ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Ramazan ayının tarixi barədə nə bilirik?
Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanlara gözüaçıq, təmiz vicdanla olmağa yönəldir. Və oruc tutmaqla ifadə olunur. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbəri tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir.
Deylənə görə, bu ayın 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "laylat alkadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür" (97:1-5). Orucluq hələ İslamdan da əvvəl mövcüd idi. Hələ qədim ərəblər öz allahların naminə oruc tuturdular. Bu haqda Quranda deyilir: "Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir". Orucluq pəhrizi qurtarmaq - id əl-fitr - bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə edərsən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Orucluq bayramı dövlət səviyyəsində qeyd olunur. ə
Orucun ictimai faydaları barədə nə bilirik?
Oruc hər bir insana fərdi olaraq faydalar verdiyi kimi, həm də ümumilikdə cəmiyyətə müsbət təsir göstərir. Oruc tutan cəmiyyətlərdə bir çox sosial bəlalara rast gəlinmir, insanlar arasında mehribanlıq, şəfqət, bir-birini anlamaq əhval-ruhiyyəsi hökm sürür.
Həzrət Məhəmməd Peyğəmbər (s) insanları Ramazan ayında kasıblara əl tutmağa, qocalara ehtiram göstərməyə, uşaqları əzizləməyə çağırırdı. Peyğəmbər buyururdu: "Hər kim Ramazanda camaata pislik etməkdən çəkinsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx rabitə saxlasa, Allahın mərhəmətini qazanar. Kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər".
Ramazan ayında bütün müsəlmanlar Allahın qonağı sayılırlar. Hər kəs Allahın ziyafətinə dəvət alırsa, bu ziyafətin bərabərhüquqlu üzvü hesab edilir. Allah qarşısında zahiri gözəlliyin, irqin, milliyyətin, sərvətin, vəzifənin və əsil-nəsəbin fərqi yoxdur.
Orucun ictimai faydası bundadır ki, o, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. Varlılar bir ay ac qalmaqla kasıbların halını yaxından duyur, onların daimi aclıq və məhrumiyyət içində keçən günlərini müvəqqəti də olsa yaşayırlar. Bu isə onların kasıblarla daha mehriban və şəfqətli davranmalarına, xeyriyyəçilik tədbirlərini genişləndirmələrinə səbəb olur. Nəticədə orucluqdan sonra da zəngin adam harada bir ac və susuz adam görsə, öz ac qaldığı günləri xatırlayır, ürəyi yumşalır və həmin ehtiyaclı şəxsin çətinliyini həll edir. İmam Cəfər Sadiq (ə) məhz bu həqiqətə işarə edərək buyurmuşdur: "Allah insanlara oruc tutmağı ona görə vacib buyurdu ki, kasıbla sərvətli eyni vəziyyətdə olsunlar. Sərvətli şəxs adi vaxtlarda tox olduğu üçün kasıbın halını başa düşmür ki, ona kömək etsin. Allah-təala orucluqda hamı üçün bərabər qanunlar qoydu ki, sərvətlilər aclığın əziyyətini özləri hiss edib, möhtacların əlindən tutsunlar".
Oruc tutmaq istəməyən, yaxud qəsdən orucu pozan şəxslər üçün Allah-təala maddi cərimələr təyin edib. Belə adamlar oruc tutmadıqları hər günün əvəzində 60 nəfər yoxsul şəxsin qarnını doyurmalıdırlar. Bu da Allahın mərhəmətindəndir ki, Ramazan ayında kasıbların ruzisini sərvətlilərin öhdəsinə qoyur.
Ramazanda iftar vaxtı başqasını qonaq etmək ən böyük savablardandır. Bir gün Peyğəmbərimiz səhabələrinə buyurdu: "Hər kim Ramazan ayında oruc tutan şəxsə iftar versə, günahları bağışlanar. Allah onu cəhənnəm alovundan xilas edər və bu adam da oruc tutan şəxs qədər savab qazanar". Səhabələr dedilər: "Ey Allahın elçisi, axı biz hər axşam oruc tutanları doyuracaq qədər sərvətli deyilik". Peyğəmbər onlara belə cavab verdi: "Oruc tutan şəxsə bircə xurma, bir qurtum su, yaxud bir kasa süd verən də bu savabı qazanar. Hər kim bu ayda iftar vaxtı bir möminə içmək üçün su versə, məhşər günündə özü susuz qalmaz".
Müqəddəs hədislərdə buyurulub: "Hər kim öz halal qazancı hesabına bir oruc tutan şəxsi yedirib-içirsə, bütün Ramazan ayı boyunca mələklər ona salam və xeyir-dua göndərərlər". Peyğəmbərimizdən soruşdular ki, başqasına iftar vermək istəsək, amma evdə kifayət qədər yemək olmasa nə edək? Peyğəmbər cavab verdi:"Heç olmazsa, bir tikə çörək ehsan edin. O da olmasa, bircə qurtum su verin. Hər kim oruc tutan şəxsə günün sonunda su versə, yeni doğulmuş körpə kimi günahsız olar. Hətta suyu çay sahilində (yəni suyun bol olduğu yerdə) də versə, eyni savabı qazanar".
Orucun tibbi faydaları barədə nə bilirik?
Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. Hədislərdə buyurulur ki, normadan çox yemək qəlbi daşlaşdırır, şəhvət hissini gücləndirir və insanı Allaha ibadətdən uzaqlaşdırır. Həzrət Məhəmməd Peyğəmbər (s) buyurmuşdur ki, çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır. Ona görə dinimiz müsəlmanları az yeməyə, aclıq hiss eləmədən yeməməyə, süfrədən yarıtox halda qalxmağa çağırır.
Bu baxımdan deyə bilərik ki, bəzi xəstəlik və bəlaları məhz oruc vasitəsilə sağaltmaq olar. Ramazan ayı sanki müsəlmanın bir aylıq müalicə kursudur.
Məlumdur ki, insan orqanizmində şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində bədəndəki orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut etmişlər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr işə düşür. İnsanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir.
Oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır.
Oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.
Burada qeyd etmək yerinə düşər ki, hətta qeyri-müsəlman tibb alimləri də bu fikri müdafiə etmişlər ki, oruc - ən yaxşı dərmanlardan biridir. Məşhur rus alimi Aleksey Soforin "Müalicənin yeni üsulu - oruc" kitabında yazır: "Orucla müalicə elə ecazkardır ki, onun vasitəsilə praktiki və cərrahi müalicənin proqram və metodları köklü surətdə dəyişiləcəkdir. Çünki oruc tibb elminin qarşısında yeni yollar açır".
Deyilənləri ümumiləşdirərək, Həzrət Məhəmməd Peyğəmbərin (s) bir hədisi ilə oxuculara tövsiyyə edirik: "Oruc tutun ki, sağlam olasınız".
Orucluğun mənəvi faydaları barədə nə bilirik?
Həzrət Məhəmməd Peyğəmbər (s) Ramazan ayına "Allahın ayı" və "Allahın ziyafəti" adlarını vermişdi. Həqiqətən, Ramazan ayında bəndə öz Allahının tövbə və rəhmət qonaqlığında olar. Bu ziyafətdən daha yaraşıqlısı, belə qonaqdan daha sevimlisi olarmı? Bir halda ki, ziyafətin sahibi - təmənnasız nemətlər verən Allahdır. Qonaqlığa dəvət edən elçi - əziz peyğəmbərimiz Həzrət Məhəmməddir (s). Süfrədəki nemətlər isə dua, ibadət və tövbədir.
Möminlər Ramazan ayında ibadəti, duanı, Quran tilavətini artırarlar. Çünki bu ayda edilən tövbələr qəbul olar, dualar yerinə yetər, xeyir əməllər üçün ikiqat savab yazılar. Sevimli peyğəmbərimiz buyurmuşdur: "Əsl məhrum şəxs odur ki, Ramazan ayında günahlardan təmizlənmə fürsətini əldən vermiş olsun".
Orucun mənəvi faydalarından söz açarkən bunu qeyd etməliyik ki, o, insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçər. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünər və Yaradanı daha yaxından tanıyar.
Kamiləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. İradəni möhkəmlətmək üçün bir sıra məşqlərdən istifadə edirlər. Bu mənada oruc da bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir.
Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susaduğu vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.
Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari olaraq hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır.
Əxlaq alimləri haqlı olaraq qeyd etmişlər ki, oruc ? cismlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurmuşdur ki, Ramazan orucu cəhənnəm alovu qarşısında bir sipərdir. Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun. Yoxsa, Həzrət Fatimənin (ə) buyurduğu kimi, "dilini, qulağını, gözünü və qalan bədən üzvlərini haramdan çəkindirməyən şəxsin orucundan nə fayda?"
Əxlaq və irfan alimləri oruc tutan adamları üç dəstəyə ayırmışlar. Birinci dəstəyə aid olanlar orucun yalnız zahiri ehkamına əməl edir və yalnız orucu batil edən əməllərdən çəkinirlər. Bu, adi ibadət əhlidir.
Bunlardan fərqli olaraq, ikinci dəstəyə mənsub mömin şəxslər bütün bədən üzvlərini pis işlərdən çəkindirirlər. Onlar dilləri ilə pis söz danışmır, qulaqları ilə haram söhbət eşitmir, gözləri ilə çirkinliyə baxmır, əlləri ilə günah iş görmür, ayaqları ilə imansızlıq və pislik yolunu getmirlər. Bədənlərini tamamilə günahdan təmizləmiş belə şəxslər bəndələrin seçilmişləridir. Əziz peyğəmbərimiz belə şəxslərin barəsində buyurmuşdur: "Oruc tutan şəxs yuxuda olsa belə, Allaha ibadət etmiş kimi sayılar; bu şərtlə ki, müsəlman qardaşının arxasınca qeybət etməsin".
Nəhayət, bundan da üstün olan elə şəxslər var ki, nəinki bədənlərini, hətta qəlblərini də oruca tabe etmişlər. Onlar nəinki yeyib-içmir, günah etmirlər, hətta bu barədə düşünməyi belə özlərinə rəva bilmirlər. Belə şəxslər öz qəlblərini Allahdan savayı hər şeydən təmizləmişlər. Bunlar bəndələrin seçilmişləri içindən seçilmişlərdir. Bunlar həqiqət mərhələsinə yetişmiş övliya ariflərdir.
Həzrət Əli (ə) bu üç dəstənin ibadətini bir-birindən fərqləndirərək, onlara belə qiymət verir: "Dil orucu qarın orucundan, qəlb orucu isə dil orucundan üstündür". Mömin şəxsin tutduğu oruc Allah yanında elə əzizdir ki, onu layiqincə qiymətləndirəcəyini vəd etmişdir: "Oruc mənim üçün tutulur, onun mükafatını özüm verəcəyəm".
Gəlin, Ramazan ayında elə oruc tutaq ki, öz bəndəsindən layiqli ibadət gözləyən Allahın hüzurunda xəcalətli qalmayaq. Elə oruc tutaq ki, mükafatını Allahdan tələb etməyə haqqımız olsun.
E-mənbə / link: http://www.yenicag.az/modules/news/article.php?storyid=146