ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Haqq dini kimi islam ədalət tərəfdarıdır və öz ardıcıllarından da daima ədalətin müdafiəçiləri olmağı tələb edir. Zühur etdiyi ilk çağlardan islam cəmiyyətin ən vacib məsələlərini - insanları istismardan azad etmək, əsərinə hər cür təzahürlərini, bərabərsizliyi, güclünün gücsüzə zülmünü, haqsızlığı və başqa ictimai bəlaları aradan qaldırmaq yollarını göstərmişdir.
İslama görə, ədalətin ali mənbəyi Allahdır. Ədalətin meyarlarını Allah müəyyən etmiş, bu meyarları Quranda təsbit etmiş və əbədiləşdirmişdir. Quranın möminlərə ilk müraciətlərinin birində məhz ədalət məsələsi qoyulur: "Nə olmuşdur sizə ki, Allah yolunda, kişilərdən, qadınlardan və uşaqlardan zəifləri uğrunda, hansılar ki, deyirlər: "Ya Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən çıxart və bizə Öz tərəfindən bir Himayəçi göndər və bizə Özündən köməkçi göndər" - döyüşmürsünüz?" (ən-Nisa, 75).
Qurandakı əl-qist və əl-ədl məfhumları islamın ədalət və ədaləti bərqərar etmək yolları haqqındakı təsəvvürlərinin əsas təməlini təşkil edir. Bu məfhumlardan birincisi - əl-qist Allah-təalanın hər bir insan üçün əzəldən müəyyən etdiyi həyat aqibəti mənası daşıyır. Bu aqibət əzəli olaraq bütün insanlar üçün ədalətlə və bərabər müəyyən edilmişdir. Onun keyfiyyətindən, insanların öz talelərini necə qiymətləndirdiklərindən asılı olmayaraq, Allah ədalətli olduğundan heç kimi incitmir, sıxışdırmır, heç kimə zülm etmir, heç kimdən gücü çatdığından artıq bir şey tələb etmir. Quranda deiyldiyi kimi, Allah Öz məxluquna zülm etmək istəmir, eyni zamanda O, fəsadı da sevmir: "Həqiqətən, Allah insanlara heç bir şeylə zülm etməz, lakin adamlar özləri özlərinə zülm edirlər" (Yunus, 44).
İkinci məfhum - əl-ədl ən yüksək ədalət mənası daşıyır və o deməkdir ki, Allah-təala gec-tez, ancaq Özü bildiyi vaxt, hökmən hər kəsə əməllərinə görə əvəzini (əl-əcr) verəcəkdir - xeyir, yaxşı işlər üçün mükafat (əs-səvab), şər, pis əməllərə görə cəza (əl-iqab) labüddür. Əvəz insanın bu dünya həyatı boyu etdiklərinə tam uyğun olaraq verilir və burada hər bir əməl zərrəsinədək ölçülüb-biçilir:
"Sən dağları görür, sanırsan ki, onlar hərəkətsizdirlər. Halbuki onlar bulud kimi ötüb keçirlər. Bu, hər şeyi kamil görən Allahın işidir. O, nə etdiklərinizdən xəbərdardır. Kim yaxşılıqla gələrsə, ona bu sahədə xeyir vardır və onlar o gün (əzab) qorxu (sun) dan əmin-amanlıqdadırlar. Kim pisliklə gələrsə, onların üzləri oda tutulacaq. Məgər sizə ancaq etdiklərinizə görə əvəz verilmirmi? (ən-Nəml, 88-89).
"Və bu gün kimsəyə heç bir şeylə zülm elilməz və sizə ancaq etdiklərinizə görə əvəz verilir" (Ya sin, 54).
Eyni zamanda, səvab insanın etdiklərinə nisbətən çox da ola bilər, çünki Allahın səxavəti hüdudsuzdur: "Həqiqətən, Allah zərrə qədər zülm etməz və əgər (zərrə qədər) yaxşılıq olsa, onun (səvabını) qat-qat artırar və Öz tərəfindən böyük bir əvəz verər" (ən-Nisa, 40).
Allah-təala bütün insanları Adəm və Həvvadan yaratmaqla bəşəriyyətin birliyini müəyyən etmişdir və insan həyatını elə qurmuşdur ki, hamının çalışıb-yaratmaq imkanı eyni olsun. Bu o deməkdir ki, bütün insanlar Allaha tabedir və Onun müqəddəs iradəsini həyata keçirməlidirlər. Onların hamısına fəaliyyət göstərmək bacarığı bəxş edilmiş və müstəsna olaraq hamısı fəaliyyətləri üçün məsuliyyət daşıyır, heç kim bu məsuliyyətdən azad edilmir, heç kimə üstünlük verilmir, heç kim başqasına nisbətən daha ağır, ya daha yüngül yük aparmır, yaxud başqalarının hərəkətləri üçün məsuliyyət daşımır. Bəzi adamların başqalarına nisbətən seçilməsi, yaxud üstünlüyü barədə təsəvvürlər nəinki islama qətiyyən ziddir, həm də bu din tərəfindən pislənilir.
İslam bərabərliyi ictimai ədalətin ən mühüm qayələrindən biri hesab edir və göstərir ki, cəmiyyətin sabitliyi və ahəngdar inkişafı üçün ən vacib şərt onun üzvlərinin hüquqca bərabər olmalarıdır. Peyğəmbər Əleyhissəlam deyərdi ki, isnanlar gərək öz aralarında darağın dişləri kimi bərabər olsunlar. Eyni zamanda, islam dini mücərrəd, gerçəklikdən uzaq düşmüş, xəyalpərvər din deyildir. İslam daima nəzərə alır ki, dünyada müsəlmanlarla yanaşı başqa dinlərin də, islamı qəbul etmiş xalqlarla yanaşı başqa xalqların da nümayəndələri yaşayırlar.
Odur ki, islam insanlar arasındakı mövcud təbii irqi, milli fərqləri, dil, adət-ənənə xüsusiyyətlərini inkar etmir və göstərir ki, Allah Özü bu xalqları belə yaratmışdır ki, bir-birini yaxşı tanısınlar. Ancaq dil və rəng fərqləri, mədəniyyət xüsusiyyətləri heç vaxt bərabərsizlik üçün əsas ola bilməz. İslam insanların mütləq bərabərliyi qayələrini təbliğ edir və onlar arasında yeganə fərqi əməlisalehlik meyarında görür, daha doğrusu, belə hesab edir ki, bir insan başqasından ancaq Allah xofuna görə, etdiyi yaxşılıqlara görə, ədalətli olub-olmamasına, xeyirxahlıq edib-etməməsinə görə fərqlənə bilər.
İslamda ictimai ədalət və bərabərlik təsəvvürləri dindarların dini vicdanı - onların öz niyyət və əməllərini dinin göstərişləri əsasında mənalandırmaq qabiliyyəti ilə bağlıdır. Hər bir dindar müsəlman ancaq o vaxt özünü ədalətlə hərəkət etmiş hesab edə bilər ki, o öz əməllərinin Allaha xoş gedib-getməyəcəyini ölçüb-biçdikdən sonra hərəkət etmiş olsun. Dini vicdan dindarın ətrafındakı insanlara münasibətdə ədalətli mövqe tutmaq məqsədi ilə özündə daxilən tərbiyə etdiyi elə bir mənəvi saflıqdır ki, bu saflıq Ali hökm Sahibi qarşısında məsuliyyət hissindən doğur və dindarın öz əməlləri üzərində şəxsi nəzarətini artırır.
Əzimüşşən Peyğəmbərimiz Əleyhissəlamın vaxtında müsəlmanlar bir imana etiqad edir, icmanın Quran əsasında irəli sürülən vahid rəyinə əməl etməyə çalışırdılar. İlk müsəlmanlar Allahın təkliyinə, Quranın ilahi mənşəyinə sarsılmaz inamı, Peyğəmbər Əleyhissəlamın onların yanında olması və ortaya çıxan müşkül məsələləri öz nurlu nüfuzu ilə həll etməsi sayəsində hər cür ixtilafların qarşısını ala bilirdilər. Müqəddəs Quran da müsəlmanlara birlik ruhu təlqin edirdi:
"...onların işi öz aralarında müşavirə (ilə) dir" (əş-Şura, 38);
"...iş barəsində onlarla məşvərət et" (Ali-İmran, 159).
...İslam müsəlmanları bir-birinə münasibətdə, başqa xalqlara və başqa əqidələrin ardıcıllarına münasibətdə ədalətli olmağa çağırır:
"...əgər insanlar arasında mühakimə etsəniz, ədalətlə mühakimə edin!" (ən-Nisa, 58).
"Bəzi adamlara olan kin sizi ədalətli olmamağa məcbur etməsin..." (əl-Maidə, 8).
İslam öz ardıcıllarını başa salır ki, insanlar arasında ədalətli münasibətlərin bərqərar edilməsi bəşər övladının yerdəki güzəranını cənnət həyatına çevirə bilər, çünki Allah insanı daima Özünə məxsus keyfiyyətlərə tapınmağa sövq edir. Ədalət isə Xudavəndi-aləmin ən gözəl keyfiyyətlərindəndir. Yer üzündə ümumbəşəri dəyərlərin bərqərar olması, əməlisalehliyin əsas qayəyə çevrilməsi yolu insanın ədalətə səy etməsindədir.
İslam belə hesab edir ki, ictimai ədalətin bərqərar olması insanda öz tələbatına müəyyən hədd qoymaq anlamının, cəmiyyətin digər üzvlərinin də ehtiyaclarına hörmət hissinin tərbiyə edilməsindən başlanır. Bütün bəşəri dəyərlərə arxa çevirib başqasının əməyini istismar etməklə, qeyrisinin əmlakını mənimsəməklə hədsiz sərvət toplamaq, qonşusunun evinə, həyətinə, torpağına göz dikib nə yolla olursa-olsun buradan bir şey qoparmaq nə bəşəri həqiqətə, nə də İlahi həqiqətə uyğun gəlir. Odur ki, ictimai ədalətin bərqərar edilməsi uğrunda mübarizə hər bir vicdanlı adamın, hər bir dindarın borcudur və bu baxımdan fəal həyat mövqeyi insan əməlisalehliyinin ən zəruri meyarlarından biridir.
Bizə Hidayət kimi tövsiyə edilmiş qayələr və bu qayələrə əsaslanan ədalət meyarları xəyali, uydurma bir şey deyildir. İslam təməli üzərində meydana çıxan bu meyarlar ümumbəşərilik keyfiyyəti daşıyırlar: zəifə əl qaldırma, məzluma kömək ol, verdiyin vədə əməl et, zinakarlıq etmə, şərab içmə, qumar oynama, özgəsinin malına göz dikmə, icazəsiz başqasının evinə girmə - Allahın dininin bu və başqa göstərişləri bütün bəşər övladı tərəfindən, cəmi xalqlar və millətlər arasında, hər yerdə eyni dəyər kimi başa düşülür. Və əgər kim isə başa düşmürsə və başa düşmək istəmirsə, Allah-təala onun cəzasını verər. Kitablar Kitabının bu barədə tövsiyəsi qısa da olsa, aydın və əhatəlidir:
"Ədalətli olun, bu, təqvaya daha yaxındır və Allahdan qorxun. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!" (əl-Maidə, 8).
E-mənbə / link: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=2361