ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Çexiyada təzə kitab almaq istəyən hər bir mütaliə həvəskarının təxminən iki ildən sonra özünə sərlövhəyə çıxarılmış bu sualı verəcəyi istisna olunmur. Ona görə ki, "Google" korporasiyasının istifadəyə verməyə hazırlaşdığı "Google Books Library" elektron kitabxanasında avropalı müəlliflərin minlərlə əsəri üçün də yer tapılmışdır. Lakin Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqı amerikalıların əlində alətə çevrilmək fikrində deyil və öz müəlliflərinin hüquqları uğrunda sona qədər mübarizə aparmağa hazırlaşır.
Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqının nümayəndələri media nəhəngi "Google" şirkətini açıq-aşkar "pirat" adlandırırlar. 2004-cü ildən bəri bu şirkətin elektron kitabxanasına hər gün 4 min yeni kitab əlavə edilir və hazırda həmin kitabxanada 7 milyona yaxın adda kitab vardır. Çexiyalı naşirlər "Google" saytına müraciət edəndə dəhşətə gəlmişlər, çünki hər bir çexin qəlbən özünə yaxın hesab etdiyi əsərlərin - Bojena Nemtsevonanın "Nənə", Yaroslav Qaşekin "Qoçaq əsgər Şveykin sərgüzəştləri", Yan Nerudanın "Malostranski povestləri" və başqa kitabların rəqəmsal variantları "Google Books Library" kitabxanasının "Çex ədəbiyyatının qızıl fondu"na daxil edilmişdir.
Korporasiyanın milyonlarla kitabı müəlliflərin xəbəri olmadan rəqəmsal formata çevirmək barədə planından narazı olan təkcə çexiyalı naşirlər deyil. Amerika Naşirlər Assosiasiyası və ABŞ Müəlliflər Gildiyası 2005-ci ildə "Google" şirkətini məhkəməyə vermişdi. Bu çəkişmə iddiaçılarla cavabdeh arasında barışıq sazişi ilə nəticələnmişdir. Əgər Nyu-York məhkəməsi oktyabrın əvvəlində həmin sazişi təsdiq edərsə, İnternet kitabxananın açılması üçün "yaşıl işıq" yandırılacaqdır. Lakin Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqı onu da vurğulayır ki, adıçəkilən barışıq sazişində yalnız amerikalı naşirlərin maraqları nəzərə alınmışdır və həmin saziş Avropada qəbul edilmiş müəlliflik hüququ ilə bir araya sığmır. Bununla belə, hamı başa düşür ki, kitabların rəqəmsal surətlərinin Amerika İnternet şəbəkəsində yerləşdirilməsi nəticəsində həmin kitablar Ümumdünya Şəbəkəsinin bütün istifadəçilərinin sərəncamına keçəcəkdir.
Barışıq sazişinə görə, "Google" ABŞ-da kommersiya yolu ilə əldə edilə bilməyən kitabların rəqəmsal surətlərini İnternetdə yerləşdirə bilər. Avropada nəşr edilən kitabların demək olar ki hamısı, o cümlədən bestsellerlər həmin kateqoriyaya uyğun gəlir. Lakin bir məsələ aydın deyil: "Kommersiya yolu ilə əldə edilə bilməyən kitab" nə deməkdir? Çexiyada kitab satışı ilə məşğul olan bir neçə distribyutor firması fəaliyyət göstərir. Onlar hansı kitabların bazardan almağın mümkün olması və hansı kitabların artıq tamamilə satılması barədə məlumat təqdim edə bilərlər, lakin Çexiyada bəzi naşirlər öz kitablarını özləri yayır və informasiya bazasında həmin kitabları əldə etməyin nə dərəcədə mümkün olması barədə məlumat yoxdur. Bu o deməkdirmi ki, həmin naşirlərin kitabları "kommersiya yolu ilə əldə edilə bilməyən kitab" hesab edilməlidir?
Çexiyalı naşirlər "Google Books Library" kitabxanası ilə tanış olaraq aydınlaşdırmışlar ki, onlarda satılan kitabların 95 faizi orada "kommersiya yolu ilə əldə edilə bilməyən kitablar" kimi göstərilmişdir. Düzdür, bu kitabların əksəriyyəti hələ rəqəmsal formaya çevrilməmişdir, lakin İnternet nəhənginin skanerinin gec-tez onları da "həzm" edəcəyi sübhəsizdir.
Müəllif hüquqlarının qorunmasında müddəti keçmiş kitablarla əlaqədar heç bir çətinlik yaranmır. Müəllifin vəfatından 70 il sonra onun kitabları sərbəst nəşr edilə bilər. "Kommersiya yolu ilə əldə edilə bilməyən" əsərlər və "yetim" kitablar, yəni müəllif hüquqlarının qorunma müddəti formal baxımdan hələ başa çatmamış, lakin bu hüquqların kimə məxsus olmasını aydınlaşdırmaq mümkün olmayan kitablarla əlaqədar problemlər qarşıya çıxır. Çexiya qanunlarına görə, bu cür "yetim" kitabların müəllifini tapmaq mümkün olmadıqda belə, müəllifin razılığı olmadan həmin kitablar nəşr edilməməlidir. "Google" isə bu cür kitabları da skanerdən keçirir. Belə əsərlərin ictimaiyyət üçün hansı yolla əlyetərli edilməsi məsələsi uzaq məsafəyə qaçış yarışlarına oxşayır. Bu məsələ Avropa İttifaqında həllini gözləyir, hələlik isə hər iş qanunla müəyyən edilmiş prosedur üzrə davam edir. Çexiyalı naşirlərin fikrincə, "Google" korporasiyasının hərəkətləri Avropa müəllif hüququ normalarına ziddir. "Google" korporasiyasının Çexiyadakı nümayəndəliyi isə narazı naşirləri sakitləşdirərək, onların xahişinə əsasən çex kitablarının elektron kitabxanadan çıxarılacağını vəd edir. Lakin həmin kitabların çıxarılması ikinci addım olacaqdır, əvvəlcə bütün kitablar şəbəkəyə salınacaqdır.
Bəs, çexiyalı naşirlərin "Google" ilə onların da maraqlarını nəzərə alan barışıq sazişi bağlamaq şansı varmı? Kitab Ticarətçiləri Birliyinin İdarə Heyətinin sədri Marek Peçenka demişdir: "Biz "Google" ilə saziş bağlamağın əleyhinə deyilik, bu şərtlə ki, həmin saziş Avropada qüvvədə olan müəllif hüququ prinsiplərinə əsaslansın. Avropada hər hansı kitabın dərc edilməsindən və yayılmasından əvvəl lisenziya sazişi bağlanır. "Google" korporasiyasının barışıq sazişində isə bu barədə heç nə deyilmir. Ona görə də belə saziş bizim üçün məqbul deyildir".
Avropalı naşirlərin elektron kitabxana layihəsinə etirazı "Google" şirkətini narahat etməyə başlamışdır. Korporasiyanın bir neçə əməkdaşına tapşırılmışdır ki, Avropada vəziyyəti tənzimləsinlər. Lakin Çexiya Kitab Ticarətçiləri və Naşirlər İttifaqının nümayəndələrinin fikrincə, Amerikanın bu nəhəngi çox güman ki, avropalıların şərtlərini qəbul edə bilməyəcəkdir. Marek Peçenka demişdir: "Google" korporasiyasının bu işi həmin layihənin həyata keçirildiyi sürətlə görməsi texniki baxımdan qeyri-mümkündür. Gündə 4 min kitabı skanerdən keçirmək və gündə 4 min lisenziya müqaviləsi bağlamaq ayrı-ayrı məsələlərdir. Lisenziya sazişlərinin bağlanması asan iş deyil, çünki bu halda təkcə mətnlərdən yox, həm də illüstrasiya və qrafik işlərdən söhbət gedir, "Google" isə məsələnin bu aspektlərinə əhəmiyyət vermir, çünki o, mətnləri İnternetdə mümkün qədər qısa müddətdə yerləşdirməyə çalışır".
Vüqar Seyidov, AzərTAc-ın xüsusi müxbiri, Praqa
E-mənbə / link: http://azertag.com/