Keçmiş sovet məkanında yaşayan xalqların ədəbiyyatlarının görkəmli tədqiqatçısı professor Pənah Xəlilov latış ədəbiyyatının böyük nümayəndəsi Yan Raynisin (1865-1929) yaradıcılığından danışarkən yazır: "Yan Raynis poeziyası milli folklorun, latış poeziyasının, dünya ədəbiyyatının ən yaxşı ənənələrindən qidalanmışdır. Bununla belə, onun yaradıcılığı özünəməxsus yeni və yüksək keyfiyyətləri, orijinal problemləri, maraqlı inkişaf xüsusiyyətləri olan zəngin xəzinədir".
Poeziyasının başlıca mövzularından biri əbədiyyət olan Yan Raynisin özünün əbədiyyətə qovuşduğu vaxtdan 80 il keçir. Lakin dahilərə həqiqətən ölüm yoxdur. Bu sətirlər də həmin fikri təsdiq edir:
Qalxaraq yüksək, uca
Buludlardan yuxarı, -
Ordan seyr edəcəyəm
Doğma ana diyarı…
Yan Raynis təkcə bədii əsərlərində yox, həyati müşahidələrini qələmə aldığı "Gündəliy”ində də latış xalqı üçün səciyyəvi olan dostluq, qardaşlıq duyğularını yüksək qiymətləndirir, bədxahlığı xeyirxahlıqla uzaqlaşdırmağı tövsiyə edirdi: "Öz iztirablarına təbəssümlə bax - acısı-ağrısı çəkiləcək; öz düşmənlərinə təbəssümlə bax - qəzəbi-qeyzi çəkiləcək"…
Oğlu belə böyük ürək sahibi olan xalqın məhəbbəti - dostluğu da böyük olar.
Yan Raynis poeziyasından təqdim etdiyimiz şeirləri görkəmli şair-tərcüməçi mərhum Böyükağa Qasımzadə ana dilimizə çevirmişdir.
Qızın nəğməsi
Oxuma, a bülbül, oxuma belə
Başımın üstündə kədərlə, qəmlə;
Mən tez durmalıyam axı yuxudan,
Canımda qalmamış taqətdən nişan.
Sən belə ötdükcə şirin nəğmələr -
Bağrımın başını yandırır kədər.
Axı sabah qalxıb yuxudan erkən
O günəşsiz yerə getməliyəm mən;
Düz on altı saat qan-tər tökərək
Dəzgah arxasında çalışam gərək , -
Doludur havası tüstüylə, hislə…
Pəncərəm önündə oxuma belə.
Sənə səs verəcək bil səhər hər yan,
Mənsə qalxmalıyam günəş doğmadan.
Sübhün şəbnəmini sən içəcəksən,
fəqət dərd çəkməyə getməliyəm mən.
Oxuma, a bülbül, oxuma belə
Başımın üstündə kədərlə, qəmlə!
1899
Əbədiyyət
Mən əcəldən qorxmuram, -
O nə edəcək mənə?!
Mən öləndən sonra da
Yaşayacağam yenə.
Səsim həmahəng olub
Dəryaların səsiylə -
Gəzəcək tufanların
Qüdrətli nəğməsiylə.
Qalxaraq yüksək, uca
Buludlardan yuxarı, -
Ordan seyr edəcəyəm
Doğma ana diyarı…
Xoş səhər yelləriylə
Əl-ələ tutaraq mən
Salam gətirəcəyəm
Onun xoş nəfəsindən.
Ömrümün gündüzünə
Qanad gərəndə axşam -
Bir şəfəqə çevrilib
Əbədi yanacağam.
Mən əcəldən qorxmuram, -
O nə edəcək mənə?!
Mən öləndən sonra da
Yaşayacağam yenə!..
1905
Tərcümə edəni: B.Qasımzadə
E-mənbə / link: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2339