Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

Aida İmanquliyevanın yaradıcılığında ədəbiyyatşünaslıq məsələləri. (Aida İmanquliyeva - 70)

Müəllif:

Səlahəddin Xəllilov


Kateqoriya:

Məqalə



Qısa Təsvir:

Aida İmanquliyevanın yaradıcılığını ona görə ərəbşünaslıq və ya şərqşünaslıq çərçivəsində nəzərdən keçirməklə məhdudlaşmaq olmaz ki, burada ümumiyyətlə ədəbiyyatşünaslıq, xüsusilə ədəbiyyat nəzəriyyəsi baxımından maraq doğuran çox ciddi məsələlər qaldırılır.


Baxış sayı: 3516
    
    


Aida İmanquliyevanın yaradıcılığını ona görə ərəbşünaslıq və ya şərqşünaslıq çərçivəsində nəzərdən keçirməklə məhdudlaşmaq olmaz ki, burada ümumiyyətlə ədəbiyyatşünaslıq, xüsusilə ədəbiyyat nəzəriyyəsi baxımından maraq doğuran çox ciddi məsələlər qaldırılır. Onun ədəbiyyatşünaslıq sahəsindəki xidmətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: Ədəbiyyatın missiyası və poeziyanın mahiyyəti məsələsi; ədəbi-bədii cərəyanlar və onların mahiyyəti. Romantizm və tənqidi realizm arasında qarşılıqlı keçid; ədəbi-bədii komparativistika (müqayisəli təhlil); dünya ədəbiyyatı tarixində mühüm bir dövrün işıqlandırılması. Romantik poeziyanın Qərbdə və Şərqdə yaranması və inkişafı məsələləri.
Bütün bu məsələlər üzrə A. İmanquliyevanın Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni, orijinal baxışları var. Aida xanım, görünür, təbiətən ona xas olan nəzəri-fəlsəfi düşüncə tərzindən irəli gələn bir xüsusiyyət kimi, hansı məsələdən bəhs edirsə-etsin, mütləq onun mahiyyətini açmağa çalışır. Məsələn, onun əsərlərində bu qəbildən olan fundamental suallara tez-tez rast gəlmək olar: "Bir yaradıcılıq növü kimi bədii əsər özlüyündə nə ifadə edir? Nədir bu: təsəvvürün, təxəyyülün məhsulu, yoxsa gerçəklik mənzərəsinin dəqiq təsviri?» Problemi qoyduqdan sonra Aida xanım ədəbiyyatşünaslıq tarixinə müraciət edərək V.Q.Belinskinin estetik konsepsiyasını yada salır və burada həmin suallara cavab axtarır: "Canlı gerçəklikdə çox gözəlliklər var, ...ancaq bu gerçəklikdən həzz almaq üçün biz əvvəlcə öz fikrimizdə ona yiyələnməliyik. ...İstedadlı bir rəssamın kətan üzərində yaratdığı mənzərə təbiətdəki hər hansı bir gözəl mənzərədən daha yaxşıdır. Bəs nəyə görə? Ona görə ki, burada heç bir təsadüfi və gərəksiz şey yoxdur, bütün hisslər bütövə tabe olub, hər şey bir məqsədə istiqamətlənib, hər şey özlüyündə bir gözəl tam və fərdi olanı yaradır». Əslində bu izahat Şərq düşüncə tərzini ifadə edir. Amma nə etmək olar ki, poeziya özü bütövlükdə Şərq hadisəsidir. Bunu Qərb mütəfəkkirləri özləri də etiraf edirlər. Təsadüfi deyildir ki, Hegel: "Şərq şüuru Qərbinkinə nisbətən daha poetikdir...» - deyir. Qərb ədəbiyyatı nə qədər inkişaf etsə də, o, öz kökləri ilə Şərq ruhuna bağlıdır. Bu məsələ mübahisəli olduğu qədər də, önəmli bir məsələdir. Aida xanım poeziyanın mahiyyəti ilə əlaqədar düşüncələrində bir daha bu problemə toxunur. Belə ki, onun bəhs etdiyi şairlər həm də görkəmli mütəfəkkir olduqlarına görə, onların fikir dünyasını işıqlandırmaq üçün müəllif özü də bir sıra elmi-nəzəri kateqoriyaları təhlil edir və Azərbaycan ədəbiyyatşünaslığı üçün yeni olan belə məsələlərdə əlavə izahat verməli olur. "Bir çox ingilis və amerikan romantikləri bu mövzunun bədii təcəssümünü şəxsiyyət və onun həqiqəti intuitiv dərki problemləri ilə əlaqələndirirdilər. Kainat və dünya ruhunun mahiyyəti rasional idrak üçün əlçatmazdır və gündəlik təcrübəyə tabe deyildir, buna görə də, əsas vasitəsi yalnız şairin qadir olduğu təxəyyül və bəsirətdir.
M.Nüaymənin "Şair və poeziya" adlı məqaləsini təhlil edərkən Aida İmanquliyeva onun mövqeyini V.Q.Belinskinin mövqeyi ilə müqayisə edir: "Bu məqalədə Belinskinin tənqidi görüşlərinin təsiri hiss olunacaq qədər özünü göstərir. Nüaymə poeziyanı insanın üzvi tələbatı hesab edir. O, yazır: "Poeziya bütün dövrlərdə insanın yanında olub. İnsan dünyaya gəldiyi andan poeziya onun beşiyinin başında durub..." Maraqlıdır ki, XX əsrin böyük filosoflarından biri Martin Haydegger də poeziyanın ilkinliyini, antoloji funksiyasını önə çəkməyə çalışır. O, yazır: "Poeziya varlığın sözlə yaradılmasıdır. O, sadəcə "mədəniyyətin ruhu"nun ifadəsi olmayıb, həm də hər şeyin ilkin mahiyyətini ifadə edir». Və bu ideya M.Haydeggerin yeni fikirlərindən biri hesab olunur. Halbuki, Aida xanımın tədqiqatından gətirdiyimiz misaldan göründüyü kimi, eyni ideya M.Nüaymə tərəfindən daha əvvəl və daha arqumentli şəkildə irəli sürülmüşdür. Lakin M.Nüaymə də bu ideyaya ənənəvi Şərq düşüncəsi zəminində gəlmişdir. "Varlığın sözlə yaradılması» tezisinin kökləri nə az, nə çox - füzulinin "söz - candır» ideyasına gedib çıxır. Mir Cəlalın yazdığı kimi, füzulinin "şeir, söz sənəti haqqındakı təsəvvürü olduqca genişdir. O, şeri həyatın, varlığın (kursiv mənimdir - S.X.) ən yüksək formada inikası hesab edir".
Aida xanım həm Qərb, həm də Şərq şair-mütəfəkkirlərinin poeziya haqqında düşüncələrini müqayisəli surətdə təhlil edərək poeziyanın mahiyyəti və funksiyaları, şairlik missiyası ilə əlaqədar dolğun təsəvvür yaradır ki, bütün bunlar Azərbaycan estetik fikri və ədəbiyyat nəzəriyyəsi üçün zəngin materialdır.
Bədii ədəbiyyat insan-dünya, insan-təbiət, insan-cəmiyyət problemlərini ən ümumi şəkildə qoymur. Lakin bununla belə bədii ədəbiyyat üçün müəyyən ümumiləşdirmə (tipikləşdirmə) səciyyəvidir. Burada Aristotelin poeziya haqqında məşhur fikrini xatırlamamaq mümkün deyil. "...Poeziya tarixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir."
Lakin bədii ədəbiyyat, poeziya nümunələri ümumilik dərəcəsinə görə müxtəlifdir. O, tarixdə olduğu kimi, konkret bir hadisənin təfərrüatını, spesifikasını, təkrarlanmazlığını, unikallığını da əks etdirə bilər. Daha doğrusu, bədii əsər bunsuz mümkün deyil. Zira o əslində yalnız təkcəni və ya yalnız ümumini deyil, təkcə, xüsusi və ən ümuminin əlaqəsini və vəhdətini əks etdirir. Dəqiq ünvanlı təbiət guşələrinin, konkret tarixi hadisələrin və ayrı-ayrı şəxsiyyətlərin bədii tərənnümünə həsr olunmuş əsərlər çox vaxt məhz fərdilikdən, təkrarsızlıqdan, özünəməxsusluqdan çıxış edir ki, bu da həmin əsərləri məhz tarixlə yaxınlaşdırır. Məsələn, Homerin poemaları, "Dədə Qorqud", "Manas" və s. bəlkə də bədii nümunə olmaqdan daha çox, tarixi informasiya mənbəyi kimi, həmin dövrün adət-ənənələri, həyat tərzi, təfəkkür üslubu və dil xüsusiyyətləri haqqında heç bir tarix kitabından ala bilməyəcəyimiz dərəcədə məlumat verən mədəni-mənəvi irs kimi qiymətlidir. Beləliklə, eposlar, tarixi poema və romanlar ictimai həyatın müəyyən bir dövrünü daha dolğun əks etdirməklə tarixi abidəyə çevrilir.
Digər tərəfdən, bədii formada yazılmış fəlsəfi əsərlər də bədii əsər kimi deyil, məhz fəlsəfi baxımdan maraq doğurur. Məsələn, Lukretsi Karın "Şeylərin təbiəti haqqında" poeması, Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" məsnəvisi... Cübranın "Peyğəmbər"i də əslində bir poeziya nümunəsi olmazdan əvvəl, bir hikmət dastanıdır.
Ədəbiyyat adı altında elə müxtəlif əsərlər palitrası əhatə olunur ki, burada ifrat konkretlik və təsvirçilikdən ifrat ümumiləşdirmə və mücərrədliyə qədər hər cür əsər tapmaq mümkündür. Bəli, poeziya tarixə nisbətən ümumi, fəlsəfəyə nisbətən xüsusidir. Bu iki qütb arasındakı geniş sahədə isə ümumilik dərəcəsinə görə bir-birindən ciddi surətdə fərqlənən müxtəlif əsərlər yerləşir. Onların bir qismi tarixə, digər qismi isə fəlsəfəyə yaxındır. İfrat hallar, yuxarıda dediyimiz kimi, nəzmlə yazılmış tarix və nəzmlə yazılmış fəlsəfədir. Bunların heç biri əslində poeziya deyil. Bunların heç biri elm də deyil. İstər elm, istərsə də bədii ədəbiyyat və incəsənət tarixdən fəlsəfəyə, hadisələr dünyasından mahiyyətlər dünyasına gedən böyük yolun müxtəlif məntəqələridir. Daha doğrusu, söhbət eyni başlanğıcdan eyni sonluğa aparan iki müxtəlif yoldan gedir. Bu yolların birini məntiq, digərini hiss şöləsi işıqlandırır, birində anlayışlar, digərində hissi obrazlar bələdçilik edir.
Bəzən bədii əsərlər sinkretik xarakter daşıyır və əsərin əsas qayəsinin, fəlsəfi konsepsiyanın açılışına aparan bu iki yolun birindən o birinə müvəqqəti keçidlər edilir. Məsələn, Nizaminin poemaları belə sinkretiklik baxımından səciyyəvidir. Nəzmlə yazılmış elmi-fəlsəfi ricətlər ümumi struktura daxil olur. Müəllif ümumi fəlsəfi konsepsiyanın açılışına gedən yolların hər ikisini işıqlandırmağa çalışır. "Xosrov və Şirin"də insani məhəbbətin ümumdünya cazibəsi kontekstində şərh olunması mənəvi və maddi dünyanın vahid qanunlara tabe olması, dünyanın vəhdəti və ahəngdarlığı, daxili tamlığı ideyasını ifadə edir. Beləliklə, sufi fəlsəfəsinin mühüm məqamlarından biri olan vəhdəti-vücud təlimi, Nizami yaradıcılığında təbiət qanunları ilə mənəviyyat qanunlarının eyniyyətindən çıxış etməklə həm elm, həm poeziya və həm də fəlsəfi fikir vasitəsilə ifadə olunur.
Bu gün sintetik təfəkkür ancaq tarix, poeziya, elm və fəlsəfə üçün deyil, ədəbi tənqid və publisistika üçün də zəruridir. Bizim üçün XX əsrin əvvəllərində və indi yaranmış zərurət azadlıq, müstəqillik uğrunda mübarizə aparan və ya yeni müstəqillik əldə etmiş bütün xalqlar üçün səciyyəvidir. Maraqlıdır ki, Cübran, Reyhani və Nüaymə də Mirzə Cəlil, Cavid, Ü.Hacıbəyov və o dövrün başqa görkəmli yazarları kimi, bütün bu janrlarda yazıb-yaradırdılar. Çünki əsas olan forma yox, çatdırılması vacib ideyalar idi. Aida xanım bu hadisənin səbəblərini Əmin ər-Reyhanidən bəhs edərkən belə açıqlayır: "O, özünü yalnız yazıçı deyil, həm də mübariz vətənpərvər hiss edirdi. Özünün bütün maraq və düşüncələri ilə o, xalqın ictimai-siyasi və mənəvi həyatının mərkəzində dururdu. Ər-Reyhaninin publisistika ilə təbii bağlılığı da buradan irəli gəlirdi".
Ədəbi tənqid sadəcə bədii ədəbiyyatı izləməklə məhdudlaşmırsa, onun önündə getmək, ona yol göstərmək istəyirsə, onda gərək yalnız ədəbiyyatdan deyil, sosial-mənəvi gerçəkliyin məntiqi təhlilindən, elmi-fəlsəfi fikirdən də bəhrələnsin.
Şərqdə mənəviyyat daha çox dərəcədə fərdin öz miqyası ilə məhdudlaşdığından, cəmiyyətin mədəni-mənəvi həyatından ayrılaraq özünə qapıldığından, insan daha çox öz dünyasında yaşadığından onun xarici dünya ilə, maddi həyatla əlaqəsi əsasən iki formada həyata keçir:
1. fərdi mənəviyyat aləminin qapıları ani olaraq açılır və xarici mühitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövrdə, soyuqqanlı düşüncə şəraitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar vəziyyətdə qalır. fərdi aləm unudulur və insan dünyaya ancaq mühitlə intensiv əlaqənin təsirindən, emosional reaksiyadan doğan konkret bir tapşırıq, hökm, qərarla çıxır. İllər boyu formalaşmış konseptual düşüncə arxa plana keçir, emosiya vulkanının püskürdüyü lavanın altında qalır.
Şərqdə məqam düzgün dəyərləndirilə bilmədi. Xəyal gerçəkliklə bir araya gətirilmədi.
Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter daşıyır, fərdi mənəviyyat prizmasından kənar hadisəyə sadəcə qiymət verilir, ona yaxşı və ya pis münasibət bəslənir, sonra isə bu münasibət ya poetik yolla vəsf edilir (mədhiyyə və ya həcv yazılır), ya da daha sistemsiz və daha impulsiv yolla adi şüur səviyyəsində büruzə verilir.
İnformasiyanın qəbul olunması da əsasən təəssürat formasında, aksioloji xətlə həyata keçir.
2. fərdi mən prizmasından baxdıqda dünya ancaq ağ və qara rənglərdə göründüyündən, çox vaxt təsadüfi amillər nəticəsində ya ağların, ya da qaraların siyahısına düşən hadisələr uyğun olaraq təriflənir və ya pislənir. Eyni hadisənin müxtəlif yönümlərdə müxtəlif rəngləri üzə çıxarılmır, məsələyə dialektik baxımdan, sistemli şəkildə yanaşılmır. Təhlil aparılmadığına görə, bir münasibətdə "yaxşı" kimi qəbul olunan hadisənin pis cəhətləri aşkar edilmir və əksinə.
Professor A.İmanquliyevanın yaradıcılığı ən çox romantik poeziya ilə bağlıdır. O, təkcə ərəb mühacir şairlərinin romantikasını araşdırmaqla kifayətlənməyərək, onları Qərb romantik poeziyasının görkəmli nümayəndələri ilə müqayisəli surətdə təhlil edir. Lakin tədqiqatını bununla da məhdudlaşdırmayaraq, bütövlükdə romantik poeziyanı ədəbiyyatda yeni ruhlu bir hadisə kimi nəzərdən keçirir və bu kontekstdə ədəbi-bədii metodlar və onların mahiyyəti haqqında olduqca dəyərli fikirlər söyləyir ki, bunlar da Azərbaycan ədəbiyyatşünaslığında bu sahədə aparılan araşdırmalar sırasında xüsusi yer tutur. Təəssüf ki, Aida xanım bir ədəbiyyat nəzəriyyəçisi kimi hələ indiyə qədər öyrənilmədiyindən, onun bu sahədəki qiymətli fikirləri də dərsliklərimizdə yer almamışdır.
Azərbaycanda romantizm haqqında ilk geniş həcmli tədqiqat əsəri akademik Məmməd Cəfər Cəfərovun "Azərbaycan ədəbiyyatında romantizm" (1963) kitabıdır. Bu kitabda Azərbaycan ədəbiyyatında romantizmin bir ədəbi-bədii cərəyan kimi formalaşması və inkişafı onun başlıca nümayəndələri sayılan M.Hadi, H.Cavid, A.Şaiq və s. timsalında geniş şərh edilmişdir. M.Cəfərin özü isə bu sahədə ilk qiymətli addımların 50-ci illərin ortalarında Mir Cəlal Paşayev və Cəfər Xəndan Hacıyev tərəfindən atıldığını qeyd edir. Sonrakı dövrdə Yaşar Qarayevin "faciə və qəhrəman", Məsud Əlioğlunun "Hüseyn Cavidin romantizmi" əsərləri də romantizmin mahiyyətinin açılması və ölkəmizdə romantik poeziyanın əsas qayəsinin və ideya çalarlarının müəyyənləşdirilməsi baxımından ciddi hadisə hesab oluna bilər. Lakin təəssüf ki, Azərbaycan ədəbiyyatında bu problem, M.Cəfərin tədqiqatları istisna olmaqla, nəzəri səpkidə az araşdırılmışdır və milli ədəbiyyat çərçivəsi ilə məhdudlaşdırıldığından, onun müxtəlif təzahürlərini dünyada gedən ədəbi proseslər kontekstində nəzərdən keçirmək mümkün olmamışdır. Yaxşı ki, bu cəhəti romantizm tədqiqatçılarının özləri də görür və etiraf edirlər: "...Romantizmi lokal milli çərçivədə araşdırmaq... doğru olmazdı. O, ümumdünya ədəbi hadisədir. Bu isə milli zəminlə yanaşı, onu vahid dünya romantizm mədəniyyəti işığında araşdırmağı şərtləndirir. Buna bizim Azərbaycan romantizminin xüsusilə ehtiyacı vardır. Dünya romantizmi ilə əlaqələrin indiyə qədər lazımi səviyyədə öyrənilməməsi romantiklərimizin tarixi-milli ədəbi xidmətini lazımınca qiymətləndirməyə mane olmuşdur".
Bizim fikrimizcə, dünya ədəbiyyatında romantizmin əsas istiqamətlərini həm Şərq, həm də Qərb şairlərinin timsalında araşdırmaqla Aida İmanquliyeva bu ədəbi-bədii metod haqqında daha geniş miqyaslı təsəvvür yaratmış, onun təməl prinsipləri və mahiyyətini açmaq sahəsində məqsədyönlü nəzəri tədqiqat aparmışdır. Aida xanım müqayisəli təhlil sayəsində habelə romantizmin müxtəlifliyi və rəngarəngliyinə baxmayaraq, ümumbəşəri bir hadisə olduğunu, ancaq Qərb mədəniyyətinin məhsulu olmadığını və əslində Şərq poetik düşüncəsinin sanki Qərbə transfer olunaraq bir sintez kimi yarandığını göstərmişdir.
Aida İmanquliyeva izah edir ki, romantik metodu zəruri edən səbəb əslində mövcud reallığın yazıçını qane etməməsi və onun qəhrəmanının daha yüksək bir həyat arzusu ilə yaşamasıdır. "Romantik qəhrəmanla cəmiyyətin qarşıdurması, onların bir-birini başa düşməməsi - onların qarşılıqlı əlaqələrinin ən ümumi göstəricisidir. Bu - aydındır. Axı, adi qəhrəmanlar adi həyatla yaşayır, onlar çoxcəhətli, cismani və mürəkkəb insanlardır. Romantiklərin qəhrəmanı başqadır, yalnız yüksək məqsəd və ideallarla yaşayır. Gündəlik həyat onun üçün mövcud deyildir, buna görə də, romantik yazıçılar bu həyatı təsvir etmirlər".
Romantizm barədə Mir Cəlaldan Aida xanıma qədər olan dövrdə aparılan tədqiqatlar da, heç şübhəsiz, sonuncunun konseptual baxışlarının formalaşmasında müəyyən rol oynamışdır. Lakin təəssüf ki, A.İmanquliyevanın 1964-91-ci illərdə çap olunmuş əsərləri Azərbaycan romantizmşünaslığındakı sonrakı tədqiqatlarda, demək olar ki, nəzərə alınmamışdır. Görünür, məhz buna görə də, milli ədəbiyyatşünaslığımızda bu sahənin nəzəri və komparativistik araşdırılması hələ indiyədək milli çərçivədən kənara çıxa bilmir. Halbuki, Aida xanımın 1991-ci ildə çap etdirdiyi fundamental monoqrafiya romantik ədəbiyyat barədə təsəvvürləri yeni səviyyəyə qaldırır.
Dünya ədəbiyyatşünaslığında belə qəbul olunmuşdur ki, romantizm bir ədəbi-bədii cərəyan və metod kimi Qərb hadisəsidir. Digər tərəfdən, biz klassik Şərq poeziyasında da tez-tez romantizm ünsürlərinə rast gəlirik. Bəs onda nəyə görə romantizmin tarixi bir neçə əsr əvvələ çəkilmir?
Əlbəttə, böyük mövzu əhatəsi və fikir tutumu olan, ilham pərisinin qanadlarında, bəlkə heç özləri də bilmədən, öz dövrünün poeziya ənənəsinin sədlərini keçərək çox uzaqlara gedən dahi şairlərin yaradıcılığında romantik ünsürlər yox deyil. Bu fikir Nizami və füzuliyə aid olduğu kimi, Dante və Şekspirə də aiddir. Lakin Qərbdə romantizmin Dante və ya Şekspirlə başlandığını söyləmirlər. Çünki onların yaradıcılığı da sinkretikdir. Burada klassisizmin də, maarifçiliyin də, sentimentalizmin də, romantizmin də, realizmin də ünsürlərini tapmaq, əlbəttə, mümkündür. Amma söhbət metodun konturlarının görünməsindən, durulub kristallaşmasından gedir. Poeziyanın ideya-siyasi gerçəkliklə, dövrün ab-havası ilə, ictimai gerçəkliklə deyil, onlara qarşı olan üsyankar ruhla səsləşməsindən gedir. Düzdür, hər hansı bir ideya-bədii istiqamət məhz tam formalaşdıqdan sonra, onun ən əsas xüsusiyyətləri özünü qabarıq surətdə büruzə verdikdən sonra, - ancaq bütün bunlardan sonra geriyə, tarixə nəzər salmaq və ənənəvi poeziyanı da həmin meyarlar baxımından yenidən nəzərdən keçirmək mümkün olur.
Görkəmli Azərbaycan ədəbiyyatşünası və tənqidçisi Yaşar Qarayev hərdən bir "orta əsrlər Şərq romantizmi" ifadəsini işlətsə də, yuxarıda göstərdiyimiz mühüm fərqi görür və onu belə izah edirdi: "füzuli - romantik poeziyanın hələ Skeletsiz və İblissiz (dialektik qütbləşmələr və qarşıdurmalar) dövrünün hadisəsi idi və "Leyli və Məcnun"da mənfi surət, xalis şər obrazı hələ yox idi".