ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Bu e-kitab Yeni Yazarlar və Sənətçilər Qurumunun "Çağdaş Azərbaycan bədii nəsri" ədəbi-kulturoloji layihəsi çərçivəsində təqdim edilir. Elektron kitab N 40 (50 - 2016)
Kulturoloji layihəni maliyyələşdirən qurum:
Azərbaycan Yazıçılar Birliyi - http://www.azyb.az
YYSQ - http://www.yysq.org
Xeyrəddin Qoca
Biz bizə bənzərik...
Satirik-yumoristik nəsr əsərləri
Redaktə və bütün hüquqlar müəllifə məxsusdur
Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri, Bаkı – 2016
DİQQƏT
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.
Molla Nəsrəddin “Marallar”ının xələfləri
Yazıçı satirik Xeyrəddin Qocanın “Biz bizə bənzərik…” adlı yeni kitabı çapdan çıxmışdır
Komediyalar, satirik hekayələr, novellalar və miniatürlər ustası Xeyrəddin Qocanın əsərləri oxuculara yaxşı tanışdır. Onun yaradıcılığı haqqında Azərbaycan və türk yazıcıları, tənqidçiləri, ədəbiyyatşünasları dəyərli fikirlər söyləmişlər.
Akademik İsa Həbibbəyli ədib haqqında “Həyati proseslərin axarında” adlı məqaləsində yazır: “Xeyrəddin Qoca qüdrətli satirik yazıçı və vətəndaş publisist Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır… O, yeni dövr Azərbaycan ədəbiyyatında satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən aparıcı yazıcı-publisistdir... Ədib müstəqillik dövrü Azərbaycan ədəbiyyatında miniatür satirik nəsrin əsas yaradıcısı kimi tanınır... Xeyrəddin Qocanın “marallar”ı Molla Nəsrəddin “marallar”ının davamçıları və xələfləridir… Bütövlükdə Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanmışdır”…
Filologiya elmləri doktoru, professor Pənah Xəlilov isə yazır: “…Ədibin yumorlu istehzası öz tərzinə görə klassiklərimizin istehza tərzinə söykənirsə, onun istər təmsillərinin, istər atmacalarının, istərsə süjetli hekayələrinin məzmunu təzədir, günümüzün adamlarıdır, idarələrdir, cəmiyyətdir, məktəbli, jurnalistlər, yazıçılar aləmidir… Xeyrəddin Qoca həyatda adi, sadə görünənləri sanki gülməli, keçici bir adilik saymır, bu “adiliklərin” “kiçikliyi” qarşısında bizdən biganəlik deyil, ayıq-sayıqlıq istəyir. Ə.Haqverdiyev də, xüsusən Yusif Vəzir də məişətimizin “adicə” lövhələrini çəkəndə həmin adilikdə fəlakət görürdü. İnsan və cəmiyyət hüququnun tapdandığını görürdü… Kim millətini sevmirsə, onun eyiblərindən yazanda eyibli çıxacaq. Kim millətini sevirsə və eyibli nə görürsə, onu anlayırsa, yeri gələndə şirin, məlhəmli gülüşlə onu qarşılayırsa, bu, onun nəcabətidir, xalqa bağlılığıdır”.
Bu günlərdə yazıçının “İdeal-Print” nəşriyyatında qırx illik bədii satira yaradıcılığını əhatə edən “Biz bizə bənzərik…” adlı yeni kitabı çapdan çıxmışdır. Satirik bu kitabını özünün “Hophopnaməsi” adlandırır. Kitabı oxuyarkən Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovun “Azərbaycan” qəzetinin 30 oktyabr 2002-ci il tarixli sayında açıqladığı aşağıdakı fikirlər yada düşür: “Xeyrəddin Qocanın əsərlərində Mixail Zosşenkodan da, Əziz Nesindən də, Cəlil Məmmədquluzadədən də, Mirzə Ələkbər Sabir və Əbdürrəhim bəy Haqverdiyevdən də nə isə var, lakin bu hekayələrin, lətifələrin, zarafatların müəllifi məhz onun özüdür – Xeyrəddin Qocadır… Azərbaycan cəmiyyətində, Azərbaycan insanında görünən qüsurların bir hissəsi yazıçının konkret xarakterlər, hadisələr əsasında göstərdiyi kimi “ənənəvi” səciyyə daşıyan keçmişin “təcrübələr”indən gəlir. Həmin qüsurlar molla nəsrəddinçilərə qədər dəfələrlə tənqid olunmuşdur. Xeyrəddin Qoca onlara o qədər də geniş yer ayırmır, yazıçının tənqid hədəfləri daha çox Azərbaycan cəmiyyətinin və Azərbaycan insanının son illərdə “qazandığı” yeni qüsurlardır. Sözü oldu-olmadı, qəzet çıxarıb söz demək həvəsi; partiya, cəmiyyətlər yaradıb “üzə çıxmaq” ehtirası, nazir, prezident olmaq mərəzi… Müəllif göstərir ki, həmin ictimai bəlalar hər şeydən əvvəl şəxsiyyəti öldürür, cəmiyyətin harmoniyası üçün əsas şərtlərdən biri olan xarakteri məhv edir. Və öz işi ilə məşğul olmayıb, özünü tutduğu mövqedən bir addım qabaqda görmək azarı cəmiyyətdə sosial-mənəvi tarazlığı pozur, xalqı marafonda bir-birini ötüb keçməyə çalışan insan kütləsinə çevirir”.
“Biz bizə bənzərik…” kitabının annotasiyasında yazılır: “Möhtərəm oxucular kitabı oxuyarkən görəcəklər, biz heç kimə bənzəmirik, heç kim də bizə bənzəmir, biz-bizə bənzərik”…
Bu fikirlərin hansı məna daşıdığını kitabı oxuyanlar biləcəklər…
Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca
Saytı: http://xeyreddinqoca.tr.gg
Xeyrəddin Sayəddin oğlu Qoca — azərbaycanlı nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975-1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. Ordu sıralarında xidməti borcunu yerinə yetirdikdən sonra (1971) uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974-03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977-08.1978, 26.07.1982-2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978-6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987-29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991-08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991-04.1992, 1.02.1993-04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992-1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992-02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993-12.1997) vəzifəsində çalışmışdır.
Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir. Onun səs yazılarının bir qismi, videolentlərə yazılmış tamaşaları Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S.Mumtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, son yaradıcılıq məhsulları isə şəxsi arxivində qorunub saxlanılır.
1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləmişdir. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsi verilmişdir.
Azərbaycan Jurnalistlər İttifaqı (1979) və Yazıçılar (1996) Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun İdarə Heyətinin üzvüdür (2008).
Ailəlidir, üç övladı var.
Yaradıcılığı
Yazıçı-satirik "Filankəslər" (1995), "Hərə öz payını götürsün" (1998), "Marallar" (2000), Türkiyədə nəşr olunmuş "Bu dünyadan məktublar" (2002), "Gərək yazam..." (2003), "Hərənin öz payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər" (2004), "Bu da belə həyatdır..." (2008), "Biz bizə bənzərik..." (2010) adlı kitabların müəllifidir.
O, böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmişdir.
Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin öz payı..." adlı iki hissəli satirik komediyası tamaşaya qoyulmuşdur (2002). Onun "Qonşulaşma, qohumlaşma, kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır (2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zamanədir" (2007), "Toy olacaq..." (2008) adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səslənilmişdir.
Ədibin həyat və yaradıcılığına həsr olunmuş "Xeyrəddin Qoca" (foto-kitab) (2000) və "Ömür belə keçir..." (2004) adlı kitablar nəşr olunmuşdur. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin Qocanın gülüşü" adlı miniatür kitab buraxmışdır (2007). İctimai Televiziya yazıçı haqqında "Ömür belə keçir..." adlı film çəkmişdir. (2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə "Bilirəm, səsim xoşunuza gəlməyəcək..." adlı satira gecəsi keçirmişdir (avqust 2003).
Mədəniyyət və incəsənət sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür (19 mart 2007-ci il).
O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə Fəxri Fərmanla təltif olunmuş (1986), Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə görkəmli xidmətlərinə görə "Qızıl qələm" (1994) mükafatına layiq görülmüşdür. Azərbaycan Mətbuat Fondunun "Dan ulduzu" (1995) mükafatını almışdır. Mətbuatda uzun müddətli səmərəli fəaliyyətinə, ədəbi-bədii, publisistik yazılarında vətəndaşlıq mövqeyinə, satira və yumor janrındakı kitablarına görə "Araz" Ali Ədəbi Mükafatı (2001) ilə təltif olunmuşdur. "Pyeslər" kitabında, "Hərənin öz payı...", "Qonşulaşma, qohumlaşma, kirvələşmə", "Bu bizim zəmanədir..." kimi dram əsərlərində ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik təhkiyəsinə, özünəməxsus üslubuna, estetik-sənət axtarışlarına görə Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-Diplom almışdır (2005).
Kitabları
Filankəslər (1995)
Hərə öz payını götürsün (1998)
Marallar (2000)
Bu dünyadan məktublar (2002) (Türkiyədə nəşr olunub)
Gərək yazam... (2003)
Hərənin öz payı (iki hissəli satirik komediya) (2003)
Pyeslər (2004)
Bu da belə həyatdır... (2008)
Biz bizə bənzərik... (2010)
Ədəbiyyat
Həyati proseslərin axtarışında (toplu). 2013.
(Tərtibçi: Sərvaz Hüseynoğlu)