Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Yeməkxananın kitabxanaya təslim olduğu yerə doğru…

Müəllif:

Bələdçi


Kateqoriya:

Gərəkli məlumatlar



Qısa Təsvir:

“Müğənnilərdən, tanınmışlardan bura gələn varmı?”. Müğənni Lalə Məmmədovanın və Yaqut Babayevanın adını çəkir. Lalə xanım buranın lap sədaqətli ziyarətçilərindəndir. Ötən həftə o, Fransuaza Saqanın iki əsərini alıb. Deputatlardan tez-tez Cəmil Həsənli və Əkrəm Əylisli yolunu burdan salır.


Baxış sayı: 3925
    
    


Bu «dükan» Həsən Həsənov işə qarışıb, cız-bızxananın ləğvi haqda göstəriş verəndən sonra Kitab Qalasına çevrilib «Zəng edib «26-lar»ın milis şöbəsindən postavoy alırdım. Ona görə ki, mağaza açılmamış onun qapısında yüzlərlə adam kitab növbəsinə dururdu» Qız Qalasını Azərbaycanda tanımayan yoxdur - o, Bakının simvolu sayılır. Bu unikal abidənin lap yaxınlığında simvollaşan daha bir abidədən isə hələ çoxları xəbərsizdir. Bu - iki mərtəbəli qədim binanın birinci mərtəbəsində yerləşən kitab mağazasıdır. Məsələnin bədii çalarını qatılaşdırsaq, buraya da Kitab Qalası demək olar. Kitaba, kitabxanaya, kitab mağazasına qarşı şiddətli müharibənin elan olunduğu bir vaxtda şəhərin çox mühüm bir yerində belə bir obyektin qalması təəccüblü olmağıyla yanaşı fərəhlidir. Mağazanın sahibi Elman Soltanov adlı ziyalıdır. ZIYALI. Biz onun haqqında az sonra yazacağıq, Hələliksə qısa arayış: Içəri Şəhərdə adını çəkdiyimiz bu kitab evinin dönərxanaya, çayxanaya çevrilməməsinin yeganə səbəbkarı Elman müəllimin xarakteridir. Heç nə yox, bu mağazanın yerini tanınmış bir firmaya icarəyə verməklə çox rahat gəlir, özü də yüksək gəlir əldə etmək mümkündür. Onu da deyək ki, Elman bəyə az qala hər gün belə təkliflərlə onlarla adam ağız açır. Amma bu şəxs - E.Soltanov öz prinsiplərinə sədaqət göstərib sonacan dirəniş göstərmək əzmindədir. Buna görə də onun mağazası Bakıda qalan tək-tük kitab satılan yerlərdəndir. Lakin, bura təkcə kitab satıldığına görə hörmətə layiq ünvan deyil… Hərçənd bu da az deyil. Cız-bızxanadan kitabxanayacan Dünən bu sevimli yerə reportaja gedəndə əvvəlcədən bilirdim ki, xeyli maraqlı materialla tanış olmaq imkanın olacaq. Bir nigaranlığım vardı; reportajın əsas qəhrəmanı Elman müəllimi danışdırmaq olacaq, ya yox? Axı bilirdim ki, o mətbuata danışmağa o qədər də meylli deyil. Mağazaya girər-girməz Seymur Baycanla qarşılaşıram. Köhnə kitabların arasında seçim aparan Baycanla birgələşib Elman müəllimi bir təhər danışdırmağa razı salırıq. Az keçmir ki, “Azadlıq”ın köşə yazarı Xaliq Bahadır da mağazaya girir. Bizi görən kimi dərhal Elman müəllimdən zarafatla soruşur: “Bizdən başqa bura gəlib eləyən var?” O, əvvəl bu mağazanın yaradılış tarixindən sxə açır. Məlum olur ki, 1978-ci ilədək bura cız-bızxana kimi fəaliyyətdə olub. Günlərin birində gecəykən cızbızxana od tutub yanır. Elman müəllim danışır ki, yuxarı qatda yaşayan bir “kaprizni” qonşu qadın Mərkəzi Komitəyə qədər şikayət edir. O zaman tanıdığımız Həsən Həsənov işə qarışır və birmənalı olaraq, cızbızxananın ləğvi haqda göstəriş verir. Beləliklə, indi alışdığımız prosesin tam tərsi baş verib: yeməkxana kitaba təslim olub. 41 illidir bura kitablarla dolub-boşalır. Elman müəllim özü isə 42 ildir bu işlə məşğuldur. Hələlik onun danışığını yarıda saxlayıb, mağazanın özəlliyi bardə… Iki Şoloxov, bir Çexov, üç Tolstoy!!! Bu mağazanın birinci cəhəti son dərəcə ucuz olmasıdır. Mağazada Sovet dövründə çap olunan kitablar, burda el diliylə desək, lap su qiymətindədir. Seymurun maraqlı bir xatirəsi var. Deyir ki, bu mağazada müəllifi olduğu iki kitabının satış puluna elə buradanca Şoloxovun iki cildini, Çexovun bir, Lev Tolstoyun üç əsərini alıb: “Düzü, özüm də utandım. Nə etməli, mən də istəməzdim belə olsun. Amma belədir də…” Mağazanın daha bir özəl cəhəti onun təmtəraqdan olduqca uzaqlığıdır. Burda kitabdan başqa adamın diqqətini cəlb edən heç bir parlaqlıq, dəbdəbə yoxdur. Heç soruşmadan Elman bəy bunun düşünülmüş addım olduğunu açıqlayır: “Kitaba dəbdəbə lazım deyil. 19-cu əsrdə Rusiyada Smirdin adlı ədib yaşayıb. Onun yaxşı sözü var. Deyir ki, hər şey maldır, əmtəədir - hətta zibil də, ancaq kitab yox. Kitabı biznes predmetinə çevirməyin həmişə əleyhdarı olmuşam. Düşüncəmə görə, insanı yaşadan iki qida var: maddi qida - çörək, mənəvi qida - kitab. Buna görə də onların hər ikisi ucuz, xalq üçün əlçatan olmalıdır”. Kitab və milis O, 1959-cu ildə Şəkidə orta məktəbi qurtarandan sonra 7-8 ixtisasa yiyələnib. Yadında qalanları sadalayır; kulinar, elektirik, inşaatçı, tarzən və s. Kitaba olan maraq 8 ildən sonra onu BDU kitabxanaçılıq fakültəsinə gətirir. Universitetdə gecə təhsili alan E.Soltanov gündüzlər, indi erməni kilsəsi kimi tanıdğımız yerin yanındakı pedaqoji ədəbiyyatlar mağazasında çalışır. Elman müəllim kitab satışı ilə məşğul olduğu 42 illin ən məhsuldar dövrünü 80-ci illər olduğunu söyləyir: “O zaman mən Bakı univermağının yanındakı ”Kitab evində” direktor idim. Səhərlər birinci işim bilirsiniz nədən ibarət olardı? Zəng edib “26″ların (indiki Səbail rayonunu nəzərdə tutur) milis şöbəsindən postavoy alırdım - qayda-qanun yaratmaq üçün. Ona görə ki, mağaza açılmamış onun qapısında yüzlərlə adam növbədə dururdu. Hətta süpürgəçilər belə… Təsəvvür edirsinizmi?” Maksim Qorkinin əsrələrini cırıb ondan semiçka tökmək üçün istifadə edildiyi bir məkanda yaşayan adam kimi Elman bəyin dediklərini təsəvvür etmək doğrudan da çətindir. Bəxtiyar Vahabzadənin “Hophopnamsi”… Kitaba qarşı biganəliyin 90-ci ildən başladığını deyən həmsöhbətim get-gedə cavanlar arasında marağın yarandığından danışır: “Yaxşı cavanlarımız var, gəlirlər, maraqlanırlar. Bəzləri elə savadlıdır ki, adam heyran qalır, düşünürsən ki, nə yaxşı belələri var. Bir az xoşagəlməyən odur ki, cavanlar detektiv əsərlər oxumağa meyllidir. Lakin, son vaxtlarda ciddi bədii ədəbiyyata, xüsusilə psixoloji kitablara maraq artır”. Elman müəllim müştərilərinin yaratdığı maraqlı hadisənin birini də bizlə bölüşür. Bir dəfə iki nəfər - cavan qız, cavan oğlan girdilər içəri… Hər ikisi olduqca yüksək səviyyədə geyinib-kecinmişdilər. Hiss olunurdu ki, sıradan biri deyillər. Oğlan bir az kənarda dayanmışdı, qız soruşdu ki, dayı, sizdə Bəxtiyar Vəhabzadənin “Hophopnamə”si var? Adamları pərt eləməyi sevmədiyimdən özümü eşitməməzliyə vurdum, oğlanın üzünə baxdım ki, bəlkə o qızın səhvini düzəldər. Gördüm, yox oğlan da elə bu ağıldadır. Onlar çıxıb getdi, mən də fikirləşməyə başladım ki, ay allah, bunlar indi gedib sabah evlənəcək, bu qızın övladı olacaq, o bu savadla necə insan yetişdirəcək? Və ya o oğlanı sabah qoyacaqlar iqtisadiyyat naziri… indi sən bizim gələcəyimizə bax da. O hadisədən sonra Bəxtiyar müəllimi gördüm, soruşdum ki, ay Bəxtiyar müəllim “Hophopmanə” yazıbsınız, bəs bizim niyə xəbərimiz yoxdur? Sonra söhbətdən onu halı elədim, gülərək qayıtdı ki, mən istəsəm belə, “Hophopnamə” yaza bilmərəm… “Kitabı elə gözdən salıblar ki… Kitab oxumayan avam toplumun başına nə istəsən gətirmək olar. 90-ci ilədək Bakıda 73 kitab mağazası vardı. Bəs indi? Bunlar hamısı məqsədli işlərdir. Bu yaxınlarda televiziyaya baxıram, bir cavan qızdan soruşdular ki, sizin idealınız kimdir? O da cavab verdi ki, Aygün Kazımova. Buna nə şərh verəsən, nə deyəsən? Düşünürəm ki, ümumiyyətlə kül o icra hakimiyyəti başçısının təpəsinə olmalıdır ki, onun rəhbərlik etdiyi rayondan kitabxana, kitab mağazası yoxdur”- bunlar da Elman bəyin yanğıyla söylədikləridir. Söz ki Aygün Kazımovdan düşdü, soruşuram: “Müğənnilərdən, tanınmışlardan bura gələn varmı?”. Müğənni Lalə Məmmədovanın və Yaqut Babayevanın adını çəkir. Lalə xanım buranın lap sədaqətli ziyarətçilərindəndir. Ötən həftə o, Fransuaza Saqanın iki əsərini alıb. Deputatlardan tez-tez Cəmil Həsənli və Əkrəm Əylisli yolunu burdan salır. Təəccüblüdür ki, kitabxana həvəskarı kimi tanınan Pənah Hüseyn hələ burda olmayıb. Dövlət məmurlarından yazıçı Elçin də arabir Elman bəyin mağazasını yad edir. Aktyorlardansa yalnız Hacı Ismayılovun bura gəldiyini deyir: “Bəlkə də gələn çoxdur, ola bilsin mən onları tanımıram”. Hə… əziz oxucu, yolumuz hayanadı - Elman bəyin Kitab Qalasına baş çəkmək istəmirsiz?.. Yazar: Natiq Güləhmədoğlu E-mənbə / link: http://azadliq.az/?p=22306