Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

"Dolu" (Roman, yoxsa yeni "Qarabağnamə"... Millət vəkili, tanınmış yazar-publisistin romanının e-metni)

Müəllif:

Aqil Abbas


Kateqoriya:

Çağdaş ədəbiyyat



Qısa Təsvir:

Azərbaycanın tanınmış yazıçı-publisisti Aqil Abbasın ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə verilən "Dolu" adlı son maraqlı romanını yeni "Qarabağnamə" kimi də oxumaq olar, çağdaş tarixi əsər də hesab etmək mümkündür... Romanın e-variantını təqdim edirik...


Baxış sayı: 3355
    
    


Azərbaycanın tanınmış yazıçı-publisisti Aqil Abbasın bu yaxınlarda ədəbi-mədəni ictimaiyyətimizin diqqətinə verilən, çoxsaylı edebi polemikalara səbəb olmuş  "Dolu" adlı son maraqlı romanını yeni "Qarabağnamə" kimi də oxumaq olar, çağdaş tarixi əsər də hesab etmək mümkündür...

Romanın e-variantı buradan yükləyib oxuyun...

 

 

"Dolu": Roman, yoxsa tarixi salnamə? (RESENZİYA)

Dolu nədir? Adi təbiət hadisəsi. Başqa bir dolu da var. Onun nə olduğunu adi, normal həyat tərzindən ayrılanlar, müharibəni tanıyanlar, taleyi dəhşətlə vəhşətin umuduna qalanlar bilir. Bu taleyə məhkumlar yaşadıqlarını heç kimə arzulamırlar. Heç kimə arzulanmayan bu taleyin nə olduğunu bir az deyilənlərdən, bir az kino və ədəbiyyatdan eşidib-bilirik. Təsvir öz yerində, gərək eşitdiyin sözü də qəribçiliyə salmayasan. Deyiləndə ki, ermənilər Qarabağı istəyir, torpaqlarımız alınacaq, sonra da o yerlərə qayıtmaq asan olmayacaq - inanmırdıq... Rəhmətlik, Yusif Səmədoğlu demişkən, deyilənlər gəldi başa. Aqil Abbas "Azərbaycan" jurnalının ötən ilki son sayında işıq üzü görən "Dolu"da deyilənlərdən danışsaydı, dərd yarıydı. "Dolu"da başımıza gələnləri, Qarabağın həyatını, Allahsız və amansız müharibə həqiqətini gördük. Ağzıgöyçəklərin söz danışmağı hələ bir yana, gündə 5 dəfə vaxtlı-vaxtında çörək yeyən müasir sivil dünyaya da torpağı itirməyin səbəbini və təzədən ora qayıtmaq arzusunu izah etmək olmur. Nə deyəsən, gendən baxana döyüş asan gəlir, döyüşdən, müharibədən asanlıqla danışanların hansına cavab qaytarasan?!
Şou-bizneslə müharibəni qarışıq salanlar elə jurnalistikada da, ədəbiyyatda da vaxtaşırı ortaya bu sualı, mövzunu atırlar ki, Qarabağdan niyə əsər yaranmır? Cavab da aydındır ki, Qarabağ müharibəsinə dair xeyli əsər, şərh, analiz yazılıb, filmlər də çəkilib. Hamı deyir, azdır, çünki bu əsərlərin heç biri adamın əlini Qarabağa çatdırmır. Əsərlə, ədəbiyyatla, sənətlə, kinoyla Qarabağı qaytarmaq olmur. Əslində bu həqiqəti yazıçılar da bilir, oxucular da. Tam səmimiyyətlə etiraf etsək, bu gün bizim sinir, duyğu və hisslərimiz Qarabağ mövzusunda olan ritorika, pafos, romantika dolu hər hansı məlumata artıq reaksiya vermir. Bu mənada "Dolu" bir növ ətalətdə olan hissləri oyatdı. Düzdür, Qarabağ yenə qayıtmadı, amma Qarabağın qəhrəmanları, qurbanları bu günümüzə döndü. Bu qəhrəmanlar və onların taleyinə düşən müharibə həyatı uydurma deyil. Dünyanın Ən Varlı Şəhərini ədəbiyyatda qurub-yarada bilsəydik, nə vardı? Aran Qarabağın paytaxtına nə desən, yaraşardı, bircə bu müharibə həyatından savayı. "İnsanlar dəli kimidirlər, hər sözdən havalanırlar" - deyən Komandiri kim tanımır? Bəlkə Drakonla Pələng uydurmadır? Varlıqları heç yazıçı təxəyyülünə də sığmayan bu say-seçmə oğulları itirdik və çox heyf ki, torpaqqarışıq! Müəllif əsəri elə hey bədiiliyə bürümək istəsə də, çılpaq gerçəklik göz qabağındadır. Bəlkə ona görə ki, həqiqətin bədiisi, təbiisi olmur. "Dolu" Qarabağ müharibəsinin, bir az da qlobal götürdükdə Qarabağ faciəsinin daxili ab-havasını, qaynağını, onu qorumaq istəyinin muxtarlığını, elə bu səbəbdən də yaranan özbaşınalığı dəqiqliyi ilə təsvir edib. Qarabağ faciəsinin bu reallığı müxtəlif publisistik yazılarda, siyasi analiz və şərhlərdə ayrı-ayrılıqda deyilib, amma "Dolu"da müharibə tarixi bütövdür, tamdır. Bu baxımdan, əsər daha çox tarixi salnaməni xatırladır. "Tarix müharibələr tarixidir. O yerdə ki, sülhdür, sakitçilikdir, salnaməçi susur". Oljas Süleymenovun bu dəqiq fikri qədim dövrün gerçəkliyini əks etdirir. Müasir dünyanın salnaməçiləri isə tam əksinə, müharibələrdə susur, sülhü, sakitliyi qələmə alırlar. Amma istənilən tarixi ənənənin unudulması üçün illər tələb olunsa da, onun bərpası üçün bir göz qırpımı kifayət edir. Sonuncu müharibə tarixini qələmə alan salnaməçinin davamçısı olan cağdaş müəllif əski salnamələrdə olduğu kimi, bədiiliyi və gerçəkliyi bir nümunədə qovuşdura bilib. Əsərin uğuru və əksinə, talesizliyi də elə budur. "Dolu" məhz müharibəni əks etdirdiyi üçün seçildi və mövzu əsərin bədii, texniki qüsurlarını gizlətdi. Daha doğrusu, qüsurların bəzisini. Axı, bir yazı nümunəsində yer alan bir belə vulqar ifadələrin çoxluğunu və yersizliyini mövzu və ideya necə ört-basdır eləsin? Doğrudanmı, kişi həyatı və leksikonunu təsvir üçün beyinlərdə olan və olmayanların hamısını yazıya gətirmək vacib idi? Xüsusən, ilk səhifələrdə yazı, söz, tale, xatirə və hisslərin əlində əsir olan müəllifin avtobioqrafik obrazı aydın görünür. Çətini sözü ram edincədir, sonra müəllifin əsəbi ötür, yazı da öz axarına düşür. Bu baxımdan, müəllif tamamlanan yazıdan sonra təkrar əvvələ qayıdıb əsəbi vaxtlarının məhsulu olan ilk səhifələri redaktə etməyi bir növ unudub. Bədiilik müəllifdən təkcə gözəl yazı yox, həm də məharətli redaktə tələb edir. Təbiətin dolusu, ermənilərin dolusu, müəllifin dolusu - bu seldə, qarmaqarışıqlıqda oxucu yaddan çıxıb. Məsələn, kütləvi söyüşlərin içində komandirin dilində vulqar kəlmələr yalnız yük kimi görünür. Çünki bu leksikon onun istər gerçək, istərsə də bədii obrazına tamam yaddır.
Vurhavur, qovhaqov, qaçaqaç və final. İtirilən torpaqlar, qurban gedən oğullar, boş qalan səngərlər...Sağ qalan, amma dirilərin dünyasında özünə yer tapmayan Komandirin faciəsi və döyüş səngərlərinə tamaşa etməsi təbii səhnədir və istər-istəməz onun dəfni göz önünə gəlir. Cənazəni aparanların başı üstündə bir dəstə göyərçin uçur...Təkcə yerdəkilər yox, göydəkilər də Allahın gözəl, amma nakam yaratdığı bəndəsi ilə halallaşır, vidalaşır və tabut dəfn olunanda göyərçinlər bir-birini al qana batırır... Yox, məcazlaşma deyil, bu da yaxın tariximizin şahid ifadələridir. Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovu (Fred Asifi) son mənzilə yola salanlar bu qeyri-adi hadisəni indi də danışırlar. Bu tarixi sonluğu, Komandirin son tale nöqtəsini də, görünür, müəllif çoxlu oyaq xatirələrinin içində unudub.
"Dolu" nədir? Süjet xəttinə, hadisələrin təsvirinə və həcminə görə, iri hekayə və ya povest. Bədiiliyin arxa plana keçməsinə, tarixiliyin və gerçəkliyin xüsusi təsvirinə görə tarixi salnamə. Əsirlikdə qalan torpağın ağrısı-həsrəti, ölənlərin ruhu, dirilərin borcu kimi 2008-ci ilin gündəminə gələn yazı. Biz bu yazının dünyanın müxtəlif dillərinə tərcüməsini arzu edirik. Qoy, sensasiya axtaran müasir dünya oxucuları bu yazımızı oxusunlar, amma heç vaxt bilməsinlər ki, Dolu nədir?!

Laura Cəbrayıllı-APA