Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Fəthi əl-Məlkavi. "İslam metodologiyası". Dini, elmi-kütləvi. Bu tədqiqatda "İslam metodologiyası" məfhumunun mənasının müəyyənləşdirilməsinə cəhd göstərilir.

Müəllif:

Bələdçi


Kateqoriya:

Dini tolerantlığın innovativ təbliği: QHT Şurası layihəsi



Qısa Təsvir:

Fəthi əl-Məlkavi. "İslam metodologiyası". Dini, elmi-kütləvi. Bu tədqiqatda "İslam metodologiyası" məfhumunun mənasının müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu zaman isə tədqiqatçının düşüncəsini islami məqsədlərdə təmərküzləşdirən, onu müasir elm sahələrindəki hakim Qərb metodologiyasından qalın xətlərlə fərqlənən baxış tərzinin dəyər və prinsipləri sistemində himayə edən təfəkkürün qayda-qanunları əsas götürülür.


Baxış sayı: 1865
    
    


www.kitabxana.net 

Milli Virtual-Elektron Kitabxananın təqdimatında


"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği". Elektron kitab N 15 (85- 2016)

Bu elektron nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ildə maliyyə yardımı müsabiqəsinin qalibi olmuş, bir hissəsi maliyyələşdirilən, Yeni Yazarlar və Sənətçilər Qurumunun "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihəsi çərçivəsində http://www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana tərəfindən nəşrə hazırlanıb və yayılır.


Kulturoloji layihənin bu hissəsini maliyyələşdirib 


Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası: http://cssn.gov.az/


Yeni Yazarlar və Sənətçilər Qurumu: http://www.yysq.org 


Fəthi əl-Məlkavi


"İslam metodologiyası"


 Dini, elmi-kütləvi


Tərcümə: Elvusal Məmmədov


Elmi-ədəbi redaktə və bütün hüquqlar kitabı nəşrə hazırlayanlara məxsusdur

Kitab YYSQ tərəfindən e-nəşrə hazırlanıb.

Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq

YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. Bаkı - 2016


Düşüncədə və elmi tədqiqatlarda islam metodologiyası dedikdə hər hansı bir problemin öyrənilməsi və ya həllində islam nöqteyi-nəzərindən istifadə edilməsi zəruri olan ideal üsullar və metodlar məcmuyu nəzərdə tutulur. Belə metodlar isə müxtəlif mənbəliliyinə baxmayaraq, hökmverici və istiqamətləndirici xarakterə malik, tədqiqat prosesini və alınacaq nəticələri müəyyənləşdirən, mülahizələrdə formalaşan fikirlərdən ibarətdir. Çox vaxt bu mülahizə və fikirlər təsəvvürlər, əsas məfhumlar, təfəkkürün və tədqiqatın qayda-qanunları və mərhələləri, köməkçi vasitələr, hakim və istiqamətləndirici dəyərlər və məqsədlər kimi təsnif edilir.

“Metodologiya” adlandırdığımız şey barəsindəki fikirlərin müxtəlifliyi tədqiqatçıların əsaslandıqları “müəyyənləşdirmə” və “qərəzsizlik” səviyyələrindən asılıdır. Eləcə də burada metodoloji yanaşmaların universallıq dərəcələri və ya onlara naqis münasibət faktı əsas rol oynayır; belə ki, bəzən metodologiya əsas təsəvvürlər baxımından məhdudlaşdırılır. Çox vaxt metodologiya dedikdə əməli addımlar və tədqiqi işlər nəzərdə tutulur. Bəzi hallarda isə metodologiya müşahidədə, təsvirdə, təsnifləşdirmədə, təcrübədə, təhliletmədə, şərhvermə və sillogizmdə tədqiqatın köməkçi vasitəsi kimi başa düşülür.

İslam metodologiyası haqda yazılanların çoxunda əksər hallarda dəyərlər və meyar şərtləri haqqında danışılır və bildirilir ki, tədqiqatçılar axtarış və təfəkkür əməliyyatı zamanı onlara əsaslanmalıdırlar. Həmçinin, bu yazılanlarda metodologiyanın müəyyən sahə və xüsusi elmi istiqamətlərə uyğun fərqli məxrəclər sistemi olması fikri səslənir.

Bizim bu tədqiqatımızda isə “islam metodologiyası” məfhumunun mənasının müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu zaman isə tədqiqatçının düşüncəsini islami məqsədlərdə təmərküzləşdirən, onu müasir elm sahələrindəki hakim Qərb metodologiyasından qalın xətlərlə fərqlənən baxış tərzinin dəyər və prinsipləri sistemində himayə edən təfəkkürün qayda-qanunları əsas götürülür. Habelə, biz dini mətnlərə əsaslanan bilik növlərinə, sosial və humanitar elmlərə dair ümumi təsniflərdə islam metodologiyasının bəzi təzahürlərinə toxunacağıq. Sonra isə bu tədqiqatda qarşımıza qoyduğumuz problemin həllinə keçəcəyik. Problem isə belə qoyulub: Qərb metodologiyası ilə müqayisədə düşüncə və elmi tədqiqatlarda islam metodologiyasının əsas mənbə və təsəvvürləri hansılardır?

“İslam metodologiyasının mənbələri” təbirindəki “mənbə” anlayışının mahiyyəti qnoseologiya və metodologiyanın nəzəri problemləri ilə məşğul olan müasir zəka qarşısında hərtərəfli şəkildə izah edilməli, açıqlanmalıdır. Qeyd olunmalıdır ki, “mənbə” məfhumu özünəməxsus islami arxaplana malikdir və bu arxaplan sistemli şəkildə “mərcelik” (mötəbər mənbəlilik), “ictihad” və “istinbat” (tapıb çıxarma; nəticəyə gəlmə, əldəetmə) kimi anlayışlar barəsində, islam hüququ (fiqh), dinin ana prinsipləri (üsuliddin) və ümumiyyətlə, şəriət mirası haqqında elmi fəaliyyətlə əlaqəli məsələdir. Bununla yanaşı, müasir yanaşmalarda “mənbə” məfhumu ilə “mərcelik”, “vasitə”, “əsas nəzəriyyələr”, “əvvəlki tədqiqatlar” və “giriş” kimi dövri anlayışlar arasındakı münasibətlərdə qaranlıq məqamlar mövcuddur.

Düşünürük ki, “mənbə” məfhumuna “istinbat” anlayışının və onun “əhatə imkanlar”ının aydınlaşdırılması kimi baxmalıyıq. “İstinbat”ın əhatə imkanları isə islam, xüsusilə də fiqh irsində “ictihad” əməliyyatının mahiyyətini təşkil etməklə yanaşı, müasir dövrdə elmi tədqiqatların icmalını özündə birləşdirə bilər. Daha da aydın olsun deyə, bir misal gətirək:

Bir şəxsin hər hansı bir məsələnin cavabına nail olması və ya bir problemin tədqiqi üçün zehnini “emal” etməsi səhrada susuz dolaşan səyyahın su mənbəyi axtarmasına oxşayır. Ola bilsin ki, səhradakı ilğım səyyahı aldatsın və ya o, qurumuş çeşmələrə, çaylara rast gəlsin. Ancaq buna rəğmən, o, su axtarmağında davam edir. Nəhayət “mənbə” sayılacaq quyuya rast gəlir. Mənbə tapıldıqdan sonra oradan suyun çıxarılması (istinbatı) lazımdır. Bunun üçün iki məsələyə diqqət yetirmək vacibdir: a) suyun çıxarılması üsulu; b) suyu çıxarma vasitəsi. Ola bilsin ki, səyyah sadəcə ovuclarından istifadə etməklə su içsin. Və ya köməkçi vasitə olaraq dolçaya bənzər bir şey düzəltsin. Ya da daha mürəkkəb vasitədən – kəndirli qabdan istifadə etsin. Bundan sonra o, suyun çıxarılmasına başlayır: qabı əlinə götürür, quyuya sallayır, yırğalayır, aşağı-yuxarı edir, doldurur, yuxarı çəkir və məqsədinə çatır; suyu əldə etməklə, yəni, “məsələni cavablandırmaq”la bu əməliyyatdan əməli olaraq istifadə edir.

Yuxarıdakı bəsit misaldan aydın olur ki, “mənbə” adlandırdığımız şey təfəkkür-tədqiqat əməliyyatının digər komponentlərindən fərqlənir. Görünür, bu fərq ənənəvi müsəlman düşüncəsi üçün yad olmamışdır. Eləcə də islam hüququnun əsas prinsiplərini təsis edənlər bu fərqin mahiyyətinə bələd olmuş, mahiyyət və təzahür (fiqh), mənbə və fiqhin ümumiləşdirilmiş dəlil-sübutları, tədqiqetmə metodu və lazımi vasitələr, onların istifadə edilməsi, tədqiqatçı və tədqiqatın prinsipial tələbləri (bunlar ictihadın şərtləridir) arasında fərq qoya bilmişlər. Biz istəyirik ki, müasir zəkalar metodologiya və onun mənbələri probleminə münasibətdə bu xüsusu yaxşı şəkildə dərk etsinlər. Deməli, bu baxışa görə, metodologiya icraat və vasitələrin təmininə xidmət edən hakim qayə və məqsədlərin, dəyərlərin asılı olduğu metodlar məcmuyudur.

Biz bu tədqiqat əsərimizdə məzmun baxımından metodologiyanı “mənbədən tələb olunan şey” hesab edəcəyik; bu, mahiyyət xarakterli yoldur. Ancaq o, həm də mənbə ilə əlaqəlilik baxımından arzu edilən məzmundur.

Bu metodologiyanın mənbələri onun əxz olunduğu bazislər sayılır və onlar bəzən bir-biri ilə qarışır, bəzən də şaxələnirlər. Ancaq mühüm olanı budur ki, onlar məxəzlik, mənbəlilik xarakterini dəyişmirlər.

Təsəvvürümüzə görə, islam metodologiyasının mənbələri iki əsas struktur hissədən ibarət bir sistemdir və bu struktur hissələrin birincisi vəhy, ikincisi isə insanın mövcudluğu ilə şərtləşən varlıq aləmidir. Bu iki mənbədən altmənbələr törəyir ki, onlar da sözügedən iki mənbənin sosial münasibətlərlə əlaqəsi zəminində formalaşırlar. İslamın elmi irsi və tarixi-mədəni mirası belə altmənbələrdən sayılır.

İslam nöqteyi-nəzərinə görə, vəhy əsil mənbədir, başlanğıc nöqtədir. O, müsəlman təfəkkürü üçün əsas təsəvvürləri təmin edir, ona varlıq aləmi və struktur hissələri haqqında başlıca bilikləri verir. İnsana ehkamlar, dəyər və məqsədlər çərçivəsində istiqamət verən vəhy rasional təfəkkürün böyük nəzəriyyələrlə çıxış etməsi üçün geniş imkanlar yaradır və bu böyük nəzəriyyələr də öz növbəsində elm və bilik sahələrinə əsaslanan törəmə mənbələrə çevrilir. İslam təcrübəsinə görə, belə nəzəriyyələr, həqiqətən də metodologiya probleminin haradan qaynaqlanmasının müəyyənləşdirilməsində dərin köklərə malik miras xarakteri kəsb edir.

Qeyd edək ki, vəhy və ondan törəmiş elm sahələri, bilik istiqamətləri, qayda-qanun və prinsiplər də tədqiqat metodologiyasını təşkil edən “qaydalar”ın təsis edilməsinə geniş imkanlar yaradır. Tədqiqat isə vəhyin özü, dini mətnlər və onlarla bağlı elm sahələri və problemlər, nəfs, reallıq, varlıq aləmi və qeyb məsələləri ətrafında aparıla bilər.

Varlıq aləminə gəlincə, o da metodoloji qayda-qanunların təsisi üçün zəruri olan əsas mənbədir. Mövcudiyyət və həyat, birbaşa müşahidə və birgəyaşayış, şifahi və yazılı mötəbər informasiya, təfəkkürün müştərək zəruri qayda-qanunları, hisslər və onlarla əldə edilmiş məlumatlar və s. bilik mənbələri (informasiyanın ümumi və xüsusi mənbələri) hesab olunur. Bu sadalananlar eyni zamanda metodoloji qayda-qanunların hasilini təmin edir.

Mühüm olaraq qeyd edək ki, müasir nöqteyi-nəzərlərdə çox vaxt “biliyin mənbəyi” və “metodologiyanın mənbəyi” məfhumları bir-biri ilə səhv salınır. Bəzən də bu iki məfhum bilik və tədqiqat vasitəsi kimi nəzərdən keçirilir; təfəkkür və onun qayda-qanunlarına, sensual idrak və funksiyalarına vasitələr kimi baxılır. Mövcudiyyət, reallıq və informasiya adətən metodologiyanın deyil, biliyin mənbələri hesab olunur. Ancaq bu kitabda iddia edilir ki, bütün bu elementlərin bəziləri ayrıca olaraq mənbə rolunu oynamasa da onların hər biri özündə bu və ya digər formada metodoloji mənbə əlamətinə malikdir.

Bu iki böyük mənbəyə və onlardan törəyən digər mənbələrə münasibətdə əhəmiyyətli problemlər mövcuddur. Bu problemləri dərindən öyrənmək lazımdır ki, metodologiyanın əsas iki mənbəyi olan vəhy və varlıq aləmi ilə münasibətdə aydın islami baxışa nail olmaq mümkün olsun! Eyni zamanda bu iki mənbə – vəhy və mövcudiyyət, vəhy və həyat, vəhy və təfəkkür prosesləri ilə islamın elmi irsi, müasir psixoloji və sosioloji nəzəriyyələr arasındakı əlaqələrə də diqqətlə yanaşmaq lazımdır.

Bu kitabda araşdırmalarımız aşağıdakı kimi aparılıb:

- Giriş. Əsas məfhumlar: elm, metodları və təsnifləri

- İslamda bilik etalonu: müqayisəli yanaşma

- Birinci. Vəhy metodoloji mənbə kimi: vəhy və irslə birlikdə metodologiyadan da yararlanma;

- İkinci. Varlıq aləmi metodologiyanın mənbəyi kimi: reallığın keyfiyyətlərinə metodoloji münasibət;

- Dəmir pulun digər üzü: metodoloji və qeyri-metodoloji baxımdan irsə münasibət.

Uğur yalnız Allahdandır.

DİQQƏT


 Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsin şamil olunmur.

 

 "Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği"  kulturoloji-intellektual layihə silsiləsindən olan e-kitablarla buradan tanış olun:  


 http://kitabxana.net/?oper=e_kitabxana&cat=175

 

"Mədəniyyətlərin sığındığı etiqad: sosial şəbəkələrdə dini tolerantlığın innovativ təbliği" kulturoloji-intellektual layihənin rəsmi Feysbuk səhifəsi: 

https://www.facebook.com/groups/yenikreativ/