
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Məhəmməd Füzuli. "Seçilmiş əsərləri (Altı cilddə)". I Kitab. Lirik əsərləri, sufiyanə poeziyası
Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatının inkişafında mühüm yer tutan və Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsiri olan dahi bir sənətkardır. Dörd əsrdən artıqdır ki, onun adı bütün Şərq ölkələrində hörmət və məhəbbətlə çəkilir. Orta əsrin ağır illərində rabitə vasitələrinin ibtidai bir vəziyyətdə olduğu zamanlarda Füzulinin şerləri əlyazmaları şəklində Şərqin müxtəlif ölkələrində yayılıb əldən-ələ gəzir, əzbərlənib dildən-dilə keçirdi. Bu əsərlər şairin vətənindən çox uzaqlarda, Çində yaşayan uyğurların içərisində, Orta Asiyada taciklər və özbəklər arasında, Türkmənistanda, Tatarıstanda, Türkiyədə, Bolqarıstanda, Misirdə və bir çox başqa ölkələrdə yayılmışdır və indi də sevilə-sevilə oxunmaqdadır. Şairin divanları, poemaları, alleqorik əsərləri Şərq xalqlarının içərisində əlyazması şəklində o qədər geniş yayılmışdır ki, hal-hazırda dünyanın Şərq əlyazmaları saxlanılan muzeylərindən hər birində Füzuli əsərlərindən bir neçə nüsxəyə təsadüf etmək olur.
Füzulinin əsərləri Yaxın Şərqin müxtəlif ölkələrində qələmə alınmış təzkirələrin hamısında hörmətlə xatırlanmışdır. Türkiyə, İran, Orta Asiya və Hindistan təzkirəçiləri və müasir ədəbiyyatşünasları Füzulidən böyük məhəbbətlə bəhs edirlər. Onun əsərləri bu ölkələrdə dəfələrlə nəşr olunmuş, bu gün də nəşr olunur.
Orta əsrlər Azərbaycan ədəbiyyatında ana dilində yaranan şerin ən böyük nümayəndəsi Füzulidir. Özünəqədərki Yaxın və Orta Şərq xalqlarının müxtəlif dillərdə yaratdığı zəngin mədəniyyətin ziyası altında müşahidə edən sənətkar zəngin və çoxcəhətli bir irs yaratmışdır. Azərbaycan, fars və ərəb dillərində Şərq şerinin müxtəlif şəkillərində əlçatmaz bədii xüsusiyyətlərə malik əsərlər yaradan Füzuli, hər şeydən əvvəl, dərin humanizm ilə seçilir. Onun əsərlərində XVI əsrin birinci yarısının həyatı demokratik mövqedən əks olunmuşdur. Ana dilini dərindən sevən şair bu dildə "nəzmi-nazik" yaratmaqla böyük qəhrəmanlıq göstərmişdir. Onun əsərləri həyata, insana dərin məhəbbətin ifadəsidir. Bu əsərlərdə xalqın nəcib qəlbi, müqəddəs arzuları əks olunmuşdur. Bu əsərlər Azərbaycan xalqının əvəzolunmaz mə`nəvi sərvətidir.
Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi (1494, İraq, Kərbəla şəhəri - 1556, orada) - Azərbaycan şairi, mütəfəkkir. türk, ərəb və fars dillərində yazmışdır. İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətayiyə ithaf etməsinə, I Şah Təhmasibə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir.
Sultan Süleymana bir neçə qəsidə təqdim etmiş Füzuli sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəylə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır. Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər oricinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir. Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaratmışdır. Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizamın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli Nəsimidən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi bədii dilimizi yeni yüksəkiklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda İstanbulda, Ankarada, Misirdə, Daşkənddə, Buxarada, Aşqabadda, dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.
Məhəmməd Süleyman oğlu Füzuli təxminən 1494-cü ildə Bağdad yaxınlığındakı Kərbəla qəsəbəsində anadan olmuşdur. Füzulinin həyat və yaradıcılığı ilk dövrləri Bağdad və Kərbəla da daxil olmaqla İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür. Bu, 1534-cü ilə, şairin 40 yaşına qədər davam etmişdir. O, feodal üsuli-idarəsinin eybəcərliyi, hakim təbəqələrin mənəvi yoxsulluğu, cahilliyi haqqında kəskin inkaredici əsərlər yazır. "Şikayətnamə", "Leyli və Məcnun", "Padşahi-mülk", Ənisül-qəlb", "Könül, səccadəyə basma ayaq, təcbihə əl urma" kimi feodal gerçəkliyini ehtirasla inkar və ifşa edən əsərləri məhz bu vaxt yaranır.
Məhəmməd Füzuli qəməri tarixilə 963-cü, miladi təqvimlə 1556-cı ildə taun xəstəliyindən Kərbəlada vəfat etmiş, orada da dəfn olunmuşdur. Bu tarixi onun yaxın dostu və müasiri Əhdi Bağdadi öz təzkirəsində göstərmiş, başqa mənbələr də təsdiq edirlər.
O, çoxlu miqdarda epik və lirik, mənzum və mənsur, elmi və bədii əsərlər yaratmışdır. Onun ədəbi irsinə azərbaycanca "Divanı", farsca "Divanı", azərbaycanca, farsca, ərəbcə qəsidələrdən ibarət "Divanı", "Leyli və Məcnun" aşiqanə romantik poeması, "Bəngü Badə", "Yeddi Cam" alleqorik poemaları, "Şikayətnamə" də daxil olmaqla məktubları, "Səhhət və Mərəz", "Rindü Zahid" adlı farsca yazılmış alleqorik, ictimai-fəlsəfi nəsr əsərləri, "Hədiqətüs-süəda" kimi türkcə nəsr əsəri, "Hədisi ərbəin tərcüməsi", "Mətləül etiqad" kimi ərəbcə yazılmış elmi-fəlsəfi əsəri daxildir.