Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Zərdüşt Peyğəmbər. "Avesta". Parçalar. Fars dilindən tərcümə: İsmayıl Şəms. “Avesta” tarixi mədəniyyət abidəsi kimi. Zərdüştilik haqqında...

Müəllif:

Bələdçi


Kateqoriya:

Dini tolerantlığın innovativ təbliği: QHT Şurası layihəsi



Qısa Təsvir:

Zərdüşt Peyğəmbər. "Avesta". Parçalar. Fars dilindən tərcümə: İsmayıl Şəms. “Avesta” tarixi mədəniyyət abidəsi kimi.  Zərdüştilik haqqında...


Baxış sayı: 645
    
    


www.kitabxana.net 


Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 03(48- 2016)


Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org 


Zərdüşt Peyğəmbər


"Avesta"


Parçalar


Fars dilindən tərcümə: İsmayıl Şəms

Latın qrafikalı Azərbaycan əlifbasına çevirən: Firudin Həsənov

Redaktə və bütün hüquqlar kitabı nəşrə hazırlayanlara məxsusdur


Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı - 2016


 "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:  


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=175

 

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk səhifəsi: 

https://www.facebook.com/groups/yenikreativ/


DİQQƏT!


Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.

 

“Avesta” tarixi mədəniyyət abidəsi kimi


Avesta Azərbaycanda, İranda, Orta Asiyada, Əfqanıstanda və Hindistanda geniş yayılmış Zərdüştlük dininin (daha sonralar həm də Atəşpərəstliyin) müqəddəs kitabı olmuşdur. Kitab bir neçə dəfə məhv edildiyindən dövrümüzə tam şəkildə çatmamışdır.
Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əski əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı Aleksandr tərəfindən yandırılmışdır.

Bizə bəllidir ki, hələ e.ə. IV əsrin son rübündə yunan alimi Feopomp Makedoniyalı Aleksandrın tapşırığı ilə zərdüştilik dininin qədim kitablarını öyrənirdi. Plini [1] məlumat verir ki, zərdüştlik dininin ən yaxşı bilicilərindən biri olan Hermippin (e.ə. III əsr) sözlərinə görə, zərdüştiliyin müqəddəs kitabları özündə 2 milyondan artıq misranı ehtiva edirdi. Maraqlıdır ki, ənənəyə əsasən Sasani hökmdarı I Şapur əsli itirilmiş, lakin tərcümələrdə və xüsusilə qədim yunan dilinə (Dekartda iddia edilir ki, "Avesta"nın və ya onun ayrı-ayrı hissələrinin qədim yunan dilinə tərcüməsi vardı) tərcümədə mühafizə olunmuş "Avesta"nın kitablarını pəhləvi dilinə tərcümə etməyi əmr etmişdi. Güman etmək olar ki, məhz qədim yunan dilinə tərcümə edilmiş "Avesta" Feopomp üçün öyrənmə obyektinə çevrilmişdi.

Nəhayət, "Avesta"nın, ən azı onun ayrı-ayrı hissələrinin yazılı mətninin hələ Əhəmənilər hakimiyyətinə qədərki dövrdə mövcud olduğunu məntiqi səciyyəli bir hal da təsdiqləməlidir. Zənn edirik ki, yazıda maddiləşmiş "Avesta" olmasaydı, qədim yunan fəlsəfəsinə və iudaizm dininə o, çətin ki, təsir edə bilərdi. Beləliklə, yunan müəlliflərinin hesab etdikləri kimi 2 milyon misranı özündə ehtiva edən və yaxud zərdüştilik ənənəsinin və sonralar ərəb və farsdilli müəlliflərin iddia etdikləri kimi, 12 min öküz (inək) dərisi üzərində qızıl hərflərlə yazılmış "Avesta"nın (və yaxud onun ayrı-ayrı hissələrinin) yazılı mətni Makedoniyalı Aleksandrın yaşayıb fəaliyyət göstərdiyi dövrdən xeyli əvvəl mövcud olmuşdur. Yunan-Makedoniya işğalı zamanı məhv olmuş və bir neçə əsr ərzində daha çox şifahi surətdə saxlandığı güman olunan (əlbəttə, ola bilər ki, kitablardan ayrı-ayrı fraqmentlər də qalmışdı) məhz bu "Avesta"nı Parfiya hökmdarı Arşaki Vologez (görünür, I Vologez) bərpa etməyə cəhd göstərmişdi.

Lakin alimlərin hesab etdikləri kimi, ilkin "Avesta"dan yaddaşda heç də hər şey qala bilməzdi (bəzi tədqiqatçılar hesab edirlər ki, 350 min sözdən artıq ola bilməzdi), hər halda "Avesta"nın hifz olunmuş hissələri artıq yuxarıda xatırlandığı kimi, e.ə. I əsrdə kodifikasiya olunmuşdu.

Qeyd edilməlidir ki, İ.Purdavud bütün əsərlərində birmənalı olaraq Avestanın Şimal-Qərb dilində (sonralar Atropaten dili adlanan atropatenlilərin dilinin qədim türk dilinə yaxın olması lakin fars dillərinin təsirinə məruz qalması sübut edilmişdir) yazıldığını iddia edir. Lakin bir çox alimlər onun bu barədə gətirdiyi faktları qənaətbəxş hesab etmirlər. İqrar Əliyevin fikrincə Avestanı nə İranın Şərqinə, nə də Qərbinə aid etmək düzgün deyildir. Çünki, Avestanı İranda yaşayan bütün millətlərin ortaq mədəniyyəti kimi qəbul etmək daha məqsədəuyğundur.

İ.Purdavud tərəfindən 1928-ci ildə Bombeydə çapa hazırlanmış Xurda-Avesta da mühüm elmi əhəmiyyətə malikdir.

İran ədəbiyyatçılarından Məhəmməd Müin də bir sıra əsərlərini avestaşünaslığa həsr etmişdir. M.Müin odun əhəmiyyətini qeyd etdikdən sonra belə bir nəticəyə gəlir ki: "Arilər oda başqa tayfalardan daha artıq hörmət edirdilər. Ümumiyyətlə, mənbələrin göstərdiyinə görə, od müxtəlif dini əqidələrə malik olan insanların həyatında da mühüm rol oynamışdır.” İranın geniş ərazilərində və Güney Azərbaycan ərazisində yaşayan Azərbaycan türklərinin də həyatında od mühüm yer tutsa da onlar arasında daha çox Tanrıçılıq yayılmışdı.

Avestanın dili haqqında M.Müin yazır: ”Sasani dövründə tərirb edilib,bizə gəlib çatan Avestanın məzmunu Zərdüştün dini ayinlərinin külliyyatından ibarətdir. Avestanın yazıldığı dil isə Avesta dili adı ilə məşhurdur.”

İlkin Avestanın yazıldığı dil Sasanilər, habelə Parfiya dövründə artıq işlənmirdi. Dilçilərin tədqiqatına görə Avestanın dili İran dilləri qrupuna daxildir. M.Müin Avestanın dilini Bəlx, Midiya və Skif dili adlandıranların nəzəriyyələrini rədd edir və onu Avesta dili adlandırır. Sonrakı tədqiqatlar M.Müinin bu münasibətinin haqlı olduğunu sübut etdi. Belə ki ,aparılan kompleks tədqiqatlar nəticəsində Midiya dili (madayların dili) və skif dilinin qədim türk dillərindən olması və madayların və skiflərin dəqim türk etnosları olmasını sübut etdi.

M.Müin Bartolomeyə istinad edərək göstərir: “Qatların dili, onda olan dövrün izləri bir daha sübut edir ki, Avesta ilə Riqvidanın yazılmış olduğu dövr arasında o qədər də fasilə olmamışdır. İkinci bir tərəfdən qatların dili və üslubu da onun qədim olduğunu göstərən əsas faktdır. Lakin bu heç də o demək deyil ki, Avestann digər hissələri qədim dövrün abidələri deyil.” Avestada dəfələrlə madayların adı çəkilsə də farsların adına təsadüf edilmir. Avestada İran ölkəsi Ariya adlandırılır. Ariya ölkəsi yalnız Hörmüz körfəzi (Fars körfəzi) ətrafı ərazini əhatə edirdi və arilər (irandillilər) də yalnız bu ərazidə yaşayırdılar. Onların məskun olduğu yerlərdən Şimalda isə Azərbaycan türklərinin ulu əcdadları olan müxtəlif türk mənşəli etnoslar yaşayırdılar. Arilər həmin dövrdə mübadilə (dəyişmə) üsulu ilə ticarət edir,hələ də sikkə pulun nə olduğunu bilmirdilər. Bununla bərabər onlar yerli əhalinin mədəniyyətini və adət-ənənələrini mənmsəməyə çalışrdılar. Arilərdə odu müdafiə edənlərin (atrobanların) haqqı isə natural şəkildə ödənilirdi.

Avestanın bizə gəlib çatmış hissələri aşağıdakılardan ibarətdir:Getha (Qatlar) Yəsna Vidivdad (Vəndidad) Yəşt Xurda Avesta

Nə qədər dini xarakter daşısa da Avesta Azərbaycan eləcə də bir çox Şər ölkələrinin qədim tarixi haqqında ən mühüm tarixi mənbələrdən biri, nəhəng ədəbi abidədir. Avesta tarix mədəniyyət abidəsi kimi dəyərli mənbədir. Burada biz tarixi mənbə kimi yaxşı qaynaqlana bilərik


Zərdüştilik

 

Zərdüştilik dünya vəhy dinlərindən ən qədimidir və çox güman ki, onun bəşəriyyətə birbaşa, yaxud dolayısı ilə təsiri başqa dini etiqadlardan daha çox olmuşdur. Bir çox tədqiqatçının hesab etdiyi kimi, zərdüştilik e.ə. 2-ci və 1-ci minilliyin ayrıcında meydana gəlmişdir. Bu monoteist dinin banisi Zərdüşt ideologiya tarixində ilk dəfə olaraq, dini formada olsa da, sosial Şər problemini qaldırmış, qətiyyətlə Xeyirlə Şəri bir-birindən ayırmış və fərqləndirmiş, bu kateqoriyaların qarışıq salınmamasını tələb etmişdir. Zərdüşt sosial Şər ilə mübarizənin mümkünlüyünü, bu mübarizədə hər kəsin öz seçimi olduğunu elan etmişdir. O, ilk dəfə olaraq dünyanın yarandığı andan axirət gününə kimi bir istiqamətdə xətti inkişaf etdiyini göstərmiş (bu isə Zərdüştdən əvvəlki hind-Avropa dinlərinə məlum deyildi), Xilaskarın gəlişini və ölülərin cismən dirilməsini, o dünyada möminləri cənnət, günahkarları isə cəhənnəm əzabları gözlədiyini moizə etmişdir. 

Zərdüşt ilk dəfə olaraq bildirmişdir ki, ali məqsəd bütün yaranmışlardan fərqlənən, Xeyiri, yaxud Şəri seçmək iradəsinə və tarixin gedişinə təsir göstərmək bacarığına malik olan insanın yaradılmasıdır. Zərdüştiliyin daxilində formalaşmış ideyalar hazırda mövcud olan dünya dinlərində — xristianlıqda və islamda mühüm yer tutur. Eramızın ilk əsrlərində zərdüştilik buddizmə də təsir göstərmişdir: gələcək xilaskar — Budda Maystrei fıquru bu dində məhz həmin dövrdə meydana çıxmışdır.

Zərdüştilik ideyaları qədim yunan və orta əsrlər islam fəlsəfəsinə də mühüm təsir göstərmişdir.

Zərdüştün və zərdüşti dini təliminin dəqiq vətəninin müəyyənləşdinlməsi məsələsi bu günə kimi tədqiqatçılar arasında mübahisə predmeti olaraq qalmaqdadır. Əgər əvvəllər zərdüşti ənənəsinin özü, qədim yunan və orta əsr müsəlman müəllifləri, həmçinin bir çox sonrakı tədqiqatçılar birmənalı olaraq bu dinin və peyğəmbərin özünün vətənini Azərbaycanda görürdülərsə, 20-ci əsrin ikinci yarısından başlayaraq xarici və yerli alimlərin bir qismi onu ya Şərqi Midiyada, ya Volqanın şərqindəki Asiya çöllərində, bəzən də Tyan-Şan, Pamir-Altay, Hindiquş da daxil olmaqla Mərkəzi Asiyanın dağətəyi vilayətlərində yerləşdirməyə üstünlük verir və Azərbaycanı tamamilə bu siyahıdan kənarda qoyurdular. Onların fikrincə, Azərbaycan yalnız sonralar — artıq Sasanilər dövründə zərdüştiliyin mərkəzi olmuşdur.

 Qədim dövrdə və erkən orta əsrlərdə zərdüştilik geniş ərazilərdə — İranda, Azərbaycanda, Orta Asiyada, Əfqanıstanda, Yaxın və Orta Şərqin bir sıra vilayətlərində yayılmışdır. Müxtəlif tayfa və xalqların məskunlaşdığı bu böyük ərazinin əhalisi zərdüştiliyə etiqad edirdi və o, burada min beş yüz il ərzində yeganə də olmasa, dominant din olmuşdur.

Zərdüştilik Azərbaycan xalqının tarixində və mədəniyyətində silinməz iz buraxmışdır. Bu dini təlim Cənubi Azərbaycanın ərazisində artıq e.ə. 1-ci minilliyin ilk əsrlərindən yayılmağa başlamışdır. Burada hələ zərdüştiliyəqədərki zamanların köhnə mazdaizm dinləri, həmçinin dualizm, maqların təlimi, oda sitayiş və digər dini etiqadlar zərdüştiliyin formalaşmasında müəyyən rol oynamışlar.

Azərbaycanın ən qədim sakinlərindən olan kaspilərin dəfn mərasimləri, Onların şəxs adlarında zərdüşti elementlərinin olması hələ Əhəmənilər dövründə (e.ə. 6-4 əsrlər) kaspilər arasında mazdaizmin və zərdüştiliyin yayılmasını təsdiq edir. Kiçik və ya Atropat Midiyasının ən iri tayfalarından biri — midiyalıların (madahların) dini görüşlərinin daşıyıcısı olan maqlar od kultunun xidmətçi kahinləri, zərdüşti təlimini təbliğ edənlər və qədim ənənələrin, Avestanın müqəddəs kitablarının qoruyucusu olmuşlar. Alimlərin bir çoxu Əhəməni sülaləsinin ilk şahlarının zərdüştiliyi maqlardan götürdüklərini ehtimal edir.

Midiya, sonralar isə Atropatenanın mənəvi və ümumiyyətlə mədəni həyatında maq kahinlərin (atravanların) əhəmiyyəti çox böyük olmuşdur. Atropatenanın başında e.ə. 4-cü əsrdən başlayaraq teokratik hakim Atropat durmuşdur. Atropat şəxs adı deyildir, ona Avestada rast gəlinir və o, “od qoruyucusu” mənasını bildirir. Bütün bunlar Atropatenanın hələ Sasanilərdən xeyli əvvəl zərdüştiliyin mərkəzi olduğunu sübut edir.
Zərdüştilikdə odun və od kultunun əhəmiyyətini qiymətləndirməmək mümkün deyildir. Avestada və zərdüştilikdə od o qədər böyük rol oynamışdır ki, zərdüştiləri çox zaman “atəşpərəstlər” adlandırırlar. Od (Atar, sonralar Azər) ilahi ədalətin — Artanın (Avestada Aşa) ifadəsi, yaxud simvolu hesab olunurdu. Zərdüşti səcdəgahlarında odu sönməyə qoymur, ona səcdə edilir, onun şərəfınə məbədlər ucaldılırdı.

Sasanilər dövründə maqların çoxluq təşkil etdiyi Atropatenada odun və od məbədlərinin rolu xüsusilə böyük olmuşdur. 3-7-ci əsrlərdə — zərdüştilik Sasanilərin rəsmi dövlət dini olduğu zaman Cənubi Azərbaycanın rolu daha da artmış və o, üç əsr yarımlıq dövr ərzində zərdüştiliyin və zərdüşti kahinlərinin dayağına çevrilmişdir. Burada, Atropatenanın dini mərkəzi olan Şiz şəhərində Sasanilərin üç müqəddəs ziyarətgahından biri — şahın və döyüşçülərin od məbədi Adurquşnasp (Azərgüşnasp) yerləşirdi ki, buraya Sasani şahları tacqoyma mərasimindən sonra ziyarətə gəlirdilər.

Son onilliklərin tədqiqatları zərdüştilik ideyalarının Şimali Azərbaycan ərazisində də dərin kök saldığını və geniş yayıldığını göstərir.

Abşeronun bir çox yaşayış məskənlərində yanan təbii yanar qazlar — “əbədi” odlar qədim zamanlardan buraya Şərqin müxtəlif ölkələrindən zərdüşti möminləri və zəvvarları cəlb etmişdir. Bu odlar Xəzərin sahili boyu təpələrin ətəklərində yanırdı, təbii odlar qrupu ətrafında yaranmış iri yaşayış məskəni isə tədricən müqəddəs odların “yanar” paytaxtı — Bakı şəhərinə çevrilmişdir. Bir çox yerlərdə müqəddəs odları burada xeyli səcdəgah və od məbədləri yaratmış atəşpərəstlər qoruyurdular. Bakı şəhərinin adına Şərq müəlliflərində 10-cu əsrdən başlayaraq rast gəlinir, eramızın ilk əsrlərində (Sasanilər dövründə) isə o, hələ Baqavan şəhəri kimi tanınırdı. Qədim mərasim tikililərinin tədqiqatçısı D.Axundovbelə hesab edirdi ki, qədimdə bu şəhər Atəşi-Baquan (“Baquanın odları”), yəni “allah şəhəri”, yaxud “allahın yeri” adlanırdı və burada atəşpərəstlərin baş məbədlərindən biri — sonralar “Qız qalası” adlandırılmış yeddisəcdəgahlı səkkizmərtəbəli qala-məbəd yerləşirdi. Bu möhtəşəm məbədi bəzi tədqiqatçılar Ahura Mazda (“müdrik allah”), altı Ameşa Spenta (“ölməz müqəddəslər”) və Mitra ilə əlaqələndirirlər. Qədimdə baş məbədin ətrafında mazdaizm və mitraizm panteonlarının allahlarına həsr edilmiş çoxlu sayda kiçik məbədlər və bütxanalar da mövcud olmuşdur.

Midiyalılar və kaspilər kimi, albanlar da mitraizmin və mazdaizmin, sonralar isə zərdüştiliyin ardıcılları olmuşlar və onların abidələri də həmin dinlərin qanun və tələblərini təcəssüm etdirmişdir. Ayin və xatirə-mərasim tikililəri həmişə qədim kahin kanonları və göstərişlərinə əsasən inşa edilirdi. Bu mərasim tikililəri sonralar xristian və islam dinlərinin çoxlu sayda məbədlərinin və digər xatirə tikililərinin meydana gəlməsinin əsasını təşkil etmişdir. Mərasim və xatirə memarlıq abidələri, həmçinin, şübhəsiz ki, erkən və inkişaf etmiş orta əsrlərdə Albaniya incəsənəti özündə xristian, zərdüşti, mitraizm və islam dinlərinin elementlərini daşımışdır. Bu, onunla izah olunur ki, 4-cü əsrdə xristianlığı qəbul etmiş qonşu Gürcüstandan fərqli olaraq Albaniyada uzun müddət xalqın bir hissəsi zərdüştiliyə, mitraizmə və müxtəlif ayinlərə etiqad etməkdə davam edirdi. Musa Kalankatuklu Albaniyada xristianlığın üstün gəlməsini dəfələrlə qeyd etsə də, görünür, zərdüştilik Albaniya ərazisində kifayət qədər geniş yayılmışdır. Bunu həmin ərazidə aşkar edilmiş orta əsr məbədləri və od səcdəgahları bir daha sübut edir. 4-cü əsrdə (Sasanilər dövründə) Albaniyada məbəd memarlığı müəyyən dəyişikliklərə məruz qalır: məbədin əsas otağı (bir qayda olaraq, dördbucaqlı zal) özünəməxsus günbəzşəkilli otaqla - “dörd tağ”, yaxud “dörd hücrə” əvəz olunmuşdur.

Albaniyada od məbədləri çox zaman “atəşgah”, yaxud “çartaq” adlanırdı. Orta əsrlərə aid belə od məbədlərindən -çartaqlardan biri Yuxarı Çardaqlar kəndi (Zaqatala rayonu) yaxınlığında aşkarlanmışdır; tədqiqatçıların fikrincə, onun yanında “aşağı çartaq” da movcud olmuşdur. Memarlıq görkəminə görə Yuxarı Çardaqlardakı “çartaq” Abşeron yarımadasındakı qədim od məbədlərinə çox yaxındır. Lənkəran rayonununQovuran kəndində tapılan od səcdəgahının Yuxarı Çardaqlardakı və Suraxanıdakı od səcdəgahlarına oxşarlığı da maraq doğurur. Qovuran kəndinin yerləşdiyi Muğan vilayətinin adı “xalq etimologiyası”nın nəticəsidir “muğ” — “maq” sözü ilə bağlıdır. Ərəb müəllifləri, o cümlədənƏbül Fida Muğan vilayətində çoxlu sayda maqların (atəşpərəstlərin) yaşadığı kəndlərdən bəhs edirlər. Eyni zamanda, Qovuran toponiminin etimologiyası da Gavuran – “gavurlar (gəbrlər) yeri” sözü ilə əlaqəlidir. Bu faktlar orta əsrlərdə Muğanda zərdüşti əhalinin mövcudluğunu təsdiqləyir. Arxeoloqların Dərbənd şəhəri yaxınlığında aşkarladığı bir neçə zərdüşti qəbirləri Azərbaycanın bu zonasında da zərdüştiliyin yayılmasını sübut edir. 

Qədim Suraxanı məbədləri və atəşpərəstləri haqqında burada müxtəlif dövrlərdə olmuş səyyahlar və alimlər — alman səyyahı E.Kempfer(1683), fransız səyyahı, yezuit Villot (1689), alman həkimi İ.Y.Lerx (1732-35), ingilis səyyahı C.Hanvey (1740-47), rus səyyahları — akademikS.Q.Qmelin (1770) və S.Bronevski (1803) məlumat vermişlər. Hanveyin və Qmelinin məlumatlarına əsasən hələ 18-ci əsrdə Suraxanıda daşdan tikilmiş bir neçə qədim od məbədi mövcud idi, lakin zərdüştilər yalnız birindən istifadə edirdilər. Suraxanıdakı qədim od məbədləri bizim günlərədək qorunub saxlanmamışdır: Hanvey orada mövcud olan məbədlər haqqında xəbər verdiyi halda, Qmelin “yalnız bəzi yerlərdə ilkin tikililərin dağıdıldığını” göstərir, Bronevski isə məbədlərdən “yalnız dağıntılar qaldığını” bildirir. Pars alimi C.C.Modinin fikrinə görə, Suraxanıdakı Atəşgah məbədi daha qədim məbədin yerində tikilmişdir. O qeyd edir ki, “...bizim kitablarımızda Xəzər dənizinin qərb sahilində yerləşən Azərbaycanda bir neçə atəşpərəst məbədinin mövcudluğu haqqında yazılıb”. Mənbələrdə Suraxanıdakı odlara gəbrlərin, eləcə də hindlilərin (parslar) sitayiş etdiyi göstərilir (“gəbrlər” məfhumunun yerli zərdüştiləri nəzərdə tutduğunu söyləmək olar). Lakin 18-ci əsrin sonu — 19-cu əsrin birinci yarısına aid məlumatlarda gəbrlər haqqında, demək olar ki, heç bir xatırlama yoxdur. Atəşgahda yalnız ziyarətçi parsların olduğu göstərilir. Beləliklə, hələ 17-18-ci əsrlərdə Suraxanıda qədim od məbədləri mövcud olmuş, orada yerli zərdüştilər — gəbrlər ibadət etmiş, 19-cu əsrin əvvəllərindən isə onları parslar əvəz etmişlər.

Məhsuldarlıq və astral ayinlərlə bağlı Avesta simvolik obrazları sistemi özünün parlaq ifadəsini Azərbaycan dekorativ-tətbiqi sənətində tapmışdır. Əsrlər boyu Avesta kosmologiyasının obrazları — ağac ətrafında heyvanlar, caynağında otyeyən heyvan tutmuş quş, zebuya hücum edən şir, mifık Simurq quşu, “dünya ağacı” və s. Azərbaycan xalça ornamentalistikasının formayaradan motivləri olmuşdur. Bu günə kimi gəlib çatmış Avesta simvollarının zənginliyini gözəl Azərbaycan xalçaları əyani nümayiş etdirir və təsdiqləyir. Bu xalçalarda xalqın ənənəvi dünya baxışında, dayanıqlı bitəəlşüur assosiasiyalarında təsbit olunmuş və uzaq keçmişin müqəddəsləşdirdiyi simvollar əksini tapmışdır.  
 Müəlliflər:Aflq Sultanov, Rauf Məlikov

Azərbaycan Milli Ensiklopediyası