ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
Çağdaş Azərbaycan poeziyası". Elektron Kitab N 58 (92 - 2019)
Bu elektron kitablar Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən, www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Çağdaş Azərbaycan poeziyası" ədəbi-kulturoloji layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayılır.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi:
Etibar Vəliyev
"Ürəyimdə döyünən Vətən"
Poetik toplu
Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb. YYSİB - 2019
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazıçı-kulturoloq
Redaktor və korrektor: Ağamir Cavad
Etibar Vəliyev. «Ürəyimdə döyünən vətən». ORXAN NPM, BAKI 2017, səh.: 208.
Etibar Vəliyev. "Ürəyimdə döyünən Vətən". Poetik toplu. Beynəlxalq Rəsul Rza Mükafatı laureatı, istedadlı şair-publisit E.Vəliyevin lirik-fəlsəfi şeirlərindən ibarət kitabı.
ISBN 978-9952-8115-6-8
© E. Vəliyev, 2017
© YYSİB, 2019
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
Vaqif Yusifli
filologiya üzrə elmlər doktoru
SƏMİMİDİR, TƏBİİDİR… ETİBARLI ŞEİRLƏRDİR
Etibar Vəliyevin şeirləri məndə ilk baxışda belə bir təəssürat doğurdu ki, bu şeirlər bir insanın ömür boyu keçdiyi yolun, yaşadığı ağlı-qaralı, sevincli-kədərli həyatın gündəlikləridir. Həyat çox mürəkkəb, sevinci, ağrısı bir-birinə qarışan, bəzən biri digərini üstələyən bir ömür bəxş edir insana. Etibarla şəxsən elə bir dostluğum, ünsiyyətim, münasibətim yoxdu. Amma şairi tanımaq üçün onun şeirləri-könül dünyasından gələn səslər də yetər.
Etibarın şeirlərini oxudum və bəyəndim. Amma Etibarın elə şeirləri var ki, onu bir şair kimi tanıtmağa, bir şair kimi sevdirməyə yetər. Və bu şeirlər ilk misrasından son misrasına kimi səmimidir, təbiidir. Şair səmimiyyəti və təbiiliyi başlıca şərtdir. O mənada ki, onun yazdığı şeir səni də düşündürür, sənin də ürəyini ələ alır və səmimi, təbii şeirin ifadə tərzi, dili də sadəliyi ilə seçilir. Bu gün həddindən artıq çox şeir yazılır, nəşriyyatlar hər gün, bəlkə hər saat şeir kitabları çap edir və bu kitabların bir çoxunun sonralar unudulduğu, adi kağız materialına çevrildiyi də məlumdur.
Etibarın şeirlərində fikirlə hiss vəhdətdədir, yəni şeir üçün ən vacib olan bir şərtə əməl olunur. Əgər şeirində hansı fikrisə söyləmək istəyirsənsə, o fikri poeziya libasına bürüməlisən. Budur, onun «Qocalır» şeiri. Qocalıq haqqında yüzlərlə, minlərlə şeir yazılıb və bundan sonra da yazılacaq. Nədir qocalıq və Etibar bu mövzuda təzə söz deyə bilirmi?
Yaş üstünə yaş gəlir,
Dünya bizdən bac alır.
Tək biz qocalmırıq ki,
Bu dünya da qocalır.
Qocalır ayı, ili,
Dağ, daşı da qocalır.
Kamil olan insanın,
Yaddaşı da qocalır.
İnsan doğulan gündən,
Qocalmağa başlayır.
Dünya qəmlə, kədərlə,
Ömrümüzü daşlayır.
Günəş qocalır deyə,
Buludlar da ağlayır.
Gündüzlər darıxan ay,
Gözlərini bağlayır.
Daha nə qocalmır ki,
Bax, torpaq da daşlaşır.
Bu qocalan dünyada
Tək ölüm cavanlaşır.
- irindəki fikri və bu fikrin şeir dililə ifadəsini təqdir edirəm. Amma bu dünyada qocalmayan, həmişə cavan qalan, öz təravətini itirməyən hisslər, duyğular, gözəlliklər var. Və Etibar Vəliyev o hissləri, o duyğuları, o gözəllikləri vəsf edən şeirlərin də müəllifidir. Vətən hissi, Azərbaycana məhəbbət, ana yurda sevgilər qocalarmı?
Vətən sərhəddən başlayır,
Sərhəddə daşına dönüm.
Öləndə torpağa dönnəm,
Qoy indi başına dönüm.
Canımdan can ayrı düşüb,
Yarım Qarabağda qalıb.
İndi quru bəy kimiyəm,
Varım Qarabağda qalıb.
Bu dünyada məhəbbət var, məhəbbət əsiri olan aşiqlər var və onlardan biri də elə Etibarın özüdür. Şair gərək gözəl və gözəlliklər əsiri olsun. Çünki:
Gözələ baxmaq savabdı,
Baxıb savab qazanıram.
Bir gözələ gül göndərdim,
Yazdım, güldən gözəlsiniz.
Hələ yaza bilmədiyim
Şeirsiniz, qəzəlsiniz.
Etibar Vəliyevin sadə tərzdə, amma səmimi və təbii ahəng üstündə qurulan şeirlərinin əksəriyyəti qoşma formasındadır. Təbii ki, o, ustadlardan çox şey öyrənib, aşıq poeziyasını, klassik və müasir şairlərimizin qoşma və gəraylılarını oxuyub, faydalanıb, hətta təsirlənib.
Onun yazdığı qoşmalarda həyati hisslər, içindən və reallıqdan gələn duyğularla qarşılaşırıq. Elə bil, bu qoşmalarda Etibar ürəyini açır, onun lirik qəhrəmanı sevdiyi qadına ən kövrək və ən səmimi hisslərindən söz açır. Yalvarış yoxdu, sadəcə, gözəlliyə heyranlıq var. Və bu heyranlıqda belə bir fikir təsdiq olunur ki, sevgi ən ali hissdir, məhəbbət insanı mənən saf və təmiz saxlayır.
Qara gözlüm, yenə nədir diləyin?
İstəyirsən ürəyimi al, apar.
Mən şəklini alıb sıxdım sinəmə,
İstəyirsən çək əlini, al apar.
Gəl gözəlim, gəlişinə baxım mən,
Naz-qəmzəli yerişinə baxım mən.
Gül üzünə, gülüşünə baxım mən,
İstəyirsən şəkər gətir, bal apar.
Sən gələndə gülüm açır elə bil,
Bu gözlərim işıq saçır elə bil,
Səni görcək nitqim qaçır elə bil,
İstəyirsən danışdırma, lal apar.
Apar məni, apar sənə yar olum,
Bağçanızda bəhər olum, bar olum,
İstəyirsən kaman olum, tar olum,
Bir məhəbbət nəğməsini çal, apar.
Hər bir şair öz zəmanəsinin övladıdır. Onu yaşadığı mühit, içərisində olduğu insanlar, cəmiyyətsiz təsəvvür etmək olmaz. O, bir insan kimi həyatın müxtəlif hadisə və olayları ilə qarşılaşır. Hər gözəl hadisədən sevindiyi kimi, rastlaşdığı kədərli, ağrılı hadisələrdən də qəm dəryasına batır. Bu gür hisslər, təzadlar Etibarın şeirlərində də öz əksini tapır. O, Novruzda, çərşənbədə sevinməyə bilməz, çünki bu bayram onun da bir müsəlman kimi ən əziz bayramıdır. Bir şəhid anasının ağlaması onun da qəlbini kövrəldir:
Tökmə yanağına göz yaşlarını,
Qəlbimi dağlama, şəhid anası.
Üçrəngli bayrağı başına bağla,
Sən qara bağlama, şəhid anası.
Tənha qadınların dərdinə şərik olur:
Hamı dərdini danışır,
Susurlar tənha qadınlar.
Mən onun «Dərdi var» şeirini daha çox bəyənirəm. Dərd anlayışına yeni məna verməyə çalışıb:
Bir yaşıl ağacın qurumaq dərdi,
Bağbanın bir ağac əkmək dərdi var.
Varlının varını qorumaq dərdi,
Kasıbın bir qarın əkmək dərdi var.
Bu dərdin əlindən gülmək də olmur,
Bu dərdin əlindən ölmək də olmur.
Elə dərd də var ki, bölmək də olmur,
Hamının dünyadan köçmək dərdi var.
Və nəhayət, sözümü Etibarın «Mənim təbim gələndə» şeirindəki bu misralarla bitirmək istəyirəm:
Yerdə çaylar,bulaqlar,
Durub axmaya bilər,
Göydə ildırım çaxıb
Yağış yağmaya bilər.
Hər kim mənim halımı
Görsə, ağlaya bilər.
Sözüm dil-dil ötəni
Qəfil bağlaya bilər
Mənim təbim gələndə.
Qoy çaylar, bulaqlar axsın, şırıl-şırıl nəğməsini söyləsin, göydə ildırım çaxsın, yağışlar yağsın…
Etibar Vəliyev də ilhamından, təbindən qalmasın…
Ona uğurlar arzulayıram!