
| ƏSAS SƏHİFƏ | e-KİTABXANA | e-NƏŞRLƏR | MÜƏLLİFLƏR | HAQQIMIZDA | ƏLAQƏ |
|---|
Mahmud Kaşqari Fondunun nəşri
"İrs" seriyası
Rəyçi: AMEA-nın müxbir üzvü, prof. Nizami Cəfərov
Seriyanın baş redaktoru və naşir: Elxan Zal Qaraxanlı
Məsləhətçi: Arif Əmrahoğlu, filologiya elmləri namizədi
Redaktor: Firuz Mustafa, fəlsəfə elmləri doktoru
İSBN 978-9952-420-104
Mir Cəlal (Paşayev). "Füzuli sənətkarlığı" (Monoqrafiya). III nəşri. Bakı, "Kaşqari", 2007. 357 səh.
Bu kitabda Füzulinin sənət və sənətkar haqqında fikirləri, şairin üslubu, istifadə etdiyi ədəbi priyomlar, bədii təsvir vasitələri, şeir dili, bədii nəsr dili və s. kimi sənətkarlıq xüsusiyyətləri geniş şərh olunur.
Əsər müəllimlər və ali məktəb tələbələri üçün faydalıdır.
ADU nəşriyyatı, 1958. Təkrarnəşr, "Maarif' nəşriyyatı, 1994. ®"Nurlan", 2007
Mir Cəlal
MÜƏLLİFDƏN
Belinski sənətkarların yaradıcılıq ilhamını təbiət hadisələrilə müqayisə edərək bəzisini şampan şərabı kimi köpüklənən qazlı suya, bəzisini yaşıl kənarlı arxlardan gələrək axan duru suya, bəzisini isə kükrək dalğalarla aşıb-daşan Niaqara şəlaləsinə, bir qismini də sahilləri və dibi görünməyən, yeri-göyü əks etdirən mühit dənizlərinə bənzədir...
Füzulinin sənəti, şübhəsiz ki, axırıncılardandır. Bu böyük şeir dühasının əsərlərilə dərindən tanış olanda heyrət bizi götürür. Biz bu nadir və qadir şeir ustadının, qəlblər mühəndisinin, "könül mülkünün sultanının" hətta ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən özümüzü saxlaya bilmirik. Bəlkə buna görədir ki, indiyə qədər vətənimizdə və onun xaricində Füzuli haqqında yazanlar, danışanlar, tədqiq edənlər, mülahizə yürüdənlər çox olsa da, onun dühasını ləyaqətlə təhlil, təyin edən mühüm bir elmi əsər yaradılmamışdır. Görünür ki, yüksək zövq sahibi, sənətin xarüqələrini duyub dərk edən adamlar
Füzulinin şeir gülüstanında özlərini vəcd və heyrətdən xilas edə bilmirlər. Füzuli misralarından aldıqları tükənməz mənəvi, estetik zövq ilə yaşamağı bu misralar üzərində təhlil aparmaqdan daha fəzlə, daha münasib sayırlar.
Girib meyxanəyə qılsan təkəllüm, can bulur ol dəm, Müsəvvirlər nə surət kim dərü divarə yazmışlar!
Dahi şairin gözələ xitabla dediyi bu sözü bir qədər dəyişərək Füzulinin özünə də aid etmək olar.
Füzulinin "təkəllüm" etdiyi yerdə nəinki daş-divar, şəkillər, surətlər dilə gəlir, əksinə, ən mahir və qadir natiqlər də susmalı olur. Bəşər tarixi insan mənəviyyatının, qəlbin mürəkkəb, zəngin, əngin və rəngin həyatının bu dərəcə əyani, dürüst, zərif və tam bir şəkildə ifadəsini verən tək-tək sənətkarlar tanıyır ki,
Füzuli bunların birincilərindəndir. Füzuli yalnız Azərbaycan xalqının, yalnız öz əsrinin deyil, bütün bəşəriyyətin, Renessans dovrünün, böyük sənətin böyük oğludur. Əsrlərdir ki, mədəniyyət dünyasında şeir, sənət anlaşılan, sevilən hər bir ölkədə və cəmiyyətdə bu böyük dahinin adı iftixarla yad edilir və əbədi olaraq yad ediləcəkdir.
Füzuli sənətinin qüdrətini, miqyasını, məziyyətlərini təhlil və təyin etmək bir nəfərin, bir elmi məktəbin, hətta bəlkə də bir elmi nəslin işi deyildir. Bu böyük və şərəfli vəzifə ədəbiyyat, sənət, dil, fəlsəfə elmlərinin qarşısında durmaqda və həllini gözləməkdədir. Buna görə də oxucuya təqdim edilən bu kitabı biz Füzuli sənəti haqqında mükəmməl əsər saymaq fikrində deyilik. Bu kitab yaxşı bir məqsəd yolunda atılan faydalı bir addım, dahi sənətkarın şeir qüdrəti haqqında müasirlərimizlə edilən maraqlı bir müsahibə kimi qəbul edilsə, razılıq və minnətdarlığımızı əvvəlcədən söyləməyi lazım bildik.
May, 1958-ci il, Bakı