ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
![]() |
|
---|
50 il və bir gün onlar dolçe vita -şirin həyat tamaşasını birlikdə oynadı
İtaliya Fellinini dəfn eləyəndə Roma şəhərində nəqliyyat hərəkəti dayandırılmışdı. Bütün radio və telekanallar fəaliyyətini saxlamışdı. İtaliyanın yollarıyla hərəkət eləyən çoxminlik izdiham sevimlisini son mənzilə fasiləsiz alqışlarla yola salırdı. Maestro doğulduğu Rimini şəhərində də basdırıldı. Cülyetta öz göz yaşlarını gizləmirdi. Bütün başsağlıqlarını köməksiz, bütün dünyaya ona məşhurlaşdırmış təbəssümü ilə qəbul edirdi. Fellini özü deyirdi ki, Cülyettada itmiş, azmış balaca köpəyin məsum baxışları var. Düz 5 ay sonra Cülyetta da Romadan Rimini qəbirsanlığına gedən yolu bir də gedəcəkdi. Cülyetta sevimli Federikosunun fotosunu əlində tutmuş vəziyyətdə dəfn olunmağı vəsiyyət eləmişdi. Dostları deyirdi ki, Fellinidən sonra Cülyetta demək olar ki, danışmırdı. Yalnız dodaqaltı pıçıldıyırdı: «Federikosuz mən yoxam».
Məhəbbətin növləri
Federiko Fellini və Cülyetta Mazina əfsanəvi cütlüyünün ilə bağlı qalmaqal hər ikisinin dəfnindən bir il sonra baş qaldırdı. Hollandiyalı yazıçı qadın Rozita Stenbek «Məhəbbətin növləri» adlı avtobioqrafik romanında açıq-aydın yazırdı: «Mən Federiko Fellininin sonuncu sevimli qadınıyam. Onun arvadı Culyetta Mazina bunu bilirdi». Kitabın süjeti çox sadə idi. Bütün macəralarında yazıçı Eduardo (Alberto Moravionun prototipi) və Marçello Leoni (yəni Federiko Fellini) müşayiət edir. Eduarde, Marçello və Rozita «üç nəfərlik məclis» təşkil edir və kişilər növbəylə qadının qenitaliyasını qamçıyla kötəkləyir. Üstəlik Rozita təkid edirdi ki, guya Fellini biseksual idi.
Rozita həqiqətən də həm Fellini, həm də Mazina ilə tanış idi. Filmlərin birində epizodik rolda da oynamışdı. İtalyanlar bu kitabı milli ilahiyyat simvolunun təhqiri kimi qəbul elədilər. Axı Fellini və Mazina hələ sağlığında ilahiləşdirilmişdi, onlar haqqında heyranlıqla danışılırdı. İndi bütün millət bilmək istəyirdi ki, onların ilahiləşdirdiyi insanlar bir-birini sevirdi, yoxsa karyeraya görə riyakarlıq edirmişlər?
Həyat yalanları, yaxud kinodan əvvəl
Fellini öz valideynlərindən söz düşəndə onların məhəbbət macərasını danışmağı çox sevirdi. Birinci Dünya Savaşında sıravi əsgər Urbano Fellini Romadan olan varlı ailənin qızını sevir və evlənməyi təklif edir. Validenlər əlbəttə ki, narazı idi. Amma cavanlar gizli evlənib Urbanonun vətəninə, əyalətə köçüb yaşayırlar. Mazinanın da ailəsində romantik sevgi macərası vardı. Onun atası gözəl violonçel çalan idi. Sevimli qadınına evlənməkçün o yaradıcılıq ləzzətini, alqışları mineral gübrələr zavodunda kassir vəzifəsinə dəyişdi. Fellini validenlərinin sevgisindən danışanda həmişə sonluğun ürəyincə olmadığını vurğulardı- uşaqlar, pul, məişət… O dəqiq bilirdi, bizim həyat adlandırdığımız reallıq yalançı dekorasiyadır. Bu boz dekorasiyanın arxasında fişənglərlə, şən musiqiylə, ağlasığmaz nağıllar və əfsanələrlə dolu yarmarka balaqanı gizlənirdi. Amma bura ən layiqlisini və həqiqətdən hali olanları buraxırdılar.
Fellinin elə balaca olanda da özündən olmazın yalanlar uydurardı. Həmişə deyərdi ki, cəmi 3 kitab oxuyub. Validenlərinin isə onu kitabdan ayırmağa gücü çatmırdı. Yalandan deyərmiş ki, hes vaxt fuibol oynamayıb və pis oxuyur. Əslində sinifin ən yaxşı şagirdlərindən biri idi. Katolik məktəbdə başlarına gətirilmiş işgəncələrdən ləzzətlə danışardı. Soyuq zirzəmilər, qarğıdalı ya da noxud üzərində yalın diz üstündə saatlarla oturmalar… Sinif yoldaşları deyirdi ki, belə şeylər heç vaxt olmayıb. Balaca Federikonun ən qatı düşməti əmisi idi. Çünki o, vaxtınla anlamışdı ki, uşaq yalan danışır və riyakarlıq eləyir. Ona görə də tam əminliklə demək olar ki, Federiko Cülyettaya ona görə vurulmuşdu ki, o ona uydurduğu ssenari ilə yaşamağa imkan verirdi. Onlar rastlaşan kimi Cülyetta anlayır ki, Federiko sadə, cılız problemlərlə dolu reallıq adlandırılan həyatdan çimçəşir. Ətrafdakılar anlaya bilmirdi ki, onların münasibətində reallığın bitdiyi, oyunun başladığı məqam hardadı.
Bəstəkar Nino Rota xatırlayır ki, naharların birində Federiko deyir: «Cülyetta, yadındamı, biz səninlə Avstraliyada olanda…». Hamı çox gözəl bilirdi ki, onlar Avstraliyada heç vaxt olmayıb. Cavabında Mazina gülümsəyib «Əlbəttə, əzizim, orda çox gözəl artişoklar bitirdi» demişdi. Onlar şən həyat tamaşasını birlikdə oynayırdı. Burda kino və həyat arabir yerini dəyişirdi.
«Mənim filmlərim balalarımdı»
Onlar 1943-cü ildə radioda tanış olmuşdu. 18 yaşlı Culyetta artıq canlı efirin məşhur aparıcısı idi və teatrda mövsümdə azı 5 tamaşada rol oynayırdı. Fellini isə karikaturaçı kimi kiçik qəzetdə işləyir və Mussolini ordasundan qaçırdı. Fellini məşhur aparıcı Cülyetta Mazinadən guya kino sınağı üçün foto alır. Sabahısı gün onlar artıq birlikdə restoranda nahar eləyirdi. İlk görüşdə Fellini vetçina, ravioli, qızartma və pirojki sifariş vermişdi. Gülyetta tərəvəz şorbası ilə kifayətləndi. Lap ssenaridəki kimi onlar nişan barədə iki həftə sonra elan elədi və Federiko Cülyettanın xalasının evinə köçdü. Federiko və Cülyetta Culiya xalanın evində məskunlaşandan bir neçə ay sonra nigah bağladılar. Nigah mərasimi təhlükəsizlik baxımından pilləkan başında keçirdi. Federiko cəbhəyə göndərilmək qorxusundan katolik kilsədə görünə bilməzdi. Hərbdən yayınmaq üçün özünü xəstəliyə qoymalı və həkimlərə rüşvət verməli olurdu. Hər şey son dərəcə gizli idi, ona görə də «Ave Mariya»nı Fellininin dostlarından biri oxuyurdu. Mərasimdən sonra yenicə evlənənlər «Qalereya» kinoteatrına getdi. Burda konferansye yenicə evlənənləri alqışlarla təbrik etməyi elan edəndə Cülyetta çox təccübləndi. Bu, Federikonun toy hədiyyəsi idi. Ömürlərinin sonuna kimi də Fellini xanımına brilyant bağışlamaqdansa sürprizlər eləməyə daha çox sevirdi. Cülyetta isə onun ən qiymətli hədiyyəsi kimi «Yol» və «Kabiriyanın gecələri» filmlərini sayırdı.
Toydan bir neçə həftə sonra Cülyetta pilləkəndən yıxılır və təməli təzəcə qoyulmuş uşağını itirir. İkinci hamiləlik nisbətən uğurlu olur, onların oğlanları doğulur. Uşağın adını atası kimi Federiko qoyurlar. Amma uşaq iki həftədən çox yaşaya bilmir. Onların bir daha uşağı olmadı. Evliliyinin faciəvi tərəfinə kimsə eyham veranda o «Mənim filmlərim balalarımdı» deyərdi.
Diqqət, çəkiliş gedir!
Toydan sonra Federiko həyat tərzini dəyişməmişdi. Cülyetta evinin qapılarını onun bütün dostları üçün taybatay açmışdı. Burda cazibədar qadınlar da tez-tez olurdu. O, Cülyettaya hər şeyi danışırdı, hətta romanlarını da. Dostları xatırlayır ki, əgər Federikonun nəsə bir günahı olardısa bunu Cülyetta birinci öyrənərdi, özü də moestronun özündən.
Mazina davakar xasiyyətiylə Felliniyə tam uyğun gəlirdi. O, görkəmcə incə pəriyə bənzəsə də güclü qadın idi və ona tam arxayın olmaq olardı. İlk filmi çəkməyə Fellinini Mazina təkid edir. Bundan sonra həmişə belə olacaq, Cülyettasız bir film də ötüşmür. Fellini ssenarini yazmağa oturmamışdan əvvəl onlar filmi müzakirə edir. Cülyetta naturanı sevməyə də şəxsən özü gedir və çəkiliş meydanında onsuz ötüşmür. Əvvəl Fellini yalnız öz arvadını çəkmək fikrindəydi. Onun iştirakıyla ilk 2 film Cüyettanı əlçatmaz yüksəkliyə qaldırmışdı. Cülyettanı dahi adlandırır, Çarli Çaplinlə müqayisə eləyir, «Oskar»lar verir və sərfəli müqavilələr təklif edirdilər. Amma Hollivudun bütün təkliflərinə Mazina «yox» cavabını verirdi. Dostları xatırlayır ki, film üzərində iş zamanı Fellini üçün arvadının fikri hamıdan üstün idi. Əgər Cülyetta çəkiliş meydanında yoxdusa o, iki dəqiqədənbir evə zəng eləyib hər xırda detalı da ondan soruşardı. Onlar tez-tez dalaşardı. Amma rejisor və aktrisa kimi yox, elə ər və arvad kimi. Fellini Cülyettanı deyingənlikdə, Cülyetta isə onu səbirsizlikdə ittiham edərdi. Elə bil ki, söhbət kimin qab yuyacağı barədə gedirdi. «Satirikon» filminin çəkilişi zamanı onlar bərk tutaşdılar və Mazina çəkilişlərdən ayağını çəkdi. Fellini dəli olurdu və çəkməkdən imtina edirdi. Filmin əsas səhnəsi çəkilən gün Cülyetta meydançada göründü. O, hamıyla salamlaşıb bir küncdə oturdu və toxumaq üçün millərin çantasından çıxardı. Nəhayət ki, üçüncü dəfədən kadr istənilən kimi alındı. İnsula şəhərinin məhvi səhnəsindən sonra meydança toz və daşlardan ibarət qasırğa mərkəzinə oxşayırdı. Hürkmüş atlar az qala kameraları sındıracaqdı. Fellini «Stop» qışqırandan sonra Cülyetta dinməzcənə baxışlarını endirdi və toxumağa başladı.
Mazina kino ulduzu ola bilmədi. Onun professtonal fəaliyyəti bir rejisyorun 4 filmi ilə məhdudlaşdı. Söhbət dahi aktrisadan getdiyinə görə bu təssüf doğurur. Celsomina, Kabiriya, Cülyetta və Cincer – bu rolları onların uşaqları saymaq olar.
Kök qadın iri, spaqetti ilə dolu bir qab kimidir
Kinodan başqa Fellininin daha bir ehtirası da vardı. O, qadınları sevirdi, əsil italiyalı maço kimi: «Maşının pəncərəsindən gözümə dəyən bir qadın mənə yeni filmə təkan verə bilər. Axı bu Şiller kimi çürük almaları iyləməkdən, Balzak kimi çoxlu kofe içməkdən, Turqenev kimi ayağını isti suya salmaqdan daha yaxşıdı. İtaliyalı kişi həmişə nəsə böyük bir şey arzulayır. Ona görə də italyanlan həmişə acdı və daim tuluğunu doldurmaq barədə fikirləşir. Bu səbəbdən də biz həmişə iri qadın istəyirik. Kök qadın iri, spaqetti ilə dolu bir qab kimidir. Mənə elə gəlir ki, ömrü boyu qadınlar barədə film çəkmişəm. Məni onlara çox borcluyam. Film üzərində işə başlamazdan əvvəl mən vaxtımın çoxunu masa arxasında keçirirəm və qadın döşləri və yambızlarını çəkməklə məşğul oluram. Bu mənim filmə daxil olmaq üsulumdu ».
Fellini yaradıcılığa karikaturadan başlayıb. Romaya gələn kimi studiya açaraq amerikalı əsgərlərin sifarişi ilə şarjlar çəkib. Ömrünün sonuna kimi çəkdiklərinin hamısı da karikatura idi. Əsil italiyalı kimi iri formalardan valeh olurdu. Çəkdikləri qadınların formaları nəsə qeyri insani həcmdə olurdu: «Nə qədər ki, özümü xatırlayıram, əlimə düşən kağız parçasında nəsə çəkmişəm. Bir növ şərti reflekç kimi. Hətta indi utanaraq deyirəm ki, nə vaxtsa rəssam olmağı da düşünmüşəm. Atam cibində mənim çəkdiyim bir neçə rəsmi gəzdirər və qarşısına çıxan hər kəsə onu fəxrlə göstərərdi. Hələ qimnaziyada oxuyarkən kağız və rəngləri qoltuğuma vurub çimərlikdə istirahət edənlərə şəkillərini çəkməyi təklif edərdim. Rənglə təsvir eləmək məndə həmişə böyük təssürat oyadardı, demək olar ki, aktyorların oyatdığı hisslər qədər. (Aktyor deyirəm, amma aktrisa deməyim daha düzgün olardı)».
50 il və bir gün
«Cülyetta və ruhlar» filmi Cülyetta üçün və onun barəsində olmalıydı. Fellini bu ideyanı çoxdan içində gəzdirirdi. Amma film nə tənqidçiləri, nə də tamaşaçıları razı saldı. Ekrana çıxandan sonra film müəllifinə çoxlu başağrısı gətirdi. Vergi orqanları rejisoru maliyyə pozuntularında günahkar bildi. Məhkəmə dövlətə 200 min dollar ödəmək qərarını çıxardı. Qərar haqsız olsa da Federiko dinməzcənə evini satıb Cülyetta ilə birgə kiçik mənzilə köçdü.
Onlar birlikdə qocaldılar. Kinonun inkişafına görə verilmiş «Oskar» Fellininin sonuncu mükafatı oldu. Mükafatı alandan sonra eynəklərinin altından zala göz gəzdirib parterdə oturmuş Cülyettaya tərs-tərs baxdı: «Gözünün qorasını sıxma, Cülyetta!». Bütün kameralar elə bil əmr almış kimi Mazinanın göz yaşlarını çəkməkçün ona tərəf çevrildi. Amma bundan sonra Cülyetta daha da bərkdən zırıldamağa başladı.
91-cü ilin 30 oktyabrında Federiko və Cülyetta dostlarıyla qızıl toylarını qeyd eləməyi planlaşdırmışdır. Səhəri gün toylarından 50 il və bir gün keçmiş Fellini dünyasını dəyişdi. Onun dəfn mərasimində Romanın kardinalı icazə verdi ki, messa zamanı Fellini filmlərinin bəstəkarı olmuş Nino Rotanın musiqiləri səslənsin. Cülyetta ağ ciyərin xərçəngindən 74 yaşında vəfat elədi. Qəribə səslənsə də onlar biri o birindən ayrı yaşaya bilmədi. Allah hər kəsə qismət eləsin ki, heç olmasa Federiko Cülyettanın qulağına pıçıldyan kimi «Sənə rast gələndə mən elə bil yenidən doğuldum» cümləsini eşidə bilsin. Cavabında «Sən mənim əlimi tutanda mən dünyanı tamam başqa nəzərlərlə görməyi öyrənmişəm» eşitsin.
E-mənbə / Link: http://bizimyol.az/?mod=news&act=view&nid=27430