Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana


ƏSAS SƏHİFƏ e-KİTABXANA e-NƏŞRLƏR MÜƏLLİFLƏR HAQQIMIZDA ƏLAQƏ

🕮Seçilmiş kitablar🕮

    

QODERZİ ÇOXELİ: "BU DÜNYADA RUH KİMİ YAŞAY­RAM..."

Müəllif:

Nəriman Əbdülrəhmanlı


Kateqoriya:

Gürcüşünaslıq - Gürcüstanşünaslıq



Qısa Təsvir:

Bakıya qayıdandan sonra xəbərin təfərrüatını internetdə axtardım: "Tanınmış gürcü yazıçısı Qoderzi Çoxeli uzun sürən xəstəlikdən sonra 2007-ci il noyabrın 16-da..."


Baxış sayı: 39
    
    


Müəllif: Nəriman ƏBDÜLRƏHMANLI

Ruhun uçuşu

Xəbəri Azərbaycandan və Gürcüstandan uzaqda - Ankarada aldım. Dostumuz, TPT-nin gürcü dilində verilişlər redaksiyasında çalışan Tofiq Mirzə dedi. Təəccüblənib-eləmədim, əslində bunu gözləyirdim, çünki başına gələnlərdən sonra arın-arxayın yaşayacağına ümid bəsləmirdim, amma içimdə dözülməz ağrı duydum.
Bakıya qayıdandan sonra xəbərin təfərrüatını internetdə axtardım: "Tanınmış gürcü yazıçısı Qoderzi Çoxeli uzun sürən xəstəlikdən sonra 2007-ci il noyabrın 16-da..." Sonra filmoqrafiyası, təltifləri... Vəssalam.
Bir müddət özümə gələ bilmədim, az qala iki il əvvəl dünyasını dəyişən yazıçıdan xəbər tuta bilməməyim özümə də ağır gəlirdi. Axtarmışdım, soraqlamışdım, amma kimsədən doğru-dürüst cavab ala bilməmişdim. Haqqında təzə nə yaza bilərdim? Əlacı vaxtilə redaktorum Fəxri Uğurlunun "Rezonans" qəzetində çap elədiyi, sonra işləyib "Küknarlara məktub" kitabına ön söz kimi daxil elədiyim yazını sözardıyla oxuculara çatdırmaqda gördüm.

..."Tanışlığımız" xeyli əvvəl olmuşdu. "Tanışlıq" deyəndə ki, onun hələ mənim varlığımdan xəbəri yoxuydu. 1983-cü ildə əlimə "Molodaya qvardiya" nəşriyyatında çıxmışq "Küknarlara məktub" adlı hekayələr toplusu keçmişdi. Elə-belə, təzə nəsə tapmaq həvəsiylə vərəqlədim və ... o vaxtacan tanımadığım bənzərsiz söz adamlarından birini kəşf elədim.

Sonra qələm dostum Tofiq Mirzəylə gürcü dilində nəşr olunmuş "Toran rəngli vadi", "Qartalla uçuş", "Canavar" kitablarını əldə elədik. Əsərlərindəki mikroaləm, doğulduğu Qudamağari vadisinin sadəlövh-müdrik adamları, İnsan və Təbiətin vəhdəti bizi o qədər aludə elədi ki, onları Azərbaycan oxucusuna tanıtmaqdan özümüzü saxlaya bilmədik. Beləcə, irili-xırdalı 20-dən çox əsərini dilimizə çevirdik, ekran yaradıcılığını izlədik, uğurlarına sevindik...

1986-cı ilin ayaqüstü söhbəti

...Və 1986-cı ildə özüylə görüşəndə "əsl yazıçı"dan çox yazıçı-rejissora qətiyyən oxşamayan, cılız vücudlu, qaradinməz, üz-gözündən tənhalıq əzabı tökülən bir adama ürcah olduq. İçində yaşadığı dünyanın dərdi-azarı, zövqü-səfası, irili-xırdalı qayğıları onun böyür-başından ötüb-keçirdi və Qoderzi Çoxeli özünü büsbütün Qudamağari vadisiylə, uşaqlıq-yeniyetməlik çağlarıyla bağlı yaşantıların ixtiyarına vermişdi: gəzirdi, yaşayırdı, işləyirdi, amma bunları candərdi, dadını-tamını duymadan, hissiz-duyğusuz maşın kimi eləyirdi. Yazı masasının arxasına keçəndə, çəkiliş meydançasına çıxandasa tamam başqalaşırdı, bu dünyada, olsa-olsa, ruh kimi yaşadığını isbata yetirirdi...

Nədənsə çevirməyə "Küknarlara məktub"dan başlamışdıq. Sonra bildik ki, bu hekayə artıq çağdaş nəsrin klassik əsərləri sırasına daxil olub. Bu da təsadüfüydümü, nəydi, onun ilk naşiri şair Vaqif Bayatlı oldu. Onda "Xəzər" dərgisini buraxmağa hazırlaşırdı. Qoderziylə söhbətim və hekayəni elə sahildəki çayxanadaca oxudu, üçcə kəlmə söz dedi: "Bu kimdisə, fenomendi!"

"Fenomen kimsə"nin əsərlərində təsvir elədiyi Qudamağari vadisinin Çoxi kəndində doğulduğunu, Ş.Rustaveli adına Tbilisi Dövlət Teatr İnstitutunun kinorejissorluq fakültəsini, məşhur sənətçi Lana Qoqoberidzenin emalatxanasını bitirdiyini, iki kitabın müəllifi, bir neçə qısametrajlı bədii filmin rejissoru olduğunu oxuculara çatdırmağı da lazım bildi.

***

...Qoderzi Çoxeli biləndə ki, hekayələrini dilimizə çeviririk; uşaq kimi sevindi, uzun müddət təşəkkür eləməkdən ötrü söz də tapmadı. Söhbətimizin elə başlanğıcındaca hiss eləmədən bir-birimizə "sən" dedik:

- Qoderzi, necə oldu ki, yazmağa başladın?

Üz-gözündə təəccüb ifadəsi dolaşır, başını bulayıb, astadan gülür:

- Sən, qardaş, görünür, Qudamağari vadisində, bizim tərəflərdə olmamısan, yoxsa bu sualı verməzdin. Sözün düzü, nə vaxt yazmağa başladığımı, məni yazı-pozuya sarı nə dartdığını indi düz-əməlli xatırlamıram. Uşaqlıqdan kəndimizdə, gözümün qabağında elə şeylər olurdu, elə əhvalatlar baş verirdi ki, gördüm, kağıza köçürməsəm olmaz. Əvvəllər yazdığım özümə mənasız görünürdü, öz-özümdən utanırdım, əlyazmalarımı ağlagəlməz yerlərdə gizlədirdim. Sonra baxdım ki, gecə-gündüz o əhvalatlar, hadisələr məni rahat buraxmır, yazmasam, boğazımdan çörək-su keçmir.

- İlk hekayən çap olunanda ağlına gələn ilk fikir nə oldu?

- Jurnalı əlimə götürəndə ürəyim qəfəsə salınmış quş kimi çırpınırdı. Fikirləşməyə halımmı qalmışdı?! Yəqin həyəcanım soyuyanda, düşündüm ki, vəssalam, daha geriyə yol yoxdu, yazmalıyam, özü də yaxşı yazmalıyam. Yazıçılığın yolu gedər-gəlməz yoldu, bilmirsən, taleyin necə olacaq, oxucu səni qəbul eləyəcək, ya yox.

- Bəs ilk kitabın - "Küknarlara məktub" hekayələr topsulu "Nakaduli" nəşriyyatında çap olunanda hansı hissləri keçirdin?

- Yorğunluq hissi. Onda cəmi 26 yaşım vardı, institutu təzəcə bitirmişdim. Uzaq yola çıxmaq üçün əvvəlcə oturub nəfəsini dərməlisən, gücünü toplamalısan. Məndə də uzaq səfərə çıxan yolçu qayğısı vardı. Bir də narahatlıq hissi: oxucu bu yazıları səmimiyyətlə qəbul eləyəcəkmi?

- Sənin hekayələrinin qəhrəmanları qeyri-adi adamlardı, oxucunun alışdığı obrazlara heç oxşamır: birinin çiynində küknar bitir, o biri marala çevrilir, digəri balığa, dördüncüsü qartalın caynağında uçur...

- Yəqin sən də çoxları kimi burda mifoloji köklərdən söhbət açacaqsan. Nə bilim, bəlkə də bu adamları elə görmək arzumdan irəli gəlib. Amma məndə bir inam var ki, insanla təbiət ayrılmazdı, insan özünə təlqin eləsə, marala da çevrilə bilər, balığa da, hətta küknara da. İnsanı insan, balığı balıq eləyən ruhdu.

- Fikrimi davam elətdirim: sənin qəhrəmanlarının əksəriyyəti qəribə adamlardı, hətta adicə dəli təsiri bağışlayanı da var: biri "Vətən dardadı" deyə qışqırır, qoşun toplayıb, Tbilisiyə hücum eləmək istəyir...

- Elə bayaq onu dedim, sən Qudamağari vadisinin adamlarını tanımırsan, onların öz aləmləri, düşüncə tərzləri, qayğıları var. Elə hesab eləmə ki, çoxunu özümdən toqquşdurmuşam. Yox, olan şeyləri bəzəksiz-düzəksiz yazdığımın üstündə başım çox bəlalar çəkib.

- Yaradıcılıq ruhunnan sənə ən yaxın olan yazıçı kimdi?

Diqqətlə üzümə baxıb, sualımın məqsədini başa düşürmüş kimi gülür:

- Yəqin yazı-pozuma kimin təsir elədiyini bilmək məqsədinnən verirsən bu sualı. Yox, qardaş, mən özümü, öz içimi yazıram. Amma Vaja Pşavelanı çox sevirəm, böyük yazıçıdı, mənim üçün sənətdə əlçatmazlıqdı.

- Hekayələrinin dili kino dilinə çox yaxındı. Bu da yəqin rejissorluğundan irəli gəlir. Onları yazanda, qarşına məqsəd qoyursanmı ki, ekranlaşdıracaqsan?

- Dəqiq deyə bilmərəm. Bir onu bilirəm ki, başqa cür yazmağı bacarmıram. Bu da yəqin ondan irəli gəlir ki, mənimçün obrazlı deyim yox, fikir, yığcamlıq əsasdı. Bəlkə də sənətimdən irəli gəlir. Həm də yazanda hadisələri, obrazları təsəvvür eləmirəm, görürəm.

- Qısametrajlı filmlərin başqa söhbətin mövzusudu. Ötən il də "Gəlin arxasınca böyük yürüş" tammetrajlı bədii filmin ekranlara çıxdı. Nə çəkibsən, hamısı kino tənqidində böyük mübahisələrə səbəb olub. Bu mübahisələrə münasibətin necədi?

- Məndən ötrü öz kinogörümümü lentə almaq başlıca məqsəddi. Əgər çəkdiyim mübahisələrə səbəb olursa, deməli, nəsə eləmişəm.

- Moskvada, Berlində, Tbilisidə 7 kitabın çap olunub. Tərcüməyə münasibətin necədi?

- Yazanların çoxu kimi başqa yerlərdə oxucularım olacağı fikri məni sevindirir. Sənə qəribə gəlməsin, tərcümənin səviyyəsindən də qorxum yoxdu. Çünki, yazdıqlarım başqa dilə çox asanlıqla çevrilir. Tərcümə bilirsən, nəyə oxşayır? Özgə uşağına. Xoşun gəlir, amma sevə bilmirsən, ona görə ki, səninlə ünsiyyət bağlamır.

- Qoderzi, gürcü nəsrində özünü tənha hiss eləmirsən ki? Axı bu nəsrə obrazlı deyim tərzi xarakterikdi.

- Hamıya oxşamaqdansa tənha olmaq daha yaxşıdı. Düz deyil?

- Düzdü. Bəs, tənqidə münasibətin necədi?

- Hərənin öz işi var, mənim peşəm yazmaq, lentə almaqdı, tənqidinki də saf-çürük eləmək. Tərifləyirlər ki, tənqid də eləyirlər. Ancaq nahaq hücumlar olanda kədərlənirəm.

- Azərbaycan ədəbiyyatına nə dərəcədə bələdsən?

Susub çiyinlərini çəkir. Sonra:

- Klassiklərə az-çox bələdəm. Müasir nəsrinizdən ancaq İsi Məlikzadənin bir hekayəsini oxumuşam. "Lideraduruli Sakartvelo" qəzetində rast gəlmişdim.

- Təzə nə yazırsan?

- Üzə çıxarana qədər deyə bilmərəm. Bəlkə bir şey alınmadı. Hələ yeni film çəkirəm.

Daha sual vermək istəmirəm. Bunu duyur, vidalaşanda dillənir.

- İşdi, hekayəm çap olunsa, jurnaldan mənə də çatdır. Hər halda başqa dildə çap olunmaq adama ləzzət eləyir.

Festival havası, içki dumanı

...Hekayə də, söhbət də "Xəzər" toplusunun 1990-cı il 2-ci sayında çap olundu və... az qala ilin ədəbi hadisəsi kimi qarşılandı. Oxucular bu vaxta kimi tanımadıqnları yazıçını ilk təmasdanca sevdilər, onun başqa əsərlərini intizarla gözlədilər.

O vaxtdan bəri Qoderzi Çoxelinin "Yoxuş", "İnsan niyə ağlayır?", "Qəribə əhvalat", "Sağ qol", "Vəhşi gül dəstəsi", "Salome" və başqa hekayələri qəzet-jurnallarda, ədəbi-bədii toplularda işıq üzü gördü, Qoderzininsə, bütün bunlardan xəbəri yoxuydu, yazırdı, çəkirdi, çap olunurdu, festivallara gedirdi...

Axır illər yolum Tbilisiyə düşəndə onu soraqlayırdım, amma "yaxasını ələ vermirdi", Revaz Çxeidze demişdi ki, İranda film çəkir, kinooperator dostum Qiya Kusraşvili iki lent tamamladığını danışmışdı, Odessada - "Zolotoy Dyuk" kinolfestivalında "Qran-Pri" aldığından mətbuat vasitəsiylə xəbər tutmuşdum. Sonralar axırıncı filmi "Lukanın incili" də beynəlxalq kinofestivalda mükafata layiq görüldü...

"Festivallar festivalı"nın proqramına "Cənnət quşları" filminin salınmasından, özünün də Bakıya qonaq gələcəyindən xəbər tutanda axır ki, əməlli-başlı söhbət eləyəcəyimə, yaradıcılıq əlaqələrimizin perspektivlərini çözəcəyimizə ümidliydim. Bu görüşə az qala yarım ay qabaq hazırlaşmağa başlasam da, xeyli gecikmişdim: Qoderzi hələ Tbilisidəykən, özü demiş, "atın cilovunu buraxmışdı" və ilk addımdanca "dumana düşmüşdü". Festival sahiblərinin qonaqpərvərliyi, süfrənin bolluğu bu "dumanı" daha da qatılaşdırmışdı: həmin "qatı duman" içində uzun müddət məni tanımaması, harda olduğunu belə anışdıra bilməməsi təbiiydi...

Dəniz havası, bir də pivə ayazı...

O, yatıb-ayılanacan "Azərbaycan" otelinin hollunda oturub gözləyəsi oluram. Qonşuları - tanınmış sənətçilər Oleq Yankovski, Lyudmila Fedoseyeva - Şukşina və görkəmli rejissor, köhnə tanınmış Xocaqulu Nərliyev festival proqramında iştirak etmək üçün tələsirlər, Qoderzisə yatır.

...Ayılanda, məni tanımır, gözlərini üzümə dikib, uzun müddət matdım-matdım baxır, alnını ovuşdurub olub-keçənləri xatırlamağa çalışır, sonra günahkar-günahkar gülümsünür:

- Bağışla, qardaş, dumana düşmüşəm, hər şey duman içindədi.

Qalxıb bir balaca özünə gəlmək, "dumanı" dağıtmaq üçün başını suyun altına tutur, elə bil canına gənə kimi yapışmış ağırlıqdan, dolaşıq fikirlərdən, sonsuz qüssədən xilas olmağa can atır. Ruhunda baş verən sarsıntılar üz-gözündən aydın göründüyündən, halını yüngülləşdirməyə cəhd eləyirəm:

- Qoderzi, dənizin qırağına, təmiz havaya çıxaq, köməyi dəyər.

Gürcücə bildiyimi unudub pozuq rus dilində nəyisə başa salmağa çalışır, bundan bir şey çıxmayanda hirsnən əlini yelləyir:

- Eh, unutmuşam, hər şeyi unutmuşam!..

- Sakit ol, - onun çiyinlərini silkələyirəm, - yaxşısı budu, gürcücə danış.

Bir müddət sözsüz-sovsuz üzümə baxıb, qəfildən boynumu qucaqlayır:

- Çox sağ ol, qardaş! Səni mənə Allah yetirib. Bilsən necə darıxırdım? Kədərdən ürəyim parçalanırdı!

...Oteldən çıxanda qəfildən ayaq saxlayıb, geri dönür, get-gedə ağaran rəngindən, gözlərinin yaşla dolmasından, dodaqlarının titrəməsindən tüküm biz-biz olur:

- Pencəyimi itirdim, - ağlar səslə deyir, - dostum bağışlamışdı, onun da adı Qoderzidi. Çempion pencəyiydi, yaxasında da nişanı varıydı. Keçən il xaricdən gətirmişdi, özü geyinmədi, mənə verdi, mən də... itirdim... - səsi qırılır.

- İtməz, narahat olma, - əlimdən ürək-dirək verməkdən özgə bir şey gəlmir, - yəqin otaqdadı.

Başını aşağı salıb, dinməz-söyləməz gedir, küçəni keçib, dənizin qırağına çatanda, utana-utana üzümə baxır:

- Bir az pivə olsa, düzələrəm. Amma... pullarımı dünən hardasa itirmişəm. - Xəcalətdən qızarır.

Qabağa düşüb balaca köşkdən pivə alıram, yaxınlıqdakı ağacların kölgəsində otururuq. Qoderzi bankanı yarılayandan sonra gözgörəsi yüngülləşir, rəngi də, baxışlarının ifadəsi də durulur:

- Deyəsən, dumandan çıxıram, - deyir, nədənsə başını bulayır. - Qardaşımsan, Qoderzini bağışla.

"Yazıb-boşalmasam, çətin bu durumdan çıxa bilim..."

- Festival filmlərinə baxmırsan? - Söhbətə körpü salmaqdan ötrü soruşuram.

- Baxılası nə var ki? - Əlini yelləyir. - Pavel Çuxrayın da, Vadim Abdraşitovun da filmlərini görmüşəm. Bu qədər qəddarlığı, nifrəti, çarpışmanı ekrana gətirmək lazımdımı? Tolomuş Okeyevin

-"Vəhşi"si yaxşı olsa da... 25 il qabaq çəkilib axı!

Söhbəti dəyişmək məqsədi ilə qəzetlərdə çap elətdirdiyim hekayələrini göstərirəm, uzun-uzadı baxır, sonra barmağını öz şəklinin üstünə qoyur:

- Çoxeli Qoderzidi! - Səsində açıq-aşkar qürur duyulur. - Bilməzdim ki, Azərbaycanda məni bu qədər oxuyan, tanıyan var. Mənim günahımdan keç! Qələm adamına bundan artıq nə lazımdı ki?! İlahi, özün kömək ol!

İyirmidən çox hekayəsini çevirdiyimizi, indi kitabını buraxdırmaq barədə fikirləşdiyimizi danışıram. Yerində qurcuxur:

- "Balığın məktubları"nı da çevirmisiniz? - heyrətlə soruşur. - Bilirsənmi ki, ordakı o balıq olmaq istəyən Luka mən özüməm? "Yaddaş çayı" xoşuna gəldimi? Ən yaxşı hekayələrimdən biridi. "Qartalla uçuş" çox gözəldi, yox? Qartal "əsir götürdüyü" adamı yedirtməkdən ötrü öz yumurtalarını sındırır. Mən də elə o qartalın günündəyəm. - Dözə bilməyib ayağa qalxır, pivə bankasını yuxarı qaldırır. - Adətən pivəynən yaxşı adamların sağlığına içmirlər, amma nədənsə bizim Çoxidə tərsinədi. Gəl içək o insanların sağlığına ki, onların çiynində küknar ağacı bitir!

Məqamı əldən verməmək ümidiylə sualı-suala calayıram:

- Qoderzi, rusca variantına baxdığım "Gəlin arxasınca böyük yürüş"dən sonra çəkdiyin lentləri görməmişəm. Son 10 ildə hansı filmləri çəkmisən?

- Bundan sarsaq ad ağlına gəlməsin, - ikrahla üz-gözünü qırışdırır, - "Gəlin arxasınca böyük yürüş" yox... Lap ucuz komediyaların adına oxşayır. Filmin adı orijinalda "Adamianta sevda"dı...

- Yəni "İnsanların sevdası". Elə biz də belə çevirmişik. Sualıma cavab vermədin...

- Hə, bağışla. Televiziyada bir neçə qısametrajlı film çəkdim, sonra "Cənnət quşları"na başladım. Bir ara İranda da işlədim, nəsə, çəkdiyimin adı yadımda qalmayıb. Bu yaxınlardasa "Lukanın incili" filmini tamamlamışam, premyerası Moskvada olacaq.

- Çox qəribədi, - təəccübümü gizlədə bilmirəm, - vəsait çatışmazlığı üzündən Revaz Çxeidze, Eldar Şengelaya, Georgi Şengelaya kimi adlı-sanlı sənətçilər az qala on ildi film çəkmirlər, Qoderzi Çoxelisə bir-birinin ardınca çəkir.

- Doğrudan da, möcüzədi, - təsdiqləyir, - pul üçün özümü oda-közə vurmuram. Elə bil, Allah göydən tökür. Badono Rezo böyük insandı, əvəzsiz ağsaqqaldı, həmişə cavanlara yol verib. Tengiz Abuladze rəhmətə gedənə yaxın vəsiyyət eləmişdi ki, Qoderziyə dəyməyin, imkan verin, çəksin. Eldarsa, dostumdu, çox istədiyim adamdı. "Lukanın incili"ndə böyük oğlumu çəkmişəm. Onun da adı Lukadı. Əvvəlcə çəkilməyə qorxurdu. Dedim ki, Luka, sən Çoxeli Qoderzinin oğlusan, oynamalısan, özü də yaxşı oynamalısan. Görərsən, bu film böyük səs-küyə səbəb olacaq.

- Planında daha nə var?

- Bir-iki aydan sonra yeni filmə başlayasıyam. Hələlik adı "Zəncirlənmiş cəngavərlər"di...

- Təzə nə yazıb-pozursan?

- "Canavar" və "İnsanların sevdası" romanlarım çap olunub. İndi içimdə bütöv bir roman hazırdı, kağıza köçürməyə nə macalım var, nə də müvazinətim. Elə ona görə ölümqabağı hal keçirirəm. Elə ən yaxşı əsərlərimi də belə situasiyalarda yaradıram. Bircə həftə gözdən-könüldən uzaq yerdə tək-tənha qalmaqdan ötrü hər şeydən keçərdim. Qısası, yazıb-boşalmasam, çətin bu durumdan çıxa bilim...

"Heç bilmirəm Bakıya niyə gəldim..."

...Yenə kədərlənir, büzüşüb, yumağa dönür, qəfildən ayağa qalxır:

- Gedək, deyəsən, yenə halım yaxşı deyil.

- Çoxdan bu vəziyyətdəsən? - Bu sualı ehtiyatla verirəm.

- Xeyli vaxtdı. - Az qala ağlar səslə deyir. - Kəndə getdim, gördüm, atam yaman qocalıb. Ona hələ bir köməyim dəyməyib. Kənd adamıdı, mənim yazı-pozum, kinom, şöhrətim-filanım onu zərrə qədər də maraqlandırmır. Şəhərə qayıtdım, dinclik tapa bilmədim. Bakıya dəvət alanda sevindim ki, bir balaca özümdən uzaqlaşaram.

Nino duymuşdu ki, müvazinətimi saxlaya bilməyəcəyəm. Yalvardı getmə. Sözünə baxmadım, hələ xətrinə də dəydim. Mənim Ninom çox gözəl qadındı, amma ona çox əzab vermişəm. Lukadan kiçik bir oğlum da var, adı Nikodu. Beşinci sinifdə oxuyur, özü də futbolçu olmaq istəyir, köpəyoğlu! - Bura çatanda səsi bir az yumşalır.

- Sənə sakitləşmək lazımdı, ürək-dirək verirəm, görərsən, hər şey yaxşı olacaq. Sabah Ninoya zəng vurarsan, qurtarıb gedər.

Deyəsən, doğrudan da hər şeyin yaxşı olacağına, çətinliklə də olsa, özünü inandırmağa çalışır, kirimişcə otelə sarı addımlayır. Otağa girəndə asılqandakı pencəyini göstərirəm. Ən qiymətli itdiyini tapmış adam kimi, cəld qapıb, əyninə keçirir, sevincindən uçuna-uçuna otaqda gəzişir:

- Görürsən, tapıldı! İlahi, yaxşı ki, itirməmişəm! Çox sağ ol, qardaş! - Qürurla yaxasındakı üzərinə "Sofiya-95" yazılmış döş nişanını göstərir. - Bir bura bax!

...O axşam Qoderzinin canını sıxıntıdan qurtarmaq, başını qatmaq üçün onun şəhərin o başına, kinooperator dostum Nizami Abbasın evinə aparıram. Gözləmədiyi səmimi məclis, qonaqpərvərlik və hörmət qırışığını açır, əsərlərinin qəhrəmanları sayaq ara vermədən ailənin, ocağın, insanlığın sağlığına badə qaldırır. Və qayıdanda yolboyu festivalın filmlər proqramının kasadlığından, "konyunktur filmlər"in ayaq tutub yeriməsindən danışır. Ayrılandasa qəfildən kimsəsizləşir, acizləşmiş adam görkəmində Fellinin "Amarkord" filminin qəhrəmanının məşhur kəlamını dilinə gətirir.

Pyer Rişarın gəlişi və Qoderzi Çoxelinin gedişi.

Sonrakı günlər festival öz axarıyla gedirdi, qonaqlar gəzir, çıxış eləyir, müsahibə verir, vaxtdan "səmərəli" istifadə edirdilər. "Ulduz" ovuna çıxmış jurnalistləri və seyrçiləri Qoderzi Çoxelinin Bakıda olması qətiyyən maraqlandırmırdı: onların böyük bir qismi Pyer Rişarın məmləkətimizə vizitini səbirsizliklə gözləyirdi. Üstəlik, "Oskar" mükafatçıları Nikita Mixalkov və Reje Varnyenin gəlişi də hədsiz marağa səbəb olmuşdu. Festival sədası çıxandan əksəriyyət bu havayla yaşayırdı.

Qoderzi Çoxelisə nə ulduzuydu, nə də "Oskar" mükafatçısı. Onun harda olmasıyla maraqlanan beş-üç nəfər vardı, onlar da "duman"ın ağrı-acısını dadmış dost-tanışlarıydı.

Festivalın beşinci günü "Cənnət quşları" filmi göstərilməliydi. Taleyin istehzasıydımı, nəydisə, Pyer Rişar, Nikita Mikalkov və Reje Varnyenin təşrifi məhz həmin günə təsadüf eləmişdi, tədbirin sahibləri də millətə onları göstərməyi daha önəmli saymışdılar. Bundan xəbərsiz "Nizami" kinoteatrına üz tutanda ayrı aləmlə rastlaşdım: camaat çalır, oynayır, böyük intizarla ali qonaqların gəlişini gözləyirdilər.

Hətta "təbii fəlakət" belə (şadyanalığın zərbindən divarın bir parça suvağı qopub, yazıq kamançaçı qızın başına düşmüşdü, onu təcili xəstəxanaya aparmalı olmuşdular) bu bayrama xələl gətirmək gücündə deyildi. Bir müddət keçmişdi ki, yığışanlar "Gəldilər! Gəldilər!" - deyə vəcdlə qışqırdılar, hamı bir hisə bəndiymiş kimi, irəli cumdu.

Aralanıb üzüaşağı, "Azərbaycan" hotelinə sarı yollandım. İçimdəki rahatsızlıq anbaan artırdı, intuitiv olaraq nəsə xoşəgəlməz bir şeylə üzləşəcəyimi duyurdum. Bu təlatümlü halla da on ikinci qata qalxdım, növbətçidən Çoxelinin otaqda olub-olmadığını soruşdum.

- Onu dünən axşam aparıb yola saldılar, - növbətçi, deyəsən, bu sözləri gülə-gülə dedi.

- Necə yəni "aparıb yola saldılar?" - Onun dediyi mənə çatmadı.

- Belə də, aparıb, əyləşdirdilər qatara, yola saldılar Tbilisiyə. - Qadın indi tamam anlaşıqlı danışırdı.

- Bəlkə sizə bir söz demiş ola? - Əməlli-başlı kədərlənmişdim.

- Vidalaşanda, dedi ki, mən Çoxeli Qoderziyəm, qardaşım soruşsa, deyərsiniz ki, bağışlasın məni. Sonra nəsə izah eləməyə çalışdı, başa düşmədim...

Alqışlar, ruh kimi yaşayan adam...

...Və sonrakı gün Qoderzi Çoxelinin "Cənnət quşları" filminin təqdimi festival ovqatından tamam uzağıydı. Bir neçə ümumi kəlmədən sonra rejissorun "müəyyən səbəblərə görə" salonda olmadığını dedilər. Vəssalam!

Salonsa seyriçilərlə doluydu. Qısametrajlı film bir neçə dəfə onları alqışlamaq zorunda qoydu. Qoderzinin görümündə Qudamağari vadisinin adamları hamının xoşuna gəlmişdi. Heyf, o bu alqışları eşitmədi. Həmin anlarda yəqin Tbilisidə də darıxa-darıxa ruh kimi yaşamağında davam eləyirdi...

...2003-cü ilin nə vaxtıydısa Ankarada, TRT-nin gürcü dilində verilişlər bölümündə çalışan Tofiq Mirzə zəng elədi, internetdə Qoderzi Çoxelinin intihara cəhd göstərdiyi barədə məlumata rast gəldiyini deyəndə eşitdiyimə təəccüblənmədim, dərin ağrı hissi keçirdim. Elə həmin ruhi durumunda Duşetidəki monastrların birində guşənişin həyat keçirən, axırda mənəvi sarsıntılara dözməyib, özünə əl qaldıran Qoderzini təsadüf nəticəsində xilas eləmişdilər.

...Sonra adına Gürcüstan Yaşıllar Partiyasının sıralarında rast gəldim, bu partiyadan parlamentə namizədlərin siyahısından ön sıralardaydı. Amma bəxtindən "məxməri inqilab" baş verdi, hər şey baş-ayaq oldu. O vaxtdan yenə sorağını ala bilmirik...

...Yəqin Tofiq Mirzəylə çevirdiyimiz bu kitab nə vaxtsa müəllifin özünə də yetişəcək, hələ də xatırlandığına, əsərlərinin xəbəri olmadan çap edildiyinə uşaqsayaq heyrətlənəcək, sonra da bu gen dünyada darıxa-darıxa yaşamağına davam eləyəcək...

...İndi hardasan, Qoderzi? Dumandan çıxdınmı, ruh kimi yaşayan Adam? Təzə nə var, nə yox?

***

...Sonra, deyəsən, dumandan bir balaca çıxmışdı: adını hansı partiyanınsa deputatlığa namizədlərinin siyahısında oxudum və təəccübümü gizlədə bilmədim. Qoderzi Çoxelinin siyasətdə nə işi vardı? Deputat seçilsəydi, parlamentdə özünü necə aparacaqdı, nədən danışacaqdı? Görünür, o partiyaya Qoderzinin sənətçi aı-sanı lazım idi, bəs Qoderzi niyə razılaşmışdı, bunu deyə bilmərəm. Amma o vaxt, indi dəqiq xatırlamıram nə səbəbdənsə seçkilər baş tutmadı, Qoderzi Çoxelinin izini də yenə itirdim.

Bir müddət sonra informasiya agentlikləri yazıçı, ssenariçi, rejissor Qoderzi Çoxelinn... intihar cəhdi barədə məlumat yaydılar. Şərqi Gürcüstandakı bir monastırda sığınacaq tapmışdı, ruhi sarsıntı məqamında bıçaqla özünü öldürməyə cəhd eləmişdi. Vaxtında xəbər tutub xəstəxanaya çatdırmışdılar. Onda ha çalışdım, hansı xəstəxanada olduğunu müəyyənləşdirə bilmədim. Amma Tofiq Mirzə Ankaradan ortaq tanışları vasitəsilə «Küknarlara məktub» kitabını və bir qədər də maddi yardım göndərmişdi - bunu çox-çox sonralar bildim...

Görünür, ruhunu qaplamış duman o qədər qayıtmış Ki, müvazinətini düzəltmək iqtidarında olmayıb. Yaza bilmədiyi əsərlərin, çəkə bilmədiyi filmlərin ağırlığını içində uzun müddət daşıya bilməzdi... Ölümünü kiçicik bir xəbərlə bildiriblər. O xəbər olmasaydı, ölümündən heç Tofiq Mirzə də xəbər tutmazdı, az qala iki ildən sonra mən də bilməzdim...

Qoderzi Çoxeli ruhdan çox yazırdı. Günlərin birində özü də ruh kimi uçub getdi...

Yazdıqları, bir də çəkdikləri qaldı...
 
E-mənbə /link:
http://mediaforum.az/articles.php?lang=az&page=12&article_id=20091014010106221