ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
---|
Milli Virtual-Elektron Kitabxananın təqdimatında
"Kreativ ədəbi gənclik" silsiləsi. Elektron kitab N 63 (02 - 2019)
Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi və www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxananın "Kreativ ədəbi gənclik" silsiləsi və kreativ-ədəbi layihəsi çərçivəsində nəşrə hazırlanıb və yayımlanır.
Kulturoloji layihənin maliyyələşdirən qurum
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi: www.yysq.kitabxana.net
Feysbuk:
https://www.facebook.com/groups/kitabxana
https://www.facebook.com/YYSQAX/
Elşad can Şamil
"Ölümü unutmuşdum"
Modern və postmodern poetik əsərlər toplusu
Azərbaycan dilində
Kitab YYSİB tərəfindən e-nəşrə hazırlanıb
YYSİB - Milli Virtual-Elektron Kitabxananın e-nəşri. 2019
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov), yazar-kulturoloq
Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu.
Elşad can Şamil. "Ölümü unutmuşdum". Modern və postmodern poetik əsərlər toplusu. Yaradıcılığını, əsasən, İnternet - sosial şəbəkələrdən izlədiyimiz istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad can Şamil - Səfixanov dövri mətbuatda, elektron dərgilərdə, sosial şəbəkələrdə fəallıq nümayiş etdirməklə yanaşı, oxucular tərəfindən rəğbətlə qarşılanan pisxoloji-poetik, lirik-ictimai şeirlər müəllifi kimi tanınır.
Haqqı susdurulan dünyanın şeirləri
Söz boyda müqəddəs və möhtəşəm varlığın ucalığına və nəhəngliyinə baş əymək istəyi, həm də bu ədəbi və əbədi təzimin damarındakı qürur hissi hər şairin yaradıcılığına xas olan nəsnə deyil, bu haqqa-ədalətə susan dünyada böyük sözün, ulu sözün xilqətinə ürək tutmaq və bu ədəbi xidmətin sonunda xəcalət çətirində daldalanmamaq hər müəllifə müyəssər olmur.
Poeziya,- özü də XXI əsrin poeziyası çox zalım və əzabkeş diqtələri ilə sinəsini səngərə çevirən söz adamının ürəyində tonqala dönür,ömür-gün gülşənini fikir tırtılları ilə əzib şuma çevirir, beynini düşüncə gürzü ilə döyəcləyib muma döndərir, yüklü sözün poetik ağırlığı altında yaşada-yaşada yazıb yaratmaq, yarada-yarada şeir dəyirmanının pərləri içində üyünüb unu un, kəpəyi kəpək çıxarmaq zülmünə düçar edir...
Bu bəhrəsi və dəyəri ölçüyə gəlməz nemətin yaradıcı gözəlliyi kükrəyib hayqırmağın əks qütbündən keçən yollarında məzmunlaşır, sükutun çılğın mənzərəsində şeirləşir.Bu şeirdə olduğu kimi:
İnsanları xilas etdim,
Özümü asdığım yerdən.
Döşək tavana salındı,-
Salındı yastığım yerdən...
Söz verənlər sözün dandı,
Sözü bütöv bilib qandım,
Yalan dedim, əlim yandı
Qurana basdığım yerdən...
Yaramı dostlar duzladı,
Dil quruyub susuzladı,
Hər gün vicdanım sızladı
Haqqına susduğum yerdən...
İstedadın mövqeyi ziyalılıqdan başlayıb şəxsiyyətdən keçən bütövlüyə söykənir, formalizmdən uzaq olub, novatorluq keyfiyyətinə sadiq qalaraq lakonikliyin müasir səviyyəsinə yiyələnməsiylə təsdiqlənir.Bir ədəbi tünlüyün tənha yerində qəribsəyən və bu qəribliyinin içində doğmaliq bəsləyən söz adamının könül duyğuları klassik irsimizdən qaynaqlanırsa və eyni zamanda bu qaynaqda möhkəmləndiyi mənzum mənzərələrin ruhundakı mayanın saflığını qoruyursa, könül çırpıntılarına bələnən nəzmə çəkilmiş düşüncələri obrazlı şəkildə ifadə edilərək dolğun və bədii çalarlarla zənginləşdirilib misralara düzülürsə, bir sözlə ədəbiyyata əməli xidmətin uğurlu təməli qoyulursa,- mübarəkdi, deyirsən, bir şair də doğuldu dünyada... Elşad Can Şamil adında bir şair...Bəli, bir şair də gəldi bu ”haqqı boğazında qalan dünyaya”... Şairin özü demişkən: “Boğazında sümük qalmış qonaq kimiyəm,nə uda bilirəm, nə də qaytara”
Dövrümüzün bu günki poeziya məkanında yazıb-yaratmaq, bədii sözün oxucu bazarındakı çəkisini qoruyub saxlamaq, şeirsevərləri öz ürək çırpıntılarına qonaq edə bilmək şərəfinə can ataraq, öz könül duyğularını həqiqi sənətkar qüdrətiylə oxucuya çatdırmağı bacarmaq və yaradıcılığında həqiqi poeziya mehi əsdirə bilmək, poeziya havasına öz havasını qatıb “hamıdan qaçmaq”, “hədsiz qadağalar, aşırı qısqanclıq” içində tənha və kimsəsiz “cəsarətsizlik və tənbəllik” faciəsini yaşamaq...
Xəyallarda ev tikdim damı olmayan,
Yeni dünya qurdum hamı olmayan,
Ancaq mən özümü görmədim orda
Kənarda qalırmış adamı olmayan…
Zamansız yolçunun sirli ruhu kimi sonsuzluğa uzanıb gedən ədəbi aləmdə ədəbiyyatın gətirdiyi yox, yazarın gətirdiyi ədəbiyyat adamı olmaq...Ürəyinin dəlisov çırpıntılarını uca zirvələrə qonan qar işığından keçirən və həzin qəribliyin, gizli-gizli görüşlərin, uzun-uzun ayrılıqların, ömürdən xəzəl-xəzəl uçub gedən illərin sapsarı xatirələr pəncərəsindən boylanan sənətə sadiq söz sahibi taleyi yaşamağa özünü məhkum etmək əzabı...
Bağışla, zəngini aça bilmirəm,
Səsin ürəyimi dəlib keçəcək.
Verdiyin əzabın yanğısı gözəl,
Qorxuram, bir anda gəlib keçəcək...
Şairin özünü tapmaq yolu hardasa elə özünü aldatmaqdan keçir. Ancaq neyləyəsən ki, bu gün “yalanın da zayı çıxıb, ömrü qısalıb insan kimi...”
Hər şeyə inanan məsum kimiyəm,
Bir vuraq bir kimi tək qaldım vurulduğumda,
Yalanların şirin gəldi ədəbiyyat təki
Sevə sevə oxudum səni...
“Mömini qalmayan Allah kimi mələkləri də yerə endirərdim, məscidlər boş qalmasın deyə...” kimi ümumiləşdirmə aparan şair məhəbbətə, hətta nifrətə köklənən hisslərin tükənməsiylə üz-üzə qalır, ”sənə olan hisslərimin istifadə müddəti dünəndən bitmişdir artıq” qənaətinə gəlir.
Elşad Can Şamilin dən-dən bərq vuran sözlü gecələrindən misra-misra süzülüb və üzülüb gəldiyi yolun poetikası fəlsəfi fikir yükündəki məna çalarları da maraq doğurur:
Ayrılıq, kirayə, evsizlik
İşsizlik, kişisizlik, kişilik,
Tənhalıq, tək hallıq, təkallahlılıq,
Halallıq və haramlıqda doğruları itirmək,
Kitabsızlıq və ya kitablarla günü bitirmək...
Şair dərdinin paylaşılıb bölüşülməməyindəki uzun-uzadı və boz seriyalar,bu seriyalardakı “hüzünlü mahnılar, hüzursuz rəsmlər, stress, depresiyya” notları, “boğularaq can verən hönkürtü”lərin şeytanı “dağılmış yaşam tərzinin tör töküntüləri”nin təntənəsinə, insanı isə qeybə, intihara sürükləyən inamsızlıq etüdləri...Bu havadakı poeziyanın inamlı və nikbin ritmlərini yaşadan müəllifin yaradıcılığına xeiyir-dua verməyi özümə borc bildim.
Ramiz QUSARÇAYLI
Müəlliflik hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun qorunur. Müəllifin razılığı olmadan kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə, araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə şamil olunmur.
YYSİB Analitik-İnformasiya Bölümü