
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Azərbaycan şerinin ölməz nümunələrini yaradaraq türk dilinin nəyə qadir оlduğunu
göstərən, beləcə tarix içində mənəvi mənliyimizə – dilimizin, mənəviyyatımızın əbədi və
canlı heykəlinə çevrilən Füzuli eyni zamanda ərəb və fars dillərinə biganə qalmamış, bu
dillərdə də ərəb, fars şairlərinin yaratdığı və nümunələr səviyyəsində dayanan müxtəlif
janrlı əsərlər meydana gətirmişdir. Ana dilində bağladığı “Divan” həcmində həmçinin
farsca “Divan” yazan şair özünün qəlb aləmindən xəbər verən bu lirik şeirlərdə də
оxucusunu bədii sözün qüdrətilə sehrləyib düşünməyə, öz mənliyini, varlıq aləmini, həyat
gözəlliklərini dərk etməyə çağırır. Xalq hikməti və xalq zəkasının qüdrətilə aşılanmış bu
sоn dərəcə bədii, səmimi, misilsiz könül nəğmələrini оxuyan və ya dinləyən hər kəs
ürəyində bir saflıq, xeyirxahlıq, həyata məhəbbət, insana ehtiram duyğularının
qüvvətləndiyini hiss edir. Burada aşiq Füzuli ilə mütəfəkkir Füzuli yenə bir vəhdət
halındadır. Böyük fikirlər burada yenə Füzulinin aşiqanə deyilmiş sözlərindədir.
Bəyaz
Mövlanə Məhəmməd Füzuli (Astroloji portret)
Dünya ədəbiyyatının korifeyi, dahi Azərbaycan şairi Mövlanə Məhəmməd Füzuli Süleyman oğlu 1494-cü ildə indiki İraq ərazisində dünyaya gəlmişdir. Şairin anadan olduğu il illərin təhvili cədvəlində Pələng ilinə müvafiq gəlir. Pələng ili insana bir sıra gözəl keyfiyyətlər bəxş edir.
Onlar düşüncəli, uğurlu hər şeyin mahiyyətini dərk etmək istəyən adamlar olur. Hərəkətlərini düzgün ölçüb-biçir, insanları müşahidə edib dürüst qiymətini verir. Başqa illərdən fərqli olaraq, pələng illilər ətrafda baş verən hadisələri dərindən təhlil edir, öz prinsiplərinə görə hansı mövqedə duracağını müəyyənləşdirir. Məğzi görən, baş verən və baş verəcək hadisələrin konstruksiyalarını, mexanizmlərini dərk edən qlobal idraka malik təfəkkür sahibləri olurlar. Son dərəcə gözəl alim, həkim, mühəndis ola bilirlər. Hansı işdən yapışsalar, mütəxəssis səviyyəsinə yüksəlirlər. nFüzulinin böyük istedadı və sonsuz təfəkkürünün elmi qaynaqlarını araşdırdıqda zəmanəsində mövcud olan bütün bilik sahələrinə mükəmməl yiyələndiyi meydana çıxır. Təbabəti həkim, nücum elmini münəccim, kimyanı kimyagər səviyyəsində bildiyi məlum olur.
Gər basıb əl nəbzimə,
təşxis qılsan dərdimi,
Al əmanət, qılma hər
bidərdə izhar, ey həkim
Nəbzi tutmaqla, ürək vurğuları ilə xəstəliyi müəyyənləşdirəndə həkim bir sıra məsələləri aydınlaşdıra bilər. Şair məsləhət görür ki, həkimlər xəstəliyi özgəsinə deməməli, təbib etikası qaydalarına ciddi riayət etməlidirlər. Füzuli "Səhhət və Mərəz" əsərində təbabətin anatomiya, fiziologiya, farmokologiya sahələrindən ən yüksək səviyyəli alim kimi söhbət açır.
Lalərəng etdi gözüm
qan ilə xaki-dərini,
Kimyagərdir, edər
gördüyü torpağı qızıl -
beytində şairin əlkimya elmini gözəl bilməsi aşkarlanır. "İksir" və ya "fəlsəfə daşı" adlanan maddəni qan tərkibindən müxtəlif çevrilmələrlə əldə edib, torpaq rəngli qalayla transmutasiya reaksiyasında qızıl alırlar. "Gözün kimyagər olması" ideyası kimya elmindən xəbərdar olmaq anlamına da gəlir.
Sordum əhvalımı eşqində münəccimlərdən,
Baxdılar tale evimə,
dedilər qan görünür.
Tale evində "qan görünmək" Mərrix (Mars) səyyarəsinə işarədir. Bu qırmızı rəngli səyyarə həftənin çərşənbə axşamını himayə edir. Qoç və Əqrəb bürclərinin səyyarəsidir. "Mövludim səhrayi eşq" sözünün əbcəd hesabı ilə açılışı şairin Pələng ili, Əqrəb bürcündə dünyaya gəlməsini bildirir. Bu səyyarə iradəni bir məcraya toplayır, dəqqəti dağıtmağa qoymur, ciddi-cəhdlə məqsədə doğru yönəldir. Hisslər güclü olur. Bir qayda olaraq, bu səyyarə altında dünyaya gələnlər hündür boylu olmur, üzlərinin rəngi qırmızımtıl, qəhvəyi-qırmızı çalarlara meyilli, əlləri isti olur. Düşüncəli görünüşləri daxili kədəri aşkara çıxaran təsiri bağışlayır. Gözləri tez-tez qızaran belə adamlar hüznlü görkəmi ilə seçilirlər.
Şairin "Füzuli" təxəllüsünü seçməyinin çox səbəbi var. Bəlkə də başlıcası "Əl-fədul labuddə, ləhu min kudur" - "Füzul adam hökmən kədərli olar" hikmətidir. Bununla belə, zərif yumor hissi olan, dünyadan həzz almağa etinasızlıq etməyən şəxslərdən sayılırlar. Əqrəb bürclülərin böyük məhəbbətlə sevməyi bacarmaları şəksizdir.
Olsa məhbublərin eşqi
cəhənnəm səbəbi,
Hurü qılmanı qalır
kəndisinə rizvanın.
Əgər sevgililərin eşqinə görə cəhənnəmə düşmək səbəbdirsə, onda cənnətdə huri-qılman heç kəsə qismət olmaz, çünki sevməyən adam yoxdur - deməklə, şair özünün sevgisindən söz açır. Şairin şerlərində ən çox rast gəlinən rəng qırmızı, güllərdən isə qırmızı lalə və qızılgülün olması Mərrix səyyarəsinin al rənginə görədir. Pələng ilində dünyaya gələnlər kimi, Məhəmməd Füzuli də insanlara qarşı həssas, nümunəvi ailə başçısı idi. Məişəti dolandırmaq üçün müxtəlif səviyyəli sifarişləri yerinə yetirir, İmam Hüseynin məqbərəsinə xüddam olduğundan hər ay doqquz ağca maaş alırdı. Oğlu Fəzliyə ünvanladığı "Dər nəsihəti - fərzəndi - xud" mənzuməsində şairin ailəcanlı olması, ailənin şərəf və ləyaqətini gözləməsi aydın görünür. Mənəvi azadlığını yüksək tutan şair nə qədər təvazökardırsa, bir o qədər də mətindir. O, hətta hökmdarlara, sultanlara qarşı da çıxmağı bacarır:
Ey olub sultan deyən
dünyadə məndən qeyri yox,
Sən səni bir cüğd bil,
dünyanı bir viranə tut.
Heç kəslə hesablaşmayan, dünyada tək ağıllı adam kimi şəxsən özünü görən sultan, dünyanı xaraba, özünü bayquş timsalında tanımalıdır. Sabah bir başqası olacaq, ancaq bu gün bu xarabanın bayquşu sənsən (bayquş - quşların bəyi deməkdir və quşların arasında ən dövlətlisi ona görə sayılır ki, xarabalarda məskən salır. Xəzinələr də xarabalardan çıxır). Sultana bayquş, səltənətinə xaraba demək, gəlin etiraf edək ki, ən cəsarətli şairə də nəsib olmayan mənəvi azadlığın ən yüksək pilləsidir.
Pələng ilində anadan olan mütləq öz guşəsində işləməlidir. Bu hücrənin işıqlandırılması, bəzənməsi də xüsusi zövqlə həyata keçirilməlidir. Onlar darısqal, qaranlıq otaqda çox otura bilməzlər.
Mənü səhrayi-vəhşət, mənzil etmək afiyət küncün,
Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.
Məcnunun dili ilə deyilir ki, vəhşilər səhrasını rahat mənzildən ona görə üstün tutmuşam ki, zülmətin qəfəsində əsir ola bilmərəm, mən işıq tələb edirəm.
Dolu, astagəl adam olub. Beli gənc yaşlarından əyri idi. Görünür, uşaq yaşlarından elmə aludə olduğu, rəhil üzərindəki kitaba doğru çox əyildiyi üçün belə idi.
Ey Füzuli, qəddimi qıldı fələk xəm, yəni,
Vəqtdir, çıxmağa dünya qapısından, əyilin.
Fələklər əyri xətt boyunca tərsinə hərəkət etdiyi üçün şairin qəddini də özünə oxşadıb. Bunun bir mənası var ki, dünya qapısından əyilib çıxmalısan. Bu dünya sənin yerin deyil. Qədimdə məqbərələrin, sərdabələrin qapılarını bir metr 20 sanitmetrdən hündür tikməzdilər ki, ziyarətə gələnlər əyilib içəri keçsin. Bu əyilmək ruha təzim, hörmət əlaməti sayılır. Başqa sözlə, şair yaşadığı Kərbəla torpağının həlakət yeri olduğuna, İmam Hüseyn faciəsinə işarə edir.
Pələng ilində anadan olan adamlar söz götürməyən, pis münasibətlə barışmayan ağayana adamlardır. Əgər kasıbdırlarsa, problemləri artır, ancaq yenə də əyilmirlər. Güclüdürlərsə, onlara pis üz göstərənləri asta-asta məhv etmək dərəcəsində qəzəbnak ola bilirlər. "Salam verdim, rüşvət deyildir deyə almadılar" - deyə "Şikayətnamə"sində bəhs açdığı adamların taleyinin Sultan Süleyman Qanuni hökmranlığı vaxtı şairin məktubundan sonra necə olacağını təsəvvür etmək çətin deyil.
Pələng ilində dünyaya gələnlər əliaçıqdır, hisslərini adamlarla bölüşəndirlər. Enerjilərini çox israf etdiyi üçün arıqlayır, tez-tez xəstələnirlər.
Düşməzəm könlünə, yəni olubam öylə zəif,
Dərdi-eşqi ki, güzgudə görünməz əsərim.
Şair mübaliğəli şəkildə buyurur ki, o dərəcədə zəifləmişəm ki, güzgüyə də şəklim düşmür. Ruhların güzgüdə şəkilləri görünmür, şair sevgidən bədənini tamamilə israf etdiyinə işarə edir.
Dovşan, Qaban, Qoyun ilində doğulan adamlarla ünsiyyət onlar üçün çox təhlükəlidir, vampircəsinə enerjilərini sorurlar. Xoruz, İlan və Öküz ilində dünyaya gələnlərlə də münasibətlər məsləhət deyil. Siçan, Meymun və Əjdaha illilərlə ünsiyyət qurmaq onlardan ötrü çox faydalıdır. Oğlu Fəzlinin Qaban ilində doğulmağı şairlə münasibətlərində təncim məlumatlarının doğruluğunu bir daha sübut edir.
XVI-XIX yüzilliklər arasında İraq əvvəlcə Səfəvilər dövlətinin, sonra isə Osmanlı imperiyasının tərkibində idi. Nəcəf torpağında və Kərbəla ölkəsində yetişib övliya bürcü olan Bağdadın ab-havasından yaranan şerinin birində fəxrlə Kərbəla torpağında məskun olduğunu qeyd etmişdi.
Böyük arif, alim və şair kimi yetişməsinə dövrünün bütün elmlərini dərindən öyrənməsi, gecə-gündüz yorulmadan işləməsi səbəb olmuşdu. Elmi sənətdən, sənəti elmdən heç vaxt ayırmamışdı. Təfsir, hədis, kəlam, fiqh, musiqi, məntiq, bəyan, əruz, qafiyə, bədi, tarix, coğrafiya, həndəsə, nücum, kimya, tibb, sərf, nəhv, simiya, rimiya, cəfr, vəqf və bir sıra başqa elmlərdən aldığı bilikləri əsərlərində ustalıqla, yerli-yerində işlətmişdi. Şahmat, nərd, güləş və çovqan kimi idman oyunlarından da yaradıcılığında bacarıqla istifadə etmişdi. Türkcə və farsca kamil divanlarından başqa, ərəb divanından parçalar elm aləminə məlumdur. Ədəbiyyatımızı "Leyli və Məcnun", "Hədiqətüs-süəda", "Səhhət və Mərəz", Həft cam", "Qırx hədisin tərcüməsi", "Bəngü Badə", "Rindü Zahid", "Risaleyi-müəmma", "Məktubat", "Mətlə əl-etiqad" kimi incilərlə zənginləşdirmişdir. Əsərləri türk, ərəb, fars dilləri anlaşılan Avrasiya materikinin hər yerində onun sağlığında sevilmiş, öyrənilməyə başlanılmışdı. Şairin əlyazma nüsxələri əziz xatirə kimi Kərbəla ziyarətinə gələnlər tərəfindən alınıb dünyanın hər yerinə yayılmışdır.
Şair maddi-tarix (sözlərdəki hərflərin rəqəmlərini topladıqda alınan tarix) kimi doğum ilini "mövludim səhrayi-eşq" demişdisə, Əhdi Bağdadi Füzulinin ölüm tarixini "Köçdü Füzuli" söyləmişdi. "Köçdü Füzuli" sözlərindəki hərflərin rəqəm mənasının əbcədlə cəmi 963 edir. Şair 11 yanvar 1556-cı ildə (hicri 963-cü ildə) dünyasını dəyişmişdir.
E-mənbə/link: http://bizimasr.media-az.com/arxiv_2003/yanvar/15