Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Eldəniz ELGÜN. "«NADİR ŞAH» ROMANI HAQQINDA QEYDLƏR"

Müəllif:

Bələdçi


Kateqoriya:

Esse



Qısa Təsvir:

Yazıçı-publisist Yunus Oğuzun «Nadir şah» romanı haqqında esse-resenziya


Baxış sayı: 651
    
    


Zaman bir-birinə qarışmışdı. Qarşımda Yunus Oğuzun «Nadir şah» romanı yox, Nadir şahın özü dayanmışdı. Yorğun, keçmişindən danışanda heyfslənən, bu günkü günümüzü görüb qəzəblənən bir türk hökmdarı. Yeganə təskinliyi qurduğu dövlətlə bağlı xatirələri danışmağa çatırdı. Özündən qabaqdakıların xəyanətini yada salıb, öz başına gələn xəyanətin də sonuncu xəyanət olmadığını düşünür, insan var olduqca, xəyanətin yaşayacağını, kəsilən əli kimi, onun əlini kəsənlərində əlinin kəsiləcəyini, ucsuz-bucaqsız türk dünyasından neçələrlə dövlətin yarandığını, onun idarə etdiyi, millət adına layiq ola bilməyən tayfaların belə onun soyunu idarə etməsini «Nadir şah» romanında birə-bir yaşayırdı. Və hökmdar hökmündən çox, mürid kimi mürşidi Əmir Teymurun qarşısında əyləşib yeni qələbələr haqqında yox, yeni düşüncələrin mahiyyətini dərk etməyə çalışırdı. Bəlkə də buna görə Yunus Oğuzdan oğlunun yerinə olmağı istəyirdi. Oğlu Hindistandan götürdükləri sərvəti ölkənin dərinliklərinə aparanda 4-5 evlik bir kəndə gəlir və sahibsiz ailənin faciəsini görürür.
 
Şikəst körpə ağlaya-ağlaya anasından yemək istəyir. Anası isə 4-5 saat qazanın içindəkiləri qarışdıra-qarışdıra yeməyin tezliklə hazır olacağını deyir. Hadisəni kənardan izləyən şah oğlu bayıra çıxan anadan nə bişirdiyini soruşur. Ana ağlaya-ağlaya yeməyə heç nəyin olmadığını, qazana daş doldurub yalandan qarışdırmaqla balasını aldatdığını deyir. Şah oğlu tək bu ailənin yox, bütöv kəndin altı aylıq azuqəsini verib yolunu davam etdirir. Nadir Şah bəlkə də bütün taxtını qurban verməyə hazır idi, təki oğlunun yerinə o ananın göz yaşlarını özü siləydi. Amma Yunus Oğuza danışdıqlarını dəyişə bilmirdi. Ara-bir ağarmış saçlarını tumarlayıb Salmanla eşşəyinin xatirəsini yadına salıb gülürdü. Nadir şah hökmdar kimi İsfahana daxil olur və çəlimsiz bir kişi qarşısını kəsib dünyanın sabahkı hökmdarından xahişini edir. Hamı, hətta hökmdarın özü də çaşqın-çaşqın bu kişiyə baxır ki, görən nə istəyəcək. Hökmdar dayanır və ona qulaq asır. Bu o deməkdir ki, Salman hətta bir kisə qızıl istəsə belə, hökmdar səxavətlilik əlaməti olaraq o qızılları ona verəcək. Salman isə yalvara-yalvara hökmdardan bircə dənə eşşək istəyir.
 
Sən demə, 7 il öncə İsfahan mühasirədə olanda Salman ən sevimli eşşəyini kəsib acından ölən uşaqlarına yedizdiribmiş. İndi isə odun daşımaq üçün eşşəksiz qalan Salman dünya hökümdarından sadəcə olaraq bir eşşək istəyir. Nadir şah bu xatirəni yadına saldıqca uğunub gedir, Salmanı eşşəkbaşı təyin etməyini yadına salanda isə xəyanət nəticəsində ölməyini belə unudurdu. Çünki Yunus Oğuz qəddar, sərt hökmdarın insani hisslərini, sadə təəbələrə sədaqətini olduğu kimi ortaya çıxara bilmişdi. Çünki bütün bunları elə Nadir şahın özündən dinləyə-dinləyə yazmışdı. Yunus Oğuzla Nadir şah zaman anlayışını darmadağın etmişdi. Bəlkə də Nadir şahla Yunus Oğuzun ən böyük uğuru bu idi ki, zaman anlayışını sıradan çıxartmış və türk düşüncəsini, əxlaqını mükəmməl şəkildə ortaya çıxaran bir ideoloji roman yaratmışdılar.
 
Dəfələrlə qeyd edirəm ki, bunu tək Yunus Oğuz yox, həm də Nadir şah etdi. Çünki roman sona çatana qədər Yunus Oğuz Nadir Şahın yanında qala bildi. O, romanına qəhrəman yaratmadı, o, romanında Nadir şahın yanında qalan tək-tük sədaqətli türklərdən biri kimi öz borcunu yerinə yetirdi. Murad kimi Yunus Oğuzda son ana qədər Nadir şahı qorumağa çalışdı. Elə buna görə son sətirlərə qədər istər Nadir Şah, istərsə də Yunus Oğuz tək bir məsələni dönə-dönə təkrar etdilər. Bəzən mənə elə gəlirdi ki, bu məqamı bir azda qabartsaydılar Nadir Şahı xilas etmək olardı. Bəlkə də buna görə romanın sonunu oxumaq istəmirdim. Mənə elə gəlirdi ki, Yunus Oğuz Nadir Şahdan eşitdiklərini onun öz yadına salsaydı öz çadırında öldürülməzdi. Amma Yunus Oğuz bəlkə də qəsdlə onları şahın yadına salmadı. Söhbət türk gücünün qılıncdan, düşhüncə gücünə keçidindən gedir. Nadir şah Nizamül-Mülkün sözlərinə qulaq asaraq Hindistanı öz tabeliyinə keçirir. Amma…
 
Nadir şah türk soylu, Turan tərafdarı olan Hindistan şahının vəziri Nizamül-Mülki qəbul edir və bilidirir-
 
- Sizin dediyiniz Turanı yaratmaq istəyirəm. Nizamül-Mülk gülümsədi...
 
- Şahım! Turan ideyası əvvəl başlarda həll olunur, sonra qılınclarda.
 
- Mən heç nə anlamadım, - dedim. - Turanı quran qüvvə ki, qılıncdır!
 
Nizamül-Mülk üzümə yenə də müdrik təbəssümlə baxdı.
 
- Şahım, sənin əsgərlərindən neçə nəfər Turan uğrunda vuruşur?
 
- Mənim əsgərlərim mənim uğrumda vuruşur.
 
- Bax, məsələ də bundadır. Nə qədər ki, beyinlərdə bu dəyişiklikləri etməmişik, belə də olacaq».
 
Beləcə, görüntü yaşantılarını düşüncə yaşantılarına çevirmək üçün romanda qəhrəmanlar və müəllif sona qədər çarpışdı. Bəlkə də romanın ən maraqlı məqamı elə bu idi ki, müəllif romanın bir parçasına çevrilə bilmişdi və Nadir Şahdan sonra gördüklərini romanda dəfələrlə şaha demək istəyib, son anda bundan imtina etmişdi. O, dəfələrlə romanda Nadir Şaha oğlu Rzaqulunun ona xəyanət etmək istədiyinə işarə etmişdi. Amma lap son anda Rzaqulunun sədaqətini elə Nadir şah kimi yoxlamağa çalışır və nəticədə türk hökmdarının dövlət prinsiplərinin qorunması üçün hətta oğlundan belə imitina etməsinə şərait yaratmışdı. Yunus Oğuz romanda üç dəyərə iki istiqamətdə riayət edib. Romanda Müəllif, Nadir Şahın özü və Nadir şahın yanında bunları qələmə alan səlnaməçi mükəmməl birlik yaradır. Və romanda üç cərəyan bir-birini əvəzləyir. Roman portiret cizgiləri ilə zənginləşdirildiyindən, bəlkə də sürreaialist baxışların tarixi romanda yeni formasıdır. Romanın ikinci özəlliyi ideloji yanaşmaları özündə ehtiva edən konsepsiya rolunu oynayır. Çünki Yunus Oğuz romanda nəinki, dünən ki, ideoloji yanlışlıqları nümayiş etdirir, həmçinin sabah olacaqların cizgilərinidə ortaya çıxarır. Yəni türk hakimiyyətinin və dövlətinin yaranma fəlsəfəsini açmaqla yanaşı, sabah atıla biləcək addımlarında ştrixlərini ortaya qoyur. Başqa cür desək, romanda yeni söz və fikir deyilir. Romanın üçüncü qatı isə daha çox təsəvvüf fəlsəfəsinin bəlkə də ən incə qatlarını ən sadə şəkildə gündəmə gətirilməsi və türk əxlaq fəlsəfəsinin əsaslarını ortaya qoymağa çalışmasıdır.
 
Romanda istər adi avara, istər hiyləgər vəzir, istər hökmdar, istərsə də bir çoban oğlu eyni səmimiyyəti sona qədər qoruyub saxlaya bilir. Səbəb isə yuxarıdakı üçlüyün yanaşdığı üç məqama sədaqətli olmasıdır. Romanda məni ən çox dəhşətə gətirən körpə çobanın qurdların basqını ilə üz-üzə qalması səhnəsi idi. Qurd yürüşünün qarşısında ölüm anlarını gözləyən uşağa iki it kömək edir. Amma gücləri çatmır. Ölümü ilə barışan uşaq gözlərini yumub son məqamını gözləyir. Amma o, sağ qalır. Yüksəklikdə dayanan Boz Qurd ulartısı onu digər qurdlardan xilas edir. Qurd basqınına məruz qalan uşaq qurd ulartısı ilə xilas olur. Bu uşaq sabahkı Nadir Şah idi. Və ziddiyətli qurdların caynağından elə boz qurd ulartısı ilə xilas olan Nadir şah şahlıq taxtında Boz Qurd bayrağını qoruyanların əlindən xilas ola bilmir. Bu ideoloji roman baxımından çox dəhşətli andır. Çünki uşaqla boz qurd münasibəti romanın sonunda artıq böyüyən uşaqla, hökmdarla, yəni Nadir Şahla Əmir Teymurun məzarı üstündə usta Teymurla dialoqunda tamamlanır. Beləliklə də Yunus Oğuz roman sona çatana qədər zaman anlayışını nə cür gündəmdən çıxartmışdısa, zamanın yox edildiyi mühitdə yenidən növbəti dəfə zaman anlayışı sıradan çıxır və Nadir şah Əmir Teymurla üz-üzə qalır.
 
Beləcə, Yunus Oğuz düşünürəm ki, tarixi roman yox, elə bu günün romanını yazıb. Çünki hadisələri bu günə gətirib çıxara bilib. Çünki Yunus Oğuz romanın təkrar edirəm bir parçasına çevrilməklə tarixi roman anlayışını gündəmlə səsləşən konsepsiyaya çevirib. Bu isə təsəvvüf fəlsəfəsinin təlabatıdır. Çünki zaman və məkan xəyanət və məhvin başlanığıcıdır. Həmişə yaşarlıq zaman anlayışını inkardan başlayır. Başlanan yolun sonuna çatanda, hər şeyin yenidən başlandığının şahidi olursan.
 
Yunus Oğuz bununla inkar etməyi və mütləq həqiqəti tapmağa nail oldu. Romanın sonluğunda rastlaşdığım ən maraqlı səhnələrdən biri müəllifin mövqeyindən geri çəkilməsi, son səhnəni yazmaq istəməməsi, Nadir şahın isə buraxdığı yanlışlıqların nəticəsini bir daha yaşamaq istəyi ilə təkid etməsiydi. Bəlkə də həmin an müəllif Nadir şahın istəyini həyata keçirtməklə yanaşı, rədd etdiyi zamansızlıq prinsipinə sədaqətli qalıb döyüş çadırında can verən Nadir şahı, əlində çommaq tutan uşaqla və anası ilə görüşdürməliydi. Anasını qorumaq istəyən balaca Nadir, körpələrini qorumaq üçün özünü qurban verən ana və onlardan çox-çox uzqlarda dayanan Nadir Şah mükəmməl türk ömrünü bir daha yaşayardı.
 
Görünür, müəllif hələ son sözü deməyə tələsmir və bəlkə də əyninə dərviş libası geyindirdiyi Muradla zamanın iç qatında sabaha gedən yolun əvvəlinə qayıdır. Hər bir sonluq yeni başlanığıcın izidir.
 
Eldəniz ELGÜN