Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"İnsan səsi". (Fransa teatrında mərhələ olmuş təkşəkilli monotamaşa)

Müəllif:

Jan Kokto


Kateqoriya:

Fransa



Qısa Təsvir:

Jan KOKTO (Jean COCTEAU) (1889-1963) Keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir, eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şerlər" (1920) və "Opera" (1927) adlı şer kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.


Baxış sayı: 39
    
    


Jan KOKTO (Jean COCTEAU) (1889-1963) Keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir, eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şerlər" (1920) və "Opera" (1927) adlı şer kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
Oxuculara təqdim edilən bu əsər təkşəkilli monotamaşadır, ilk dəfə 17.02.1930-cu ildə Bert Bovinin iştirakı ilə səhnələşdirilib. Əsərin motivləri əsasında fransız modernist musiqisinin parlaq simalarından olan bəstəkar Frensis Pulenk eyni adlı monoopera bəstələyib.

 

"İnsan səsi"

 (monopyes)

Səhnə məkanı kimi qadına məxsus yataq otağının bir küncü seçilib. Göy rəngin tonları ilə boyandığından səhnə yarıqaranlıq təsiri bağışlayır. Bu məkan tamaşaçılara, qırmızı parça ilə üzlənmiş çərçivə əhatəsində təqdim olunur. Sol tərəfdə yığışdırılmamış çarpayı, sağ cinahda isə ağappaq və güclü işıqlandırılmış vanna otağının yarıaçıq qapısı gözə dəyir. Səhnənin mərkəzində və dərinliyində divardan məşhur bir tablo və ya hərhansı ailə portreti asılıb - bu tablonun insana vahimə aşılaması əsas şərtdir.
Suflyor köşkünün böyründə alçaq kreslo və kiçik masa qoyulub. Masanın üstündə kitablar, telefon və ətrafa gözqamaşdırıcı işıq salan gecə lampası var. Bu otaqda sanki qətl törədilib. Çarpayının yanında, döşəmədə, əynində uzun gecə paltarı olan qadın uzanıb. Adama elə gəlir ki, o, ölüb. Pauza. Qadın hərəkətə gələrək, bir başqa poza alır və yenidən maneken kimi donur. Bir azdan o, yerdən qalxmaq fikrinə düşür, qalxıb çarpayının üstündən kürkünü alır. Telefonun yanından keçərkən bir anlığına duruxsa da, qapıya sarı yönəlir. Qapının dəstəyinə toxunduğu an telefondan zəng gəlir. Kürkünü yerə ataraq, telefona tərəf cumur. Ayağına ilişən kürkü təpiyiylə bir kənara atıb, cəld dəstəyi qaldırır. Bu andan etibarən telefonu özüylə ora-bura daşıyan qadın, öz telefon danışığını oturaraq, ayaq üstə, üzünü yana və ya zala tutaraq, bəzən də arxasını dönərək, kreslonun hündür söykənəcəyinin ardında dizi üstə çökərək, başını kreslonun arxalığına nazla söykəyərək (sanki başı bədənindən ayrılıb) və ən nəhayət, otaqda var-gəl edərək davam etdirir və bu durum, ta qadın gəlib çarpayıya üzüquylu sərələnənə qədər sürür. Qadının başı çarpayının kənarından sallana qalır, telefonun dəstəyi isə ağır dəyənək misalı onun əlindən düşür.
Qadının aldığı hər poza onun monoloq-dialoqunun bu və ya digər diliminə (yalanlar bölümü, xətdə nasazlıq və s.) uyğun gəlməlidir. Onun əsəbiliyi hərəkətlərinin tezliyindən deyil, sadəcə qadının rahatsızlığını maksimum ifadə edən poza dəyişimlərindən bəlli olmalıdır. Səhnədəki hər şey - gecə köynəyi, gecə xələti, tavan, qapı, kreslolar, mebel üzlükləri, masa lampasının abajuru parlaq ağ rəngdədir.
Suflyor köşkündən gerçəkləşəcək işıqlanmanı elə ayarlamaq lazımdır ki, oturmuş qadından düşən nəhəng kölgə səhnənin arxa divarında, fonda əks olunsun. Bu işıqlanma, masa lampasının abajurundan yaxın çevrəyə yayılan işığı bir heçə endirməlidir. Bu pyesin quruluşunda "brio" adıyla tanınan "parlaq aktyor ifası" üslubundan heç bir əsər-əlamət olmamalıdır. Təhqir olunmuş qadından normal şərtlərdə gözlənilən acıdillilikdən, kinayədən və tikanlı sözlərdən imkan daxilində qaçmaq xahiş olunur, çünki əsərdəki qadın - özünü dəli bir sevgiyə qurban verib və tamaşa boyu tək bircə yol hiyləyə əl atır - bunu da ondan ötrü edir ki, sevgilisini etirafa məcbur etsin və öz yaxasını bu ağrılı və çirkin şübhələrdən qurtarsın. Müəllif, aktrisanın al-qana boyanan və hər çırpınışında sürəkli qan itirən yaralı məxluq kimi davranmasını nəzərdə tutub ki, bu yolla tamaşanın sonuna doğru artıq bütün səhnənin qan içində üzmə effekti doğsun. Mətndə rastlanacaq bütün təkrarların, yanlışların, ədəbi ricətlərin, zövqsüzlüyün və ədəbsiz deyimlərin müəllif tərəfindən dönə-dönə gözdən keçirildiyi bunların mətnboyu ən uyğun şəkildə paylaşdırıldığı nəzərə alınmaqla, aktrisanın mətnə sadiq qalması xahiş olunur.

Allo, allo, allo... "Yox" dedim də, xanım, səhv düşmüsünüz, dəstəyi qoyun... Yox, bu özəl mənzildir. Yenə də... Allo!.. Yox, xanım, dəstəyi siz qoymalısınız... Allo, xanım qız, allo... xətti açın... "Yox" dedim də, bu doktor Şmidt deyil... Bu, sıfır yeddi yox, sıfır səkkizdir. Allo... Əcəb işə düşmüşük də... Mənə zəng edirlər, mən də cavab verirəm...

Dəstəyi qoysa da, əlini ondan çəkmir.
Zəng çalınır.

Allo!.. Amma, xanım, elə isə bəs siz məndən nə istəyirsiniz? Sizə necə yardım edə bilərəm axı?.. Niyə mənimlə bu tonda danışırsınız?.. Mənim bunda nə günahım var?.. Heç də yox... Yox, elə deyil...
Allo!.. Allo, xanım qız... Yox, danışıq alınmadı. Daim araya başqası girir. Xətt normal işləmir. Bu xanıma da deyin ki, xətti boşaltsın.

Dəstəyi qoyur. Zəng çalınır.

Allo! Sənsən?.. Bu sənsən?.. Hə... Çox pis eşidirəm... Məndən elə uzaqdasan ki... Allo!.. Dəhşətdir... Görürsən də, xətdə nə qədər səs var... Təzədən yığ. Allo! Tə-zə-dən yı-ğğğ... Deyirəm ki: təzədən yığ... Xanım, bəsdirin də. Bayaq da sizə dedim ki, mən doktor Şmidt deyiləm... Allo!

Dəstəyi qoyur. Zəng çalınır.

Hə! Axır ki... Sənsən... Hə... İndi çox yaxşı... Allo! Hə... Səsini bir sürü səsin içindən ayırd etmək əsil işgəncə idi mənə... Hə... Hə... Yox... həqiqətən də uğurlu oldu... İndicə gəlmişəm, bir on dəqiqə olar... Bundan əvvəl zəng eləməmişdin ki?.. Hə-ə! Yox, yox... Marta qonaq çağırmışdı... onlarda yedim... İndi yəqin ki, on ikiyə on beş dəqiqə işləyər... Evdən zəng edirsən?.. Elə isə elektrikli saata bax da... Mən elə belə də bilirdim... Hə, əzizim, hə... Dünən axşammı? Dünən axşam gələn kimi tez yuxulamaq üçün həb atdım... Yox... Bircə həb... Saat doqquzda... Bir az başım ağrıyırdı, amma özümü birtəhər ələ aldım. Marta mənə baş çəkdi. Birlikdə səhər yeməyi yedik. Sonra bazarlığa çıxdım. Evə dönüb, bütün məktubları sarı çantaya yığdım. Mən... Necə?.. Dözürəm də... And içərəm ki... Axı, mən çox, çox dözümlüyəm... Hə, sonra neylədim? Sonra geyinib-kecindim, Marta gəlib maşınla məni evdən götürdü və... Elə indi də onlardan gəlirəm. Qiyamət qızdır... Məndən ötrü heç bilmir ki, nə eləsin, lap əldən-ayaqdan gedir... Bəlkə bu kənardan elə görünür, əslində isə o, belə deyil. Sən həmişəki kimi haqlı çıxdın... Çəhrayı paltarımı və xəzi... Qara şlyapa ilə... Hələ də əynimdədir... Yox, canım, siqaret çəkmirəm. Vur-tut üçcə siqaret çəkdim... Yox, doğru sözümdür... Hə, hə... Necə də qayğıkeşsən...
Sən də indicə gəlmisən?.. Bütün vaxtı evdəydin... Nə məhkəməsi?.. Hə, onu deyirsən... Özünü çox da yorma belə... Allo! Allo! Yox, hələ ki danışırıq! Allo!.. Allo! Əzizim... Allo! Əgər danışıq kəsilsə, nömrəmi təzədən yığ... əlbəttə ki... Allo! Yox... Qulağım səndədir... Çantadadır... Bizim məktubların hamısı, istədiyin vaxt bir adam göndərib, ala bilərsən... Əlbəttə, ağırdır... Başa düşürəm... Əzizim, üzrxahlığın yersizdir, bu, son dərəcə təbii sayılmalıdır... Sadəcə mən bir az anlamazam... Sən isə o qədər xeyirxahsan ki... Sən çox, çox xeyirxahsan... Heç vaxt inanmazdım ki, buna dözümüm çatar... Bunda heyrətlənəcək bir şey yoxdur. İndi lap yuxudagəzənlərə dönmüşəm. Eynilə robot kimi geyinib evdən çıxır, yenə robot kimi geri dönürəm... Bəlkə də heç sabah bu qədər dözümlü ola bilməyəcəyəm... Sənmi?.. Yox, canım... yox, əzizim, mən sənə heç nəyi nöqsan tuta bilmərəm... mən... mən... Qoy görək də... Nə?.. Bu, çox doğal olardı... Əksinə... Axı, biz... Axı, biz heç vaxt biri-birimizə yalan söyləməmək haqda şərləşmişdik və əgər sən sonuncu ana qədər mənə bunu açıb söyləməsəydin, bu, sənin cinayət işləməyinə bərabər olardı. Bunu özümə qarşı amansız zərbə sayardım, çünki mənim yetərincə vaxtım var idi anlayım ki... Hansı komediyanı?.. Allo!.. Kim?.. Mənəm komediya çıxaran, eləmi?.. Sən ki, mənə bələdsən və yaxşı bilirsən ki, mən... Heç də yox... Yox ki, yox... Son dərəcə sakitəm... Bu, sənin gözündən yayınmazdı... Dedim ki: bu, sənin gözündən yayınmazdı. Bəyəm mənim səsim nəyi isə gizlədən birisinin səsinə bənzəyir ki... Yox. Mən dözümlü olmağa qərarlıyam və belə də qalacağam... Dayan görüm... Bunlar heç də eyni şeylər deyil... ola bilər, amma bədbəxtliyi duyub, ona hər nə qədər hazırlaşsan belə, o, adamın başının üstünü elə qəfil alır ki, əl-ayağın yerdən üzülür... Bir elə də şişirtmə... Hər halda bu duruma uyğunlaşmaq üçün yetərli zamanım vardı. Sən isə məni sakitləşdirməyə, uyutmağa çalışırdın. Sevgimiz xeyli maneəni aşmalı oldu. Bir an içində qərar verməliydik: beş il sürən səadətdən vaz keçək, yoxsa riskə gedək. Şəxsən mən heç vaxt inanmazdım ki, hər şey yenidən yoluna düşər. Bu sınırsız səadət yolunda mən nələrdən keçmədim...
Allo!.. hə, sınırsız... Peşiman da deyiləm... Mən heç... mən heç nəyə heyifsilənmirəm - heç nəyə - heç nəyə... Sən... onda sən yanılırsan... sən... sən... sən yanılırsan...
Mən... Allo!.. Mən haqq etdiyimi aldım. Mən dəlicəsinə sevir və qarşılığında da sınırsız bir səadət umurdum... Əzizim... Qulaq as... Allo!.. Əzizim... qoy bir... Allo!.. Qoy bir mən sözümü bitirim də. Sən özünü heç suçlama. Hər şeyin günahkarı tək mənəm. Hə, hə... Versaldakı o bazar gününü və o teleqramı xatırla... Hə!.. Gördün!.. Axı, mən onda gəlmək istəyirdim, bir də ki, səni ağız açmağa da qoymadım. Onda sənə dedim ki, mən hər şeyə biganəyəm... Yox... Yox... Yox... Bunda yanılırsan... Mən... Əvvəlcə mən zəng etdim... Yox, o gün çərşənbə axşamıydı... çərşənbə axşamı... Hə, bundan əminəm. Ayın iyirmi yeddisi, çərşənbə axşamı. Sənin teleqramını isə iyirmi altısında, yəni bazar ertəsi axşamı aldım. O tarixləri mənim əzbər bildiyim sənə də yaxşı bəllidir... Anan? Nə üçün?.. Narahatçılığa elə bir səbəb yoxdur... Hələlik özüm də bilmirəm... Hə... ola bilər...
O! Əlbəttə ki, bir az sonra. Bəs sən?.. Sabah?.. Bunun belə erkən baş tutacağını heç zənn etmirdim... İndicə, bir dəqiqə dur... Amma bunda çətin heç nə yoxdur... günü sabah çanta xidmətçidə olacaq. Jozef gəlib onu alar... Mən? Əslində mən bəlkə də heç yana getməyəcəyəm, uzaqbaşı bir neçə günlüyünə şəhər kənarına, Martagilə yollana bilərəm...
O, buralardadır. Dəngəsi pozulub, bir yerdə qərar tuta bilmir. Dünən bütün günü otaqla dəhliz arasında var-gəl edib. Məni şübhəli baxışlarla, həm də lal-dinməzcə dinlədi. Daha səni axtarmadığı yer qalmadı. Hətta arada mənə elə gəldi ki... səni tapmaqda ona... yardım etmədiyim üçün mənə acığı tutur... Mənə qalsa, onu öz yanına aparman daha məsləhətdir... əgər bu heyvan da bədbəxt olmalıydısa... O! Mən!...
Axı, bu qadının saxlayacağı it cinsi deyil. Mən ona sən deyən yaxşı baxa bilmərəm. Onu gəzməyə də çıxara bilmərəm. Məncə, onun səninlə qalmağı daha məsləhətdir... Yox, yəqin ki, tezliklə məni yadırğayacaq... Baxarıq... Amma bu, çox da qəliz bir şey deyil.
Deyərsən ki, guya bu dostunun itidir. İt Jozefə yamanca isnişib. Elə o da gəlib onu aparar... Mən itin boğazına nömrəsiz qırmızı xalta taxacam... Yaxşı, gözləyək görək... Hə... Hə... Hə, yaxşı, əzizim... Anladım... Oldu, əzizim... Hansı əlcəkləri?... Sənin maşın sürəndə geydiyin içi xəzli əlcəkləri?... Xəbərim yoxdur. Heç gözümə dəyməyib. Ola bilər. İndicə baxaram... Gözlə bir... Diqqət elə, danışığımızı kəsməsinlər...

Masanın üstündə, masa lampasının arxasındaki dəri əlcəkləri götürüb,
ehtirasla opür. Əlcəkləri yanağına sıxaraq,
dəstəyə deyir.

Allo!.. Yox... Komoda, kreslonun üstünə, dəhlizə, hər yerə baxdım. Heç yerdə yoxdur... Qulaq as... Yaxşı. Yenə də axtararam, amma arxayınam ki... Əgər sabahacan tapsam, onları da xidmətçi qadına verəcəyim çantaya qoyaram... Necə, əzizim?.. Məktubları... Hə... Yandır getsin... Səndən bir şey də xahiş etmək istəyirdim... Əlbəttə, bu yersiz səslənəcək... Bilirsən... deməli... Sənə deyəcəkdim ki, məktubları yandırsan, külü sənə bağışladığım siqaret yığmaq üçün qutuya yığarsan... həmin qutunu sən... Allo!.. Yox... Bilirəm ki, bu düşük səslənir...
Bağışla məni. Vaxtilə mən hədsiz dözümlü idim...
Hönkürür.

Hə, artıq keçib getdi. Burnumu silirdim. Sadəcə olaraq həmin külü xatirə kimi saxlamaq istəyirdim, vəssalam. Necə də geniş qəlbin var... Nə?..

Bundan sonra gələn və dırnaq arasında verilən cümlələri aktrisa nisbətən yaxşı bildiyi xarici dildə səsləndirir.

"Bacının kağız-kuğuzlarını mətbəxdəki sobada yandırdım. Əvvəlcə haqqında mənə söz açdığın o rəsmi onların arasından götürmək fikrinə düşdüm, amma mənə " hər nə var - yandır" dediyin üçün, sözündən çıxmadım... Hə, yaxşı... Oldu... Hə!

Yenidən əvvəlki dildə davam edir.

Doğru sözündür ki, artıq xalatdasan?.. Yatmağa hazırlaşırsan?.. Çox gec saatlara qədər işləmə, əgər sabah tezdən qalxacaqsansa, erkən də yat. Allo!.. Allo!..
Bəs belə necədir?.. Amma mən olanca səsimlə danışıram... İndi necə eşidirsən?.. Soruşuram ki: İndi necə? Eşidirsən?.. Qəribədir, mən səni çox aydın eşidirəm, elə bil lap yanımdasan... Allo!.. Allo! Allo! Bəli də! İndi artıq heç mən də səni eşitmirəm... İndi azca yaxşılaşdı, amma səsin yenə quyu dibindən gəlir... Sən necə, məni eşidirsən?.. Yaxşı, hər şeyin sırası var... Yox, yox, dəstəyi qoyma!.. Allo!..
Xanım qız, mən hələ ki, danışıram... Mən səni eşidirəm. Mən səni çox aydın eşidirəm. Hə, bu, çox xoşagəlməz bir şeydir. Sən eşidirsən, amma dəridən-qabıqdan çıxsan da, səni eşitmirlər ki, eşitmirlər, elə bil kabussan... Hə, yaxşıdır, çox-çox yaxşıdır. Qəribədir ki, bizə belə uzun-uzadı danışıq imkanı tanıyıblar. Adətən üç dəqiqə sonra danışığı kəsir, sonra isə tamam başqa nömrə ilə calayırlar... Hə, hə... İndi mən əvvəlkindən də yaxşı eşidirəm, sadəcə sənin aparatında nə isə küy var. Heç elə bil sənin telefonun deyil... Xəbərin var ki, mən səni həm də görürəm?