Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Böyük sirr": Cəmaləddin Əfqani - 170

Müəllif:

Azər Turan


Kateqoriya:

Məqalə



Qısa Təsvir:

Şeyx Cəmaləddin Əfqani Azərbaycan türküdür. Marağalı bir ailənin övladıdır. Həmədan yaxınlığında, Əsədabad kəndində dünyaya gəlib (Əhməd Ağaoğlu).


Baxış sayı: 30
    
    


Şeyx Cəmaləddin Əfqani Azərbaycan türküdür. Marağalı bir ailənin övladıdır. Həmədan yaxınlığında, Əsədabad kəndində dünyaya gəlib (Əhməd Ağaoğlu).

***

Əfqanıstanda əfqan, Türkiyədə türk, Misirdə ərəbdir. İstanbulda Sultan Əbdülhəmid, İranda Nəsrəddin şah, Peterburqda çar Aleksandr Cəmaləddin Əfqaninin fikirlərinə ehtiyatla yanaşır. farslar onu şiə, türklər və ərəblər sünnü, hər iki məzhəbin ortaq çevrələri məzhəblərüstü insan kimi tanıyır. Mason adlandıranlar da var (A.Akgündüz, S. Öztürk). "İmanını qeyb etmiş mömin", yaxud "makiavelist" deyənlər də (C.Meric). Doğum tarixi, milli mənsubiyyəti, ölümünün səbəbləri münaqişə və mübahisə mövzusudur. O, Misirdə islahatçı Məhəmməd Əbduhu, İstanbulda milli şair Məhməd Əmin Yurdaqulu hasilə gətirir. Parisdə Qarabağlı Əhməd Ağaoğlunu Renanın cazibəsindən xilas edir. Atatürkün də, Məhəmməd Əmin Rəsulzadənin də fikri gəlişməsində Şeyxin rolu etiraf olunur. Ona hərə öz müstəvisindən, öz qovsündən baxır. Hərə onu öz bildiyi kimi yozur. Ernest Renan mübaliğəli tərifində daha aşırı gedib Seyid Cəmaləddini İbn-Sina, İbn-Rüştlə qiyaslandırır. İngiltərə, fransa, Almaniya, Rusiya, İran, Türkiyə, Əfqanıstan, Hindistan, ərəb ölkələrinin humanitar-ictimai institutları Şeyxi bir əsrdən çoxdur ki, tədqiq edir. Amma heç kəs onun sirlərinə sonacan vaqif ola bilmir. Şeyxin sirri açılmır. Çünki Şeyx zamanının heç bir bilgininə, heç bir mürşidinə bənzəmir. Təriqət qurmasa da, bütün islam şeyxlərinə rəğmən o, islam aləmində həm dini təəssübkeşliyi, həm də qövmiyyət duyğusunu bir yerdə, eyni vaxtda çalxalandırmağı, alovlandırmağı bacardı. Misirdə professor, İranda məhbus, Əfqanıstanda baş nazir, Parisdə redaktor... Ona Qərbin də, Şərqin də, istismarçının da, istismar olunanın da çıraqban və bəyaz sarayları müxalif oldu. Şeyx Cəmaləddin Şərqin təbii sərvətlərinə yerikləyən Qərb müstəmləkəçiliyinin qarşısına islam təəssübkeşliyi baxımından az qala, təkbaşına çıxdı... Şeyxi Nəsrəddin şahın qətlində suçlu bilənlər də olub, İslam dünyasına masonluğu yerləşdirdiyinə görə onu lənətləyənlər indi də var... Əli bəy Hüseynzadənin sözləri ilə xülasə etsək: "Seyid Cəmaləddin aləm və Şərq əhvalına qayət vaqif bir zat olduğu halda kəndisini panislamizm xəyalatına qapılmış bir sərsəri ədd ilə oynadığı rolların ərz və əvəzdən bəri olmadığını iddia edənlər az deyil".
Şeyx Cəmaləddin yüz ildir ki, haqq dünyasındadır. Gizli işlərini Allah bilər. Aşkar işlərini isə bəndələr də bilir.
***
Şeyx bütün şüurlu həyatını islam dünyasının birliyinə sərf edib. Müsəlmanların bir mərkəzdən idarə olunmasını, bütün müsəlman ölkələrinin bir konqresdə toplanmasını, ümmət fəlsəfəsini sarsıtmayacaq dərəcədə hər bir islam millətinin dil özgürlüyünə sahib olmasını istəyirdi.
***
Şeyx "səadətin altı guşəli qəsri"ni qurmaq üçün yeni bir təlim irəli sürürdü. Bu təlimə, bu "əqideyi-cəliləyə" görə:
1. İnsan gərək özünün ərzi bir mələk, yaxud xilqətin əşrəfi olaraq yaradıldığına inanaydı;
2. Öz millətini başqa millətlərdən daha üstün və əfzəl biləydi;
3. Elmlərin mövcud qaranlıq mühitdən daha yüksək, daha ali bir aləmə keçmək üçün vücuda gəldiyinə etiqat edəydi;
4. İnsanı digər canlılardan fərqləndirən mənəvi dəyərlərə - iffət və həya duyğusuna sədaqətli olaydı;
5. Əmanətə xəyanət etməyəydi;
6. Doğruluq və ədalət yolundan sapmayaydı.
***
Şeyxə görə insan hüquqlarının (Həqq-ül-nasın) qorunmadığı bir cəmiyyət müasir dünyada yaşamağa qabil olmayacaqdı.
***
Qəribə dünyanın daha bir qəribəliyini Azərbaycan türkləri yaradır. Türkçü Əli bəy Hüseynzadə "Türklər üçün islam xaricində səadət yoxdur" - deyir. Panislamist Şeyx Cəmaləddin "milliyyət xaricində səadət yoxdur" - söyləyir. Əli bəy Hüseynzadə türk milli birliyinin təmin olmasına ən böyük səbəb kimi Qurani-Kərimi dəlil gətirir, Seyid Cəmaləddin isə milli varlığın davamlılığını dil birliyində görür.
***
Seyid Cəmaləddinin yazdıqları ilə yanaşı, fikri təlqinləri də Şərq-Qərb münasibətlərinin ahəngini dəyişməkdə əsas amillərdən biri olub. Şeyx harada görünübsə bir şəxsiyyət olaraq varlığı islam birliyinin rəmzinə çevrilib. Hər bir müsəlman qövmünün onu özünküləşdirməsinin tək səbəbi də budur. Dağıstaniyə yazdığı məktubunda Şeyx iranlı, Renana yazdığı məktubunda ərəbdir. Hindistana ünvanladığı "Vəhdəti cinsiyyə fəlsəfəsi" yazısında hindlidir. Maddəçiliyin - dəhriyyəçiliyin tənqidinə həsr etdiyi yazısında müsəlman idealisti, Renana yazdığı məktubda isə az qala, materialistdir.
***
fransız Renanın "İslam dini elmdə bəhrəsizdir" hökmünə dayalı bir iddia ilə verdiyi konfransa Cəmaləddin Əfqaninin yazdığı cavabın müzakirəsi yüz otuz ildir ki, səngimək bilmir. Ancaq bəzən unudulur ki, bu elmi və təəssübkeş dialoq iki mütəfəkkir arasında - biri təkcə islamı deyil, xristianlıq da daxil olmaqla bütün dinləri elmi tərəqqi yolunda əngəl hesab edən qərbli Renan, digəri isə ona öz kübar ədası ilə cavab verib, dinlərin və təkcə islamın deyil, xristanlığın da insanlıq tarixindəki mütərəqqi rolunu xatırladan şərqli Şeyx Cəmaləddin arasında baş verib.
Şeyxin həmin yazısındakı üslub incəliyini, (bəlkə də dində əqidəsini gizlətmə anlamına gələn təqiyyəsini nəzərə almayanlar), eyni zamanda onun da fərqinə varmır ki, XIX yüzilin səksəninci illərində Avropanın tən ortasında - Parisdə Renana və Qərbə: "Avropalılar Aristoteli ərəb qiyafəsində çox yaxşı qarşılamışlar, halbuki, onlar yunanlarla qonşu olduqları zaman heç Aristotel yadlarına da düşmürdü... Xristianlıq intişar tapdığı ilk yüzilliklərdə elm və fəlsəfədən ona görə imtina edib ki, "bu, izahı mümkün olmayan üçləşmə - xristian dininin etiqadına görə çörəklə şərabı İsa peyğəmbərin əti ilə qanına dəyişmə və Allahın ilahi mahiyyəti ilə insan mahiyyətinin birləşdirilərək Tanrının insan olması imanını izah etmək üçün gərəkli" idi... Əgər bütün avropalılar eyni nəslə mənsubdurlarsa, onda sami olan harranlar və suriyalılar da böyük ərəb ailəsinə mənsub oduqlarını haqlı olaraq iddia edə bilərlər... Elmin böyük qaynaqları halına gəlmiş İraq və Əndəlüs kimi məmləkətlər ərəb xilafətinin Şərqdə və Qərbdə süqutundan sonra təkrar keçmiş cəhalətə düşüb fanatizmin mərkəzi halına gəldilər" - deyə xatırlatdığı həqiqətlər Cəmaləddin Əfqaninin ictihad səviyyəli tarixi hünəri kimi dəyərləndirilə bilərdi.
***
Şeyxin milli birlik fəlsəfəsi, millətin dil birliyinə böyük önəm verməsi ingilis müstəmləkəsi altında olan hind xalqına xitabı, əslində idarəetmə sisteminin ingiliscə qurulduğu Hindistanda milli ruhun oyandırılmasına cəhd idi. Şeyx hindliləri təşviq edirdi ki, onlar ingilis dili ilə yanaşı milli dilin də dövlət dili elan olunmasına çalışsınlar. Əslində, o, bu çağırışı ilə Hindistanı - geniş mənada isə Şərqi ingilis əsarətindən qurtarmağın uğurlu yollarından birini və ən başlıcasını nişan verməkdəydi. "Gərək milləti-hakimədən və gərək milləti-məhkumədən olsun, bir taqım köhnə nəzərlərin işbu bəyanıma bir nəzəri-heyrətlə baxacaqlarını iyi biliyorum, fəqət bu sözləri şərh və təfsir edincə ərbabi-zəka şu sözlərin nə qədər doğru olduğunu əlbəttə, təsdiq edəcəklərdir".
Şeyxin bu sözlərini əlli il sonra Hindistan ərbabi-zəkasının ən böyükləri milli müqavimət mücadiləsini gerçəkləşdirməklə təsdiqlədi. Təsadüfi deyil ki, ötən əsrin iyirminci illərinə qədər Qərb müstəmləkəçiliyinə qarşı islam birliyi - xilafət hərəkatı ideyasını mənimsəyənlər arasında Mahatma Qandinin də adı çəkilir (T.Arnold). Bu mənada öz tarixi varlığı ilə Cəmaləddinin adı Hindistana vəhabiliyin toxumlarını səpən Seyid Əhməd Xanla müqayisəyə gəlməyəcək dərəcədə mötəbər və daha işıqlı görünür...
***
Şeyxin irəli sürdüyü milli dil siyasəti ümmət əxlaqına söykənən İslam aləmində etiqad birliyinin pozulması kimi dəyərləndirənlər Cəmaləddinin əsas hədəfini gözardı ediblər.
İslam aləminin böyük bir qisminin Qərb dövlətlərinin kalonisinə çevrildiyi, yaxud çevrilməyə başladığı ərəfələrdə Şeyx Cəmaləddin Məhəmməd ümmətinin bütün potensiyasını, o cümlədən, milli qürur duyğusunu cihada sövq edirdi.
"İnsanlar arasında daireyi-şümuli-vase olub bir çox əfradı yekdigərinə mərbut qılan iki rabitə vardır: biri vəhdəti-lisan, digər təbirlə cinsi və ya vəhdəti-cinsiyyə. Digəri din. Vəhdəti-lisanın, yəni vəhdəti-cinsiyyənin (irqin, millətin) heç şübhə yoxdur ki, dünyadakı bəqa və səbatı dindən daha davamlıdır, çünki az bir zamanda dəyişməz. Halbuki, ikincisi böylə deyildir. Lisani-vahid üzrə qonuşan irqi görürüz ki, bin sənəlik bir müddət zərfində vəhdəti-lisandan ibarət olan cinsiyyətə bir xələldari olmadan, iki-üç dəfə təğyiri-din ediyor. Deyə biliyoruz ki, ümuri-dünyəviyyədə vəhdəti-lisan mərbutiyyətinin təsiri din mərbutiyyətindən daha qüvvətlidir. Bunun üçündür ki, xristian bir yunanlı bütpərəst Əflatun, Ərəstu və Sokratla mərbutiyyətindən dolayı təfaxür edir. Halbuki hindi bir xristianın vəhdəti-diniyyəsindən dolayı xristian Nyuton və Qaliley ilə iftixarı heç də şayəstə deyildir".
Şeyx haqlıdır. Bu mənada, yabançı siyasətlərin, xarici hərbi təcavüzlə yanaşı, yabançı dilin istila və işğalı altına düşmüş Vətən təbii ki, həm də dil birliyinin, vəhdəti-cinsiyyənin - irqi vəhdətin hesabına istiqlalını əldə edə bilərdi. Elə buna görə də tamamilə haqlı olaraq, Şeyx Cəmaləddinin islam birliyi naminə irəli sürdüyü doktrin milliyyətçi hərakatın da körüklənməsinə səbəb olurdu: "Bu məşhur Şeyx, bütün İslam aləminin yaşaya bilməsi üçün müsəlman millətlərin milli şüura sahib olmaları gərəyinə inanmışdır... Əfqani, İslam aləminin hər tərəfinə düşüncələri ilə, sözləri ilə, işləri ilə çox bərəkətli toxumlar saçmış və Qərb türklüyündə olduğu kimi şimal türklüyündə də milliyyət fikrinin inkişafına xidmət etmişdir" (Yusuf Akçura).
...Türk milliyyətçi şerinin memarı, "qaranlıq fəlakət vadilərində çobansız dolaşan zavallı türk millətini, əlində qavalıyla Turi-Sinadan enərək" (fuad Köprülü) toplayıb-birləşdirən Məhməd Əmin Yurdaqula "qaval çalmağı"n irfan sirrini əslində, Cəmaləddin Əfqani öyrətmişdi. Onu mənəvi Turi-Sina dağına qaldıran da Şeyx Cəmaləddin idi: "Məni o yoğurmuşdur. Əgər ruhların əbədiliyi və ölməzliyi varsa, o, ruhunu mənə yadigar etmişdir. Cəmaləddinin ruhu məndə yaşayır" - deyən Yurdaqul "ərəb və fars qaydalarından təmizlənmiş ilk türkcə şeirlərini, o sıradan "Bən bir türkəm, dinim, cinsim uludur" misrası ilə başlayan şerini Cəmaləddin Əfqaninin təlqini ilə yazmışdı" (Aydəmir).
***
Parisdə Əhməd Ağaoğlunu da türk milliyyətçiliyi burulğanına Seyid Cəmaləddin sövq etmişdi: "İslam aləminin düşünürlərindən Cəmaləddin Əfqani həzrətləri, Parisdə bulunduğu sırada mənim mütəvazi məskənimi, başqalarından üstün tutmaq lütfündə bulunmuşlardı və həftələrcə bərabər qalmışdıq". Bu həftələrcə bərabər qaldıqları müddətdə maraqlıdır, görəsən, Əfqani Əhməd bəyə nələri aşılamışdı? Nələrdən danışmışdılar? Hər halda, nə danışmışdılarsa, təsirsiz ötüşməmişdi və Parisdən Azərbaycana qayıdarkən yolüstü İstanbulda dayanan Əhməd bəy Seyid Cəmaləddinlə təkrar görüşüb fikir mübadiləsi etməyə ehtiyac duymuşdu: "...Nam və işbiharı aləmi-islamca məruf olan mərhum Şeyx Cəmaləddin Əfqani ilə müsafirxaneyi-Əbdülhəmiddə mülaqat eylədim". Beləliklə, Əhməd bəyin düşüncələri Parisdən Azərbaycana Cəmaləddinin ələyindən keçib gəlmişdi...
***
Milliyyət məsələsində heç vaxt, heç bir məqamda yanılmayan Yusuf Akçura, Əhməd bəy Ağaoğlu, Məhməd Əmin Yurdaqul kimi, ümmət düşüncəsini heç nəyə dəyişməyən və iman məsələlərində zərrə qədər də olsun güzəştə getməyən böyük Məhməd Akif də Seyid Cəmaləddin ideallarının peşindəydi, onun vurğunlarındandı və "Safahat" şeirlərində şeyxin böyüklüyünü dönə-dönə iqrar etmişdi...
***
Şeyx mürəkkəb bir ömür yolundan keçdi. Tarixi dəyişən axımların, hərəkatların və şəxsiyyətlərin yolağasına çevrildi. Ardıcılları sırasından böyük məfkurə sahibləri ilə yanaşı, ömrünü onun yolunda fəda edə biləcək qədər, yaxud onu incitmiş imtiyaz sahiblərini - istər şah olsun, istər şeyxülislam, fərq etməz - qurşuna düzəcək qədər fanatik vurğunlar və fədailər yetişdi. Xəlifələr də, padşahlar da, hökmdarların seçdiyi valilər də, şeyxülislamlar da dünya müsəlmanlarının şeyxini tanımaq istəmədilər. Misirə getdi, ətrafına zamanın yeni düşüncəli ərəbləri toplaşdı, valinin göstərişi və ingilislərin təhriki ilə Qahirədən çıxarıldı, İstanbula gəldi, Ali Maarif Məclisinin üzvü seçilsə də camelərin birindəki moizəsindən sonra Osmanlı şeyxülislamı Həsən fəhmi əfəndi Seyid Cəmaləddini kafir elan etdi, onun İstanbuldan çıxarılmasına fitva verdi. (Sonra "İttihad və Tərəqqi" mənsubları Şeyxülislam Həsən fəhmini qətlə yetirdilər). İrana keçdi, baş nazir Mirzə Əli Əsgər xan Əmin əl Sultan onu özünə rəqib gördü. (Sonra Nəcəfdən dörd müctəhidin imzası ilə Mirzə Əli Əsgər Xanın kafir elan olunması barədə fitva verildi). Avropada Məhəmməd Əbduhla "Urvatül-Vüsqa" məcmuəsini nəşr elədi, Qərb dövlətlərinin basqısına uğradı, məcmuəsi yasaqlandı, Hindistanda, Misirdə yayılmasına qadağa qoyuldu (Ə.Ağaoğlu). Seyid Cəmaləddinin Misirdə, Hindistanda, Sudanda, Rusiyada, fransada, İngiltərədə, Almaniyada, Amerikada, islam peyğəmbərinin hübbülvətən təlimini yenidən meydana çıxarmasına rəğmən, nə qəribədir ki, Rusiya və Türküstandakı köhnəpərəst dindaşları da dinc durmadılar... İsmayıl bəy Qaspıralı yazırdı ki, "Bizim Rusiya və Mavərənnəhr qədimçiləri şu dərəcə qafil və cahildirlər ki, əsrimizin ən böyük alimi...olan Şeyx Cəmaləddin Əfqani kibi ulamayi-benama (ünlü alimə) nəzəri-həqarət ilə baxırlar. Misiri, İstanbulu, şəriəti pozmuş, "nizami" olmuş deyərək kəndi payələrini kötərməyə (öz mövqelərini yüksəltməyə) çalışıyorlar.. Böylə gedərsə daha çox qamçı yeyəriz, daha çox tübən (aşağı) gedəriz və heyvanlıqda davam edəriz". Çünki yenə də İsmayıl bəyə görə "Şeyx Cəmaləddin Əfqani ilə bunun böyük şagirdi müftü Məhəmməd Əbduhun əsərlərində... tazə can bulmuş fəlsəfeyi-islamiyyə... yeni bir dövrə, yeni bir zamana girildiyini göstərməkdə idi" ...
***
Nəsrəddin Şahın müsafir olaraq Tehrana dəvət edib, sonra bu böyük islam mücahidinin başına açdığı amansız oyunlar, "əl-qolunu zincirlədərək Türkiyə-İran sərhəddinə qədər sürüklənircəsinə" onu "yeddi yüz atlının müşayiəti ilə" (Ə.Ağaoğlu) sınır dışı etməsi də sonradan İran şahına səltənətdən, taxt-tacdan və canından vaz keçmək bahasına başa gəldi. Sanki "Sən şah ol, mən də şeyx, görək kim kimdən daha güclüdür" düsturu ilə hərəkət edən Cəmaləddin Əfqani İran şahının yürütdüyü təslimçi iqtisadi siyasətə, o halda ingilislərlə bağlanmış "Tənbəki imtiyazı"nın özülünə elə sərt bir zərbə vurdu ki, İran şahı bu zərbədən bir daha özünə gələ bilmədi. Cəmaləddin dövrünün böyük "müctəhidi Mirzə Həsən Şiraziyə dövlət xəzinəsinin islam düşmənləri lehinə israf edildiyini isbat edən və İran hökumətinə qarşı ittihamnamə təşkil edən bir məktub göndərdi və müctəhid hökumət tərəfindən "Tütün imtiyazı" ləğv edilincəyə qədər, müsəlmanlara tütündən istifadəni yasaq edən bir fitva verdi. Bu fitvaya dərhal əməl edən xalqın müqaviməti qarşısında İran hökuməti müqaviləni ləğv etməyə məcbur oldu" (Qoldzer).
Əli bəy Hüseynzadə Nəsrəddin şahın Mirzə Məhəmməd Rza tərəfindən qətlə yetirilməsini İslam tarixinin qanlı məqamlarından biri kimi can yanğısı ilə qələmə alıb və öz romantik yaradıcılıq xəyalxanəsində müstəntiqin dilindən Mirzə Məhəmməd Rzaya "Nə üçün şahın yerinə naibüssəltənəni öldürmədin?" sualını verib. Bunu Şeyx Cəmaləddinin təlqini ilə yerinə yetirdiyini etiraf edən Mirzə Rza həm də onu bildirib ki, "gərək zülm ağacının kökünü kəsəsən, nəinki şaxələrini və budaqlarını... Bütün xalq, millət və dövlət hamısı yuxuda idi və ayıldılar. Altında hər cürə yırtıcı heyvanların toplaşdığı bu quru, meyvəsiz ağacı kökündən qopardım və o heyvanları bir-birindən ayırdım..."
...Ancaq tarixçilər Nəsrəddinin ölümündən sonra hakimiyyətə gəlmiş Müzəfərrəddin şahın zamanında - 1906-ci ildə konstitusiyanın və Millət Məclisinin yaradılmasına səbəb olmuş xalq hərəkatının ideya mənbələrindən biri kimi Cəmaləddin Əfqaninin yaydığı panislamizm ideologiyasının təsirini ayrıca qeyd etməkdədirlər (J.H.Kramers).
***
Seyid Cəmaləddin ömrünün son illərini İstanbulda keçirdi: "...Sultandan himayə gördü. Ona ev və maaş təsis edildi. Amma Türkiyədəki həyatının böyük bir qismi, Əbdülhəmid xəfiyyələrinin ciddi nəzarəti altında keçdi. Zatən onun atəşli və islahatçı təbiəti ilə Əbdülhəmidin uyuşmasına, əlbəttə ki, imkan yoxdu... Bu güclü fikir və dartışma adamı ingilis və rus xəfiyyələrinin də davamlı təqibi altındaydı" (S.Ş.Aydəmir).
***
Seyid 58 il yaşadı. Ailə qurmadı. Xərçəngdən öldü...
***
Leylayi-İslamı - İslam coğrafiyasını sağaltmaq istəyən Məcnun - həkim odur. Bir az laübalı, bir az da dərvişanə halı ilə böyük sirlərini hələ də dərk etməkdə çətinlik çəkdiyimiz Seyid Cəmaləddin...
Həm də ümumtürk poeziyasında milli ruhu ehya qılmış mürşid...
Ömrünün sonlarında İstanbulda Sultan Əbdülhəmidin ona verdiyi malikanəni "türk aydınlarının fikir təkkəsinə" (Aydəmir) çevirmiş əsədabadlı Şeyx...
***
Seyid Cəmaləddin İslam Şərqində Qərb hikkəsinin qabağına müsəlman öfkəsi ilə çıxdı.

E-mənbə / link: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2368