabında qeyd edilir ki, malakanlar bu yerlərə 1833-cü ildə gəlməyə başlayıblar. Amma buna qədər onlar artıq Şamaxıda yaşayırdılar. Bu isə elə 1913-cü il Gülüstan, 1928-ci il Türkmənçay müqavilələrindən sonrakı illərə təsadüf edir. Ola bilsin ki, pərakəndəlik Gülüstan və Türkmənçay müqavilələri arasındakı qarışıq kiçik toqquşmalar - müharibələr dövrü ilə bağlı yaranır. Amma malakanların Mixail Popovun başçılığı ilə gəlmələri də daha inandırıcı faktdır. Çünki Popov nəslinin nümayəndələri sonradan da onların içərisində sayılıb-seçilən malakanlar idilər. Bu barədə nisbətən məlumatlı olduğumdan hazırkı Kalinovka kəndinin üzərində çox dayandım. Yeri gəlmişkən, kitabda da qeyd olunduğu kimi, bu kəndin malakanları Qarabağ müharibəsində bir şəhid verib, kənddə isə indi cəmisi iki-üç ahıl yaşlı malakan yaşayır, qalanları köçüb Rusiya dövlətinə gediblər. Müəllifsə eynilə Cəlilabadda, Gədəbəydə, İsmayıllıda və başqa yerlərdə məskunlaşmış malakanlar barədə də geniş məlumatlar verib.

Fərqli mədəni dəyərlər, uzlaşmış adətlər...

Kitabda həmçinin iki dinə - müsəlman və xristian dininə mənsub, əsasən Qax-Zaqatala bölgələrində yaşayan ingloylar haqqında məlumatlar var. Yeri gəlmişkən, onlara bəzən müsəlman gürcülər də deyirlər. Onların zəngin mədəniyyəti, indiyədək qoruyub-saxladıqları milli adət-ənənələri barədə yazan N.Niftiyev onu da qeyd edir ki, "İngloylarda aşıq sənəti yaxşı inkişaf edib. Aşıqları bütün şeirlərini Azərbaycan dilində yazırlar. Yalnız Aşıq Hüseynin yaradıcılığında Azərbaycan və inglioy dillərinin birgə istifadəsinə rast gəlinir".

Talışların, ləzgilərin, udinlərin say tərkibi, mədəniyyətləri, indi bütün Azərbaycana yayılmış mətbəx nümunələri barədə geniş bilgi verilən kitabda, paralel olaraq onların azərbaycanlılarla birgəyaşayışı, qoruyub saxladıqları spesifik xüsusiyyətləri ilə yanaşı, azərbaycanlılarla artıq uzlaşmış adət-ənənələri ilə ilgili də xeyli məlumatlar var. Hətta onların müxtəlif dövrlərdə ölkəmizin, ordumuzun idarəçılıyinə bəxş etdiyi kadr bazası da diqqətdən yayınmayıb. Tatların məşğuliyyəti fonunda onların xalçaçılığa önəm verməkləri, "Pirəbədül", "Güllü çiçi", "Aggül çiçi" çeşnili məşhur Azərbaycan xalılarını toxuduqları qeyd edilir.

Bir sözlə, az bir hissəsi barədə məlumat verə bildiyimiz kitabda yazılanlar Azərbaycanda sayından asılı olmayaraq bütün xalqların, etnik qrupların bir ailədə yaşadıqlarına aid həm dövlət rəhbərləri tərəfindən atılan addımlar, həm elmi baxımdan çoxsaylı araşdırmalar, həm də tarixən mövcud olmuş, bu gün də yüksək səviyyədə qorunan birgəyaşayış prinsipləri Azərbaycanda multikultiralist dəyərlər üçün çox böyük şərait, baza olduğunu bir daha təsdiqləyir. Ona görə də bu kitabın hər bir azərbaycanlı ailəsinə əvəzsiz hədiyyə və nəsillərə qalan yaddaş kimi dəyərləndirilməsinin vacibliyi qənaətinə gəlmək olur.

Hər kəsin rahat yaşamaq haqqı var

Kitabda həmçinin imperialist dövlətlərin zaman-zaman ölkəmizdə yaşayan müxtəlif xalqların təmsilçilərindən istifadə edərək onları separatçılıq mövqeyinə sürükləmələri kimi qızışdırıcı amillər də, separatizmə qarşı elə o xalqların içərisindən çıxan ağsaqqalların, ziyalıların kəskin münasibətini göstərən faktlar da yer alıb. Kitabı oxuyanda belə qənaətə gəlirsən ki, Azərbaycan bu mənada tamamilə düzgün bir yoldadır. Allahın yaratdığı hər kəsin fundamental rahat yaşamaq haqqı var. Millətindən, dinindən, irqindən asılı olmayaraq bütün xalqların inkişafına kömək etmək, onların məhv olub sıradan çıxmasının qarşısını almaqsa hər birimizin öhdəsinə düşən insanlıq borcudur.

P.S. Bu xalqların yaşayış tərzi, kimlikləri barədə indiyədək bir neçə filmə tamaşa etmişəm. Son olaraq onu da bildirmək istərdim ki, Niyaz Niftiyevin "Azərbaycanda birgəyaşayış və multikultiralizm" kitabının motivləri əsasında tamamilə yeni, fərqli rakursdan, zəngin materiallara söykənən, əhatəli bir film ərsəyə gətirmək olar. Ancaq bu maliyyə mənbələrinin diqqətini cəlb edərsə...