ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Mirzə Fətəli Axundov. "Seçilmiş əsərləri". I cild. Bakı, "Şərq-qərb" nəşriyyatı. Dram və nəsr əsəsrləri...
"Mirzə Fətəli Axundzadə: "Avropaya qapı açanlar" sırasından"
Qloballaşan dünyamızda Avropa Birliyi modeli xüsusi əhəmiyyət kəsb edir. Müstəqilliyi qazanmış Azərbaycan Respublikasının Qərb yönümlü yol seçməsi, dünyəvi, demokratik dövlət olaraq Birləşmiş Millətlər Təşkilatına daxil olması hər şeydən öncə Şərqdə ilk demokratik respublika olan Azərbay-can Demokratik Cümhuriyyətinin dövlət prinsiplərinin bərpası və yaşadılması deməkdir. Bu prinsipi avtoritar rejim olan H. Əliyev üsul-idarəsi də aradan qaldıra bilməmişdir. İdeoloji təməli demokratiya, dünyəvilik və türkçülüklə, islam dəyərləri ilə yanaşı həm də avropalaşma, çağdaşlaşma olan bu prinsipin önü tayfaçılıq, avtoritarizimlə önlənsə də məfkurənin əsas yolu dəyişməmişdir. Mahiyətcə bu sayaq dəyişdirilmə imkansızdır. Avropa Şurasının üzvü olan Azərbaycanın dövlətçilik strategiyası Avropa ilə bağlıdır.
Çağdaş Azərbaycanın ideoloji həyatında avropalaşmanın tarixi, təkamül yolu və bu yolu gerçəkləşdirən şəxsiyyətlərin yeni baxımdan öyrənilməsi, yeni metodologiya ilə araşdırılması zəruridir. Bu baxımdan yazılmış elmi, elmi-publisistik əsərlərin əhəmiyyətini qətiyyən azaltmadan və Sovet sistemində aparılan araşdırmaların faktik dəyərini rədd etmədən Avropalaşma sürəcinin yenidən öyrənilməsini təbii bilirik.
Azərbaycanın Avropalaşma sürəci X1X əsrdən başlayır. Bu prosesin simvolu və tarixi başlanğıcı böyük maarifçi-demokrat, yazıçı, dramaturq, ictimai-siyasi xadim Mirzə Fətəli Axundzadədir. H.B.Zərdabi, S.Ə.Şirvani, Mirzə Kazım bəy, Ə.Hüseynzadə, M.Cəlil, Sabir, Ə.Ağayev, Ü.Ha-cıbəyli, Ə.Haqverdiyev, N.B.Vəzirov, N.Nərimanov, M.Ə.Rəsulzadə, Ə.Topcubaşov Avropa tipli mədəni-siyasi, elmi-konseptual sistemin yaradıcısı olan şəxsiyyətlərdir.
Biz bu şəxsiyətlərə Avropaya pəncərə açanlar deyil, qapı açanlar deyirik. Çünki pəncərə seyirçilikdir, canlı həyata müdaxilədən uzaq olmaq deməkdir. Qapı isə fəaliyyət, birbaşa iştirak etmək deməkdir.
Şübhəsiz ki, biz avropalaşmanın yalnız Rusiya vasitəsi ilə olduğunu qəbul etmirik. Rusiyanın vasitəçi rolunu inkar etməməklə bərabər biz Türkiyə vasitəsi ilə olan Avropalaşmanın əhəmiyyətini vurğulayırıq. Xüsusilə, biz Şinasi-Ziya Paşa-Namiq Kamalın adları ilə bağlı olan tənzimat məktəbinin yalnız ədəbi-mədəni həyatda deyil, həm də ictimai-siyasi həyatda oynadığı rolu vur-ğulamaq istərdik.
Əsas prinsipləri:
Tənzimat dövrü (1860-1895) Avropayi (avropasayağı) ədəbiyyatın yaranması və pərvəriş dövrüdü.
Tənzimat ədəbiyyatından sonra başlayan Sərvəti-fünun dövrü avropalaşmanın ikinci çox mühüm mərhələsidir.
Azərbaycan ədəbiyyatını və ictimai-siyasi fikrini bu proseslərdən kənarda təsəvvür etmək mümkün deyil.
X1X əsrdə Azərbaycanın İran və Rusiya tərəfindən ikiyə bölünməsi Azərbaycanın şimalı üçün avropalaşmaya yeni üfüq açdı. Avropa tipli düşüncə sistemini, Şərq-Qərb mədəniyyətlərinin sintezini ortaya qoyan ilk böyük şəxsiyyət Mirzə Fətəli Axundzadədir.
M.F.Axundzadənin maarifçilik, sovet zamanında deyildiyi kimi, inqilabi-demokratik maarifçilik ideyalarının əsasında avropalaşmaq dayanır. Avropalaşmaq Şərqin mənəvi, iqtisadi dəyərlərinin inkarı yox, yeni zamana, şəraitə uyğun təsdiqidir. Sxolastik Şərqin inkarı Asiya başlanğıcının inkarı deyil. Şərqi, Asiyanı çıxmaza gətirib çıxaran elmi-texniki şərtlər, tutucu dini ehkamlar və zehniyyət M.F.Axundzadə tərəfindən rədd və ifşa edilmişdir.
"Günəş Şərqdən doğur" təbiri fiziki-astronomik anlamda doğru olsa da, mənəvi, elmi-mədəni anlamda doğru deyildi. Ağır böhran Şərqi bürümüşdü.
İnsana, onun mənəvi dünyasına yönəlmiş renessansdan, elmi-bilik, fəlsəfə, naturfəlsəfə, texnika çağından sonra yüksəliş Avropanı Şərqdən büs-bütün ayırmışdı. Farabi, İbn-Sina, Urməvi, Tusi, Firdovsi, Nizami, Hafiz, Füzuli yolundan sapan Şərq ehkam, bidət, tutuculuq yoluna girmişdi. Böyük Quran öz elmi təfsirini deyil, nadanlığa, xurafata yol açan şərhini, yozumunu tapmışdır.
M.Fətəli yazır: "Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olardılar". İnsanın mənəvi azadlığını, fərdi azadlığı ən müasir şəkildə ancaq belə ifadə etmək olar.
Mirzə Fətəlinin "bəşər dostları" adlandırdığı Avropa filosofları, alimləri, yazıçıları - Didro, Russo, Monteskye, Şekspir, Molyer ... əski zehniyyətdən qırılmaq, qopmaq, yeni dünya nizamını, məntiqini qəbul etmək üçün zəruri idi.
Qabaqcıl Avropa düşüncə səviyyəsində düşünmək azdır. M.Fətəli Avropa ölçüləri ilə özünü oyatma, inkişaf modellərini, prinsiplərini irəli sürürdü. Bu baxımdan Mirzə Fətəli kor-koranə Qərb təqlidçisi deyil, Avropa inkişaf yolunu qəbul etmiş Şərqli kimi düşünür və öz reform sistemini təqdim edir. Ədəbiyyatı, fəlsəfəni, əlifbanı, ədəbi dili, teatrı, mətbuatı, təhsili, mədəniyyətin, demək olar ki, bütün sahələri, ictimai düşüncənin bütün aspektlərini əhatə edən bu reform sistemi o zaman üçün qloballaşma, modernləşmə sistemi səciyyəsi daşıyır. Realist sənət prinsipləri ədəbi-estetik meyar kimi irəli sürülür. Şəbeh tamaşaları əvəzinə xalqın öz dilində Molyersayağı təmsilata üstünlük verilir. Latın əsaslı əlifba sonralar İsmayıl Qaspıralının konsepsiyalaşdırdığı "Dildə, fikirdə, işdə birlik" şüarının təməli kimi ortaya qoyulur, elmi-fəlsəfi traktatlar siyasi pamfletlər kimi səsləndirilir, yeni nəsr, satira örnəkləri Avropa standartları ilə yaradılır. Və bütün bu islahat, əslində inqilab yolunda M.Fətəli yeni sistemi - Avropa düşüncə sisteminin bünövrəsini qoyur; öz dediyi kimi "Və məndən ancaq əndazə və nümunə göstərmək idi və baniyi-kar olmaq".
Mirzə Fətəlinin gördüyü üfüqlər olduqca aydın və işıqlı idi. O yazır: "Keçmişlərdə Avropada da belə zənn edirdilər ki, zalimə zülmü tərk etdirmək üçün ona nəsihət etmək lazımdır; sonra gördülər ki, nəsihət zalimin təbiətinə qətiyyən təsir etmir. Buna görə də millət özü, dinin maneəsizliyi sayəsində elmlərdə tərəqqi edərək birliyin faydalarını anladı və bir-biri ilə yekdil-yek cəhət olub, zalimə müraciətlə dedi: "Səltənət və hökumət büsatından əl çək!".
M.Fətəli elə həmin yazısında kəlmələrin elmi-qrammatik şərhindən sonra müraciətini qəti və sərt şəkildə sonuclayır: "Ey nadan, sən ki, qüdrət, səy və bacarıq cəhətdən zalimdən qat-qat artıqsan, bəs nə üçün zülmə qatlaşırsan? Qəflət yuxusundan oyan və zalimin atasının goruna od vur!"
"Qan qoxuyan" (M.Cəlil) bu müraciət çox illər, çox yollar keçəcək, çox dolaylar adlayacaq və günü bu gün vətənimiz doğma Azərbaycanda böyük, qarşısıalınmaz bir qüvvənin yeni dünya qurmaq, yeni həyat yaratmaq idealının həqiqətinə çevriləcək. Məhz kökündə, mənəviyyatının, məfkurəsinin təməlində Mirzə Fətəli demokratizmi olan ölkədə hakimiyyət kamal ata kürkü kimi atadan oğula verilməyəcək. Respublika prinsipləri monarxiya prinsipləri ilə əvəzlənməyəcək. Tarixin təkərini geri çevirmək olmaz!
Əlbəttə ki, Mirzə Fətəlinin də yanlışları, ziddiyyətləri olub. Qurana birmənalı mənfi münasibətə haqq qazandırmaq olmaz. Füzuliyə inkarçı münasibətin haqlı tərəfi yoxdur və s.
Bu ziddiyyətlər avropalaşmanın gələcək ziddiyyətlərini də inkar etmir. Və dünyada "mədəniyyətlərin toqquşmasından" başqa bir də dialoq, həmfikirlik varsa, demək yer üzündə sağlam fikir, yaşarı ideya qalib gələcək.
Çox-çox öncələr də Avropa Birliyi ideyaları yürüdülüb. (Sen Simon, V.Hüqo və başqaları). Mirzə Fətəli Avropa Birliyi ideyasını deyil, Avropa siyasi, iqtisadi, mənəvi sistemlərini müdafiə edib; avropalaşmanı xalqının mövcudluq və xoşbəxtlik yolu kimi görüb. Avropasentrizmin bəlalarını ya görməyib, ya da qabartmaq istəməyib.
... İllər keçəcək. Bu təməl daşı üzərində böyük və möhtəşəm abidə ucalacaq, bütün Şərqdə məktəb olacaq bu əzəmətli abidə bir adı öz yaddaşında əbədi saxlayacaq və zaman-zaman bu mübarək ada qayıdacaq: Mirzə Fətəli Axundzadə.
KAMIL VƏLI NƏRIMANOĞLU,
Professor, Avrasiya Araşdırmalar Mərkəzinin Başqanı