ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
|
---|
Adları İmperator Bonapartla yanaşı hallanan üç Rüstəm haqqında...
Bu yazı Qarabağ şəhidi Nazim Alimoğlunun xatirəsinə ithaf olunur
Nə qədər qəribə səslənsə də, materialın bolluğundan, həmçinin məsələnin qəlizliyindən haradan və necə başlayacağımı bu sətirləri yazarkən belə dəqiqləşdirməmişəm. Di gəl, bilirəm, çətini başlayana kimidi, çünki "uzunsaç, qonurgöz, bəstəboy Napoleon"dan az-çox oxuyanlar onun haqqında da eşidiblər. Sadəcə, bəzən fikir verilməyb, bəzən də barəsində danışdığım qəlizlik sarıdan baş qoşulmayıb. Ancaq nə vaxtsa kimsə başlamalıydı. Mən biləni, adlarını yeri gəldikcə çəkəcəklərimdən savayı Azərbaycanda bu mövzuda heç kim qələm çalmayıb. Bəndənizin yazısı isə görünür, ilk geniş araşdırmadır. Beləliklə, fransızlar demişkən - «All"armee», yəni silaha!
Birinci Rüstəm, yaxud hədiyyə verilən məmlük
"Nuh əyyamı"ndan başlamağa ehtiyac yoxdur, elə Napoleonun Misir yürüşü dönəminə "qayıtsaq", kifayətdir. Tarixdən bəlli olduğu kimi, Napoleon Misirin bir hissəsini işğal eləyəndən sonra yerli müsəlmanların qılığına girmək üçün onların məclislərində iştirak eləməyə başlayıb. Horatsiy Verne yazır ki, Napoleonun belə tədbirlərdə iştirakı siyasi biclikdən savayı bir şey deyildi. İmperatorun generallarından Burriyen də şahidlik edir ki, inqilab və respublika generalı nə xristian, nə də müsəlman idi: "O nə Tövrata, nə İncilə, nə də Qurana inanırdı. Napoleon, sadəcə, zəmanəsinin adamıydı".
Beləliklə, bu cür məclislərin birində, daha dəqiqi, Misirin Ali Baş Komandanı vəzifəsində olan general Bonapart yerli şeyxlərdən Əl-Bəkrini qəbul eləyəndə şeyx xidmətində olan məmlüklərdən birini Napoleona hədiyyə verir.
Qabaqdangəlmişlik çıxmasın, ancaq bildirim ki, "məmlük" sözünün mənası ərəbcədən tərcümədə "qul", "ağ qul", "döyüşçü qullar" deməkdir. Məmlüklər əsasən türklərdən, həmçinin gürcülərdən, çərkəzlərdən və digər dağlı xalqlardan yığılırdı. Onlar monqolların Orta Asiyaya və Qafqaza hücumları zamanı əsir götürülərək Misirə satılmış cavanlar olurdular. Sonradan məmlüklər Misirdə böyük nüfuz və hakimiyyət əldə edərək, ölkədə idarəçiliyi əllərinə aldılar. 13-cü əsrdən başlayaraq, sabiq "qullar" güclü dövlət qurdular və monqolların özlərini belə dəfələrlə ağır məğlubiyyətə uğratdılar. Misir 16-cı əsrdə türklər tərəfindən işğal olunsa da, 18-ci əsrdə Osmanlı İmperiyasının zəifləməsindən istifadə eləyən məmlüklər təzədən hakimiyyəti əllərinə aldılar. Napoleonun işğalından sonrasa ölkə bu dəfə fransız vassallığı altına keçdi. Həmin vaxtdan başlayaraq, general məmlüklərdən ibarət dəstələrin təşkilinə böyük həvəs göstərirdi. Demək istəyirəm ki, əslində, Napoleonun xidmətində həmin vaxta qədər xeyli sayda məmlük döyüşçü vardı və barəsində danışdığımız məmlük də imperatora verilən növbəti belə hədiyyələrdən olub. Bəs nə idi onu tarix üçün bu qədər "əziz xələf" eləyən? Belə baxanda, heç nə... Sadəcə, bu məmlük balası sonradan Napoleonun şəxsi cangüdəni olduğundan bəxti gətirib. Yox, tam olmadı. Axı, imperatorun digər məmlük cangüdənləri də olub, niyə məhz ondan danışırıq? Çünki tarixdə bu zırramanın memuarı qaldığından, araşdırma üçün həftələrlə mənim vaxtım gedib, bu yazını oxuyub başa çatana kimi də Sizin vaxtınız gedəcək. Mən memuar məsələsini sonraya da saxlaya bilərdim. Axı, adətən adamın birinci özündən, sonra yazdıqlarından, Allah qoymasa, "yaradıcılığından" danışarlar. Ancaq buna ehtiyac yoxdur, o səbəbdən ki, cangüdən məmlük haqda nə biliriksə, onun imzasıyla çıxan gündəlikdədir...
Cangüdən, yoxsa erməni millətçisi?
"O, Gürcüstanda, Tiflisdə doğulub. Atası Rüstəm Unan tacir idi...Onun iki yaşı olanda atası ticarətini doğma şəhəri Aperkana - Ərməniyyənin ən möhkəm divarları olan şəhərlərindən birinə keçirdi...".
Sonradan Napoleonun şəxsi cangüdəni olacaq məmlükün gündəliyi bu cümlələrlə başlayır. Başlamışıqsa, yaxşısı budu, "balaca"nı (mən çalışıb, onun adını çəkməyəcəyəm, çünki gündəlikdə baş ağardacaq qədər qeyri- dəqiqliklər var ki, bu barədə ayrıca danışacağıq - İ.Tumas) düz Misirə qədər "böyüdək". Deməli, onlar Aperkanda çox qalmayıb Gəncəyə köçürlər və dədəsi burada nəyə görəsə anasını atır, oğlan uşaqlarını özüylə götürüb çıxıb getsə də, sonbeşik Rüstəm öz arzusuyla çox sevdiyi anası və bacılarıyla qalır. Yazdığına görə, yeniyetmə vaxtı onu oğurlayırlar və qul kimi satırlar. Sonra "balaca"nı Misirin 24 canişinindən biri olan Saleh bəy İstanbulda alır və azadlıq verərək, məmlüklər ordusuna qatır. Təbii ki, məmlük olmazdan əvvəl sünnət olunmaq şərtiylə. Saleh bəyin ölümündən sonra yeniyetmə məmlük bir aya yaxın orda-burda sülənsə də, sonunda Qahirədə Napoleonun casuslarından olan Əl-Bəkri adlı bir şeyxin yanında qulluğa girir. Sonrasını yuxarıda danışdıq: Napoleon gənc məmlükü öz yanına götürür...
İndi mətləbə daha yaxın olaq. Başlayaq əvvəlcə memuar sahibinin adından, nəslindən-kökündən, atasından-anasından. Aydın olur ki, gələcək məmlükün atasının adı Rüstəm, belə demək mümkünsə, soyadı Unan olub. Bu adam bir oğlunu, iki qızını, arvadını qarışıq zamanda niyə qoyub aradan çıxır, bu, qaranlıqdır. Ola bilərmi, atayla-ana ümumiyyətlə, başqa-başqa dindən və millətdən olublar? Açığı, ağlım kəsmir. O dövrdə belə şeylərə bir az pis baxırdılar, ağlınız indiyə getməsin. Nəsə, görünəni odur ki, ya məmlük Rüstəmin dədəsi biqeyrət kişi olub, ya da ortada bilmədiyimiz, hələ bəlkə gündəliyi yazanın özünün də bilmədiyi məqamlar var.
İndi də keçək ad məsələsinə. Tacir Rüstəmin dörd oğlan, ikisi qız olmaqla altı övladının ən balacası bizim "qəhrəman"ın adı niyə yenə Rüstəmdir? 1888-ci ildə məşhur tarixçi, Napoleon dövrünün bilicisi Frederik Masonun ön sözüylə ilk dəfə Fransada çap olunan memuar, 1911-ci ildə Pol Kottenin redaktəsi ilə təzədən basılır. Çap məhsulunun titul vərəqində məhz belə yazılmışdı: "Souvenirs de Roustam, mamelouck de Napoleon Ier. Introduction et notes de Paul Cottin, Preface de Frederic Masson. Paris: Paul Ollendorff, 1911".
Müəllifin yazdığına görə, türklərin əlində əsirlikdə olanda ona "Yəhya" adını versələr də, Napoleonla ilk görüşdə imperator fransızca "Rüstəm" adını daha rahat səsləndirə biləcəyini söyləyərək, "bundan sonra səni evdə çağırdıqları kimi, Rüstəm çağıracağam" deyib. Deməli, məmlükü evdə atası kimi Rüstəm çağırıblar, türklər də "Yəhya" adını ona sonradan veriblər. Bəs bu adamın əsl adı nə olub? Və ən əsası, bu "Raza" soyadı haradan alınıb?
Bütün bunlara görə, şahidlik edirəm ki, Rüstəm Razanın memuarından onun nəslinin-kökünün kim olduğu dəqiqliyi ilə bilinmir. Adamın atasının adı Rüstəm, özünü evdə Rüstəm kimi çağırıblar, bacılarından birinin adı Bəyzadə, o biri Məryəm, ancaq başına gələn hadisələrdə erməni olduğunu yeri gəldi-gəlmədi gözə dürtür, erməni olduğuna görə tutub qul kimi satıldığını yazır. Hələ onu demirəm ki, Rüstəm heç yerdə anasının adını çəkmir. Bu mənada gündəlikdə xeyli maraqlı məqamlar var ki, onlar memuarın sonradan saxtalaşdırılmadığına şübhə oyadır. Məsələn, birinci fəsildə oxuyuruq: "Onlara hücum eləyəndə uşaqların çoxu tutulsalar da, o (müəllif burada özü haqqında ikinci şəxs kimi yazır - İ.Tumas), qaça bildi. Rüstəm düz altı saat meşədə gizlənməli oldu. Yolu azdığından, çox, lap çox sevdiyi anasının yanına qayıda bilmədi".
Bu yerdə fransız tərcüməçinin yazdığına görə, orijinalda Rüstəmin əliylə edilməyən qeydə baxın: "O, (yəni, anası - İ.Tumas) Tiflis ermənisi idi və adı Budcu-Vari idi". Bu adamın memuarında önəmli bir məsələ - anasının adını kimsə naməlum adam qeyddə yazıb, belə də memuar olar?
Müəllifin əliylə deyil, başqa birisi tərəfindən gündəliyə sonradan olunan belə əlavələr kifayət qədərdir. Düzdü, yuxarıda dediyimiz kimi, Rüstəm özünün erməni olması barədə gündəliyində xeyli dəqiq və birbaşa təsdiqlər də qoyub. Məsələn, məmlük yazır: "Mən Şuşaya, anamın yaşadığı erməni kvartalına getdim"; yaxud "həmin adam məndən erməni dilini bilib-bilmədiyimi sorşudu. Mən erməni olduğumu dedim və bizim doğma dilimizdə ona cavab verdim".
Ümumiyyətlə, Rüstəmin gündəliyindən erməniliyin çox kəsif və zəhlətökən qoxusu gəlir. Görün bu gədə İstanbula gəlişini təsvir edəndə nə yazır: "Konstantinapolda Müqəddəs Sofiya məbədinin yaxınlığında qalırdıq. Dünyanın bu ən böyük və varlı məbədini ermənilər tikiblər, türklər isə onu işğal ediblər".
And içərəm ki, bu, savadsızlıq deyil. Özünüz fikirləşin, kiçik yaşlarından evindən oğurlanaraq həyatının bir hissəsini onun-bunun qulluğunda, qalanını da Napoleon kimi cahanşümul sərkərdənin qapısının ağzında keçirən bu erməni gədəsi vaxt tapıb beynini bu cür mənasız və əsası olmayan informasiyalarla doldura bilərdimi? İkisindən biri düzdür: ya Rüstəm gicin biri olub, ya da bunlar hamısı memuarın ciddi şəkildə saxtalaşdırıldığından, hələ bəlkə, imanım Allah amanatı, ümumiyyətlə, başqa birisi tərəfindən yazıldığından xəbər verir...
Onu da nəzərə alaq ki, bu gün bəlkə də, dünya ədəbiyyatında və tarixşünaslığında Napoleonun adıçəkilən cangüdəni barədə nisbətən geniş araşdırmalar yalnız erməni müəlliflərə məxsusdur. 2007-ci ildə Moskvada yaşayan jurnalist, fransız dili mütəxəssisi Arytyun Əmirxanyan uzunillik araşdırmalardan sonra "Silahdaşıyan və cangüdən Rüstəmin tanıdığı Napoleon» adlı tarixi roman yazır. Mən cənab Əmirxanyanın romanı, həmçinin rus mətbuatına verdiyi müsahibələri, özünün şəxsi saytı ilə tanış oldum. Həqiqətən, işi belə görərlər! Nə olsun ermənidi? Arutyun təkcə Rüstəmin erməniliyi barədə danışmır, yazmır. O, mövzuya daha geniş yanaşır və Rüstəmin simasında Napoleonun hərbi dühası ilə erməni xalqının əsrlərlə öz xilaskarını gözləməsi barədə sicilləmələri, həmçinin ermənilərin siyasi niyyətlərini ehtiva edən doktrinanı birləşdirməyə cəhd eləyir və buna müəyyən dərəcədə nail də olur. Əmirxanyan yazır: "Napoleon bütün Avrasiya xalqlarının, o cümlədən ermənilərin hökmdarı olmaq istəyirdi və ola da bilərdi. Bu haqda o, müqəddəs Elena adasındakı xatirələrində açıq-aydın yazıb...
...Napoleon Osmanlını parçalamaq və erməni dövləti də daxil olmaqla, ayrı-ayrı vassal dövlətlər yaratmaq istəyirdi. Napoleon, ancaq Napoleon erməni çarı ola bilərdi... Məhz buna görə Rüstəm onun ardınca dünyanın o başına da gedər, imperator üçün həyatını belə qurban verərdi..."
Görürsünüz, bir fərdin həyatını ümumerməni probleminə çevirməyi necə bacarır?
Ümumiyyətlə, bu gündəliklərin hansısa rus, yaxud qeyri millət tərəfindən tərcüməsinə rast gəlmədim. İstənilən nəşrdə iki tərcüməçinin adı çəkilir: Qriqoriy Canikyan, İrina Karumyan. Siz də şahid oldunuz ki, fransız dilində əsərin adında "erməni" kəlməsi yoxdur. Ancaq tərcüməçilər gündəliyi belə tərcümə eləyirlər: "Воспоминания мамелюка Рустама Раза, армянина ».
Yəni, "Erməni məmlük Rüstəm Razanın xatirələri".
Sən kimsən, Rüstəm Raza?
Xeyli irəlilədik, ancaq deyəsən, Rüstəm Razaya qarşı artıq "irqi-ayrıseçkilik" təpkisi ilə yanaşmaq meylləri daha çox oldu. Bu adam ermənidir, hər kimdir, Napoleonun şəxsi cangüdəni olub, özü də tək özünün yazdığı memuarında yox, çoxlarının əsərlərində, qısa təsvirlərlə də olsa adı hallanıb. Məsələn, təxminən bu formada: "İmperator özünün sadiq cangüdəni Rüstəmlə qabaqda gəlirdi", yaxud "həmişəki kimi məmlük Rüstəm Napoleonun yanında idi" və sair. Bu barədə Valter Skottdan başlamış, Vereşaqinə, Balzaka, Stendala, Verneyə, Valentin Pikula qədər çoxları yazıb. O dövrün rəssamları arxa planda vəkil-vükəlası ilə birgə Napoleonun rəsmini çəkəndə mütləq türk çalmalı, məmlük libasında Rüstəmin surətini də bu tabloya daxil edərdilər. Ona görə də, qısqanmadan Rüstəmin əslində, Napoleon üçün kim olduğuna dair fikir yorumu yapmağına dəyər.
Əvvəlcədən deyim ki, Rüstəmin özünün şəxsiyyətinə dair bizdən əvvəl də söz söyləyənlərin fikirləri haçalanıb. Məsələn, müasir fransız tarixiçisi Alfred Fierro yazır ki, Rüstəm sadəcə, şöhrətpərəst, xudbin, başıboş personajdır və Napoleon dövrünün tarixində heç bir əlahiddə rola malik deyil. İngilislər isə daha uzağa gedərək, yazırlar ki, Rüstəm Bonapart üçün çirkin işləri yerinə yetirən bir gədə olub. Yəqin, misterlər imperatorun padşahın piyada getdiyi yerə yollanması üçün cangüdənin hazırlıq görməsini nəzərdə tuturlar. Erməni tərcüməçilər isə Rüstəmi "cəsur, ancaq bədbəxt" birisi kimi xarakterizə edirlər. Təbii ki, ən düzü Rüstəmin o qədər də böyük və mürəkkəb dillə yazılmayan gündəliyini oxumaq, bu adamın əslində kim olduğuna dair hər kəsin özünün qiymət verməsidir. Bu mənada, şəxsən mənim gəldyim bəzi nəticələr var.
Birincisi, həm yazdıqlarından, həm də tarixdən bəllidir ki, Rüstəm imperatorun yanına qulluğa girəndən Napoleonu demək olar ki, bütün səfərlərdə müşayiət eləyib, gecələr çarpayısını onun qapısının ağzına qoyaraq yatıb. Xidmətlərinə görə, onun "Fəxri Legion" ordeni alması barədə bir söz demək mümkün deyil. Gündəlikdə bu barədə eyham olsa da, ancaq təlifdən xəbər yoxdur.
İkincisi, Rüstəm Razanın "əsəri" həddən artıq savadsız yazılıb və əslində, bizim buna memuar deməyimiz böyük səhvdir. Nə üslubu var, nə də estetik yazı gözəlliyi. Gündəlikdəki qərəzli-qərəzsiz yanlışlıqlar barədə barədə yuxarıda söhbət açdığımızdan, saxtalaşdırma ehtimalına yenidən qayıtmaq istəmirəm.
Üçüncüsü, Napoleonun onunla davranışları barədə müəllifin öz gündəliyində yazdıqlarına əsasən Rüstəmin şəxsiyyəti, həmçinin tarixdə rolu barədə barədə fikir yürütmək olar. Bu yerdə əsərdən nümunələri və şərhimizi oxumaq yetərlidir...
Rüstəmin yazdıqlarından: "İmperator mənim qulağımı çəkdi və gülümsəyərək dedi: "Qorxma, mən sənə yaxşı baxacağam".
Birincisi, Napoleonun kiməsə, ələlxüsus öz əsgərinə "mən sənə yaxşı baxacağam" deməsi qətiyyən inandırıcı görünmür. Bu adam heç arvadı Jozefinaya belə şeylər deməzmiş. Xeyir ola, bir yeniyetməyə bu qədər nəvaziş göstərir? Heç inanmağım gəlmir...
Rüstəmin yazdıqlarından: "İmperator mənim xəstə olduğumu biləndə dedi: "Rüstəm, sən hələ tam sağalmamısan, bu dəfə qal, arvadım Jozefina sənin qayğına qalar. Mən israr eləyəndə, Jozefina dedi: "Rüstəm, sən mənimlə qalıb imperatoru Parisdə gözləmək istəmirsən? Mən qalası oldum...".
Mən durdum qırağa, özünüz deyin, belə bir olay və dialoq mümkündürmü? Bu biqeyrətliyə Napoleon boyda kişi göz görəsi gedərdimi? Elə bil zalım oğlu Bonapartın halalca oğludur, imperator da uşaq kimi onun qayğısına qalır.
Rüstəmin yazdıqlarından: "Napoleon qulağımı nəvazişlə çəkib dedi: "Mənim toppuşum, sən həqiqətən çox yorulmusan...".
Daha buna şərh-zad lazım deyil...
Rüstəmin Napoleon sarayındakı intriqalardan, ona qarşı olunan hücumlardan nə cür qurtulduğu barədə uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm, ancaq sonda bircə faktı xatırlatmaqla bu dəfə Rüstəmin ləyaqəti haqqında fikrimi bildirmək istəyirəm. Napoleonun bütün qalibiyyətlərində onunla birgə olan Rüstəm ağır günlərdə, 1914-cü ildə təxti-tacdan düşüb Elba adasına yollanan sahibiylə birgə olmur. Müəllif memuarında yazır ki, Napoleon ondan dolu tapança istəyir, o isə imperatorun özünü vurmasından qorxaraq, bundan imtina edir. Sonra isə dostlarının məsləhəti ilə saraydan qaçaraq arvad-uşağının (hələ şad günlərdə o, Jozefinanın işlər müdirinin qızına evlənmişdi - İ.Tumas) yanına gedir. Dostları ona deyiblərmiş ki, sən imperatora tapança versən, özünü öldürəcək və deyəcəklər ki, sən digər dövlətlərin casususan, aradan çıx. Bax, bu bəhanəylə erməni olduğu bildirilən Rüstəm Raza əsl erməni hiyləsiynən ağasını çətin günlərdə tək qoyub aradan çıxır. Maraqlıdır ki, 100 günlük hakimiyyət dövründə Rüstəm təzədən özünü İmperatorun yanına vermək istəyir, ancaq Bonapart onu rədd edir. Əlacsız qalan sabiq cangüdən arvadının doğulduğu şəhərə qayıdır və burada poçtda işləyir. Rüstəm Raza Napoleondan çox sonralar, 1845-ci ildə Durdanda vəfat edir və katolik qəbristanlığında dəfn edilir. Qəbrinin üstündə bu sözlər yazılıb: "Burada imperator Napoleonun sabiq məmlükü, Gürcüstanın Tiflis şəhərində anadan olmuş və Durdanda 64 yaşında vəfat etmiş Rüstəm Raza uyuyur. O özüylə həddindən artıq sevdiyi doğmalarının həsrətini apardı. Onu sevənlərlə birgə ruhu əbədi dinclik tapsın".
İkinci Rüstəm, yaxud türklərin dağıstanlı məmlükü
Beləliklə, araşdırmamızın ikinci hissəsinə, daha dəqiqi, ikinci qəhrəmanına yetişmiş sayılırıq. Onun da adı Rüstəmdir, o da Napoleonun cangüdəni olub, o da məmlük kimi Misirdə xidmət eləyib. Ancaq ikinci qəhrəmanımızın birincidən fərqi ondadır ki, onun haqqında danışılanda memuar məsələsinə toxunulmur. Bu qəhrəman daha çox Türkiyədə məşhurdur.
"Exo" qəzetinin 2007-ci ilin 29 senytabr sayında Rüstəmov (bir Rüstəm də buradan çıxdı ki... - İ.Tumas) soyadlı müəllifin imzasıyla yazılan məqalədə oxuyuruq ki, 2001-ci ildə Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstituna Türkiyə Hökumətindən Altan Araslının bir kitabı hədiyyə olunur. "Avropada türk izləri" adlı bu kitabda Napoleonun cangüdəni olmuş, əvvəllər "Yəhya" adlanan məmlük Rüstəm haqqında məlumat olub. Bildirilir ki, Yəhya Dağıstandan olan türkdür, deməli azərbaycanlıdır. Ümumiyyətlə, Türkiyə mətbuatında bu məsələ o qədər də geniş işıqlandırılmayıb. Adıçəkilən Altan Araslının məlum kitabından savayı mövzuyla bağlı elə bir məlumata əlimə düşmədi. Ona görə də Rüstəm haqqında Türkiyə mənbələrinin yazdıqlarını elə orijinalda nəzərdən keçirməyimiz faydalı olar.
"...Napolyon Türkiyeye gelmemişti, fakat neredeyse hayat boyu korumalığını yapan kişi bir Türk olmuştu. Rüstem isimli bu Türk, hükümdarın yanından hiç ayrılmaz, savaşta olsun, barış zamanında olsun devamlı olarak onunla birlikte bulunurdu. 1798-de Mısırı işgale kalkan Napolyon başarısız olmuştu. Fransaya 1799-da gizlice dönerken yanında bir de Türk vardı. Tam adı Rüstem Rıza olan bu Türk, Mısırda hüküm süren Memluk ailelerinden birine mensuptu ve aslen Dağıstanlı idi. Napolyon, o sırada 20 yaşında olan Rüstemi ata binerken görmüş ve binicilikteki maharetine hayran kalmış, daha sonra diger hünerlerini de görmüş, mükemmel şekilde silah kullanmasını takdir etmişti. Napolyon, yeteneklerinin yanısıra saygılı halini de begendiği Rüstemi kendisine özel koruma yaptı. Pariste geleneksel kıyafetleriyle dolaşan Rüstemi artık herkes tanıyordu.
Sonraki senelerde imparator olan Napolyon, Rüstemi baş koruması yaptı ve şakalaşacak kadar samimi oldu. Zaman zaman kulağını çekerek takılır, bazen yemeklerini de onunla beraber yerdi. İmparatorun bütün savaşlarına katılan Rüstem, Austerliz Muharebesinde büyük kahramanlıklar göstermişdi...
...Türk koruma için her şey yolunda giderken Napolyonun talihi dönmeye başlamıştı. 1812-deki Rusya seferi büyük başarısızlıkla sonuçlanmış ve müttefik orduları Paris kapılarına dayanmıştı. Napolyonun geleceği artık belirsizdi. İmparator o günlerde Rüstemden tabancasını istedi ama sadık koruma ilk defa emre itaatsizlik etti, Napolyonun intihar edebileceğini farketti ve silahı vermedi.
Müttefikler Napolyonu Elbe Adasına sürgüne gönderdikleri zaman Rüstem yanında degildi, zira efendisinin içine düştüğü duruma dayanamayıp kendisini sokaklara atmıştı. Napolyon ise, Rüstemin kendisini en zor zamanında terkettiğini zannetmiş ve Elbe dönüşünde Rüstemi bir daha yanına almamıştı.
Rüstem için eski şaşaalı günler artık çok uzaklarda kalmış ve yoksulluk çeker olmuştu. Paristen ayrılıp Durdan şehrine gitti ve zamanını avlanarak geçirmeye başladı. Napolyondan sonra uzun yıllar yaşadı. 1845-te öldüğünde 64 yaşındaydı. Durdan şehrindeki mezarlığa gömüldü ve mezar taşına "Napolyonun korumalarından olan Rüstem Rıza burada yatıyor" yazıldı".
Türkiyə mətbuatından seçdiyim bu hissədən məlum olur ki, qardaşlarımız Napoleonun türk cangüdəni olan Rüstəm barədə danışanda və yazanda memuardan qətiyyən söz açmırlar. Bunlar ya memuardan xəbərsizdirlər, ya da xəbərsiz olmaq istəyirlər. Nəyə lazımdı, axı?
Üçüncü Rüstəm, yaxud Şuşada uyuyan polkovnik
Növbəti qəhrəmanımız barədə hərb tariximizin dərin bilicisi və yorulmaz araşdırmaçı Şəmistan Nəzirli xəbər verib. Ancaq məncə, Şəmistan müəllimin ermənilərə nifrəti izafi dərəcədə olduğundan, bəzi yerlərdə qeyri-dəqiqliklər yaranıb. Buna baxmayaraq, prinsip etibarilə onun gətirdiyi dəlilləri inandırıcı saymaq və barəsində danışdığı Rüstəmi tarixi şəxsiyyət olaraq daha real qəbul etmək olar. Şəmistan müəllim mövzuyla bağlı professor Qiyasəddin Qeybullayevin "Qarabağ (etnik və siyasi tarixinə dair)" kitabında erməniləşmiş albanlardan danışarkən Bonopartın keşikçisi Rüstəmin müsəlman dinini qəbul etmiş, ya da erməniləşmiş alban olduğunu qeyd etməsini müəllifin səhvi hesab edir. Şəmistan müəllim güman edir ki, professor bu faktları erməni mənbələrindən götürüb və bildirir ki, "bütün rus mənbələrində Napoleonun yanında yalnız qarabağlı polkovnik Rüstəm bəyin xidmət etməsi göstərilir". Ancaq fikrimcə, bu dolaşıq məsələdə ən ağlabatan versiyanı elə Qiyasəddin müəllim irəli sürüb. Bir də nədənsə hörmətli hərb tarixçimiz türkiyəli müəlliflər kimi mühüm bir məqamı - memuar məsələsini unudur və israr edir ki, şuşalı "Rüstəm bəy nə albandır, nə də erməni. O, azərbaycanlıdır və tarixi şəxsiyyətdir".
Tədqiqatçı daha sonra yazır: "Tarixi sənədlər göstərir ki, azərbaycanlı polkovnik Rüstəm bəy Qarabağlı (1781-1845) Napoleonun Rusiyaya yürüşündə iştirak edib. Mən 1999-cu ildə Tiflisin Mərkəzi Kitabxanasının nadir fondunda saxlanan 1902-ci ildə nəşr olunmuş "Rus hakimiyyətindən sonra Qarabağın ilk könüllüləri" adlı kitabçaya rast gəldim. Kitabçanı ermənipərəst general-leytenant, XIX əsrin əvvəllərində Zaqafqaziya Hərbi Tarix Muzeyinin rəisi olmuş Vasili Potto yazıb. Nə qədər ermənipərəst olsa da, faktdan qaça bilməyən general Vasili Potto Rüstəm bəyin azərbaycanlı olmasını təsdiqləyir".
Təssüf ki, mən adıçəkilən əsərdə hörmətli Şəmistan müəllimin qeyd etdiyi məqamla bağlı heç nə tapa bilmədim. Düzdü, burada hansısa Rüstəm yüzbaşıdan danışılır, ancaq cənab Potto onun adını Rüstəm bəy yox, Rüstəm Allahverdi kimi yazır. Ümumiyyətlə, baş verən hadisələrin bizim qəhrəmanımız Rüstəmə də heç bir dəxli yoxdur. Burada söhbət Abbas Mirzənin Şuşa qalasını mühasirədə saxlamasından və "Rüstəm yüzbaşı"nın Daşaltıda pusqu qurmasından gedir.
Bütün bunlara baxmayaraq, Şəmistan müəllimin Rüstəm bəy haqda daha inandırıcı və mötəbər informasiyası A.P.Yermolovun, İ.F.Paskeviçin, Vorontsovların Qafqaz canişinliyi dövrünün ən yaxşı tədqiqatçısı kimi məşhur olan rus tarixçisi akademik Milisa Vasilyevna Neçkinanın "Qriboyedov və dekabristlər" monoqrafiyasına istinadən adı Napoleonla birgə çəkilən daha bir Rüstəm haqqında məlumat verməsidir. Adıçəkilən kitabın 244-cü səhifəsində yazılır: «У генерала Алексея Ермолова служил, например, карабахский татарин (yəni, azərbaycanlı - İ.Tumas), принадлежавший наполеоновскому корпусу Мамелюков входивиший в личную стражу императора, он побывал с Наполеоном в Египте и в Мадриде, получил из рук императора крест «Пчетного Легиона» за битву при Ваграме; во время отступления Наполеона из Москвы он был взят в плен и вернулся на родину, в Карабах. (Tərcümə - məsələn, general Aleksey Yermolovun yanında imperatorun məmlüklər korpusundan Napoleonun şəxsi mühafizəsinə daxil olan Qarabağ tatarı xidmət edirdi. O, Napoleonla Misirdə, Madirddə olub, Vaqram uğrunda döyüşdə şəcaətlərinə görə imperatorun əlindən "Fəxri Legion" ordeni alıb. Napoleonun Moskvadan geri çəkilməsi vaxtı əsir düşüb və öz doğma vətəninə - Qarabağa qayıdıb - İ.Tumas). Yeri gəlmişkən, bu məsələyə rəhmətlik Mikayıl Rəfili də toxunub, ancaq dəqiq hansı əsərində, bunu xatırlamıram. Ancaq ola bilsin, bu əsər onun Mirzə Fətəli Axundov barədə yazdığı monoqrafiyadır.
Şəmistan müəllim məqaləsində həmçinin onu da bildirir ki, "Napoleon haqqında yazılan elmi, tarixi, sənədli və publisistik əsərlərdə "Müsəlman Rustəm bəy", "Qarabağlı Rüstəm bəy" və bəzən də "Türk Rüstəm bəy" kimi yazılır və göstərilir". Ancaq mən onun bu fikrinin təsdiqinə dair indiyə qədər heç bir faktla qarşılaşmamışam. Ruslar demiş, "kak raz" Napoleon haqqında yazılan ciddi elmi, tarixi, sənədli və publisistik əsərlərdə "Müsəlman Rustəm bəy", "Qarabağlı Rüstəm bəy" və bəzən də "Türk Rüstəm bəy" kimi ifadələrə qətiyyən rast gəlməmişəm. Həmçinin eyni qaydada hörmətli tədqiqatçımızın "namərd ermənilər onu əsassız olaraq erməni adlandırırlar" fikrində ermənilərin namərd olmalarıyla razılaşsam da, onu da etiraf eləmək lazımdır ki, ortada bu namərdlərə ipucu verən memuar-fason bir şey və burada memuar sahibinin "mən erməniyəm" kimi fikirləri var...
Şəmistan müəllimin araşdırmasının bir mühüm üstünlüyü də ondadır ki, o, Rüstəm bəyin sonrakı taleyi barədə də məlumat verir. Cənab polkovnik-leytenant yazır: "Napoleonun məğlubiyyətindən sonra vətəninə qayıdan Rüstəm bəy Qarabağlını general Aleksey Yermolov Tiflisə dəvət edir. Ona Qafqaz canişinliyinin Əlahiddə Hərbi Korpusunda iş verir. Çox maraqlıdır ki, əzazilliyinə görə Qafqazda "Yeni dövrün möcüzəli məxluqu" titulunu qazanmış Yermolov onunla əsir kimi yox, igid, bacarıqlı bir sərkərdə kimi rəftar edir. O, Qafqaz Hərbi Dairəsində xidmətdən sonra istefaya çıxmış və dədə-baba vətəni Qarabağa qayıtmışdır. Ömrünün sonlarını Şuşada və Xankəndində yaşayan polkovnik Rüstəm bəy Qarabağlı 1845-ci ildə 64 yaşında Xankəndində vəfat etmişdir. O, vaxt Şuşada yerləşən alayın müşayiəti ilə Mirzə Həsən qəbiristanlığında şərəflə dəfn olunmuşdur".
Bir Napoleon, üç Rüstəm...
Beləliklə, qarşımızda maraqlı bir mənzərə dayanır: bir Napoleon və üç cangüdən... Müxtəlif, ən ağlabatan və ən ağlabatmaz versiyalar səsləndirmək, hamısını da əsaslandırmaq olar. Məsələn, ola bilər ki, Napoleonun həqiqətdə iki Rüstəm adlı cangüdəni olub - biri bizim qarabağlı polkovnik Rüstəm bəy, o biri də həmin zırrama erməniləşmiş alban Rüstəm Raza, hər biri də öz taleyini yaşayıb. Ancaq onda gərək Şəmistan müəllimin qəhrəmanımızın doğum və ölüm tarixləri barədə dediklərini şübhə altına alaq. Axı, xeyir ola, bu Rüstəmlər sözləşiblər ki, eyni ildə öləcəklər? Bəs eyni ildə doğulmaqları necə? Elə isə ən ağlabatmaz versiya irəli sürək. Ola bilərmi ki, bütün bunlar ermənilərin fırıldaqlarıdır, onlar bizim Rüstəmin adından istifadə eləyib memuar yazıblar? Bəs onda fotolarını Sizə təqdim etdiyimiz Fransanın Durdan şəhərindəki qəbir kimindir? Bəs Napoleon dövrünün rəssamları tərəfindən rəsmi yapılmış o toppuş oğlan kimdir? Görürsünüz, nə qədər sual çıxır? Bilirsinizmi niyə? Çünki hansısa məqamda kimsə Rüstəm barədə yalan informasiya sırıyıb, biz də qalmışıq çaş-baş... Ümumiyyətlə, mənə elə gəlir, daha işimi yekunlaşdırdım. Xahiş edirəm, hövsələsini basıb bu "Rüstəmnamə"ni oxuyanlar da düşünsünlər: bu rüstəmlərin hansı həqiqidir?
Son əvəzi
Allah kəssin belə araşdırmanı ki, biz aparırıq. Arutyun Əmirxanyan Moskvada, Parisdə, Brüsseldə, Münhendə, Berlində, Kölndə, Düsseldorfda olur, arxivləri bir-birinə vurur, biz də burdan-bura Şuşadakı Mirzə Həsən qəbiristanlığına gedə bilmirik ki, Rüstəm bəy Qarabağlının qəbrinin başdaşında nə yazldığını oxuyaq. Əgər qəbir qalıbsa...
...Yazını "Lent.az"a təqdim etməzdən əvvəl çox hörmət etdiyim Şəmistan Nəzirli ilə əlaqə saxladım, məsləhətlərini istədim. Şəmistan müəllim məqalədə yazdıqlarını bir daha təkrarladı: Sankt-Peterburqda Ermitajın hərbi arxivində, 1816-1827-ci ildə Qafqaz canişini olmuş general-leytenant Aleksey Yermolovun şəxsi fondunda araşdırmalar aparılaraq cəsur həmyerlimiz haqqında əlavə məlumatlar toplansa, həqiqəti tapa bilərik. Mən də eyni fikirdəyəm. Əslində, inanın ki, şəxsən mənim davam o sərsəm Napoleonun qapısının ağzını kimin kəsdirməsi davası deyil. Guya bu adam azərbaycanlı olsa nə dəyişəsiydi? Mənim davam ümumilikdə Azərbaycanla, bu millətlə bağlı ciddi məqamların tarixin yaddaşından izsiz-soraqsız itməsinin davasıdır. Öz yaddaşımız onsuz da həddən artıq qısadır, heç olmasa, unuda biləcəklərimizi tarixin yaddaşına yazaq. Yoxsa, mən son 17 ildə Şuşadakı Mirzə Həsən qəbiristanlığının adını bir Hikmət Sabiroğlunun adamın cızdağını çıxardan "Qarabağ" silsilə yazılarından, bir də Qarabağlı Rüstəm bəyin orada basdırılmasından dolayı xatırlamışam. Qədim Roma şairlərindən biri demişkən: "Alius alio plura invenire potest, nemo omnia", yəni biri digərindən çox şey deyə bilər, ancaq heç kəs hər şeyi deyə bilməz...
İlham TUMAS
ilham_tumas@mail.ru