Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Azərbaycan əfsanələri

Müəllif:

Xalq - millət


Kateqoriya:

Nağıllar



Qısa Təsvir:

Milli əfsanələrimizi uşaqlara oxuyun (mətnlər)


Baxış sayı: 37
    
    


Əfsanələr (mətn)
Müəllif: Toplayanı Ramazan Qafarlı
 
1. QUŞLARIN ALLAHA ŞİKAYƏTİ

Bir dəfə Allah quşları çağırıb soruşur:
-Dünən hamınız yer üzərindəmi uçurdunuz? Gördüklərinizdən danışın.
Uzun bir növbə düzəlir. Hər quş söz alıb dünyada baş verənləri bir-bir Allahın ovucuna qoyur. Axırda Allah soruşur:
-Danışmayan qaldımı?
Sığırçın deyir:
-Bəli, dünən də, bu gün də bir quş aramızda görünmüyüb.
Allah:
-Hansı quş?
-Bayquş.
Quşlar yerbəyerdən dillənirlər:
-O heç birimizi saymır, deyir: mən bəy quşam. Bax, hüzurunuza da gəlməyib.
Allah deyir:
-Onun bəyliyini qəbul edirəm. Çünki gördüklərini sizin kimi hər rastına gələnə danışan deyil.

2. KOR UŞAQ

Bir neçə uşaq çayda çimirmiş, şən səsləri ətrafa yayılıbmış. Bir kor oğlan isə kənarda kirimişcə dayanıbmış və üzündə sevincdən əsər-əlamət görünmürmüş. Peyğəmbər onlara göz qoyurmuş. Korun halını görüb ürəyi tab gətirmir, üzünü allaha tutub yalvarır:
-Ey yeri-göyü yaradan qadir tanrı, bu kor uşağı niyə dünya işığına həsrət qoymusan? Elə et ki, o da başqa uşaqlar kimi suya düşüb çimsin, sevincin ləzzətini dadsın.
Allah korun gözlərini açır. Uşaq həmin andaca torbasının ağzını aralayıb, əqrəbləri, zəhərli ilanları suya buraxır. Çimənlərin sevinci hay-harayla, imdad bağırtıları ilə əvəz olunur. Gözləri yenicə açılmış oğlan isə onların fəlakətindən ləzzət alıb şaqqanaq çəkir.
Peyğəmbər sarsılıb yenidən Allaha üz tutur:
-Ulu tanrı, keç günahımdan!
Qeybdən səs gəlir:
-İndi gördün ki, mən nə etsəm, düz edirəm.

3. ANA DAŞ ƏFSANƏSİ

Şəkinin Oxud (iki mə‘nada anlamaq olar: birinci, «oxutmaq» fe‘linin əmr forması –«oxut», ikinci, «ox»-«od» sözlərinin birləşməsi – vaxtilə oxun ucunu yandırıb atırdılar) kəndi yaxınlığındakı «Qoşun yolu» deyilən dərədə (orta əsr Alagöyüt yaşayış məskəni ətrafında) sinəsinə beşik sıxmış ananı xatırladan iri daş parçası vardı. Xalq arasında həmin daşa «Ana daş» adı verilmiş və əfsanə yaradılmışdır. Deyirlər ki, qarı düşmənin ayaqları bu torpaqlara dəyməzmiş. Elin cavanları təhlükə hiss edən kimi silahlanıb, atın tərkinə qalxar, yadların ayaqlarını sərhəddən bu yana keçməyə qoymazlarmış, elə ucqarlardaca burunlarını ovub geri qaytararlarmış. Bu dəfə sel kimi gəlmişdi düşmən, qoşunun ucu-bucağı yoxuydu. Elin əli silah tutanları şəhid oldular. Düşmən hər tərəfdən yel kimi kəndlərə doluşur. Qocalar, qadınlar, uşaqlar dağlara sığındılar. Ələ keçməmək üçün dərələrədə, mağaralarda gizlənirlər.

Bir cavan gəlin dünyaya yenicə göz açmış körpəsini beşikdə yuxuya vermək istəyir. Əri oğlunun üzünü görməmişdi. Evləri hündür bir təpənin üstündə idi. Gəlin orada durub gözləyir ki, el döyüşdən qayıdacaq, ərini muştuqlayacaq. Kəndin ayağında toz dumana qarışanda körpə ağlamağa başlayır. Ana əyilir ki, onu əmizdirsin. Toz yaxınlaşanda görür ki, gələn düşmən qoşunudur. Gəlin körpəsinin ağzını döşündən ayırıb süddən kəsməyə ürək eləmir. Beşiyi yerdən qaldırıb sinəsinə qısır və dağlara doğru qaçır.

Qoşun onun ardına düşür. Allahın işinə bax ki, gəlinin yolu dərə ağzına dirənir. O görür ki, dağlara sığına bilməyəcək. Hər tərəfdən düşmənlə əhatə olunub, bir azdan onun balasını sinəsindən ayırıb dərəyə atacaqlar, özünü isə özləri ilə aparacaqlar. Gəlin elin gözəl qızlarından biriydi. Namusu ayaqlar altına atılınca üzünü göylərə tutub yalvarır:

-Ulu Günəş, məni bu itlərə yem edincə daşa döndər!
Düşmən atlıları sür‘ətlə şütüyürdü. Birdə görürlər ki, gəlin qeyb oldu, yerində iri bir daş əmələ gəldi. Atları saxlaya bilmədilər, hamısı həmin daşa çırpılıb dərəyə yuvarlandı.
Daş sonralan camaatın niyyət yerinə çevrildi. Deyirlər, o daşın altında böyük bir xəzinə yatırmış.

Şəkili arxeoloq M.Nəsibov «Ana daş»ın izi ilə çox axtarış apardıqdan sonra mə‘lum oldu ki, qızılları ələ keçirmək istəyən acgöz, xəbis insanlar oyunlardan çıxıblar, elin namus, qeyrət rəmzinə çevrilən daşı parça-parça ediblər.

4. ŞAH PALID

Dağların ətəyində kiçik bir kənd var. Bu kəndin yuxarı başında təpənin üstə bir qoca palıd ağacı qol-budaq atıb.
Deyilənə görə, qədimlərdə ölkənin şahı yaxın adamları və qoşun-ləşkəri ilə bu yerlərdən keçirmiş. Təbiətin gözəlliyi onun xoşuna gəlir. İri bir palıd ağacının altına çatanda əmr edir ki, burada bir az əylənib dinclərini alsınlar. Böyük ziyafət düzəldirlər. Elə bir ziyafət ki, o günədək dağ adamları beləsini görməmişdilər.
Şah gedənnən sonra orada kənd salırlar. O kəndə Şah palıd adı verirlər. Sonralar bu söz dəyişib Şabalıd şəklinə düşür. Hal-hazırda bu kənd Şəki bölgəsində yerləşir.

5. ƏMİRXAN YAYLAĞI

Qədim rəvayətə görə, Şəkidə Əmirxan adlı bir xan yaşayırmış. Bu xanın da gözəl bir yaylağı varmış. Xan yayda həmişə öz ailəsi ilə birlikdə bu yaylaqda dincəlirmiş. Bir dəfə Əmirxan yenə də yaylağa köçmüşdü. Düşmənlər bundan xəbər tuturlar Gecə qəflətən hücum edib Əmirxanı, ailəsini öldürürlər.

Elə o vaxtdan həmin yerin adı Əmirxan yaylağı olub. Hal-hazırda Şəki ərasində yerləşir.

6. XAN SARAYI

Rəvayətə görə, Şəki xanı məşhur birustanı yanına çağırıb ona saray tikməyi tapşırır. Dağın ətəyində səfalı bir yer ayırırlar. Bir ildən sonra elə bir imarət ucaldılır ki, naxışlarına tamaşa edən heyran qalır. Xan ustadan soruşur:
-Hünərinə alqış, yə‘qin bundan yaxşısını yaratmaq olmaz?
Usta cavab verir:
-Xan sağ olsun, niyə ki? Əyər daha çox xərc sərf edən tapılsa, ona bundan möhtəşəmini tikərəm.
Xanın ürəyi yerinnən oynayır.
-Başqasının sarayı mənimkindən gözəl ola bilməz, -deyib paxıllığından ustanı güzgülü eyvandan atdırır.
Guya bundan sonra xanın həmin eyvanda qara libasda görünməsi aşağıda rəhm gözləyən məhkumun e‘damı, qırmızı paltarla çıxması isə əhv edilməsi demək idi. Bu rəvayəti qocalar Şəkidə indi də danışırlar. Əslində isə Şəki xanlarının sarayı 1762-ci ildə tikilmiş, fasadı kəsmə naxışlarla, otaqlarının divarları boyalı yazılarla bəzədilmişdir..

Əfsanə, rəvayət, nağıl və atalar sözlərində hökmdarlar ikili xarakterdə təsvir olunur: bir əsərdə qaniçən, despod, qəsbkar, digərində xalqın qeydinə qalan, islahatçı və xeyirxahdırlar. Bu, tarixdirmi? Görəsən, hansı reallığa söykənir? Gerçəklik, faktlar, sənədlər tarixi şəxsiyyətləri həmişə eyni prizmada göstərir. Yaxud Nizaminin «Yeddi gözəl» poemasındakı Simnar əhvalatı yazıya alınmasından təxminən 500 il sonra tikilmiş Şəki xan sarayına şamil edilirsə, bunun harası reallıq və tarixdir?

Şəki xan sarayında rəssam Firuzun əl işləri ,divar yazılarına da rast gəlirik. O, Nizaminin «Yeddi gözəl», «Xosrov və Şirin», «Leyli və Məcnun» əsərlərinin motivlərinə rəsmlər çəkmişdir Maraqlıdır ki, sənətkar Firuz məhz sonradan özü «Yeddi gözəl»dən gələn rəvayətin qəhrəmanına çevrilmişdir.

7. QANIX ÇAYI

Şəki-Zaqatala bölgəsində böyük bir çay var, dağların arası ilə axır. El arasında «Qanıx» adıyla tanınır. Yə‘qin bu, «qan ax» kəlmələrinin təhrif olunmuş formasından başqa bir şey deyil. Qanıx çayı haqqında əfsanələr gəzib dolaşmaqdadır.

Deyilənə görə, qədim zamanlarda qalın bir meşə var imiş. Meşədə təkcə bir koma tikilibmiş. Bu komada yoxsul Məhəmməd kişi, arvadı Fatma, bir də gözünün ağı-qarası bircə qızı Güləndam yaşayırmış. Güləndam o qədər gözəl imiş ki, o, seyrə çıxanda hər şey, hətta təbiətin özü ona heyranlıqla tamaşa edərmiş. Onun uca boyu, incə beli, kaşan kimi çatma qaşları, ceyran gözlərini xatırladan qara gözləri, incə badamı burnu, balaca ağzı var imiş. Elə bil bu gözəlin dodağları, yanaqları qızılgüllərdə borc rəng alıbmış. Kağız kimi ağappaq sinəsinə baxanda adamın gözləri qamışırmış. Gecə kimi qara saçları qıza xüsusi yaraşıq verirmiş. Bir sözlə, Güləndam o qədər gözəl imiş ki, yemə, içmə xətti xalına, gül camalına tamaşa elə. Amma meşədə ağaclardan, quşlardan, sudan günəş və aydan başqa belə bir gözəlin yaşadığını bilən yox idi.

Meşədən xeyli aralıda bir kənd varmış. Həmin kənddə varlı tacir yaşayırmış. Onun övladı olmadığı üçün qardaşı oğlunu övladlığa götürmüşdü. Oğlanın adı Sadıq imiş. Bu oğlan da tə‘rifə laiq cavanmış.

Bir gün Sadıq əmisindən icazə alıb şikara çıxır. Güzərı həmin meşəyə düşür. Atdan enib başını buraxır, özü payi-piyadı düşür dalınca. At onu Məhəmməd kişinin komasının yanına aparır. Bu vaxt Güləndam gəzməkdən qayıdırmış. Sadıq Güləndamı görür, o dəqiqə ürəyinə xal düşür. Başı hərlənir, az qalır ayaqları yer tutmasın, yıxılsın.

Güləndam qaçıb qonağın gəlməsini atasına xəbər eləyir. Məhəmməd kişi sarılığını udmuş adamın köməyinə yetişir. Onu komasına də‘vət edir. Qolundan tutub içəri aparır. Kişi qvzvnv səsləyib deyir:

-Güləndam, ordan qonağa dağ otlarından hazırlanmış şərbət gətir.
Qızın əlindəki qabdan bir-iki qurtum içənnən sonra Sadığın ürəyi yerinə qayıdır. Toxtayır. Axşam düşmüşdü. Oğlan hara gəlib düşdüyünü anlaya bilmir. Elə bilir nağıllar aləmindədi. Bir huri-mələk qarşısında durub altdan-altdan onu süzür. Sadıq əməlli başlı Güləndama vurulur. Ürəyində bu gözəl oğlana aşiq olur.
Ortaya yemək-içmək gətiriləndə Məhəmməd kişi yaxınlaşıb soruşur:
-Oğlum hardansan?
-Aşağı kəndənəm…
Kimlərdənsən?
Sadıq ədəblə cavab verir.
-Tacir Vəlinin qardaşı oğluyam.
-Yaxşı tanıyıram. Var-dövlət, hörmət-izzət sahibidi. Sizin kənddə mənim dost-tanışım çoxdu. Oğlum, adın nədi?
-Sadıq.
Kişi süfrədən bir lavaş götürüb qonağın qabağına qoyub deyir:
-Sadıq bala. Çörək çəs. Şam edək. Sonra yer irahlasınnar. Gecəni qal, səhər yola çıxarsan. Sübh tezdən özüm apırb kəndə çatdıraram. İndi getmək fikrində olsan qaranlıqda yolu azarsan, qurda-quşa yem olarsan..
Sadıq e‘tiraz etmədi. Fikirləşdi ki, çox yaxşı oldu. Evin adamları ilə allah gəlməsi kəsər, yaxından tanıyar. Güləndamın da nişanlı olub olmadığını öyrənər.
Süfrə ortadan yığışdırılır. Məhəmməd kişi ilə Fatma nənə namaz qılmaq üçün yan otağa keçirlər. Sadıq fürsətdən istifadə edib Güləndamnan soruşur:
-Ay qız, deməzsən, adın nədi?
Qız dinmir. Qulağının dibinə qədər qıpqırmızı qızarır. Oğlan görür bu çox qaradinməzdi. İstəyir söz atmaqla dilini açsın:
-Yə‘qin bura gələnlərin hamısı ya mənim kimi özündən gedir, ya da atdan yıxılır? Səbəbi də bir sənə bəllidi, bir də allaha.
Güləndam yenə dillənmir.
Sadıq düşünür ki, susmaq razılıq əlamətidi. Deyəsən, o da qızın ürəyinə yatıb. Ona görə sinəsini tamam açıb tökür:
-Ay qız, mələksən, hurisən, yoxsa insan balası, bilmirəm. Amma mən səni görən kimi qəlbimə od düşdü. Belə gözəl və məlahətli qız hələ indiyə kimi görməmişəm.
Güləndam allanmış yanaqlarını yaylığının altında gizlədib kirimişcə otaqdan çıxır.
Bu zaman Məhəmməd kişi ilə Fatma nənə otağa gəlirlər. Ev sahibi:
-Oğlum, - deyir, - indi məni agah et görüm, sənin birdən-birə huşunun itirməyinin səbəbi nəydi? Gün vurmuşdu, yoxsa…
Sadıq dərdindən ah çəkir. Handan-hana özündə cəsarət tapıb dillənir:
-Əmi, Allahdan gizli deyil, bəndəsindən niyə gizlətməliyəm…
Amma sözünü tamamlayammır. Güləndam əlində bir dəstə gül içəri girir. Sadıq hıqqana-hıqqana qalır.
Ər-arvad təəccüblə bir-birinə baxırlar. Sonra hər şeyi başa düşürlər. Lakin onlar da daha heç nə demir. Yatmaq təklifi ilə ayrılırlar.
Səhər Sadıq yerindən qalxan kimi həyətə düşür. Görür ki, Güləndam gül-çiçək dərib bağdan gəlir. Yanına çatanda Sadıq deyir:
-Sabahın xeyir, çöllər gözəli!.. Məni yaxşı-yaxşı dinlə. İndi gedirəm. Yurduma çatan kimi elçiləri bura göndərəcəm. «Yox» cavabı alsalar bil ki, mənim ürəyini yaralamış olursan. İndi nə deyirsən?
Güləndam dərdiyi güllərin içindən ən gözəlini seçib oğlanın atının yəhərinə taxır, başını yerdən ayırmadan otağa girir.
Sadıq arif oğlan idi. Hər şeyi başa düşür. Qızıl gül məhəbbət rəmzi idi, bu, razılıq əlaməti idi. Oğlan durmayıb atın tərkinə tullanır.
Atı həyətdə cövlan edir, şahə qalxır, qapıdan çıxanda Sadığın gur səsi dağlarda əks-səda verir:
-Salamat qal, dağlar qızı.
Məhəmməd kişi ilə Fatma nən yuxudan ayılıb Sadığı görmürlər. Baxırlar ki, Güləndan başqalaşıb, xəyallıdı, qayğılıdı. Gözləri də daim yol çəkir. Qocalar anlayırlar ki, qızları gecə qonağına bərk aşiq olub.
Sadıq evə gəlir. bütün əhvalatı əmisinə danışır. Yalvarıb-yaxarır ki, günü bü gün elçi göndərsin.. Əmisi bu xəbərdən bərk qəzəblənir. O, Sadıq üçün varlı bir ailədən qız tapmışdı, yaxınlarda gedib «hə»sini almaq istəyirdi. Fikirləşir ki, ybir az vaxt keçər, qardaşı oğlunun da ağlı başına gələr. Deyir:

-Yaxşı, mən yolumu meşədən salıb qızla, ailəsiylə tanış olaram. Baxaram, sən danışanlar doğru olsa, əlinə su tökməyə layiq bilsəm, elçiliyini edərəm.
Bir iki gün keçir. Tacır görür ki, Sadıq saralıb əldən gedir. Əlacsız qalıb Məhəmməd kişinin komasına gedir. Qapıdan səslənir:.
-Ay ev yiyəsi. Qonax istəmirsiz?
Səsə Güləndam gəlir. Tacir baxır ki, bir ay parçası durub qabağında. Qızı görər, görməz tacirin də ağlı başından çıxır. Dili topuq vura-vura soruşur:
-Məhəmməd kişinin evi buradı?
-Hə.
-Sən də yə‘qin onun qızısan. Hə…
-Bəli.
-Atan evdədi?
-Yoxdu. Keçin içəri. Hayındı harda olsa, gələr.
Tacir Vəli evə keçir. O, düzü-dünyanı gəzib dolaşmışdı, amma belə qızla rastlaşmamışdı. İndiyəcən elə zənn edirdi ki, cavan ölmüş arvadının yerini tutan olammaz. Sən demə, uzağa getmək, çaylar keçmək, dağlar aşmaq lazım gəlmirmiş. Ay göydən enib onun evinin yüz addımlığındakı meşədə gəzib dolanırmış. Kişinin yatmış hissəri püskürüb qalxır. Ürəyinə əf‘i ilanlar girir, öz-özünə deyir ki, bu maral Sadıq kimi uşaq-muşağa layiq deyil. Əsil tacir malıdı. Zər qədrini zərgər bilər».
Bir azdan Məhəmməd kişi gəlir. tacir onunla çox mehribanlıqla salamlaşır, hal-əhval tutub mətləbə keçir:
-Bilirsən, kişi. Mən Sadığın əmisiyəm. Bura zorlama göndərilmişəm. Qardaşım oğlu qızını görüb təzə eşqə düşüb. Deyir: pulumuz-paramız var, dağın qanmaz adamnarının əlində bir ceyran var. Get, dəyər-dəyməzə al gətir. Bir az əylənərəm, sonra da evdə qulluqçuluq eylər. Sizi gördüm, qardaşım oğlu da olsa, açıb hər şeyi danışmalıyam: Sadığın arvad-uşağı var. Mən elə adamam ki, kiminsə bədbəxt olmasına vicdanım yol verməz.
Güləndam başlayır ağlamağa. Deyir:
-İnanmıram. Ya ölüb torpağa qarışacam, ya da qalıb Sadığa gedəcəm.
Tacir buraya nifaq toxumu səpib çıxır, indi qalır Sadığı yoldan eyləyib qızdan ayırmaq. Yol boyu götür-qoy edir, neynəsin? Birdən yadına bir şey düşür: Sadıq ona demişdir ki, qız mənimlə kəmlə kəsmədi.. Elə utancaqdı ki, bir söz ağzınnan qopara bilmədim. Tacir sanki qiymətli mal tapmışdı. Bəli, qızın dilindən bir söz çıxarmaması abır-həya nişanəsi deyilmiş…. Kişi böyük sevinclə evə çatır. Atdan yerə enməmiş başlayır qardaşı oğlunu danlamağa:
-Ə, sən nə qammaz uşaqsan. Meşədə dilsiz-ağızsız caqqala rast düşürsən, ağlını oğurladıb Məcnuna dönürsən. Nə yaxşı ki, məni ora göndərdin. Bil və agah ol, sənin Leylinin dilini uşaqlıqdan yerli-dibli kəsiblər, laldı. Ona görə meşədən kənara çıxmır.
Sadığın əvvəl inanmağı gəlmir, sonra yadına salanda ki, gün ərzində Güləndamın dilinnən bir kəlmə söz qopara bilmədi, əmisinin söylədikləri ağlına batır.
Tacir Vəli qısa zamanda Sadığa varlı bir ailənin qızını alır.
Bundan sonra məqam axtarır ki, Güləndamı ələ keçirsin.
Bir gün Məhəmməd kişi arvadına deyir:
-Ay arvad, bu qız tərslikdən əl çəkmir. İnanmır ki, bu nanəcib Sadığın arvadı var. Qoy gedim öz gözümlə görüm.
O yola düzəlir. Sadıq gilin kəndində bir dostuna qonaq düşür. Ordan-burdan söhbət salır. Axırda öyrənir ki, doğrudan da Tacir Vəlinin qardaşı oğlu evlidir. Kor-peşman evə qayıdır. Eşitdiklərini qızına danışır.
Dünya Güləndamın başına daralır. Həyatdan tamam əllərini üzür. Ər-arvad fikirləşirlər ki, bir halal süd əmiş adam tapıb qızlarını ərə versinlər, yoxsa bu meşədə olan-qalan ağlını da itirəcək. Anası ona yanaşıb deyir:
-Qızım, nə vaxta kimi «Sadıq» deyib oturacaqsan. İndi sənin qucağında övlad oynadan çağındı.
Güləndam ərə getməyəcəyini bildirir. Anası göz yaşlarını leysan kimi axıdıb ondan əl çəkmir ki, çəkmir:
-A gözo yeyim, bu gün, sabah biz ölüb gedəcəyik. Sən qız xeylağı bu xarabalıq, kimsəsiz meşədə tək-tənha necə dolnacaqsan?
Axır ki, Güləndamı yola gətirirlər.
-Yaxşı siz deyən olsun. Amma bir şərtlə. Gərək ərim yaşlı adam olsun. Ona arvad yox, qulluqçu olmaq istəyirəm.
Ata yenə də Sadıxgilin kəndinə gəlir, dərdini bir naxırçı dostuna danışır. Bu naxırçının arvadı çoxdan ölmüşdü, bir ayağı gördaydı. Deyir:
-Qəm çəkmə. Qızoo mən özümə alaram. Demirsən yaşlı ər istəyir. Kənddə mənnən qocasını tapammazsan. Heç olmasa beş-on gün əlimə su tökən görrəm. Ev-eşik çirk-pas içində itib batır. Pal-paltarım yamaq üzü görmür…
Bir neçə gündən sonra naxırçı gəlib molla nikahı ilə Güləndamı aparır.
Bütün kəndə səs yayılır ki, bəs Əhməd kişi gözəl bir qız alıb, xətti xalına, gül camalına tamaşa eləsən doymazsan.. Söz-söhbət Sadığın da qulağına çatır. O, ah çəkib deyir:
-Dünyada ancaq bir gözəl var. O da meşədə dilsizdi.
Cavab verirlər ki, yox bu, həqiqətən çox gözəldir. Onun nişanələrini göstərdikcə Güləndamın siması durur Sadığın qarşısında. Elə bil ki, ilan çalır. Yatmış məhəbbəti yenidən oyanır.
Özünnən asılı olmayaraq yolunu naxırçının evindən salır. Çəpərdən boylanıb təzə gəlini axtarır. Birdən gözü Güləndama sataşır. Qız ağlaya-ağlaya bayatı deyirdi:

Göydə bulud olaram,
Saralaram-solaram.
Qəbrim üstə ot bitər,
Sağalmaz yenə yaram.

Sadığın təpəsinə qaynar su tökürlər. Güləndam lal deyilmiş. Əmisi onu aldadıbmış.
Sadıq xəncərini çıxardıb ürəyinə sancmaq istəyir. Birdən onda intiqam hissləri baş qaldırır. Atını dəli kimi evlərinə doğru çapır.
Tacir Vəli görmüşdü ki, kələyi baş tutmur, var-dövlətini yığışdırıb aradan çıxmışdı.
Sadıq qapıdan içəri girəndə baxır ki, quş uçub, yuvası qalıb. «Of, Güləndam!» - deyə bağıran oğlanın heç nəyə əli çatmır, xəncəri çıxarıb ürəyinə sancır.
Şər qarışanda kənddə bir vay-şivən qopur ki, göydəki durnalar qanad saxlayıb göz yaşı axıdırlar.
Naxırçı evə gələndə Güləndama danışır ki, Sadıq adında bir cavan özünə qəsd eyləyib. Sadıq adı gələndə Güləndam dik atılır. Sonra o ərindən öyrənir ki, həmin cavan tacir Vəlinin qardaşı oğludu…
Deyirlər, naxırçının gözəl arvadı səhər əri mal-qaranı aparannan sonra qara paltarda evdən çıxıb harasa gedir, bir də qaş qaralanda qayıdır. Qırx gün ərzində bu dünya gözəlinin yaraşığından əsər-əlamət qalmır, bel bükülür, arıxlayıb dərisi sümüyünə yapışır.
Kənddə dərd bir idi, olur iki.
Sadığın qırxı günü qəbir üstə gələnlər görürlər ki, təpənin aşağısı su ilə dolub. Mat-məəttəl qalırlar. Sən demə, Güləndan hər səhər bura gəlirmiş, oturub günbatanadək göz yaşı axıdırmış. Bu göz yaşlarından əmələ gələn göl sonra daşıb çaya çevrilir.
Sadıq dərdi unudular-unudulmaz kənd camaatı naxırçının arvadınnan şübhələnir. Günü-gündən saralıb solan, gənclik təravətini itirən qızı izləyirlər. Onun Sadığın məzarı üstə göz yaşı axıtdığını görəndə təəccüblənirlər. Sadıq hara, naxırçının arvadı hara? Burda bir sirr olduğunu anlayırlar.
Bir ağbirçəyi göndərirlər ki, qızdan ağlamağının səbəbini soruşsun.
Güləndam belə cavab verir:

Yarım torpaq altdadı,
Hər şeyin qaçıb dadı.
Mən susum, kim ağlasın,
Ölüb, Sadıqdı adı.

Güləndam başına gələnləri qarıya danışır.
Dağ gözəlinin müsibəti qısa zamanda hər tərəfə yayılır. Deyirlər, məhəbbəti nakam qalanlar Güləndamın yanına gəlib ürəklərini boşaldır, qanlı göz yaşı axıdırlar. Göz yaşlarınnan əmələ gələn balaca çay yazda böyüyüb dəliyə dönür. Amma sular dərəni aşannan sonra bulanlıqlaşır. Çünki həmin göz yaşlarının sahiblərinin ürəklərindən qara qanlar axırdı.
O vaxtdan neçə illər keçib. Hər dəfə Qanıx çayının kənarına gəlib tamaşa edəndə kiminsə həzin-həzin ağladığını eşidirsən. Deyirlər, bu, Güləndamın anasının səsidi.

Balam Qanıxda qaldı,
Qanıx da ah da qaldı.
Gül əkdim, soldurdular,
Göz yaşım arxda qaldı.

8. TURAC

Keçmişdə Turac adlı qız zalım bir xanımın evində qulluqçu imiş. Xanım onu çox incidirmiş. Turaca qarın dolusu çörək, geyməyə paltar vermirmiş. Günlərin bir günü xanım onu çağırıb deyir:
-A qız, hayındı dur su isit, başımı, ayaqlarımı yu.
Turac gedib su isidir. Nə qədər axtarır darağı tapmır, bilmir darağı hara qoyub. Xanımın səsi gəlir:
-Səni parça-parça olasan, bəs necə oldun?
Turac deyir:
-Xanım, bu saat gəlirəm.
Turac nə qədər axtarır, yenə darağı tapmır.
Xanımın ayağının səsi gələndə Turac ağlayıb deyir:
-Allah, nə olaydı, bir quş olaydım, xanımın zülmündən qurtaraydım.
Turac bir quş olur, xanım əli ağaclı qapıdan içəri girəndə uçub bağçadan çıxır. Birdən Turacın yadına düşür ki, darağ taxçadakı buxçadadı. Təzədən uçub pəncərənin qabağına qonub deyir:
-Xanım, taxçada, buxçada.
İndi də Turac həmişə bu sözləri oxuyur:
-Xanım, taxçada, buxçada.

9. YAPALAQ QUŞU

Keçmiş zamanlarda bir qardaşla bacı varmış. Ögey anaları uşaqları çox incidirmiş. Günlərin bir günü ögey ana onlara deyir:
-Öküzü aparın meşədə otarın. Əgər itirib eləsəniz, ikinizin də başını daşının altına qoyub əzəcəyəm.
Uşaqlar öküzü meşəyə otarmağa aparır. Axşam qayıtmaq istəyəndə öküzü itirirlər. Bacı meşədə qalır. Oğlan ağlaya-ağlaya evə gəlib ögey anasına söyləyir. Ögey ana onu çoxlu döyüb deyir:
-Gedin öküzü tapın gətirin! Əgər tapıb gətirməsəniz, ikinizi də gözünü çıxardacağam.
Oğlan geri qayıdıb əhvalatı bacısına danışır. Onlar öküzü çox axtarırlar, tapmırlar. Qorxularından geri qayıtmır, göyə üz tutub yalvarırlar ki, quş olsunlar. Onlar hər ikisi yapalaq quşu olur. Biri bir budaqdan o birinə qonanda soruşur:
-Tapdın…
O biri dalınca gəlib deyir:
-Yoox…
Yapalaq quşları indi də çöldə, meşədə itmiş öküzü axtarırlar…

10. GÜL VƏ BÜLBÜL

Deyirlər ki, qədimlərdə Gül gözəlliyi ilə dünyada tayı-bərabəri olmayan qız imiş. Bir gün bulaq başında ona bir oğlan yanaşır. Bir için su istəyir. Gül dolçanı doldurub oğlana uzadanda gözləri gəncin gözlərinə sataşır. Hər ikisinin ürəyinə od düşür. Gənc atına minib ordan bir qədər aralanır. Məlahətli səsə bir bayatı oxuyur

Büldüləm, oda yandım,
Gül getdi, mən dayandım.
Su verdi sevgi qatıb,
Mən içdikcə bal sandım.

Gül səhəri gün bağda çiçəkləri su verəndə oğlanın mahnısını yadına salır, könlü qübarlanır, deyir:

Güləm, həsrət qalmışam,
Yarı yola salmışam.
Bülbülün səsi gəlsin,
Fələkdən pay almışam.

Bülbül yoldan keçirdi. Gülün səsini eşidib bağa girir. Soruşur:
-Bəs mənim payımı kim verəcək?
Gül gülümsüyüb:
-Bu çiçəklərin hamısı sənin olsun. – deyir.
İki gənc əhdi-peyman bağlayırlar. Gül Bülbülü hər səhər dan yeri söküləndə bağçada gözləyir.
Bir gün Bülbül at belində oxuya-oxuya Gülün görüşünə tələsirdi, meşədən çıxhaçıxda düşmən tayfanın atlılarına rast gəlir. Məlahətli səsindən xoşlanan atlılar kəmənd atıb onu tuturlar. Əl-qolunu bağlayıb öz yurdlarına qaçırılır. Bülbül uzun müddət əsirlikdə qalır. Onu dəmir qəfəsə salırlar. Ancaq yanıqlı nəğmələr oxuyur. Şənliklərdə, məclislərdə isə səsini çıxarmır. Kirimişcə durub qolundakı qandallara baxır. Nə qədər xahiş, minnət edirlər şən mahnılarla düşməni əyləndirmir. Buna görə Bülbülü döyüb təzədənqəfəsə salırlar.
Aylar, illər bir-birini əvəz edir. Bir gün Bülbülü geyindirib-keçindirib şahın oğlunun toyuna aparırlar. Və‘d edirlər ki, mahnıları ilə qonaqları şənləndirsə, azad buraxılacaq. Bülbül yurduna dönmək, sevgilisinə qovuşmaq arzusuyla şən mahnılar oxuyur.
Bəylə-gəlin gətiriləndə Bülbül Gülü ağ gəlin paltarında görür, özünü onun üstünə atır. Bu zaman hamının gözü qabağında dəhşətli faciə baş verir.
Sən demə, atası zorla qonşu padşahın oğluna ərə verdiyi üçün Gül əlində iti xəncər tutubmuş. Bülbül həmin xəncərə sancılır. Gülün ağ gəlinliyi al qana bulaşır.
Qız xəncəri oğlanın sinəsindən çıxardıb öz ürəyinə sancır. Hr ikisi son nəfəslərində saralan üzlərini göyə tutub allaha yalvarırlar:
-Biz insanlığı qəddar, zalım, xayin gördük. Qadir allah, elə et, insan cildindən çıxaq, o dünyaya başqa varlıq şəkildə gedək ki, xəcalət çəkməyək.
Tanrı bu iki gəncin cildini dəyişir, gülü qırmızı ləçəkli, tikanlı gülə, bülbülü isə məlahətli səsə malik quşa döndərir. İndi də bülbül olan yerdə qızılgülü qırsan, quş özünü kollara çırpar.

Söyləyəni Mahmudov Həsən, 87 yaşında, Şəkinin Aşağı Şabalıd kənd sakini.
 

 
E-mənbə / link:
http://www.azmif.net/cgi-bin/datacgi/database.cgi?file=az&report=singlearticle&articleid=00045