ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Suprematizmin banisinin Günəş üzərində qələbəsi
İlk baxışdan bele görünə bilər: burda nə var ki? Ağ fonda adi qara kvadrat çəkilib. Hələ bir əyriliyi, natarazlığı da var. Bunu hər kəs çəkə bilər. Amma keçən əsrin sonlarında rus rəssamı Kazimir Maleviçin çəkdiyi qara kvadrat hələ də tədqiqatçıları, sənət həvəskarlarını özünə çəkir. Bu bir tapmaca, mif, rus avanqardının dünyaya verdiyi töhvə kimi yaşayır.
Biz bu kvadrata baxarkən üst qatın çatları arasından başqa rənglərin – çəhrayı, yaşıl – göründüyünün şahidi oluruq. Çox guman ki, qara rəngin altında rəng kompozisiyası varmış. Bu kompozisiya baş tutmayıb və qara kvadrat onu tamamilə udub. Rəssam kvadrat haqqında çox düşünürmüş və bu addımını əsaslandırmaq üçün çoxlu nəzəri kitablar yazırmış və onu kosmik şüurun təzahürü sayırmış. Maleviç hesab edirdi ki, «Qara kvadrat» hər şeyin zirvəsidir.
Dünyada fırça və rənglər olmayanda
1878-ci ildə Kiyevdə şəkər zavodlarının işlər müdiri Severin Maleviçin ailəsində ilk uşaq Kazimir doğuldu. Polyak mənşəli Maleviçlər ailəsində cəmi 14 uşaq doğulub. Onlardan yalnız 9-u yetkin yaşlarınadək yaşaya bilib. Evin böyüyü Kazimir çəkməyi müstəqil öyrənib. 11 yaşınadək uşağın heç ağlına da gəlmirdi ki, dünyada qələm, kömür, kağız, hələ bir rəng və fırça adlı sehrli predmetlər var. Əsl incəsənətlə tanışlığı Kiyevdə baş verdi. Atası onu şəkər yarmarkasına aparanda mağazaların birində Kazimir skamyada oturub kartof təmizləyən qızın təsviri verilmiş lövhə gördü. Bu oğlanın yaddaşında silinməz izlər buraxdı. 15 yaşında anası ona ad gününə rəng qutusu bağışlayandan sonra rəssamlığın əsil dadını gördü. Rənglərin təsirinə düşən cavan bilmirdi ki, neynəsin, axı rənglər təbiətdə olsa da onu təsvir eləmək üsulları Moskvada idi.
«Aylı gecə» adlanan ilk rəsmi daha çox təssürat altında yazılmışdı, nəinki naturadan. Çünki naturadan yazanda daha artıq duyğulanır və işləyə bilmirdi. Dostlarından birinin ticarət damarı tutdu və bu lövhəni Neva prospektindəki dəftərxana malları dükanında satışa çıxardı. Əsər 5 rubla satıldı. İndi günə bir dilim kolbasa yemək şərtilə bir ay dolanmaq olardı. Növbəti işi də daha artıq qiymətə həmən yerdəcə satıldı. Sənətşünaslar o dövrün əsərlərini indi çıraqla gəzirlər. Bu dövr Maleviçin «mujik» dövrüdür. O, donuz piyi satmaqdan dəriləri, paltarları günəş şüaları altında par-par parıldayıb bərq vuran kəndliləri, sarımsaq iyi verən satıcı qadınları təsvir eləyir və dünyaya atasının şəkər zovodundakı həyatın gözüylə baxıb oranın tempi və ritmində yaşayır.
«Qara kvadrat» 20-ci əsrin şüarıdır
1913, ya 1914-cü il, bəlkə də 1915-ci il olardı. Bu illərin hansısa bir günündə Kazimir Maleviç ortabab bir kətan götürdü. 79,5 sm-in 79,5 sm-ə ölçüdə. Onun kənarlarını ağ rəngə boyadı. Ortasını isə qara rənglə örtdü. Bu əməliyyatı balaca uşaq da eləyə bilərdi, əgər bu boyda kvadratı tam rəngləməyə səbri çatsaydı. Bu lövhəni hətta adi ağıldankəm, cəmiyyətin dəli adlandırdığı şəxs də çəkə bilərdi. Amma çəksəydi belə tablonun lazımi vaxtda, lazımi yerdə nümayiş ediləcək şansı olmazdı. Maleviç isə sadə əməliyyatı yerinə yetirəndən sonra dünyanın ən sirli və ən qorxunc rəsminin müəllifi kimi tanındı. O, fırçanın hərəkəti ilə köhnə və yeni sənət, insan və kölgə, qızılgül və tabut, həyat və ölüm, Allah və İblis arasındakı uçurumun yerini dəqiq göstərərək sərhəddi öz əlləriylə cıza bildi. Özü dediyi kimi «hər şeyi sıfıra yendirdi».
1915-ci iln sonunda Birinci Dünya Savaşının qızğın vaxtı tükürpədici tablo futuristlərin sərgisində nümayiş edildi. Maleviç başqa əsərlərini adi qaydada divardan asdısa «Kvadrat» üçün xüsusi yer seçdi. Sərgidən çəkilmiş fotoda görünür ki, «Qara kvadrat» tavanın altında, küncdə yerləşdirilib. Adətən rus məişətində evin bu yerindən ikona asırlar. Bəlkə elə buna görə o, sakral yerdə «qara dəlik» asmışdı ki, zəmanəsinin ikonası funksiyasını daşısın. Burda hər şey əksinə idi. Qırmızı əvəzinə qara (rəngdə sıfır), sifət əvəzinə boşluq (xəttdə sıfır), ikona əvəzinə, yəni yuxarı, işığa doğru aparan, əbədilik əvəzinə qaranlıq, zirzəmi, əbədi qaranlığa açılan bir lyuk.
Maleviçin müasiri A. Benua özü rəssam və tənqidçi olaraq lövhə haqqında yazırdı: «Ağ çərçivədə qara kvadrat bu sadəcə bir zarafat, çağırış, emalatxanada baş vermiş kiçik bir epizod deyil. Bu, viran, xaraba qalmış iyrənclik adlana bilən başlanğıcdır ki, təkəbbür, lovğalıqdan keçib bütün sevgilərə, incəliklərə meydan oxuyaraq hamını məhvə doğru aparacaq».
Kvadratın yaranmasından bir az əvvəl 1869-cu ildə Lev Tolstoy da buna bənzər duyğular keçirirdi və bu hisslər onun dünyagörüşünü kökündən dəyişmişdi. O, tarixə «Arzamas dəhşəti» kimi daxil olmuş duyğularını ağardılmış divardakı kvadratların oyatdığı ölüm qorxusu kimi təsvir etmişdi. Bu ölüm qorxusu Maleviçin «qara kvadrat»ının təsvirinə çox oxşayır: qara, ağ və kvadrat. Maleviç kvadratı gözləmirdi, amma onu axtarırdı.
Həyat özü elə ölüm imiş
Maleviçin «Kvadrat»ına baxandan sonra hər kəs dinməzcə yoluna düzəlib heç kimlə danışmaq istəmir. Sənətşünasların kvadratın yenilik carçısı kimi şərhi özünü doğrultmadı. Çünki o, sənətin sonunu, mümkünsüzlüyünü bəyan elədi. Axı kvadrata qədər rəssam təsviri sənətkarlığı zərrə-zərrə öyrənirdi. Cansız materiyanı səbrlə fəth elədi ki, ona həyat üfürə bilsin. Daşda ocaq qalamaq, İnsan gözünün baxa bilmədiyi yerlərə boylanmaq istəmişdi. Arabir alınırdı. İlahi (mələklər, ruh, ilham pərisi, bəzən iblis, şeytan) səmavi od-alovdan bir neçə saniyəlik əllərini üzərək insan övladına bunu görmək imkanı yaradırdılar. Rəssam bilirdi ki, gələn dəfə ilahi audiyensiyaya layiq görülməyə də bilər. Həmçinin o, bilir ki, hərislik, paxıllıq, tərəddüd, yekəxanalıq kimi hisslər cənnət darvazalarını həmişəlik bağlayar. İnsanlar yenilik arzulayır, deməli yenisini uydurmaq lazımdı. Onlar hiddət istəyir, deməli hiddətləndirmək gərəkdi. İnsanlar etinasızdı, deməli epataj yapıb ən təhqiramiz, iyrənc, çiyrəndirici bir əməli gözünə soxmaq lazımdı. Görürsüz, sənət ölüb və siz bu qara, idbar kvadrata baxmaq üçün pul da verməlisiz. Sevgi və incəlik də heç vaxt olmayıb. Nə işıq, nə uçuş, qaranlıqda işartı, nə yuxular, nə də qurtuluş vədi olub. Həyat özü elə ölüm imiş.
Abstrak sənətin avanqardı
Orta boylu, dolu, enlikürək Maleviçin yumru sifəti, çiçək xəstəliyindən yadigar qalmış çopur yanaqları, boz gözləri qara, arxaya daranmış saçları vardı. Malevis zahirən Lev Tolstoya bənzəməyə çalışırdı. Uzun, kobud kətandan tikilmiş köynək geyər, belini iplə bağlayar və ayaqyalın gəzərdi. Qəribədi ki, həndəsi predmetsizliyin banisi təbiəti dəlicəsinə sevərdi.
Maleviçin bioqrafiyasında sistemli təhsil barədə məlumat yoxdu. O, müxtəlif studiyalarda, uçilişlərdə təhsil alaraq yalnız öz yaradıcı praktikasına arxalanardı. 30-40 il ərzində klassik rəssmlıq üsullarını öyrənmək ona bu üsulları inkar eləyən cərəyanlarda iştirak eləməyə mane olmurdu. İlk 49 məzmundan uzaq tablosunu o, «0,10» adlı sərgidə nümayiş elətdirdi. Əsərlərin üstündə «Rəssamlığın suprematizmi» (Suprematizm polyakcadan tərgümədə əsas, üstünlük deməkdir) sözləri yazılmış lövhə vurulmuşdu. Məşhur «Qara kvadrat» da onların arasında idi. Tənqidçilərin kəskin reaksiyasına cavab olaraq Maleviç sabahısı gün «Kübizmdən suprematizmə. Yeni təsviri reallıq» adlı kitabça buraxdı. Suprematizm nəinki Rusiyanın, bütün Qərbin təsviri sənətində öz izini qoya bilib. Bu sərgidən inliyədək salamat qalmış əsərlər indi 20-ci əsrin klassik nümunəsi sayılır.
İnqilab illərində Maleviç «sol» yönlü rəssamlar kimi aktiv iş görürdü. Moskva şurasının Bədii şöbəsinə rəhbərlik eləyir, Narkomprosun kollegiya üzvüdür, Moskvada ilk azad emalatxanalarda dərs deyir. 1918-ci ildə Peterburqa köçəndən sonra isə Azad Bədii tədris emalatxanalarında müəllimlik eləyir. Mayakovskinin «Misteriya-buff» pyesinin dekorasiyasını hazırlayır. İmkan düşən kimi farfor zavodunda yeni forma və rəsmlər yaradarıq suprematizmi tətbiqi sənətdə, memarlıqda işlətməyin yollarını axtarır. Maleviç öz nəzəriyyəsinin aktiv təbliğatçısı idi. Ətrafında toplaşanları UNOVİS (Utverditeli Novoqo iskusstva) qrupu adlandırırdılar. Bu yola qədəm qoymuş gənc rəssamlar bütün düynanı suprematizmlə yeniləşdirməli idilər. Artıq köhnəlmiş vizual təfəkkürü dağıtmaq onların öhdəsinə düşmüşdü. «Uzunqulaq quyruğu» adlı cəmiyyətdə də eləcə. Maleviç uydurduğuna ürəkdən inanırdı.
Qara mərhələnin sonu
Sovet İttifaqında uzun illər Maleviçin adı qabağalar altındaydı. Sağlığında rəssam özü bioqrafiyasının hədisələri bilərəkdən qarışdırar, rəqəmləri səhv deməyi sevərdi. O, daima özü haqqında miflər yaradardı. İşlərinin tarixlərini səhv yazar, olmayan hadisələri reallıq kimi qələmə verərdi. Ona görə də indi demək çətindi ki, Kazimir Maleviç təhsilində qüsuru olmuş, sistemli təhsil almamış uğursuz rəssamdı, yoxsa zamanı qabaqlamış mütəfəkkir. Görəsən klassik cərəyanla üzsəydi bu istiqamətdə uğuru olardı, ya yox. İndi bu suallara cavab tapmaq çətindi, bəlkə də heç lazım da deyil. Maleviçin gəlişini Əlahəzrət Zaman özü diqtə eləyirdi. Qeyri-müəyyən, qorxulu dövrdə, inqilablar zamanında, faciəvi öncəgörməliklər yaşamağa mane olan vaxtlarda Zaman səhnəyə yeni yaradıcıları atırdı. Maleviç də gəldi və hadisələrin mərkəzində olmağı bacardı. Zaman imkan verdi ki, təhsildə qüsurlu insan rəssamlıq institutlarının rəhbəri oldu, təsviri sənətdə cərəyanları müəyyənləşdirdi. Təsadüflər, eksperimentlər üzərində yaradıcılığını qurmuş adam özü təsadüf deyildi. Onun əsərləri həmişə maraq və mübahisə doğurub. Onun əleyhdarları belə kosmik «qara dəliyin» yaratdığı cəzbetmə qüvvəsini inkar eləyə bilmirlər. Bu günədək muzeydə «Qara kvadrat»ın qarşısında saatlarla oturub əsərə göz qırpmadan baxanlar var. İndiyədək mövcud qanunları pozaraq öz materiyasını yaratmış rəssam təmiz abstraksiya məkanına keçsə də müasirlərin yazdığı kimi sənəti doğrayıb tabuta uzada bilmədi. Çünki o özü yaradıcılığını təftiş edərək geri qayıtmağı lazım bildi. İnsanlıqdan təmizlənmiş həndəsi obrazlara üstünlük verən rəssam ənənəvi portretə qayıtdı. O, həmişə dövrə tabe olan rəssamlardan yox, dövrü yarada biləcək şəxsiyyətlərdən idi. Bunu sonuncu avtoportretdə görmək olar.
1936-cı ildə ölümündən az sonra Maleviçin anası, həyat yoldaşı və qızları 86 tablo və 8 rəsmi Rus muzeyinə saxlanılmağa verdilər. Üç ay sonra «Pravda» qəzetində «Sənətdə formalizm» adlı məqalənin çapı muzey salonlarından Maleviçi xatırladacaq bütün rəsmləri yığışdırmağa məcdur elədi. Ona görə də muzey bütün kolleksiyanın sahibi kimi Maleviç yaradıcılığının qəbirsanlığına çevrildi. Yalnız 1977-ci ildən sonra tablolar ekspozisiyaya qayıtdı.
Sevimli palıdın kölgəsində
Vəsiyyətinə görə Maleviç yandırılaraq suprematik tabutda rəssamın sevimli palıd ağacının kölgəsində dəfn edilməliydi. Tabutu Leninqrad vağzalında qarşılamağa çox az adam gəlmişdi. Əklillər də az idi, güllər də. Tabut Maleviçin öz eskizi əsasında hazırlanmışdı və üç rəngə boyanmışdı. Aşağısı yaşıl, ortası çəhrayı və üst tərəfə qara rəngdə olan dördbucaqlı mavzoley şəklində idi. Tabutu açanda hamı çox heyrətləndi. Orda uzanmış ağsaçlı, əldən düşmüş, kətan köynəkli qoca Tolstoya zahirən çox oxşayırdı. Tabutun üstünə hamının tanıdığı görkəmdə olan Maleviçin portreti mıxlanmışdı.
Qəbrin üstündə qara kvadrat həkk olunmuş kubik şəkildə beton monument qoyulmuşdu. Müharibə illərində qəbrin yeri itmişdi. Deyirlər 40-cı illərdə palıdı ildırım vurdu. Sonra isə sahəni şumlayanda kub traktorlara mane oldu. Onda onu da götürdülər və Maleviçin qəbrinin yeri unuduldu. Hazırda qəbir həvəskar tədqiqatçılar tərəfindən dəqiqləşdirililib. Simvolik qəbir yerini rəssama 70-ci illərdə qoydular.
Bu gün hər kəs təkər düzəldə bilər, ya da qara kvadrat çəkib içini rəngləyə bilər. Amma bunu ilk dəfə eləmək daha vacib şərtdi. Rəssam İblislə sazişindən yaranmış qara kvadratın şöhrətilə fəxr eləyə bilərdi. Əslində eləyirdi də. Amma kvadratın ona gətirdiyi şöhrətin ikitirəliyini anlayırdımı? Axı kvadratla müqayisədə onun qalan rəsmləri çox sönük görünürdü. Bu gözəl, rəngarəng lövhələr «Kvadrat»ın yaratdığı burulğanda itib məhv olur. Bu burulğan onun peyzajlarını, çəhrayı çalarda çəkilmiş impressionist lövhələrini də «udur». Əlbəttə, insan zirvəni görəndən sonra yalnız enə bilər. Dəhşətlisi odur ki, zirvədə də heç nə yox imiş…
E-mənbə / Link: http://bizimyol.az/?mod=news&act=view&nid=26972