Müasir dünya reallığında kütləvi informasiya daşıyıcılarının rolu o qədər çevik və miqyası etibarilə əhatəli dəyişir ki, qlobal məkanda nələrin baş verəcəyini, strateji hədəfdə proseslərin amplitidunu məhz informasiya intensivliyi ilə əlaqələndirirlər. Bu baxımdan mütəxəssislər \"qloballaşma\"nın müasir anlamda dərkini daha çox XX əsrin sonlarında fərqli mahiyyət kəsb edən \"yeni informasiya bumu\" ilə bağlayırlar. Çünki XX əsrin ikinci yarısından etibarən informasiyanın gücünün dərk olunması, onun daha geniş istehlakı, belə demək mümkündürsə medianın geniş şəbəkədə \"elektronlaşdırılması\", rəqəmli texnologiyaların informasiyanın əldə edilməsi, emalı və yayılmasında daha sürətli rolu qloballaşma fəlsəfəsinin əsas məzmununu təşkil edir. Məhz bu mərhələdə elektron media qlobal düşüncənin biçimlənməsinə öz töhfəsini verir.
XX əsrin sonlarında elm sübut etdi ki, \"informasiya\" cəmiyyətin sosial inkişafının vacib amillərindən biridir. Daim artmaqda olan informasiya axınları müasir texnologiyalaırının köməyi ilə idarə olunaraq cəmiyyəti informasiya ilə təmin edir. Bu mənada televiziya, radio, internet və sair kimi mövcud informasiya kanallarının rolu böyükdür.
Yeni minilliyin başlanğıcında sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid elektron media vasitələrinin ən mühüm həlqəsi olan televiziya anlayışına yeni nəzərlə baxmağı tələb edir. Bildiyimiz kimi, televiziya XX əsrin ən böyük kəşflərindən biridir. Bugünkü TV mələkdirmi, yoxsa şeytandır? Amerikalı rejissor Hodfri Rejioya görə, \"TV informasiya sivilizasiyasının texnokratik simvoludur\". TV-nin insanların psixikasına təsir gücü sərhədsizdir. O, sanki ictimai fenomen rolunda çıxış edir. Bu baxımdan Azərbaycan teleməkanında teledebat formatlarının çeşidlənməsinə, inkişafına böyük ehtiyac var. Çünki müasir televiziya təkcə əyləncə şoularının qəhrəmanlarının meydanı deyil, həm də düşüncə istiqamətlərinin paylaşmasına, debat mədəniyyəinin genişlənməsinə öz töhfəsini verməlidir. Ötən ilin noyabr ayının 16-da İctimai televiziyada ilk buraxılışı ilə yeni dəst-xətt, müzakirə üslubu, debat müzakirəsi gətirən ADA Məclisi milli teleməkanda sözün əsl mənasında yeni sözdür. Əgər sual olunsa ki, ADA-nın bu layihəyə başlamaqda məqsədi nə idi, deyərdim ki, bu, regionda diplomatiya təhsili sahəsində ən strateji hədəfləri qarşısına məqsəd qoyan Azərbaycan Diplomatiya Akademiyasının mütəşəkkil fəaliyyətinin ilk təqdimatlarındandır. Çünki ADA-nın diplomatlarda görmək istədiklərindən biri də onların dialoq, diskussiya aparmaq qabiliyyətini formalaşdırmaqdır. Bu bir həqiqətdir ki, diplomatları dünyanın müxtəlif yerlərinə necə göndərir və təlim keçirlərsə, onların öyrənməli olduğu təlimlərdən biri də ictimaiyyət qarşısında danışmaq, mövzuları açıq müzakirə etmək, fərqli fikirləri dinləməkdən qorxmamaq, necə diskussiya aparmaq lazım olduğunu öyrənməkdir. Eyni zamamda məqsəd ictimaiyyəti də bu cür debatlara alışdırmaqdır. Nəzərə alsaq ki, milli teleməkanda bir o qədər də çox debat verilişləri yoxdur, o zaman ADA Məclisi yeni missiyası ilə tamamilə fərqli görünür. Məsələn, ADA Məclisinin ötən ilin noyabrında efirə gedən ilk buraxılışında Yunanıstan, Ukrayna, Gürcüstan və Azərbaycandan olan nazirlərin söhbəti çox təbii idi. Həm də maraqlısı o idi ki, Azərbaycan teleməkanında ilk dəfə olaraq moderatorlar XİN-in müavini, ADA-nın rektoru Hafiz Paşayev və XİN-in sözçüsü Xəzər İbrahim tandem şəklində çıxış edirdilər. Burada moderatorların peşəkar olması təkcə sualların verilməsində deyil, həm də yeri gələndə şərhlərin təqdimatında da müsbət rolunu oynayırdı. ADA Məclisinin ictimai debat mədəniyyətini inkişaf etdirmək missiyası onun digər buraxılışlarında da məqsədyönlü şəkildə idi. Xüsusilə də, Ada Məclisi ölkə teleməkanında ilk dəfə olaraq Amerikada keçirilən prezident seçkilərində qalib gəlmiş Barak Obamanın Qafqaz siyasəti ilə bağlı məşhur siyasi şərhçi Z.Bjezinski və digər görkəmli analitiklərlə eksklüziv müsahibələr təqdim etməsi, panellərdə azərbaycanlı mütəxəssislərin də iştirakı ilə müzakirələr təşkil etməsi istənilən ciddi tamaşaçı üçün maraqlı efir anları idi.
Dünya iqtisadi bühranla baş-başa qaldığı bir vaxtda Azərbaycan tamaşaçısının məchul suallarına da ADA Məclisi cavab axtarırdı. Teleməkanda ilk dəfə olaraq maliyyə naziri, Mərkəzi Bankın sədri, Neft fondunun direktoru, beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkə səfirlərinin iştirakı ilə tamaşaçılara təqdim olunan verilişdə Azərbaycanın dünya iqtisadi böhranı zamanı hansı immunitetə sahib olduğu mötəbər səviyyədə fakt və rəqəmlərin dili ilə açıqlandı.
Bu verilişin ən böyük əhəmiyyəti onda idi ki, həm rəsmi hökumət nümayəndələrinin rəyləri, həm də bütövlükdə \"Böyük 20-lik\"in Londonda keçirilən sammiti fonunda dünyada baş verən iqtisadi proseslər ilk dəfə olaraq anlaşıqlı efir dili ilə telepublikaya çatdırıldı. Ada Məclisinin bir özəlliyi də ondan ibarətdir ki, burada verilişin moderatorları tandem şəklində çıxış edirlər. Doğrudan da, xarici işlər nazirinin müavini, Diplomatiya Akademiyasının rektoru, səfir Hafiz Paşayev və həmin Akademiyanın proqram direktoru Fariz İsmayılzadənin tandemi xoş aurası, çoxtərəfli müzakirə formatı ilə yaddaqalandır. ADA Məclisi dünyada və Azərbaycanda baş verən miqyaslı hadisələrə vaxtında reaksiya verir. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı qızğın ictimai müzakirələrin getdiyi bir vaxtda məhz ADA Məclisi Xarici İşlər Nazirliyinin rəsmiləri, tarixçilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə debat proqramı gerçəkləşdirdi. Bu proqramın efirdə yayımlanması qeyd olunan məsələ ilə bağlı ictimai rəydə yəqinlik yaratdı. Eləcə də Azərbaycan diplomatik xidmətinin 90 illiyi ilə bağlı \"Ölkəmizi dünyaya necə təqdim etməli?\" mövzusuna həsr olunan ADA Məclisində respublikamızı xaricdə təmsil edən diplomatlarımızla fikir mübadiləsinin aparılması çox faydalı idi.
ADA Məclisi Azərbaycan teleməkanına yeni debat, diskussiya mədəniyyəti gətirməklə plüralist müzakirə mühitini formalaşdırır və sosial məsuliyyətli televiziya layihəsi kimi cəmiyyətə yeni mesajlar verir. Bu layihə həm də maarifləndirici hədəf proqramları ilə yeni yetişən diplomat kadrlarımızın öz missiyalarını həyata keçirməsində çox əhəmiyyətli həlqədir.
Cəsarət VALEHOV İctimai Televiziyanın əməkdaşı, AMEA-nın doktorantı
E-mənbə / lnik: http://www.525.az/new/2009/08/22/read=46467