Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Ürək". Hekayə (Yaponiya. Nobel mükafatçısı)

Müəllif:

Yasunari Kavabata


Kateqoriya:

Yaponiya



Qısa Təsvir:

Yasunari Kavabata. "Ürək" hekayə (Yaponiya. Nobel mükafatçısı)


Baxış sayı: 4608
    
    


"Ovuciçi böyüklüyündə hekayələr" silsiləsindən

Ruscadan çevirəni: Aydın Xan (Əbilov)

(hekayə)

Qadın sevmədiyinə görə onu atıb getmiş ərindən məktub aldı. Məktub onun gedişindən iki il sonra, uzaq diyardan gəlmişdi.
O yazırdı:
"Uşağı topla oynamağa qoyma. Onun zərbələri gəlib mənə çatır və ürəyimə dəyir."
O da doqquzyaşlı qızından  rezin topu alıb gizlətdi.
Ərindən yenə məkub gəldi. Çox uzaq bir diyardan göndərmişdi.
"Qoy qız, - o yazırdı, - dəri başmaq geyinib məktəbə getməsin. Ayaqlarının tappıltısı gəlib mənə çatır, mənə elə gəlir ki, ürəyimi tapdalayırlar..."
O, dəri ayaqqabılar əvəzinə qızına zəif keçədən hazırlanmış yumşaq səndəllər verdi. Qız çox ağladı və axırda məktəbə getməyin daşını atdı.
İkinci məktubun ardınca bir ay keçəndən sonra əri birini də göndərdi. Xətti kələ-kötür idi, inamsız qocalara xas yazılmışdı.
O yazırdı:
"Qızı çini kasada yeməyə qoyma. O, qabın cingiltisi gəlib mənə çatır və ürəyimi parçalayır..."
Və o, üç yaşdakı uşaqlar kimi qızını taxta cubuqlarla yedizdirməyə başladı. Qızının üç yaşı olduğu vaxtlar yadına düşdü: əri də şad, özündən razı halda hələ onlarla birlikdə yaşayırdı.
Bir dəfə qızı ona bir söz demədən dolaba yaxınlaşdı və öz kasasını götürdü...
Ana tez-tələsik qızından çini kasanı dartıb aldı və bağa tulladı. Kasa daş döşənmiş cığıra dəyib çilikləndi. Ona elə gəldi ki, sanki ərinin ürəyi parça-parça oldu. Bəlkə doğrudan da indi onun qəlbi sındı. Nahar masasına əl atdı və o da bağa tərəf uçdu. Bax, bu oldu səs! O, kağızdan düzəldilmiş, açılıb-örtülən arakəsməyə tərəf atıldı, dəli kimi yumruqlarıyla onu döyəcləməyə başladı və bədəninin ağırlığından onu cıraraq döşəməyə yıxıldı.
A-na! - qız hönkürərək ona tərəf qaçdı.
A-na... A-na...
O, ayağa qalxdı və qızın yanağına şillələdi.
- Bu səsi eşidirsən, eşidirsən, yaramaz qız?!
Və yenə əri məktub göndərdi. Kağız lap uzaqdan - yeni bir diyardan ünvanlanmışdı.
Əri yazırdı:
"Siz bundan sonra heç bir səs çıxartmamalısınız. Siz qapı və pəncərələri nə açmalı nə də bağlamalısınız, siz saatı qurmamalısınız ki, onun əqrəblərinin taqqıltısı eşidilməsin. Siz nəfəs almamalısınız"...
- Siz etməməlisiniz... siz etməməlisiniz, siz etməməlisiniz...
 Başqa sözlə, ana və qız öldü.
Fəqət, nə qədər qəribə olsa da, balışın üstündə keçinmiş arvadın üzü ilə yanaşı, onun ölmüş ərinin uyuyan sifəti də görünürdü...

E-mənbə: www.artyazar.azeriblog.com


E-mənbə / link: http://xariciedebiyyat.azeriblog.com/2008/12/29/yasunari-kavabata-azerice-3-hekaye-ve-rusca-romani-yaponiya-nobel-mukafatchisi